Yarımçıq qalan nəğmə (Hekayə) - Günel MUSA

 

Evimizə qayıtmışdıq.

Həyətdə qəribə bir sakitlik vardı. Tut ağacı həyətin ortasında əzəmətlə ucalırdı. Sübh şəfəqləri hələ tut ağacının sıx budaqlarını yara bilməmişdi. İşıq yarpaqların arasından xırda qızılı ləkələr halında həyətə səpələnirdi. Otların üstündəki şeh damcıları şüşə qırıntıları kimi parıldayırdı. Bir küncdə toyuqlar torpağı eşələyir, hasarın üstünə qonmuş sərçə dimdiyini qanadına sürtürdü. Hərdənbir güclənən meh, ağacın yarpaqlarını qarışdırır, kölgəsini həyətdə su kimi dalğalandırırdı. Haradansa yeni biçilmiş otun təzə qoxusu gəlirdi. Ağacın ən qalın budağından yoğun iplə asılmış köhnə yük maşınının təkəri asta-asta yellənirdi.

Mən həyət boyu ayaqyalın qaçırdım. Torpağın ilıqlığı dabanlarıma hopur, şeh damcıları ayaqlarımı qıdıqlayırdı. Anam qapının ağzında dayanıb dünyanın ən bəxtəvər qadını kimi mənə gülümsəyirdi. Mən qaça-qaça yaşıl darvazaya çatdım. Əlimi cəftəyə uzatdım. Doqqaza çıxmaq, hasarın o üzündə nə olduğunu görmək istəyirdim.

Elə bu an anam məni səslədi:

- Ay bala...

Səsində həmişəki mehribanlıq vardı.

Mən dönmədim.

Cəftəni aşağı basdım.

Arxadakı səs bir də gəldi.

- Ay ba-laaaa...

Amma bu dəfə həmin səs deyildi.

Sanki kimsə anamın səsinin içinə ağrı doldurmuşdu.

Haray yuxunun üstünə çökdü.

Yaşıl darvaza gözlərimin önündə əriyib yox oldu. Haray getdikcə böyüyürdü. O əvvəl tut ağacının budaqlarına ilişdi, sonra yarpaqların arasından süzülüb həyətin üstünə yayıldı. Bir anda quşların səsi kəsildi. Külək də dayandı. Hətta elə bildim tut ağacının kölgəsi də yerindən tərpəndi.

- Ay ba-laaaa...

O səsdə elə bir ağrı vardı ki, elə bil həyətdən yox, lap göyün üzündən gəlirdi.

Əlim cəftənin üstündə qaldı. Yaşıl darvaza açılmadı.

Gözlərimi açanda nəfəsim sinəmə sığmırdı. Qarşımda nə tut ağacı vardı, nə də yaşıl darvaza.

Rütubət iyi verən dar yataqxana otağının tavanına baxırdım. Qapımız taybatay açıq idi. Anamı otaqda görmədim. Dəhlizdə ayaq səsləri bir-birini qovur, qapılar açılır, çırpılır, yenə açılırdı. Qadınlar tələsik nəsə deyə-deyə pillələri düşürdülər. Yataqdan qalxıb qapıya tərəf getdim. Dəhlizə çıxanda sement döşəmədən dabanlarıma qalxan üşütmə yuxunun son izlərini də içimdən sildi.

O dəhliz mənim uşaqlığımın xəritəsi idi. Mən dünyanı əvvəlcə həmin dəhliz boyunca tanımışdım. Hər qapı mənim üçün ayrı bir rayon, ayrı bir tale idi. Həyatın bütün yolları o uzun dəhlizdə başlayıb elə orada da bitirdi.

