Xeyirxah alman - Anton ÇEXOV

Hekayə

"Funk və K" poladtökmə zavodunun sahibi zavodun baş ustası İvan Karloviç Şveyi Tverə hansısa sifarişi yerinə yetirmək üçün göndərmişdi. İvan sifarişlə dörd ay əlləşdi və cavan arvadı üçün o qədər darıxdı ki, iştahasını belə itirdi, iki dəfə də ağladı. O, Moskvaya qayıdanda bütün yol boyu gözlərini əlləriylə örtüb düşündü: evə gələcək, aşpaz Marya qapını ona açacaq, arvadı Nataşa da boynuna sarılacaq və sevincindən qışqıracaq..."Nataşa məni gözləmir" fikirləşdi. "Belə daha yaxşı olar. Qəfil sevinc yaxşıdı, lap yaxşıdı..."

O, Moskvaya axşam qatarıyla gəldi. Artelçi onun yükünün dalınca gedib gələnə kimi İvan artıq bufetə girmişdi, iki butulka da pivə vurmuşdu... O, pivədən xumarlanıb daha xeyirxah olmuşdu; faytonçu İvanı vağzaldan Presnaya gətirəndə o, yolda elə hey donquldanırdı:

- Bax, sən faytunçusan, özü də yaxşısından...Mən rusları sevirəm...Sən russan, mənim arvadım da rusdur... və deməli, mən də rusam... Mənim atam almandır... mənsə rusam, rus adamıyam... Mən Almaniyayla dava eləmək istəyirəm...

Qapını onun üzünə fikirləşdiyi kimi aşpaz Marya açdı.

- Elə sən də russan, bax, elə mən də rusam...- deyə çamadanını Maryaya verərkən yenə mırtıldadı. - Biz hamımız rusuq... rus dilində danışırıq... Bə Nataşa hardadı?

- Yatıb.

- Sssssss... Oyatma... Özüm oyadacam... İstəyirəm onu qorxudam və sürpriz olsun... Ssssss!

Marya yuxulu-yuxulu çamadanı götürüb mətbəxə keçdi.

İvan Karlıç əllərini silib gülə-gülə, göz vura-vura ayaqlarının ucunda yataq otağının qapısına  yaxınlaşdı, cırıltı gəlməsin deyə ehmalca qapını açdı...

Yataq otağı qaranlıq idi, sakitlik hökm sürürdü...

"İndi onu qorxudacam..." İvan Karlıç düşündü və kibrit yandırdı...

Lakin (yazıq alman!) əlindəki kibrit çöpü yanıb qurtarana kimi belə bir mənzərənin şahidi oldu: divarın yanındakı çarpayıda yalnız çılpaq dabanları görünən və başını yorğanın altına soxmuş qadın yatmışdı; o biri çarpayıda isə kürən saçlı, bığları uzun yekəpər kişi uzanmışdı...

İvan Karlıç gözlərinə inanmadı, o biri çöpü yandırdı... O, dalbadal kibrit çöplərini yandırırdı və hər dəfə də inanılmaz mənzərə, dəhşətli və  biabırçı səhnə görürdü. Almanın ayaqları əsməyə başladı, kürəyi soyuqdan qurudu. Pivənin dəmliyi başından uçub getdi; ona elə gəldi ki, içi də alt-üst oldu. Beyninə gələn ilk fikir bu oldu - stulu götürüb var gücüylə o kürənin başına çırpsın, sonra da xəyanətkar arvadının çılpaq dabanlarından yapışıb onu pəncərədən bayıra elə tullasın ki, çərçivəylə birgə kəlləsi üstə yerə düşsün.       "Ahhhh, yox, yox...bu az olar!" bir qədər düşündükdən sonra qərara gəldi. "Əvvəlcə qoy onları rüsvay edim, gedim polis çağırım, qohumlarını çağırım, sonra onları öldürərəm..."

Az sonra İvan kürkünü geyinib küçəyə çıxmışdı. O, acı-acı ağlayırdı. Ağlayırdı və düşünürdü, adamların nankor və vəfasız olması barədə düşünürdü... "Bu çılpaq dabanlı qadın bir vaxtlar kasıb toxucuydu, mənsə onu xoşbəxt elədim, onu dərəcəli bir usta arvadı elədim... Özü də "Funk və K" zavodunda ildə 750 rubl maaş alan bir ustanın arvadı! Sən bir işə bax, bu qadın heç kim idi, heç kim; xadimələr kimi çit paltarda gəzirdi...mənə görə adam oldu. İndi şlyapa qoyur, əlcək geyir, hətta "Funk və K" da onunla "siz"lə danışır..."

İvan düşünürdü: bu qadınlar necə də hiyləgər və kələkbaz olurmuşlar! Özünü elə göstərirdi ki, guya məni ehtirasla sevir, sanki buna görə mənə ərə gəlib, hər həftə də Tverə sevgi dolu zərif məktublar yazırdı...

