Gözyaşı qapısı (Romandan parça) - Etimad BAŞKEÇİD

Sakral mətnlərdən birində deyilir: Səmanın bütün qapıları bağlansa da, gözyaşı qapısı həmişə açıqdır. Tanrıya və öz "Mən"inə qovuşması üçün insan bir neçə mənəvi mərhələdən keçir. "Gözyaşı qapısı" insanın saxtakarlıqdan, təkəbbürdən və dünyəvi yalanlardan tamamilə arındığı məqamdır. Etimad Başkeçidin çapa hazırlanan yeni romanında başqaları üçün pul müqabilində bədii əsərlər, elmi işlər və məqalələr yazan "gostrayter"in (kölgə müəllifin) qəribəliklərlə dolu həyatından bəhs edilir. Başqalarının adına yazmaqla saxta kimliklər istehsal edən qəhrəmanın, nəhayət ki, öz daxili böhranı ilə üzbəüz qalması cəmiyyətdə gedən ən müxtəlif proseslərin şərhinə yeni çalarlar qatır.

 

 

- Sənətkar, salam!

- Salam.

- Nə var, nə yox?

- Sağlıq, sağ olun! Kimdir?

- Bo-oy! Tanımadınmı, ayə, məni?

- Yox! Kimdir ki?

- Sən canın tanımadın?

Qoca burnuyla dərindən nəfəs aldı, gözlərini bərk-bərk yumub bir neçə saniyə gözlədi. Sonra nəfəsini yavaş-yavaş ağzından buraxdı, gözlərini açdı... Bu kiçik manipulyasiyanı ona qıçını sındırıb xəstə yatdığı vaxtlarda öyrətmişdilər, güya belə eləyəndə, adamın hirsi soyuyur.

- Alyo-o!

- Eşidirəm... - telefondakı fısıltı tanış gəlirdi deyə Qoca, hər ehtimala, artıq-əskik heç nə demədi.

- Doğrudan, tanımadın məni?

- ...

- Ayə, mənəm dayna, evin tikilsin! Aydınam, Aydın!

Yadına düşdü - Qoçaq Aydın! Rusiyanın İnta şəhərində yaşadığı ayların, illərin yadigarı! Qoca şəhər qəzetində müxbir işlədiyi vaxtlarda Qoçaq Aydın gül dükanı işlədirdi. Elə bir qoçaqlığı yoxdu - iki universitet bitirdiyini nəzərə almasaq, sadəcə tüsmərəkdi, eni ilə uzunu bir olduğundan ayaması "kaçok*" idi, bizimkilərin təbirincə "qoçaq". Yeyib-içən, deyib-gülən oğlandı; dost olmuşdular - hamının bir-birinə qənim kəsildiyi vaxtlarda aralarından qıllı köpək keçməzdi. Sonra Qoca dostunu qütb arxasında qoyub, Bakıya qayıtdı...

- Aydın! - Qoca səsinə xilaskar-yumşaq ifadə verməyə çalışsa da, təəccübünü boğa bilmədi. - Sənsən? Sən hələ həyatdasan?

- Yox, xortlamışam...

- Mən də deyirəm kimdir, gecə-gecə...

- Nədir, yatırdın?

Qoca telefonun saatına baxdı, ikiyə işləyirdi.

- Yox, idman eləyirdim... Balam, yağın daşırdı, nədir, səhəri gözləyə bilmirdin? - Qoca köhnə dostunu zarafatyana məzəmmət etməkdən özünü saxlaya bilmədi.

- Bu da bunun "xoşgəldin"i! Qulaq as, - Aydın həmişəki qaydada, bərkdən fısıldaya-fısıldaya mətləbə keçdi. - İndi gəlmişəm, vaxtım azdır, iki-üç günə qayıdıram. Sabah axşam saat yeddidə "Fayton"da görüşək, nə deyirsən? - Qocanın fəsahətlə susduğunu görüb, əlavə elədi: - Gecikmə!..

