İştirakçılar:
1. Sona ana (70 yaş) - Xocalı şahidi, övladlarını qətliamda itirmiş, nəvəsini min bir əzabla böyütmüş ağbirçək, tibb bacısı.
2. Reyhan xala (65 yaş) - Sonanın rəfiqəsi, qonşusu və tale ortağı, müəllimə.
3. Tükəz xala (60 yaş) - oğlu Vətənin qətlini gördükdən sonra dili tutulan qadın, Sona xalanın bacısı.
4. Toğrul (32 yaşlarında) - Sona ananın nəvəsi, Xüsusi Təyinatlı Qüvvələrin zabiti.
5. Araz (30 yaşlarında) - Toğrulun ən yaxın dostu, döyüş yoldaşı.
6. Humay (27 yaş) - Toğrulun nişanlısı, gənc müəllimə
7. Atanın Ruhu
8. Ananın Ruhu
Köməkçi obrazlar - əsgərlər və ya sakinlər.
Birinci pərdə
Birinci şəkil
Əvvəlcə səhnədə arxada - proyektorla divarda Birinci Qarabağ müharibəsindən səhnələr verilir. Sonra Xocalı faciəsindən, oradan qaçan soydaşlarımızla bağlı səhnə verilir. Qucağında uşaq qaçan gəlinlərin, anaların fəryadı eşidilir kadrlarda... Sonra kadrlar dəyişilir, 44 günlük Vətən müharibəsindən kadrlarla əvəzlənir. Torpaqlarımızın işğaldan qurtarılması ilə bağlı epizodlar verilir. Sonra 8 Noyabr Zəfər Günü ilə bağlı kadr göstərilir. Və Prezident İlham Əliyevin səsi arxa fonda səslənir: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"
Bundan sonra arxada diktor səsi ilə 44 günlük müharibənin xronikası səsləndirilir:
"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük, qətiyyətli hərbi Qələbə oldu.
Ali Baş Komandanın kadrı verilir arxa planda səhnədə və səsi eşidilir:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
***
2023-cü il, sentyabr. Bakıda Sona ananın müvəqqəti məskunlaşdığı yataqxanada mənzil. Təmiz, səliqəli və sadə görünüşlü otaq. Səhnə açılanda Sona ana pəncərə önündə oturub həyəcanla, əllərini ovuşdura-ovuşdura radioya qulaq asır, xəbər gözləyir... Tükəzban xala divanda oturub sanki bütün varlığıyla onun dediklərini anlamağa çalışır.
Sona ana: - Eşidirsən, Tükəz, 31 il keçib, 31 qış keçib, amma mənim canımdakı o sazaq çəkilmədi. Ayaqlarımı şaxta vurdu, özün bilirsən, ayaq pəncəmin də bir hissəsini kəsiblər. Amma öz ağrılarım heç vaxt eynimə olmayıb, bir sənin dərdin, bir Vətənin dərdi, bir də qızımın dərdi. Onun yadigarı Toğrulumu boya-başa çatdırmaqdan başqa heç nə düşünməmişəm bu illər boyu. İndi də ümidim, pənahım Toğrul balam orda - o od-alovun içindədir. Qorxuram, Tükəz... Tək ümidimizi də itirməkdən yaman qorxuram. (Gəlib Tükəzbanın yanında oturur.) Bu daş-divarla danışmaqdan yoruldum, Tükəz, sən nə vaxt danışacaqsan? (Bir az fikrə gedib onu qucaqlayır.) Vallah, danışmağından da qorxuram. O tək balana - Vətənə neylədilər gözlərinin qabağında ki, beləcə dilin tutuldu, illərdir danışa bilmirsən?
Qonşu Reyhan xala içəri girir.
Reyhan xala (Sonaya yaxınlaşıb onu qucaqlayır, sonra divanda Tükəzin yanında oturur.): - Niyə beləsən, Sona? Toğrula görə narahatsan? Bax, Xocalıdan o qarda, soyuqda, qucağında nəvənlə səni sağ qurtaran Allah yenə də nəvəni qoruyacaq! Qızınla kürəkəninin məkanı cənnət olsun, o qanlı faciədə həlak olsalar da, Allah onların yadigarını qorudu, sən də əsl qəhrəman kimi təkbaşına nəvəni böyütdün. İndi də fəxr elə, nəvən hərbçidir, Vətənin keşiyindədir. Deyirlər, artıq əməliyyatlar başa çatıb Xankəndidə, küncdə-bucaqda gizlənən nə qədər silahlı erməni qulduru varsa, hamısını məhv ediblər.
Sona ana: - Yadındadırmı, Reyhan, oradan ayaqyalın, əynimiz nazik, bircə canımızı və balalarımızı götürüb qaçanda Toğrul bir əlcə körpə idi. Gözəl qızımı - onun anasını gözümün qarşısındaca qanına qəltan etdilər, balamın təkcə yadigarını götürüb o meşələrdən necə canımızı qurtardığımı hələ də tam xatırlaya bilmirəm. Vətən balamız getdi, Tükəzi nə çətinliklə onların əlindən ala bildik. İndi balam igid oğlan olub, əlində silah cəbhədədir. (Tükəzbanı qucaqlayır.) Toğrul balamız Vətənin də qisasın alacaq, Tükəz, mütləq alacaq.