Sağ qonşumuz Füzulidən idi. Sol tərəfdə Kəlbəcərdən gəlmiş ailə qalırdı. Dəhlizin sonunda isə ağdamlılar yaşayırdı. Mən uzun müddət elə bilirdim ki, Füzuli, Kəlbəcər və Ağdam bir-birindən bir neçə addım aralıda yerləşən rayonlardır. Rayonların arasında yollar yox idi. Sadəcə köhnə taxta qapılar vardı. Hər səhər o qapılar bir-bir açılırdı. Bir otaqdan qaynar çayın iyi gəlirdi, başqa otaqdan qızarmış soğanın qoxusu. Dəhlizin o biri başında körpə ağlayırdı. Kimsə radionun səsini bir az da artırırdı. Kimsə vedrəsini götürüb hamama növbə tutmağa gedirdi. O vaxt mən elə bilirdim ki, bütün evlər belə olur. Yataqxananın ucsuz-bucaqsız həyəti mənə dünyanın özü kimi görünürdü. Onun hüdudları həyətin dəmir darvazasından o yana keçmirdi. Elə bilirdim darvazanın o üzündə də yenə belə yataqxanalar, uzun dəhlizlər, bir-birinə bitişik otaqlar, ortaq hamam, ortaq mətbəx, eyni qoxular, eyni səslər var... Şəhər mənim üçün xəritədə yox idi. Çünki mənim uşaqlığım ucsuz-bucaqsız həyəti olan bir yataqxananın içində keçirdi.

Həyətdən üzüyuxarı bir uğultu qalxdı. Ağız deyəni qulaq eşitmirdi. Saata baxdım. Saat doqquz idi. Deməli, nə su, nə də yardım növbəsi idi. Əynimi dəyişməyə ərindim. Gecə paltarının üstündən qırmızı paltomu əynimə keçirib həyətə düşdüm.

Həyətin ortasında izdiham var idi. Anam əlində bir dolça su ilə dayanmış, yaylığının bir ucu ilə gözlərini silirdi. Bir qadın yanıqlı-yanıqlı ağlayırdı. Onun səsi izdihamın içindən qalxıb, yataqxananın damına dəyib sonra adamların başının üstünə tökülürdü. Bir az aralıda iki nəfər nəyəsə gülürdü. Gülüş səsləri adamların çiyinlərindən keçib havada əriyir, dualar küləyin içində bir-birinə qarışırdı. Amma bütün bu səslərin içindən bir ad tez-tez ayrılıb qulağıma dəyirdi.

"Elsevər"

İzdihamın içində gözlərim Elsevəri axtardı.

Əvvəl üzündən tanımadım. Bir anlıq elə bildim, səhv adama baxıram.

Sonra gözüm başına sataşdı. Saçları yox idi.

Mənim tanıdığım Elsevərin saçları vardı axı. Həmişə vardı. Bəzən alnına tökülərdi, bəzən külək onları dağıdar, Elsevər də barmaqlarını daraq edib onları ağzı geri darayardı. Mən onun saçlarını üzündən ayrı düşünmürdüm. Elsevərin saçları onun üzünün bir hissəsi idi.

İndi isə başı tamam başqa görünürdü - təzəcə qırxılmış qoyun kimi çılpaq və qəribə. Hətta çirkin.

Amma gözləri əvvəlki gözlər idi. Qaşlarının arasındakı o nazik xətt, gülümsəyəndə sağ yanağında yaranan çökəklik də yerində idi. Deməli, Elsevər idi.

Ağ köynək geyinmişdi. Köynəyin yaxasını üç düymə açmışdı yenə. Elsevər ilk dəfə mənim üzümə baxdı. Mən onun gözlərində özümü gördüm, ya yox, bilmirəm. Amma o mənə baxanda əvvəlki Elsevərə bir az da oxşadı. Nədənsə bu dəfə mən həyətdəki Elsevəri yox, başqa bir Elsevəri xatırladım - saçları olan Elsevəri; səhərlər dəhlizdən keçən, qapıların arasından başını içəri uzadıb kimisə axtaran Elsevəri. Ayaq səslərindən kimin gəldiyini bilməyin mümkün olduğu o uzun dəhlizdə onun addımlarını mən həmişə başqalarından ayırırdım.

