Bədəndən Adəmə (Hekayə) - Vasif QURBANZADƏ

 

Baxışlarımız metroda yatan yaşlı kişinin üzərində toqquşdu. Mənə baxıb qımışdı. Bu təbəssümdə dərin bir məmnuniyyət hiss etdim. Mas-mavi gözlərində aləmin yeddisindəki heyrət işıq parlayırdı. Üzü xətti-tevhid qələmindən sətir, o sətirdə altı min altı yüz altmış altı ayə gizlədirdi. O, baxışlarını yanımdakı oturacaqda mürgüləyib mənə tərəf əyilmiş kişinin üzərində gəzdirdi.

...Qatara minib ətrafa baxdım. Bir boş yer vardı. Ayaq üstə qadın-qız olmadığına görə orda otura bilərdim. Oturdum da. İstirahət günüdür, deyə sıxlıq deyil.

"Növbəti stansiya Gənclik" səsləndi. Qatar Gəncliyə getsə də, mənim üzüm qocalığadır. Gənc qızlar əvvəlki kimi nəzərlərini mənə toxundurmur. Heç mən də onlara baxmıram. Ayıbdır. Bəlkə də baxardım, gəncliyi çox sevirəm. Onlara baxışımda dua var, alqış var. Amma, illər əvvəl qohumum olan tələbə qıza mən yaşda biri baxdığına görə aləm dəymişdi bir-birinə. Neçə gün axtardıq onu.

Qatar təzəcə yola düşmüşdü ki, yanımda oturan adamın mənə tərəf əyildiyini hiss elədim. İlk gözümə toxunan dizinə qoyduğu əlləri oldu. Cadar-cadar dərisi günəşin yandırdığı səhra torpağına bənzəyirdi. Dırnaqları çirkli, üst-başı nimdaş... Üzünün arpa dənəsi boyda olan tükləri onun küçələrdə qalan biri olmadığına and içirdi. Yarıqları dərələrə bənzəyən peysəri gözümün önünə gələnə qədər əyildi. Ağır bir qoxu yaladı burnumu. Elə bu an səksənib dikəldi. Qıpqırmızı gözlərini açıb utancaq halda oturanlara nəzər saldı. Qarşıda və yandakı oturacaqlardan bütün gözlər rentgen aparatı kimi şəklini çəkdi. Qarşı tərəfdəki şüşədən diqqətlə mənə baxdığını gördüm. Özümü elə apardım ki, guya ondan xəbərim yoxdur. Heç mənə tərəf əyildiyini də görməmişəm. Sərnişinlərin hamısının əksini yaxasından asmış şüşəyə baxa-baxa yenidən yuxu apardı onu. Yenə mənə tərəf əyilməyə başladı. Hər kəs baxırdı. Kimisi qımışır, kimisi acıyır.