 

***

Qoca yuxudan kal oyandı. Heç yatağa uzanmasa, bundan yaxşıydı - gözlərinin altı torbalanmış, sifəti qaralmışdı. Yaş özünü göstərirdi: səhəri dirigözlü açdığı, beş-on dəqiqə gözünü aldadıb, heç nə olmamış kimi yaşamağa davam etdiyi nəşəli günlər arxada qalmışdı. Vannada üzünə soyuq su vurub dikəldi, güzgüdə özünə baxa-baxa Aydının qarasına deyindi: "Bu hardan peyda oldu? İşin-gücün bu vaxtında!"

İşi doğrudan da, başından aşırdı. Maaş üçün, elüzəri iş işləməkdən söhbət getmir - bunun yalnız adı işdir; dərs dediyi universitetdən aldığı maaş heç öz boğazını görmürdü. Odur ki, Qoca müəllim bir çox böyük adamlar kimi, elə yaşadığı yerdə işləyirdi. Doğrudur, buna görə evinin divarına lövhə vurmayacaqdılar: "Qoca Tataroğlu bu evdə yaşayıb və işləyib-filan", - deyə. Çünki Qoca nə xasiyyətcə, nə gördüyü işin xarakteri etibarilə əbədiyyət meyarlarına uymurdu: o, nə yolla olursa-olsun, elmə və ədəbiyyata təpilmək istəyən, buna görə "tərləməyə" hazır olan qıllı müştərilər üçün dissertasiya, məqalə, şeir və hekayələr yazırdı. Bir sözlə, gostrayter idi Qoca. "Ostr" səs birləşməsinin doğurduğu assosiasiya sizi xəfə fikirlərə salmasın: burada süpürgəçi - klininq-menecer və ya yükboşaldan fəhlə - logistika operatoru analogiyası üzrə müasir adlandırmadan söhbət gedir...

Mətbəxdə axşamdan doldurduqları termosdan bir stəkan çay süzüb içdi. Sonra öz kiçik otağına keçib, on il əvvəl Rusiyadan gətirdiyi "Acer" noutbukunu açdı. Noutbuk o qədər köhnəlmişdi, əmrləri candərdi yerinə yetirirdi. Bu gün görməli olduğu işlərin siyahısına baxdı. Saat onda oğlunu həkimə aparmalıdır, görsün öskürək niyə uşağın yaxasından əl çəkmir; birin yarısında bir qoşa saat dərsi var; dördlə beş arası vaxt eləyib uşaqlıq yoldaşının anasının yas yerinə dəyməlidir... Zədələnmiş "Birbank" kartını da dəyişdirmək lazımdır. Zəhrimar! Saat altıda Akiflə də görüşü varmış, gör necə ağlından çıxıb!

Akif şəhərdə ən böyük tikinti şirkətinin baş memarı və onun daimi müştərilərindəndi. Şakəri fani dünya, ana və dağlar haqqında ağlamalı şeirlər yazıb, müğənnilərə oxutdurmaqdı. "Şeir yazırdı" demək bir az gurultulu çıxır, sadəcə ağlına gələni qaralayır, sonra Qocaya "redaktə"yə verirdi. Qoca da yazıb, ehtiyatda saxladığı şeirlərdən birini çıxarıb verirdi ona. Təbii ki, o dəqiqə yox, bir neçə gün sonra - müştərinin izzəti-nəfsinə toxunmaq olmaz. Bəlkə də, bütün evfemizmlər elə buna xidmət edir, süpürgəçinin klininq-menecer adlandırılması kimi.

Saat ona işləyirdi. Götürüb nəğməkar-şair kimi ad çıxarmış Akifə zəng eləmək istədi, amma onun təşrifata meyilli adam olduğunu xatırlayınca, fikirləşdi ki, səs göndərsə yaxşıdır. Vatsapda nömrəsini tapıb, mikrofon işarəsini basdı: "Akif müəllim, sabahınız xeyir! Müəllim, deyəsən, bu gün görüşə bilməyəcəyik, Rusiyadan qonağım gəlib... İstərsəniz, sabahda-zadda görüşək, ya da şeiri imeylinizə göndərim, qalan məsələləri sonra həll eləyərik".

