"Kulçür dikili daş çölün ortasında
yavaş-yavaş aşmağa başladı...
Heç kim bunun həqiqət
olduğuna inanmırdı. Amma daş
yavaş-yavaş aşırdı..."
Bir gün əvvəl bələdçimiz Aşkın bəy bizə demişdi:
- Sabah çox fərqli bir yerə gedəcəyik. Türk tarixi üçün çox önəmli yerdir. Başqa aləmdir.
Bu cümləni elə inamla deyirdi ki, adam istər-istəməz həyəcanlanırdı. Amma etiraf edim, Ötükən səfərimizin dördüncü günündə fikir verdim ki, Aşkın bəy, demək olar, hər gün bunabənzər cümlələr qurur. Hər gün "başqa aləm"ə gedirdik. Hər gün "türk tarixi üçün çox önəmli" yerə çatırdıq. Hər gün bozkırın içində bir daş, bir balbal, bir dağılmış kurqan, bir xatirə yeri qarşımıza çıxırdı.
Bilgə Kağanı görmüşdük. Bilgə Kül Tigini ziyarət etmişdik. Tonyukuk isə Ulanbator tərəfdə idi. Düşüncəmə görə, bundan sonra görəcəyimiz olsa-olsa, bir balbal, ya da torpağın içində yarısı itib-getmiş kurqan olardı.
Ötükənin ucsuz-bucaqsız düzənlikləri insanı əvvəl valeh edir, sonra yorur. Buradakı mənzərədə bizim öyrəşdiyimiz gözəllik yoxdur: nə Qafqazdakı kimi, dağların bir-birinə söykənmiş yaşıl sinəsi var, nə meşənin kölgəsi, nə gölün aynası, nə də keçilməz dərə. Sanki eyni məkanın içində yüzlərlə kilometr gedirsən. Səma eyni səma, torpaq eyni torpaq, külək eyni külək. Bəzən elə bilirsən, avtobus getmir, yer özü altımızdan sürüşür.
O gecə öz-özümə dedim: "Görəsən, Bilgə Xaqandan, Kül Tigindən sonra məni nə təəccübləndirə bilər?"
Amma Aşkın bəy israrlı idi:
- Görüb dəhşətə gələcəksiniz. Ora hər adamı aparmıram. Çox adam buranın yerini bilmir.
Bu cümlənin içində həm bələdçi reklamı vardı, həm də sirr. Biz də insanıq, sirr deyilən yerdə ağlımızın ipi boşalır. "Ora hər adamı aparmıram" deyəndə, artıq avtobus yorğunluğu da, çölün təkrarı da, yolun uzunluğu da bir az mənasını itirir. Adam özünü seçilmiş kimi hiss edir. Tarixlə görüşə yox, gizli bir qapının ağzına aparıldığını düşünür.
Səhər yola çıxdıq. Bir-iki saat asfaltla getdikdən sonra torpaq yola döndük. Monqolustanda "torpaq yol" deyəndə, bizim kənd yolları kimi bir cığır düşünməyin. Burada düzənliyin üstündə on xətt gediş, on xətt gəliş var. Kim haradan istəyir, ordan sürür. Yolun özü yoxdur, niyyəti var. Maşınlar da sanki maşın kimi yox, at kimi sürülür. Bəzən avtobusun təkəri hansısa köhnə izə düşür, bəzən yeni iz açır. Monqol çölündə yol çəkilmir, yol yaranır.
Saatlar keçdikcə söhbətlər azaldı. Əvvəl hamı danışırdı. Sonra pəncərədən baxanların sayı artdı. Asta-asta səssizlik çökdü. Bu səssizlik adamın içindəki səsi böyüdürdü. Mən içimdə, bəlkə də, hamının demək istədiyi cümləni deyirdim: "Bəsdir, qardaş, bu qədər də tarix olmaz. Tarixin də bir çay fasiləsi olmalıdır". Amma bu zaman avtobus yoldaşımız Engin xanım bir hekayə danışmağa başladı. Hekayənin adı "Eşşək başı" idi:
"Bir kişinin övladı olmurmuş. Nəzir-niyaz, dua, yalvarış... Bir gün Xızır peyğəmbər kişinin qarşısına çıxır, bir alma verib deyir:
- Oğlum, al bu qırmızı almanı, yarısını sən ye, yarısını da xanımına ver. Oğlunuz olacaq.