Reyhan xala (səsi titrəyir): - Bu gecə kabus kimi yuxular görmüşəm, ay Sona. Elə bil yuxu deyildi, cəhənnəmin qapısı aralanmışdı. O iblisi - Zori Balayanı yuxumda görmüşəm. Gördüm ki, o lənətə gəlmiş kitabında "13 yaşlı türk uşağını pəncərəyə mismarladıq" deyə fəxrlə yazdığı həmin kənddəcə çarmıxa çəkilib. Hələ də yadıma düşəndə, qanım bədənimdə donur əclafın öz kitabında yazdıqlarından: O körpənin anasının kəsilmiş döşünü uşağın ağzına necə soxduqlarını, uşağın dərisini necə soyduqlarını fəxrlə kağıza tökmüşdü cəllad. Hələ bu qaniçənə da yazıçı deyirlər! Yuxumda gördüm ki, o uşaqların ruhu onu boğur. Mən də kənardan durub baxıram. Gördüm ki, ölmək üçün yalvarır, amma ölə də bilmir, qan içində mıxlandığı taxtada zarıyır. Görürəm, buna deyirəm ki, sənin soyadın Balayan olmalı deyildi, Bəlayan olmalı idi, çünki sən də, sənin yolunla gedən erməni qaniçənlər də addımınızı atdığınız yerə ömrünüz boyu bəla gətirmisiniz! Elə ona ad qoyanı da dərin getsin, adını Zori qoyublar, bütün ömrü boyu zorakılıqla məşğul olub. Özü də guya həm də həkimdir, insanlara şəfa verməlidir, başına dəysin verdiyi şəfa, heç belə də cəllad həkim, yazıçı olar?! Əminəm ki, artıq bu iblislərin hamısının sonu gəlib! Deyirlər, ruh ölmür, amma zori balayanların ruhu da murdardır, bu cəlladlar hamısı ölü ruhlardır!
Sona ana (ağlamsınır): - Köçəryan əclaf da etiraf etmirdimi Xocalıda elədikləri vəhşilikləri? Quldur Sərkisyan fəxr etmirdimi mülki əhaliyə əl qaldırmaqla? O David Xerdiyan deyilən namərd "ölülərdən körpü düzəltdik" yazanda dünya qulaqlarını tutub oturmuşdu, haqq deyə bağıran səsimizi guya eşitmirdilər! Doqquz yaşlı qızın meyitinin sinəsinə basıb keçmişdi o alçaq! Hələ bizimlə birgə qaçan Əhməd kişi yadındadır, Canəlinin oğlu? Qaçanda yolu itirmişdi, ermənilər əsir tutub Xankəndiyə aparmışdılar. Neçə ay Xankəndidə bir fermada saxlayıblar başqa azərbaycanlı əsirlərlə birlikdə. Əsirlikdən qurtarandan sonra bir yas məclisində bir əhvalat danışdı. Hələ də yadıma salanda özümü saxlaya bilmirəm (ağlayır). Deyir, əsirlərin arasında 13 yaşında bir yeniyetmə varmış, bir gün onu götürüb aparıblar. Əhmədgil də elə bilib ki, uşaqdı deyə onu hansısa erməni əsirlə dəyişib Azərbaycana qaytarıblar. Sonra məlum olub ki, o uşağı aparıb müharibədə ölən bir erməninin qəbrinin üstündə başını kəsiblər, bizim Vətən kimi. Sanki onlar erməni qəbri üstə Azərbaycanı qurban kəsiblər! Hələ dünyadakı guya başbilənlər deyir ki, ermənilərlə bir arada qalıb yaşayın. Belə qaniçənlərlə bir yerdə yaşamaq olar?
Reyhan xala: - Ona görə də fəxr elə ki, indi Toğrul o murdarların ayağını birdəfəlik Qarabağ torpağından kəsməyə gedib! Səbr elə. Bu gün-sabah öz doğma torpağımıza da qayıdacağıq, artıq yavaş-yavaş böyük qayıdış başlanır, deyirlər...
(Qapı açılır. Humay sevincək içəri qaçır. Sevincdən ağlayır, əlləri həyəcanla titrəyir, qaçıb Sonanı qucaqlayır).
Humay: - Nənə! Müjdə! Muştuluğumu ver! (Telefonunun ekranında xəbəri göstərir) Baxın, rəsmi xəbərdir! Xankəndi terrorçulardan tamamilə təmizləndi!
Arxa fonda həmin xəbər uca səslə səslənir, diktor səsi antiterror əməliyyatları haqqında xəbər verir: "Dünən Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirərək ölkənin suverenliyinin tam bərpasını təmin edib. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam edib və bu müddətdə qanunsuz erməni silahlı birləşmələri təslim olmağa məcbur olub. Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı düşmənin çoxsaylı döyüş mövqeləri, hərbi texnikası və silah-sursatı sıradan çıxarılıb. Azərbaycan Silahlı Qüvvələri mülki əhalinin təhlükəsizliyini tam təmin edərək yalnız hərbi hədəfləri dəqiqliklə zərərsizləşdirib. Qısa müddətdə strateji yüksəkliklər və əsas kommunikasiya xətləri nəzarətə götürülüb. Nəticədə separatçı rejim tam şəkildə ləğv olunub və qanunsuz silahlı dəstələr tərk-silah edilib. Əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran şəhərlərində Azərbaycan bayrağı ucaldılıb. Beləliklə, ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olunub və bölgədə sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyulub."
Sona ana (Humayı qucaqlayıb öpür): - Səni şad xəbər olasan, qızım, Allah səni xoşbəxt eləsin!
Humay: - Bəli! Hər şey başa çatdı, nənə! Bayaq Toğrul da zəng eləmişdi, dedi ki, qaçım səni muştuluqlayım! Özü də lap yaxşıdır, şükür, Allah, dostu Araz yüngülcə yaralanıb, amma qorxulu yara deyil, qospitala aparıblar. Gözümüz aydın olsun, nənə!
Reyhan xala (hönkürərək Sonaya və Humaya sarılır): - İlahi, sənə şükür! O körpələrin ahı tutdu onları! O mismarlanan, başı kəsilən, zorlanan uşaqların qisası alındı!
