Tale düyünü (Hekayə) - Gül TURAN

 

Bu dəfə də yollanıram Viktoriya və Albert muzeyinə...

Parisdən qayıtdıqdan sonra uzun müddət özümə gələ bilmədim. Yaşadıqlarım, gördüklərim məndə silinməz dərin izlər qoymuşdu. Hələ də real olduğuna şübhə ilə yanaşdığım məqamlar olur. Mən və mifoloji qəhrəmanlar... düşüncəsi belə, insana qeyri-adi gəlir.

Bir müddətdən sonra normal həyatıma geri döndüm. Əvvəl olduğu kimi dostlarımla görüşüb onlarla vaxt keçirməyə başladım. Bu ana qədər yaşadıqlarımı otağımdan heç çıxmadan, dönə-dönə düşündüm. Düşünməkdən öz həyatım, deyəsən, bir az kölgədə qalırdı, artıq bunları keçmiş getmiş hadisə kimi bir qırağa qoyaraq gələcəyə baxmağa çalışdım. Bəlkə də bununla özümə təsəlli verərək vicdanımı azad edirdim. Amma nə olur-olsun, gələcəyə baxmalı idim, keçmişdə ilişib qalmaq, hər anı o günkü kimi yaşamaq heç kəsə uğur əldə etdirmədiyi kimi mənə də etdirməyəcəkdi. Həm də vicdanıma narahatlıq verəcək bir şey də etməmişdim axı...

Universitetə gəldiyim zaman dekanlıqdan yenə başqa bir muzeyə yollanacağımızın xəbərini aldım. İstəmədən də olsa, etinalı gülməyə başladım. İçdən-içə, sanki muzey fobiyası yaranırdı məndə. Fikrimi yayındırmaq üçün bu, əla fürsət ola bilərdi. Növbəti incəsənət nöqtəmiz Londonda yerləşən Viktoriya və Albert muzeyi idi. Adını çox eşitmişdim, ancaq görmək indiyə qismət imiş. Son yaşadığım hadisələrdən sonra, açığı, məndə öz sahəmə qarşı maraq yaranmağa başlamışdı. Artıq abidələrə, əsərlərə, sadəcə incəsənət nümunəsi olaraq baxmırdım. Bu əsərlərin hər birinin özünəməxsus bir hekayəsi olduğuna əmin idim.

Əsərlər, abidələr keçmişdən günümüzə gələn bir çox hadisənin tamaşaçısıdır. Onları bizə daşıyan, həm danışan, həm də xatırladan varlıqlardır. Bəzən bu hadisələrə, yəni abidələrə baxıb öz həyatımız üçün dərs çıxarırıq, bəzən isə onlara baxaraq, sadəcə zövq alıb ruhumuzu sakitliyə qərq edirik. Bəzi insanlar onlarda əşya, sənət nümunəsi görür, ancaq qəlbi həssas, ruhu incə, emosional insanlar eləcə baxmaqla yetinmir. Onlar özünü ya qəhrəmanın, ya da sənətkarın yerinə qoyaraq onu anlamağa çalışmaqla empatiya yaradırlar. Yəni ya əsərdəki qəhrəmanı, ya da sənətkarı hiss edirlər. Nə hisslər keçirdiyini, onu nə düşünərək yaratdığını bilmək istəyirlər. Bilmək yaxşıdır... ki, əsərə layiqli dəyəri verə bilək. Nə isə...

Bizim Viktoriya və Albert muzeyinə getməkdə əsas məqsədimiz məqalə hazırlamaq idi. Dekanlığın tapşırığına görə bu məqalədə hərə bir əsəri götürüb təhlil etməli idi.

Mənə verilən incəsənət abidəsi "Şeyx Səfi" xalçasıdır. Getmədən əvvəl bu xalça haqqında heç bir araşdırma etmədim. Nə yalan deyim, xalçanı təhlil etmək mənə bir o qədər də maraqlı gəlmirdi. Növbəti gün artıq Londona getdik. Bir neçə saat dincəldik. Qaldığımız otel muzeyə çox yaxın idi, piyada 15-20 dəqiqəlik məsafədə yerləşirdi.

