Tənhalığın son gecəsi (Mono pyes) - Qafar CƏFƏRLİ

 

Pərdə açılır.

Nərmin əlində ərzaq dolu sellofan torba ilə evin qapısından içəri keçir. Dəhlizdə paltarasan, bədənnüma güzgü, stol, stul və digər əşyalar var. Sellofan torbaları masanın üstünə qoyur, arxası güzgüyə oturur, yad evə gəlibmiş kimi ətrafı maraqla nəzərdən keçirir. Pıçıltılı səsi eşidilir.

- Off... Yoruldum. Liftin başına da daş düşüb elə bil. Usta da üç gündür gəlib çıxmaq bilmir. Gəl bu sumkaları yeddinci mərtəbəyə qaldır. Yorulmayasan, neyləyəsən?! Yorğunluq bir yana, bədənimin də hər yeri ağrıyır, arada ürəyimi də elə bil sıxıb buraxırlar... İyirmi altı yaşımda bu nə ağrılardı canıma düçar olub... (dodaqlarını büzür) Bilmirəm... Bu gün nədənsə özümü çox pis hiss edirəm.

Bir neçə dəfə dərindən nəfəs alır. Paltarasana söykənib gözlərini yumur. Saniyələr bir-birini əvəz edir. Bu dəfə həsrət dolu baxışlarla ətrafa baxır.

- İşdən sonra evə elə tələsirəm, elə bil həsrətlə gözləyənim var. (Gülümsəyir). Yoxdur, Nərmin, yoxdur. Bunu qəbullanmalısan, istəsən də, istəməsən də. O həsrətli günlərinə "əlvida" deməlisən. Bil, bil və agah ol ki, səni bu evdə məzar sükutuna qərq olmuş soyuq dörd divar gözləyir. Başqa heç kim və heç nə... Kimsənin qarşılayacağına da ümid bəsləmə. Bu yoxdur və yəqin ki, olmayacaq. (Pauza) Əslində, bunu özüm də yaxşı bilirəm, amma inana bilmirəm buna. Amma yox, inanmaq istəmirəm. Bilə-bilə özümü aldadıram. (Qüssəli səslə) Sadəcə aldanmaq istəyirəm və bundan təskinlik tapıram. Məgər buna da haqqım yoxdur?..

Başını aşağı əyir. Dirsəyini dizləri üstə qoyub başını əlləri arasına alır. Başını qaldırır, əllərinin arxası ilə yanaqlarını silir.

- Allahım, mənə kömək ol... (Qəfil ciddi görkəm alır. Dik oturur). Nərmin, özünü ələ al... Nərmin, sakitləş,.. sakitləş... bax belə... (Sinə dolusu nəfəs alır).  Gedim paltarımı dəyişim.

Ayağa durur, əynindəki plaşı, ayaqqabılarını çıxarır. Güzgüyə baxmaqdan qorxurmuş kimi üzünü yana çevirir, sellofan torbaları götürüb mətbəxə keçir. Torbaları mətbəx stolunun üstünə qoyur.

- Ev nə yaman soyuqdur. Bu gün nədənsə çöldə də soyuqluq var. Deyəsən üşüyürəm.Yəqin qış qapıda gözlədiyini payıza sübut etmək istəyir.

Jaketin cibindəki mobil telefonu otaqdakı divanın qarşısında olan yazı masasının üstünə qoyur. Əynindəki jaketi çıxarır, paltar dolabından xalatını geyinib mətbəxə keçir. Torbalarda olan ərzaqdan, meyvə-tərəvəzdən bir az stolun üstünə, qalanını isə soyuducuya qoyur.

- İşdən gələn kimi çay içmək adətimə bu gün, deyəsən, xilaf çıxacağam, çünki acmışam. Bazarlıq etməyim xeyli vaxt apardı. Odur ki, şam yeməyimi hazırlayım.

Yemək hazırlamağa başlayır. Səhnə arxasından Nərminin səsi eşidilir.