Elsevər düşərgənin ən fasonlu oğlanlarından idi.  Hər səhər hamıdan tez oyanıb dəhlizin başındakı ümumi əlüzyuyanın üstündən asılmış qırmızı çərçivəli güzgünün qabağında dayanardı. Ovcuna bir az şirin çay töküb saçlarına çəkər, sonra darağı asta-asta qara tellərinin üstündə gəzdirərdi. Elə diqqətlə daranardı ki, sanki bir telin də yerindən tərpənməyə haqqı yox idi. Ütülü "mokrişok" şalvarını geyinər, köynəyinin yaxasını düzəldər, ayaqqabısını əlindəki dəsmalla bir də silərdi. Elsevər güzgünün qarşısından ayrılıb pillələri düşəndə gizləndiyim qapının arxasından çıxıb dəhlizin pəncərəsindən çölə boylanardım. O, həyəti keçib gedənə qədər gözümü ondan çəkməzdim. Adını qoya bilmədyim qəribə hisslər keçirirdim.

Elsevəri görəndə yaşım böyüyürdü elə bil. Özümü böyük qız hesab edirdim. Mənə elə gəlirdi ki, Elsevər mənim ərimdir. Səhərlər onu işə yola salıram. Qapının ağzında dayanıb arxasınca baxıram. Bir azdan axşam olacaq, o da əlində çörək evə qayıdacaq.  Elsevər isə bütün bunlardan xəbərsiz idi. O, həmişəki kimi başını dik tutub həyətin o başına tərəf gedər, mən isə qapını asta-asta örtüb otağa qayıdardım. O səhərlərin məsum sirrini Allahla özümdən başqa heç kim bilmirdi.

Sonralar eşitdim ki, Elsevər qonşuluqdakı bağ evlərindən birinin sahibinin qızını sevir.

Yay aylarında Elsevəri düşərgənin həyətində tapmaq çətin olardı. Gün batana qədər qızgilin bağının həndəvərində fırlanar, axşam düşən kimi başı fənərli maqnitofonunu pəncərənin ağzına qoyub səsini axıra qədər açardı. Bir azdan Seda Sayanla Gürkan Pekerin mahnısı otaqdan çıxıb dəhlizlərə, dəhlizlərdən həyətə yayılırdı. Bütün yataqxana istəsə də, istəməsə də, həmin mahnını dinləyirdi.

- Seviyor musun?..

- Seviyorum...

- Bir daha söyle.

- Seviyorum.

Sonra Seda Sayanın səsi düşərgənin həyətində əks-səda verirdi:

- Ben de seni, sevgilim...

Mahnı qurtaran kimi yenidən başlayardı.

Bir də...

Bir də...

Elsevərin məhəbbəti düşərgəyə sığmırdı. Dar otaqlara, rütubətli dəhlizlərə, sınıq pəncərələrə sığmayan bu sevgi hər axşam mahnıya çevrilib bütün həyətə yayılırdı.

Surxay baba əsasına söykənib başını bulayardı:

- Ayə, bunlar bir qərara gələ bilmirlər? Səhərdən soruşur: "Beni seviyor musun?" O da deyir: "Seviyorum" dana.  Ta bu köpəyin qızı nə eşitmək istəyir? "Əyaxlarının altında ölüm" desin? Başım getdi. Sənin yaşında mən...

Həyətdən kimsə gülə-gülə Surxay babanın sözünü kəsdi.

- Ay kişi, dəymə, cavan uşaqdı.

Surxay baba dərhal coşardı:

- Pah! Elə bil biz cavan olmamışıq. İntahası, bizdə abır-həya vardı! Biz kişi kimi sevmişik.  Bunlar da qalıblar bir "seviyorum"un ümidinə.

Elsevər heç vaxt cavabsız qalmazdı.

