Bir evə üç kişi çoxdur. Özü də üçü də cavan ola. Vüqarla Azər bunu anaları öləndən sonra başa düşdülər, ataları isə bir az gec.
Evin xanımı öləndən sonra hər şey baş-ayaq idi; səhər tualetə gedəndə Nəsiblə oğlanları bir-birlərinə dəyir, biri işə gecikəndə o biri ilə toqquşur, qardaşlar bəzən atalarını gözləməyə məcbur olurdular. Hərdən yüngül söz-söhbət də düşürdü. Öz köynəyi ütüsüz olanda Vüqar Azərin köynəyini geyinir, Azər köynəyini tapmayanda səs-küy salırdı. Bir də görürdün, Azər tələsik çıxanda çaşıb qardaşının ayaqqabısını geyinib, onda da Vüqar daş atıb başını tuturdu.
Bəzən paltarları həftələrlə yuyulmurdu. Köynəklərinə düşən ləkəni gözardı edirdilər. Şalvarlarını ütüsüz geyinirdilər. Köynəklərini də necə gəldi ütüləyib, tez-bazar əyinlərinə keçirirdilər. Ütü bəzən köynəklərinin üç-dörd yerinə yapışıb parıltı salırdı. Onların natarazlaşmış güzəranlarında isə pal-paltardakı səliqəsizlik hələ balaca bir şey idi. Evlərinin tör-töküntüsündən ürək sıxılırdı. Öz yerində tapılan çox az əşya var idi. Kim əlinə nə gəldi, nədən istifadə elədisə, həmin yerdə qalırdı. Qapıların başından asılan dəsmallar, bir ucu yerə sallanan divan-kreslo örtükləri, stulların başına necə gəldi tulladıqları şalvar-köynəklər, güzgülərin üzərindəki saysız-hesabsız əl izləri, mətbəxdəki masanın üzərindəki yağ qartmaqları, hamam-tualetdə paslanıb üfunət saçan əşyalar, çoxdandır, tozsovuran üzü görməyən xalçalar, üst-üstə qalaqlanan çirkli boşqablar, qazançalar, hər tayı bir dərədə olan corablar, həftələrdir dəyişilməyən döşəküzləri, ağız suyu ilə sapsarı olan balışüzləri, dörd bir yanına qarışqa daraşmış qəndqabıları, batareykası çoxdan tükənən divar saatı, künc-bucaqdakı hörümçək torları, tozdan-çirkdən işığı öləziyən çilçıraqlar, şifoner, komod, televizoraltlığının üzərini ağardan toz qatları evdə, tamamilə, qarışıq, ürəkbulandıran mənzərə yaratmışdı. Həyətdəki heyvanlar da dəyişmişdi. Elə bil bu həyətdə nə mal-qara vardı, nə toyuq-cücə. Onların vəziyyəti heç kimin eyninə deyildi. İntəhası, illərdir, saxladıqları itin heç nəyə və heç kimə hürməməsi hamını narahat edirdi.
Evdə hər şey Nəsibə arvadını, oğlanlarına isə analarını xatırladırdı; rəhmətliyin asılqandakı paltarları, dibçəkdə əkdiyi güllər, eyvanda səliqə ilə sıralanan pomidor, badımcan, xiyar, kələm tutmaları, cürbəcür kompotlar, heyva, əncir, ağ gilas, böyürtkən mürəbbələri, otağındakı güzgüsünün qarşısında darağı, ətri, qapının ağzında iki cüt - biri qara, biri ağ tuflisi, mətbəxdəki duz, istiot, sarıkök, zirinc, nanə, şəkər tozu, qara bibər qutuları, evin dalındakı təndir, lavaş bişirdiyi sac, xiyar, pomidor şitilləri... Gözlə görünməyən şeylər isə bu üç kişini daha çox incidirdi; birlikdə keçirdiyi günlər, getdiyi qonaqlıqlar, şəhərə, bazarlığa, kiminsə toyuna tələsməkləri, xoşagəlməz hadisələr, ağır günlərdə darıxmaqları...
Bu xatirələr onları adidən də adi məişət məsələlərində qəfil və hazırlıqsız yaxalayırdı. Məsələn, Nəsib həyat yoldaşını evdə nəyisə düzəltmək üçün hansısa aləti axtaranda, Vüqar soyuducunun arxasına yığılmış sellofan torbaları istifadə edəndə, Azər isə pəncərəni bağlayanda, saçını darayanda xatırlayırdı. Heç vaxt dəqiqləşdirə bilmirdilər ki, evin xanımı hansı anda onların yadına düşə bilər.
Anaları öləndən bəri qardaşlar "kişiləşmişdilər". Daha siqareti evin dalında gizlin yox, göz önündə, açıq-aşkar çəkirdilər. Bir də bir-birləri ilə az danışırdılar. Dindirən olmasa, evin içində heç danışmazdılar. Soyuqluqları təkcə özləri ilə yox, hamıyla idi.
Bu itki hər üç kişiyə başqa cür təsir etmişdi.
Azər hər gün olmasa da, həftədə üç-dörd dəfə qəbiristanlığa gedirdi. Bəzən ünsiyyətdə olduğu hamıya nifrət edir, heç kimlə bir kəlmə də kəsmirdi. Anasının bəzi əşyalarını öz otağında saxlayırdı. Əvvəl günə bir qutu siqaret çəkirdisə, indi bəzən iki qutunu da aşırdı. Atasının bu dəyişən, uyğunsuz gedişata etinasızlığı və səssizliyi isə onu daha da hiddətləndirirdi.
