Axşamüstü darıxdığımdan "Xan bağı"nda gəzməyə çıxmışdım. Hər yer yaşıllıq olsa da, istinin təsirindən qatı bürkü vardı. Parka təzəcə döşənmiş daşlardan qalxan buğ adamın üzünü, canını yandırıb-yaxırdı. Ağacların altında, kiçik kitab köşkünün yanındakı dairəvi skamyada əyləşib Rafiq Tağının "Qatilə didaktika dərsləri" adlı hekayələr kitabını oxumağa başladım. Kitab köşkünün qarşısında (əslində bu, köşk deyildi, orada köhnə kitablar var idi, istəyənlər götürüb oxuya və ya oxumaq üçün oraya kitab qoya bilərdilər) iki cavan dayanmışdı: şux qamətli, qızılıya çalan uzun saçlı, ağbəniz gözəl bir qız və ucaboy, qıvrım saçlı, gözləri eynəkli bir cavan oğlan. Oğlanın əlində kitab var idi və o, həvəslə qıza nəyisə anlatmağa çalışırdı. Bura bağın ən sakit, ən hüzurlu bir yeri olduğundan ətrafda yalnız quşların civiltisi eşidilirdi. Oğlanın şövqlü danışığı hərdən bu civiltini yarıb keçirdi. Nədənsə mənə elə gəldi ki, o, nəinki yalnız sevgilisi üçün, hətta bütün canlı təbiət və insanlar üçün danışır. İlahi! Necə həvəslə anlatmağa çalışırdı:
- Bilirsənmi, bütün dinlərin kökü birdir. Məsələn, Şiva hinduizmin qədim tanrılarından biridir. Şiva ağı, işığı, səadəti təmsil edir. Uşaqlıqda "Sehrli xalat" filmini, yəqin ki, izləmisən. Oradakı İşvara sözü də Şivanın adı ilə bağlıdır. Doğrudur, Şiva məhsuldarlıq tanrısıdır. Hinduizmdə o, həm də pisliyin qənimidir. Bir də Vişnu var... Qız nəzərlərini ondan yayındıraraq:
- Çox istidir, susamışam. Həm də gedib orda əyləşəkmi? Marojna da alarıq. Oğlan əlindəki kitaba nəzər salıb:
- Qoy bunu yerinə qoyum. Keçən dəfə burada Drayzerin "Amerika faciəsi"ni (kitabın adını rusca dedi: "Amerikanskaya tragediya") görmüşdüm. Deyəsən, kimsə götürüb. Hə... Buddizmin əsası Qautama Buddadan gəlir. Bəlkə də, rus dilində "bıt, bud" sözləri elə Budda sözü ilə eyniköklüdür. Çünki Budda sözünün bir mənası da "oyan, başa düş", lap elə "ol" deməkdir...
Mən əlimdəki kitabı örtüb dinləməyə başladım. Əslində, başqasının söhbətinə qulaq asmaq mədəniyyətsizlikdir. Amma bəlkə də, o hər bir cümləni həvəslə hamıya, lap elə bir çox adamlardan canlı olan qocaman şam və sərv ağaclarına görə danışırdı. Nitqi nə qədər aydın və gözəl, leksikası zəngin idi.
- Getməyək? Nə deyirsən? Orada, sarı zontiklərin altında oturaq.
Sona deyirdi ki, oranın pizzaları dadlı olur. Fri də alarıq.
-Bircə dəqiqə... Qoy kitablara baxım... O, kitablara baxa-baxa:
- Allah bütün varlıqları "Ol" deyərək yaradıb. Fikir verirsənmi? Burada xristianlıq və islamla uyğunluq var. Belə anlaşılır ki, bütün dinlər bir kökdən gəlir. "Barnabas İncili" ni oxuyanda...
- Ay Yuska, nə qədər baxacaqsan? Orada cəmi beş-altı kitab var. Elə bil yoruluram. Gedək orda oturaq. Simaya da zəng eləmişəm. Bəlkə, artıq onlar da gəliblər. Biz tez gedək sifariş edək. Mən "Pizza-Marqarita" istəyirəm...
- Hə... Gedək. Gərək o kitabı keçən dəfə götürəydim. Drayzeri bütün oxumuşam. Bircə "Amerika faciəsi" qalıb. Heç bilmirəm, necə olub ki, onu ötürmüşəm...
Onlar əl-ələ tutub xoşbəxtliklə bir-birinə baxıb uzaqlaşdılar. Birdən mənə elə gəldi ki, bu xoşbəxtliyin gözəl, qovsi-qüzehi xatırladan işıqlı ahəngi altında yeni bir ailə faciəsi başlanır. Və bu faciənin əsas qəhrəmanı Klayd Qrifits deyil. Adı da "hər kəsin faciəsi"dir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
