Şərin məğlubiyyəti - Kənan HACI - Kənan HACI

Sabir Rüstəmxanlının “Şair və şər” romanı haqqında qeydlər

Kənan HACI

XX əsr üçün tarixi roman xarakterik və genişmiqyaslı janr hesab olunur. Bu janrın ən mükəmməl nümunələrini həmin əsrin birinci yarısında Yusif Vəzir Çəmənzəminli (“Qızlar bulağı”, “Qan içində”) və Məmməd Səid Ordubadi (“Dumanlı Təbriz”, “Qılınc və qələm”) yazdılar. Bu əsərlər insanların milli şüuruna, yaddaşına tarix kitablarından daha tez hopdu. Bu mənada ədəbiyyatın rolu ölçüyəgəlməzdir. Sonrakı dövrlərdə tarixi roman janrında çoxlu əsərlər yazıldı. Yaddaşımda dərin iz buraxan əsərlərdən biri də yeniyetməlik çağlarımda su kimi içdiyim Mirzə İbrahimovun “Gələcək gün” romanı idi. Oxuyanlar bilir, əsər Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəkatından, sovet ordusunun 41-ci ildə İrana girməsindən bəhs edir. Düşünürəm ki, yeni nəsil mütləq bu əsəri oxumalıdır. Yazıçı çar Rusiyası dövründə istibdad altında məhv olan insanları bir millətin taleyi fonunda təsvir edir.

Yadımdadır, Fərman Kərimzadənin “Çaldıran döyüşü” romanı yenicə çıxan vaxtlarda əl-əl gəzirdi. Bu əsər Şah İsmayılı, şair Xətaini daha dərindən tanımağımıza yardımçı oldu, Xətai ilə bağlı insanların təsəvvürü hardasa o romanda təsvir edilmiş əhvalatlardan qidalanır. Əlbəttə, söhbət normal təhsil ala bilməmiş, yaxud tarixdən, öz tarixindən uzaq düşmüş insanlardan gedir. Eləcə də Əzizə Cəfərzadənin Seyid Əzim Şirvaninin ömür yolundan bəhs edən, eyni zamanda XIX əsr Şamaxısına işıq salan “Aləmdə səsim var mənim” romanı. Bu əsərlərdə tarixi şəxsiyyətlərin parlaq obrazları yaradılıb. Seyid Əzimin məsciddə şarlatanlar tərəfindən təhdidə məruz qaldığı hissələri xatırlayanda indinin özündə də həyəcan hissi keçirirəm.

Yazıma tarixi roman mövzusuyla başlamağım təsadüfi deyil. Bu günlərdə xalq şairi Sabir Rüstəmxanlının XX əsr Azərbaycan ədəbiyyatında romantizm cərəyanının əsasını qoyanlardan biri olmuş böyük şair Məhəmməd Hadinin həyat və yaradıcılıq yolundan bəhs edən “Şair və şər” romanını oxudum. Sabir Rüstəmxanlı ədəbiyyata gəldiyi çağlardan onun qələminin kompası tarixə yönəlib. Türkün böyük tarixi, qan yaddaşı onun yaradıcılığından bir qırmızı xətt kimi keçir. “Cavad xan” poeması, “Qan yaddaşı” və milli şüuru oyadan onlarla şeirləri, Azərbaycanın həm coğrafi, həm də fikir, düşüncə xəritəsi olan “Ömür kitabı” insanlar üçün həm də bir tarix dərsi idi. Ardınca “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri” tarixi romanları yazıldı. İnsanlar öz keçmişilə bağlı həqiqətləri qondarma tarix kitablarından deyil, bu əsərlərdən öyrəndilər. Zaman özünün yeni milli şairini yetişdirdi və o da üzərinə düşən tarixi, həm də ədəbi missiyanı yerinə yetirdi. Amma ötən əsrin əvvəllərində də bu ideya uğrunda çarpışan şairlər olmuşdu, onların ümidlərini, arzularını şimaldan əsən rüzgarlar pərən-pərən saldı. Yarısı qürbətə, yarısı sürgünlərə göndərildi. Sabirin ciyəri vərəmlədi, Abbas Səhhəti söz gülüstanından vəba fırtınası qopardı. Hadi isə... “Hadinin şeir bazarıdı Vətən...” Hadi də acından ölməmək üçün küçələrdə şeirlərini satmağa məcbur oldu. O Hadi ki, fəryadı daşa dönmüşlərə əks eləmədi. O Hadi ki, ürək yanğısı ilə yazırdı: “İmzasını qoymuş miləl övraqi-həyata, Yox millətimin xətti bu imzalar içində”...

