Fərhad özünü toplayıb, dərin bir nəfəs aldıqdan sonra davam etdi:
- Adını bilmirəm, bilmək istəmirəm. Fikir vermisənsə, gəldiyin gündən heç soruşmamışam. Səndən uzaq olmağa çalışırdım. Ona görə də, üzünə çox baxmırdım. Mən qəribə hiss edirəm. Getməyini istəmirəm... Burada mənimlə qal, hər gün birlikdə söhbətlər edək, sən kitabları axtar, mənsə oxuyum, saatlarla xalça qabağında gözlərimiz qapanana qədər naxışlara baxaq. Sən yenə hər şeyə gül, mənsə qıraqdan anlamadan gülümsəmənə baxım. Sənə buraları gəzdirim, bəlkə sevərsən, fikrin dəyişər, qalmaq istərsən.
- Fərhad... Mən qala bilmərəm. Ailəm, bütün ətrafım məni gözləyir. Orada yarım qalan həyatıma qayıtmalıyam.
Fərhad Mirzə sözlərimdən sonra sürətlə yanımdan uzaqlaşdı. Günlərlə onu görə bilmədim. Nə emalatxanaya gəldi, nə də kitabxanaya. Birlikdə yemək yediyimiz yerə, sarayın bağçasında, yanında saatlarla oturub söhbət etdiyimiz güllüyə, hər yerə baxırdım, sanki qeybə qarışmışdı. Günlərlə onu görməmək mənə içimdəki hisslərimi anlamağa kömək etdi. Fərhad üçün darıxdığımı anladım. Niyə? Nəyə görə? Bilmirəm. Səbəbi maraqlı belə gəlmir. Amma onun üçün narahatam, onu incitdim, bəlkə də... Bunu bilərək etmədim. Mənə qarşı hissləri olduğunu anlaya bilirdim. İlk günü mənə tərəddüd və şübhə ilə baxan gözlər, bu gün məsumanə bir sevgi ilə baxırdı. Bəs mən?..
Mən günlərlə, sadəcə içimdəki narahatlıq və qorxu hissini dostluq sanmışdım. Kaş bu, həqiqətən də, belə olaraq qalardı. Hardan bilərdim ki, o günlərdə yaranan bu hiss bu gün mənə bunları yazdıra bilər?! Bu hiss məni yaşada bilər... Fərhadın uzun, xəfif dalğalı, qumral dəlisov saçları vardı. Tünd qəhvəyi gözləri, upuzun kiprikləri... Mənə hər baxanda göz bəbəklərinin içindəki parıltını görürdüm. Artıq onu düşünmədiyim bir an belə olmurdu. Burda olmağıma səbəb olan xalça daha mənə o qədər də maraqlı gəlmirdi. Sadəcə onu görmək istəyirdim. Amma o heç yerdə yox idi. Onunla oturub söhbət etdiyimiz bağçada idim. Kitabları araşdırırdım. Birdən güllərin arasından həmin kiçik qızı gördüm. Yanıma çağırdım, gəlmədi. Uzaqdan mənə baxıb, sadəcə gülürdü.
- Balaca qız! Səninlə itirəcək vaxtım yoxdur. Onsuz da heç nə danışmırsan.
- Mən, sadəcə gözləyirəm, - yenə eyni cümləni təkrarladı, başqa bir şey demədi.
- Balaca, bu dəfə mən də sənin kimi gözləyirəm, sadəcə. Amma gələn gəlmək bilmir. Mən də çarəsiz qalıram, - dedim, elə bu an balaca qız yanıma gəldi. Yenə əllərimdən tutdu və qaldırdı məni. Əlimdən tutub məni harasa aparırdı. Getdiyimiz yer sarayın yanında yerləşən Şeyx Səfi məqbərəsi idi. İçəri daxil olduq.
- Hey, balaca... Mən xalça araşdıracaq halda deyiləm. Get, o şahına de ki, həyatda incəsənətdən, xalçadan daha vacib və qiymətli şeylər var..! - dedim.