Vüqara isə elə gəlirdi, əvvəldən bu evdə yaşamayıb. O, anası öləndən sonra bu evdə gecədən-gecəyə hansısa mehmanxanaya gedən daimi müştəri idi. Elə bir məqam olurdu, bəlkə, anasından ötrü hamıdan çox darıxırdı. Amma ətrafda baş verənlər, iş-güc, pul qazanmaq vacibatı, sürətlə baş verən hadisələr onu bu iztirabdan bir anda çəkməyi bacarırdı. Vüqar qətiyyən üsyan etmirdi, barışırdı. Bu ölümün onların alın yazısı olduğunu və bunu dəyişməyin qeyri-mümkünlüyünü başa düşmüşdü.
Bəzən oğlanları arasında mübahisə yarananda Nəsib dillənmirdi, hər şeyi sakitcə axarına buraxırdı və həyatlarının pozulmasına görə bir səbəb axtarsa da, tutarlı cavab tapa bilmirdi.
Son vaxtlar bu düşüncələrdən birdəfəlik azad olmağı qətiləşdirən Nəsib bir axşam oğlanlarını başına yığdı. Uzun müddət sonra axşam bir yerdə yemək yedilər. Nəsib yeməyini bitirib nəm dəsmalla ağzını sildi, öskürüb gözünü gah yerə, gah divara, gah pəncərəyə dikdi, oğlanlarının üzündən başqa, nəyə desən baxdı:
- Mən bir qərara gəlmişəm, day dolana bilmirik, işimiz ağırdı, bu evə bir arvad lazımdı.
Azər heç nə demədi. Vüqar isə qaşlarını çatıb atasının gözünün içinə baxdı. O da heç dillənmədi.
Bu dəfə oğlanlarının susqunluğu Nəsibi əsəbiləşdirdi.
- Niyə dinmirsiz? Nədi? Nə vaxta qədər belə yaşamalıyıq?
Azər dözməyib, nəhayət, dilləndi:
- Day özün ölçüb-biçmisən də, niyə bizimlə məsləhət eləyirsən, ay ata?
- Məsləhət eləmirəm, dedim, xəbəriniz olsun.
Azər "Allah xoşbəxt eləsin!" - deyib otaqdan çıxdı, ardınca da qardaşı.
Nəsib uşaqlarının belə edəcəyini bilirdi. Təzədən evlənməyi onun başına bacıları salsa da, özünün də meyli var idi. Doğrudan, çətin idi. Düz-əməlli yemək-içməkləri olmurdu. Uşaqları da, özü də quruyub çöpə dönmüşdülər. Bütün bunlardan savayı, Nəsib darıxırdı. Ürəyinin sözünü danışmaq istəyirdi. Oğlanları da üzünə düz-əməlli baxmırdı. Bəlkə də, onlarla qaynayıb-qarışsaydı, belə tez qərar verməzdi. Nəsib qadından çox, adam istəyirdi.
Vüqar atasının nə vaxtsa belə edəcəyini bilirdi. Hardasa, anasının qırxı çıxandan ara-sıra bu barədə fikirləşirdi. İndi atasının bu qərarını eşidəndə özünü onun yerinə qoydu. Görəsən, belə şey olar?! Bəlkə də, axşam atasının üzünə elə sərt baxmazdı, sadəcə, Azərdən qorxdu. Azər belə şeylərdə qəti idi. Onun qısqanclığı imkan vermirdi Vüqar başqa şey fikirləşsin. Sözün düzü, Vüqarın çox da vecinə deyildi. Amma bəs həmin gün? Nəsib təzə arvadı evə gətirəndə necə? Onda da belə soyuqqanlı düşünmək mümkün olacaq? Günü sabah Azərlə danışıb bir qərara gəlməliydi. Hələ bilmirdi, qardaşının son fikri nə olacaq.
Azər isə atasının bu qərarından çox sarsılmışdı. Fikirləşirdi, hələ bir il təzə tamam olub. Nə tez təzə arvad sevdasına düşdü bu kişi?! Qınayan olmasaydı, Azər elə indi birdəfəlik çıxardı evdən. Elə belə də fikirləşmişdi. Vecinə deyildi, Vüqar nə istəyir, nə qərara gələcək, nə edəcək?.. Baş götürüb gedəcəkdi. Bir az dayısıgildə qalardı, sonra da gedərdi Bakıya. Hamı necə, o da elə...
Həmin gecə Nəsib yerində o tərəf-bu tərəfə nə qədər fırlansa da, yata bilmədi. Əynini geyinib həyətə düşdü. Qapının qıfılına baxıb dala qayıdanda it yerindən qalxıb Nəsib tərəfə cumdu, dişini qıcayıb mırıldadı və uzun müddət sakitlikdən sonra aramsız hürməyə başladı. Elə bil Nəsibi birinci dəfə görürdü, tamam yad adamlar kimi...
Vüqar da, Azər də pəncərədən boylandılar. Vüqar yüksək səslə: "Reks, Reks, rədd ol, Reks!" - qışqırdı.
Reks isə dayanmaq bilmirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
