Dəhlizin tavanından asılan kəndir Seymurun ağırlığını saxlamadı. Ayağıyla kənara itələdiyi kətilin üstünə yıxıldı. Kəndirin boğanasını başından çıxarmamış belini tutub qopmuş kərtənkələ quyruğu kimi qıvrılıb-açılırdı.
***
Seymurun tumurcuğu çırtlamışdı. Qapıdan içəri girər-girməz, ağzında bişirə-bişirə gətirdiyi sözü Gülbənizin ovcuna qoydu.
Gülbənizin tükü də tərpənmədi.
- Köçmək istəmirəm.
- "İstəmirəm" nədi? - Seymurun rəngi allandı. - Üç günə köçürük. Açarları orda təntənəli şəkildə verəcəklər. "İsmayılov Seymur Vaqif oğlu. Buyurun, evinizin açarları". Yükü aparmağa maşın da göndərəcəklər. - Yenə həvəsləndi. - Evlərin videosuna baxdım, elə gözəldi, elə qəşəngdi... Mənzərəsi dağlara...
- Bakını qoyub gedən deyiləm. Burda anam, atam... İşim, hörmətim...
- İllərdi bu günün həsrətini çəkmişik ey biz. Hər arzumuzun başında "o gün olsun torpaqlarımıza qayıdaq. Ordakı evimizdə süfrə açaq" - demişik.
- Mən deməmişəm. Hər şeyi atıb indi köçməliyəm Qarabağa? Oturmuşam də şəhərdə.
- Bizim bundan xoşbəxt günümüz var?
- Mən elə burda da xoşbəxtəm. Ailəm yanımda, evimdəyəm, işimdəyəm. Mənə nə lazımdı?! İstəmirəm sabah mənim uşaqlarım da sənin köçkün taleyini yaşasınlar. Düşmənə etibar eləmək olar?
- Sənin başın xarabdı, Gülbəniz? Qurtarıb, ey müharibə. Bu məsələ bitib.
- Qorxuram. Müharibə yenə də ola bilər. Uşaqlar da getsə, özümü yandırıb öldürəcəm.
- Bu evdə qərarı mən verirəm! Deyirəm, köçürük, vəssalam. Get, yığış!
- Burdan ancaq meyitim çıxar. Atam-anam burda... Zəhmətlə bir karyera qurmuşam. Niyə bunları bir günün içində atıb getməliyəm? Mənim üçün sürgün olunmaqdı bu.
- Ər hardadırsa, arvadın da evi ordadı.
- Seymur, məni bura gəlin gətirmisən. Uşaqlar burda doğulublar, burda oxuyurlar. Biz bura aidik, başa düşürsən? Qarabağa yox. - Gülbəniz sözünü atıb mətbəxdə başını qarışdırdı.
Stəkanları, boşqabları bir-birinə çırpa-çırpa yuyurdu.
- Mən bura aid deyiləm! - Əllərini yana açıb ovuclarını qapının yanlıqlarına yapışdırdı. Damarları qabarmış boğazını içəri uzadıb, pörtmüş halda bağırdı: - Yerim-yurdum oradı. Yuxularım, xatirələrim, arzularım... Uşaqlığımı itirmişəm o torpaqlarda. Axı, sən bilirsən, mən illərdi nə çəkirdim? Necə sayıqlayırdım. İndi geri qayıdıram; evimə! - Seymur hiss elədi ki, qəzəbqarışıq qəhər onu boğur.
Gülbəniz Seymurun qanadlarını yaş budaq kimi qanırıb qırmışdı.
Yolboyu elə bilmişdi ki, bu dünyada onun sevincini əlindən alacaq qüvvə yoxdur. Heç kim onun xoşbəxtliyini sərçə boğazı kimi üzə bilməz.
"Evimə qayıdıram! Evimə!" Dili-dodağı əsə-əsə təkrar eləmişdi. Özünü inandırmışdı ki, bu dəfə xəyal deyil, yuxu görmür.
