Əkrəm babam doxsan səkkiz il yaşadı. Əgər əcəl qəflətən gəlib qapının ağzını kəsdirməsəydi, özünə qalsaydı, yüzü də aşıb keçəcəkdi. Hərdən kefinin lap yuxarı vaxtlarında özü də bunu arzulayıb açıq-açığına dilinə gətirərdi. Təəssüf ki, yüzün tamamına iki il qalmış onun ömür yolu meyvəsi üstünə ağırlıq edib üzüaşağı sallanan budaqlar kimi qəflətən qırıldı. Buna görə də babam arzusuna çata bilmədi. O başqaları kimi xəstə yatıb kimsəyə əziyyət vermədi. Yazıq kişi, bir gecənin içində səssiz-səmirsiz dünyasını dəyişdi. Həmişəki kimi axşam çörəyini yeyib, axşam namazını qılıb yerinə girdi. Yatmazdan qabaq məni yanına çağırıb dedi ki, "bala, hazırlaş, sabah meşəyə gəzməyə gedəcəyik, gör nə vaxtdı Süsən bulağının suyundan içmirəm. Meşədən qayıdanda da yolumuzu qəbiristanlıqdan salarıq. Dünən gecə atam Gülmalı yuxuma girmişdi. Çoxdandı onun məzarını ziyarət eləmirəm." Babamdan eşitdiyim sözlər məni xeyli sevindirdi. Axı mənim də meşədə gəzməkdən, Süsən bulağının suyundan içməkdən xoşum gəlirdi. Meşələrimizdə çoxlu meyvə ağacları da var idi. Babamla nə vaxt yolumuz buralardan düşürdüsə, həm doyunca gəzər, həm də şirin-şirin meyvələrdən yeyərdik. Hələ hərdən evə də yığıb gətirərdik.
Yuxu mənə güc gəlib gözlərimi bağlayana qədər sabahkı günümüz barədə düşünə-düşünə üst-üstə xeyli xəyallar qalaqladım. Şirin xəyallar əlimdən "tutub" gecənin bu ələmində məni yaşıllığa bürünmüş dağlara, meşələrə, geniş çöllərə apardı. Xəyalən buralarda xeyli gəzib dolaşdım. Süsən bulağının suyundan içdim, ağacların meyvəsindən yedim. Birdən yan-yörəmə baxanda babamı görmədim. Bir anlıq donub yerimdə qaldım. Axı o indicə buradaydı. Hara, hansı tərəfə getdi babam? Meşədə tək qaldığıma görə canıma qorxu düşdü. Nə qədər babamı çağırdımsa, səsim çıxmadı, qaçmaq istədim, ayaqlarım yerindən tərpənmədi. Babam hara getmişdisə, gəlib çıxmaq bilmirdi. Vaxt keçdikcə, qaranlıq dərinləşdikcə qorxum daha da artırdı. Şükür, bir azdan babam gəlib çıxdı. Onu görən kimi ürəyim yerinə düşdü, qorxum keçdi. Yenə də birlikdə meşədə gəzməyə başladıq.
Çölə, meşəyə çıxanda heç vaxt çomağını yerə qoymayan babam nədənsə indi əliboş idi. Süsən bulağına çatmağa az qalmış uzaqdan yekəpər bir ayının üstümüzə gəldiyini gördük. Çomaqsız olan babam çarəsiz vəziyyətdə ora-bura əl atdı. Bilmədi ki, neynəsin, bu vəhşi heyvandan necə qorunsun. Ayı yanımıza çatıb üstümüzə atılanda qorxumdan var gücümlə qışqırdım. Necə qışqırdımsa, səsimə ayılıb gözlərimi açdım. Bütün bunların yuxu olduğunu biləndə xeyli sevindim. Yaxşı ki, gördüklərim yuxu idi, yoxsa ayı ikimizi də parçalayıb qanımıza qəltan edəcəkdi.
