Tale düyünü (Hekayə; Əvvəli ötən sayımızda) - Gül TURAN

 

- Mən sənə bir tapşırıq verəcəm. Əgər bu tapşırığı layiqincə yerinə yetirsən, dilədiyini etməkdə sərbəstsən. Lakin edə bilməsən, səni bu sarayın önündə, camaatın qarşısında dar ağacından sallandıracam.

Bu sözlər məni çox qorxutmuşdu. Bir anlıq həyəcandan nəfəsim kəsiləcəkdi, lakin qorxu ilə:

- Buyurun, bu nə tapşırığıdır?

- Burada bir xalça var, adı Şeyx Səfi xalçasıdır. Xalça mənim əmrimlə hazırlanır, lakin bu xalçada gizlədilmiş bir sirr var. Uzun müddətdir onu axtarıram. Sənin üzərinə düşən iş, bu sirri tapmaqdır. Tapdığın zaman gəlib, sadəcə mənə deyəcəksən, çünki gizlidir. Səni kitabxana və xalçanın olduğu yerlə tanış edəcəklər. Unutma ki, çox vaxtın yoxdur, - dedi şah.

O an anladım ki, bura gəlməyim xalça ilə əlaqəlidir, o göndərdi məni bura. Axı niyə? Bir xalça məni nəyə görə keçmişə göndərsin ki?! - deyə, düşünə-düşünə dərhal şahın hüzurundan çıxdım. Əvvəlcə xalçanın olduğu emalatxanaya apardılar məni. Gedərkən beynimdə yaşadığım və yaşayacağım şeyləri düşünürdüm:

- Mən kiməm? Nəyə görə başıma belə işlər gəlir? Bir anlıq içimdə gülə-gülə seçilmiş, xüsusi bir insan olduğum hissinə qapıldım. Şahın dediyi sirri necə tapacaqdım, mən xalçalar haqda heç nə bilmirəm axı?!. Axx, vaxtında oxumalı idim dərslərimi, bəlkə indi köməyi dəyərdi... Tutaq ki, tapdım sirri, necə geri qayıdacam evimə, ailəmə?.. Off...

Emalatxanaya çatıb içəri girərkən, ilk növbədə, boyaq qoxusu, yun sapları, toxucuları gördüm. Burada hər şey maraqlı görünürdü. Hər tərəfdə saray sənətkarları öz əl işlərini bitirmək üçün canla-başla çalışırdılar. Lakin bir xalça vardı ki, onun qarşısında bir nəfər dayanıb uzun-uzadı baxırdı. Gördüyüm an anlamışdım ki, bu, Şeyx Səfi xalçasıdır. Tez yanına getdim. Gənc bir oğlan dayanıb xalçanı süzürdü. Gəldiyimi gördüyü halda fikrini yayındırmadı, mən tərəfə çevrilib baxmadı. Bir müddətdən sonra onunla dialoqa keçmək qərarına gəldim.

- Salam...

- Ehh, - deyərək içini çəkdi.

- Eyy, salam dedim sənə! Sizə öyrətməyiblər salam almağı?!

- Nə istəyirsən? - deyə, eyni vəziyyətdə xalçaya baxaraq çox sakit səs tonu ilə dedi.

- Heç nə! Mən bir müddət burada işləyəcəm. Ətrafı və buradakı insanları tanımağa  çalışacam. Amma görürəm, səhv insandan başlamışam, - deyərək üzümü geri çevirib gedəcəkdim. Elə bu an gənc oğlan mənə tərəf çevrildi:

- Mən şahın saray rəssamı və xəttatı olaraq burada işləyirəm, bu xalçanın naxışları üçün vəzifələndirilmişəm. Bəs sən? Sən nə üçün buradasan? - deyə cavab verdi.

- Mən də bu xalçanı araşdırmaq üçün buradayam. Adın nədir? - deyə soruşdum, lakin heç bir cavab ala bilmədim. Oğlanın baxışları və hərəkətlərindən ilk növbədə məndən narahat olduğunu görürdüm. Qəribə baxışları daim üzərimdə idi. Sanki məndən şübhələnirdi.