Qız mənim əlimi irəliyə itələyərək buraxdı. Qəfil itələnib, səksənib dayandım. Dərhal geri dönüb balacaya baxacaqdım ki, yenə gözdən itdi. Məqbərəni gəzəndə aşağıda yerləşən, qədim bir qapısı olan otaq tapdım. Marağımı öldürə bilməyib otağa girmək qərarına gəldim. Otağın qapısını itələyib açanda çıxan cıyıltılı səs məqbərə divarlarında əks-səda verdi. İçəri daxil olarkən üzü divara tərəf yerdə əyləşmiş birinin kölgəsini gördüm. Yaxınlaşıb kim olduğuna baxmaq istədim. Bu odur... Fərhaddır.
- Günlərdir haralardasan? Məni tək qoydun! Hər yerdə səni axtarırdım! Niyə xəbər vermədən ortalıqdan yoxa çıxdın? - bütün hirsimi tökdüm.
- Sakitləş... Mən buradayam. Heç yerə getmədim. Səni tək qoymadım. Qoya bilmədim. Ona görə də... Nə isə. Bax divarlara, tanış gəlirmi? - çox sakit tonda sözlərini bitirdi. Ancaq mən onun etdiyi hərəkətə görə qəzəbimi boğa bilmirdim.
- Cavab ver, niyə məni qoyub getdin?! Düşünmədinmi narahat olacam...
- Sənə görə, sənə kömək etməyə görə günlərdir buradayam. Xalçanın sirrini öyrənmək üçün, ailənə qovuşasan deyə... Mənsiz olasan, sənsiz qalım deyə günlərdir çalışıram... Nəhayət, bir şeylər tapdım.
- Fərhad Mirzə, mən bu günlərdə sənin üçün çox narahat oldum, hər an ağlımda idin. Nə xalça, nə də başqa bir şey mənə maraqlı deyil artıq. Mən yalnız şey... səni... yəni səni... eh, nə isə elə, - dediklərim məni utandırırdı. O, sözlərimdən anlamışdı hər şeyi. Hisslərimi, duyğularımı əllərimdən, baxışlarımdan, barmaqlarımı dartmağımdan anlamışdı. Fərhadın gözlərindəki ümidsizlik yerini inam və həyəcana ötürmüşdü. Eşitdiklərinin təsdiqini almaq üçün gözlərimə zillənib, sanki ona baxmağımı gözləyirdi. Gözlərimlə təsdiq etməyimi istəyirdi.
Başımı qaldırıb ona baxsam, ürəyim yerindən çıxacaqdı. İlahi, heç bu qədər utanmamışdım, həyəcanlanmamışdım...
Gücümü toplayıb ona baxdım. Üzündəki sevinci gördüm, bir-birimizə baxıb gülümsəyirdik. O an dünyada, sadəcə biz vardıq. Sonranı, əvvəli, heç nəyi düşünmürdük. Harada, hansı zamanda olduğumuzun, hara aid olduğumuzun artıq heç bir əhəmiyyəti qalmamışdı, sanki.
İlk dəfə ailəmi unutdum, düşünə bilmirdim onları. Bir anlıq sevginin bütün bədənimi sarmaşıq kimi ələ keçirdiyini hiss etdim.
İnsan çox sevsə, sən demə, özünü belə unudarmış. Həyat yalnız qarşımdakı insan idi. O və onunla gələcək sevgidən, üzüntüdən və hətta bəlkə göz yaşından ibarət idi. Sevmək gözəldir, əlbət. Ancaq qarşılıqlı sevgini yaşamaq hər şeydən gözəldir. Qarşılıqlı dəlicəsinə sevmək həyatda başımıza gələcək bütün bədbəxtliklərə gülümsəyərək cavab vermək kimidir. Ona bu qədər aşiq olduğumu mən də bilmirdim. İndiyədək insanın sevdiyini hansısa səbəbdən sevəcəyini düşünürdüm. Amma yanılmışam. Əgər sevgidə səbəb axtarıb tapa bilirsənsə, o əsl sevgi deyilmiş demək.
Eşq - səbəbsiz sevməkdir.
