Hekayələr - Qəşəm İSABƏYLİ

 
 
Ağ atlı oğlan
 
1
 
Anam şiə müsəlman idi. And içəndə Həzrət Abbasa and içərdi. Gəl ki, namaz qılıb, oruc tutan da deyildi. Amma hər cür inanclara "Quran" ayəsi kimi inanardı. Hətta gecənin bir aləmi qapımızda bayquş ulasaydı, yorğanı üstündən atıb, ayaqyalın, başaçıq düşərdi həyətə. Bir bədbəxtliyin xəbərçisi kimi bu gecə quşuna qorxmuş və sarsılmış halda yanıqlı-yanıqlı yalvarardı:
- Məni balalarının başına çevir, ay bayquş, bizə gətirəcəyin bədbəxtliyi götür apar qapımızdan!
O da yadımdadır ki, biz bir yerə getmək istəyəndə, ayağımızı eşiyə qoyar-qoymaz kimsə asqırsaydı, anam o dəqiqə qabağımızı kəsərdi:
- Bala, tək səbir gəldi, yola çıxmayın!
Qardaşlarımdan fərqli olaraq yalnız mən anamın sözünü yerə salmazdım. 
Anam yuxu görsəydi belə, ürəyində onu yozar, bir yerə çıxarda bilməyəndə, bizi evdən eşiyə buraxmazdı. Məndən kiçik qardaşlarım etiraz eləyərdi:
- Nə qədər gözləyək, ay ana?!
- Yusif peyğəmbər xeyirliyə calasın, qoyun yuxunun sehri sınsın, ay bala!
- Nə vaxt sınır ey, yuxunun sehri?
- Günortadan sonra!
 
2
 
Uşaqlıq köynəyindən çıxıb, böyüyüb, bığ yeri tərləmiş cavan bir oğlan olsam da, anamın inancları haqqında fikirləşəndə, nə şübhə dolurdu ürəyimə, nə də ona haqq qazandıra bilirdim.
Yalnız on illər sonra, babalıq çuxasını əynimə geyəndə təsadüfən qarşıma çıxan bir xanım, üz-üzə oturduğumuz vaxtda, ailə şəcərəsini və başına gələn faciələri açıb-tökəndə, fikrə getdim.
- Evdə altı nəfər idik - nənəm, atam, anam, iki qardaşım və mən - bacı. Bir gün anam səhər tezdən oyanıb, başladı gecə gördüyü yuxusunu danışmağa. 
Nənəm dedi:
- Ay gəlin, qoy yuxunun sehri sınsın!
- Nə sehri var ey, yuxunun?! - Anam sərt cavab verdi nənəmə.
- Qızım, yuxunun sehri sınmayınca, kim onu necə yozsa, elə də olacaq.
Kimə deyirsən, anam sözünü kəsmədi. 
Nənəm durub çıxdı eşiyə.
- Gecə gördüm, Ramin ağ paltarda, ağ atın belində ağ buludların üstüylə çapıb gedir. Ha dalıyca yüyürüb, "Ay bala! Ay Ramin!" çağırsam da, mənə tərəf dönüb baxmadı da heç...
Biz bir şey başa düşmədik bu yuxudan.
Bir azdan anam qardaşım Ramini çağırdı:
- Oğlum, pul götür, get çörək al gətir evimizə.
Başımız işə necə qarışdısa, bir də onda ayıldıq ki, uşaq bir saatdı gedib, hələ də qayıtmayıb. Həyəcanlandıq.
Çox keçməmiş evin zəngi basıldı.
- Ana, Ramin gəldi! - deyə, gedib qapını açdım.
Gördüm həyətin oğlanlarıdı: 
- Xala, Ramin göldə batıb, deyirlər...
 
 
 
Təbəssüm
 
 
Kompüterçi-korrektor Yeganə xanıma
 
1
 
"Təbəssüm" deyəndə, insanın üz-gözünə yayılan işıq görünür gözümüzə. Amma mən təbəssümü qulağımla eşitdiyim barədə danışmaq istəyirəm.
İşdən çıxarılana qədər, idarəmizə zəng eləyən adamları it kimi qapırdım. Elə bilirdim işim var, məndən hünərli qadın yoxdu bu məmləkətdə.
Bir gün idarə müdirimizi dəyişdilər. Yerinə cavan bir xanım gəldi. Bu da vəzifə kürsüsündə oturan kimi başladı islahata - özündən gözəl gördüyü qız-qadınları ətrafından pərən-pərən saldı. Elə bir gözəlliyim olmasa da, axırda növbə mənə də çatdı. 
 