Sona ana (əllərini göyə açır): - Allahım! Sənə min şükür! Ölmədim, bu günü də gördüm... Bizi yandırdılar, amma külümüzdən yenidən doğulduq! Xocalı, sən artıq qan ağlayan yaramız yox, yenidən toy-büsatlı yuvamız olacaqsan! Doğma Xocalımıza qayıtdığımız günü də görəydim - onun daşını-torpağını öpərdim!
Reyhan xala: - Sona, o da olacaq, inanıram ki, o da olacaq! Bax, Prezidentimiz verdiyi hər sözü bircə-bircə yerinə yetirib, o, bizi torpağımıza da qaytaracaq, mən buna inanıram! Ot kökü üstə bitər, qurban olduğum əsl atasının oğludur! Biz daha qaçqın deyilik, ay Sona, biz indi qalib ölkənin vətəndaşlarıyıq!
Sona ana (dikəlir, gözlərində qəribə bir əzəmət yaranır): - Gedəcəyik... Ayaqyalın, başıaçıq çıxdığımız o qanımızla suvarılmış torpağa qayıdıb gül-çiçək əkəcəyik, zəfər bayrağı ilə qayıdacağıq oraya! Qanınız yerdə qalmadı, şəhid balalarım! Toğrullarımız qisasınızı qiyamətə qoymadı!
Qadınlar bir-birinə sarılıb sevincdən ağlayır. Tükəz xala ayağa qalxıb, asta-asta ekrana yaxınlaşıb çıxış edən Prezidentə baxır. Birdən "Şuşa azaddır!" sözünü eşidən kimi ekranı qucaqlayıb danışır. Hamı heyrət içindədir.
Tükəz xala: - Danışan dilinə qurban. Axır ki, dediyini elədin, axır ki, Vətən balamın qisasını aldın, torpaqlarımızı qaytardın, başına dönüm, gözümüzün yaşını qurutdun. Eşidirsən, Vətən... Ay mənim Vətənim... Səni məndən alanda 13 yaşın vardı. Hələ arzularını belə danışıb qurtarmamışdın. O gün gözlərimin önündə təkcə oğlumu yox, bütün dünyamı alıb apardılar. (Yenidən televizoru qucaqlayır, həm ağlayır, həm gülür). Bax, balam... Bu gün sənin adını daşıdığın Vətən qalib gəlib. Prezidentimiz deyir bunu. Eşidirsən? Sənin yarımçıq qalan ömrün, minlərlə şəhidin qanı yerdə qalmadı. İllərlə ancaq ürəyimdə sənin şəklini gəzdirdim, şəklinlə danışdım; o evimizdə qoyub gəldiyimiz, götürə bilmədiyim şəklinlə. Hər axşam səsini, gülüşlərini xatırladım. Dilim danışmasa da, bir gün bu xəbəri eşidəcəyimə inanırdım. İndi eşitdim ki, Qarabağ azaddır, oğlum.
Sona ana (Tükəzi qucaqlayıb ağlayır): - Ay Allah, bu nə möcüzədir belə? Axır ki, danışdın, Tükəz? Axır ki, sənin də dilin açıldı? Allah, sənə min şükür!
Reyhan xala (onları qucaqlayır): - Allah, bu gününə şükür!
Tükəz xala (hələ də danışmaqdadır): - Bax, oğlum, Qarabağ azaddır, Şuşa azaddır. O dağlar, o yollar, o yurd yerləri azaddır. Amma bilirəm, bu qələbənin içində sənin də payın var. Sənin də ruhun şəhid olan əsgər balalarımızla birlikdədir. Rahat uyu, mənim balam. Sənin adını baban Vətən qoydu. O namərdlər elə bildi ki, sənə qıymaqla istədiklərinə çatacaqlar? Yox, oğlum. Bu gün Vətən qalib gəldi, Vətən. Sən qalib gəldin, yaralı oğlum, qanına qəltan olan, oğlum...
Arxa fonda müəllifin mətni eşidilir:
Azərbaycan əsgərinin polad iradəsi və Ali Baş Komandanın sarsılmaz qətiyyəti bir yumruq kimi birləşərək, illərdir qaysaq bağlamayan yaramıza məlhəm oldu. Bu, sadəcə ərazi bütövlüyünün bərpası deyil, bu, haqqın nahaq üzərindəki mütləq qələbəsi, sındırılmış qürurumuzun yenidən ayağa qalxmasıdır! Dəmir yumruq təkcə düşmənin başını əzmədi, o həm də dünyada ədalətin ölmədiyini, Azərbaycan xalqının əyilməz ruhunu bütün bəşəriyyətə nümayiş etdirdi. Şəhidlərimizin mübarək qanı ilə suvarılan o torpaqlar artıq qərib deyil; indi Qarabağın hər qarışında qəhrəman ordumuzun zəfər ayaq səsləri əks-səda verir. Biz indi öz yurdumuza dünyanı heyrətə salan qalib bir millətin övladları kimi qayıdırıq! Ali Baş Komandanın hər bir kəlməsi tarixin yaddaşına qızıl hərflərlə həkk olundu və millətin inamını sönməz bir məşələ çevirdi. İndi Xocalının soyuq meşələrində donan ruhlar isinir, çünki qisas qiyamətə qalmadı, xəcalətimiz fəxarətə çevrildi! Bu zəfər bizim əbədi andımız, gələcək nəsillərin qürur mənbəyi və Azərbaycanın şanlı tarixinin ən parlaq səhifəsidir! Var olsun millətin iradəsini zəfərə daşıyan Ali Baş Komandanımız, yaşasın rəşadətli Azərbaycan ordusu!
(Pərdə)
İkinci şəkil
Sona ananın mənzili. Humayla Reyhan xala buradadır. Tükəzban xala da divanda.
Humay (pəncərənin qarşısına qaçıb baxır və sevinclə səslənir): - Gəldi! Nənə, vallah, gəldi!