Seymurun ürəyi sarı telindən qırıldı. Uşaqlar ağlaşdılar; bilmədilər kimdən qopsunlar, kimlə getsinlər, kimlə qalsınlar.
Seymur təkləndi, yazıqlaşdı, çarəsizləşdi. "O qədər cavan-cavan oğullar canlarından keçdilər ki, mənim kimilər yerimizə-yurdumuza qayıdaq. Bəs, onların qanı gözümüzü tutmaz? Haram olmaz?"
Gülbənizin sözü hələ də Seymuru yandırırdı: "Kimin var axı orda? Nəyə görə köçməlisən? Sənin ailən, evin bizik. Bizi qoyub gedə bilirsənsə, get".
***
Özünü toparlayıb kətildən düşdü. Boğananın ilgəyini genişlədib başından çıxartdı. Elə bildi qabırğası qırılıb, nəfəs aldıqca batırdı. Birtəhər özünü divana çatdırdı.
Tavana baxırdı. Yenə Gülbənizin səsi beynində dolaşdı, üzü gəldi durdu gözünün qabağında.
***
- Nə yer-yurd? Sibirdə sürgündəsən? Mən deyirəm ki, evimizi, şəraitimizi burda qurmuşuq. Pis-yaxşı dolanırıq. Niyə atıb gedək? Heç bilmirsən orda bizə iş-güc verən olacaq, ya yox?! Həm də, sənin qədər mən oralara bağlı deyiləm. Mən də burda doğulmuşam...
Seymur hiss elədi ki, təsir imkanı bitib. Nə qılıqla, nə kobudluqla Gülbənizi köç havasına, qayıdış istəyinə gətirə bilmir. Deyinməyin, susmağın, küsüb-barışmağın xeyri yoxdur, yer yarılır, dağ dağından aralanır. Dırnaq mayasından qopur.
Axırıncı gün susdu. Hisslərini qaranlıq otağa cəzalı uşaq kimi salıb, qapısını bağladı. Uşaqların yandırıb-yaxan yalvarışı da Seymurun buzunu əritmədi. Bircə onu dedi ki, mənim evim, ünvanım göbəyimin kəsildiyi yerdi.
- Get, get! Parıltıya aldanırsan. Üç gündən sonra qayıdacaqsan.
- Mən elə qayıdıram, otuz ildən sonra.
Vacib bildiyini maşına yığdı. Qapıdan çıxanda uşaqlar boynun buraxmırdılar. Mələşə-mələşə deyirdilər: "Ata, getmə!"
Gülbəniz ağrıyan başını yaylıqla bağlayıb telefonda səhifələri çevirirdi. Elə bil özünü divanın küncünə bağlamışdı ki, durub Seymuru yola salmasın.
Dilini saxlamırdı:
- Uşaqlarından artıqdı oralar? Artıqdısa, get!
Dünən də Gülbəniz bu sözü deyəndə Seymur cavab vermişdi ki, artıq olmasa, kişilər Qarabağın hər qarışına görə canlarından keçməzdilər.
Bu dəfə cavab vermədi. Uşaqlarına dedi ki, gedim çatım, görüntülü danışarıq. Bir gün siz də evinizə gələrsiz. Ora sizin ata yurdunuzdu.
- Sizə qalacaq. Goruma aparası deyiləm.
- Qızlara ata lazımdı ey, gor yox! - Gülbəniz dilini saxlamadı.
***
Telefonun səsini indi eşitdi, elə bil qulaqları açıldı. Gəldiyi bir ayda bir dəfə də olsun Gülbənizlə danışmamışdı. Qüruru ağzını elə tutmuşdu ki, heç uşaqlardan da soruşmurdu. Gah o dağda, gah bu mənzərədə bəxtəvər şəkillərini paylaşırdı. Sonra da oturub fikirləşirdi: "Görəsən, Gülbəniz şəklimə baxdı? Uşaqların telefonunda baxmamış olmaz".