Gülümsəyib ucadan deyərdi:

- Hə, Surxay baba... O pambıq kollarının dili olsaydı, gör nələr danışardı...

Həyət bir anda gülüşə qərq olardı.

Surxay babanın üzü pörtər, əlindəki əsanı yerə çırpıb hirslə:

- Sarsaq oğlu, sarsaq! Boynuna boz qatma ölçüm! - deyib taxta budkasına girib qapını bərk çırpardı.

Elsevər isə heç nə olmamış kimi maqnitofonun səsini bir az da artırar, dirsəyini pəncərəyə söykəyib uzaqlara baxardı. Mən də həyətdə oturub üzüyuxarı Elsevərə tamaşa edər, sonra sirrim yadıma düşər, durub qaçardım pəncərənin altından.

Bir dəfə Elsevəri dəhlizdə maykasız görmüşdüm. Hamamdan təzəcə çıxmışdı. Çiynində yaş dəsmal vardı. Saçlarından damcılayan su boynundan sinəsinə süzülürdü. O, məni hər zamankı kimi görməmişdi. Mən həyəcandan yerimdə donub qalmışdım. Ürəyim qəribə döyünürdü. Nə qaça bilirdim, nə də gözümü ondan çəkə bilirdim.

Yataqxanada sirr saxlamaq olmurdu.

Dib-dibə olan otaqların qapısı çox vaxt örtülmürdü. Xüsusilə isti yay gecələrində bürkü ilə mübarizənin yeganə yolu qapıları açıq qoymaq idi. Pəncərədən gələn hava otağa çatana qədər yorulur, tavandan asılmış köhnə ventilyator isə isti havanı bir küncdən o biri küncə daşımaqdan başqa bir iş görmürdü.

Yataqxananın nə qədər kiçik olduğu daha çox gecələr bilinirdi.

Burda hamı yatandan sonra həyat başqa cür davam edirdi. Gecə düşən kimi gündüzün səs-küyü çəkilir, otaqların içində qalan səslər daha aydın eşidilirdi. Bir otağın qapısı bağlı idisə, hamı bilirdi ki, orada başqa söhbət var. Bəzən ər-arvadın uşaqlardan, qonşulardan, hamıdan gizlənib bir neçə dəqiqəlik özlərinə saxladıqları söhbət. Amma qapı bağlı olsa da, pıçıltılar divarda qalmırdı. Səs bir otaqdan o birinə rahatlıqla keçirdi. Sözlər aydın eşidilməsə də, səsin özündən nəyinsə baş verdiyini anlayırdıq. Sonra səhər qapı açılır, hər şey yenə əvvəlki kimi görünürdü...

Biz də həmin səslərin içində böyüyürdük. Bəlkə də buna görə ürəyimizdə baş verən dəyişiklikləri özümüzdən əvvəl başqalarının həyatında tanıyırdıq.

Elsevər yaraşıqlı oğlan idi, çox yaraşıqlı...

Mən o vaxta qədər elə bilirdim ki, gözəl adamların başına pis heç nə gəlməz. Onlar nağıllardakı kimi həmişə şərə qalib gəlib axırda gülümsəyirlər. Mən də Elsevəri həmişə elə xatırlayırdım: pəncərənin ağzında, maqnitofonun səsini axıra qədər açmış, dirsəyini pəncərəyə söykəyib uzaqlara baxan...

Elsevər gedəndən bir gün sonra yataqxana yenə öz əvvəlki ritminə qayıtdı.

Səhərlər su növbəsi yenə tezdən başlayırdı. Vedrələr köhnə kaçalkanın altında bir-birinin ardınca düzülür, kimin vedrəsinin əvvəl gəldiyi üstündə qadınlar mübahisə edirdilər. Mübahisələr tez-tez olmasa da, bəzi günlərdə söz sözü gətirir, səs-küy böyüyür, axırda saç yolmağa qədər gedib çıxırdı.