Telefonu masanın üstünə qoyub, yan otağa keçdi, görsün, arvadı uşağı hazırlayıbmı? Qapını aralayanda gördü ki, on iki yaşlı oğlu tuman-köynəkdə, embrion pozasında kompüterin qabağını kəsdirib, oyun oynayır. Birdən-birə ürəyi sıxıldı, qan beyninə vurdu, çevrilib yatağında xoşhallanan arvadını acılamaq keçdi ürəyindən. Amma nə fikirləşdisə, heç nə demədi, sadəcə mənalı-mənalı onun üzünə baxmaqla kifayətləndi.

- Nolub ee?.. - vətəndaş nikahında yaşadığı qadın şirin-şirin gərnəşdi, qaşlarını çatıb, işvəylə dodaqlarını büzdü.

Qoca istədi desin ki, küsəyən uşaqlar sayağı dodağını büzmək hər yaşda işə yaramır. Amma bu dəfə də heç nə demədi: yeni tanış olduqları vaxtlarda bu, arvadının vunder-vaffesiydi. Qadının bunabənzər başqa mərifətləri də vardı, amma yenə də keçmiş ərini yanında saxlamağı bacarmamışdı - illər öncə əri onu əliuşaqlı qoyub, harasa qeyb olmuşdu.

- Uşağı özün apararsan həkimə, - Qoca dedi. - Mənim işim çıxdı...

- Belə eləmə də, - arvadı əl-ayağa düşdü, cəld yerindən qalxıb uşağın paltarını qamarladı. Dodaqları büzülüb-büzüşüb nöqtəyə çevrilmişdi. - Allah kəssin xasiyyətini...

- Tələsmə, - Qoca heç tövrünü pozmadı. - Həkimlə danışmışam, sizi növbəsiz qəbul eləyəcək.

***

Həyətə çıxanda ayaqlarını cütlədi, bir-iki saniyə gözləyib, sağ ayağı ilə hərəkətə başladı. Bu, kərtənkələ öldürüb savab qazanmaq qəbilindən hər hansı inanc va ya xurafatla bağlı deyildi, sadəcə öyrənsəliydi. İnanan üçün əlamət, inanmayan üçün psixoloji tryuk - belədə özünü daha rahat hiss eləyirdi.

Yenicə bir-iki addım atmışdı ki, azca aralıda böyük bir tappıltıyla yerə nəsə çırpıldı. Səksəndi, çevrilib baxanda gördü ki, iri, qara zibil torbasıdır. Torba, az qala, səhər-səhər ölümdən, infarktdan və huşsuzluqdan qaçıb uzaqlaşmağa çalışan yaşlı bir kişinin başına düşəcəkdi. Ardınca üçüncü mərtəbədə yaşayan Sənəm arvadın siqaret çəkməkdən xarlaşmış səsi eşidildi:

- Ay Qoca, a bala, onsuz da ayağın gedir, o zibili də götür, at zibil yeşiyinə.

Ondan bir mərtəbə yuxarıda yaşayan Sənəm arvad, illərdir, zibil torbasını gətirib, onun qapısının ağzına qoyurdu ki, evdən çıxanda aparıb atsın - "onsuz da ayağı gedir". Görünür, bu gün yatıb qalıb, vaxtı ötürüb... Qoca bu arvada niyə bu qədər üz vermişdi, özü də bilmirdi. Hər halda səbəbsiz deyildi, amma bu barədə fikirləşməyə, nələrisə yadına salmağa ərinirdi. Odur ki, ölümdən qaçan yaşlının Sənəm arvadla ağızlaşmağa başladığını görüncə, kirimişcə torbanı götürüb, yoluna davam etdi. Torbanı yolunun üstündəki zibil qutusuna atıb, həyətdəki qollu-budaqlı tut ağacına sarı yönəldi - köhnə "Santa Fe"sini bu ağacın altında saxlayırdı.