Telefonla görüntülü danışanda Gülbəniz hərdən uşaqların arxasından keçir, nəyisə yığışdırırdı. Uşaqlar hər dəfə eyni sualı verirdilər: "Ata, nə vaxt gəlirsən? Darıxmışam".
Seymur paltarlarının çoxunu götürməmişdi, fikirləşmişdi ki, qalsa yaxşıdı, qoy məni xatırlasınlar. Hər dəfə Gülbəniz şkafı açanda görsün.
Telefon çağırmaqdan yoruldu.
İndi ağlına gəldi ki, bu evdə uşaqlarına, Gülbənizə aid heç nə yoxdu, onları xatırladan heç bir əşya gözünə dəymir, əlinə keçmir. İndi belinin, böyrünün ağrısını unutdu. Hissləri ağrıdı, duyğuları göynədi. Xəyallarının sancısından qıvrıldı, yumağa döndü. Lal sayaq ağladı.
Beynindəki səsi Gülbənizə deyirdi: "Niyə bu xoşbəxtliyi mənə çox gördün? Niyə qoymadın arzularımı yaşayım? Axı niyə burda deyilsiz? İstəyirəm bu ev uşaqlarımın ata ocağı olsun..."
...Yuxuda gördü ki, qapı döyülür. Gedir açır, görür Gülbəniz, uşaqlar... öz səsinə oyandı. Sonra eşitdi ki, evin qapısı döyülür. Durdu, saçını daraqlayıb özünü toparladı. Ümidi əllərindən qabaq qapıya çatdı.
Qapını açıb qonşusuyla üz-üzə duranda şəkli dəyişdi.
- Salam, ay Seymur. Qadan alım, varındısa bir gilə siqaret ver, gedirəm yuxarı, qayıdanda sənə bir paçka alacam. - Siqareti alıb damağına qoyan kimi yandırdı. - Allah səni həmişə ümid yeri eləsin. - Bir-iki dərin qullab vurub, gözüylə içərini işarə elədi: - Noldu, bu gün də gəlmədilər?
- Gələcəklər.
- Ümid yaxşı şeydi. - Tüstünü havaya üfürüb siqareti göstərdi. - Sağ ol, qadan alım. Beş dəqiqəyə qayıdıram.
Seymur qapını örtəndən sonra qutuda qalan sonuncu siqaretə baxdı. Özünə oxşatdı. Mətbəxə girib qapını-pəncərəni örtdü. Sobanın qazını açıb içəri buraxdı. Qutudan siqareti, alışqanı çıxarıb stola qoydu. Oturdu stulda, dirsəyini stola qoyub yumruğunu yanağına yapışdırdı. Sonra siqaretə, alışqana baxa-baxa gözləri yol çəkdi. Fikir aldı apardı Seymuru.
Təkrar-təkrar yuxusunu xatırlayırdı; elə bil eyni epizodu geri çevirib dəfələrlə baxırdı. O anı hiss eləyirdi, yaşayırdı.
Siqareti dodaqlarının arasına qoydu. Bir az gözlədi. Hiss elədi ki, alışmaq, tüstüyə, külə çevrilmək vaxtıdı. Qonşunun sözü yadına düşdü: "Bu müharibənin bizə vurduğu yaraların ağrısını hələ balalarımız da çəkəcək".
Alışqanı götürdü. Gözünün qabağına uşaqları gəlmişdi; onların göz yaşlarını öz yanaqlarında hiss eləyirdi.
Qapı döyülürdü...
Seymur fikirləşdi ki, birdən yuxum gerçək olar. Ayırd edə bilmirdi döyülən yuxudakı qapıdı, yoxsa aşkardakı...
"Gələcəklər"...
Alışqanı siqaretin ucuna yaxınlaşdırıb baş barmağını diyircəyin üstünə qoymuşdu.
"Qızlara ata lazımdı ey, gor yox".
Qərar verə bilmirdi gedib qapıya baxsın, yoxsa siqareti yandırsın.
Qapı döyülürdü...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