Su növbəsi yataqxananın ən mühüm hadisələrindən biri idi. Səhər gözümüzü açmamış suyun səsini düşünürdük. Su gələndə həyət bir anda canlanırdı.

- Su gəldi!

Bu iki söz bütün yataqxananı ayağa qaldırmağa bəs edirdi.

Qapılar açılır, vedrələr cingildəyir, uşaqlar pilləkənlərlə qaçır, qadınlar bir-birinə səslənirdi. Kimsə yuxulu-yuxulu pilləkənlərlə aşağı düşür, kimsə yuxarıdan qışqırıb növbədə yer saxlamasını istəyirdi. Bəzən bir vedrənin yeri üstündə elə dava düşürdü ki, adam elə bilərdi söhbət vedrədən yox, evdən gedir.

Su isə heç kimin tərəfini saxlamırdı, gəlirdi. Bir az axırdı, sonra kəsilirdi.

Sonra yardım növbələri başlayırdı.  Yardım gətirən maşınların qabağında başqa bir "müharibə" olurdu.

Uzaqdan yardım gətirən maşının səsi eşidilən kimi həyətin adamları bir anda dəyişirdi. Bir az əvvəl otaqlarının qabağında sakitcə oturan qadınlar bu dəfə də torbalarını götürüb qaçır, uşaqları səsləyir, kimin harada dayanacağını hesablayırdılar.

- Mən birinci gəlmişəm!

- Yalan deyirsən, mən səhərdən burdayam!

- Əlini çək torbadan!

- Sən öz payını almısan!

- Mən almamışam, and olsun!

Kimsə yardım qutusunun ikisini qucaqlayır, o biri ucundan dartırdı. Qutular əldən-ələ keçdikcə kartonun kənarı əzilir, içəridəki paketlərin xışıltısı eşidilirdi. Növbə başlayana qədər hamı bir-birinin qonşusu idi. Həyətdə bir-birinə "ay bacı", "ay xala", - deyə səslənən adamların növbə düşəndə səslərinin tonu dəyişirdi. Bir az əvvəl gülən adamın üzü bərkiyirdi. Sakit qadının səsi qalxır, yaşlı adamlar dirsəkləri ilə izdihamı aralayır, uşaqlar böyüklərin ayaqları arasında itib-batırdı. Növbələrdə hamının səsini batıran həmişə bir səs olardı. O da Lətifə xalanın səsi.

Lətifə xala hər dəfə hamıdan qabağa keçməyi bacarırdı. Su növbəsində də belə idi, yardım növbəsində də. Kimin qarşısına keçsə, əvvəlcə üzünə baxıb heç nə olmamış kimi dayanırdı. Sonra kimsə etiraz edəndə əlini sinəsinə qoyub:

- Ay bala, mən qoca arvadam, evdə iki yetim saxlayıram, - deyirdi.

- Lətifə xala, keçən dəfə də qabağa keçdin.

- Mən olmamışam o.

Lətifə xala ilə növbə üstündə mübahisə etmək müharibədə uduzmaq kimi bir şey idi. Ona söz çatdırmaq mümkün deyildi. Sən bir cümlə deyirdin, o üç cümlə ilə cavab verirdi. Sən ikincini deməyə macal tapmamış, artıq söhbətin başqa yerindən üçüncü adamı da günahkar çıxarmış olurdu. Ona görə növbədə onunla üz-üzə gələn adamlar bir müddət dirəşir, sonra səsləri yavaş-yavaş azalırdı.

Anam bu vurhavurun içində həmişə kənarda dayanardı. 2 il olmuşdu artıq amma hələ də növbələrdə qabağa keçməyi bacarmırdı, kimsənin qolundan tutub "mənim də uşaqlarım var" deyə bilmirdi. Belə yerlərdə elə bil bir şey istəmək üçün əvvəlcə dərdinin böyüklüyünü sübut etməli olurdun. Anam isə bunu qətiyyən bacarmırdı. Əlində köhnə parça torbası ilə sadəcə gözləyirdi. Həmin gün kiminsə insafı olub - İmkan verin, bu qadın da yardım payını götürsün. Əri müharibə əlilidir! - deməsəydi, anam həmin ay əliboş qayıdırdı.