Günlərlə emalatxanaya gəlib xalça ətrafında araşdırma apardım, ancaq sirrə aid heç bir ipucu belə tapmadım. Bu işin axırında canımdan ola bilərdim. Əgər heç nə tapmasam belə, şaha sirrə aid bir şeylər uydurmaq fikri gəlmişdi ağlıma. Nə də olsa, mən 21-ci əsrdən gəlmişəm, düşünürdüm ki, beynim onlarınkına nisbətən daha yaxşı işləyər; məni vəziyyətdən çıxaracaq. Bir gün sarayın dəhlizində yeriyərkən, iki saray xadiminin gizli danışıqlarını eşitmişdim. Bunlar şahın hüzurunda gördüyüm insanlar idi. Biri digərinə deyirdi:

- Sən bildiyin kimi deyil. Şah bilərək onu göndərdi xalça yanına... çünki son günlər gördüyü yuxular onu narahat edirdi. Yuxuda görürdü ki, Şeyx Səfi xalçasının ortasındakı medalyondan işıq çıxır və bir qız peyda olur. Günlərlə eyni yuxunu təkrar-təkrar görürdü. Şahın dediyinə görə, yuxusundankı qız bizim qəribə qonağa çox bənzəyir...

Bunları eşitdikdən sonra dərhal geri-geri sürətlə yeriməyə başladım. Mən nə yaşayırdım axı?! Şah Təhmasib məni yuxusunda görür... Mən keçmişə gəlirəm... Tapmalı olduğum sirr... bunlar təsadüf ola bilməzdi. Anlamadığım şeylər vardı. Otağıma gəldim və tez yatdım. Səhər tezdən oyanıb kitabxanaya getdim. Kitabları araşdırmağa başladım, ən çox Şeyx Səfi haqqında məlumat axtarırdım. Lakin yazıların çoxunu başa düşə bilmirdim. Birdən kitabxananın səssizliyində bir kölgə gördüyümü sandım. Sağa dönüb baxdığım zaman məni bura gətirən kiçik qız gözümə sataşdı. Açığı, onu gördüyümə çox sevindim. Yaxınlaşmaq istəyərkən bir addım geri çəkildi, mən də dayandım. Ondan:

- Burada nə edirsən? - deyə soruşdum.

- Mən, sadəcə gözləyirəm, - deyə cavab verdi və dərhal geri dönüb qaçdı. Onun ardınca getdim, lakin çata bilmədim. Artıq gözdən itmişdi. Geri, kitabların yanına, otağa qayıdarkən, xalçaya naxış vuran o gənc oğlan gəldi.

Mən kitabları yerə töküb ətrafında otururdum. O da mənə qoşulub yerdə əyləşdi. Əlimdəki kitabı alıb oxumağa başladı. Səsindəki tondan mənə kömək etmək istədiyini anlamışdım. Yəqin ki, o da günlərdir gəlib-gedib heç bir şey əldə etmədiyimi görürdü.

- Adım Fərhad Mirzədir, - ilk dəfə mənə adını söylədi. İlk gün mənə şübhə ilə baxan oğlan deyildi artıq bu, yanımda oturan. Mənə münasibəti xeyli dəyişmişdi. Hər şeyi açıb ona danışmağı düşündüm. Biri mənə kömək etsə, daha tez sirri aça bilərdim.

- Fərhad, əslində mən... Yəni, bura gəlməyim... Şahın sirri... Xalçada medalyon... Çoxlu işıqlar... şey...

- Sakitləş. Dediklərindən heç nə anlaşılmır. Sən xalça barədə nə demək istəyirsən?

- Mən sənə bir şey etiraf etməliyəm. Ancaq nə reaksiya verəcəyini təsəvvür edə bilmirəm.

- Səni dinləyirəm...

- Mən çox uzaq, gələcək bir dövrdən gəldim. Necə, nə cür, bilmirəm. Yəni, 2026-cı ildən gəlirəm. Sadəcə, gözümü açanda özümü burada gördüm. Ərdəbildə, boş küçədə gəzirdim. Elə onda kiçik bir qız məni bu saraya gətirdi. Şahın hüzuruna çıxdım. Şah mənə bir tapşırıq verdi. Hər şey bir anda oldu. Bir anda hadisələrin bütün mərkəzinə düşdüm. İstədiyim tək şey evimə, geri qayıtmaqdır. Buna görə də, şahın söylədiyi tapşırığı yerinə yetirməliyəm.

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!