Sona ana (yerində diksinir, əlləri əsir): - Ay Allah, sənə şükür! Humay, qızım, qaç qapını aç, uşaqlar dəhlizdə qalmasın. Nəfəsim kəsildi, ay qız, tez elə!
(Humay sevinclə qapıya qaçır. Əyinlərində hərbi forma olan Toğrul və yanında dostu Araz içəri girirlər. Arazın qolu sarğıdadır. Toğrul nənəsinə yaxınlaşıb onu, sonra da Humayı qucaqlayır, sonra Reyhan xala ilə də görüşür).
Toğrul: - Nənə, hər şey bitdi, neçə illik zillətə son qoyuldu! Daha gecələr yuxunda o qaranlıq meşələrdə azmayacaqsan. Alnımızdakı o xəcalət ləkəsini qanımızla, canımızla yuyub apardıq.
Tükəz xala (ayağa qalxıb Toğrulu qucaqlayır): - Vətənimizi qaytardınız, bala? Vətənin qisasın ala bildin, Toğrul balam?
Toğrul (heyrət içindədir): - Tükəz xala, sən nə vaxtdan başladın danışmağa? Nənə, mən yuxu görürəm?
Sona ana: - Yox, ay bala. Dünən torpaqlarımızın qayıtması xəbərini eşidən kimi dili açıldı.
Tükəz xala (Toğrulu qucaqlayıb): - Sən yox, mən yuxu görürəm, Toğrul bala. Bu gecə balam, axır ki, yuxuma gəldi. Oturmuşdu düz evimizin qabağında. Deyirəm, sən orda neynirsən, balam? Deyir, səni gözləyirəm. Deyir, mən heç yana getməmişdim ki, ana. Mən elə o vaxtdan burdayam. Buranı kiməsə buraxıb gedən deyildim ki?! (Dönüb Toğrula baxır) Sən mənim balamı orda görmədin, Toğrul? (susur) Yəqin görsən də tanımazsan. Sən onda çox balacaydın. Elə mənim balam da böyüməyib - elə həmin yaşdadır, elə həmin uşaqdır.
Toğrul: Tapacam onu, Tükəz xala. Sabah qayıdıram, birbaşa ora gedəcəm. Harda olsa tapacam onu...
Sona ana (Toğrulun üz-gözündən öpüb ağlayır): - Boyuna qurban olum, oğul! Dərdimiz birdi, ikidi? (susur) Sağ-salamat gəldin ha, bizə bəsdir. Gözlərimizin nuru qayıtdı elə bil... Araz bala, gəl bura, sən də mənim bir balamsan. Sənin yaran necədir, çox incitmir ki? O sarğı sənin qolunda deyil, elə bil mənim canımdadır.
Araz: - Qorxulu bir şey deyil, Sona nənə, qəlpə dəyib. Bu yara bizim üçün şərəf nişanıdır. Şükür bu günümüzə, sağ-salamatıq, torpağımızı da düşməndən qurtarmışıq. İnsan vətənini bütöv görəndə ağrı-zad yaddan çıxır, nənə, hamısı boş şeydir, keçib gedəndir. Təki ürəyimizin yarası sağalsın, o da sağaldı artıq.
Reyhan xala (əl-ayağa düşür, stolun ətrafında oturmağa yer göstərir, Humay mətbəxə çay gətirməyə gedir): - Keçin oturun, ay bala, yoldan gəlmisiniz, yorğunsunuz, nəfəsinizi dərin. Toğrul, danış görək, nə var, nə yox? O quldurlar həqiqətən, çıxıb gedirlər?
Toğrul (telefonunu çıxarıb nənəsinə göstərir - səhnədə arxa fonda erməni xalqının Xankəndidən Laçın dəhlizi vasitəsilə böyük köçü göstərilir): - Bax, nənə, bax bura. Bu, Laçın yoludur. Görürsən o maşınları? Bir-birinin ardınca düzülüb, rədd olub gedirlər. Bizim əsgərlərin nəzarəti altında, gör necə çıxırlar doğma torpağımızdan?!
Sona ana (ekrana baxıb ah çəkir): - Ay Allah, sən necə böyüksən... Reyhan, bax, bax bu yola! Yadındadır, biz o qarda-şaxtada, ayağımız yalın o meşələri necə keçmişdik? Ermənilər yerimizi tapmasın deyə nəfəsimizi də çıxarmağa qorxurduq! Körpələr əlimizdə donurdu... İndi bunlar öz rahat maşınlarında ailələri ilə birgə gedirlər.
Araz: - Nənə, elə bizim ermənilərlə fərqimiz budur da. Bizim ruhumuzda mərhəmət var, onlarınkında isə vəhşət. Onlar bizim torpaqları işğal edəndə uşaq, qadın, qoca demədilər, olmazın işgəncələr etdilər, Xocalının fəryadı hələ də qulaqlarımızdadır. Biz isə ancaq döyüşdə kişi kimi döyüşdük, namərdə də mərdliyimizi göstərdik. Çünki bizim davamız Vətən davası idi, onlar isə insanlıqdan çıxan quldurlardır. Biz ancaq silahlı terrorçuları zərərsizləşdirdik. Xankəndidəki antiterror əməliyyatlarında da bir dinc adamın burnu belə qanamadı. Bizim dinc əhali ilə heç vaxt işimiz olmayıb, olmayacaq da. Bizim hədəfimiz ancaq o yuva qurmuş terroristlərin kökünü kəsmək idi. Yadındadır, hələ 2020-də, Vətən müharibəsində olanda da onlar Gəncəyə, Bərdəyə - cəbhədən uzaq, dinc əhalinin olduğu yerlərə raketlər atırdılar. Biz isə, hətta buna imkanımız olanda da, intiqam hissi bizi boğanda da bu cür alçaqlığa əl atmamışıq. Biz əliyalın xalqla döyüşmürük. Bax, budur bizim fərqimiz. Elə dinc erməni əhalisi də bu terrorçulardan, onların xəstə "Böyük Ermənistan" xülyasından bezmişdi. Hələ onu deyim, 2020-ci ildə müharibədə bir yeniyetmə erməni uşağı azıb biz tərəfə keçmişdi, qorxudan tir-tir əsirdi, elə bilirdi onu öldürəcəyik. Bizim əsgərlər ona öz paylarından yemək-içmək verdilər, yarasını bağladılar, sonra da elə həmin gün sağ-salamat aparıb sərhəddən ailəsinə qaytardılar. Biz buyuq, nənə!
