Yarpaqlar danışır (Hekayə) - Sadıq QARAYEV

 

Dünyanın indiki vaxtları idi, qovaq yarpaqları isə, qədimdə olduğu kimi, mehin təsirindən əsişir, pıçıldaşır, gah yaşıl, gah da gümüşüyə çalan üzünü Günəşə göstərməklə, onun şəfəqləri ilə mehriban, rəngarəng rəqs edirdilər.

Dayanacaqda avtobus gözləyərdi. Yarpaqların əsişməsinə baxa-baxa, pıçıltılarını dinləyir, çoxdandır düşündüyü bir məsələni aydınlaşdırmaq istəyirdi ki, Quranda hər nə yaradılıbsa, Allaha ibadət edir, - deyilir. Belə çıxır ki, bitkilər, heyvanlar bütün canlılar ibadət edirlər. Digər bir ayədə yarpaqların kölgələrinin əsdiyinin ibadət işarəsi olduğu söylənilir. Bəs bitkilər, digər canlılar başqa cür necə ibadət edirlər? Onların ibadət forması, zamanı necədir? Onlarda da ibadət vaxtları günəşə görə, ya digər təbiət hadisələrinə, məsələn, mehə, küləyə, yağışa, çovğuna və sairə görə müəyyənləşir? Bəlkə suya görədir, məsələn, bitkilər suvarıldıqda, heyvanlar su içdikdə ibadət edirlər?

Səbri tükəndi, var-gəl etməyə başladı. İndi də düşünürdü ki, insan beş-on dəqiqə bir yerdə dayana bilmir, bezir, bəs bu ağaclar yüz, bəzən beş yüz, min il bir yerdə necə səbir edib qalırlar, ətrafda dövranlar kölgələr kimi dəyişir, bitkilər, heyvanlar dəyişir, insanlar onun kölgəsinə uşaq gəlir, oynayır, gənc olub sevgilisi ilə qol-boyun olur, qocalıb ufuldayır, sonra yoxluqlara qarışır. Ağaclar bunlara necə şahidlik edir, yadda saxlayır, dözür və susurlar...

Qulağına çox zəif, yarpaq pıçıltısına bənzər səs gəldi, "əmi, su alırsınız?" Çönüb baxdı, iki oğlan uşağıydılar. Təxminən, üç, ya dördüncü sinif şagirdləri olardı, əllərində 250 qramlıq plastmas su qabları var idi.

Əvvəl elə bildi, səhv eşidir, çünki uşaqlara diqqətlə baxdıqda geyim və çantalarının maddi baxımdan orta təbəqə ailəyə aid olduqları görünürdü. Düşündü ki, bəlkə ehsan kimi su təklif edirlər, çünki Aşuradan bir gün keçmişdi, ola bilərdi ki, böyüklərin su paylamaqlarından təsirləniblər.

Uşaqlar dayanıb onun baxdığını, gülümsədiyini görüb, ürəkləndilər.

- Əmi, su alırsınız? - Bir az bərkdən dedilər.

O, təəccübünü gizlədib, soruşdu:

- Neçəyə satırsınız?

Uşaqlar bir az da ürəkləndilər, amma yenə də utancaq, bu işi ilk dəfə görürlər kimi, ehtiyatla, az qala xorla:

- Əlli beş qəpiyə almışıq, altmış qəpiyə satırıq.

O bir az dilxor oldu ki, axı bu uşaqların günahı nə idi ki, zəmanədən, mövcud cəmiyyətdən, böyüklərdən bu yaşda öyrəndikləri ancaq "alıb-satmaq" oldu?

Sonra düşündü, ola bilsin ki, gediş kartlarında pul qalmayıb, utanırlar kiməsə desinlər ki, əvəzlərinə kart vursunlar. Ya uşaqdırlar, qarşılarında durduqları mağazadan nə isə almaq istəyirlər...

- İkisini bir manata verirsiniz? - gülümsəyib soruşdu.

Uşaqlar tez cavab verdilər:

- Bəli, əmi, verərik.