O, əyildikcə mən yerimi elə tarazladım ki, başı qucağımda tutduğum gödəkçəmin üstündə bənd alsın. Ətrafdakıların reaksiyasından diqqətimi yayındırmaq üçün başındakı solğun rəngli ipləri çıxmış papağın deşiklərini saymağa başladım. O isə dərin yuxuya getmişdi. Nəfəsi dodaqları ilə rəqs eliyir, üzündəki gərginlik azalırdı. Qarşımızda oturanlardan iki nəfər yerini dəyişəndə anladım ki, buna səbəb onun ağzının suyunun cəhəngindən döşəməyə qədər yellənməsidir. Hətta mənə əlləri ilə "durquz!" işarəsi də verdilər. Amma oyatmaq fikrim yoxdu. Onu mənə göndərmişdilər. Qonaq idi. Sallanan qolunu tutub əlimdə saxladım ki, rahat olsun. Amma üzlərdə dərin bir gərginlik sezirdim. Yan-yörəmizdə mərhəmətdən daha çox qəddar baxışlar dolanırdı. Etinasızları rişxənd dolu nəzərlər gizlədirdi. "Elmlər Akademiyası"nda ətrafımızdakıların hamısı vaqonu tərk elədi; mənzil başına çatanlar da, çatmayanlar da. Bir qız qaldı. Gəncdi. Sakit halda mənə baxdığını ətrafımız boşalanda hiss elədim. Gözlərini üzümə dikmişdi. Ona yox, mənə... Baxışlarımızın toqquşması ildırım kimi şaqqıldadı, ya nə oldu, bilmirəm, adam qəflətən oyandı. Dik atılıb xəcalətli halda, heç nə demədən sürətli addımlarla vaqonun axırıncı qapısına doğru irəlilədi. Ayağını sanki heçliyə basan adam qorxaq nəzərlərlə dönüb geriyə baxdı. Elə baxdı, sanki son nəfəsdə fikrən ömrünə səyahətə çıxmışdı. Bu uzun və acı nəzərlər mənə ilişəndə başını aşağı saldı. Mənə pislik etmədiyimdən əmindim, amma o özünü günahkar kimi aparırdı. Baxışlarında böyük bir qəbahətin yandırıcı istisi vardı. Ara-ara günəş qovuran çöllərə "gərək onun qucağında yatmağıma imkan verməyəydi" təsəllisi meh əsdirirdi. Adam dayandığı nöqtədən dönüb xəcalət yağan baxışlarla baxdı... baxdı... baxdı... Və birdən "20 yanvar" stansiyasında düşüb getdi.

Mən isə enəcəyim stansiyanı unudub, gəlib çıxdım "Azadlıq"a.

Metrodan çıxanda qərb küləyi ətrafdakı binaların fasadını yalaya-yalaya özünü üzümə çırpanda hələ şimal soyuğunun sırsıraları kipriklərimdən sallanırdı. Qarışıq hisslər keçirirdim. Məmnundum, amma oyuncağı əlindən alınan uşaq kimi nəsə axtarırdım. İsti əllərimi sırsıralara çəkib əritdim ki, ətrafa dirigözlə baxım. Amma gözlərimi açdıqca amansız qərb küləyi tozu-torpağı bəbəklərimə çırpır, nəinki dünyanı, özümü görməyə imkan vermirdi. Vıyıltısı qulaqlarımı batırır, ondan başqa heç nə eşidə bilmirdim. Sığal kimi gəlib, sillə kimi gedirdi. Əlinə nə keçsə uçurub aparırdı, əlinə nə keçsə... Qadınların örpəyini, kişilərin papağını alıb aparırdı. Küləklə əlbəyaxa ola-ola özümü göy çadıra yetirdim, yaşıl ağacın kölgəsinə girmiş göy çadıra...

Ardımca hənirti duydum. O idi, metroda baxışlarım toqquşan gənc qız. Bayaqkı təbəssümü çöhrəsində götürüb dalımca gəlmişdi.

- Adınızı bilmək istədim - dedi.

- Dədə! - dedim.

- Amma nənə qucaq açar.

- Nənə Dədənin xanıdır.

- Bəs o kim idi?

- Görünənimi, görünməyənimi?

- Görünəni.

- Nənənin doğduğu.

- Bəs görünməyəni?

- Haqdan olan...

Daş kitabələr kimi dayanıb gözlərimin içinə baxdı... baxdı... baxdı... Mən də bir söz demədim. Oxudum... Oxudum... Oxudum... Keçmiş uzaqlaşdıqca gələcək yaxın oldu. Əslində gələcək də boşmuş, keçmişdən əzələ axın oldu. Biz də orda idik, axında... O da, mən də... Hamı eyni istiqamətə gedirdi, hamı... Kimisini sel aparırdı, kimisini yel... Biz üzə-üzə, süzə-süzə gedənlərin içində idik.

Ara-sıra qarşılaşırdıq, yolda, izdə... Əks istiqamətə gedən sürət qatarları kimi keçirdik bir-birimizin yanından. Onun da içi dolu, mənim də... Onun təbəssümü mənim aynama düşürdü, mənim intizarım onun duyğularında sorğulanırdı.