Yanbayan tikilmiş doqquzmərtəbəli qoşa binanın həyətində iki cüt, bir tək ağac vardı. Bakının bu tərəflərində ağaclar azdı. Olanlar da sanki buralara səhvən düşmüşdülər: yorğundular, yarpaqlarını barmaq qalınlığında toz basmışdı. Göyüzü burada hündürmərtəbəli binaların arasındakı ensiz ziqzaqı xatırladırdı. Torpaq betonun altında qalmışdı və nəfəs almırdı. Gün şaxımağa başlayırdı.

Qoca maşına oturdu. Maşının içi isti idi. Sükanın dərisi soyulmuşdu. Motoru işə saldı. Motor qəribə, qığıltılı səs çıxardı, çeçədi, silkələnib dayandı. Qoca yenidən cəhd elədi. Bu dəfə alındı. Sənəm arvad hələ də eyvanda dayanıb siqaret tüstülədirdi.

Universitetə getmək üçün hələ tezdi. Odur ki, maşını birbaşa yaxınlıqdakı bank filialına sarı yönləndirdi.

Maşını bankdan xeyli aralıda saxladı. Bakıda bankların həndəvərində boş yer tapmaq asan məsələ deyil. Odur ki, qızmar günəşin altında bir neçə dəfə dövrə vurmalı oldu. Oturacağın dəri üzlüyü nazik köynəyinin arxasından belini yandırırdı, elə bil, kürəyinə ütü yapışdırmışdılar.

Sərin zala keçdi. Kondisionerlər bütün gücü ilə işləyirdi. Qoca ayaqlarını aralı qoyub, qollarını yana açdı, sanki soyuğu qucaqlamaq istəyirdi. Sonra zədələnmiş "Birbank" kartını çıxardı. Plastik kartın kənarları sürtülmüş, çatlamışdı - çox güman, hər dəfə növbə gözləyərkən Qocanın əsəbi halda kartı əlində oynatmağının nəticəsiydi. Talon götürdü. Nömrə A-142. Plastik skamyaya əyləşdi. Qarşısındakı böyük ekranda mənzil almaq üçün kredit götürən cavan, xoşbəxt ailələr haqqında reklam çarxı göstərirdilər... O, burada özünü artıq adam hiss edirdi. Kimi ipotekanı ödəyir, kimi harasa pul köçürür, o isə onu cüzi maaşa və təsadüfi qonorarlara bağlayan plastik parçasının hayındadır.

- Sizin nömrəniz, müəllim, - operator qız monitorda yanıb-sönən nömrəyə işarə elədi. Qoca yaşına uyuşmayan cəldliklə qalxıb - necə olmasa da, qırxı haqlamışdı, ağırlaşmışdı - pəncərəyə yaxınlaşdı.

- Kartı dəyişmək lazımdır, zədələnib, - yaxınlaşıb qısaca dedi.

Qız kartı özünə sarı çəkdi, altdan-yuxarı Qocanı süzməyə başladı. Qocanın hər səhər güzgüdə gördüyü yorğunluq onun da gözlərinə çökmüşdü. İncə bədən quruluşu, qabarıq körpücük sümükləri, zərif əlləri ona tanış gəlirdi. Adamda həm məsafə yaradan, həm də onu maqnit kimi özünə çəkən daxili bir xarizması vardı.

- Müəllim, xoş gördük! Nə xoş təsadüf!

- Xoş gördük... - Qoca duruxdu. Zənnlə qızın üzünə dikildi.

- 305-ci qrup, Səmayə Salamova.

- 305-ci qrup... - Qoca illərdir bu qrupda jurnalistikadan dərs deyirdi. Amma vizual olduğundan adları və rəqəmləri yadında saxlaya bilmirdi. Odur ki, özünü o yerə qoymadı. - Hə, Səmayə... Necəsən, vətən qızı, nə var, nə yox?