Sabir Rüstəmxanlı həm də o nakam şairin arzuları uğrunda mücadilə vermiş, öz qələmiylə, sözüylə Hadinin uğrunda canından keçdiyi ideyaların həyata keçməsinə vəsilə olmuş şairlərdən oldu. Hadi millətinin istiqlalını görmədi, Sabir Rüstəmxanlı isə bu müstəqilliyin qazanılmasında çox böyük işlər gördü. “Şair və şər” yazıçının öz sələfinə, ideyadaşına həm də bir vəfa borcudur.

Etiraf edək ki, bugünkü nəsil Məhəmməd Hadini o qədər də yaxşı tanımır. Çoxu bir-iki məşhur misrasından başqa onun keçdiyi ağır ömür yolundan xəbərsizdir. Hətta Vikipediyada da bu böyük şair, düşüncə adamı haqqında olduqca məhdud, statistik məlumatlar yer alır. “Şair və şər” elə ilk cümlələrdən oxucunu alıb öz arxasınca aparır. Şamaxı zəlzələsi, Məhəmmədin uğursuz eşq macərası, bir-birini əvəz edən fəlakətlər, Həştərxan dövrü, Bakı mühitilə tanışlıq, Əli bəy Hüseynzadə və “Füyuzat” dövrü, Hacı Zeynalabdinin onun ilk kitabının çıxmasına yardım etməsi, İstanbul, fanatı olduğu və ustad hesab etdiyi Tofiq Fikrətlə unudulmaz görüş... Bu əsərdə hamısı dipdiridi, fikir mübadiləsi aparırlar, mübahisə edirlər, millətin cəhalətdən xilas olmasının yollarını arayırlar. Hadi ideoloji mübarizələr burulğanına düşür, amma özünün dəyişməz fikri var - istiqlal! Onu bir yerdən başqa yerə çəkib aparan da, sinəsini körükləyən, təbini ovxarlayan da istiqlal sevdasıdır. Hadinin yeganə silahı söz idi, o, sözüylə mübarizə aparırdı. Bu mübarizənin şairə nələr bahasına başa gəldiyini bilmək üçün romanı oxumaq lazımdır. Yazıçı olduqca mürəkkəb bir dövrü, Osmanlı imperiyasının çöküş dövrünü təsvir edir, o zamanın ictimai-siyasi, ideoloji toqquşmalarını obrazların dili ilə oxucuya çatdırır. Oxucu XX əsrin əvvəllərində dünyada, Türkiyədə, Rusiyada, Azərbaycanda gedən siyasi-ictimai, ədəbi-mədəni proseslərin canlı şahidinə çevrilir və tədricən bu milli savaşın mahiyyətini dərk edir. Hadinin timsalında bütöv bir millətin keçdiyi dolaşıq, mürəkkəb, tarixi yol gözlərimiz önündə canlanır. Hadinin İstanbulda ümidləri suya düşür. Burda daha əcaib mənzərələrlə qarşılaşır, kökündən ayrı düşmüş insanlar, ingilis, fransız heyranları, hərəsi bir geyimdə, ayrı qiyafədə... “Hadi inqilab, istiqlal sözlərinin Bakıda və İstanbulda ayrı-ayrı məna daşıdığını sonra görəcəkdi. Bakıda istiqlal, hürriyyət deyəndə türkün rus əsarətindən xilas olmağını düşünürdülər. ...İstanbulda isə istiqlal deyənlərin çoxu, yəni azlıqlar türkün hakimiyyətini yıxmaq istəyirdilər”. O, nicat yolunu Avropada görürdü, amma İstanbula gəlib prosesləri izlədikdən, vəziyyətlə tanış olduqdan sonra anladı ki, islam aləmindəki bütün bəlalar Avropadan qaynaqlanır. Burda “özünü cəbhədən qaçmış əsgər kimi hiss edirdi”. Əsərdə Avropanın Osmanlını çökdürmək planları müfəssəl şəkildə qələmə alınıb. Sultan Əbdülhəmidin taxtdan salınmasından sonra ölkədə fəlakətlər azalmadı, dövlət borc içində boğulurdu, qaçqınlar ordusu əmələ gəlmişdi. Mübahisələr səngimək bilmirdi, Hadi hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunu ayırd etməkdə aciz idi. İstanbula gələndən burdakı prosesləri təhlil edib bir nəticəyə gələ bilmirdi. Axı o, şair idi, siyasətin fənd-kələklərindən baş aça bilməzdi.