Günlərin birində gəldim ki, göy çadırın üstünə ayrı-ayrı rənglər yaxıblar. İçimin aynası çilikləndi. Başımı qaldırıb yaşıl ağaca baxdım. Dibinə çirkab töküb qurutmuşdular. Gözlə çətinliklə görünən uc hissəsində bir topa yaşıllıq qalmışdı. Amma bütün budaqları budanıb deyə ora çatmaq üçün uçmaq lazımdır.

Yox! Mən pəs edə bilmərəm. Mənama xilaf çıxa bilmərəm. Düşündüm ki, bura mənim yıxıldığım yerdir və hər kəs yıxıldığı yerdən qalxır. Mən mənanın yaşılına çatmaq üçün uçmağı öyrənməyə getdim.

Dolandım... Döndüm! Hər şeyin döndüyünü öyrəndim. Dərs ala-ala illərin pillələrinə addım atdım. Bilmədim enişdi, ya yoxuş. Əsası tərpəniş idi. Tərpənişi yanğıdan titrəyiş... Titrədikcə atəşim artdı. Atəşim artdıqca istimə könül qızdıranlar da artdı. Beləcə ömrü sərmayə edib, Adəm olmaq istədim. Sən demə, adamla bədən ayrı şeymiş. Bədəndən Adəmə keçdiyimi hər gün bir az artıq hiss etdim.

Günlərin birində poçt qutuma bir məktub gəldi:

"Sən Adəmsən, ya ondan da əvvəlsən, bilmirəm, amma sənə ehtiyacım var. Haradasan, necəsən, bilmirəm, bir "gəl!" de, gəlim!"

- Kimsən sən?

- Çadırı səma, bayrağı günəş olan.

- Ahhhh! Gəlll! - dedim, - ünvan yazım? - sual etdim.

- Bədənin ünvanı olar, Adəmin yox.

- Kişisən, ya qadın? - soruşdum.

- Eşq könül işidir, onun cinsi olmaz.

- Bəs məndən nə istəyirsən?

- Dünyada olmayan şeyi.

Həyatımda ilk dəfə tərəddüdü yaxına buraxmadım. Bir insanın mənə ehtiyacı vardı. Biz onunla Bilgəh qayalıqlarında görüşdük. Göy üzünün hüznə qərq olduğu bir gündə. Göy üzünün günəşi götürüb bulud gərdəyinin arxasına çəkildiyi bir vaxtda. Bir qayanın üstündə yan-yana oturub sükut etdik. Göy sakit, yer sakit, bulud sakit, dəniz sakit... Bakının sevgilisi olan külək də dərin bir sevişmədən sonra yuxuya getmişdi. Mən onun nəfəsini eşidirdim. Yəqin o da mənim nəfəsimin onun dərdlərinə "huu" deyişini duyurdu. Mənim gözlərim uzaqlardakı batışda idi. Onun baxışları isə yorğun olsa da, doğuş qütbünü işıqlandırırdı. Sən demə, doğuşla batış eyni nöqtəymiş.

Bir də hiss elədim ki, danışır, özündən danışır:

- Mən doğulanda payız ayıymış. Günəşin batan vaxtı. Soyuq bir gün... Üşüməyə elə onda başlamışam. Dünyada hər kimsəm olub, yenə də var, amma həmişə üşümüşəm. Həyatı anlayanda atama "ata" deyə bilmirdim. Gündə neçə dəfə qarşılaşsaq, məni qucaqlayar, saçlarımı qoxulayar, öpər, oxşayardı. Amma, mən hiss edə bilmirdim onu. Atam olduğunu hiss edə bilmirdim. Ondan bir istəyim olanda "olar, bir söz deyim..." deyərdim, "ata, olar bir söz deyim?" dediyim yadıma düşmür. Bilmirəm, ruhum ondan nə vaxt incimişdi, amma onun qayğıma qalması bazardan alınan bahalı əşya kimi idi. Hə, həmişə varıydı, amma hiss edə bilmirdim, yaşaya bilmirdim. Onun sığalları canımı sıxa-sıxa böyüyürdüm. Yeddi yaşımda sezdim ki, atam anama ilgisizdir. Yavaş-yavaş anladım ki, onlar bir dam altında olsalar da, bir-birinə yaddırlar. O yadlıq bizim ailə olmağımıza imkan verməmişdi. Atamın anama olan biganəliyi, yadlığı zaman-zaman içimə çökmüş məni ondan ayrı salmışdı. Bunu anlayanda on altı yaşında idim. Onlar yaşım qədər zamanı özlərini bir yerdə yaşamağa məcbur etmişdilər. Anam üzümə gülüb özünü xoşbəxt göstərsə də, bu illər ərzində içindəki bütün təlatümləri fəhm etmişdim. Çox ağır keçmişdi, çox...