Səhər tezdən yuxudan səs-küy, qışqırıq, ağlaşma səslərinə oyandım. Əvvəlcə elə bildim gördüklərim, eşitdiklərim yuxudu. Sonra gözlərimi bir az da geniş açıb ətrafıma baxanda gördüm ki, yox, bu yuxu deyil. Həmişə yatdığım otaqda, öz çarpayımda uzanmışam. Yəqin nəsə dəhşətli bir hadisə baş vermişdi ki, evdəkilər bu cür qışqırıb ağlaşırdılar. Tez paltarımı geyinib özümü dəhlizə atdım. Hamının üzü kədərli, gözü yaşlı idi. Anamdan pıçıltı ilə nə olduğunu, nə üçün ağladıqlarını soruşanda o qəhərli səslə "Bala, gecə baban rəhmətə gedib" - dedi. Anamdan eşitdiyim bu gözlənilməz və olduqca acı xəbər bir an içində məni yandırıb-yaxdı, içimi qılınc kimi doğradı. Axı babam bir gecənin içində yatdığı yerdə necə ölə bilərdi?! Xəstə-zad da deyildi, canında ağrı-acısı da yox idi, heç yerindən də şikayətlənmirdi. Bu gün də meşəyə gəzməyə gedəcəydik, meyvə yeyəcəydik, Süsən bulağından su içəcəydik. Bəs nə oldu babama, niyə bir gecənin içində dünyasını dəyişdi? Nədən verdiyi sözü yerinə yetirmədən gözlərini bu işıqlı dünyaya yumdu? Təbiidir ki, bu sualların mənası olmadığı kimi, cavabı da yox idi. Çünki artıq babam ölmüşdü. Gözə görünməyən amansız əcəl doxsan səkkiz yaşında onun ömrünə son nöqtəni qoymuşdu. Əzrayil ikicə il də ona möhlət versəydi, yüzü başa vurar, arzusuna da çatardı. Amma nə edəsən ki, yalnız arzulamaqla hər şeyə nail olmaq mümkün deyil. Əcəl arzuya-filana baxmadan, heç kimə bir söz demədən xəlvətcə gəlib öz çirkin işini görür. Deməli, babamın ömür karvanı həyatının sonuna gəlib çatmışdı. Buradan o tərəfə onun ömür yolları bağlanmışdı, irəli getmək mümkün deyildi. Nə qədər ağlayıb ayağımı yerə döysəm də, məni babamın otağına buraxmadılar, onun meyitini, ölüsünü mənə göstərmədilər. Bəlkə də elə bu cür olmağı daha yaxşı idi. Çünki meyitini görmədiyimə görə babam yaddaşımda həmişə gördüyüm kimi diri qaldı. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilməyib hönkür-hönkür ağladım. Nədənsə bu anlarda babama yazığım gəldi. Fikirləşdim ki, kaş babam bircə gün də artıq yaşayıb heç olmasa sonuncu arzusuna çataydı. Gözəl dağlarımızın qoynunda doyunca gəzəydi, meşələrimizdəki ağacların şirin meyvələrindən yeyəydi, Süsən bulağının sərin suyundan içəydi. Amma daha gec idi. Heç nəyi geri qaytara bilməzdik. Artıq babam doxsan səkkiz il yaşadığı həyata gözünü yummuş, son nəfəsini çəkərək bu etibarsız adlandırılan dünyaya səssiz-səmirsiz "əlvida" demişdi.
Çox keçmədi ki, babamın öldüyünü eşidən qohum-əqrəba yavaş-yavaş bizə axışdı. Həyətimizdə yas çadırı quruldu. Günortadan sonra babamı qəbiristanlığa apardıq. Hamının üzündən kədər süzülür, gözlər nəmli görsənirdi. Babamın dəfninə, demək olar ki, bütün kənd camaatı gəlmişdi. Onu bir neçə gün əvvəl yuxusuna girdiyi atası, ulu babamız Gülmalının yanında basdırdılar. Yazıq babam əgər getsəydik, meşədən qayıdandan sonra qəbiristanlığa dönüb onun qəbrini ziyarət edəcək, ruhuna dualar oxuyacaqdı. Amma bu gün o özü məzara döndü. Buradakı qəbirlərin sayının biri də artdı. İndən sonra mən qəbiristanlığa tez-tez gəlib onun məzarını ziyarət edəcəyəm.
Qəbiristanlıqdan qayıdandan sonra babamın çomağını aparıb etibarlı bir yerə qoydum ki, itməsin, kimsə onu götürməsin. Bilirdim ki, onda bir-iki adamın gözü var. Hansının girinə keçsəydi, aparacaqdı. Fikirləşdim ki, qoy bu çomaq babamdan mənə yadigar qalsın. Onu gizlədəndən sonra axşamkı yuxum yadıma düşdü. Əgər yuxuda gördüyüm qorxulu səhnədə çomaq babamın əlində olsaydı, yəqin ki, ayı bizə heç nə edə bilməzdi. Babam çomağın toppuzu ilə ayının başından vurub gəbərdərdi. Xeyli fikirləşəndən sonra güman etdim ki, o gün axşam yuxuda gördüyüm elə Əzrayıl özü imiş. Ayı cildinə girərək babamın üstünə hücum çəkib canını alıb. Bəlkə də babam mən yuxudan qışqırıb ayılan həmin an keçinmişdi. Kaş çomaq o gün babamın əlində olaydı. Onunla Əzrayılı öldürüb bir-iki il də artıq yaşayaydı; ömrü yüzdən də o tərəflərə aşıb keçəydi.