Sona ana (gözlərini silir): - Canım sizə qurban, ay oğul! Qeyrətinizə, insanlığınıza qurban olum! Hələ də elə bilirəm ki, yuxu görürəm, qorxuram ki, kimsə oyadar məni. Şükür, bu işıqlı günləri də gördük!
Reyhan xala: - Sona, daha ölsəm də gözüaçıq getmərəm dünyadan! Bu qələbə xəbəri mənim dizlərimə təpər, canıma can verdi, bundan sonra fərəhimdən lap yüz il də yaşayaram! Gün o gün olsun ki, hamımız bir nəfər kimi yığışaq, o doğma yurdlarımıza, kəndlərimizə qayıdaq. Torpağımızın qoxusunu içimizə çəkək.
Toğrul: - Gedəcəyik, nənə, mütləq gedəcəyik! Özü də başımız dik, alnımız açıq! Xocalıya səni özüm aparacam. Gedib o torpaqlara təzədən can verəcəyik. Biz ora qayıdanda Qarabağ uğrunda canını verən bütün şəhidlərimizin ruhları da şad olacaq.
Sona ana (əllərini göyə açır): - Allah, sənə şükür! Prezidentimiz, ordumuz sağ olsun, xalqımızı dərddən, xəcalətdən qurtardı! Allah onun dəmir yumruğunu var eləsin! Allah ordumuzu qorusun!
Müəllifin səsi: - Qarabağda möhtəşəm qələbəmiz xeyrin şər üzərində qələbəsidir. Yeri, göyü yaradan Allah haqqı nahaqqa vermir, necə deyərlər, gec eləyir, güc eləyir. Bu zəfər, yalnız hərbi uğur deyil, həm də ilahi ədalətin təcəssümü, haqqın, gec də olsa, zəfər çalmasının ən parlaq sübutudur. İllərin həsrəti, ürəklərdə köz kimi yanan nisgil məhz bu günə - bu müqəddəs qələbə gününə hesablanmışdı.
Bu tarixi qələbənin ən böyük memarı, şübhəsiz, Ali Baş Komandan İlham Əliyevdir. Onun uzaqgörən siyasəti, dəmir iradəsi, qətiyyəti və milli maraqlara sadiqliyi sayəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti yerinə qoydu. Xalq möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək, yağı düşmənin başını əzmişdir. Bu birlik, bu həmrəylik millətin gücünün, xalq-iqtidar vəhdətinin ən ali nümunəsinə çevrildi və bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz müqəddəratının sahibidir.
Bəli, Azərbaycan xalqı, Milli Ordumuz Vətən müharibəsində tarix yazmışdır. Bu tarix yalnız silahla deyil, inamla, ruhla, qeyrətlə, şəhidlərin müqəddəs qanı ilə yazılmışdır. Bu gün bütün dünya Azərbaycan əsgərinin hünərindən, qorxmazlığından, vətən sevgisindən danışır. Onların igidliyi, mərdliyi, torpaq uğrunda canından keçmək əzmi hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmişdir. Bu qələbə, həm də şəhidlərimizin ruhuna verilmiş ən böyük ehtiram, qazilərimizin fədakarlığının ən uca dəyəridir.
Bu, elə bir parlaq zəfərdir ki, gələcək nəsillər qərinələr, əsrlər boyu bu böyük tarixi uğurla fəxr edəcəklər. Qarabağ zəfəri milli yaddaşımızın ən şanlı səhifəsi kimi əbədi yaşayacaq, hər yeni nəsil bu qələbədən güc alacaq, vətənə sevgi və sədaqət ruhunda yetişəcəkdir. Bu zəfər bizə yalnız torpaqlarımızı deyil, həm də milli qürurumuzu, özünəinamımızı qaytardı.
Qarabağ artıq azaddır, Qarabağ Azərbaycandır! Bu həqiqət yalnız bir şüar deyil, tarixlə təsdiqlənmiş, qanla yazılmış, ruhumuzda əbədi həkk olunmuş müqəddəs bir anddır. Bu andı qorumaq, bu zəfərin ucalığını yaşatmaq isə hər birimizin ən ali vətəndaşlıq borcudur. And olsun Qarabağa!
(Pərdə)
İkinci pərdə
Üçüncü şəkil
Məkan: Xocalı. Arxa fonda görünür ki, yeni bir qəsəbə salınır. Səhnənin mərkəzində isə uçuq, güllə izləri olan köhnə bir divar qalığı durur. Bu, Toğrulgilin dədə-baba yurdundan qalan yeganə nişanədir. Divarın bir tərəfində müasir Xocalının qurulması üçün gətirilmiş ağ kərpiclər, inşaat materialları səliqə ilə qalanıb. Arxa fonda uzaqdan gələn texnika səsləri və meşənin uğultusu eşidilir.
Səhnə açılanda Toğrul uçuq divarın qarşısında dayanır. Əli ilə o soyuq daşlara toxunur. Humay bir qədər kənarda dayanıb ona həssaslıqla baxır.
