Üçüncü sahil (Hekayə) - Racu ŞIXLI

 

Kəndin ortasından keçən çayın adı heç kəsə bəlli deyildi. Zaman-zaman çaya müxtəlif adlar yaraşdırsalar da, kəndin ağsaqqalları çaya "Yaddaş" deyə müraciət edirdilər. Onlar inanırdılar ki, bu çay bir dəfə insanların unutduğu hər şeyi özünə yığıb və o gündən bəri heç nəyi unutmur. Cavanlar isə tam əksini düşünürdü... Kiminsə sahildə ağladığı gecəni, kiminsə suya atdığı daşı, kiminsə sevgilisinə deyə bilmədiyi sözü, bir ananın oğlunun arxasınca baxarkən içində saxladığı "qayıt"ı, bir cavanın illər sonra deməyə cəsarət etdiyi "səni sevirəm"i - çay hamısını özü ilə aparsa da, heç nəyi yox etməmişdir.

Çinarlı kəndinin ən tanınmış sakinlərindən biri də Ceyhun idi. İxtisasca mühəndis olan Ceyhunu kənddə hamı körpü salan mühəndis kimi tanıyırdı. Ömrü boyu iki sahili bir-birinə bağlamışdı. Daşdan, betondan, poladdan körpülər tikmişdir ki, onun hesabladığı dayaqların üstündən yüzlərlə araba, traktor, maşın keçirdi. Ceyhunun adı nəinki kənddə, şəhərdə də çox hörmətlə çəkilirdi: "Bu körpünü Ceyhun müəllim tikib", "Bu layihəni Ceyhun müəllim hazırlayıb", "Bu keçidi Ceyhun müəllim hesablayıb", - deyirdilər. Hətta bir dəfə şəhərin icra başçısı Kamran müəllim zarafatla demişdi:

- Sizə tək Çinarlı kəndində yox, şəhərimizdə də, paytaxtın özündə də böyük hörmətlə yanaşırlar. Hamı sizin memarı olduğunuz bütün tikililəri ağızdolusu tərifləyir. Ən maraqlısı da budur ki, sizə körpü salan mühəndis kimi xitab edirlər. Siz olmasaydınız, insanlar bir-birinə çata bilməzdi, - deyirlər.

Ceyhun gülümsəmişdi.

- Körpülər tikilir, Kamran müəllim. İnsanların bir-birinə çatması isə başqa məsələdir.

Bu sözün nə demək olduğunu Kamran müəllim anlamamışdı. Mühəndis Ceyhun anlasa da artıq gec idi. Çünki o qədər körpü tikmişdi ki, həyatının ən vacib körpüsünü tikməyə vaxt ayırmamışdı; öz oğlu Çingizə gedən körpünü. Çingiz on bir il əvvəl evdən getmişdi. Oğlunun gələcəyini əvvəlcədən təyin etmək istəyən ata ürəyi çox narahat idi. Hansı universitetə gedəcəyini, hansı peşəni seçəcəyini, necə yaşayacağını hər gün fikir edib, dərdinə mübtəla olurdu. Çingiz isə rəssam olmaq qərarındaydı. Onun üçün şəkil çəkmək sadəcə bir peşə deyildi. O, insanları ağ kətanda daha yaxşı başa düşəcəyinə inanırdı. Bir dəfə atasına demişdi:

- Mən insanların gözündə gizlənən həyat eşqinin sirlərini yağlı boyalarla ağ kətana köçürmək istəyirəm.

Ceyhun cavab vermişdi:

- Sən həyata bir az romantik baxırsan, oğlum.

Çingiz gülümsəmişdi.

- Əziz atam, sən isə həyata daha çox mühəndis kimi baxırsan.

Ceyhun o vaxt əsəbiləşmişdi.

- Həyatın düsturu dəqiq riyazi hesablamalardır. Romantika ilə həyat qurulmur.

- Bəs həyat nə ilə qurulur?

