Millətimin qocası
İstanbul. Qitələrarası bir şəhər. Türkiyənin ən böyük şəhəri, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri. Təxminən, 470 il Osmanlı imperiyasının paytaxtı, Osmanlı sultanının iqamətgahı olub. İstanbul dünyanın ən özəl və gözəl şəhərlərindəndir. Şəhər iki qitədə - Avropa və Asiyada yerləşən nadir şəhərlərdən biridir.
Şəhərin baş küçəsində maşınlar şütüyür. Şəhər həmişəki xoş ahəngi ilə yaşayır, insanlara fərəhli günlər bəxş edir. Şəhərdə qələbəlikdir. Əhalinin sayı az qalır 17 milyona çata. Meydanlar, küçələr dolub-boşalır.
Sərin meh əsir. Kimisi işə, kimisi dükan-bazara, kimisi görüşə tələsir. İstanbul hər il doqquz milyona qədər turist qəbul edir. Budur, turistlər şəhəri gəzib-dolaşırlar. Füsunkar və tarixi yerləri, Ayasofya məbədini, Topqapı sarayını görmək, İstanbul Boğazında - Qara dənizlə Mərmərə dənizini bir-birinə bağlayan su keçidində gəmi ilə gəzmək istəyirlər.
İşıqforun yaşıl işığı yanırdı. Adamlar bu küçədən o biri küçəyə adladılar. Yaşlı bir kişi keçməyə macal tapmadı. Qırmızı işıq piyadalara "gözlə" deyirdi. Maşınlar hərəkətə gəlmişdilər. Görünür, qocanın gözləri yaxşı görmürdü. Ayağını yolun hərəkət hissəsinə qoymuşdu. Yol polisi özünü yetirdi. Zolaqlı dəyənəyini qaldırıb yolu bağladı. Maşınlar dayandılar. Polis qocanın qolundan tutub ağır addımlarla o biri küçəyə apardı. Maşınlar gözləyirdilər. Polisin işarəsi ilə onlar yola düşdülər.
Bu mənzərəni seyr edən turistlərdən biri polisə yaxınlaşdı:
- Səni başa düşmədim. Əldən düşmüş bir qoca kişiyə görə o qədər maşını saxlayıb gözlətdin. Buna dəyərdimi?
Polis ona baxıb gülümsədi, turistin xətrinə dəymək istəmədi, amma sözünü dedi:
- O qoca elə-belə, adi qoca deyil, mənim millətimin qocasıdır! Ona əldən düşmüş, gərəksiz qoca kimi baxma. Mənim borcum onu qorumaqdır. Sən nə bilirsən o bu millət, bu Vətən üçün nələr edib?! Bunu heç mən də bilmirəm... Amma millətimin bütün qocalarına bizim hörmətimiz və ehtiramımız var.
Turist pərt oldu. Səhvini anlayıb üzr istədi və yoluna davam etdi.
Ərizəsini alın
Çinarə axır ki, işə düzəldi. İndi müəssisələrin birində rəisin katibəsi idi. Həm başı qarışırdı, həm də bilirdi ki, ayın axırında maaş alacaq. Çalışırdı ki, işinin öhdəsindən gəlsin. Ona başa salmışdılar ki, rəisə qarşı diqqətli olsun, vaxtlı-vaxtında çayını versin, yazılarını yazsın.
Çinarə deyilənləri qulağında sırğa eləmişdi. Pürrəngi çay hazırlayır, rəisi çay sarıdan korluq çəkməyə qoymurdu. Çay soyuyanda tez onu dəyişirdi.
İlin son günləri idi. Hava üzünü bozartmışdı. Gah külək əsir, gah da yağış və qar yağırdı. Nə etməli, qış idi. Havanın necəliyindən asılı olmayaraq iş iş olaraq qalırdı. Hərə öz işini yerinə yetirməli idi.
Rəisin işi başından aşırdı. Katibəsindən də, onun gətirdiyi çaydan da çox razı idi. İşini görə-görə sağ tərəfində qoyulmuş fincanı götürür, işindən ayrılmadan çayını içirdi.
Nəhayət, rəisin başı işdən ayrıldı. Rahat nəfəs almağa imkan tapdı. Amma nədənsə qanı qara idi. Kadr şöbəsi müdiri Nəsibə xanımı yanına çağırıb:
- O Çinarədir, nədir, onun ərizəsini alıb əmr hazırla, gətir, imzalayım, - dedi.
