Fırr eləyib özünü atdı bayıra, kolibri quşuna döndü elə bil: pırıldayıb pilləkənləri hoppana-hoppana aşağı düşdü, küçəyə çıxdı, həmişəki kimi baxışlarını ayaqlarının altından ayırmadan, becid-becid addımlayıb üz qoydu avtobus dayanacağına.
Yaşadığı binadan bir xeyli aralanmışdı. Birdən başını qaldırdı, yoldan ötən adamları görüncə qanı qaraldı, küsdü həyatından: anladı ki, maskasını taxmağı unudub.
Ah, o necə də koronavirusun saçlarından tutub yolardı, çəngə-çəngə atardı onları Bakı küləyinin üstünə...
Amma bu saçları Günelə kim verəcəkdi ki?!.
Sustaldı, əl-qolu boşaldı. Pandemiya onu təngə gətirmişdi. İstədi yaxın apteklərin birindən maska alsın, bağlı oldu.
Avtobusa maskasız minə bilməyəcəkdi. Mütləq geri qayıtmalıydı.
Doluxsundu, sinirlərini barmaqları arasında ovuşdura-ovuşdura, dönüb qara fraklı pinqvinlər kimi bir ayaq-bir ayaq, suyu süzülə-süzülə getdi evlərinə sarı əlacsız...
Yox, o, getmədi, bədənindən yapışıb sürüdü onu yaşadığı binaya tərəf... Utanmasaydı dizlərini yerə vurub hönkür-hönkür ağlayardı: koronavirusun təzəliklə boğub öldürdüyü atasını xatırlamışdı...
Sentyabrın 30-u idi.
Bakı ürəyinə Şuşa qalasını döydürmüşdü, gözlərinə Qarabağın xəritəsini çəkdirmişdi, Azərbaycan bayrağını əyninə paltar eləmişdi.
Avtobus gözləyənlərin sayı çoxalırdı.
Dayanacaqda qəribə bir vəziyyət vardı: heç kim heç kimə heç nə demirdi, amma hamı danışırdı, danışırdı, danışıb qurtardıqdan sonra bir-birini səssizcə alqışlayırdı və çönüb avtobus dayanacağından asılmış Azərbaycan bayrağına heyran-heyran baxırdı.
Günel artıq geri dönmüşdü, qara tənzif maskanı taxıb camaata qatılmışdı. Birdən rəfiqəsindən mesaj gəldi. Cəmi bir cümlə yazılmışdı: "Bilirsən, camaat Paşinyana nə ləqəb qoşub: hambal Aşot... ha... ha... ha..."
Hava yavaşca istilənirdi. Günel rəfiqəsinin şəbədəsinə gülümsəmədi: işə tələsirdi, avtobus da tərslikdən gecikirdi. Tıncıxdı, darıxdı, maskasını aşağı sürüşdürüb çənəsinin altına saldı, sağ əlini yellədib qarşısından ötüşən taksini saxlatdırmağa cəhd elədi. Maşın dayanmadı, şütüyüb keçdi. Qız lap dilxor oldu, əlüstü telefona əl atdı ki, "189"a zəng vursun, taksi sifariş versin. Günel taksi xidmətinin nömrəsini yığmağa macal tapmamış, qətəcər alov rəngli bir "Nissan-murano" onun qənşərində əyləci basdı. Günay sevincək səkidən endi, yeyin addımlarla maşının pəncərəsinə yaxınlaşıb içəri boylandı:
- Salam, məni "Kristal Plaza"ya apararsınız?
- Problem deyil, əyləşin, yol bizi gözləyir.
- Qoy gözləsin, amma siz əvvəlcə mənə deyin, nə alacaqsınız, mən də işimi bilim?
- Heç nə.
- Necə yəni heç nə?
Günel qafasını çevirib digər sərnişinlərin üzünə baxdı: etinasız bir tövrlə qarşılaşdı. Ətli-qanlı üç qadın sıxlaşıb bir-birinə qısılmışdı: görünür, onlar şoferin yanında əyləşməyi öz "evdar xanım" statuslarına uyğun bilməmişdilər; cınqırları da çıxmırdı; mümkün ki, bir-birlərini heç tanımırdılar da: amma Güneli altdan-altdan diqqətlə süzürdülər.
Hövsələsi daralan sürücü azacıq səsini yüksəltdi:
- Siz Allah, əyləşin, xanım, pulun heç bir önəmi yoxdur.
- Anlamadım, mən gərək haqqımı ödəyəm axı.
- Ləngitməyin bizi, əyləşin, hələ bir mənzil başına çataq, orda halallaşarıq.
Günel ürəyində tutmuşdu ki, əgər şoferə 5 manat ödəsə, artıqlaması ilə kifayət eləyər. Ona görə çənə-boğaz döymədən, tərəddüdsüz-filansız maşının qapısını açıb qabaq oturacaqda yerini rahatladı.
Şofer 25-30 yaşlarında cavan, arıq bir oğlan idi: külrəngi bukle pencək, cığaradan təzə açılmış qara sızıqlı, ağ köynək, lazerlə vurdurulmuş nazik saqqal ona xüsusi yaraşıq gətirirdi.
Maşın avtobus dayanacağından aralanıb ehmalca magistrala buruldu.