- Dəqiq hesablamalar və düzgün cavablarla.

Çingiz bir müddət atasına baxdıqdan sonra sakitcə soruşmuşdu:

- Dəqiq hesablamaları kim edir, düzgün cavabları kimlər tapır, ata?!

Ceyhun bu suala cavab verməyərək susmuşdu. Çingiz isə otağına keçmiş, səhərisi isə evdən çıxıb getmişdi. Ceyhun əvvəlcə oğlunun evdən getdiyinin müvəqqəti olduğunu zənn etsə də, günlər həftələrə, həftələr aylara, aylar illərə qarışmış Çingiz evə geri dönməmişdi. O gündən sonra ata-oğul arasında on bir illik sükut yaranmışdı. İnsan bəzən birinin geri qayıtmasını gözləməkdən çox, onun niyə getdiyini anlamağa çalışaraq qocalır.

Ayla şəhərdən kəndə yazın əvvəlində gəlmişdi. O, zooloq idi. Çinarlı kəndində, xüsusən də çayın ətrafında son həftələrdə qəribə hadisələr müşahidə olunurdu. Minlərlə çəyirtkə gecələr qamışlığa yığılır, müəyyən vaxtda suya doğru hərəkət edərək bəziləri suya düşür, bəziləri geri dönür, bəziləri isə sahildə qalırdı ki, günəş üfüqdə görünər-görünməz çayın sahilində ölü çəyirtkələr göz işlədikcə - sahil boyu yanbayan düzülürdülər. Hadisəni görən çinarlılar isə dərhal özlərinə hazır bir hekayə qururdular. "Balalarını qoruyurlar", "Özlərini qurban verirlər", "Təbiət insana mərhəmətin nə olduğunu öyrədir". Hətta şəhər qəzetlərindən biri belə yazmışdı: "Çəyirtkələrin son fədakarlığı ana sevgisinin möhtəşəm nümunəsidir!" Ayla bu başlığa sadəcə gülümsəyərək reaksiya verdi:

- Maraqlıdır, onlar hələ nə baş verdiyini bilmədən özlərinə qəhrəmanlıq hekayəsi yazırlar.

Ceyhun Ayla ilə elə həmin günü, çayın sahilində tanış oldu.

- Siz çəyirtkələri xilas etməyə gəlmisiniz?

Ayla başını qaldırmadan dedi:

- Xeyr.

- Bəs onda...

Ayla onu sözünü tamamlamasına imkan vermədi:

- Onların niyə suya getdiyini anlamağa.

- Fərqi nədir?

Ayla ona baxdı.

- Həqiqəti bilmədən xilas etdiyinizi sandığınız şeyi daha çox zərərə sala bilərsiniz.

Ceyhun bir qədər düşündükdən sonra:

- Deməli, əvvəlcə baxmaq lazımdır.

- Deyərdim ki, həmişə.

Araya sükut çökdü. Ceyhun bu sükutun içində çaya baxaraq fikirləriylə qol-boyun oldu. Gecəyarısı onlar ilk dəfə həmin mənzərəni birlikdə görürdülər. Ay çayın üzərində parçalanmış gümüş kimi idi. Birdən qamışlıq tərpənirdi. Ardıyca xışıltı başladı. Sonra tək-tək çəyirtkə görünməyə başladı: birinci, ikinci... onuncu... yüzüncü... Minlərlə çəyirtkə çayın sahilinə doğru hoppana-hoppana yayılırdılar. Ay işığında onların bədənləri xırda sanki canlı daşlara bənzəyirdi. Birdən bir çəyirtkə hoppanıb suya düşdü. Arxasınca biri də, sonra digəri. Ayla isə heç nə demədən onları müşahidə edirdi.

Ceyhun pıçıldadı:

- Onlar niyə bunu edir?

- Hələ bilmirəm.

- Bəlkə balaları üçün?