Cibində olan sonuncu pulu, 1 manatlığı çıxarıb onlara verdi və dedi:

- Bu sizin suların pulu, ancaq onları sizə verirəm, susayanda içərsiniz.

Uşaqlar utana-utana:

- Əmi, çox sağ olun, - deyib, tez piyada keçidindən çıxıb getdilər.

Bir şeyə əmin oldu ki, uşaqlar çox utandılar, onun yanından uzaqlaşmağa tələsdilər. Ancaq onların günorta, istidə niyə, nəyə görə sularını satdıqlarını, onları bu işə vadar edən səbəbi anlaya bilmədi.

Bir az keçdi, dayanacaqdakı yeganə sərnişin, 20-22 yaşlı, eynəkli, sarışın qızın gah əlindəki telefona, gah da ona tərəf baxdığını hiss etdi. Qıza diqqət etməyə başladı, "müasir" dəbdə geyinmişdi, qarın-qartası açıq görünürdü.

Qız ona yaxınlaşdı, eynəyini çıxarıb, nəzakətlə soruşdu:

- Salam, mən "Elmlər"ə getməliyəm, hansı tərəfdən gedə bilərəm? - Sonra yenə telefona baxmağa başladı.

Onun səs tonu, nəzakəti çox mədəni və tərbiyəli, sarı çiçək ruhlu xanım təsiri bağışlayırdı.

- Siz səhv yerdə dayanmısınız, keçin qarşı tərəfə, əks istiqamətə gedin. Amma yol təmirə bağlanıb, gərək piyada gedəsiniz.

Qız gülümsəyib, yüz illərin yorğunu kimi, tənbəl-tənbəl söylədi:

- Uff, piyada... Bayaq avtobusla "Elmlər"dən keçdim e, başım telefona qarışdı, düşə bilmədim, gəlib çıxdım bura.

Qız bayaq uşaqlar keçdikləri piyada keçidinə tərəf getməyə başladı, o, axsayırdı. Keçiddə dayanıb, telefona baxmağa başladı.

O, təəccüb qaldı ki, yol boşdur, qız niyə keçmir?

Bir az keçdi, yolda avtomobillər çoxaldı, qız başını telefondan qaldırıb, o yan-bu yana baxmadan yolu keçməyə başladı. Avtomobillərin bəzisi siqnal verdi, bəzisi güclə əyləci basıb dayandı, qız bunları "eşitmirdi", "görmürdü". Çünki yolun ortasında da telefona baxır, axsaya-axsaya keçirdi.

Həmin gün axşam dostu zəng edib dedi ki, gəl, gedək nərd oynayaq. Görüşüb, tanıdıqları bir çayxanaya tərəf getdilər, orda çay nisbətən ucuz - üç manat idi. Amma çatanda gördülər ki, çayxana bağlanıb, işləmir. Başqa yer axtarmağa başladılar. Bir çayxana da tapdılar, qiymət münasib olsa da, burada nərd yox idi. Yenə oynamağa yer axtarmağa başladılar, sanki həkim dərman demişdi.

Yaxınlıqda bir marketin üstündə, ikinci mərtəbədə təzə çayxana açılmışdı, dostu təklif etdi, ora getsinlər, amma o, etiraz etdi ki, "həmən yer bahaçılıq olar, cibimdə cəmi iki manat var".

Dostu təkid edib, dedi, gedək baxaq, görək, vəziyyət necədir.

Qalxdılar ikinci mərtəbəyə, çox böyük, yenicə təmir edilmiş, müasir səviyyəli bir yer idi.

Çoxlu masalar var idi, yumşaq, bahalı stullar, divanlarla əhatələnmişdi. Gənclər, orta yaşlı insanlar burada qəlyan çəkir, pivə, çay içir, söhbət edir, çoxu telefona, bir hissəsi də divarlara qoyulmuş böyük ekranlarda futbola baxırdılar. Masaların ətrafı boş olmadığı kimi, üstlərində də cürbəcürə "set" deyilən qəribə yeməklər, qəlyanaltılar var idi. O düşündü ki, buranın adı görəsən nədir, çayxana, meyxana, qəlyanxana, ya setxana, ya da hərşeyxana...