Evlənəndən bir müddət sonra hər ikisi yanlış etdiklərini anlasa da, anamın mənə hamilə qalmağı onların dünya hürriyyətini əllərindən alıb. "Uşaq dünyaya gəlsin, sonra baxarıq", deyiblər. Süni sevgi də qurmaq istəyiblər aralarında, dünyaya gələcək uşaq naminə sevgi... Amma sən demə, bu dünyadan başqa hər yerdə könüllər görülürmüş. Mən onları özlərindən daha yaxşı hiss etmişəm. Onlar bir-biri ilə məni aldatmaq üçün razılığa gəlsə də, mən aldanmamışam. Bəlkə də, atamla aramdakı soyuqluğun birinci səbəbi mənə yönəlik ilk addımının saxta olmasıdır. Münasibətinin yox ha, mənə görə atdığı ilk addımın...

Anam onu sevməyən bir adamın evində illərini keçirib. Nədir ki, uşağı atasız böyüməsin. Uşaq atadan daha çox, onun anasını sevən adamı hiss eliyir. Xüsusilə, qız uşağı... Anamın bətnində olanda mən atamdan heç bir ismarış almamışdım. Dünyaya gələndən sonra da onun aldıqlarından daha çox anamın hiss etdikləri ilə qidalandım. Anama qarşı hirsliydim. O, bir qadını bir kişinin evində əzmişdi. Bəlkə də anam daha çox günahkardır, amma onu hiss edirdim, dərdini, acısını duyurdum. O, bütün sevgisini mənə vermişdi. Atamdan kəsdiyini də... Məncə, onlar ayrılıb hərəsi öz dünyasını yaşasaydı mənə daha yaxşı olardı. Nə bilim, bəlkə də əksinə. Qiymətləndirmək çətindir.

İllər keçdikcə mən daha çox tənhalaşdım. Çünki ilk tanış olduğum insanlar tənha idi. İki tənha insan məni əhatə edən mühitin torpağını, səmasını təşkil edirdi.

Bir dəfə - bir az duruxub uzaqlara baxdı - altı-yeddi yaşım olardı, bir yerdə səyahətə çıxdıq. Atam maşını sürür, anam da qabaq oturacaqda oturmuşdu. Mən arxada olsam da, qollarımı hər iki oturacağın boyunluğuna keçirib onların arasına girmişdim. Gah atama, gah anama baxır, onları səbəbsizcə öpüşlərimə qərq eliyirdim. Elə bilirdim ki, mənim qollarım onları bir-birinə bağlayır. Hə, həqiqətən də, mən onları bir-birinə bağlayırdım, amma sərhədlər çox sərt qorunurmuş. O qədər sərt ki, cəhd belə yoxmuş.

