Tale düyünü (Hekayə; Əvvəli ötən saylarımızda) - Gül TURAN

 

- Nə ilə bağlıdır tapşırığın? O kiçik qız hanı bəs?

- O qızı bayaq burada, kitabxanada gördüm. Ancaq tez gözdən itdi, tapa bilmədim. Şahın verdiyi tapşırıq isə xalça ilə bağlıdı. Şeyx Səfi xalçasında gizli bir sirr var və o sirri ortaya çıxarıb şaha bildirməliyəm. Çox vaxtım yoxdur. Sirr aşkar olduqdan sonra evimə geri dönə bilərəm. Mən burda heç nə edə bilmirəm, hər şey çox çətin gəlir mənə. Xahiş edirəm, mənə kömək et, yoxsa aid olmadığım bir zamanda solub gedəcəm. Mən bura aid deyiləm. Nəfəs ala bilmirəm, sanki ruhum çəkilir burada. Hər gül öz torpağında yetişib çiçək açdığı kimi, mən də özümə, öz evimə, torpağıma qayıtmalıyam, qayıtmalıyam ki, yenidən nəfəs almağa başlayım.

Fərhadın baxışlarından anlamaq olurdu ki, o, söylədiklərimə biganə qalmayacaq. Hiss edə bilirəm onun qəlbindəki vicdanını. Vicdanının yenidən nəfəs almağıma səssiz qalmayacağına artıq əminəm. Bu əminliyim isə, sadəcə onun baxışlarındandır.

- Narahat olma, əlimdən gələn köməyi edəcəm sənə... Gəl, kitablara baxaq, mütləq ki, xalça ilə bağlı bir şeylər tapa bilərik, - onun bu sözləri günlər sonra qəlbimi rahatladan ilk şey oldu.

Uzun müddət kitablar arasında nələrsə tapmağa çalışdıq. Artıq yorulmuşduq və gözlərimiz qapanmaq üzrə idi. Elə bu an naməlum kitabların birindən tapdığımız əlyazmada yazılmışdı ki, xalçanı toxuyan ustalar onun içində bir dua gizlədiblər:

"Əgər iki insanın sevgisi zamanın özündən güclü olsa, yolları yenidən kəsişəcək", - deyə, qeyd olunub. Əlyazmanın sonunda bir motiv təsvir olunmuşdu, onu "Tale düyünü" adlandırmışdılar.

Bunlar bizə sirrin artıq sevgi ilə bağlı olduğunu bildirirdi. Həmin motiv xalçanın üzərində qeyd olunmuşdu. Bu, xalçanın tam mərkəzində yerləşən medalyon idi. Ona müəyyən bucaqdan baxan insan keçmiş və gələcəyə aid görüntüləri görə bilər. Xalça üzərindəki quş motivləri ruhların elçisidir. Onlar bir-birinə əbədi sevgi ilə bağlı olan və ayrı dünyalarda yaşayan insanların ruhlarıdır. Bu quşların gecələr yer dəyişdiyini dəfələrlə görmüşdü. Onların ruhları bu xalça üzərində qovuşaraq həsrətlərini az da olsa azaldırlar.

Nar motivi mədəniyyətimizdə bolluq və həyat rəmzidir. Xalçadakı nar motivi bir-birinə əbədi sevgi ilə bağlı olan insanların xatirələrini saxlayır. Mən bu motivə toxunarkən yüz illər əvvəl yaşamış insanların xatirələrini, sanki qəlbimdə hiss edirdim. Xalçanın üzərində yerləşən sərv ağacı motivi ölüm və ölümsüzlüyü, yəni iki dünya arasındakı sərhədi qoruyur. Lakin xalçanın tamamlanması üçün son bir ilmə əskikdir. Bu ilmə tamamlandığı zaman sirr artıq hər kəsə aydın olacaq. Nə olur-olsun, bu xalça tamamlanmalı idi.

Bu məlumatları toplayıb şahın hüzuruna çıxdım. Hər birini detallı olaraq izah etdim. Xalçanın sirri tamamilə iki şəxsin sevgisi ilə əlaqəlidir. Araşdırmalar bizə, sadəcə iki insanı işarə edirdi. Bunlar elə iki nəfərdir ki, bir-birlərini həm tanıyırlar, həm də yox. Bir tərəfdən, bir-birlərini gördükləri zaman hissləri ilk günkü kimi alovlanır, digər tərəfdən, uzun-uzadı boşluğa baxırlar. Onlar cənnəti və cəhənnəmi eyni anda bu dünyada yaşayırlar. Onlar həm var, həm də yoxdurlar. Həm qovuşub bir əbədi ruh olurlar, həm də sonsuz bir ayrılığa məhkum.