O sözü də deyən çox vaxt Lətifə xala olurdu. Həmin Lətifə xala ki, beş dəqiqə əvvəl birinin qabağına keçmək üçün onunla az qırğına çıxmışdı. Anam qabağa keçəndə isə Lətifə xala hamının üstünə qışqırardı.

Anam həmin ay əliboş qayıtmadı. Amma mən bu dəfə sevinə bilmədim. Əvvəllər yardım gələndə torbanın içindən çıxan hər şey məni sevindirərdi. Şəkər, makaron, bir az yağ. Bakkuş, taxta peçenyenin isə öz sevinci vardı. Anam torbanı açanda mən də başımı içinə salıb baxardım. Bu dəfə baxmadım.

İnsanlar yavaş-yavaş dağılışırdılar. Kimsə un torbasını çiyninə atmışdı, kimsə uşağının əlindən tutub pilləkənlə qalxırdı. Uzaqdan hələ də Lətifə xalanın səsi gəlirdi. Həyət əvvəlki kimi səsli-küylü idi. Amma bu səs-küyün içindən bir səs əskikliyi hiss olunurdu - Elsevərin maqnitofonunun səsi.

Gün keçdikcə onun olmadığı yerlərə daha çox baxmağa başlamışdım. Əvvəl həyətə baxırdım. Sonra pəncərəyə, sonra dəhlizə.

Bəzən kimsə pilləkənlərlə yuxarı qalxanda ayaq səslərini dinləyirdim. Addımlar yaxınlaşdıqca ürəyimdə qəribə bir tərpəniş olurdu. Elə bil indicə qapının ağzında o görünəcək. Addımlar keçib gedirdi. Mən yenə gözləyirdim.

Bir dəfə dəhlizdə kiminsə maqnitofonu işə saldığını eşitdim. Ürəyim elə sürətlə döyündü ki, yerimdə donub qaldım. Səs bir az da yüksəldi. Mən qapıya tərəf qaçdım. Amma Elsevər deyildi, başqa biri idi. Mahnı da eyni mahnı deyildi.

Yenə də bir müddət qapının ağzında dayanıb  otağa qayıtdım.

Yataqxananın içində gözlə görünməyən bir yer boşalmışdı. Mən hər gün həmin boşluğun yanından keçir, hər keçəndə də içimdən nəsə qopurdu.

Bir müddət sonra qadınlar su növbəsində, kişilər budkanın qabağında siqaret çəkə-çəkə ondan danışırdılar. Axşamlar həyətə düşən kimi uşaqlar da pıçıldaşırdı. Hamı eyni hadisənin fərqli hekayələrini danışırdı. Mən hansına inanacağımı bilmirdim. Elə bil bir gecənin içində bir Elsevər yox, neçə-neçə Elsevər yaranmışdı. Mən isə hər dəfə başımı qaldırıb Elsevərin pəncərəsinə baxırdım. Pəncərə bağlı idi. Başında fənəri olan o köhnə maqnitofon da görünmürdü.

Qəfil hardansa Seda Sayanın səsi eşidildi:

"Ben de seni, sevgilim..."

Amma bu dəfə həmin səs deyildi. Əvvəllər həyətə sevinc kimi yayılan mahnı indi quyunun dibindən gəlirdi. Yuxarı qalxmağa çalışdıqca yarı yolda ilişib qalırdı.

Həmin il payız yataqxanaya bir qədər tez gəlmişdi.