- Siz necə duydunuz ki, mən telefonla taksi xidmətinə zəng vururam? - deyə Günel adi nəvaziş xatirinə soruşdu.
- Heç nə duyub-eləmədim, xanım. Sadəcə, bir az öncə gördüm ki, siz taksi saxlatdırmağa çalışdınız, osa yanınızdan vıyıldayıb getdi. Mənim də boş bir yerim qalmışdı, dedim, qoy, bu cavan qızı götürüm, özümə bir dua qazanım.
- Duanı da qazanmaq lazımdı, bəyəm? Yox, fikrinizi düzgün ifadə etmədiniz, dili korlamayın: dua edilir, dua oxunur, səvab isə qazanılır.
Şoferdən cavab gəlmədi.
Günel də boş danışdığını, yersiz danışdığını, danışmaq xatirinə danışdığını düşünüb peşman-peşman susdu.
Radio FM ara vermədən Azərbaycan ordusunun cəbhə bölgəsində göstərdiyi rəşadət, hünər barəsində efirə məlumat yayırdı. Hiss olunurdu ki, diktorlar bu informasiyaları adi xəbərlər kimi paylaşmırlar, onları öz duyğularından, yaşantılarından keçirib, üstünə fərəh damcıları damızdırıb, çox emosional bir tərzdə radioməkana ötürürlər. Diktorlar xəbərləri oxuya-oxuya döyüş bölgələri üzərindən sanki dronlar kimi uçub həmin zonalardan reportaj hazırlayan müxbirləri də efirə qoşurdular. Hamı qələbəyə köklənib söz söyləyirdi, söylədiyi sözündə, intonasiyasında Azərbaycan torpaqlarının geri alınacağı günü səbirsizliklə yaxınlaşdırmaq istəyirdi.
Bu xəbərləri eşitdikcə Günelin ovqatı durulurdu, gözləri parıldayırdı. Ona elə gəlirdi ki, taksi şəhərlə yox, cəbhə bölgəsilə irəliləyir. Ona elə gəlirdi ki, bütün səmadan Azərbaycan bayraqları asılıb. Ona elə gəlirdi ki, əlini pəncərədən uzadıb bu ay-ulduzlu bayraqlara toxuna bilər. Ona elə gəlirdi ki, taksi dayanan kimi Azərbaycan himni çalınacaq və camaata qələbə müjdəsi veriləcək.
Günel pandemiyanı və maskasını unutmuşdu.
Tıxac olmadığından maşın yetərincə sürətlə irəliləyirdi.
- Xanım qız, "Kristal Plaza"ya az qalır: deyərsiniz, harada saxlayım.
Günel bir anlığa çaşdı, inanmadı ki, marşrutun sonudur:
- Zəhmət olmasa, bir az qabaqda saxlarsız, "Kristal Plaza"ya burulmadan, bax, o marketin yanında, bəzi şeylər var, alasıyam.
- Tamam.
Radioda Şəmistan Əlizamanlının oxuduğu "Cənab leytenant" adlı mahnı səsləndirilirdi.
Arxa oturacaqda əyləşmiş qadınlar axıracan bir kəlmə də kəsmədilər. Cəmi bir dəfə şofer onlara dedi ki, heç narahat olmasınlar, hamını vaxtında öz mənzilinə çatdıracaq.
Günel saatına baxdı: artıq 8 dəqiqə idi ki, işə gecikirdi.
Taksi marketin qənşərində dayandı. Günel maşından düşdü, cüzdanından 5 manat götürüb sürücüyə uzatdı:
- Götürün, təşəkkür edirəm.
- Xanım qız, mən heç kimdən pul götürmürəm.
- Nə üçün, məgər bu taksi deyil?
- Yox, xanım, bu, şəxsi maşındır. Mən söz vermişəm ki, Azərbaycanda müharibə bitənə kimi yolboyu ehtiyacı olan bütün insanları mənzil başına pulsuz çatdırım. Heç olmasa, bu şəkildə öz vətən borcumu yerinə yetirim.
- Üzr istəyirəm, əgər içinizdə bu qədər yanğı, bu qədər vətən sevgisi varsa, niyə cəbhəyə getmirsiniz ki?
Şofer udqundu: sanki kimsə yarasına duz basdı, iki əlini də var gücü ilə sükana çırpıb acıqla Günelin gözlərinin içinə baxa-baxa bərkdən dilləndi:
- Aparmırlar, xanım, aparmırlar da. Mən talassemiya daşıyıcısıyam.
Günel xəcalətindən elə bil ki, balacalaşdı, pərt şəkildə şoferə astadan "çox sağ olun" deyib, ehmalca maşının qapısını örtdü.
Alov rəngli "Nissan-murano" aramla, amma məğrur-məğrur qızdan uzaqlaşmağa başladı.
Günel təkərlərin əsəbiləşdiyini eşitdi.
O, "Qız qalası"nın böyründəki pillələrlə İçərişəhərə doğru qalxa-qalxa fikirləşirdi ki, mütləq bu oğlanı axtarıb tapacaq və mütləq ona ərə gedəcək. Özü fikirləşdiyinə özü də dodaqaltı gülümsünürdü.
Hər halda Günel maşının nömrəsini götürmüşdü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