- Belə də, müəllim, gördüyünüz kimi, pulların içində üzürük, - Səmayə gülə-gülə kompüterdə nəsə yazmağa başladı. - Siz necəsiniz?

- Mən də sənin kimi, jurnalistikayla məşğul olmuram.

- İndilərdə öz işi ilə məşğul olan adam tapmaq çətindir. - Səmayə əlindəki planşeti ona uzatdı. - Burdan qol çəkin, müəllim.

Qoca qızın göstərdiyi yerə imza qoyub, özünə qaytardı. Keçmiş tələbəsi gözünü qıyıb diqqətlə baxdı, sonra planşeti yenidən Qocanın önünə qoydu.

- Müəllim, sistem imzanızı tanımadı. Zəhmət olmasa, yenidən imzalayın.

Qoca qələmi barmaqları arasında bərk-bərk sıxdı, təmkinini pozmadan avtomatlaşmış hərəkətlə yenidən qol çəkdi. Ekranda qum saatı fırlandı, iki saniyəlik sükutdan sonra xarakterik quru, qıcıqlandırıcı səs eşidildi: pip. Operator qız yüngülcə karıxsa da, peşəkar təbəssümünü pozmadı.

- Qoca müəllim, yenə qəbul etmədi. Xahiş edirəm, bir az yavaş, xətləri tam birləşdirərək imzalayın. Sistem əvvəlki imzanızın konturları ilə üst-üstə düşməsini tələb edir.

Qocanın alnında nazik bir damar oynadı. Növbədə gözləyən insanların pıçıltısı, kondisionerlərin monoton uğultusu, kassanın pulsayan aparatının şövqlü xışıltısı birdən-birə beyninin içində böyüdü, çoxaldı.

- Vətən qızı, mən qırx ildir eyni cür qol çəkirəm, - Qoca pərtliyini büruzə verməməyə çalışdı. - Bu mənim qolumdur, mənim əlimdir. Necə yəni sistem qəbul etmir?

- Başa düşürəm, amma aparat rəqəmsal bənzərliyi səksən faizdən aşağı göstərir, - qız kompüterin ekranına baxa-baxa mexaniki şəkildə cavab verdi. - Olur belə şeylər, müəllim, buyurun, yenidən yoxlayın...

Qoca qələmi yenidən götürdü. Bu dəfə tələsmədi. Hər əyrini az qala, rəsm çəkirmiş kimi yavaşca, səliqəylə çəkdi.

- Müəllim, yenə fərqli alındı... qəbul etməyəcək, - bu dəfə Səmayənin səsi sanki xeyli aralıdan gəlirdi.

Qoca cavab vermədi. Sinəsinin sol tərəfində qəfil və küt bir ağrı oyandı. Havası çatmırdı. Bankın kondisioneri buzlu hava üfürürdü, amma Qoca tərləmişdi. O, qələmi masanın üstünə qoydu. Planşeti geri itələdi.

- Sonra gələrəm, - ağır-ağır ayaga qalxdı.

Səmayə arxadan onu səslədi, amma Qoca artıq qapıya tərəf gedirdi.

Bankın şüşə qapısından bayıra çıxanda Bakının istisi üzünə vurdu. Birdən nəfəsi tutuldu, gözləri alacalandı. Birdən-birə heysizləşdi, divara söykənmək istədi, amma dizlərinin bağı qırıldı, qapının önündəcə yerə çökdü...

***

Qoca kəsif spirt iyindən və aparatın monoton, mexaniki çığıltısından oyandı. Oyanmağına oyandı, di gəl, bir müddət gözlərini aça bilmədi - göz qapaqları sanki pas atmış, bir-birinə kilidlənmişdi. Beləcə heysiz, hərəkətsiz uzanmışdı.

- Sol mədəciyə bax, Sevda... - Çox güman həkim ExoKG-ni göstərirdi tibb bacısına. Sakit səslə danışan həkimdən bahalı parfüm, tütün və konyak qoxusu gəlirdi. Qoca nəyi bacarmasa da, yaxşı konyakı nəm karton və yanmış şəkər iyi verən ucuz brendidən fərqləndirə bilirdi.