Babamın ölümündən xeyli vaxt keçsə də, onun çomağını yadigar saxlayır, heç kimə vermirdim. Çünki bu cansız çomaqla bağlı o qədər canlı, acılı-şirinli xatirələrim var idi ki! Bu xatirələri danışdıqca qurtarmaz, yazdıqca bitməz. Yadıma gəlir ki, bir dəfə meşədən gəzməkdən qayıdanda yolüstü qonşu kənddəki dostu Qədimalı dayıgilə döndük. Onlar Əkrəm babamı gülərüzlə qarşıladılar, gəlişimizə sevindilər. Bizi həyətdə ayaq üstə çox dayanmağa qoymayıb evə apardılar. Babam ayaqqabısını çıxarıb içəri keçəndə çomağını astaca divara söykədi. Oturan kimi bizə çay süzdülər. Bir azdan süfrəyə yemək qoymağa başladılar. Bu vaxt babam yerindən durub çölə çıxdı. Güman etdim ki, yəqin ayaqyoluna gedir. Sonra gördüm ki, yox, o, çomağını içəri gətirir. Fikirləşdim ki, evin içində çomaq onun nəyinə lazımdır, onunla kimi vuracaq? Babam içəri girən kimi çomağı qapının böyrünə söykəyib, sakitcə yerində oturdu. Süfrəyə yemək qoyular-qoyulmaz Qədimalı dayı da çölə çıxdı. Az keçmiş o da əlində çomaq içəri girdi. Girən kimi də çomağını gətirib babamın çomağının yanında divara söykəyib bir söz demədən yerində oturdu. Bu işə mat-məəttəl qalsam da, babamdan heç nə soruşmadım. Səbrimi basıb gözlədim ki, görüm bu işin axırı nə ilə qurtaracaq. Allah eləməmiş, olmaya bu ağsaqqallar yeməkdən sonra çomaq davasına çıxacaqdılar. Qapının arxasına söykənmiş çomaqlara fikir vermədən doyunca çörək yedik. Sağ olsunlar, süfrəyə iki-üç cür ləzzətli, dadlı yeməklər qoymuşdular. Yeməkdən sonra yenə də bizə çay verdilər. Ağsaqqallar çay içə-içə şirin söhbət etdilər. Mən onların söhbətlərinə fikir verməyib, çomaqlarını hansı məqsədlə qapının arxasına qoyduqları barədə düşünürdüm.
Çay süfrəsi yığışılandan sonra yavaş-yavaş ayağa qalxmağa hazırlaşdıq. Babam Qədimalı dayıdan çomağı qapının yanına nə üçün söykədiyini soruşdu. O, suala cavab verməyib, üzünü babama tutub dedi ki, "Əkrəm, çomağı birinci sən gətirmisən. Ona görə də əvvəlcə sən bunun səbəbini de, sonra mən danışım."
Bunu eşidən babam asta-asta danışmağa başladı:
- Bilirsən, Qədimalı, sənin qapını qəfil döymüşdük. Fikirləşdim ki, birdən evdə biş-düşün olmaz. Bizi ürəyin istəyən kimi qarşılaya bilməzsən. Yeməyin az olar, buna görə başlayarsan üzrxahlıq eləməyə ki, siz Allah bağışlayın, süfrəmiz bir az zəifdir. Əgər süfrəyə çörək qoyulanda belə sözlər desəydin, ərklə sənə bir-iki çomaq ilişdirəcəkdim. Şükür ki, sən də bu sözləri demədin. Hər şey yaxşı qurtardı. Bəs, ay Qədimalı, sən nəyə görə məndən sonra çomağı gətirib qapının böyrünə söykədin?
Qədimalı dayı bir az gülümsünüb dedi ki, "ay Əkrəm, doğrudan da, qapımızı qəfil döydünüz. Dediklərinə hardasa haqq qazandırmaq olar, amma narahat olma, Allaha min şükür, dolanışığımız pis deyil. Süfrəmizdən biş-düşümüz əskik olmur. Heç nəyimiz olmasa da, qapımızda heyvanımız, toyuq-cücəmiz, əkin-biçinimiz var. Mən də çomağı ona görə gətirib qapının yanına söykədim ki, birdən süfrəyə qoyduğumuz yeməyi bəyənməzsən. Deyərsən, ayda-ildə bir dəfə qapınızı açırıq, bu nədir qabağımıza qoyursan?! Bax, əgər sən də o sözləri desəydin, mən də sənə çomağın zərbəsini göstərəcəkdim. Nə yaxşı ki, sən də bu sözləri dilinə gətirmədin. Hər şey yaxşı qurtardı."