- Düz deyiblər ki, xoşbəxtliyin vaxtı-vədəsi, ölçüsü, çəkisi, heç məkanı belə olmur. İnsan bir anlıq xoşbəxtliyini bütün ömrü boyu yaşaya bilər. Nihatla bir yerdə yaşadığım üç il bir göz qırpımında ötüb keçdi. Necə xoşbəxt idik, İlahi! Sanki bir yuxu idi, gördüm. Amma hər gecə Nihatı yuxuda görmək istəyi ilə yaşadığımız xoş anları xatırlayıb yatsam da, bu etibarsız yuxuma gəlmir ki, gəlmir. Ay vəfasız, bu qədər müddətdə heç yadına düşmədim, heç darıxmadın mənim üçün? Bəs deyirdin sənsiz bir gün belə dözə bilmərəm. İndi necə dözürsən?

Doğradığı ərzağı tavaya töküb qaz sobasının üstünə qoyur. Kətildə oturur. Mətbəxdə Nihatın çərçivədə iri şəkli stolun üstündədir. Nərmin əvvəl gülümsəyir, sonra təbəssümlə şəklə baxıb danışmağa başlayır.

- Gülnar olmasaydı, kim bilir, biz tanış ola bilərdikmi? Universitetin son kurs imtahanlarının stressini yaşadığım vaxt rəfiqəm Gülnar həyəcanımı bir az da artırdı. Həmin gün universitetin bufetində Gülnarın halı qəfil pisləşdi. Yaxındakı stolda oturan Nihat tez su gətirdi, təcili yardıma zəng etdi, mənimlə xəstəxanaya gəldi. Tibbi yardımdan sonra Gülnarın halı düzəldi. Xəstəxanadan çıxanda Nihatla illərin tanışı kimi ayrıldıq. O vaxt heç birimiz bilməzdik ki, bir-iki saatlıq tanışlıq bizi əbədiyyətə qədər birləşdirəcək.

Təbəssümdən siması daha da gözəlləşir. Pauza. Sözünə davam edir.

- İki ildən sonra Nihatla toyumuz oldu. Ay Allah, həmin toyda Gülnar nə qədər rəqs etdi. Hamı ilə oynayırdı. Qız sakitləşmək bilmirdi ki, bilmirdi. Sevincindən göydə uçurdu. Sonda hər ikimizin üzündən öpüb bizə bir ömür xoşbəxtlik arzuladı.

Boşqabda çörəyi, göy-göyərtini və iki boşqaba çəkdiyi yeməyi stolun üstünə yığır. Keçib stulda oturur. Bir dilim çörəkdən dişləyib çəngəl-bıçaqla yeməkdən bir-iki tikə yeyır, dayanır. Qarşı tərəfdə olan digər boşqabdakı yeməyə, boş stula, sonra ətrafa baxıb köks ötürür. Qəhər boğazını necə tutursa, az qala, boğulsun. Əlindəki çəngəl-bıçağı boşqaba qoyub boğazını tutur. Bir-iki öskürəkdən sonra hər iki əlini irəli uzadıb barmaqlarını aralayır. Özünü sakitləşdirmək istəyır:

- Nərmin, rahat ol... Nərmin, özünə gəl... Nərmin, sakitləş...

Sonra əlləri boşalıb stolun üstünə düşür. Sol əli ilə alnını ovuşdurmağa başlayır. Dərindən nəfəs alır. Simasında istehzalı təbəssüm dolaşır.

- Gülnar necə dedi: bir ömür xoşbəxtlik.... Varmı belə xoşbəxtlik? Bir ömür xoşbəxtlik olmur, gözəl bacım. Ömür çox qısadır, xoşbəxtlik isə ondan çox-çox qısa. Amma öz şirinliyi ilə xoşbəxtlik insanı ovsunlayır. Özün necə, xoşbəxt ola bildinmi? Ailə qurduğun bir ildə dilindən düşməyən xoşbəxtlyin həyatında bir hərfi belə qalmayıb. Sənə zəng edib halını belə soruşa bilmirəm, çünki eşitdiklərimə heyrət edirəm, acıyıram. Nə səsim yetir sənə, nə harayım.

Birdən əlləri ilə üzünü örtüb hönkürtü ilə ağlamağa başlayır. Ağlayır, ağlayır və ... qəflətən də sakitləşir. Ayağa durub yeməkləri bir boşqaba yığır. Düşüncəsindən keçən fikrə üzünə təbəssüm qonur.

- Məstanın bu gün də keyfidir.Yəqin indi qapı arxasında məni gözləyir. Mənim də, Nihatın da payını yeyib şellənəcək.