- Nə olub ki? - Sevdanın işvəli səsi eşidildi.

- Gör nə gündədir?

- Nə gündədir ki? - deyəsən Sevda həkimin göstərdiyi kağıza baxmadı, indi o, yüngül çırtmalarla şprisdəki havanı qovub çıxarmaqla məşğuldu.

- Küpə oxşayır... takotsubo kardiomiopatiyası.

- Nə kardiomiopatiyası?

- Takotsubo! Yaponcada tələ deməkdir, dənizdə səkkizayaq ovladıqları tələnin adıdır. Bizim küplərə oxşayır.

- Elə qəliz ibarələr mənlik deyil, adi infarktdır də. Üzünün rəngindən bilinir.

- İnfarkt deyil... Damarları tərtəmizdir... Həkimlər öz aralarında bu xəstəliyi "sınmış qəlb sindromu" adlandırırlar.

- Sınmış qəlb? Heç eşitməmişdim, şairanə adı var!

- Hə. Mərc gələ bilərəm ki, bu adam ya böyük bir xəyanətlə üzləşib, hansısa yaxınını itirib, ya illərlə əmək qoyduğu işi iflasa uğrayıb, ya da...

- Ya da nə?

- Nə bilim, bunabənzər bir şey... Fikir ver, mədəcik stress hormonlarının təsirindən formasını dəyişib. Bu yaşda kişilər nadir hallarda takotsubo olur. Bax, elə bu dəqiqə ləzzətli bir öpüş verməsən, mən də bunun gününə düşə bilərəm.

Yüngül süpürləşmə səsləri...

- Yavaş, görmürsən kirpikləri tərpənir? Ayılacaq indiyə... - Sevda konyak qoxuyan həkimin həmləsini dəf elədi.

- Boş ver. Halı özündə deyil, promedolun təsiri altındadır. Heç nə eşitmir, eşitdiyini də anlamır. Şokdan beyni donub. İndi ona hökm oxusan da, vecinə olmaz.

Qoca yenidən huşa getdi. Ayılanda ağrıları azalmışdı, beyninin içindəki uğultu səngimişdi, indi ona elə gəlirdi ki, sinəsinə nəsə iri, ağır, yad bir cisim yerləşdiriblər. Hələ də halsızdı, güc-bəla gözlərini açdı. Monitordan ona sarı cürbəcür məftillər, borucuqlar uzanırdı. Ağappaq tavanda uzunsov gündüz lampaları sıralanırdı. Palatada günəşdən uzaq, aristokratik, sirli bir solğunluq və səssizlik hökm sürürdü.

Hm, "sınıq qəlb" sindromu... Miyanə sevgi romanlarını süsləyən metafora tibbi diaqnoz kimi. Bundan qəşəng şort-hekayə çıxar. Maraqlı yazı da eləmək olar! "Maraqlı yazı" deyəndə, həftədə bir dəfə, ordan-burdan iyləyib-çüylədiyi mövzularda qələmə aldığı, qondarma imzayla bir araq puluna saytlara satdığı köşə yazısını nəzərdə tuturdu.

EKQ monitorunun səsi indiyəcən qulaq asdığı ən uzadılmış və monoton mətndir, bunu yaxşıca ixtisar edib, müəyyən dinamika vermək pis olmazdı.

Görəsən hansı xəstəxanadadır? Nə əcəb arayıb-axtaran yoxdur? Telefonu hanı? Ümumiyyətlə saat neçədir?

Jalüzdən içəriyə, hardasa top qovan zəif uşaq nidaları ilə birgə, axşam günəşinin solğun işığı süzülür, bəyaz xəstəxana divarlarını qırmızıya boyayırdı.

Bədəninin uyuşuğunu açmaq üçün ehmalca ayaqlarını hərəkət etdirmək, ləzzətlə gərnəşmək istədi, o dəqiqə monitorun səs tonu dəyişildi, aparat hədələyici ritmlə ötməyə başladı.