Kişi çöldə işləyib yorulmuş, susuzluqdan taqətdən düşübmüş. Almanı bölür, öz payını yeyir, xanımının payını saxlayır. Bir az gedir. Günəş başını yandırır, dili ağzında quruyur, susuzluq və aclıqdan taqətdən düşür. Düşünür ki, bu kişi nə danışır, alma ilə də uşaq olar? Sonra almanın qalan yarısını da yeyir.
Bir neçə aya arvadı hamilə qalır və doqquz ay sonra eşşək başlı uşaq doğur. Hamı dəhşətə gəlir. Heç kim bunun necə olduğunu bilmir, başa da düşmür. Bircə o kişidən başqa. O da dərdini heç kimə deyə bilmir. Zənn edir ki, bu onun xətasıdır. Həmin sirlə yaşayır, həmin sirlə də ölür".
Engin xanım hekayəni danışıb bitirəndə avtobusda bir neçə nəfər güldü. Kimsə "adam ac olanda Xızırı da unudar" dedi. Mənim fikrim isə hekayənin içində ilişib qalmışdı. Çünki yolboyu biz də həmin kişi kimi idik. Bizə də sanki tarixi bir alma verilmişdi: yarısı bizim, yarısı gələcəyin. Bəzən səbirsizlikdən, bəzən yorğunluqdan, bəzən də "nə olacaq ki?" deyib o almanı bütöv yemək istəyirdik. Tarix isə belə şeyləri bağışlamır. Bəzən eşşək başlı uşaq doğulur, bəzən də dikili daş aşır.
Yol yenə uzandı. Elə bu vaxt ozanımız Kaya bəy Aşıq Veysəlin "Uzun incə bir yoldayım" türküsünü oxumağa başladı:
"...Dünyaya geldiğim anda, yürüdüm aynı zamanda,
İki kapılı bir handa gidiyorum gündüz-gece..."
Çöl, yol, yorğunluq, türkü - hamısı bir-birinə qarışdı. Bir anlıq elə bildim ki, Aşıq Veysəl bu sözü Anadoluya yox, elə Ötükən üçün deyib. Uzun, incə, sonu görünməyən bir yol... Gündüzlə gecə arasında yox, dünənlə bu gün arasında gedən yol.
Biz də o yolda idik. Nə tam turist idik, nə tam zəvvar. Nə alim idik, nə macəraçı. Hərəmizin içində bir az uşaq marağı, bir az millət qüruru, bir az da "burdan nəsə tapsam, özümlə aparsam?" hiyləgərliyi vardı. İnsan tarixin qarşısında həmişə uca dayana bilmir.
Nəhayət, mənzil başına çatdıq.
Düz çölün ortasında göyə baş çəkən bir dikili daş vardı.
Ətrafında nə muzey binası vardı, nə qoruyucu çəpər, nə izah lövhələri; sadəcə çöl, külək, göy və daş. Qarşısında yüz metrdən çox uzanan balballar düzülmüşdü. Sağlı-sollu, səssiz, üzləri zamana baxan daş adamlar. Bir ordunun son sırası kimi. Ya da bir yas mərasiminin heç vaxt dağılmamış camaatı kimi.
Mən hər dikili daş görəndə, əvvəlcə bunu düşünürəm: "Görəsən, bunun nə qədəri yerin altındadır? Biz yuxarıda gördüyümüz hissəyə heyran qalırıq, amma bəlkə, əsl sirr torpağın altındadır. İnsan da belə deyilmi? Görünən tərəfi ilə hökm veririk, halbuki adamın kökü, ağrısı, qorxusu, yaddaşı torpağın altındakı hissə kimidir".