Əgər səbəb tapa biliriksə, gələcəkdə o səbəb ortadan qalxsa, sevgi də ya bitər, ya da boşluqda qalar. Mən onu sevməyə heç bir səbəb tapa bilmirdim. Onda bu hiss həqiqi sevgi idi?
Bəlkə də saatlarla gözlərimizin dərinliklərində itmişdik. Oradakı dərinlikdən çıxmaq istəmirdim. Bir anda nəsə oldu. Sehr pozuldu elə bil. Fərhadın üzünə bir kədər qondu, gözləri bayaqki kimi gülmürdü.
- Nə oldu?
- Bu anda əbədi olaraq qalmaq istəyirəm. Ancaq bu nağıl bizim üçün xoş bitməyə bilər.
- Elə düşünmə, bəlkə də xoş bitər. Sən də gəl. Birlikdə gedək gələcəyə. Söz verirəm, hər an yanında olacam. Özünü heç tək hiss etməyəcəksən. Sevgimizi gələcəkdə doya-doya yaşayaq.
- Kaş, bu mümkün ola, ancaq olmur. Sən yalnız getməli olacaqsan.
- Axı niyə? Səni bura bağlayan bir şey var?
- Yox, yoxdur. Mənim gəlməyim mümkün deyil. Sən də qala bilərsən. Ancaq ailəni, sevdiklərini mənə görə tərk etməyini istəmək səndən böyük bir fədakarlıq istəmək olardı. Qalmağını hər şeydən çox istəyirəm. Adını bilmirəm, bilmək istəmirəm... Bilirəm, sən əvvəl-axır gedəcəksən. Mən isə ömür boyu bir ada və bir xülyaya həsrət olaraq yaşamağın əzabını çəkəcəm. Heç olmasa adını bilməyim...
- Demək, buna görə adımı heç soruşmurdun...
- Tək bu deyil. Bayaq dedim axı, divarlara bax. Görürsən, xalçanın üzərindəki naxışların eyniləri həkk olunub. Mərkəzdəki medalyona bax... Buradakı əlyazmaları birləşdirdim. Artıq hər şey aydındır. Naxışlar, əlyazmalar, motivlər hər şeyi izah edir. Getmək istədiyini və bunu hər şeydən çox istədiyini bilirdim... Görürsən, xalçanın son ilməsi vurulmayıb, yarımçıqdır. Son ilmə vurulduğunda artıq xalçanın sirri ortaya çıxacaq. Xalçanın mərkəzindəki medalyona diqqətlə bax. Medalyon, əslində bir ürək formasının iç-içə keçmiş təsviridir. Sən doğru düşünürdün, bu sirr əsl sevginin təcəssümüdür. Şahın səndən istədiyi o sirr bu son ilməni vurmaq idi. Çünki o da bilirdi, bu ilməni gələcəkdən gələn bir qız vurmalıdır. Həqiqi sevgi, əsl məhəbbətdir son ilmə. Sevginin gücüdür son ilmə və bunu sən etməlisən.
Bax, əlyazmalarda da qeyd olunub: "İki zamanın qovuşduğu yerdə bir ürək seçim etməlidir". Sən seçim etməlisən. Ya xalçanı bitirib gələcəyə getməlisən, əsl sevgini mən olmadan yaşatmalısan. Belə olanda sevdiyin insanı həmişəlik itirəcəksən. Qalsan, sevgimizi burada yaşayarıq, onda da gələcəkdəki həyatın yox olacaq. Tək bununla da bitməyəcək. Xalça bitməsə, bundan sonrakı bəşəriyyət əsl sevgini heç bir zaman dadmayacaq, - dedi.
Mən ağlamağa başlamışdım. Bir tərəfdən, sevdiyim insan, digər tərəfdən, insanlığın sevgisi... Hıçqırıqlarım, ağlamağım məni danışmağa qoymurdu, boğulurdum sanki. Özümü topladım:
- Mən, axı səni istəyirəm... İstədiyim şey çox məsumdur. Qarşılığı bu olmamalıdır. Səni tapmışkən itirmək məni məhv edər. Yox, yox, razı olmayacam. Mən sevmək, sevilmək istəyirəm. Nə bəşəriyyət, nə də başqa bir şey!
