AVATAR - ADƏM

 

Əl yazısı ilə tələsik qeyd olunmuş hesab kağızı bəzi kafelərdə zibil qabı kimi istifadə olunan, stəkandan bir azca böyük metal vedrənin içində, masanın tam kənarına qoyulmuşdu.

Avatar qabın içindən boylanan kağıza baxıb təəccübləndi. Beynindən ilk keçən fikir bu oldu: "Ya heç nə yeməyiblər, ya da sakitcə öz hesablarını bağlayıb gediblər".

- Tərbiyəsizlərə bax ha... Yaxşı, bəs mənim hesabıma nə olmuşdu? Nə qədərdir? - deyə pıçıldadı. Gözü yekun rəqəmə sataşdı, - Cəmi 33 manat. 20 dollardan da az...

Bu onun təzə adəti idi - son vaxtlar hər hesabı dollar ekvivalentinə çevirirdi. Bir neçə ay əvvəl paytaxtın tanınmış özəl məktəblərinin birindən iş təklifi almışdı. Günlərlə, gecələrlə götür-qoy etmişdi. Yeni təklifin ən cazibəli hissəsi maaşın dollarla veriləcəyi vədi idi. Qərar verməkdə gecikmiş, tərəddüdləri ucbatından təklifdən imtina edilmişdi. O gündən bəri daxilində qəribə xəstəlik baş qaldırmışdı: marketdəki xərclərini, başqalarının qazanclarını, özünə bağlı olan və ya olmayan bütün məbləğləri mütləq dollara çevirir, qaçırdığı o şansı hər rəqəmdə yenidən axtarırdı.

Ofisiantı çağırıb hər şeyi dəqiqləşdirmək, qonaqların hesabını kimin verdiyini və həmin şəxsin niyə məhz Avatarın balıq pulunu ödəmədiyini soruşmaq istədi. Amma bir az gözləməyə qərar verdi. Əlini şalvarın cibinə saldı, bir neçə bank kartı və səliqəsiz şəkildə komalanmış kağız pulları çıxarıb masaya qoydu. Düşündü ki, əvvəlcə masadakılardan kimin bu tərbiyəsizliyi etdiyini özü təxmin etsin, sonra ofisiantdan soruşub fəhmini yoxlayar.

Bunu tapmaq üçün isə zamanın çarxını geri fırlatmalı, təxminən, iki-üç saat əvvələ qayıtmalı idi...

İkinci növbənin sonuncu dərsindən çıxanda çölün boz, soyuq havası üzünə çırpıldı. Şam yeməyi üçün uyğun vaxt idi. Yorğun bədənini məktəbdən çox da uzaq olmayan o tanış məhəllə kafesinə saldı. Adətən dostları ilə əyləşdiyi uzun masaya tərəf addımladı. Tam mərkəzdəki oturacağı çəkib əyləşdi.

Ofisiant yaxınlaşanda sifarişini birnəfəsə dedi:

- Farel balığı, bir qədəh qırmızı şərab və mayasız çörək.

Gözləyərkən masanın üzərindəki şüşə sürahidən stəkana su süzdü, sadəcə dodaqlarını islatdı. Sadə, dadsız su içməyi heç sevməzdi. Heç nə olmayanda mütləq suyun içinə ya bir neçə damcı limon sıxar, ya da bir dilim alma atıb elə içərdi; əlavə dadlandırıcı olmadan çiy su onun boğazından keçmirdi.

Az sonra ofisiant incə qədəhlə qayıtdı. Avatar qırmızı kəmturş şərabdan bir qurtum daddı. Dadı damağına xoş gəldi, üzündə yüngül təbəssüm yarandı. Sifarişin tam gəlməsinə, balığın manqalda bişməsinə hələ ən azı on beş-iyirmi dəqiqə vaxt var idi.

Bax, elə bu an kafenin qapısı açıldı və masaya doğru yetmiş beş yaşlı bir kişi yaxınlaşdı. Heç nə demədən, icazə istəmədən oturacağı çəkdi və Avatardan tam beş masa aralıda əyləşdi. Gözünü bir an belə yayındırmadan, birbaşa Avatarın gözlərinin içinə baxmağa başladı.