Yemək dolu boşqabı götürüb mənzilin giriş qapısına tərəf gedir. Qapını açıb, "Piş, piş... Məstan", - deyib yeməyi boşaldır. Anındaca pişiyin miyoltusu eşidilir. Qapını bağlayıb geri dönür. Mətbəxdə iki fincana çay süzür. Öz fincanını götürüb digər fincanı qüssəli baxışlarla seyr edir. Sonra üzünü yana çevirib otağa keçir. Fincanı yazı masasının üstünə qoyur. Otağın hər tərəfində - divarda, servantda, kitab şkafında, televizorun üstündə Nihatla olan xoşbəxt anları əks edən şəkillər vardır. Şəkillərin hər birinə diqqətlə baxır. Toyda bəy-gəlin kimi çəkilən şəkli isə hər dəfə olduğu kimi, yenə də əlinə götürüb divanda oturur. Nəmli gözləri ilə şəklə baxır.

- Gülnar deyir ki, bu şəkilləri evdən yığışdır. Deyir ki, bu şəkillər evdən yox olmasa xatirələrdən qurtula bilməzsən. Bilirəm, Gülnar məni çox istədiyindən belə deyir. Mən buna inanıram. Deyir ki, çox cavanam. Ərə gedib həyatımı yenidən qura bilərəm. Mən də hər dəfə onun bu məsləhətinə ağlayaraq cavab verirəm ki, bacarmaram. Mən Nihatı heç cür unuda bilmirəm və yəqin ki, ömrümün sonuna kimi də bilmərəm. Onunla keçirdiyim üç il bir qadın olaraq bütün həyatıma bəs edər. Mənə çox şey verdi, bircə...

Qüssəli baxışlarla ətrafa baxır. Doluxsunduğundan başını aşağı dikir. Sol əlinin barmaqlarını qaşlarına dayayır, bir müddət belə qalır, sonra əlinin arxası ilə gözlərini silir.

- Həmin söhbət elə burada, televizora baxarkən oldu...

Səhnə arxasından Nərminin və Nihatın səsi gəlir.

- Nihat, əzizim, artıq evliliyimizin üç ili tamam olur. Bizim hələ də uşağımız yoxdur. Anam da hər telefon danışığında məni danlayır, problem olub-olmadığını soruşur, cavab verə bilmirəm.

- Nərmin, həyatım, özün bilirsən ki, uşaqla bağlı bizim heç bir problemimiz yoxdur. Doğru, ilk əvvəl uşaq olmağını mən istəmədim. Dedim ki, hələ çox gəncik, bir az gəzib dolaşaq, dünyanı görək, istirahətin ləzzətini çıxardaq. Vallah, uşaq olandan sonra bunlar olmayacaq. Amma düz deyirsən, indi artıq vaxtdır. Bizimkilər də məni bezdiriblər. Bu il inşəAllah, bu məsələni həll edərik.

Ağlayır.

- Onda da için-için ağlamışdım. İllərlə sevgilimin istəyinə tabe olsam da, indi uşaq istəyirdim. İstəyirdim körpəmiz evimizə daha böyük xoşbəxtlik, daha böyük sevinc gətirsin. Ana olmaq istəyi ilə alışıb-yanırdım. Amma... Bir ay, cəmi bir ay bu istəklə, bu arzu ilə yaşadıq. Həmin gün Nihatın avtoqəzada faciəli ölümü bütün xoşbəxtliyimin üstündən qara bir xətt çəkdi. Bütün arzu-istəklərim ürəyimdə dəfn olundu və budur, aylardır ki, tək-tənha yaşayıram. Yox, yox, yaşamıram, sadəcə nəfəsim gedib-gəlir, müqəvva kimi mövcudam. Neçə dəfə özümə qəsd etmək istəsəm də bacarmamışam... Amma kinolarda özünü öldürmək elə rahat olur ki...

Fincandakı çay soyuduğundan mətbəxə keçib çayı təzələyir. Qayıdıb fincanı yazı masasının üstünə qoyur, divanda oturur. Çaydan bir qurtum içib nəlbəkiyə qoyur. Divanın üstündə olan şəkli götürüb Nihatla "danışmağa" başlayır.