Ayla başını yavaşca yellədi. Ceyhun yarıəsəbi bir ton səsini yüksəltdi:

- Siz buna inanmırsınız?

Ayla qısa sükutdan sonra:

- Mən gördüyüm şeyi əvvəlcə anlamalıyam. Ona adı isə sonra verəcəyəm!

- Bizim çinarlılar isə əvvəl ad verir, sonra səbəb axtarırlar.

Ayla mənalı gülümsədi.

- Ən təhlükəli tərəfi də elə budur.

Laboratoriyada həqiqət yavaş-yavaş üzə çıxdı. Ayla çəyirtkələrdən götürülmüş nümunələri araşdırdı. Bəzi fərdlərdə parazit qurdların sürfələri aşkarlanmışdı. Bu parazitlər sahib həşəratın daxilində inkişaf edir, yetkin mərhələyə çatanda su mühitinə ehtiyac duyurlar. Bu səbəbdən sahibinin - çəyirtkənin davranışını dəyişir, suya doğru yönəldə bilir. İndi Ceyhun laboratoriyada - Aylanın müşahidələrinin qarşısında susaraq hərəkətsiz qalmışdı.

- Deməli, suya gedən çəyirtkələrin hamısı bunu istəmir.

Ayla gözünü mikroskopdan ayırmadan:

- Xeyr.

- Biz isə onların öldüyünü görüb buna "fədakarlıq" deyirik.

- Bəzən insan ölümün özündən çox, ona verdiyi məna ilə maraqlanır.

- Bəlkə biz öz həyatımızı da belə yozuruq.

- Necə?

Ceyhun yenə də susdu. Çünki həmin anda öz keçmişini düşündü. Bəlkə o da bütün ömrü boyu bəzi məcburiyyətlərinə başqa adlar vermişdi. Ata olmaq. Məsuliyyət. Kişilik. Sevgi. Bəlkə insanın özünü aldatmağın ən rahat yolu, məcburiyyətini müqəddəs bir sözlə adlandırmaqdır.

İndi zooloqun kənddə - adsız çayın sahilində apardığı müşahidələr Ceyhunun marağına səbəb olmuşdu. Yeni tikiləcək memarlıq abidələrinin eskizlərini, həmin eskizlər üzərində aparacaq dəqiq hesablamaları, nəticəyə gələcək düzgün cavabları bir kənara qoyub, şəhərli qızcığazın yanından ayrılmırdı. Onlar bir neçə gün sonra çayın sahilində başqa bir canlı gördü: cırcırama. Onun qanadları gün işığında şəffaf görünürdü. Bu həşəratlara Ceyhun heyrətlə baxdı:

- Cırcıramalar həmişə belə olur?

Ayla başını yellədi:

- Xeyr.

Gözünü sahildəki cırcıramalardan ayırmayan Ceyhun:

- Bəs necə olur?

- Siz indi gördüyünüz yalnız son mərhələdir.

Ayla suyu göstərərək təmkinli, sanki auditoriyada tələbələrə mühazirə oxuyan müəllim kimi sözünə davam etdi:

- Bizim "cırcırama" adlandırdığımız bu canlılar həyatının ilk mərhələsində tamam başqa formada olurlar. Uçan, qanadlı bir həşərat kimi yox, suyun altında yaşayan bir neçə sürfədən ibarət olurlar. Həmin sürfələr orada aylarla, bəzi növlərində illərlə yaşayır. Sonra bir gün sudan çıxır. Köhnə qabığını yarır. Qanadları açılır və uçmağa başlayırlar.

- Deməli, su onlar üçün həm başlanğıcdır, həm son.

- Elədir.

- Maraqlıdır.

Ayla ona baxdı:

- Nəyi?

Ceyhun gözlərini bir nöqtəyə zilləyib, aram-aram dodaqlarını tərpətdi:

- Bir canlı suya girərək həyatını sonlandırır, digəri həmin suda yeni həyatın başlanğıcına qovuşur...