- Mən də... Amma təbiətin nizamını pozsaq, təkcə özümüzü düşünsək, bizi nələr gözləyər, bilmirik. Xalçanın da ruhu var. O ruhun lənətini üstümüzə çəkərik. Deyə biləcəyim, əlimdən gələn tək şey səni... Səni çox sevirəm... deyə bilməkdi.
Məni qucaqladı. Nəfəsi nəfəsimə qarışmışdı. Həyat dayanmışdı. Bədbəxtlik bu gün mən idim, mənim bədənim, ruhum. Həyatda ən dəyərli varlığa sahib olmuşkən itirmək qəlbimdə ömürlük iz qoyacaqdı. Mən, sadəcə sevmişdim, qəlbimi ruhumu bağlamışdım. Hər şeydən kömək istəyirəm. Məni bu vəziyyətdən, bu bədbəxtlikdən xilas etsin deyə. Tanrı... Hanı Tanrı, niyə kömək etmir? O belə, içimdəki susqun fəryada səs vermir.
Ona sarılmışkən bu anı ruhumun yaddaşında saxlamalıyam. Qəlbimin hissiyyatına həkk etməliyəm.
- Bəs necə olacaq, nə etməliyəm? - deyə soruşdum.
- Son ilməni vurmalısan, sadəcə və hər şey bitəcək. Gələcəyə geri qayıdacaqsan.
- Bəs səni bir də görə biləcəm?
- Yox... Bu bizim son görüşümüzdür...
İkimizin də göz yaşlarımızın damcıları bu rütubətli otaqda yerə düşdükcə, sanki divarlar da bizimlə birgə ağlayırdı. Daş divarlar belə anlayırdı, itirdiyimiz şey, sadəcə sevgi olmayacaqdı. Bəşəriyyət yaşasın, qəlblərdə sevgi olsun deyə, biz özümüzü, öz qəlbimizi öldürəcəkdik.
- Səni unutmayacam! Eşitdin? Heç vaxt, heç vaxt unutmayacam, - dedim.
- Mən də. Mən də səni unutmayacam, sevgilim...
Geri dönmək məcburiyyətində idim. Son ilməni vurduqdan sonra xalça yenidən açıldı. Üzərindəki medalyon işıqlanmağa başladı. Bütün otaq günəş kimi parlayırdı, getməli idim, ancaq ayaqlarım addım atmaq istəmirdi. Birdən o mənim əlimdən tutdu və buraxmaq istəmədi. Gedərkən mənə, sadəcə bu cümləni dedi:
"Əgər zaman bizi ayırırsa, qoy, zaman özü bizi yenidən birləşdirsin." - Bu cümlə mənim həyatım boyu unutmayacağım bir ümid idi. Nə demək istəmişdi, görəsən?! Bəlkə yenidən görmək şansım olardı... mən ümidimi heç itirmədim.
Gözlərimi açarkən artıq öz dövrümüzdə idim. Xalçanın əsl sirri isə, sən demə, indən belə açılırdı. Yaşadıqlarımın təsirindən uzun müddət pessimist həyata davam etdim. Qayıtdıqdan sonra təsadüfən öyrəndiyim bir şey mənə həmişə maraqlı qaldı.
Doğulduğum, gözlərimi açdığım bu evdə əsrlərdir qorunan qədim bir üzük var. O üzüyün içində isə Fərhad Mirzənin adı həkk olunub. Bu üzük məni uzun müddət düşündürdü. İllər sonra məni yenidən Ərdəbilə göndərdi. Bu şəhər artıq mənim üçün başqa məna ifadə edirdi. Üzüyü barmağımdan çıxarmırdım, sadəcə üzərində adının yazılması belə mənim gözümdə dəyərini artırmışdı.