- Bu gün üç ay on gündür ki, yanımda yoxsan. Düz yüz gün. Bilirsən, bu yüz gün mənə nələri öyrətdi, nələri yaşatdı? Yox, deyib əhvalını korlamaq istəmirəm. Amma… Amma bir bunu bil ki, sənsiz yaşamaq mənə çox ağırdır, çox. Bəlkə də iş-gücüm olmasaydı bu dərdə dözə bilməzdim, inan mənə. Məni ən çox ağrıdan bilirsən nədir? Heyif ki, ailə həyatımızdan bir nişanə qalmadı.

Qoşa əlləri ilə çiyinlərini qucaqlayır. Canına qəribə bir üşütmə gəlir. Qalxıb divanın bir küncünə büküb qoyduğu odeyalı götürüb çiyinlərinə atır. Çaydan bir neçə qurtum da içır. Nihatla söhbətini davam etdirir:

- Əzizim, səhhətim yaman pisləşib. Bədənim ağrıyır, amma dəqiq haranın ağrıdığını belə bilmirəm. Dünən həkimə də getdim, müayinə olundum. Dedilər, problem əsəb, stressdir. Hələ bəzi müayinələrin cavabı sonraya qaldı. Məncə, dəqiq diaqnozum onda bilinəcək. Zəng edib çağıracaqlar. Dava-dərman da yazdılar. Dünəndən qəbul edirəm, hələ ki, təsirini görmürəm. Başa düşmürəm, bu nə ağrılardır belə…"

Masanın üstündəki mobil telefonu götürür. Telefonu açsa da, ekranı "vərəqləməyə" hövsələsi çatmır. Sanki heç nəyə bir marağı qalmayıb. Telefona yazıq-yazıq baxır, köks ötürür.

- Elə bil telefon da məndən inciyib. Bəzən günlərlə susur. Nə zəng edən var, nə də zəng etməyə həvəsim. Əvvəllər Nihatımdan zəng gözləyirdim. İndi isə... Arada evdəkilərdən və işdən zəng olmasa telefon heç yadıma da düşmür.

Telefonu yenidən, bu dəfə həvəssiz şəkildə masanın üstünə qoyur. Divanda uzanır. Odeyalı açıb üstünə sərir. Soyuqdan büzüşür, bir azca da titrəyir. Sağ böyrü üstə çevriləndə baxışları qarşıdakı termonun üstündəki Nihatın iri gülümsər şəklinə sataşır.Yenə də onunla gerçək səslə danışmağa başlayır. Səhnə arxasından səs:

- Hə Nihat, deyəsən halıma gülürsən. Doğrudan da, gülməli haldayam. Yəqin yerin rahat, keyfin də kökdür. Getdin, canın qurtardı bu dünyanın təklik əzabından. Əzabdır, özü də dözülməz əzabdır. Mən hər gün, hər saat bu əzabdan ölüb dirilirəm. Məni tək qoydun. Demədin ki, bu yazıq çiynindəki ağır yükü necə daşıyacaq? Bilirsən, nə böyük dərd imiş tənha qalmaq?! Dolanışığa görə demirəm, işləyirəm, yaxşı maaşım da var. Amma...

Əks tərəfə, üzü divara çevrilir. Sanki düşündüklərini Nihatın şəklinə belə deməkdən utanır, həya edir. Səhnə arxasından səs:

- Sənsiz çox darıxıram, əzizim. Nəfəsinə, nəvazişinə, qayğına, o şirin sözlərinə bilsən, nə qədər ehtiyacım var. Bilsən, bəlkə də qaçaraq yanıma gələrsən, məni dərd çəkməyə, üzülməyə qoymazsan. Tənha yaşamaq çox ağırdır. Buna dözmək ondan da ağır. Ətrafında olanlar səni halınla qəbul edə bilmirlər. Xüsusən, kişilər hər yerdə tənha qadınlara yataq partnyoru kimi baxırlar. Ağına-bozuna baxmayaraq ilişməyə çalışırlar. Yazıq qadınlar kiməsə xoş söz deməyə, kiminsə xoş sözünə həsrət qalıblar. Bilirsən, nə qədər tənha xanımlar həyatın məşəqqətlərinə dözməyib ya canına qıyıblar, ya taleləri ilə barışıb qəm-qüssə içində həyatlarını sona veriblər, ya da ki, iyrənc bir həyatla razılaşmalı olublar... Niyə kişilər xanımları duymurlar, onların hisslərini dəyərləndirib ruhlarını oxşaya bilmirlər?! O zərif məxluqun qəlbini ağrıtmaq, onun hisslərini tapdalamaq böyük günah olduğunu kişilər nə vaxt anlayar görəsən? Niyə cəmiyyətimiz bu günə qalıb, niyə?