Ayla bir qədər düşünərək:

- Təbiət bizə bəzən eyni qapının iki fərqli tərəfini göstərir.

Hər ikisi çayın üzərilə uçan cırcıramalara baxdı. Ayla bu maraqlı uçuşu bir müddət susaraq seyr etdikdən sonra:

- Həyat bəzən öldürmədən dəyişdirir...

Ceyhunun düşüncələri fikir qanadlarında mavi səmanın ənginliklərinə pərçimlənmişdi. Çəyirtkə... Cırcırama... İnsan... Üçü arasında görünməz bir xətt çəkildi. Çəyirtkə suya gedirdi, cırcırama sudan çıxırdı. İnsan isə ömrünün böyük hissəsini hansı istiqamətdə getdiyini bilmədən yaşayırdı.

O gecə evə sığmadı Ceyhun. Gah paltar dolabından çıxardıb yazı masasının üstünə qoyduğu gümüşü rəngli sandıqçanı sığallayırdı, gah da çarpayısının baş ucunda divardan asdığı bir gözəl qadının şəkli ilə əl-qolla danışırdı:

- Nə qədər vəfasız olduğunu bilirsənmi? Məni yarı yolda buraxdın. Yoxluğun mənə azmış kimi evimizdən bircə oğlumuz da getdi. Yox, narahat olma. Çingiz müvəqqəti gedib, gəncdir, bəzən özü müstəqil qərarlar vermək istəyir. Eybi yox, ata olanda hər şeyi başa düşəcək. Sən rahat yat...

Ruhu aramlıq tapmayan Ceyhun bir qədər sonra sandıqçanı açdı. Orada Çingizin uşaqlıq şəkilləri vardı. Bir fotoşəkildə Çingiz çayın kənarında, əlində taxta parçasından atasının onun üçün düzəltdiyi kiçik bir körpü maketiylə dayanmışdı. Ceyhun həmin fotoya uzun müddət baxdı. Və əlinin dalı ilə kipriyindən yanağına süzülüb, çənəsində düyünlənən göz yaşını sildi. Elə bu andaca illər əvvəl oğlunun dediyi bir cümləni xatırladı: "Ata, sən kəndimizdə körpülər tikməklə həmişə hamını çayın bir sahilindən, digər sahilinə aparmaq istəmisən. Bu arzuna da çatmısan. Amma, heç o insanlardan soruşmusan, bəlkə qarşı tərəfə keçmək istəməyənlər də var?.." Ceyhun o zaman bunu hörmətsizlik saymışdı. İndi isə bu cümlələr onun qəlbində bir qədər fərqli səslənirdi.

İndi elmi işinin müdafiəsi üçün çayda təcrübələr aparan Aylanın qonaqlarının sayı artmışdı: Çingiz və balaca Lalə. Ceyhun isə artıq gənc zooloqa asisstentlik edirdi ki, bu işindən də xüsusi zövq alırdı. Sükutda keçən on bir il Ceyhuna oğlunu 32 yaşında qovuşdurdu. Balaca Lalə isə hər səhər Günəş yaşıla bürünmüş dağlarından Çinarlı kəndinə göz vuranda babasının əlindən bərk-bərk yapışıb, birlikdə çayın sahilinə gəlirdilər. Çingiz evdən çıxan ilin ilk ayında baş götürüb uzaq sərhədlərə - Praqaya baş almışdı. Orada çex qızıyla ailə həyatına qədəm qoymuşdu. Bu evlilikdən də Ceyhun kişiyə şirin bir nəvə payı düşmüşdü. Bəzən olur, ana və qızı, ata və oğlu eyni taleyi yaşayırlar. Çingiz də atasının taleyini yaşamalı olmuşdu. Xoşbəxt ailə həyatının hamar yollarında həyat yoldaşını itirmişdi. Lalə hələ də bilmirdi ki, anası onu dünyaya gətirərkən özü dünyayla vidalaşmışdı. Bəlkə də heç bilməyəcək də... Əlindən bir an belə kənara qoymadığı böyüdücü şüşəylə gözünün birini qıyıb, çayın üzəriylə alçaqdan sağa-sola şütüyən cırcıramalara baxırdı.