Toğrul (səsi boğulur): - Humay, bilirsən, ən ağırı nədir? Hamı deyir ki, insan doğulduğu yeri, uşaqlığını xatırlayanda burnunun ucu göynəyər. Mənim isə bu yerlərlə bağlı yaddaşım ağappaq bir vərəq kimidir. Bu divarlara baxıram, amma onlar mənə heç nə "danışmır". Bura mənim anamgilin evləndikdən sonra yaşadığı evdir, anamla atamın sevgi yuvasıdır, dağıdılmış ocağıdır... Amma mən sanki buraya bir özgənin xatirəsinə qonaq gəlmişəm. Mənim doğulduğum bu şəhərlə, bu ocaqla, atamla, anamla bircə saniyəlik də canlı xatirəm yoxdur, Humay! Müharibə xatirəsiz və ata-anasız uşaqlar bəxş edir dünyaya!
Humay (yaxınlaşır, onun əlindən yapışır): - Toğrul, sənin xatirələrin yaddaşında olmasa da, genindədir, damarlarındakı qanındadır. İnsan bəzən görmədiyini də hiss edər. Sən bura yad deyilsən, sən bu torpağın itmiş parçasıydın, bura aid idin və ona görə də yenidən öz aid olduğun halal ocağına qayıtdın.
Toğrul (acı bir təbəssümlə): - Mənim Bakıdakı həmyaşıdlarım uşaqlıqlarından danışanda: "atam məni parka aparmışdı", "anam mənə nağıl oxumuşdu", deyirlər. Mən isə qaçqın yataqxanalarının rütubətli divarları arasında boy atmışam. Bir gün hərbçi olub mənfur düşməndən qisasımızı almaq hissilə böyümüşəm! Atamın, anamın siması yoxdur gözümün önündə, yalnız nənəmin ağlaya-ağlaya göstərdiyi o saralmış, küncü yanmış bir fotoşəkil var. Anamın səsini bircə dəfə də olsa eşitmək üçün nələr verməzdim... Amma yoxdur, Humay. Mən və mənim kimi minlərlə gənc Qarabağın olmadığı xatirələrlə böyüdük. Bizim uşaqlığımız o qarlı meşədə, o qanlı fevral gecəsində donub qaldı. Bizim üçün "vətən" bir xatirə yox, bir hədəf idi. İndi o hədəfə çatmışam, amma içimdəki o boşluq dolmur. Anamın qoxusunu bilmirəm, başımı sığallayan atasız böyüdüm mən... (Diz çökür, torpağı ovucuna alır) Bu torpaqda atamın, anamın qanı var, bu torpaq həm də ona görə mənim üçün müqəddəsdir. Atamın, anamın qoxusunu indi bu torpaqdan alıram (Elə diz çökmüş vəziyyətdə burnuna yaxınlaşdırıb qoxlayır, öpür). Oxay, anam-atam Vətən, anam-atam torpaq, nə gözəl doğmalıq qoxuyursan!
Humay (onun yanında diz çökür, Toğrulun çiynini qucaqlayır): - Toğrul, sən tək deyilsən. Bax, bu torpaq bizim hamımızın eşqidir. Sən atanı görmədin, amma onun qəhrəmanlığını damarlarındakı qanında daşıdın və onun qisasını aldın, torpaqlarımızı qaytardın. Sən ananı xatırlamırsan, amma onun ruhunun sənə olan duasını daim öz ruhunda, canında hiss etdin ki, bu gün buradasan. Başını qaldır, ətrafına bax... Bu tikilən evlər, bu salınan gözəl qəsəbə sənin o boş qalan xatirələrinin yerini dolduracaq. Bizim uşaqlarımızın vətənli, Qarabağlı xatirələri olacaq, Toğrul! Sənin görmədiyin o ata-ana sevgisini biz gələcəyimizə - övladlarımıza verəcəyik. Sənin anan və atanın, inan ki, indi ruhları şaddır, sənin bura qədəm basmağına sevinirlər.
Toğrul (gözlərini yumur, dərindən nəfəs alır): - Bilirsən, Humay... Qəribə bir şey var. Bura gələndən sanki hava dəyişib. Səncə də elə deyil? Sanki kimsə pıçıldayır. Sanki atam-anam sevgiylə bizi izləyir!
(Səhnədə həzin, qəlbə işləyən bir musiqi çalınır, işıqlar sönür, arxa tərəfdən, dumanların içindən iki ruh peyda olur: Toğrulun atasının və anasının ruhu... Hər ikisinin əynində ağ uzun libas var, əl-ələ tutublar. Gənclərə yaxınlaşırlar, amma Toğrul və Humay onları görmür.)
Atanın ruhu (Anaya baxaraq, səsi əks-səda ilə eşidilir): - Görürsənmi, gülüm? Vaxtilə qucağımızda olan körpəmiz indi bir dağ kimi qarşımızda dayanıb. Mən döyüşdə öləndə qorxurdum ki, bu torpaqlar düşmən tapdağında qalar. Amma şükür ki, özümüzdən sonraya belə qəhrəman, igid oğullar qoyub getmişik. Ona baxanda fəxr edirəm, fərəhdən dağa dönürəm! Onlar bizim qisasımızı aldı, torpaqlarımızı murdar nəfəslərdən xilas etdilər!
Ananın ruhu (Toğrula tərəf bir addım atır, əllərini havada onun başına doğru uzadır): - Ah, mənim gözəl oğlum! Sən məni xatırlamırsan, amma mən sənin böyüdüyün hər anı izləmişəm! O soyuq gecədə səni meşədə şaxtadan qorumaq üçün canımı sipər edəndə tək bir arzum var idi: sən yaşayasan və bir gün bu torpaqlara qayıdasan. Bax, qayıtmısan... İndi mən necə də xoşbəxtəm!
Atanın ruhu (Toğrula yaxınlaşır): - Biz bu torpağın altına basdırılmış toxumlarıq. Sən isə o toxumdan boy atan çinarsan. Mənim qanım axan bu yerlərdə indi sən tər tökəcəksən, qurub-yaradacaqsan.