Ağır-ağır arxası üstə çevrilir. Otaqdakı ölü sükut insanın ürəyini yerindən oynadır. Başından ayaq barmaqlarına kimi, bütün bədənini bürüyüb ürəyində cəmləşən ağrıdan qıvrılan Nərmin yenidən üzü divara çevrilir. Səhnə arxasından səs:

- Sən demə, tənha qadınlar baxışından, yerişindən, duruşundan bilinirmişlər. Bütün fərqliliklərə rəğmən onları birləşdirən yeganə səbəb tənhalıq dərdi imiş. Özlərini nə qədər şux tutsalar da alınmır, bu dərdi yük olaraq daşıyırlar. Bu sıraya qoşulandan sonra bunları bilmişəm, əzizim. Amma böyük Yaradan onların da yaşamaqlarına çıraq yandırıb. Tənha qadınlar xoşbəxt sonluğu olan ümidlərlə günlərini başa vururlar. Qapılarının nə vaxtsa döyüləcəyinə, qarşılarına namuslu birisinin çıxacağına, dərdini bölüşən, sevincinə, kədərinə şərik çıxa bilən kimsənin tapılacağına həmişə ümid edirlər. Bu yalançı ümidlər onların yaşamalarına vəsilə olur.

Gözlərini yumur, ağlamağı hiss olunur. Səhnə arxasından səs:

- Yox, Nihat, mənə təsəlli vermə. Xoşum gəlmir o sözdən. Demə mənim həyatım hələ qabaqdadır. Mənə xoşbəxtlik də arzulama. Xoşbəxtlik səninlə idi. Sən olmadığın yerdə mənim üçün xoşbəxtlik yoxdur, heç kəslə yoxdur. Səndən sonra kimsənin ola bilmərəm, bacarmaram bunu. Məni yaşamağa həvəsləndirən nəsə qalmayıb. Hər gün əzablar içində ölürəm, yanıb kül oluram. Birdəfəlik ölməyim yaxşı olmazmı? Belə yaşamağın mənası varmı? Bu cür yaşamağım kiməsə lazımdırmı? Yox, yox heç kimə lazım deyil. Sən vəfasız çıxdın, mən isə səni tək qoymaram, yox qoymaram. Gəlirəm yanına, məni qarşıla, gəlirəm.

Cəld yorğanı üstündən atır. Çarpayıdan elə tez qalxır ki, sanki kimsə qolundan tutub yuxarı dartır. İti addımlarla termoya yaxınlaşıb qarşısındakı bufiki pəncərə önünə itələyir, üstünə çıxıb pəncərəni açır. Otağa daxil olan soyuq külək bıçaq kimi üzünü kəsir, bir anda içini-içalatını titrədir. Gözlərindəki yaş yanaqlarından boynuna tərəf sürətlə axır. Pəncərədən aşağı - həyətə baxır. Həyətdə hər tərəf zülmət qaranlığa qərq olub. Yerə olan məsafə o qədər uzun görünür ki, bir anlıq gözləri qaralır. Gözlərini açanda Nihatı yerdə dairəvi bir işığın içində görür. Uca və həyəcan dolu səslə çağırır:

- Nihat, o işığın içindəki sənsən? Əzizim, sən oradasan? Səni əməllicə görürəm. Nihatım ordadır... Mənə əl edir... Məni yanına çağırır... (Gülür) Əzizim, sən hardan bildin ki, yanına gəlmək istəyirəm, ürəyin hiss etdi? Əlbəttə, bilirəm ki, sən məni eşidirsən, duyursan. Belə olmasaydı məni qarşılamağa gələrdinmi? Vaxtında gəlmisən, əzizim. Gəlirəm, Nihatım, yanına gəlirəm.

Nərmin sağ ayağını pəncərə silləsinə qoyur. Havadan ölüm qoxusu gəlir. Nərmin yanıqlı səslə yerdəki Nihata səslənir.