- Balaca vertalyotlar həmişə havada uçurlar? - deyib dodaqlarını büzdü Lalə.

- Cırcıramalar - Ayla əvvəlcə Lalənin "vertalyot" sözünə düzəliş etdi, - Həyatlarının başlanğıcında suyun altında yaşayırlar.

- Bəs niyə sonra uçurlar?

- Çünki artıq əvvəlki kimi qala bilməzlər. Onlar dəyişməyə başlayırlar...

- Baba, insanlar da dəyişirlər?

Yeddi yaşlı Lalə bu sualı haradan tapmışdı, hansı kitabdan oxumuşdu?! Sual və təəccüb dolu baxışlarla Ceyhun Çingizə, Çingiz atasına, Ayla hər ikisinə baxışdılar. Hətta Çingiz qızının bu baxışlarını motiv olaraq kətan üzərində çəkəcəyini də planlaşdırdı. Çingiz atasının bütün tövsiyə və iradlarına baxmayaraq arzusuna çatmışdı, rəssam olmuşdu. Hətta Praqada Çingizi "dahi Pitin" deyə çağırırdılar. Ceyhun nəvəsi Lalənin sualının cavabını onun məsum gözlərində gizlənmiş kədərdə axtarmağa başladı. Bəlkə də tapmışdı, ya da o qara, balaca məsum gözlərə baxmaqdan doymaq istəmirdi... Ceyhun nəvəsinin böyüdücü şüşəsiylə buludsuz mavi səmaya baxıb, sanki ənginliklərdə nəyisə görüb, həvəslə nəvəsinə danışırdı. Çingiz bu mənzərəni pozmayaraq, bayaqdan çayın sahilində ciddi müşahidələr aparan, apardığı müşahidələrindən gəldiyi qənaətlərini üz qabığı qu lələklərilə sıx örtülmüş qeyd dəftərçəsinə qeyd edən Aylaya yaxınlaşdı. Belə həvəslə yaxınlaşmada, sözsüz ki, Çingizin sualı var idi. Amma Ayla cəld tərpəndi. Qeyd dəftərçəsindən gözünü ayırmadan dedi:

- Cırcıramanın ən maraqlı tərəfi onun qanadları deyil.

- Maraqlıdır. Bəs nədir?

- Öz keçmişindən utanmamağı.

- Başa düşmədim...

- Cırcırama suyun altında yaşadığı zaman kəsiyində, hətta yetkinləşəndən sonra da başqa canlıya çevrilmir, sadəcə bir mərhələdən digərinə keçir... Aylanın izahları o qədər maraqlı olurdu ki, Ceyhun bircə seansı da qaçırmırdı. Elə ki zooloq dəftərçəsini açdı, Ceyhun çuxurda gizlənmiş gözlərini zilləyirdi şəhərli mütəxəssisin düz dodaqlarının arasından çıxacaq bir kəlmənin ilk səsinə. Az öncə Ayla ilə Çingizin maraqlı debatına kənardan diqqətlə tamaşa edən mühəndis bu məqamda debata qoşuldu:

- Ayla xanım, amma insan isə keçmişindən qaçır.

- Həmişə yox.

- Amma çox vaxt.

Ayla qələmi dəftərçənin arasına qoyub bağladı. Nəhayət, bayaqdan gözlərini qu lələkli dəftərçədən ayırmayan gənc zooloq başını yuxarı qaldırıb, gülümsədi:

- Ən təhlükəli şey keçmişdən qaçmaq deyil, Ceyhun müəllim!

- Bəs nədir?

- Keçmişin sənin kim olduğunu əbədi müəyyən etməsinə icazə verməkdir.