Nəhayət, qüvvəmi topladım və qərar verdim, getməliyəm. Beynimdəki suallar, yarım qalmış nüanslar tamamlanmalıdr. Növbəti gün Ərdəbilə getdim. Şəhərin hər guşəsi mənə doğma gəlməyə başlamışdı. Bu doğmalığı, bəlkə də içimdəki ümid yaradırdı. Şeyx Səfi məqbərəsini ziyarət etdim. Ziyarət edərkən qədim bir otaqla qarşılaşdım. Sanki o günə yenidən qayıtdım. O balaca qız yenə yanımda idi və mənim bu otağa tərəf yollanmağım üçün əlini uzatdı. Yenidən gözdən itdi. Otağın divarında yüz illər əvvəl çəkilmiş bir rəsm vardı. Rəsmdə özümün, xəttatın (Fərhad Mirzə) və ... balaca qızın təsviri vardı. Rəsmin altında isə belə yazılmışdı:
"Xalçanın son ilməsini atan."
Araşdırdıqda artıq hər şey məlum olmuşdu. O balaca qız heç vaxt adi uşaq olmayıb. Xalçaların da ruhu vardır. Əfsanəyə görə, Şeyx Səfi xalçası toxunarkən ustanın kiçik qızı xəstələnib və dünyasını dəyişib. Ata isə qızını unutmaq istəmədiyi üçün onun xatirəsini xalçanın naxışlarına köçürüb. Lakin qızın ruhu xalçanın içində qalıb. Əsrlər boyu o, yalnız taleyi bir-birinə bağlı bu iki insana görünüb. Sadəcə bu iki insan bir araya gəldiyi zaman balaca qızın ruhu azad olacaqdı zəncirindən. Xalçanı toxuyan ustaların dediyinə görə, xalçanın mərkəzi hissəsində bir naxış yaradılıb. Bu naxış "Tale düyünü" adlanır. Əfsanəyə görə, Tale düyünü zamanın ayırdığı ruhları yenidən bir araya gətirə bilər. Artıq anlamışdım... Balaca qız... Əsrlərlə qorunan üzük...Tale düyünü...
Biz, Fərhad ilə ilk dəfə görüşmürdük. Biz, əsrlər boyu bir-birimizi axtarmışıq. Lakin hər dəfəsində birləşmədən ayrılmışıq. Fərqli dövrlərdə, əsrlərdə, fərqli bədənlərdə rastlaşdıq, bir araya gəldik. Tam qovuşarkən yenidən ayrıldıq. Fərhad bunu bilirdi... O hər şeyi bilirdi... O, məni, bizi dəfələrlə itirmişdi. Qəlbində, ruhunda eyni əzabları dəfələrlə çəkirdi... özü də eyni ruhda.
Xalçanın son ilməsi bizi sonsuza qədər ayırdı, bəlkə də. Ancaq mən əbədi sevgini tapmış oldum. Bu elə bir sevgidir ki, bədənim bir gün itib getsə belə, torpağa qarışsa belə, nə vaxtsa başqa bədəndə yenidən onu sevməyə davam edəcək. Bilirəm... O da buradadır, bu dövrdə. Məni sevir, ruhu məni axtarır... Ancaq tapa bilmir.
Tapa bilmirik. Bəlkə onu dəfələrlə görmüşəm, rastlaşmışıq, lakin tanımadan, bir yad olaraq başqa bir bədəndə...
Buradakı qədim bir əlyazmada qeyd olunub:
"Bu xalça divarları bəzəmək üçün toxunmadı. O, yarımçıq qalmış hekayələri tamamlamaq üçün yaradıldı."
Xalçanın əsl sirri gizli xəzinə, xəritə və ya sehr deyil. Onun sirri insanların taleyidir. Balaca qız isə xalçanın qoruyucusudur və əsrlər boyu gözləyib ki, yarımçıq qalmış bu sevgi nəhayət, tamam olsun.
Məqbərədən çıxarkən kənarda o balaca qızı yenidən gördüm. Gülümsəyirdi... Mənə yaxınlaşdı, əlini yanağıma toxundurarkən dodaqlarından pıçıltı ilə bu cümləni üzümə külək məsəli üfürdü:
- Mən artıq gözləmirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