Nəsibə xanım təəccüblə rəisə baxdı:
- Sizin katibəni deyirsiniz?
Rəis əsəbi halda:
- Başqa Çinarə də var? Onu deyirəm.
Nəsibə xanımın donub yerində qaldığını görüb səsini qaldırdı:
- Eşitmədin, nə dedim? Əmrini gətir, rədd eləyim, getsin.
Nəsibə xanım key-key baxmaqda idi:
- Cənab rəis, səbəbini bilmədim. Əmrdə nə yazım? Bilməliyəm axı.
Rəis əlini stola vurub qalxdı:
- İndi sənə hesabat verməliyəm?
Nəsibə xanım təəccübünün səbəbsiz olmadığını bildirmək üçün dedi:
- Axı onun işindən razı idiniz.
- Razı idim, indi də narazıyam. Buna nə sözün?
- Birdən-birə nə baş verdi?
Əsəblərini cilovlaya bilməyən rəis aydınlaşdırmağa məcbur oldu:
- Heç bilirsən, başıma nə oyun açıb?
Nəsibə çiyinlərini çəkdi:
- Bilmirəm. Deyərsiniz, məlumatım olar.
Rəis dedi:
- Başım qarışıb nazirliyə hesabat yazmağa. Bu qız da bir ucdan mənə çay gətirir. Heç təsəvvür edirsən? Ara vermədən çay daşıyır. Mən də fikir vermədən dalbadal çay içirəm. Sən də məni bağışla. Qalmışam kabinetlə ayaqyolu arasında. Ayaqyolu da dəhlizin o başında. Gündə adam neçə dəfə ayaqyoluna qaçarmış! Amma yaxşı ki, vaxtında xəbər tutdum. Yoxsa bu qız məni öldürəcəkdi. Əlqərəz, əmrini gətir, azad eləyim onu işdən...
Rəisin başına gələn əhvalatı eşidən Nəsibə xanımı gülmək tutdu. Rəisin ona acığı tutacağından ehtiyatlanıb tez otaqdan çıxdı. Dəhlizdə ayaq saxladı. Bilmədi ki, əmri hazırlasın, yoxsa hazırlamasın?! Beləcə dayanıb durdu.
Növbəni o yazır...
Ötən əsrin 80-ci illəri idi. Ölkədə ərzaq məhsulları qıt idi. Bəzi malları almaq üçün o mağazanı-bu mağazanı gəzir, axırda evə əliboş qayıdırdın. Hərdən tanışlıqla artıq pul verib piştaxta altından nəsə almaq olurdu. Bir sözlə, kərə yağı, ət, toyuq qəhətə çıxmışdı, talonla verilirdi.
Brejnev hakimiyyətinin son illəri idi. Keçmiş Nərimanov prospektində "Almaz" qızıl mağazasına yaxın bir yerdə hündür bir dirəkdən Brejnevin böyük, çox böyük bir şəkli asılmışdı. Oturub nəsə yazırdı.
Elxan nahar fasiləsinə çıxmışdı. Şəklin altında, ərzaq mağazasının qarşısındakı küçədə xeyli adam toplaşmışdı. Bunu görən Elxan ora yaxınlaşdı və maraqlandı. Dağıstan toyuğu satılırdı. Elxan növbə tutub dayandı. Az keçmişdi ki, bir nəfər növbəyə yaxınlaşıb xəbər aldı:
- Bağışlayın, axırıncı kimdir?
Elxan başını qaldırdı. Əli ilə Brejnevin şəklini göstərib dedi:
- Qardaş, vallah, mən bilmirəm. Növbəni o kişi yazır.
Növbəni soruşan kişi yüksəklikdə qərar tutmuş böyük şəklə baxdı: Brejnev gözlərində eynək, qolunda iri İsveçrə saatı, nəsə yazmaqda davam edirdi.
Qayış
Yenə ezamiyyətə gedirdilər. Şaiqlə Fazil Dəmiryolu vağzalının yanında dayanan, hər yarım saatdan bir yola düşən, böyründə "Aeroport" Ekspress sözləri yazılmış rahat avtobusa oturdular. "Bakıkart"la adama vur-tut bir manat otuz qəpik gediş haqqı ödədilər. Şaiq üzünü Fazilə tutaraq:
- Neçə illər idi kiminsə günahı ucbatından hava limanına marşrut avtobus işləmirdi. Yasamaldan aeroporta gediş haqqı üçün taksilər 25 manat istəyirdilər. Hava limanından geriyə qayıdanda da eləcə...