"Ah, ilanın biri ilan!" Şvey küçədə gedə-gedə donquldanırdı. "Axı mən nə üçün rus qadınıyla evləndim? Rus yaxşı adam deyil. Vəhşinin biri vəhşi! Mənə lənət olsun! Rusiya ilə dava eləmək istəyirəm!"

Bir qədər sonra İvan düşündü: "Və çox təəccüblüdür - məni gör kimə dəyişib? Hansısa kürənsaç lotuya! Heç olmasa, "Funk və K" ilə sevişsəydi, dərd yarıydı, onu bağışlayardım... Yoxsa, hansısa lütün biriylə... cibində siçanlar oynayan birisiylə! Ah, mən necə bədbəxtəm!"

Şvey gözlərinin yaşını silib meyxanaya girdi və xidmətçiyə dedi:

- Mənə mürəkkəb və kağız ver görüm! Yazmaq istəyirəm!

Əlləri əsə-əsə ilk öncə arvadının Serpuxovda yaşayan valideynlərinə yazdı. Yazdı ki, bəs, namuslu və dərəcəli usta əxlaqsız bir qadınla yaşamaq istəmir, o qadının valideynləri də, elə özü də donuzdu...Və o da hamıya tüpürmək istəyir... Sonda arvadının ata- anasından tələb etdi ki, qoy gəlib qızlarını aparsınlar, elə o əclaf  kürənsaç yekəpərlə birlikdə... Və onların hər ikisini də ona görə öldürmədi ki, əllərini çirkaba bulaşdırmaq istəmədi...

O, meyxanadan çıxıb məktubu poçt qutusuna saldı. Səhər saat dördə kimi şəhər küçələrində veyilləndi, öz dərdiylə baş-başa qalıb fikirlərə qərq oldu. Yazıq lap arıqlamış, heydən düşmüşdü, nəhayət, bu nəticəyə gəldi ki, həyat taleyin acı istehzasıdır, yaşamaq da axmaqlıq imiş; namuslu alman yaşamağa layiq deyil! Sonda isə belə bir qərar verdi: nə arvadından, nə də o kürənsaç adamdan intiqam alacaq! Ən yaxşısı budur ki, arvadını öz alicənablığı və xeyirxahlığı ilə cəzalandırsın!

"Gedib ürəyimdəkiləri boşaldacam arvadıma!" deyə evə gedə-gedə düşündü, "sonra da intihar edəcəm... Qoy kürənsaç lotusuyla xoşbəxt yaşasın, mən isə ona mane olmayacam..."

İvan xəyalında tutmuşdu ki, o, ölən kimi arvadı Nataşa vicdan əzabı çəkəcək.

- Hə, bütün malımı-mülkümü də ona saxlayacam!- deyə donquldana-donquldana qapının zəngini basdı. - Kürənsaç məndən yaxşıdı, hə?! Qoy o da ildə 750 rubl qazansın görüm!

Bu dəfə də qapını aşpaz Marya açdı, İvanı görən kimi çox təəccübləndi.

-Tez elə, Natalya Petrovnanı çağır,- kürkünü çıxartmadan çəmkirdi. - Onunla danışmaq istəyirəm...

Az sonra İvanın qarşısında əynində köynək, ayaqyalın və təəccüb içində cavan bir qadın dayandı... İvan əllərini göyə qaldırıb ağlayırdı, dedi:

-Mən hər şeyi bilirəm! Məni aldatmaq olmaz! Mən öz gözlərimlə o kürənsaç donuzu gördüm, uzunbığ kişini!

-Dəli olmusan?!- arvadı çımxırdı. - Niyə qışqırırsan? Evdə adam yar, yatıblar, oyadarsan!

- Ah, o kürənsaç lotu!

- Dedim axı qışqırma! Lül-qənbər olubsan, qışqırırsan! Get gir yerinə, yat!

- O kürənsaçla bir çarpayıda yatmaq istəmirəm! Əlvida!

- Vallah, sən dəli olmusan!- arvadı əsəbiləşdi. - Axı evdə adam var dedim! Orda, bizim yataq otağında indi çilingərlə arvadı yatır...

- Nə? Hansı çilingər?

- Elə o kürənsaç çilingərlə arvadı! Mən onları kirayənişin götürmüşəm, ayda 4 manata!.. Çığırma, onları oyadarsan!

Alman gözlərini bərəldib uzun müddət arvadına baxdı. Sonra başını aşağı sallayıb yavaşca fit çaldı...

- Həəəə, indi başa düşürəm...- dedi.

Bir azdan almanın qəlbi yenidən əvvəlki ovqatına qayıtdı. İvan Karlıç indi özünü əla hiss edirdi.

- Sən mənim rus qadınımsan...- deyə mırtıldayırdı,- aşpaz da rusdur, elə mən özüm də rusam... Hamımızın dili rus dilidir... Oy, çilingər, çilingər, sən nə yaxşı adamsan! Onu qucaqlamaq istəyirəm... "Funk və K" da yaxşıdı... Rusiya gözəl ölkədi... Mən Almaniya ilə dava eləmək istəyirəm...

Tərcümə etdi: Kamran Nəzirli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!