İndi nə Ceyhun, nə Çingiz, nə də Lalə Aylanın sonuncu cümləsinə yanıt verdi. Hamısı eyni anda susdular. Düzdür, Lalə üçün bu son cümlənin heç bir təhlükəsi yox idi. O, sadəcə öz əxlaqını nümayiş etdirirdi. Mühəndis Ceyhunla, rəssam Çingiz dərin bir sükuta qərq olub bir-birlərinə gözucu baxaraq başlarını yana əyib, həyat eşqi kimi çağlayan çaya baxdılar. Çünki bir cümlənin içində on bir ilin hesabını görmüşdülər...

Beləcə, bir həftə də öz sirli-sehrli günlərini başa vurub, ikinci həftə öz astanasına keçdi. Kəndin çoxbilmiş qarısı Gilasın indi evinin işıqları birinci fəcrədək yanılı qalırdı. Səbəb isə gənc zooloq Aylanın onlarda qalması və sübhədək araşdırmalarını elmi dərəcə alması üçün dissertasiyanı müdafiə etməsi idi... Kəndin yay gecələri durğun, səhərləri isə mürgülü keçirdi. O gecə öz yerini yenicə gündüzə verib dərin yuxuya getmişdi. Günəş kəndi öz qolları arasında istiməsə də boğanaq havadan hiss olunurdu ki, günün ikinci yarısına az qalıb. Narahat buludlar bozumtul rəngində səmada sıxlaşıb hərəkətsiz qalmışdılar. Görən zənn edirdi buludlar ya səmaya naz edir, ya da səmadan küsüblər. Amma heç bir zənn öz təsdiqini tapmadı. Və Çinarlı kəndi ilk dəfə idi ki, güclü küləklərin ardınca vahiməli tufanla qarşılaşırdı. Dinc qalmayan tufan çayı daşdırdı. Su yatağından çıxaraq aşağı kəndlərə doğru axmağa başladı. Çayın mənsəbində tikilən müvəqqəti bənd dağılmışdı. Kənd camaatı təşviş içində kəndin "qoca çinarlar" adlanan meydanına toplaşdılar. Hamı narahat idi. İndi çay daşmış, bənd dağılmış, çayın o sahili ilə bu sahilini birləşdirən köhnə körpü də daşqının altında qalmışdı. Camaatın gözündən bir sual asılı qalmışdı: "Görəsən, o biri sahildə kimsə qalmayıb ki?" Qalmışdı. Çingizlə qızı Lalə. Ceyhun xəbəri alar-almaz düz çayın sahilinə sarı qaçmağa başladı. Çinarlılar da: "Mühəndisimizin ailəsi təhlükədədir!" - deyib, onun ardınca dabanqırma götürüldülər. Cehun dəlisov özünü vurdu çaya. Axın güclü idi. Bir neçə dəfə ayaqları yerdən üzülürdü. Amma o, irəliləyirdi. Əvvəlcə çayın ortasında, suyun üzərində bir cırcırama gördü. Sonra yaxınlıqdakı qamışlıqdan bir neçə çəyirtkə qalxdı. Biri suya düşdü. Biri geri döndü. Biri uçdu. İndi Ceyhun qəribə bir həqiqəti anlayırdı: Təbiətdə hər canlı öz yolunu eyni cür getmir...biri çevrilir, biri qaçır, biri qalır... İnsan isə bunların hamısına bir ad qoyur və o adı "taleyim" adlandırır. Bəzən tale doğrudan da taledir. Bəzən isə sadəcə uzun müddət seçilməmiş seçimdir. Ceyhun nəhayət ki, çayın o biri sahilinə çıxa bildi. Bu biri tərəfdəkilər sevindilər, sevincdən kişili-qadınlı bir-birlərinə sarılıb xətasız ötüşən hadisə münasibətilə özlərini təbrik edirdilər. Fırtına yavaş-yavaş sovuşurdu. Lalə babasını görən kimi ona tərəf qaçdı və balaca qollarını babasının boynuna bərk-bərk dolayıb, ağlamağa başladı. Ceyhun da öz növbəsində nəvəsini bərk-bərk bağrına sıxıb:

- Qorxma, cincilim! Baban yanındadır!