Aşkın bəy hamıdan qabaq daşın yanına çatıb özünəməxsus qartal duruşunu aldı. Sanki çölün ortasından tapılmış bu daşı özü min il əvvəl basdırmış, indi bizə təqdim edirdi:
- Buyurun, Külçur abidəsi. Hələ burada ciddi qazıntı aparılmayıb. Elm aləminə yeni-yeni məlum olur. Daşın dörd tərəfində Orxon yazıları var. Böyük bir şəxsiyyətə aid olduğu düşünülür, amma kimliyi hələ dəqiq bilinmir, - sonra əlavə etdi, - Külçur daşı Monqolustanın Töv vilayətində, Delgerxaan sumu ərazisində, İx-Xöşööt deyilən ərazidə yerləşir.
O danışdıqca mən daşın ətrafında fırlanmağa başladım. Yazılara baxırdım: bəzi hərfləri tanısam da, tam oxuya bilmirdim. Oxuya bilmədiyim hərflər mənə daha sirli gəlirdi. Çünki bəzən bilmədiyin şey bildiyindən daha çox danışır.
Daşın dibində kiçik oyuq gördüm. Ayağımla yüngülcə eşələdim. Əvvəl sadəcə maraq idi. Sonra marağın içinə bir az tamah qarışdı. Açığını deyim ki, gözüm nəsə axtarırdı: kiçik daş parçası, paslı nal, qəribə formalı sümük, bəlkə də, heç nəyə bənzəməyən, amma mənim üçün "tapıntı" olacaq bir şey.
Mənim xudmani kolleksiyam var. Belə yerlərdən nəsə götürmək istəyi adamın içində qəribə bir xəstəlik kimidir. Bilirəm, düz deyil. Bilirəm, tarixi abidəyə əl vurmaq olmaz. Bilirəm, elm aləminə zərərdir. Amma insan bəzən özünü on səkkizinci, on doqquzuncu əsrin sərbəst axtarış aparan alimi kimi hiss etmək istəyir. Bütün böyük kəşflər elə-belə, təsadüflərdən doğulmayıb? Sanki kiminsə ayağı ilişməyib, kiminsə beli daşa dəyməyib, kiminsə gözü torpağın içində parıldayan bir qırıntıya sataşmayıb?
Şuşa azad olunandan sonra ilk səfərimdə Mir Mövsüm Nəvvabın evində də belə olmuşdu. Bir nal tapmışdım. Daha doğrusu, nal məni tapmışdı. Gözümə girmişdi, "məni götür" demişdi. Mən də götürmüşdüm. O gündən bəri bəzən düşünürəm ki, görəsən, əşyalar bizi çağırır, yoxsa biz öz çağırışımızı onların üstünə yükləyirik?
Heç kimin hiss etməməsi üçün gizlincə Külçur daşının dibindəki oyuğu eşələyəndə də içimdə həmin hiss vardı.
Aşkın bəy danışırdı:
- Ehtimal var ki, bu abidə Bilgə Xaqan və Kül Tigin abidələrindən əvvəlki dövrə aiddir. Baxın, bu daş Tısbağa üzərində ucaldılmayıb. Onu ayaqda saxlamaq üçün iki böyük daşın arasında bərkidiblər. Bu cür daşlar, adətən üzəri yazılandan sonra dikəldilir. Görürsünüz, daşların bir hissəsi torpağın üstündə qalıb.
Üzbəüz baxanda, doğrudan da, iki iri daşın üfüqi şəkildə uzandığını gördüm. Onların arasında bu dikili daş dayanmışdı. Tısbağa deyildi. Daha sərt, daha kobud, daha qədim bir quruluş idi. Elə bil kimsə qılıncı torpağa sancmış, sonra da iki daşla onu sıxıb "burada qalacaqsan" demişdi.
Daşa söykənmək istədim. Əvvəl əlimi onun üzünə çəkdim. İçimdən qəribə arzu keçdi: "Bəlkə, mənə nəsə deyər. Bəlkə, bu hərflərin içindən bir səs qalxar. Bəlkə, o dövrü bir anlıq təsəvvür edərəm. Atların nəfəsini, şamanların səsini, döyüşdən qayıdan adamların gözlərini, yas tutan qadınların saçına dolanmış küləyi..."