İki ağsaqqal arasında gedən bu maraqlı söhbət, bir-birlərinə ərklə dedikləri sözlər həmişəlik yaddaşıma yazıldı. Onda bildim ki, deməli, çomaqda da belə hikmət, belə kəramət var. Çox keçmədi ki, babamla Qədimalı dayının arasında gedən bu söhbət kəndə yayıldı.
İllər ötüb keçir, mən də yavaş-yavaş böyüyürdüm. Amma nə qədər böyüsəm də, babamın çomağını, bir-birindən maraqlı xatirələrini ondan ən əziz yadigar kimi saxlayırdım. Tez-tez də babamın məzarını ziyarət edirdim. Ziyarətə gedəndə də mütləq çomağı özümlə aparırdım. Qorxurdum ki, çomaqsız gəldiyimi hiss edən babamın ruhu narahat olar. Hər dəfə qəbiristanlığa gedəndə hardansa qəlbimə qəribə fikirlər gəlib dolurdu. Bir anlıq ötüb keçənləri götür-qoy edirdim. Fikirləşirdim ki, dünyanın qəribə işləri var imiş. Zamanında doğmaları ilə bir yerdə yaşayan, deyib-danışan, bir yerdə çörək yeyən, bizim üçün həmişə əziz olan bu insan illər sonra dünyaya məzar daşından boylanır. Bir şeyə də çox sevinirdim ki, babamın şəkildəki baxışları əvvəlki kimi mehriban, isti qalmışdı. Ötən illər ərzində daşın soyuq üzünün bu ilıq baxışları soyutmağa gücü çatmamışdı.
Ortalığa vacib işlərim çıxdığına görə bir neçə ay kənddə olmadım. Axır ki, günlərin birində işlərimi tamamlayıb sevinə-sevinə geri döndüm. Doğmalarım üçün, kəndimiz üçün çox darıxmışdım. Valideynlərimlə, qardaş-bacılarımla görüşüb hal-əhval tutdum. Şükür, salamatçılıq idi, hamı yerindəydi. Ötən aylar ərzində elə bir ciddi dəyişiklik, elə bir qanqaraldıcı hadisə baş verməmişdi.
Əyin-başımı dəyişib, ağzıma bir loxma çörək qoyub çölə çıxdım ki, həyət-bacanı qaydaya salım. Neçə vaxtdan bəri əl vurulmadığından həyət-baca tör-töküntülü idi. Əvvəlcə babamın çomağını qoyduğum yerə baxdım. Aman Allah, çomaq orada yox idi. Nə qədər axtarsam da, onu tapmadım. Evdəkilərdən də soruşanda "gördüm" deyən olmadı. Bəs çomaq harada olardı, onu kim götürə bilərdi?! Ağlıma heç kim gəlmirdi. Onun yerini məndən başqa kimsə bilmirdi. Çomağın itməsi qanımı xeyli qaraltdı, ovqatımı korladı. Fikir məni götürdü ki, bəs indən sonra babamın məzarını ziyarət etməyə hansı üzlə gedəcəm?! Axı çomağın itməyindən rəhmətliyin ruhu narahat olacaqdı.
Həyət-bacada işlərimi qaydasına salandan sonra çomaqsız da olsa, qəbiristanlığa, babamın məzarını ziyarətə getdim. Əslində, ziyarətə səhər-səhər getmək istəyirdim. Çomağı tapmadığıma görə özüm qəsdən bir az yubanırdım. Nəsə ümid edirdim ki, bəlkə bu müddət ərzində çomaq tapılar. Təəssüf ki, yubanıb gözləməyimin də xeyri olmadı. Çomaq tapılmadı ki, tapılmadı. Sanki o, yağlı əppək olub göyə çəkilmişdi. Suyu süzülə-süzülə, günahkar birisi kimi ayağımı sürüyə-sürüyə qəbiristanlığa gəlib çatdım. Utandığımdan babamın məzar daşından boylanan şəklinə də baxa bilməyəcəkdim. Axı hansı üzlə baxacaqdım? Çünki günahkar idim. Dağ boyda kişidən yadigar qalan bir çomağı qoruyub saxlaya bilməmişdim.
Kövrək addımlarla babamın məzarına yaxınlaşırdım. Onun qəbrinə çatmağa az qalmış gördüyümdən donub yerimdə qaldım, heyrət səssiz-səmirsiz məni bürüdü. Səsim boğazımda, sözüm dodağımda quruyub qaldı. Gördüklərimə heç gözüm də inanmırdı. Səhər ertədən həyətdə hər yeri ələk-vələk elədiyim, axtara-axtara qaldığım və son ana qədər tapa bilmədiyim çomaq babamın məzarının üstündəydi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