Gəlib bir yerə çatdıq. Qəşəng bir istirahət mərkəzi idi. Mən sevincək özümü ora-bura vurub, ərazini tanımaq istədim. Atam bələdçiyə əşyalarımızı götürüb, anamı qalacağımız nömrəyə qədər müşayiət etməsini tapşırdıqdan sonra əlimdən tutub "gəl, çiçəyim!" deyərək, uşaq attraksionları olan istiqamətə yönəldi. Uçurdum. Atam burada marağımı çəkəcək hər yeri göstərir əylənməyimə kömək edirdi. Suallar yağdırırdım, o da səbirlə cavablandırır, hər şeyin ürəyimcə olması üçün dəridən-qabıqdan çıxırdı. Attraksionları əvəzlədikcə mənə əl yelləyir, üzünü gülüşlər oxşayırdı. Hətta, bəzilərinə, qorxulu olduğu üçün mənimlə bərabər o da mindi. Nə isə... Xeyli əyləndim, xeyli... Tam yorulandan sonra otağa getdik.

Anamın ağladığını otağa girən kimi hiss elədim. O, mənə bildirməmək üçün üzünə uralanmış bulanıq təbəssüm qondurmuşdu. Əyilib məni qucaqlayanda üzünün nəmi qurumamışdı. Düşündüm ki, atam məni əylənməyə aparanda onu otağa göndərdiyinə görə belə pərişandır. Uşaq olsam da, içimdən nazik bir qaynar dalğa keçdi. Anamsız getdiyimə üzüldüm. Əslində, əyləndiyim anlarda da onu unutmamışdım. O günə qədər məni heç vaxt tək qoymamışdı. İndi mən ilk fürsətdə onu buraxıb getmişdim, bir saatlıq da olsa tərk eləmişdim. Bəlkə də vəfasızlıq eləmişdim. Həmişəki kimi iki əlimlə əlindən bərk-bərk yapışıb, qıçına qısılmamışdım. Qollarımı açıb qıçlarını qucaqlayıb, altdan yuxarı gözlərinə dikilməmişdim. Bəlkə də anamın pərişanlığının səbəbi atamın onun da bizimlə getməsinə təşəbbüs etməməsi olduğu qədər, mənim də onsuz getməyimdi. Anam acısını özüylə bərabər gətirmişdi. Amma halının təlx olduğunu duyduğumu hiss etdirmədim. Artıq mən də onlar kimi artistlik etməyi bacarırdım, yəqin ki...

Yorulmuşdum. Başımı qucağına qoyub, əyləncədə olanlar, gördüklərim, uşaqlıq heyrətimi təşkil edən nəsnələr haqqında həvəslə danışırdım. O da saçımı sığallaya-sığallaya sakit-sakit dinləyirdi. Ara-sıra göz-qaş hərəkətləri ilə mənim heyrətimə ortaq olurdu. Eləcə yuxu tutub yatmışam. Gecəni səhərə qədər tez-tez oyanmışdım. Səyahətə getməyin həyəcanı qoyardımı yatam... Oyandıqca durub tumbanın üstündəki gəlincikli saata baxırdım. Atam almışdı. Hələ də saxlayıram. Əslində uşaqlığımdan saxladığım çox şey var. Hərəsi özüylə bir yığın xatirə gətirib. Hamısını da atam alıb, "ata" deyə bilmədiyim adam... Mənə elə gəlir ki, oyuncaqları mənim onu sevməyim üçün alıb, əylənməyim üçün, mənə faydalı olması üçün yox.