Onları gülərüz, çox mədəni bir qız qarşıladı. Elə bil günorta gördüyü qız idi və ona köhnə tanış kimi gəldi. Utandı, indi bu qıza necə desin ki, biz sadə, setsiz-filansız adi çay içmək istəyirik?!

Qız gülmsədi, bəli, o qız idi, eynəkli, axsayan və telefona baxan.

- Buyurun, keçin, nə sifariş edirsiniz?

Dostu gülümsəyib, saf, duru səslə dedi:

- Adi çay, nərd oynayacağıq.

O an qarabəniz dostu onun gözündə çıqqılaşıb, saflaşıb, "şərikli çörək" filmindəki çiyinlərini çəkib "öz çörəyimi istəyirəm" deyən Vaqifə oxşadı. Sonra da əriyib, bulaq suyuna çönüb, dupduru axmağa başladı.

- Burada adi çay verilmir, ən ucuz "çay seti" iyirmi manatdır, mürəbbə, şokolad, nə isiyirsiz, buyurun. - Qız çox mülayim, mədəni formada, çiçək açırmış kimi cavab verdi.

Çox çək-çevirdən sonra qız administratoru çağırdı ki, bəlkə o qərar verə.

Dostu qıza izah etdiklərini ona da dedi:

- Biz alim babayıq, qonşuyuq, sadəcə çay içib nərd oynayacağıq, hər gün gələcəyik, bura çox xoşumuza gəlib, amma qiyməti ucuz edin.

Bura onun da çox xoşuna gəlmişdi, düzdür, bir az tüstülü-dumanlı idi, ancaq sərin, mədəni yer idi. Xidmət də yüksək səviyyədə idi.

- On manat, - admin oğlan təklif etdi.

O, məəttəl qaldı, bu oğlan günorta su satan uşaqlardan birinə bənzəyirdi, utancaq və mülayim idi, sanki bir günə böyümüşdü, hətta cavankən başı da dazlaşmışdı.

- On çoxdur, yeddi manat, obyektin sahibini çağırın, mən ondan xahiş edim, - dostu qiyməti bir az da düşürmək istədi.

Oğlan utancaq halda razılaşdı, qız da gülümsədi, sonra bir nəfər çağırdılar ki, müəllimlərə yer göstərin. Müəllim xitabı onun xoşuna gəldi, demək ki, zəhmət itmir, hər yerdə hörmət qoyulurmuş savadlı adamlara. Dostu da bu münasibətdən, "müəllim" sözündən xoşhal oldu, çönüb ona baxaraq, göz vurub, gülümsədi.

Ancaq irəlidə gedib, onlara yer göstərən işçidən xoşu gəlmədi, daha doğrusu, əyninə geydiyi qırmızı köynəkdən və sinəsindən asdığı qara fertoğunu bəyənmədi. Oğlan çönüb, mülayim və mədəni səslə, yarpaq pıçıldayırmış kimi dedi:

- Buyurun, əyləşin, sizə nərd gətirim, sonra da çay verəcəyəm.

O, dərhal oğlanı tanıdı, bu da səhər öz suyunu satan ikinci oğlan uşağı idi.

Oğlan gedərkən üzünü ona tərəf tutub, qəribə halda:

- Hər boş şeydən ötrü müəllimi narahat etmək olmaz, - dedi. Bu oğlan da qiymət söhbətini eşitmişdi.

O, günorta gördüyü uşağa bənzəyən bu oğlanın sözündən lap kövrəldi, həm də qürurlandı ki, demək ki, dünyadan yaxşı adamların hamısı çıxıb getməyib. Onun bu sözündən əvvəlki pərtliyə görə özünü qınadı. Demək ki, alimə, ziyalıya kainatın hər yerində, hətta tüstülü cəhənnəmdə zəbbanilər arasında da hörmət var imiş.