Çingiz dolmuş gözlərini əlinin dalı ilə silib, burnunu çəkdi. Bir müddət hərəkətsiz qalıb atasına marıtdadı. Sonra zəif səslə:

- Atacan...

Ceyhun başını yellədi.

- Bu dəfə gecikmədim!

Fırtınadan sonra çayın sahili qoruma altına alındı. Çaya yaxın evlər uzağa köçürüldü. Qamışlıq ərazi də qoruğa əlavə edildi. Ayla üçün çay sahilinin münasib hissəsində kiçik tədqiqat mərkəzi tikilərək, istifadəsi üçün açarları Aylaya təqdim olundu. Lalə mərkəzin ən kiçik, amma ən maraqlı qonağına çevrilmişdi. O, çəyirtkələri müşahidə edir, cırcıramaları özünəməxsus tərzdə rəsm albomuna çəkir, hər gördüyünü dəftərinə yazırdı.

Günlər həftələrlə ötüşüb, aylar illərə calandı. Ayla elmi işini uğurla müdafiə etmişdi. İndi o, universitetdə dosent olaraq çalışırdı. Birinci kurs tələbəsi Lalənin ixtisas müəllimi idi. Lalə universitetin ən fəal tələbəsi, Biologiya fakültəsi, Zoologiya kafedrasının əlaçısı idi. Çingiz bir daha Praqaya getmədi. Amma Çinarlıda da qalmadı. Şəhərin mərkəzinə köçdü. Özü üçün rəsm qalereyası açıb, həm çəkdiyi tabloların satışı ilə məşğul olurdu, həm də gənc rəssamlar yetişdirirdi. Ceyhun isə artıq yaşlanmışdı. İndi o, təqaüdçü bir baba idi. Lalə payız tətilinə - Çinarlıya babasını ziyarət etməyə gəlmişdi. Payızın sonuncu həftəsi idi. Ara günlərin birində Lalə babası ilə çayın sahilinə - gəzintiyə çıxırlar. Hava sakit, çayın üstündə cırcıramalar uçurdu. Bu ara qamışlıqda çəyirtkələrin xışıltısı eşidildi. Qəfildən bir cırcırama gəlib onun çiyninə qondu. Hərəkətsiz qalan Ceyhun onu tutmağa çalışmadı, sadəcə gözlədi. Bir az sonra cırcırama uçdu. Elə bu dəm çayın qarşı tərəfində bir çəyirtkə suya yaxınlaşdı. Ceyhun başını yelləyib gülümsədi. Bu dəfə onun davranışına heç bir ad vermədi; nə qəhrəmanlıq, nə fədakarlıq, nə də ölüm... Ceyhun əllərini əsasının üstündə cütləyib, sakit-sakit axan çaya tamaşa etməyə davam etdi. Lalə başını babasının çiyninə söykəyib, bu mənzərəni heyranlıqla izləyirdi. İndi sahildə sükutu bir tək çayın şırıltısı pozurdu. Bir müddətdən sonra Lalə başını babasının çiynində rahatlayıb, dedi:

- Babacan.

- Can baba!

- Düzdür ki, insan keçmişini yadda saxlayanda hər şeyi olduğu kimi qorumaq istəmir, bəzən ona başqa cür baxmağı öyrənir?

Qoca mühəndis dərindən köks ötürərək:

- İnsan iki sahil arasında qalan canlıdır - kim olduğu ilə kim ola biləcəyi arasında... Amma bəzən həyat insana başqa bir sahil də verir.

...Çayın üstündən xəfif külək keçdi. Bir cırcırama suyun üzərində dövrə vurdu. Qamışlıqda isə çəyirtkələr tərpəndi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!