Avatar bu qəfil, dəvətsiz qonağı çoxdan tanıyırmış və sanki illərdir məhz bu anı gözləyirmiş kimi rahatlıqla soruşdu:

- Necəsən?

- Səncə, necəyəm? - Qocanın səsi quru çıxdı.

- Yaxşı görünürsən.

- Oradan elə görünürəm? - Qoca acıqla dilləndi, - Bax gözlərimə! Doğrudanmı, heç nə görə bilmirsən? Məni hansı zülmətə qərq etdiyinin fərqində deyilsən?

Bəlkə, həyatında ilk dəfə idi ki, Avatar diqqətlə onun gözlərinə baxırdı. Qocanın göz bəbəkləri o qədər böyümüşdü, qarası elə genişlənmişdi ki, sağa-sola baxmasa, gözünün ağı, demək olar, görünmürdü. Tamamilə zülmət quyusu idi.

- Bax, elə bu cür... günü-günə sataraq, avaralana-avaralana məni bu günə qoydun, - qoca əlini masaya vurdu, - Bütün ümidlərimi öldürdün. İnancımı, inadımı qırdın. Səncə, mən belə adam idim?

- Mənim nə günahım var? - Avatar yorğun-yorğun cavab verdi, - Niyə hər dəfə bu qədər üstümə düşürsən? Hər görüşəndə eyni şey, eyni dava, eyni ittihamlar...

Bu vaxt masanın arxasından ayaq səsləri eşidildi və söhbətə qırx yaşlı kişi səsi qarışdı:

- Ağsaqqal düz deyir! Sən çox fərsizsən. Həm fərsizsən, həm də zəif! Əgər gəlib vaxtında sənin həyatının iplərini əlimə almasam, özünü də bədbəxt edəcəksən, bu yazıq kişini də. Hələ bilmək olmaz, bəlkə, elə məni də...

Qırx yaşlı kişi bunları deyə-deyə dik duruşla oturacağı çəkdi və masanın qarşı tərəfində əyləşdi.

- Xoş gəlmisən, - Avatar kinayə ilə gülümsədi, - Nə uzun monoloqun var belə? Necəsən?

- Yenə balıq yeyirsən? - Qırx narazılıqla üzünü turşutdu, - İyrənmədin hər gün eyni şeyi sifariş etməkdən? Yaxşıyam, necə olacağam...

40-ın bu ötkəm, özündənəmin səsi masadakı 75-ə qəribə rahatlıq verirdi. Həmişə belə olurdu. 40 məclisə, söhbətə qoşulan kimi sanki hər kəsin əhvalı düzəlirdi. Adətən yerin altından-üstündən xəbər gətirən, hər kəsin yalan olduğunu bilsə də, həvəslə dinlədiyi söhbətlər danışan, başqa masalara öz baxışları ilə təzyiq edən və onun yanında olan hər kəsin kənardan "hörmətli" görünməsini təmin edən məhz bu 40 yaşlı fırıldaqçıdan başqası deyildi.

40 yeni mövzuya başlamaq istəyirdi ki, kafenin qapısı yenidən açıldı və içəri 5 yaşlı bir uşaq qaça-qaça daxil oldu. Heç yerə baxmadan, birbaşa gəlib Avatarın qucağına tullandı.

Küçədə nədənsə qorxmuşdu. Bu həyatda ən çox güvəndiyi adam Avatar olduğundan onu kölgə kimi izləyirdi. Avatarın iyini alan kimi sakitləşər, ya əlindən bərk-bərk tutar, ya qucağına dırmaşar və dayanmadan, nəfəs almadan suallar verərdi.

40 bir az əvvəl tamamilə başqa bir şey danışacaqdı, amma uşağın gəlişini görüb söhbətin səmtini dərhal 5-ə doğru çevirdi:

- Heç olmasa, bu bədbəxtə yazığın gəlsin... Gör necə baxır gözünün içinə. Onun bütün ümidi sənsən, sevgisi sənsən, xəyalı sənsən. Bəs sən nəsən? Tamamilə heçlik, boşluq, fərsizlik...