Axx, mən hardan biləydim ki, bir xalça mənim başıma bu qədər oyun açacaq?!. Dincəldikdən sonra vaxt itirmədən muzeyə getdim. Xalçanın sərgiləndiyi zala keçdim. Muzey o qədər gözəl idi ki, yeriyə-yeriyə ancaq sağa, sola və yuxarı baxırdım. İki dəfə az qalsın yıxılacaqdım. Nəhayət, gəlib bu məhşur xalçanın yanına çatdım. Xalça düşündüyümdən çox böyük idi. Onu hər tərəfdən şüşə qoruyucularla əhatə etmişdilər. Mən həyatım boyunca bu qədər böyük və heyrət edəcəyim bir xalça görməmişdim. Qısa məlumatlarımı tezliklə qeyd etməyə başladım: "Şeyx Səfi xalçası 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi əsasında toxunub. Xalça öz adını Şeyx Səfiəddinin adından götürmüşdür. Şeyx Səfiəddin 13-14-cü əsrlərdə yaşamış məşhur sufi şeyxi idi və sonradan Səfəvilər dövlətini quran sülalənin əcdadı hesab olunur. Xalça Şeyx Səfi məqbərə kompleksi üçün sifariş olunmuşdu. Burada maraqlı bir detal var ki, xalçanın üzərində türkcə bir kitabə yerləşir. Həmin kitabədə xalçanın 1539-1540-cı illərdə toxunduğu və ustasının Məqsud Kaşani olduğu qeyd edilir. Bu səbəbdən Şeyx Səfi xalçası tarixdə müəllifi məlum olan ən məşhur xalçalardan biri sayılır. Bu xalça ilə bağlı yaşadığım hadisələrə qədər düşünürdüm ki, xalça, sadəcə Şeyx Səfinin şərəfinə adlandırılıb. Amma sonra anladım ki, bu adi xalça deyil, üzərindəki motivlərdə şeyxin müridlərinə ötürdüyü gizli bilgilər şifrələnib. Beləliklə, bu, sadəcə bir ad deyil, əsrlər boyu qorunan bir sirrin açarı idi. Düşünürəm ki, Şah Təhmasib bu xalçanın sifarişini verərkən heç də gözəl bir sənət abidəsi yaratmaq məqsədini güdməyib. Bu xalça ilə o, gələcək nəsillərə bir məktub göndərib. Bu elə gözəl məktubdur ki, hər kəlməsi bir naxışda, bir rəngdə və bir ilmədə yerləşir: "Bir xalq keçmişini unutduğu gün gələcəyini də itirir". Bu cümlə xalçaya mənim gözümdə həm mistik, həm də mənəvi dəyər qazandırırdı.

Xalçanı seyr edərkən vaxtın necə keçdiyini unutmuşam. Hər naxışı, hər ilməsi insanı valeh edir. Bir naxışa baxarkən dəqiqələrlə orada ilişib qalıram, sanki gözüm xalçanın naxışına sehrli bir yol çəkir. Necə deyərlər, gözüm yol çəkirsə, kimsə gələcək. Bu bizim, bəlkə də tez-tez eşitdiyimiz bir deyimdir. Xalçanın hər nöqtəsində bunu yaşayırdım. Hansı motivə hansı ilməyə baxsam, ordan gözümü çəkə bilmirdim. Kimisə də gözləmək mənasız olardı, özü də muzeydə... ilmə və naxışlara baxarkən tam mərkəzdə yerləşən göy medalyon, yəni dədə-baba dilincə göl, gözümə qəribə görünməyə başladı. Sanki gölün - medalyonun içərisindəki nisbətən xırda naxışlara günəş işığı düşürdü. Getdikcə daha parlaq görünməyə başladı. Naxışların üzərində günəş şüalarının yansımaları artaraq yuxarıya parıltılar saçmağa başladı. Ətrafıma baxaraq buna, sadəcə mənimmi şahid olduğumu anlamağa çalışırdım. Bunu, deyəsən, məndən başqa heç kim görmürdü. Xalçadan çıxan parıltı və işıqlar zalı bürüməyə başladı. Qorxu və həyəcan bütün bədənimi ələ keçirirdi. Nə edəcəyimi bilmədən sağa-sola döndüm. Zalı tərk etməyi düşündüm, ancaq maraq məni zalı tərk etməyə qoymurdu. İlk dəfə belə bir şeyə şahid olurdum. Uşaqkən baxdığım sehrli filmlərdəki o yansımaları görürdüm elə bil. Çox qəribədir, sanki bu işıq məni özünə tərəf çağırırdı, girdab kimi içinə çəkirdi. İstəmədən də olsa, işıqlara yaxınlaşırdım. Bir anlıq günəşi qucaqladığımı zənn etdim. Ayaqlarım yerdən kəsildi, nələr olduğunu anlamırdım. Bədənim boşluqda idi, əllərim və qollarım mənim deyilmiş kimiydi, onlara hakim ola bilmirdim. Gözlərimi yumdum və özümü işığın parıltısına buraxmağa məcbur oldum.