Fazil onun sözünə dəstək verdi:
- Daha demə, hələ Xırdalana, Sulutəpəyə ondan da çox pul alırdılar.
- Bu "Eskpress" taksidən də qat-qat sərfəli, həm də rahat və təhlükəsizdir. Özü də hər əl qaldırana maşın saxlamırlar. "Ekspress" sürətlə gedir, yalnız dayanacaqlarda ani durur və dərhal yola düzəlir.
Beləcə söhbətləşə-söhbətləşə gəlib çatdılar hava limanına. Naxçıvana uçacaqdılar. Burada söhbətin mövzusu dəyişdi. Birinci Şaiq dilləndi:
- Bu təyyarə çox gözəl nəqliyyatdır. Yerini rahatlayan, gözlərini açıb-yuman kimi bir də görürsən çatmısan.
Fazil onun sözünü təsdiqlədi:
- Doğru buyurursan.
Şaiq davam etdi:
- Amma bu təyyarə ilə gedişin də bir qənbərqulusu var.
Fazil dönüb təəccüblə ona baxdı:
- Nədir o qənbərqulu?
Şaiq onun sualının müqabilində cavab verdi:
- Əşi, nəzarət məntəqəsindən keçəndə adamın başına min oyun açırlar. Ayaqqabını, qayışını çıxar...
Fazil onunla razılaşdı:
- Yayda bu soyunma əməliyyatı bir qədər tez başa gəlir. Qış aylarında əziyyəti lap çoxdur. Paltonu, şarfını, pencəyini də soyunmalısan. Üstəlik, ciblərində açar, mobil telefon, dəmir-dümür, metal pul varsa, onları da çıxarıb masanın üstünə qoyursan.
Şaiq tez:
- Gördün? Mən deyəndir. Bunlar qənbərqulu deyil?
- Yaxşı ki, adamın şalvarını çıxarmırlar. Nəzarət məntəqəsindən keçəndən sonra əl çantanı, pal-paltarlarını, əşyaları götürüb bir kənara çəkilir, geyinir, şarfını və qayışını taxırsan. Adamı tər yuyub aparır. Nə isə...
Az sonra dedikləri təkrar olundu.
- Bunun dərdindən ezamiyyətə getmək istəmirəm.
Bunu Şaiq dedi.
- Elə mən də.
Bunu da Fazil dedi.
Şaiq nəzarətdən keçəndən sonra geyinib Fazili gözlədi. Fazil əyin-başını qaydaya salarkən Şaiqin gözü sərnişinlərdən kiminsə unudub qoyduğu qayışa sataşdı. Əli ilə göstərərək istehza ilə Fazilə dedi:
- Görürsən? Bütün geyinib-soyunma əməliyyatları axırda onunla nəticələnir ki, kimsə nəyinisə yadından çıxarıb təyyarəyə minir.
Fazili də gülmək tutdu:
- Görəsən, hansı zavallınındır bu qayış? Vay onda ki, şalvarı bir az əyinə boş ola. Bir də görəcək ki, şalvar sürüşüb düşdü ayaqlarının altına. Gəl indi bu xəcalətdən qurtar, görüm, necə qurtarırsan!
Təyyarə mənzil başına vaxtında çatdı. "Təbriz" mehmanxanasında yer aldılar.
- Əynimizi dəyişib restorana düşək.
Bunu Fazil dedi.
- Düşək, düşək. Acından bağırsaqlarım fit çalır.
Bunu da Şaiq dedi.
Fazil əynini dəyişib əlini yumaq üçün hamam otağına keçdi. Birdən Şaiqin səsini eşidib tez də çıxdı. Şaiq az qala bağıraraq deyirdi:
- Bir görürsən?
- Nə olub?
- Daha nə olacaq?! Bayaq Bakıda hava limanında dayanıb: "Kimsə qayışını qoyub gedib" deyirdim. Hələ üstəlik, gülür, lağ eləyirdim. Sən demə, həmin qayış mənimki imiş. İndi əynimi dəyişəndə bildim. Əlimi atdım ki, qayışımı açım. Əlim boşa getdi. Qayış nə gəzir?
Fazili gülmək tutdu:
- Dostum, ona görə deyiblər ki, gülmə qonşuna, o da gələr başına. Amma fikir eləmə. Bir qayış məndə. Şəhərə çıxanda sənə bir qayış alaram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