Avatarın başı qucağındakı 5-ə qarışmışdı. Ya da daxilindəki bu ağır ittihamlardan qaçmaq üçün özünü elə göstərirdi ki, 40-ın dediyi ağır sözlərin heç birinə cavab belə vermədi.

Çox keçmədən uşaq Avatarın qucağında yumulub qaldı. Balaca əlləri ilə Avatarın köynəyindən bərk-bərk yapışmış, amma qorxusu artıq keçirdi. Başını qaldırıb düz ətrafa baxmağa başladı. O elə heyran, elə dərin baxırdı ki, sanki bu dünyanın bütün gizli sirlərini, kainatın açılmamış düyünlərini elə bu dəqiqə öyrənəcəkdi.

Əslində, həmişə belə olmuşdu. Bu vaxta qədər onun ağlına gələn nə sual vardısa, hamısının tək cavabı Avatar idi. Göy üzünün niyə mavi olduğundan tutmuş, quşların niyə yıxılmadan uça bildiyinə qədər, hər şeyi soruşardı. Bəzən "Avatar", bəzən də sadəcə "Müəllim" deyə müraciət edirdi. Çünki o, Avatarı özünün hərtərəfli, hər şeyi bilən yeganə müəllimi kimi görürdü. 5-in parıldayan, saf gözlərində Avatar bəşəriyyətin ən təmiz, ən saf insanı, ən kamil bilicisi, ən müqəddəs varlığı idi.

Avatar uşağın saçlarını sığallayarkən 40 masanın üzərinə əyildi. Üzündəki o qorxunc istehza hələ də silinməmişdi.

- Görürsən də, - səsini bir az qısan 40 dedi, - Bu uşaq səni hələ də sehrbaz sanır. Elə bilir, sən hər şeyə qadirsən. Amma bilmir ki, onun dahi müəllimi dollarla verilən maaş təklifini qorxusundan rədd edib, indi də burada oturub hesabını ödətdirməyə adam axtarır. Sən onun xəyallarındakı adam deyilsən, sadəcə vaxtı keçmiş illüziyasan.

Qucağındakı uşaq 40-ın zəhərli sözlərini anlamırdı, amma Avatarın bədəninin gərildiyini hiss edib gözlərini bir az da bərəltdi. Avatar isə susurdu. Bilirdi ki, 40 haqlıdır. O uşağın hər sualına cavab tapan "dahi" bu gün öz həyatının ən sadə sualları qarşısında aciz qalmışdı.

Avatar utancı ilə başa çıxmaqda idi ki, birdən masanın sol tərəfindən dəli nərilti qopdu. 15 yaşlı yeniyetmə əyləşdiyi oturacağı arxaya itələyərək qəfildən ayağa qalxdı. Üzü qəzəbdən qıpqırmızı olmuş, gözlərindən alov yağırdı. Yumruğunu bütün gücü ilə masaya vurdu - stəkanlar titrədi, sürahidəki su çalxalandı.

- Sən yalançısan! - deyə 15 düz Avatarın üzünə qışqırdı. Səsi hələ tam formalaşmamış, yeniyetməliyə xas xırıltı ilə çığırdı, - Sən bizə xəyanət etmisən! Biz dünyanı dəyişəcəkdik! Biz ədalətsizliyə baş əyməyəcəkdik! Mənim o böyük, o sığmaz romantik xəyallarımı nəyə satdın? Bir neçə dolların qorxusuna, bu boz məhəllə kafesinin küncünə? Özünü uşağa "müəllim" kimi sırıma, sən öz xəyallarının qatilisən!

15-in yumruğu hələ də masanın üzərində sıxılı vəziyyətdə qalmışdı. 5 qorxu ilə Avatarın qollarına sığındı, 75 yaşlı qoca isə qaranlıq gözlərini bu mənzərəyə zilləyib sadəcə başını buladı.