2
 
Bütün günü evdə oturmaqdan, öz-özümlə danışmaqdan az qalırdı dəli olam. Köhnə iş yoldaşlarım da mənim kimi. Axır ki, yaxşı bir vasitə tapdıq - başladıq qeybətə. Günün yarısını söz güləşdirməkdə, dedi-qoduda keçirdirdik. Dərd ürəyimizdə yığılıb daşa dönmürdü.
Bir gün rəfiqələrimdən biri az qala məni qınadı:
- Sən ki, kompüterçisən, niyə nəşriyyatlara zəng eləmirsən?! 
Elə səhəri günü telefonu aldım əlimə. 
- Allo... - deyib, oğurluq üstə tutulmuş adamlar kimi sıxıla-sıxıla güclə ağzımdan sözün dalını çıxarda bildim - salam.
- Sala-a-am? - səsimdən-sözümdən məmnun qalmadığını açıqca hiss etdirən naşir sualla qarşıladı məni.
- Müəllim, bəlkə sizdə kompüterçi işi ola?
- Yoxdu! - Elə o an da. - Düüüt... düüüt...
Ürəyim sıxıldı. Telefonu söndürüb, qanqaraçılığımın yarı səbəbkarı kimi bu cansız əşyanı divara çırpıb, canımı qurtarmaq istədim. Təzə telefon ala bilməyəcəyimin qorxusu suya-buza döndərdi məni. Nəfəsimi dərib, gözümü zillədim saata. Özümə gələndən sonra daha bir naşirin nömrəsini yığdım. Yenə eyni söz, eyni imtina. 
Neçə gün idi axtarış aparırdım. Amma geri durmaq fikrim yox idi. Barmaqlarım yorulub, səbrim tükənəndə isə pəncərədən dənizə baxıb, həyəcanımı yenməyə çalışırdım. 
Beləcə hər gün beş-on nəşriyyata və qəzet-jurnal redaksiyalarına zəng eləyirdim. Bəzən acıdillilərə rast gələndə, özümü görürmüş kimi gülümsəyib, "təşəkkür edirəm" deyə, telefonu qapayırdım.
Bir gün səhər ümidsizliklə daha bir nəşriyyatı yığdım.
- Alooo...
- Bəli, xanım, buyurun. - Eşitdiyim cavabdan necə çaşdımsa bir anlıq nitqim batdı. - Buyurun, eşidirəm.
- Vallah, utanıram da deməyə, müəllim, işsizəm?!
Eyni mehribanlıqla soruşdu:
- Nə iş bacarırsınız, xanım?
- Kompüterçiyəm.
- Çox gözəl! Çox gözəl! Gəl ki, işə götürməklə sizi sevindirə bilməyəcəyik!
Az qaldı telefon əlimdən düşsün. 
- Amma müəllif əlyazmalarını kompüterdə yığmağı... yəqin ki, kömpüteriniz var?
- Bəli var, müəllim.
- ...bacararsınız?! 
Birdən səksənən kimi oldum - nəfəsim daraldı, hönkürməsəm də, göz yaşlarım yanaqlarım boyu axıb tökülməyə başladı. Səsim qırıldı.
- Nə oldu sizə, xanım, möhkəm olun.
Handan-hana dilimin buzu əridi:
- Allah sizdən razı olsun, müəllim!
- Sabah gələrsiniz. Ünvanımızı bilirsiniz yəqin?
- Bilirəm... bilirəm...
- Xudahafiz.
- Allah sizdən razı olsun, müəllim! 
Səhəri diri gözlü açdım.
 
3
 
Tezliklə kollektivə də alışdım. Hətta yaxşı çalışdığımı nəzərə alıb, işə də götürdülər məni. Dilli-dilavər olduğumu görən müdir bir gün də mənə daha bir şad xəbər verdi:
- Köməkçim ola bilərsiniz?! 
İndi tanımaza-bilməzə biri zəng eləsə, min dillə dindirirəm onu. 
O günü bir qadın yığmışdı məni:
- Allo... - dayandı. Elə bildim 5 ay əvvəl özüməm zəng eləyən.
- Bəli... bəli...
- Allo...
- Ay can, eşidirəm. - Səs gəlmədi. - Birdən xəttin o başından hönkürtü eşitdim. - Xanım, sizə nə oldu, ürəyim parçalandı?!
Səsi titrəyə-titrəyə dilləndi:
- Bacı, vallah, sizi ana doğmayıb!
Bu sözləri eşidəndə çaşdım, amma özümü tez də ələ aldım:
- Xətrinizə dəymişəm, nədi?!
- Yox ey, sizi mələk doğub, bacı! Yarım ildə azı min yerə zəng eləmişəm, məni minnətlə qarşılayıb, ürəyimi sındırıblar. Amma siz günlərlə canıma yığılan ağrıları bir anda unutdurdunuz mənə! İnanın, indi "bizdə iş yoxdu!" desəniz belə, incimərəm.
- Xanım, müdirimiz ölkədən kənara çıxıb, bir həftəyə qayıdacaq. Gələrsiniz. 
- Bacı, inanın, altı ayda ilk dəfədir ki, üzüm gülür.
 