Pəncərələri açanda otaqlara soyuq dolurdu. Səhərlər adamı üşüdür, gecələr uşaqlar yorğanlarını çənələrinə qədər çəkirdilər. Payız gələndə təbiət kimi, yataqxananın da səsləri dəyişirdi. Yayda açıq qapılardan bir-birinə qarışan səslər indi qapıların arxasında qalırdı. Sobaların qoxusu dəhlizə yayılır, yaş paltarların iyi nəm divarlara hopurdu. Yay boyu açıq qalan qapılar bir-bir örtülməyə başlamışdı. Paltar sərilən kəndirlərdə artıq qalın jaketlər, yun corablar, uşaqların balaca yamaqlı şalvarları yellənirdi.

Ağacların yarpaqları da dəyişmişdi. On gün qabaq yaşıl olan ağacın bir budağında artıq sarı yarpaqlar görünürdü. Ağac sakitcə qocalırdı.

Mən isə həyətə düşən kimi başımı qaldırıb Elsevərin pəncərəsinə baxırdım. Axşamüstü həyətdə xəfif meh əsdi. Elsevərin pəncərəsinin pərdəsi asta-asta tərpəndi. İçimdə balaca bir ümid işıldadı. Yəqin Elsevər gəlib. Elə həmin vaxt o biri tərəfdən bir səs gəldi.

Dur, gedək Şahbulağa,

Suyu qan, yaş bulağa,

Biri sən de, biri mən,

Tökək qan-yaş bulağa...

Yerimdə donub qaldım.

Sanki bayatı otağın içindən yox, çox uzaqdan gəlirdi. Sözlər pəncərənin şüşəsinə toxunub geri qayıdır, sonra gəlib içimdə hansısa yerə ilişirdi.

Mən o bayatını əvvəllər də eşitmişdim.

Amma həmin gün ilk dəfə onun içindəki kədəri bu qədər dərindən hiss edirdim.

Həyətin ortasında duran qoca çinar ağacının kölgəsi adamların üstünə düşmüşdü. Heç kim o kölgədən çıxmaq istəmirdi. Qadınlar pıçıldaşırdı. Sözlər yarımçıq qalırdı. Bu yataqxanada cümlələr də adamlar kimi köçkün idi. Heç biri mənzilinə çata bilmirdi.

Adətən axşam bu saatlarda həyətin kişiləri radionun səsinə qarışıb müharibədən, siyasətdən danışardı. Amma həmin axşam naməlum bir əl hamının ağzını qapamışdı.

Bizim həyətdə hərənin öz itkisi vardı.

Birinin əri əsir idi, birinin oğlu cəbhədə. Bir başqası illərdir xəbər gözləyirdi. Kimsə hər axşam pəncərənin qabağında dayanıb dənizə tərəf baxırdı. Sanki o tərəfdən gələn külək özü ilə bir xəbər gətirəcəkdi. Həmin gün də həyət adamlarla dolu idi.

Kimsə vedrə yuyurdu. Kimsə uşağının paltarını kəndirdən yığırdı. Bir qadın pəncərədən həyətə baxıb birdən dedi:

- İndi bizim həyətdəki narlar yetişib.

Aşağıdan biri soruşdu:

- Hansı nar?

- O biri ağacın yanındakı. Qıpqırmızıdı indi.

Heç kim cavab vermədi.

Bakı küləyi həyətin üstündən keçib paltarları, kəndirləri sığallayır, dənizin duzlu qoxusunu da özü ilə gətirirdi. Anam döşəyin üstündə oturub corab yamayırdı. Corabın dabanı o qədər nazikləşmişdi ki, iynə hər dəfə parçanın başqa yerindən çıxırdı. İpi dişinin arasında qoparıb yenidən saplayırdı.

Otağın bir küncündə sovetdən qalma rəngiz televizorda xəbər aparıcısının səsi həyətə yayılırdı:

"Bu gün atəşkəs rejiminin pozulması nəticəsində cəbhənin bir sıra istiqamətlərində atışma baş verib..." 

Televizor danışırdı.