Gözümü yumdum. Daş buz kimi idi, amma o soyuqluğun içində qəribə canlılıq vardı. Sanki daş yox, çox yaşlı bir adamın alnına toxunurdum. Həmin adam danışmaq istəmirdi, sadəcə susqunluğu ilə insanı tərbiyə edirdi.
Bir anlıq sağ çiynimi daşa dayadım. Yorulduğumdan bütün ağırlığımı ona verdim. Eyni anda ayağım həmin oyuğun içinə düşdü. Torpaq boşaldı. Dabanım aşağıda nəyəsə basdı. Şıqqıltı səsi gəldi. Sonra da daş hərəkət etdi. Dikili daşın aşması bir neçə saniyə çəkdi, amma mənə elə gəldi ki, həmin bir neçə saniyə min il davam etdi.
Daş əyildikcə balbalların kölgələri uzandı. Günəş bir anlıq buludun arxasına girdi, halbuki göydə bulud yox idi. Külək dayanmışdı, amma çölün içindən nəsə uğultu gəlirdi. Bu uğultu nə maşından, nə də insandan gəlirdi. Daha çox yerin altında yatan bir ordunun yavaş-yavaş nəfəs almasına bənzəyirdi.
Geri çəkilmək istədim, amma ayağım oyuqda ilişib qalmışdı. Bir anlıq qorxdum ki, daş üstümə aşacaq. Amma daş məndən aralı tərəfə əyilirdi. Elə bil məni əzmək yox, nəyisə göstərmək istəyirdi.
Aşkın bəy qışqırdı:
- Heç kim yaxınlaşmasın!
Kaya bəy türkünü yarımçıq kəsdi. Engin xanımın üzü ağardı. Qrupdakıların telefonları eyni anda qalxdı. İnsan belədir: möcüzənin qarşısında da əvvəlcə kamera axtarır.
Daş, nəhayət, böyrü üstə uzandı. Yer titrəmədi. Səs də çox çıxmadı. Sadəcə dərindən gələn bir inilti eşidildi. Sanki daş yerə yox, yaddaşın üstünə düşdü. Hamı susdu. Daşın altından torpaq qalxdı. Toz yavaş-yavaş havaya yayıldı. O tozun içində bir anlıq mənə elə gəldi ki, at başı gördüm. Sonra bir əl. Sonra uzun saçlı adamın kölgəsi. Gözümü qırpdım, yox oldu.
Bəlkə, yorğunluqdan idi. Bəlkə, günəşin istisindən. Bəlkə də, Aşıq Veysəlin "uzun, incə yol"u beynimdə hələ davam edirdi.
Amma sonra hamımız gördük.
Daşın altında dar bir boşluq açılmış, torpaq sanki içəri çökmüşdü. İki iri bərkitmə daşının arasında nazik bir yarıq görünürdü. Yarığın içindən soyuq hava gəlirdi. Çölün isti günündə yerin altından gələn sərin nəfəs adamın ayağından yuxarı qalxırdı.
Aşkın bəy pıçıltı ilə dedi:
- Bu... bu normal deyil.
Ona baxdım. Bələdçinin üzündə ilk dəfə yumşaq, səmimi ifadə gördüm: insanın bildiyi tarixdən qorxan məqamdakı ifadə.
Yavaşca ayağımı oyuqdan çıxardım. Ayaqqabımın altına qara, nəm torpaq yapışmışdı. Bu çöldə nəm torpaq görməyin özü ayrıca bir hadisə idi. Barmağımla toxundum. Torpağın içində nazik, qırmızımtıl lif vardı. Əvvəl kök sandım, sonra gördüm ki, at saçından hazırlanmış sapa bənzəyir.
O anda ağsaçlı Engin xanımın danışdığı "Eşşək başı" hekayəsini xatırladım. Xızırın verdiyi almanı. Kişinin səbirsizliyini. Sirrin uşağa çevrilməsini. Birdən mənə elə gəldi ki, bu daş da min ildir, kiminsə yediyi almanın qalan yarısını gözləyirmiş.
Bəlkə də, biz buraya tarixi görməyə yox, bir sirrin günahına şahid olmağa gəlmişdik.