İlahi, bu nədir belə?!

Mənə nə olur?!

Bəlkə o tanrılardır...

Mənə görə gəliblər?! Bəlkə də onların qəzəblərini üstümə çəkdim, indi də məni öldürmək istəyirlər!

Qorxu bədənimi elə ələ keçirmişdi ki, özümdən getmişəm. Yansıma girdabından sonra özümə gəldiyim zaman artıq heç nə əvvəlki kimi deyildi...

Gözlərimi açmaqda çətinlik çəkirdim. Hər şey bulanıq görünürdü. Ətrafımda başıma toplaşan insanların narahat gözlərindən, həyəcanlı səslərindən anladım ki, mən ölməmişəm, ürəyim gedib. Öz-özümə: "Bu insanlar nə qəribə görünür, necə qəribə danışırlar..." deyə düşündüm. Lakin ətrafa baxdığımda qəribə olanın, sadəcə insanlar olmadığını anlamaq çox da çətin deyildi...

İl 1540... Zaman məni bura yolladı. Zaman, yoxsa xalça?..

Soyuq payız günlərindən biri... yerdə ala-qırmızı xəzan yarpaqları... Sağ və solumdan mənə dəyərək qaçışan uşaqlar... Ərdəbilin köhnə daş küçələri... Ətrafda ticarətlə məşğul olan kasıb insanlar...

Səslər bir-birinə qarışmışdı. Burada həyat həm çox canlı, həm çox cansız idi. Muzeydə yumduğum gözlərimi 16-cı əsrin Ərdəbilində açmışdım. Buna inanmaq və yaşadığım şeyi dərk etmək çox çətin idi. Uzun müddət nə baş verdiyini, harada olduğumu, bura necə gəldiyimi anlamağa çalışırdım. İnsanlara yaxınlaşıb soruşmağa çəkinirdim. Eşitdiyim səslər, elə bil başqa bir dilə aid idi. Nə onlar məni, nə də mən onları anlaya bilirdim. Ərdəbilin dar və soyuq küçələrində yeriyərkən, zehnimi dərkə məcbur edərkən bir uşağın qaça-qaça mənə yaxınlaşdığını gördüm. Uşaq düz qarşımda təngnəfəs dayandı. Onunla eyni boyda olmaq üçün dizlərim üstə çökdüm. Bu qız uşağının çox gözəl uzun və qumral saçları vardı. Əynində köhnə bir geyim vardı, geyimin üzərinə isə bir əba atılmışdı. Bu qızcığaz bir müddət gözləri ilə mənə məsumanə baxdı, mən əllərimi onun soyuq və al-qırmızı yanaqlarına toxundurdum.