 
Anamın qəbir yeri
 
Haçan ki, kəndimizə yolum düşür, ilk gedəcəyim yer qəbiristanlıq olur. On illərlə qabaq dünyanı tərk eləmiş insanlar qərib nəzərlərini dikir üzümə. Salavat çevirib, çəkilib dururam doğmalarımın ayağı ucunda. Cəmi yeddi təpik torpaq ayırır bizi. Gəl ki, onlar artıq ruh olub... 
Şəhərə qayıdanda nəvəmlə fikrimi bölüşürəm:
- Babalarının, ulu nənənin qəbirlərini ziyarət elədim.
Eşitmək istədiyim müsbət reaksiyanın əvəzinə nəvəm özünəməxsus cavabla qarşılayır məni:
- Ay baba, başa düşə bilmirəm, hər dəfə qəbiristanlığa getməyinin nə mənası var?! Həmin gördüyün qəbirlərdi, həmin gördüyün sinə daşlarıdı, baş daşlarıdı. 
- Ay bala, dünyadan köçənlərimizin ziyarətinə gedəndə, onların sağ olduğu vaxtlar düşür yadıma. Ötən günlərin sevincində elə itib-batıram ki, hətta gülümsəyirəm də.
- Ay baba, artıq onlar torpaq olub, sümükləri də əriyib gedib.
Nəvəmin belə sözlərini həzm eləyə bilmirəm:
- Bala, internetdə o qədər mənasız olaylara baxmısan ki, fikirlərin dolaşıq düşüb. Öz nəsil-nəcabətini yad eləmək səndən ötrü bir məna daşımır. Məsələ bu ziyarətin və ya ölüyə ağlamağın faydasında deyil. - Qoca-yeniyetmə düşüncəsi çarpazlaşıb, mübahisə yaratmasın deyə, söhbəti uzatmıram...
Yadımdadır, 16 il əvvəl növbəti ziyarətim idi qəbiristanlığı. Dəmir hasara söykənib, xəyala gedib doğmalarımın şəkillərinə baxırdım. Birdən ailəmizin dünyadan köçən, bizə olduqca böyük acılar yaşadan ilk üzvü - 19 yaşlı ortancıl qardaşımın qəbrinin sol əlində bir qəbirlik yer gördüm. Öz-özümə dedim, bu da anamın qəbir evi. Ürəyimdən, ani bir fikir ötdü - anam olmasaydı, bu yer mənim olacaqdı! 
Üç il sonra anam şəhərdə rəhmətə getdi. Bacılarım dedi, vəsiyyət eləyib ki, kəndə aparmayın məni. 
Anamın "Ölüm" sözündən acığı gələrdi. Amma ölümdən də qorxmazdı. 
Xəstəxanada sağalacağına ümidi olmayan vaxtlarında hər gün baş çəkirdim ona. Bir dəfə dedi: "Günümü görüb, dövranımı sürmüşəm, ay bala, təki Allah sizə dəyməsin!"
Anamın, Allahın işinə qarışmaq anlamını verən bu nəhs "uzaqgörənliyi", yəqin ki, cənab Əzrayılın kefinə bərk dəyibmiş. Yoxsa nə olmuşdu ki, düz 30 il arvada heç gözünün ucuyla da baxmadı. 
Yaşı 90-ı haqlasa da, deməzdik, ana, bəlkə vəsiyyət eləyəsən! 
Bu ondan ötrü sabahına ümidsizlik olardı.
Əməlli-başlı yaşını dəqiq də bilməzdik. Qəsdən hərdən soruşardım:
- Neçə yaşın var, ay ana?
- Vallah, anamın dediyinə görə bacım Qudyal qalın qarda doğulub. 
- "Qalın qar" nə deməkdi?
- El arasında 1925-ci ilə deyirdilər. Onda o qədər qar yağıbmış ki, Kür çayı buz bağlayıbmış. Kənd adamları çayın o tayından arabayla odun qırıb gətirirmiş. Mən də kiçik bacım Tamaşayla Qudyaldan xeyli sonra doğulmuşuq.
Hesablayanda görürdüm ki, anam real yaşından 3-4 il də kəsib. Bəlkə də qorxurdu yaşı gözə gələr. 
Ölüb gedərdim gülməkdən:
- Pis nəzərdən uzaq olasan, ay ana, öz aramızdı, maşallah, deyəsən ildən-ilə cavanlaşırsan!
Bu yaxınlarda Hacağa əmim oğlunun yasına getmişdim. Adətim üzrə Hacı Hacıoğlan əmioğlumla qəbiristanlığa da dəydik. Girib doğmalarımın qəbirləri arasında - anamın qəbir yerində dayandım:
- Əmioğlu, durduğum bu yer mənə yaman doğma olub. Burada bir şəklimi çək. 
Fikirləşdim ki, anamın qəbir evi şəhərdə qərib qaldı, qəbir yeri isə kəndimizdə.
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!