Kafenin dumanlı havası daha da ağırlaşdı. 15-in masaya vurduğu yumruğun sədası hələ qulaqlarda cingildəyirdi ki, qapının kənarındakı kölgəlikdən iki fərqli səs ucaldı. Səslər bir-birinin üzərinə dırmaşır, bir-birini boğmağa çalışırdı. Qapı açıldı və içəri eyni anda iki nəfər daxil oldu: 22 yaşlı, əynində rəngbərəng boya ləkələri olan tələbə və 65 yaşlı, hər şeydən əlini üzmüş, çiyinləri aşağı sallanmış, laqeyd baxışlı kişi.

Onlar hələ masaya çatmamış, elə yolüstü bir-birləri ilə mübahisə edirdilər.

- Sən cəsədsən! - deyə 22 yaşlı gənc əlindəki köhnə dəftəri 65-in üzünə doğru yellədi. Gözləri yaradıcılığın, şeirin və azadlığın ehtirası ilə alışıb yanırdı, - Sən daxilindəki sənətkarı öldürmüsən! Həyatı sadəcə nəfəs alıb-verməkdən ibarət sanırsan. Sənin rənglərin hara getdi, qoca? Niyə bu qədər bozsan?

65 yaşlı kişi isə onun bu çılğınlığına qarşı sadəcə acıqlı və yorğun halda gülümsədi. Əllərini paltosunun ciblərinə soxub addımlarını yavaşlatdı.

- Axmaq gənc... - 65 səsinə çökmüş sonsuz vecsizliklə dedi, - Sənin o şeirlərin, çəkdiyin tablolar, gecə-gündüz bəhs etdiyin "yaradıcılıq" fəsli bir tikə çörəkpulu eləmir. Dünyanı rənglərlə xilas edəcəyini sanırsan? Boş şeydir! Zaman hər şeyi silir. Sən də bir gün mənim kimi divara baxıb sadəcə vaxtın keçməsini gözləyəcəksən. Hər şey mənasızdır.

Onlar mübahisə edə-edə, nəhayət, masaya yaxınlaşdılar. Amma hər ikisinin baxışı mərkəzdə, qucağında 5 yaşlı uşaqla donub qalmış Avatara zillənəndə aralarındakı dava qəfildən ona tərəf yönəldi.

22 dərhal Avatara tərəf əyildi, barmağını sinəsinə doğru uzatdı:

- Bəs sənə nə deyək? Mən sənin yaşındaykən böyük sərgilər açacağımı, dünyanı sarsıdacaq əsərlər yazacağımı xəyal edirdim! Sən isə özünü bir məktəbin dörd divarı arasına həbs etmisən. Hər gün eyni dərsləri danışır, eyni boz adamlarla eyni kafedə oturursan. Mənim o şedevrlərimi, o sənət eşqimi harada itirdin? Niyə bu qədər adi adama çevrildin?

Avatar onun ittihamının ağırlığı altında əzilərkən, 65 masanın qarşı tərəfindən onun sözünü kəsdi. O, 22-nin həvəsini boğmaq istəyirmiş kimi birbaşa Avatara tərəf baxdı, amma onun da hədəfi eyni idi:

- Ona qulaq asıb özünü daxilən didmə. Onun dediyi həmin sənət nağılları boş xəyallardır. Amma sən... sən mənim bu gün sığındığım o son təsəllini də əlimdən almısan. Mən bu gün hər şeydən boş vermişəmsə, bu sənin qorxaqlığının nəticəsidir. Əgər bir az cəsarətli olsaydın, bəlkə də, mən bu yaşda belə tənha, belə aciz və hər şeyə qarşı bu qədər laqeyd olmazdım. Sən məni hələ 65 yaşım gəlmədən qocaltdın.

Masa ətrafındakı oturacaqların yarısı dolmuşdu. 5 qorxudan gözlərini yumub Avatara sığınmışdı. 15 hələ də masanı yumruqlayır, 40 istehza ilə gülür, 75 isə qaranlıq gözləri ilə gələcəyin məhvini izləyirdi. İndi isə 22-nin sənət fəryadı ilə 65-in divar kimi soyuq vecsizliyi Avatarı tən ortadan iki yerə bölürdü.