Oyananda pəncərədən atamın eyvanda papiros çəkdiyini gördüm. Halından heç nəyin ürəyincə olmadığı bilinirdi. Anam da kiminləsə dərdləşirmiş kimi "burada o qədər olub ki, hər yırtıq-deşiyini bilir" pıçıltısını eşitdim. Sən demə, buraya çatan kimi atamın mənə "gəl, sənə qəşəng şeylər göstərəcəm" deməsi toxunub ona. Çox sonralar anladım ki, atamın buraya başqaları ilə gəlməsinə üzülüb. Bax də, sən Allah... Ay zalımın qızı, axı bunun heç yeri yoxdur. Bu adamın istədiyi kimi yaşamağı sənin yadına indi düşüb?.. Bu hala qalacaqdın, gəlməzdin də... Onda anlamırdım, amma indi qınayıram. Əgər istirahət adına gəldiyin yerdə də əzab çəkəcəyini bilirsən, niyə gəlirsən?.. Atamla heç vaxt barışa bilməsəm də, kişi olsaydım, mən də anam kimi qadına belə davranardım. Heç nədən razı qala bilmirdi. Bunu açıq da demir, etiraz eləmirdi. Nə vaxt baxırdın, ya dilinin altda mızıldanır, ya özüylə danışır. Ürəyində olanlardan yataq otağındakı güzgüdən başqa xəbəri olan yox idi. Birdən durduğu yerdə ağlayar, ağrılı bir görkəm alardı. Gah da çiçək kimi açar, hətta zarafat edərdi. Əksərən bu zarafatlar atamın ürəyincə olmurdu. Belə olanda o, anamı danlayırdı. Anam işığı olan, amma onu yandıra bilməyən qadındır. Məncə, o, istək yarada bilmirdi, sevgiyə ünvan olmağı bacarmırdı. Hə, gözəldi, safdı, amma onda bir erkəyi yanında saxlaya bilmək cəsarəti yox idi. Atam sevgi dolu adamdı, anam isə o sevgiyə yurd ola bilmirdi.

İllər yıxıla-dura keçdi. Mən hər şeyin gözəl göründüyü saxta bir mühitdə böyüyüb boya-başa çatdım. Yeməklərin ən yaxşısını yedim, geyimlərin ən gözəlindən geydim, məktəblərin ən zənginində oxudum. Hamının valideyn iclasına anası gedəndə, mənim üçün atamla anam bir yerdə gəlirdi. Yanaşı gəzib, uzaq olan adamlar... Evin tək uşağı olsam da ərköyünlük edə bilmirdim. Əslində, gözümlə gördüyüm bir çətinlik, travma olmasa da inamım zədəliydi. Əsəbiydim, dalğındım. Fikrimi bir yerə cəmləyə bilməsəm də universitetə daxil oldum, istədiyim fakültəyə. Oxudum. Tələbə yoldaşlarımı doğmalarımdan daha çox sevməyə başladım. Çünki doğma dediklərim atamla-anamın qohum əqrəbasıydı. Məni sevsələr də onlara qanım qaynamırdı. Çünki, biz üçümüz bir yerdə onların heç birisinin evində qonaq olmamışdıq. Həmişə ya anamla, ya atamla...

...O, danışdıqca oğlumun görkəmi gözümün önündən keçirdi. Onun da uşaqlığı bu qız kimi keçmişdi. O da ata sevgisi, ana sevgisi görmüşdü. Amma heç vaxt ailəsi olmamışdı. O da mənə "ata" deyə bilmirdi. Böyüyüb öz ayaqları üstündə dayana bildiyini anlayandan sonra çıxıb getdi. Xaricdə oxumağa getdi. Və qayıtmadı. İndi iyirmi yeddi yaşı var. Təbrizli bir qızla da ailə qurub. Öz həyatını yaşayır. Ona nəzərən mən də, anası da öz həyatımızı yaşamışdıq. Hamıya paylaşdığımız sevgini bir-birimizə verə bilməmişdik. Ətrafımızı yandıran istimiz öz evimizi isidə bilmirdi. İndi oğlumun hərarətini telefonda, ya da görüntülü zənglərində hiss eliyirəm. O hərarət bizim yan-yörəmizə hərlənmir. Biz bilirik ki, bir oğlumuz var, o da bilir ki, atası və anası məlumdur. Onun yetimlər evində böyüyənlərdən yeganə fərqi ata-anasının üzünü bütün zamanlarda xatırlamasıdır.

Bəzən özümü övlad qatili sayıram. Hə, mən bir insan böyütmüşəm, amma oğul yetişdirə bilməmişəm. Mən onun bioloji atasıyam, amma onun atası yoxdur. Çünki o, "ata" deyə bilmir. Qəlbindəki ata anlamını uşaqlıqdan bu yana itirib. Bu kin deyil. Onun kini yoxdur. O atasını tanıyır, həm də lap yaxşı tanıyır, amma "ata" deyə bilmir. Onun "ata" kəlməsini qəlbindən dilinə gətirən rabitə uşaq vaxtı qırılıb.