Daşın aşdığı yerdə yazıların görünməyən tərəfi üzə çıxmışdı. Əvvəl torpağa baxan hissə indi üzünü səmaya tutmuşdu. Hamı ora yaxınlaşmaq istəyir, amma Aşkın bəy icazə vermirdi.
- Toxunmayın! Heç kim toxunmasın!
Özü isə diz çöküb diqqətlə baxdı. Mən də yanından boylandım.
Orada yazı vardı. Amma bu yazı daşın dörd tərəfindəki Orxon hərflərinə bənzəmirdi, daha xırda, daha gizli idi. Sanki onu hamının oxuması üçün yox, yalnız daş aşanda görünməsi üçün yazmışdılar. Hərflər torpağın rütubətindən qaralmışdı, amma bəzi işarələr aydın seçilirdi.
Aşkın bəyin dodaqları titrədi:
- Bu... əlavə yazıdır.
- Nə yazılıb? - kimsə soruşdu.
O cavab vermədi.
Əslində, heç kim cavab istəmirdi, çünki bəzi yazılar oxunmazdan əvvəl də adamı qorxudur.
Mən daşın yanına əyilib tanımadığım hərflərə baxdım. O an qəribə bir şey oldu. Yazıya baxdıqca sanki içimdə bir cümlə yaranmağa başladı. Nə oxuyur, nə də tərcümə edirdim. Bu, daha çox yuxuda eşitdiyin səsi səhər öz dilində xatırlamağa bənzəyirdi.
"Daşı oyadan yurdu da oyadar".
Bu cümlə haradan ağlıma gəldi, bilmirəm. Bəlkə, daş pıçıldadı. Bəlkə, öz qorxuma məna vermək üçün bu sözləri uydurdum.
Həmin an balballardan biri sanki yerindən tərpəndi. Çox az, gözlə görülməyəcək, amma hiss ediləcək qədər. Sonra ikincisi. Sonra üçüncüsü. Qrupdakıların heç biri bunu demədi. Çünki belə şeyləri ucadan deyəndə adamı ya dəli sayırlar, ya da da yalançı. İkisi də təhlükəlidir.
Mən isə gördüyümə əmin idim: balbalların kölgələri dəyişirdi. Günəş yerində idi, amma kölgələr sanki başqa tərəfə baxırdı. Elə bil daş adamlar min ildən sonra üzlərini bizə çevirmişdilər.
Uzaqda at kişnədi. Çöldə bir anlıq toz burulğanı qalxdı. Bir anlıq mənə elə gəldi ki, onun içindən dəmir dəbilqəli bir süvari keçdi, ardınca ikincisi. Sonra bir qadın səsi eşidildi, nə ağlayır, nə oxuyurdu. İkisinin arasında bir səs idi.
Aşkın bəy birdən ayağa qalxdı:
- Hamı avtobusa! Elə indi!
- Bəs daş? - soruşdum.
Üzümə elə baxdı, sanki daşı mən yıxmışdım.
- Daş yerindədir, - dedi, - yerində olmayan bizik.
Bu cümləni onda başa düşmədim, sonra düşündükcə daha çox qorxdum.
Avtobusa qayıdanda heç kim danışmırdı.
Kaya bəy sazını qucaqlamış, amma çalmırdı. Engin xanım pəncərədən çölə baxırdı. Aşkın bəy telefonla kiməsə zəng etməyə çalışır, amma şəbəkə siqnalı yox idi. Monqol çölündə bəzən nəinki telefon, adamın öz içi də tutmur.
Mən ayaqqabımın altındakı torpağı təmizləmək istəyir, amma nədənsə edə bilmirdim. O torpaq mənə adi torpaq kimi gəlmirdi. Sanki ayağımın altında yer yox, zaman qalmışdı.
Bir az sonra avtobus hərəkətə başladı.
Geriyə baxdım. Daş artıq görünmürdü. Ya uzaqlaşmışdıq, ya da çöl onu yenə gizlətmişdi. Amma balballar hələ də görünürdü. Onlar arxamızca baxırdılar. Bəlkə də, həmişə belə dayanmışdılar, sadəcə biz indi bunu hiss edirdik.