Masanın üstündəki gərginlik elə bir həddə çatmışdı ki, havada asılı qalan tütün dumanı belə, hərəkətsiz görünürdü. Bütün ziddiyyətlər toqquşarkən masanın ortasına doğru daha iki kölgə uzandı. Bu dəfə gələnlər nə xəyalpərəst idilər, nə də tamamilə dünyadan əlini üzmüşlər. Onlar reallığın, rəqəmlərin və həyatın ilk ciddi sillələrinin törəmələri idilər: 28 və 45.

28 yaşlı gənc masaya yaxınlaşanda nəfəs-nəfəsə idi. Gözlərinin altında yorğunluqdan qaralmış halqalar vardı. Əynindəki köynəyin qolları tələsik yuxarı qatlanmışdı. O, həyatın ilk böyük dalğaları arasında boğulmamaq üçün çabalayan, daxili narahatlığı pik nöqtəyə çatmış şəxs idi.

- Mən yorulmuşam! - deyə 28 masanın kənarından yapışıb Avatara tərəf əyildi. Səsi titrəyirdi, - Hər gün eyni qorxu ilə oyanmaqdan, gələcəyin dumanlı divarlarına çırpılmaqdan tükənmişəm. Sən mənim o vaxt çəkdiyim əzabların, gecə-gündüz qurduğum planların bəhrəsisən. Mən evlənə bilmək üçün, bir az sabitlik tapmaq üçün o qədər stress keçirdim, sən isə indi qarşındakı 33 manatlıq hesabı kimin ödəyəcəyini tapa bilmirsən! Mənim o gənclik enerjimi, o tökdüyüm göz yaşlarını hara xərclədin?

Onun emosional sarsıntısını masanın digər başından gələn soyuq, metal səs bıçaq kimi kəsdi. Əlində nazik planşetlə qələm tutmuş, saçlarına artıq dən düşmüş 45 yaşlı kişi eynəyinin altından Avatara baxdı. Üzündə nə qəzəb vardı, nə də rəhm. O, sadəcə mühasib soyuqqanlığı ilə danışmağa başladı:

- Boş-boş emosiyaları kənara qoyun, - 45 qələmi ilə masanın kənarına vura-vura dedi, - Gəlin, rəqəmlərlə danışaq. Statistika yalan danışmır. Sən bir neçə ay əvvəl o özəl məktəbin təklifini dollar qorxusuna görə rədd etdin. Gəl hesablayaq: əgər sən o işi qəbul etsəydin, bu gün məhəllə kafesində 33 manatlıq hesaba görə təəccüblənməzdin. İnflyasiya, dolların artım tempi və sənin hazırkı fərsiz maaşın... Daxili balansını tamamilə itirmisən. Bu səhv addımın ucbatından mən 45 yaşımda hələ də kredit borclarını bağlamaq üçün gecə-gündüz işləməli olacağam! Sən sadəcə zərərlə işləyən layihəsən.

45-in bu riyazi ittihamı 40-ın xeyrinə işləmişdi. 40 yaşlı fırıldaqçı yerindən pıçıldadı:

- Mən sənə demədimmi? Bax, 45-in hesabdarı da mənimlə eyni şeyi deyir. Sən zəifsən!

Masa artıq bir məhkumun açıq məhkəməsinə çevrilmişdi. 28 öz müflis olmuş gənclik arzuları üçün ağlayır, 45 isə bu arzuların gətirdiyi maddi zərərin statistikasını çıxarırdı. 5 yaşlı uşaq isə Avatarın qucağında artıq tamamilə büzüşmüşdü. O, "müəllim"inin bu qədər aciz şəkildə hesablandığını, dollar və manat rəqəmləri arasında necə parça-parça edildiyini gördükcə daxili inamı sarsılırdı.

Masanın tən ortasında, 45-in çıxardığı amansız maliyyə hesabatı ilə 28-in tükənmiş fəryadı arasında nəfəs kəsilirdi. Elə bu an kafenin köhnə, cırıldayan qapısı sonuncu dəfə açıldı. İçəri təlatümün son üç qəlpəsi birlikdə daxil oldu: 55, 62 və 70.