Bir dəqiqə sonra palatanın qapısı astadan cırıldadı. Tibb bacısı sistemi dəyişmək üçün gəlmişdi. Cavandı, amma hərəkətlərində çoxlu insan həyatının finalını görmüş qəribə bir yumşaqlıq vardı. Ağ bonenin altından əsmər saçları görsənirdi, saçlarını köhnə dəbdə kəsdirmişdi. Qocanın maraqla onu süzdüyünü görüb gülümsündü.

- Hər şey yaxşıdır, narahat olmayın.

- Baş üstə! - Qoca azacıq dikəldi.

- Çalışın, çox hərəkət eləməyin, - qız onun venasındakı iynəni düzəltdi, üstündən yeni plastır yapışdırdı. Yumşaq əllərinin istisi Qocanın bütün vücuduna yayıldı. Oho! Bəs bir dəqiqə öncə elə bilirdi ki, artıq bütün ehtiraslar səngiyib, öləziyib, daha ürəyinin sarı simi səslənmir, ilahi gözəlliklər qəlbindəki məsum qüvvələri hərəkətə gətirmir, od-alova çevirmir.

- Bu hansı xəstəxanadır?

- 39 nömrəli.

- Mənim telefonum hanı, bilmirsiniz?

- Bilmirəm, öyrənib deyərəm.

- Saat neçədir?

Çıxıb getməyə hazırlaşan qız qolunu qaldırıb, düymə böyüklüyündəki saatına baxdı.

- Yeddiyə işləyir.

Birdən-birə qəribə bir tənhalıq hissi Qocanın bütün varlığını sardı. Varından yox oldu, ona elə gəldi ki, tibb bacısı bu dəqiqə palatadan çıxsa, bir daha onu görməyəcək. Təlaşa qapıldı.

- Bir dəqiqə!

Qız qapının önündə ayaq saxlayıb, arxaya çevrildi. Üzünün ifadəsi sərtləşmişdi.

- Başqa xəstələrim də var.

Qoca pəncərənin önündə atılıb-qalmış kitabı göstərdi.

- Onu mənə verə bilərsiniz? Zəhmət olmasa...

Qız yırğalana-yırğalana qayıdıb kitabı götürdü, gözü həyətdə nəyəsə sataşdı, jalüzü aralayıb, maraqla pəncərədən eşiyə zilləndi. Sonra dinməzcə kitabı gətirib Qocanın tumbasının üstünə qoydu və ayaq saxlamadan çıxışa sarı yönəldi.

- Görün telefonum hardadır, xahiş edirəm, xəcalətinizdən çıxaram, - Qoca qızın arxasınca səsləndi.

- Öyrənib deyərəm, dedim, - qız qapının o üzündən cavab verdi.

Qoca aparatın bütün çıtırtı-patırtısına baxmayaraq, yerində dikəldi, əlini uzadıb kitabı götürdü. Cildi qoparılmış, müəllifi bilinməyən şeir kitabıydı. Kitabı ortasından açıb oxumağa başladı:

Axşam olur...

Qəribə hisdir, sizə deyim - elə bilirdim, heç zaman axşam olmur,

Səhərlər bir dəfə açılır, Allahın əmriylə, açılan güllər solmur.

Elə bilirdim, "şər qarışır" ifadəsi sadəcə metaforadır,

Metaforadır işığı udur, kölgələri çəkib uzadır...

Axşam olur...

Məni kamına çəkir qaranlıq, sinsi bir təşviş içimi bürüyür.

Gah şöngüyür, şırvanır, nəsə görübmüş kimi, gah hürür, gah kiriyir.

Şərqlə Qərb qovuşur, Yer Göylə birləşir,

Qanadlarımın tir-tir əsdiyini görüncə,

içini çəkə-çəkə gülür birrəngli xilqət,

Yəqin "nə ağılsız kəpənəkdir", - fikirləşir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!