Ananın ruhu (Humaya baxır): - Bu qız... O, sənin yarındır, Toğrul. O, sənin xatirəsiz qalan uşaqlığının mükafatıdır. Onun əllərindən möhkəm tut. O, bu evə nur gətirəcək, sönmüş ocağımızı yenidən alovlandıracaq.
(Ruhlar hər iki gənci arxadan qucaqlayırlar, Atanın ruhu əlini Toğrulun, Ananın ruhu isə əlini Humayın çiyninə qoyur. Eyni zamanda Toğrul və Humay da bir-birinə sarılırlar. Elə bir görüntü yaranır ki, sanki dördü də bir bütündür - keçmiş və gələcək bir-birinə qovuşur.)
Toğrul (həyəcanla): - Humay! Elə bil kədərim azaldı, dizlərimə təpər, gözümə işıq gəldi! Sanki atamın nəfəsini, anamın o heç vaxt duymadığım ətrini hiss etdim. Sanki mənə "qorxma, biz buradayıq" dedilər.
Humay (gözləri yaşarmış halda): - Mən də hiss etdim, Toğrul... Xocalı artıq ölü şəhər deyil. Bura dirilən, nəfəs alan bir yuvadır. Şəhidlərimizin ruhu artıq sevinir, biz də bu sevinci hiss etdiyimiz üçün bu qədər fərəhli və güclüyük! Biz qayıtmışıq!
Toğrul (məğrurcasına ayağa qalxır, Humayın əllərini sıxır): - Haqlısan. Mənim atamla, anamla bağlı xatirəm yoxdur, amma onların xatirəsinə bəxş edəcəyim bir gələcəyim var. Bax, Humay, o qarşıdakı yeni salınan qəsəbədə bizim də evimiz olacaq, pəncərəsi meşəyə, yaşıllığa açılacaq. Səhərlər quşların səsinə oyanacağıq, silah səsinə yox. Həyətdə bir neçə nar ağacı əkəcəm, bir də anamın və sənin sevdiyin güllərdən... Bilirsən, nənəm deyir ki, anam da sənin kimi qızılgülü çox sevərmiş...
Humay (gülümsəyir): - Mən isə o qəsəbədəki məktəbdə dərs deyəcəyəm, Xocalının uşaqlarına keçmişimizi danışacağam. Keçmiş unudulmamalıdır, tarix göstərir ki, keçmişini unudan xalq müsibətlərə məruz qalır, bundan sonra daim yaddaşımızı diri saxlamalı, ayıq-sayıq olmalıyıq, balalarımıza da, gələcək nəsilə də bunu öyrətməliyik! Çünki bizim ən böyük faciəmiz unutqanlığımızdır! Biz burada elə bir həyat quracağıq ki, atanın və ananın ruhu hər gün bizim bərəkətli, sevgi dolu süfrəmizin başında sevinəcək! Biz övladlarımıza onların adını verəcəyik, Toğrul! Onların yarımçıq qalmış arzularını biz və bizim balalarımız tamamlayacaq!
Toğrul (uzaqlara, yeni ucalan binalara baxır): - Yaxşı ki varsan, Humay. Sən mənim həm keçmişim, həm bu günüm, həm də gələcəyimsən. Bizim sevgimiz bu uçuq divarları yenidən dikəldəcək. Mən artıq o xatirəsiz uşaq deyiləm, torpağına, yurduna alnıaçıq, üzüağ qayıtmış bir əsgərəm!
Humay: - Biz qayıtmışıq, Toğrul... Və bir daha heç vaxt getməyəcəyik. Bu torpaq, Qarabağ həmişə bizim olub və bizim olaraq da qalacaq! Biz bura aidik!
(Ruhlar gənclərin ətrafında bir dövrə vurur, sanki onlara xeyir-dua verirlər. Sonra onlar yavaş-yavaş ağ işığın içində qeyb olurlar. Səhnədə musiqi yüksəlir, Toğrul və Humay qucaqlaşırlar).
Arxa fonda şəhid Xudayar Yusifzadənin səsi ilə "Vətən yaxşıdır" mahnısı səslənir.
(Pərdə)
Dördüncü şəkil
Xocalıda dövlət tərəfindən tikilmiş yeni, müasir kəndin mənzərəli bir küçəsi. Səhnədə yan-yana ucalan iki evin eyvanı və güllər əkilmiş həyəti görünür. Hər tərəf abad, təmiz və ruhoxşayandır. Küçə boyu Azərbaycan bayraqları dalğalanır. Səhnənin bir küncündə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış, üzərində tər çiçəklər olan bir abidə lövhəsi var.
(Səhnə açılanda Sona ana və Reyhan xala öz evlərinin eyvanında əyləşib söhbət edirlər. Onların çöhrəsindən illərin yorğunluğu silinib, yerinə nurlu arxayınlıq gəlib.)
Reyhan xala (o biri eyvandan mehribanlıqla səslənir): - Sona, ay bacı, bir bax bu göyün üzünə! Vallah, elə bil Xocalının səması bizimlə bərabər gülümsəyir. O yataqxana otaqlarında keçən hər günümüz elə bil neçə illik qorxulu yuxu imiş, ayıldıq, bura düşdük. Yenə divar-divara qonşu olduq, yenə səhərləri bir yerdə açırıq. Allah bu dövləti, dövlətimizin başçısını, bu ordunu xata-baladan saxlasın!