Ona salam verdim, ancaq o məni anlamadı. Eyni şəkildə baxmağa davam etdi. Əlimi yanağından çəkmək istəyərkən donmuş qız, sanki ayıldı. Hərəkət etməyə başladı. Kiçik əlləri ilə mənim üzümə toxundu. Görən mənə yazığı gəldiyini zənn edərdi. Gözlərində anlaya bilmədiyim kəlmələr vardı. Mənə bir şeylər deməyə çalışırdı. O balaca, soyuq əllərinin yanağımda yavaş-yavaş isindiyini hiss edirdim. Soyuqdan donmuş yanaqlarının allığı çəkilirdi. Mənə toxunduqca canı isinirdi. İsindikcə qəlbinin və dilinin buzu açılırdı. Bu qızın qarşıma çıxmağının təsadüf və ya elə belə olmadığı hissi bir anlıq içimə düşdü. Balaca qızın gözləri və duruşundakı müdriklik bu yaşının əlaməti deyildi. Sanki ruhunda çox şey yaşamış, yaşadıqlarından dərs çıxarıb müdrikləşmişdi. Bir anlıq göz bəbəyinin böyüdüyünü gördüm. Buzlar artıq ərimişdi. Bir daha salam verdim və ondan kim olduğunu, hara getdiyini soruşdum. Hava alatoran idi, bir azdan qaranlıq çökəcəkdi. Belə balaca qızın bu vaxtda küçədə tək olmağı və qorxmamağı maraqlı gəldi. Sualıma cavab ala bilmədim. Əllərini üzümdən çəkdi, uzun kiprikli gözlərində gülümsəmə yarandı. Əllərimi tutdu, üz ifadəsi "mənimlə gəl" deyirdi. Əlimi buraxmadan geri döndü. Yavaş addımlarla irəliləməyə başladı. Biz bu balaca xanımla dar küçələrdə yeriməyə davam etdik. İkimiz də sakit-səssiz addımlayırdıq. Danışmaq bu şəhərdə yasaq olmuşdu elə bil. Bəs bu qədər səs hardan, kimlərdən gəlirdi? Bir az da getdikdən sonra birdən mənə gələn asi bir hiss ilə qızın əlini buraxdım və: "Məni hara aparırsan? Kimsən sən? Ailən hardadı, niyə bu saatda tək gəzirsən?" dedim... Suallarımı, sanki kiçik qız uşağına yox, qarşımda dayanan böyümüş və kiçilmiş bir xanıma verirdim. O yenidən əlimi tutdu heç nə demədən. Ona qəzəbləndiyim üçün utanmışdım. Balaca da olsa belə qarşı duruşu utandırdı məni. O, sadəcə bir söz dedi:

- Gəl.

Mən "Hara gedirik? Şükür ki, danışmağa başladın. Balaca bir qızın dalına düşüb tanımadığım küçələrdə bilmədiyim şəhərdə gəzirəm!"

- Mən, sadəcə, gözləyirəm...

- Sən kimi gözləyirsən? Anlamadım?!

Uzun bir səssizlik oldu. Yenə susqun halda yol getməyə davam edirdik. Nəhayət, bir yerə gəldik. Gördüyüm bütün yerlər mənə yad idi, lakin bu gəldiyimiz yerdəkilər digər tikililərə nəzərən daha yaxşı görünürdü. Ətrafdan anladığım qədəri ilə bura Şeyx Səfi məqbərəsinin yaxınlığı olmalıdır. Gəldiyimiz yer isə məqbərənin yanındakı saray idi. Balaca qız əli ilə məni irəliyə, saray qapısı tərəfə itələdi. Özü isə gəlməyə niyyətli deyildi. Dönüb ona baxmaq istəyərkən çoxdan yoxa çıxdığını gördüm. Saray qapıları birdən üzümə açıldı. İçəridən bir neçə qəribə geyimdə adamlar gəldi. Mənə qəzəblə baxaraq dövrəyə aldılar. Açığı qorxmağa başlamışdım. Özümü izah etməyə çalışırdım, üzərimdə olan qəribə baxışlar getdikcə artırdı, onlarda qəzəb yarandığını görürdüm. Məni içəri aparırdılar. Sarayın dəhlizlərində gedərkən, köhnə kitabların arasından gələn toz qoxusu ətrafa yayılırdı. Sanki bu qoxu məhz bu dövrə xasdı. Divarlar oxra rəngində idi.