Yol yenə uzun idi, amma bu dəfə əvvəlki yol deyildi. Həmin düzənlik, həmin torpaq, həmin səma idi. Ancaq mənzərə dəyişmişdi. İnsanın içində nəsə dəyişəndə çöl də dəyişir. Bayaq adama təkrar kimi gələn boşluq indi kitab səhifəsinə bənzəyirdi. Hər təpə bir cümlə, hər daş bir nöqtə, hər at izi bir vergül idi.
Bir müddət sonra Aşkın bəy arxaya çevrilib dedi:
- Xahiş edirəm, bu hadisə haqqında hələlik heç yerdə yazmayın, video-filan paylaşmayın.
Hamı başı ilə razılığını bildirdi. Başımı tərpətsəm də, içimdə bilirdim ki, yazacağam. Çünki bəzi hadisələr susmaq üçün baş vermir. Sadəcə onları olduğu kimi yazmaq olmur. Gerçəyi yazanda adamı günahlandırırlar, uyduranda isə inanırlar. Ona görə də, bəzən həqiqəti qorumağın ən yaxşı yolu onu hekayəyə çevirməkdir.
Engin xanım birdən sakitcə dedi:
- O eşşək başlı uşaq böyüyəndə nə oldu, bilirsiniz?
Hamı ona baxdı.
- Hekayənin bəzi variantlarında uşaq böyüyür, gecələr başını çıxarıb insan olur. Gündüzlər eşşək başı ilə yaşayır, gecələr əsl üzünə qayıdır. Bir gün sirri açılır və yox olur.
Kimsə soruşdu:
- Niyə yox olur?
Engin xanım çiyinlərini çəkdi:
- Çünki sirr açılan kimi ya ölür, ya da azad olur. Hansı olduğunu heç kim bilmir.
Pəncərədən çölə baxanda uzaqda bir daş gördüm. Bəlkə, dalımızca gələn balbal idi, bəlkə, sadəcə daş?! Amma mənə elə gəldi ki, bədənindən eşşək başı çıxıb. Avtobus silkələnəndə daş gözdən itdi.
Kaya bəy yavaşca sazın siminə toxundu. Bu dəfə "Uzun, incə bir yoldayım"ı oxumadı. Sadəcə hava çaldı. Sözsüz. Sanki kəlmələr artıq idi.
Gecə düşəndə düşərgəyə çatdıq. Hamı yeməyə getdi. Mən isə bir az kənara çəkildim. Çöl gecəsi gündüzdən də böyük olur. Gündüz torpaq geniş görünür, gecə səma. Ulduzlar elə yaxın idi, sanki adam əlini uzatsaydı, birini götürüb cibinə qoya bilərdi. Sonra düşünürdün ki, yox, bu da tarixi abidədir, toxunmaq olmaz.
Ayaqqabımın altındakı torpaq qurumuşdu. Barmağımla qoparıb ovcumda saxladım. İçindən yenə səhər gördüyüm qırmızımtıl at tükü çıxdı. Bu dəfə daha aydın görünürdü. At saçı idi. Çox köhnə, incə, qırmızı sap.
Onu atmadım. Bilirəm, yenə düz eləmədim. Bəlkə də, elm aləminə zərər vurdum. Bəlkə də, sadəcə bir heyvan tükü idi. Bəlkə də, çölün oyunuydu. Amma mən onu cibimə qoydum. Çünki adam bəzən sübut yox, şahidlik axtarır. Bir də düşündüm ki, Külçurdan xatirə qalsın...
Gecə yuxuda gördüm ki, dikili daş yenə çölün ortasındadır. Amma bu dəfə aşmayıb. Daşın yanında bir adam dayanıb. Üzünü görə bilmədim. Başında dəbilqə yox idi, saçları küləkdə dağılırdı. Əlində alma tutub. Almanı iki yerə böldü. Yarısını mənə uzatdı, yarısını torpağın üstünə qoyub dedi:
- Öz payını ye, yurdun payına toxunma.
Sonra daşın üstündəki yazılar işıqlandı. Bu dəfə hərfləri oxuya bildim. Amma oyananda hamısını unutdum. Yadımda yalnız bir cümlə qalmışdı: "Daş yıxılmaz, el yıxılar".