Avatar yerindən qalxıb həyəcanla 8-i xəbər aldı. 70 cavab vermək istəmədi, 55 üzünü yana çevirdi, 62 isə 8-in köynəyini çantasından çıxardı. Əyləşdiyi yerin yanındakı oturacağın üstünə köynəyi keçirib dedi:

- Gözləməkdən başqa çarə yoxdur... Həkimlər bir dəfə də olsun, ümidli danışmayıblar. Deyəsən, 8-i itiririk.

Masada boş yer qalmamışdı.

55 masaya yaxınlaşanda gözlərində çılğın şübhə və qorxu vardı. Əllərini əsəblə bir-birinə sürtür, tez-tez arxaya baxırdı. O, ömrün ən riskli, xəyanətlərlə dolu payızını yaşayırdı.

- Hamınız yalan danışırsınız! - deyə 55 masanın üzərinə doğru sərildi. Səsi qorxudan titrəyirdi, - Sən o dollarla olan işdən qorxub qaçdın! Amma bilmirsən ki, əsl xəyanət gələcəkdədir. İllər sonra hər kəs səni satacaq. Ən yaxın dostların, güvəndiyin adamlar... Sən bu gün qorxaqlıq etdin və bax, hamının oyuncağına çevrildin! Sən bizi öz əllərinlə bu davranışlara məhkum etdin!

Onun bu paranoid qorxusunun tam əksinə olaraq 62 yaşlı kişi ağır addımlarla boş oturacaqların birinə çökmüşdü. Artıq heç nəyə qarışmırdı. Əllərini dizlərinin üzərinə qoyub masadakı bu qiyaməti elə bir soyuqqanlılıqla izləyirdi, sanki bura kafe deyil, öz cənazəsi idi.

- Vecinizə almayın... - deyən 62-nin səsi o qədər alçaq və yorğun çıxdı ki, bir anlıq bütün hay-küy kəsildi, - 55 yaşındakı xəyanətin də, 45-in kreditlərinin də, 15-in romantik dünyasının da heç bir mənası yoxdur. Mən artıq sizdən, sizinlə görüşməkdən yorulmuşam. Nə davanın mənası var, nə də qaçırılmış dollar təkliflərinin. Sən nə etsən də, sonu eynidir: boş bir otaq və divarla təkbaşına qalmaq...

Nəhayət, 70 yaşlı müdrik qoca dilləndi. O, gəncliyin riyakarlığından qaçmış, həqiqəti dərk etmiş, amma artıq hər şey üçün çox gec olduğunu anlayırdı. O, birbaşa Avatara baxdı.

- Sən bu gün bura nə üçün gəlmisən, bilirsənmi? - 70-in səsi ata nəsihəti kimi ağır idi, - Bura fərsizliyini gizlətmək üçün gəlmisən. Sən bura on iki nəfəri eyni masaya toplayıb, günahı onların üstünə atmaq istəyirsən. Amma unutma, bu gün o mayasız çörəyi sifariş edən sən idin. Sən hələ də təmizlənmək ümidindəsən. Amma özünlə barışmayana qədər bu masadakılardan heç birimiz susmayacağıq.

Masa artıq cəhənnəm qazanına dönmüşdü. 15 qışqırır, 40 fırıldaqları ilə öyünür, 28 ağlayır, 45 hesablayır, 55 xəyanətdən qorxur, 75 isə ölmüş ümidlərinin yasını saxlayırdı.

Bu səs-küy, ittiham və daxili ifşaların ortasında 40 yaşlı kişinin üzündəki istehzalı təbəssüm qəfildən yoxa çıxdı. Masadakı hər kəsin Avatarın qorxu və zəifliklərini üzünə vurması, qocalardan gələn o aciz etiraflar onu özündən çıxarmışdı. Onun dözülməz, iddialı eqosu bu qədər fərsizliyin bir bədəndə toplanmasına daha dözə bilmirdi.