Bu iki insan kimdir? Xalçanın sirrini öz həyatlarında, talelərində gizləyən həmin iki insanı tanımaq, tapmaq artıq vəzifədən daha çox, mənim marağıma səbəb olmuşdu. Görəsən, necə bir sevgi yaşayıblar ki, xalça əsrlərlə bunu öz içərisində gizlədib. Xalça, sanki bir kitab idi, hər naxışında, ilməsində onlardan bəhs edir, hadisələri əks etdirir, hər naxışdakı rəng fərqliliyi isə hekayələrinin xoş və bədbəxt hadisələrdən ibarət olduğunu təmsil edirdi. Əgər naxış isti rəng tonlarında isə, bu, iki sevgilinin xoş anlarını göstərən xatirələr canlandırırdı. Əgər soyuq rəng tonlarında naxışlar vardısa, bu, təəssüf ki, onların bədbəxt anlarını göstərirdi. Xüsusən də qırmızı, oxra tonlarındakı naxışlarda iki sevgilinin qovuşduğu anlar təsvir edilirdi.

Şah mənə bu sirr açdığı zaman geri, öz evimə dönə biləcəyimi dedi. Bunu eşidərkən sevincimdən ağlamışdım. Bilmədiyim zamanda və məkanlarda olmaq məni olduqca sarsıtmışdı. Artıq evimə getmək istəyirdim. Sıxıntıdan partladığım otağımda günlərlə ac-susuz qalmağa razıydım. Anamın bitmək bilməyən tələbləri, atamın evdə yaratdığı gərginliklər... hər biri üçün darıxmışdım. Burada qaldığım müddətdə məni təskin edən tək şey Fərhad Mirzə idi. Son günlər mənə olan əlaqəsi diqqətimi çəkmişdi. Onunla zaman keçirmək, birlikdə nələrsə etmək çox maraqlı gəlirdi.

Növbəti gün oyandığım zaman dərhal Fərhadın yanına getdim. Ona şahın dediklərini danışmaq üçün tələsirdim. Artıq o, burda mənim yol yoldaşım olmuşdu. Hər gün birlikdə idik, nə yediyimiz ayrı idi, nə də söz-söhbətlərimiz. Birlikdə olarkən o qədər əylənirdik ki, bəzən bir gün burdan gedəcəyimi unudurdum. Ancaq zaman bizdə bağlılıq yaradırdı. Bəzən səbəbsiz yerə, bəzən də bəhanələr gətirərək bir araya gəlirdik. Bunları düşünə-düşünə gedərkən saray qapısının qabağında məni gözlədiyini gördüm.

- Nə gec gəldin... - dedi.

- Bu hələ mənim ən tez oyandığım vaxtdır. Burada həyat çox tez başlayır. Öyrəşə bilmirəm.

- Öyrəşərsən, - deyərək əlini belinə qoyub yeriməyə başladı. Mən isə geridən ona çatmağa çalışırdım.

- Öyrəşməyimə ehtiyac qalmadı, şahın dediyinə görə sirr açıldığı zaman evimə dönə biləcəm. Məncə, çox az qalıb buna.

Mənim sözlərimi eşidəndə Fərhad Mirzə dayandı. Üzünü mənə tutub qaşlarını yuxarı qaldırdı. Arxada olan əllərini qoynuna qoydu. Yerə baxmağa başladı. Ab-havası birdən dəyişdi. Nə oldu, anlamadım.

- Fərhad, nə oldu? Yaxşısan?

- Burda qalsan bəs...

- Nə? Bu mümkün deyil axı. Mən bura, bu zamana aid deyiləm.

- Təəssüf ki, elədi.

- Aha, nədi, yoxsa mənim üçün pis olursan? - deyə gülərək dedim.

O an onun gözlərinin dolduğunu gördüm. Onu heç belə görməmişdim. Gözlərində qəribə bədbinlik vardı. Onu belə görmək mənim də əhvalımı pis edirdi. Bir anlıq kiçik uşağı geridə qoymaq hissi ilə eyni hissləri yaşadım. Fərhadın qəlbi çox təmiz idi. İlk başlarda məndən çox xoşu gəlməsə də, sonradan bir-birimizə qanımız qaynamışdı. Hər an birlikdə idik. Birlikdə zaman keçirir, yemək yeyirdik. O, mənə bu dövrdən, mən də ona öz zamanımızdan danışırdım. Hər şey ona qeyri-adi gəlirdi.

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!