Romandakı bütün obrazlar real tarixi  şəxsiyyətlərdir. Kimlər yoxdu burda?! Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Tofiq Fikrət, Sabir, Abbas Səhhət, Səməd Mənsur...

Hadi Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, İsmayıl bəy Qaspıralının açdığı yolla gedirdi və həm də bu yolun ardıcıllarını yetişdirmək istəyirdi. İstəyirdi milləti rusun əsarətindən xilas olsun, öz müqəddəratını özü həll etsin. Çıxış yolu maariflənmək, cəhalətdən, xürafatdan xilas olmaq idi. Onun Bakı şairləri ilə mübahisəsi də bunun üzərindəydi, “xalq əsarət altında çırpınırkən siz gül-bülbül sevdasındasınız” - deyirdi. Bəs bu yatmış xalqı qəflət yuxusundan kim oyatmalıydı? Sonralar İstanbulda Əhməd bəy Ağaoğlu ilə görüşəndə o da Hadiyə eyni fikirləri deyəcəkdi: “Xalvar-xalvar kağız israf ediblər, yüz cildlərlə kitablar buraxılıb, saysız-hesabsız divanlar, cünglər, yozumlar, şivən, vaveyla... Yazıq sözün başına nə oyun qalıb açılmasın. Nə qədər boya vurub bir-birindən parıltılı əlbisələr geyindiriblər şerə. Ancaq bu əlbisəni qaldırsan, görürsən altında heç nə yoxdur. Ölü kəmikləri ruhsuz çör-çöp, eşq adına xəstə xəyal, şeriyyət əvəzinə min ilin zınqırov-mınqırovlu ibarələri, ruhu tərpətməyən bənzətmələr. Sözlə millət arasında keçilməz uçurumlar yaranıb. Xalq nə haydadır, bu gül-bülbül aşiqləri nə hayda!”

Hadi terroru dəstəkləyən erməninin üstünə tapança çəkəndə artıq şair yox, beyni qızmış bir türk idi. Məhəmməd Hadinin İstanbul macəraları həm də onun xarakterini ortaya qoyur. O, böyük-kiçik yeri biləndir, amma kimsə onun heysiyyətini tapdalamaq istəsə, yerindəcə həm sözüylə, həm də silahıyla onu məhv edəcək. 

Əsəri oxuyub bitirənə qədər Şamaxıdakı çəkməçinin ürəyindən ah kimi qopan “Ey qoca Şirvan!” nidası qulaqlarımdan çəkilmədi. Bu hüznlü səs əsrlərin o tayından adlayıb gələn, Xaqaninin, Nəsiminin fəryadı hopmuş bir səda idi. Ey qoca Şirvan, sən tarix boyu nələrin şahidi olmadın?! Tarixin ağırlığı çöküb bu sözlərin üzərinə. Hadi xarabazara dönmüş Şamaxıya qayıdanda könlündən keçir ki, o çəkməçinin “Ey qoca Şirvan” sözlərini yenidən eşitsin, onda bütün fəlakətləri, qəlbinə vurulan yaraları unudacaq. Amma “o çəkməçi dükanı qapısında kilid şüşələri sınıq yanı üstə əyilib qalmışdı”.  Əvvəlcə Əminənin, sonra Qəmərin, daha sonra isə yunan qızı Yelenanın ayrılığı da şairin dərdlərinin üstünə dərd gətirmişdi. Fələk onun qəsdinə durmuşdu, rəyincə dövran etmirdi. Osmanlı hökuməti Hadini həbs edir, o, Səlanikə sürgün edilir. Sürgündən sonra yenə Bakıya qayıdır. Bakıya qayıdandan sonra da fəlakətlər şairi qarabaqara izləyir...

Bu roman çox mətləblərə aydınlıq gətirir, Məhəmməd Hadini bütün tərəfləriylə göstərir, oxucuya tanıdır. Oxucu eyni zamanda Hadinin yaşadığı dövrü öyrənir, millətinin istiqlala qovuşması üçün hansı əzablı yollardan keçdiyini, bu yolda nə qədər qurbanlar verdiyini görür, ağrıyır, təəssüf hissi keçirir, həyəcanlı anlar yaşayır. Bu roman həm də Sabir bəyin bundan öncə yazdığı “Difai fədailəri” romanının davamıdır. Hər iki əsər Azərbaycan üçün həlledici, taleyüklü bir dövrü əhatə edir. Zənnimcə, gənclər mütləq bu əsərləri oxumalıdırlar. Oxusunlar və hardan gəldiklərini, hansı köklər üstündə boy atdıqlarını bilsinlər. Çünki hardan gəldiyini bilməyən hara getdiyini də bilməz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!