- Bəsdirin! - deyə 40 nərildədi. Gözləri qan çanağına dönmüşdü. O, əyləşdiyi oturacağı vəhşicəsinə geriyə itələdi. Masa üzərindəki qədəhləri, boşqabları vurub aşıraraq qəfildən Avatarın üstünə cumdu. İri, soyuq əlləri ilə onun boğazından yapışdı. Onun bu qəfil hücumundan Avatarın nəfəsi kəsildi, masanın kənarına sıxıldı. 40 var gücü ilə boğmağa, o fərsiz, daim qorxu yaşayan, tərəddüdlər içində çürüyən Avatarı elə oradaca öldürmək istəyirdi.

- Sən yaşamamalısan! - deyə qışqırır, barmaqlarını Avatarın boğazına bir az da batırırdı, - Sən hər şeyi bərbad edirsən! Bu zəifliyin məni də məhv edir! Səni gərək elə indi, bu masada boğub öldürüm!

Masa ətrafındakı digər on nəfər donub qalmışdı. Uşaq qışqırır, qocalar isə vahimə ilə bu ölüm səhnəsinə baxırdılar. Ölümün o soyuq nəfəsi Avatarın boğazında hiss ediləndə vəhşi enerjili 40 dayandı. Barmaqlarının təzyiqi azaldı. Dərin, xırıltılı nəfəs alaraq əllərini çəkdi, üst-başını düzəltdi. Sanki bir anlıq dəlilik bürümüş bu şəxs indi yenidən özünü toparlayırdı. Üzünə yenidən o soyuq, qorxunc ifadə oturdu.

- Axırı bir gün... - səsində qəti və vahiməli sakitlik vardı, - Axırı bir gün bunu edəcəyəm. Səni tamamilə yox edib bu həyatın iplərini öz əlimə alacağam.

Avatarın qucağındakı 5 yaşlı uşaq son dəfə ona baxıb ağladı:

- Müəllim, mən qorxuram...

Avatar dözə bilmirdi. Bu dəhşətli xaosun, daxili məhkəmənin ağırlığı altında əzilirdi. Başını qolları arasına alıb masanın üzərinə qoydu. Gözlərini bərk-bərk yumub içindən gələn son fəryadla pıçıldadı: "Yetər... hamınız yox olun!"

Avatar gözlərini açanda məkana mütləq və tükürpərdici sükut hakim idi. Başını yavaşca masadan qaldırdı. Sağında, solunda... heç kim yox idi. Masa tamamilə bomboş idi. Nə 40-ın əllərinin boğazında izi vardı, nə də masanı yumruqlayan 15-in qəzəbi. Sadəcə yarımçıq qalmış farel balığı, dibində bir neçə damcı kəmturş şərab olan bir bakal və toxunulmamış mayasız çörək dururdu.

Gözləri dərhal masa kənarındakı, zibil qabına bənzər o kiçik metal vedrənin içinə - ağ kağıza sataşdı. Əl yazısı ilə tələsik qeyd olunmuş qəbzi götürdü:

1 Farel - 18.00 AZN

1 Qırmızı şərab - 9.00 AZN

1 Mayasız çörək - 3.00 AZN

Servis (%10) - 3.00 AZN

CƏMİ: 33.00 AZN

Həyəcanla, hələ də titrəyən səsi ilə ofisiantı çağırdı. Yaxınlaşan gənc oğlan Avatara təəccüb və bir az da narahatlıqla baxdı.

- Bağışlayın, - əlini boğazına apararaq dedi, - Bayaq mənimlə oturanlar... Qucağımdakı uşaq, üstümə cumub məni öldürmək istəyən 40 yaşlı kostyumlu adam, o qocalar... Hara getdilər?

Ofisiant gülümsədi, amma bu təbəssümdə qəribə rəhm, bəlkə də, qorxu hissi vardı.

- Cənab, bura spirtli içki satılan məkandır, bura uşaq buraxılmır, - nəzakətlə, addımını bir az geri çəkərək dedi, - Siz bir saatdır burada başınızı masaya qoyub tək oturmusunuz. Heç kim gəlməyib.

Ofisiant pulu alıb sürətlə uzaqlaşanda Avatar masada qalan mayasız çörəyə baxırdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!