Sona ana (sevinclə): - Şükür, Reyhan, min şükür! İndi nəfəs alıram, vallah. O vaxt ayaqlarımı soyuq meşələrdə qoyub çıxmışdım, elə bilirdim bir də buraları yerimək mənə haram olar. Amma indi bu torpağa qədəm basdıqca elə bil canıma təpər gəlir. Bu torpağın qoxusu hər dərdimin dərmanıdır. Səhər durub həyətdəki torpağı ovucuma alıb qoxladım... Elə bil övladlarımın ətrini aldım, ay Reyhan. Balalarımın ruhunu yan-yörəmdə hiss edirəm.
Bu dəm Toğrul və Humay əl-ələ tutub gəlirlər. Humayın əlində qızılgüllər var.
Toğrul (eyvanın önünə çataraq fəxrlə dayanır): - Nənə, Reyhan xala, xoş gördük sizi, öz halal ocağınızda! Bir vaxtlar sənin qucağında buradan gedən o körpə indi səni bir qalib zabit kimi, öz evinin sahibi kimi salamlayır!
Humay (gülləri Sona anaya uzadır): - Nənə, Toğrul dedi ki, onun anası qızılgülləri sevirmiş, bu gülləri sənə və onun anasına olan minnətdarlığım kimi qəbul et! Yaxşı ki, o, Toğrul kimi bir övlad dünyaya gətirib, yaxşı ki, sən də onu bir igid kimi yetişdirmisən, nənə! Mən burada Xocalının uşaqlarına bundan sonra dərs keçəcəm. Artıq bir neçə gündən sonra dərslərimiz başlayır. Toğrul da, mən də burada səninlə qalmağa qərar verdik, Bakıya qayıtmayacağıq!
Sona ana (həyəcanla Humayı qucaqlayır onu öpür): - Sizə də qurban olum, qərarınıza da! Mənim ağıllı balalarım!
Toğrul (Humayın əlini sıxır, nənəsinin gözlərinin içinə baxır): - Nənə, biz bu evdə hamımız bir yerdə yaşayacağıq. Mən hərbçi kimi xidmətimi də burada davam etdirəcəm. Səni daha bircə anlıq da tək qoymayacağıq. Nəslimiz bu ocaqda davam edəcək, sənin duaların bu evin divarlarına nəfəs, süfrəmizə bərəkət olacaq.
Sona ana (sarsılır, gözləri dolur, Toğrulu qucaqlayır): - Mənim igid balam! Sən məni diriykən cənnətə qovuşdurdun. Mən bu torpaqdan ayrılmaqdan, səni yenə uzaqlarda gözləməkdən elə qorxurdum ki... Çox sağ ol, oğlum!
Reyhan xala (aşağı düşüb onlara qoşulur): - Nə yaxşı, ay bala, mən də çox sevindim, sizin balalarınız mənim də nəvələrim olacaq, onları oxşayacam, Xocalının yamyaşıl meşələrinə gəzməyə aparacağam! Siz elə mənim də balam sayılırsınız, sizdən başqa mənim bu fani dünyada kimim var?!
Humay (yaxınlaşıb Reyhan xalanı qucaqlayır): - Reyhan xala, sən də bizim anamızsan! Özünü heç vaxt tək hiss eləmə! Biz də, bu torpağa qayıdan hər kəs də sənin övladındır! Biz heç qoyarıq ki, sən tək qalasan? Hamımız bu torpaqda mehriban ailə kimi yaşayıb ömür sürəcəyik!
Sona ana (səhnənin mərkəzinə gəlir, əllərini göyə qaldırır, dua edir): - Şükür sənə, ey yerin-göyün sahibi! Şəhidlərimizin qanı yerdə qalmadı, qisas qiyamətə qalmadı! Baxın, bu uçuq divarların yerində ucalan evlərə baxın! Biz bura yenidən qurub- yaratmağa, yaşamağa gəlmişik! Sən bizi zillətdə qoymadın, Allahım! Bu gün Xocalının torpağı cənnət kimi qoxuyur. Şəhidlərimin ruhu artıq o soyuq meşələrdə üşümür, onlar indi bu ucalan bayraqların kölgəsində xoşbəxtdirlər! Baxın, bu dağ kimi oğullara, misilsiz ordumuza! Sizin kimi igidlər prezidentimiz İlham Əliyevin havaya qaldırdığı o dəmir yumruğu düşmənin təpəsinə elə vurdu ki, bütün dünya sarsıldı! Alnımızdakı o "qaçqın" damğasını siz öz qanınızla, hünərinizlə silib atdınız. Sizin ayağınız dəyən daşlara mən qurban olum! Sağ olsun bizim dövlətimiz, sağ olsun bizim Ali Baş Komandanımız, var olsun ordumuz! Allah Heydər Əliyevə də rəhmət eləsin, o belə bir əvəzedilməz oğulu bu xalqa bəxş edib bizi dardan qurtardı! Allah İlham Əliyevi bu xalqa çox görməsin! O, bizə təkcə torpaqlarımızı qaytarmadı, o, bizim sındırılmış qürurumuzu ayağa qaldırdı! Allah İlham Əliyevin dəmir iradəsini də, dəmir yumruğunu da sarsılmaz eləsin! O, bizə fəxarət yaşatdı!
Müəllifin səsi (arxa fonda - dərin və zəfər dolu bir ahənglə): - Bu, tarixin ən parlaq səhifəsi, polad iradənin zülm üzərindəki mütləq qələbəsidir! 30 illik həsrət Dəmir Yumruğun zərbəsi ilə tarixin arxivinə gömüldü. Bu zəfər, xalqın öz dövlətinə olan sonsuz inamının, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz əzminin və Azərbaycan əsgərinin hünərinin təntənəsidir! Şəhidlərimizin müqəddəs ruhları artıq azad Qarabağ səmalarında hüzur tapıb. İndi Xocalıda ağlaşma yox, şən gülüşlər, quruculuq nəğmələri səslənir. Bu qayıdış həmişəlikdir! Bu zəfər sönməzdir! Bu fəxarət əbədidir!
(Pərdə enir)
Son
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