Mən özüm uşaq olanda atamdan bərk qorxardım. Amma bu mənim "ata" deməyimə mane olmazdı. Oğlumu heç vaxt qorxutmamışam. Ona hamıdan artıq ilgim olub. Amma anası ilə aramızdakı sərinlik onu buz parçasına döndərib. Mən onu çox sevirəm, çox... Burnumun ucu göynəyir ondan ötrü. Bəzən onu bircə dəfə bağrıma basmaq, mənə "ata" deməsi üçün canımı verməyə hazır olduğumu düşünürəm, amma... Eh, günah yanlış seçimlərdədir. Daha doğrusu, yanlış seçim edənlərdə... Elə biri mən özüm... Onun anası ilə alınmayacağını evlənməmişdən anlamışdım. Atam-anam da razı deyildi. Mən inad etdim. Valideynlərimin etirazına görə inad etdim. Amma, onlar etiraz etmək əvəzinə, buna bir çözüm bula bilsəydilər, indi olanlar olmazdı, bəlkə də...

Xəyallar məni qayıtması mümkün olmayan illərə apardı. Birdən ayıldım ki, o, danışmağa davam eliyir:

- Anamın dayısı nəvəsi ilə ailə qurdum. Bir yerdə oxumuşuq. Məndən üç yaş böyükdür, əsgərliyi çəkəndən sonra universitetə daxil olub. Yaxşı insandır. Çox istəyirəm. Bütün kişilərin fikirləşdiyi kimi bir qadının xoşbəxt olması üçün şərtlər hamısı yerindədi. Ev-eşik, maşın, pul... bir sözlə, hər şey... Ye, iç, gəz, istirahət elə, yaşa... Amma, qadının xoşbəxtlik anlayışı ilə kişinin xoşbəxtlik ölçüləri uyuşmur. Mənə həyatın dəbdəbəsi cəlbedici deyil, münasibətin ilıqlığı dəbdəbəlidir. Mənim üçün hər şeyi edir. Amma sinəsində sığınacaq tapa bilmirəm. Qaçıb pənah aparacağım kimsə ola bilmir. Dərdləşə bilmirəm. İstəklərimi tam aça bilmirəm. Nə istəsəm, həyata keçirir, amma borc kimi... Vəzifəsinin tələbi kimi edir, sevgisinin gərəyi kimi yox. Hər gün evə gəldiyi vaxta qədər süslənirəm, səliqəli geyinir, ən gözəl ətrimi vururam. Qapını üzünə şənliklə açıram, "xoş gəldiiiin"in "i"sini bilərək uzadıram. O isə sakit bir "salam" verib, əl-üzünü soyuq suyla yuyub yemək masasına keçir. Elə bil qaradinməz oyunu oynayırıq. Qab-qacaq şənlik edir, çəngəl-bıçaq həzzlə rəqs edir. Amma biz çal-çağırdan özümüzə pay götürə bilmirik. 

Bir neçə gün əvvəl tətildən qayıtmışıq. On gündən artıq zaman içərisində bəlkə də on kəlmə kəsmədik. Əvvəllər mən sevgimi izhar edə bilirdim, cavabı həzin bir gülümsəmədən o yana olmurdu. Zaman keçdikcə mən də söndüm, deyə bilmədim. Sən demə, demək lazımmış. Məncə, insan sevmədiyi birinə də dilində sevgi izhar etsə, o hiss qəlbinə enə bilər. Dedikcə insan inanır axı. Demədikcə unuduram.

Danışdıqca boşaldığını, rahatlaşdığını hiss edirdim. Sanki, qaralmış göy üzü müdhiş bir leysandan sonra aydınlanırdı. Mən artıq onun səmasında göy qurşağı görürdüm. Dinlədikcə yanağında çiçəklər açırdı. Gözləri günəş kimi parlayır, nəfəsi rəvan olurdu. Diqqətimi ondan ayırmadan kişilərin ruh qatili olduğunu düşündüm. Axı niyə bu incə varlıqları əzirik, qırırıq?..