Bir az getdikdən sonra ikitaylı bir qapıya çatdıq. Qapının qarşısında o qədər insan vardı ki... bu adamlar hamısı bir anda dönüb mənə baxmağa başladılar. Cin görmüş kimi başdan-ayağa məni süzürdülər. Saç rəngim, geyimim, ayaqqabım, dırnaqlarım, makiyajım fərqli idi... axı hardan bilsinlər, mən 5 əsr gələcəkdən gəlmişəm?! Onlar, çox güman ki, məni cadugər bilmişdilər. Bir anlıq bu mənə bir az gülünc gəlməyə başladı. Düşünəndə ki, bu dövrdə cəzalar və qaydalar daha sərtdir, təcili özümü ələ almalı oldum. Dövrə uyğun hərəkət etməli və zamanın axışına görə davranmalı idim. Bu insanlara heç nəyi izah edə bilməzdim. Gözlərindəki təəccüb aralarında hər an çaxnaşma yarada bilərdi. Məni xeyli müddət dustaq halda qapı arxasında gözlətdilər. Heç kim suallarıma cavab vermirdi, anlamırdılar bəlkə də... Amma balaca qız anlamışdı, axı o da bu dövrdə yaşayır...

- Balaca qız vardı yanımda, o hanı? Onu hara apardınız? - deyə birdən məni bura gətirən qızcığazı xatırladım. Verilən tək cavab sərt baxışlardan başqa bir şey deyildi. Uzun müddətdən sonra, nəhayət, qapılar açıldı. Bu qapının ardında nə olduğunu bilmək üçün tələsirdim. Girənlər düz girib, geri-geri çıxırdılar. Nə qədər önəmli bir insan ola bilərdi ki?! İki nəfər sərkərdə mənim başımı aşağı əyərək birlikdə içəri daxil olduq. Sadəcə ayaqlarımı və yerdəki bir-birindən möhtəşəm qədim xalçaları görürdüm. Xalça üzərində yerləşən motivlər, ilmələr muzeydəki Şeyx Səfi xalçasına bənzəyirdi.

Otağın ortasına çatdıqda dayandıq. Başımı qaldırdım və qarşımda taxtda əyləşən padşahlara bənzəyən uzun saqqallı, qarabuğdayı bənizli biri vardı. Ətrafdakı insanların ona münasibətindən aydındır ki, o, bu dövrün hökmdarıdır. Dərhal tarix kitablarının səhifələrini xatırlamağa çalışdım. Ərdəbil... 1540... Bu kimin hakimiyyət dövrü idi, deyə düşünərkən, xatırladım. Mən, Səfəvilər dövlətində 1-ci Təhmasibin zamanına gəlmişdim.

- Nə?! Necə yəni qarşımdakı kitablarda oxuduğum şah Təhmasib idi?

Yatsam, yuxuda da görə bilməyəcəyim qədər absurd bir vəziyyətin içində idim. Dərhal özümü toplayıb vəziyyətə uyğun hərəkət etməyə çalışdım. Nə qədər çalışsam da, bu mümkün olmurdu. Şah məni uzun-uzun süzürdü. Geyimim, danışığım və davranışlarımdakı qəribəlikləri dərhal hiss etmişdi. Əvvəlcə məni cəzalandıracağını düşündüm. Lakin heç də belə olmadı. Tam əksi olaraq, şah mənimlə çox mülayim rəftar edirdi. Mən onun, o da mənim danışıqlarımızı anlayırdıq. Sanki bir anlıq heç nə mənə yad olmadı. Şah mənə harada olduğumu, saray haqda bir az məlumat verirdi. O danışarkən mən ona o qədər də diqqət yetirə bilmirdim. Ağlıma tarix dərslərində keçdiyimiz mövzular gəlirdi. Şah Təhmasibin nələr etdiyini, nələrə nail olduğunu və nə zaman öldüyünü bilirdim. Bunlar ağlımda tülkü məsəli fırlanmağa davam edirdi. Ona bunları desəm, məni dəli adlandırıb saraydan atacaqlarına əmin idim. Şah qəfil dayandı. Dərin bir nəfəs aldı, sözlərinə yenidən başlayarkən qərəzli və şübhəli görünürdü:

- Mən sənə bir tapşırıq verəcəm. Əgər bu tapşırığı layiqincə yerinə yetirsən, dilədiyini etməkdə sərbəstsən. Lakin edə bilməsən, səni bu sarayın önündə, camaatın qarşısında dar ağacından sallandıracam.

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!