Heç kim başını qaldırmırdı. Bu xəbər artıq neçə ildir həyatımızın içindəydi. Elə bir xəbər idi ki, adam onu eşidəndə əvvəlki kimi televizora tərəf qaçmırdı. Uşaqlar oynamağı dayandırmırdı. Qadınlar əllərindəki işi yerə qoymurdu.

Atəşkəs pozulurdu. Atışma başlayırdı, sonra yenə dayanırdı. Və həyat davam edirdi.

Anam corabı tikib qurtarıb köynəklərə keçmişdi.

Yuxarı mərtəbədən bir qadın aşağıya səsləndi:

- Sürəyya, mənim vedrəmi görməmisən?

Bir tərəfdən də aparıcının səsi otağın içində sakit-sakit dolaşırdı. Bu sözlərin bəziləri mənim üçün hələ də böyük adam sözləri idi. Amma artıq bir sözün mənasını hamıdan yaxşı bilirdim. Cəbhə.

Elsevər gedəndən sonra bu söz mənim içimdə başqa cür səslənməyə başlamışdı.

Anamın yanında uzanıb başımı onun qoluna söykəmişdim.

Qəfil həmin səhər yadıma düşdü. Elsevərin getdiyi günün səhəri gördüyüm yuxunu xatırladım.

- Ana...

- Hə?

- Mən o gün yuxuda evimizi görmüşdüm.

Anam iynəni parçaya sancıb iki-üç saniyə əlini saxladı.

- Hansı evi?

- Öz evimizi.

- Hansı öz evimizi?

- Ağdamdakı evi deyirəm də. Həyətimizdəki tut ağacı da yerində idi. Ona dəyməmişdilər. Mən qaçırdım. Sən qapının ağzında dayanmışdın. Əynində də yaşıl donun vardı.

Anam bir az susub mənə baxdı.

 - Tut ağacı deyirsən?

Başımı tərpətdim.

- Hə. Böyük idi. Həyətin ortasında dayanmışdı. Yelləncək də vardı.

Anam qaşlarını çatıb bir neçə saniyə fikirləşdi.

- Ay bala, sənin kanalların yenə qarışıb. Hardansa  yenə nəsə tutub gətirib, qoymusan bizim həyətə.

Sonra yorğanı üstümə çəkdi.

- Bizim həyətdə nəinki tut ağacı, heç ağac olmayıb. Sağımızda bir əmin ev tikmişdi, solumuzda o birisi əmin. Ortada balaca bir yer var idi, orda da vurhavurda dədən hamam tikdirirdi. Çimmək qismət olmadı.

- Amma mən görmüşəm...

- Görmüsən, görmüsən də... Di, yıxıl yat. Səhər bağa gedəcəyik.

- Hansı bağa?

- Qambay müəllimin bağına. Qonaqları gələcək. Həyətə əl gəzdirmək lazımdır. Səni də aparacam.

- Bu soyuqda?

Anam çiynini çəkdi.

- Varlı adam üçün bağın mövsümü olmur.

Anam işığı söndürdü. Otaq qaranlığa qərq oldu. Amma mənim gözlərimin qarşısında hələ də o tut ağacı dayanırdı.

O gecə yenə o həyəti gördüm. Tut ağacı yenə yerində idi. Amma bu dəfə yelləncək qırılmışdı. Kəndiri küləkdə asta-asta hərəkət edirdi. Səhər oyananda uzun müddət tavana baxdım.

Anamın dünən dediyi söz yadıma düşdü:

"Bizim həyətdə heç ağac olmayıb."

Bəs mən bu ağacı haradan tanıyırdım?!

Bəlkə doğrudan da, o  tut ağacı bizim deyildi. Bəlkə o həyət heç vaxt bizim olmamışdı?!

Amma mən onu illərlə öz evim kimi xatırladım. Mənim uşaqlığımın xəritəsində hələ də bir tut ağacı var. Altında qırılmış bir yelləncək. Küləkdə asta-asta hərəkət edən bir kəndir.

Və uzaqlardan gələn bir səs:

"Ben de seni sevgilim..."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!