Gecə yarı idi. Eyvandakı dibçəklərdə olan güllərdən birinin yarpağı digər gülün yarpağına tərəf azca əyilib pıçıldadı:

- Nə olub, büzüşübsən? Yatırsan?

- Susuzluqdan ölürəm, yorğunam, yuxusuzam. Özləri hər gün içir, bizə yadlarına düşəndə su verirlər.

- Hə, heç demə, bu insanlar ancaq özlərini düşünürlər. Sən də bir az dözümlü ol, mənə sənlə eyni vaxtda su verib.

- Özünə baxma, sən bəlkə də bol suyu burada görmüsən, min illərdir ki, dağda-daşda ayda, ildə bir dəfə yağış yağanda su içirdin. Amma mən bulaqların əhatəsində yaşamışam.

- Kaş ki, o dağ-daş olaydı, günəş görəydim, qohum-əqrəbam da yanımda olaydı. Burada əsarətdəyik. Bax, budur gəldi, indi də siqareti çəkib, kötüyünü quru torpağımızda söndürəcək, sonra da deyirlər, guya bunlar yer üzünün əşrəfləridir. Bu adamlar qəribədir. Amma yolda, şəhərdə qorxudan kötüyü ora- bura atmırlar.

Susuz yarpaq zornan özünü əsdirib güldü və pıçıldadı:

- Sən gördün, çayxanada mən ona "müəllimi narahat etmək olmaz" deyəndə, necə sevinmişdi? Elə bildi ki, ona müəllim deyirik, amma bilmirdi ki, biz müəllim deyəndə, o obyektin yiyəsini, meyxanaçını nəzərdə tuturduq.

- Dostu da müəllim sözündən qürrələndi, elə bu gün ona suyu da maraqla satdıq.

Bu zaman digər bir dibçəkdəki çiçək ləçəklərini geniş açıb gülümsədi:

- Mən də özümü yolu azmış kimi göstərdim. Orada isə, ucuz setin qiymətini deyəndə gözü kəlləsinə çıxmışdı... Ehh, bu insanlar, elə bilirlər ki, yer üzündə ancaq bunlar var, dünya ancaq bunlarındı, hər şeyi də bilirlər, görüb eşidirlər.

Susuz yarpaq dedi:

- Səhər açılmaq üzrədir, hazırlaşaq, bir azdan günəşin şəfəqləri bizi ibadətə çağıracaq.

Eyvanda dibçəklərə baxa-baxa siqaret çəkirdi. Gündəlik iş, axşam da dostu ilə nərd onu çox yormuşdu... Düşünürdü ki, nərd də qəribə oyundur, ikiqoşa istəyəndə altıqoşa verir, lazım olmayanda ikiqoşa düşür. Dostu isə istədiyi qoşanı atırdı, deyəsən zər tuturdu. Hər yerdə, təşkilatda, qurumda, bütün dünyada da belədir, hansısa qüvvə sanki zər tutur, həmişə udur. Gələn dəfə stəkanda atmaq qərarına gəldi.

Siqaretdən bir qullab vurub yarpaqlara baxdı, büzüşmüşlər, demək, susamışlar. İstədi onlara su versin, dibçəklərdəki siqaret kötüklərini təmizləsin, amma ərindi, tənbəllik etdi.

Düşündü ki, bu yarpaqlar da qəribədir, özləri olan-qalan sularını buxarlandırır, sonra da boyunlarını büküb, su istəyirlər. Lap günorta istidə sularını satan uşaqlar kimi...

Yenə fikirləri getdi uşaqların və o qızın yanına. Onlar görəsən qovaq ağacının və onun yanına yarpaq kimi təsadüfən düşmüşlər, ya burada bir sirr vardı..

Yaxşı, onlar niyə eyni yolu keçdilər? Hara getdilər? Bəlkə də heç nəyin satılmadığı, alınmadığı, susamadığı, axsamadığı, telefonsuz aləmlərə keçib getmişlər...

Azan səsi gəlirdi...

 

08.07.2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!