Payızın dalğın havasına bənzər bir qüssə vardı gözlərində. Çöhrəsi sarı yarpaqlarına bənzər hüznə yuva olmaqda idi. Dodaqlarında həyəcanlı bir təbəssüm dolaşırdı. Sönüb-yanan fənərə bənzəyən bu təbəssümə onun xəyalının güngörməzindəki üfüqlərin əksi düşürdü. O, danışırdı. Mövzu dolanıb mənə gəlmişdi. Bölüşmək üçün niyə məni seçdiyinin səbəbini izah etməyə çalışırdı:

Mən ən böyük dərsi o vaxt metroda aldım. İnsanın nə boyda olduğunu gördüm. Hər üşüyəndə o şəkil canlandı gözüm önündə. Bilirsiniz necədir?.. Həqiqi dünyanı biz özümüz qururuq. O dünyanın istisi-soyuğu bizi əhatə edənlərdir. Mən bircə dəfə isinmişəm. Onda... O adam sizin qucağınızda yatanda... Hər sazağa düşəndə üzüm ordan isti alıb.

Həmin gün dəniz əsəbi idi. Gah sahildəki qayaları döyəcləyir, gah da əllərini öz başına çırpırdı. Elə ilk dəqiqədən üşüdüyünü hiss eləsəm də, heç nə demədim. İkimiz də uzaqdakı naməlum nöqtəyə baxdıq. Onun özgürlüyü, özgüvəni, dünyaya baxışı məni ruhlandırdı. Hiss etdim ki, oralar onu özünə misilsiz bir həsrətlə çəkir. Əlindən tutub keçirdim ora. Hər yer bir müddət sonra darıxdırıcıdır, vətəndən başqa... Sirr getdiyin yerin vətənin olub-olmamağındadır. Mən ona dikəlməyi üçün bir nöqtə göstərdim. Orada ucala biləcəyini anlatdım. O, bu nöqtədə özünə ucu-bucağı görünməyən bir aləm qurdu. Hər gün günəşdən bir addım əvvəl doğdum, gecə yarısına qədər dayandım, durdum, var oldum. İçinin bütün arzularını səhifələrimə yazdı. Bütün istəklərini ovuclarımda duaya çevirdi. Həə... Buraya bilirsən, necə gəldim?.. - məndən izn almadan addım atmamağı tələb etməklə... Bu bir diqqət nümayişi idi. Bununla, ona əhəmiyyət verdiyimi, həm də çox əhəmiyyət verdiyimi nümayiş etdirirdim. Bunun doğru hərəkət olmadığını anlayırdım. Amma lazım idi. Onun həyatının hərarətə ehtiyacı vardı.

Əslində mən onun sandığı kimi gözəl adam deyiləm, amma onun baxışı o qədər gözəldi ki, onun gördüyü kimi olmaq istədim. Bu, elə də çətin olmadı. Sən demə, yaxşı adam olmaq üçün pis əməlləri tərk etmək lazım imiş. Mən bacardım.

Bilmirəm, bu qayanın üstündə nə qədər zaman keçdi, neçə saat, neçə ay, neçə il... Hiss etdim ki, sağa əyilir, mənə tərəf... Qəlbim daha da isindi. İçimin atəşi üzümü qarsdı. Sual dolu ömrümün ən aydın guşəsində növbəti cavabsız sualın qəbri qazıldı. Nə qədər sual dəfn olunmuşdu məndə, nə qədər... Sevgi şəhəri sayılan adam sual qəbiristanına çevrilirdi. O isə... İllər üzünü yonub, yollar dizini. Yanağı təravətini itirib, əlləri hərarətini.

O, sakit-sakit əyilib, illər əvvəl metrodakı adamsayağı qucağıma sığındı. Nə xoş ki, mən onun sağında idim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!