- Aman Allah, mən ölməkdən necə qorxurdum. Sən demə, çox rahatmış. Hər şey bir anın içində həll olur. Bax, Nihatım, mən ürəklənmişəm. Daha ölməkdən qorxmuram. Yox, yox,... mən ölmək yox, sənə qovuşmaq istəyirəm. (Bir də diqqətlə pəncərədən aşağı baxır) Nihatım əl edir, məni çağırır... (Əli ilə gəldiyinə işarə edir.) Gəlirəm, əzizim, gəlirəm.

Sol ayağını qaldıranda mobil telefonuna uzun mesaj gəlir.

- Onun əlində telefon var. Əli ilə telefona işarə verir. Nə deyir görəsən? (Bir anlıq duruxur). Telefonuma da mesaj gəldi. Nihatmı mesaj göndərdi? 

Karıxmış halda asta addımlarla pəncərənin silləsindən yerə düşür. Əlləri əsə-əsə masanın üstündəki telefonu götürür, mesaj blokuna girir.

- Hə, mesaj var. Nə yazılıb burda? Ay Allah, gözlərim kor olub, oxuya bilmirəm.

Gözlərini ovuşdurur. Telefonu titrəyən əlində saxlamağa çətinlik çəkir. Telefonu iki əllə tutur və bərəlmiş gözlərlə telefondakı mesajı dili dolaşa-dolaşa, titrək səslə oxumağa başlayır.

- "Hhhööörmətli Nnnərmin xxaaanım. Müayinə zzzamanı sizin üçaylıq oğlan uşağına hamilə olduğunuz təsdiq olundu. Təbrik edirik. Müayinənin nəticəsi ilə bağlı sənədi gəlib götürə bilərsiniz."

Qaçaraq açıq pəncərəyə yaxınlaşır, aşağı baxır. Həddindən artıq həyəcanlıdır.

- Aman Allah,... O yoxdur.... Hara getdi, niyə yox oldu? Nihat, hardasan?

Pəncərə divarına söykənib aşağı əyilir, həyəcanla bütün ətrafa göz gəzdirir.

- Yoxdu... İndicə burda idi axı...Elə bil qeybə çəkildi.

Təəccüb içində dikəlib otağa tərəf çevrilir. Hiss edir ki, başı hərlənir, gözləri qaralır. Nəfəsi təngiyir, havası çatmır. Əlini alnına aparır, barmaqlarının islandığını hiss edir. Gözlərini yumub bir neçə dəfə dərindən nəfəs alır ki, sakitləşə bilsin. Saniyələr bir-birini əvəz edir. Asta addımlarla irəli yeriyir, taqətsiz halda divanın bir küncündə oturub telefonu sinəsinə sıxır. Güldüyünü, ya ağladığını kənardan anlamaq olmur. 

- Allahım! Mərhəmətinə şükür! Məni qorudun, cavanlığıma bağışladın. Əlini hər şeydən üzən ümidsiz bir insana ümid bəxş etdin, həyata qaytardın. Düz deyiblər ki, ümidini itirənin başqa itirəcək bir şeyi qalmırmış. Ümidsizlik dirilər üçün yox, ölülər üçün imiş. Ölümlə aramdakı göz qırpımı qədər olan məsafədən sağ qurtuldum. Allahım, məni nəinki yaşatdın, hətta ömrümü nura qərq etdin. Məni tənhalığın qandonduran əzablarından xilas etdin. Daha tək deyiləm. Bətnimdəki bu körpə məni yaşadacaq. Nihatım gəldi, Nihatım. Məni tək qoymadı. Axı, bunu mənə söz vermişdi, demişdi ki, həmişə yanımda olacaq. Daha əvvəlkitək axşamlarımı sevinclə qarşılayıb, səhərlərimi ümidlə açaram. Hətta qaranlıq gecələrdə belə pəncərənin tərləmiş şüşəsinə günəşin şəklini çəkəcəyəm. Ümidsiz yaşayan, canına qəsd etmək istəyən insan necə böyük səhv etdiyini bircə anlayaydı. (Əlini boynunda, sinəsində gəzdirir). Deyəsən tərlədim, istiləndim. Yaşamaq necə də gözəlmiş, İlahi! Mən yaşamaq istəyirəm!    

 

Lənkəran,    

25-26 mart 2026-cı il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!