Səhər yuxudan duranda cibimdəki qırmızı sap yox idi. Yerində balaca, quru bir alma tumu vardı. Mən bu hadisəni heç kimə danışmadım. Danışsaydım, ya gülər, ya da izah istəyərdilər. Halbuki bəzi şeylərin izahı olmur. İzah etdikcə kiçilir. Sirr qalanda insanın içində böyüyür.
Bu hadisənin üstündən günlər keçib. Yenə düşünürəm ki, o daş, doğrudanmı, aşdı? Yoxsa hamımız çölün yorğunluğunda, uzun yolun içində, Engin xanımın nağılında, Kaya bəyin türküsündə eyni yuxunu, illüziyanı gördük?
Bəlkə, daş heç aşmadı. Bəlkə, aşan bizim öz arxayınlığımız idi. Bəlkə də, sadəcə mənim təxəyyülüm idi...
Biz tarixə çox vaxt tamaşa kimi baxırıq. Gedirik, şəkil çəkirik, paylaşırıq, qürur duyuruq, bir-iki cümlə yazırıq. Sonra da qayıdıb gündəlik həyatımıza davam edirik. Amma çölün ortasındakı o daş mənə başqa bir şey öyrətdi: tarix tamaşa yox, əmanətdir. Əmanətə isə söykənəndə ehtiyatlı olmaq lazımdır. Çünki bəzən çiynimizin ağırlığı min ilin tarazlığını poza bilir.
Külçur daşının kimə aid olduğunu alimlər, yəqin ki, bir gün öyrənəcəklər. Bəlkə, qazıntılar aparılacaq, yeni yazılar oxunacaq, tarix kitablarında bu abidənin yeri daha aydın görünəcək. Bəlkə də, heç nə tapılmayacaq. Bəzən çöl sirrini vermir, sadəcə adamı yanına çağırır, bir az susdurur, sonra geri göndərir.
Mən isə o gündən bəri dikili daşlara əvvəlki kimi baxa bilmirəm. Hər daşın altında bir sirr olduğunu düşünürəm. O sirr dəmirdən, ağacdan, ipdən yox, yaddaş üzərində inşa olunub. Günahdan, ehtiramdan, unutqanlıqdan, maraqdan, tamahdan, duadan qurulub. Biz ona toxunanda hərəkətə gəlir.
Bəlkə də, o gün çölün ortasında daş yox, zaman aşdı.
Bəlkə də, min il əvvəl birinin yarımçıq qoyduğu söz yerindən tərpəndi.
Bəlkə də, Külçur kim idisə, bizə sadəcə bunu demək istədi:
"Gəlib məni görməyiniz yaxşıdır. Amma məni oyatmağa tələsməyin. Çünki daşın yuxusu da yurdun yaddaşıdır".
O gündən sonra anlayıram ki, Ötükən sadəcə xəritədəki bir yer yox, adamın içində açılan köhnə qapıdır. O qapıdan girəndə nə axtardığını dəqiq bilmirsən. Bəzən balbal axtarırsan, öz kölgəni tapırsan. Bəzən daş axtarırsan, səsini eşidirsən. Bəzən də kiçik bir nal, bir qırıq saxsı parçası, bir xatirə götürmək istəyirsən, amma çöl sənin cibinə alma tumu qoyub yola salır. Və sən anlayırsan ki, bu uzun, incə yol hələ bitməyib. Biz hələ də o yoldayıq. Bir ucumuz Bilgə Xaqanın daşında, bir ucumuz Kül Tiginin sükutunda, bir ucumuz Tonyukukun ağlında, bir ucumuz da çölün ortasında yavaş-yavaş aşan o Külçur dikili daşının altında qalıb.
Millət olmaq da elə budur - aşan daşın səsini eşidəndə qorxmaq, amma qaçmamaq.
Yazmaq da budur - gördüyünlə görmədiyin arasında bir cümlə qurmaq.
Mən o cümləni hələ də tamamlamamışam. Çünki hər dəfə tamamladığımı düşünəndə uzaq Ötükən çölündən bir səs gəlir: "Daşı oyadan, yurdu da oyadar..."
Monqolustan, Ötükən
06.07.2026

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
