Əslidən Əsliyəcən (Hekayə) - Lətif ŞÜKÜROĞLU

 

Təbiətin səxavətini əsirgəmədiyi, uzaq bir dağ rayonundan gəlib böyük şəhərin darısqal, uçulub tökülən yataqxana küncündə, ya da çarpayı və stolun güclə yerləşdiyi kirayə zirzəmidə yaşayanlar məni daha yaxşı başa düşər. Belə məkanlarda adamın nəfəsi tədricən, hər udumda kəsilir. Nəfəsin kəsildikcə də dünya başına daralır. Ancaq biryolluq ölüb canını qurtara bilmirsən, ölə-ölə dözürsən. Çünki başqa çarən yoxdur. Bilirsən ki, azacıq şəraiti olan birotaqlı mənzillər belə, cibinə uyğun deyil. Deyilsə, nəyə ümid edə bilərsən?! Ona görə ümid deyilən nəsnəni bu daldalanacağa ürcah olduğun ilk gündən dəfn edirsən. Hə, ölə bilməməyin daha bir zırpı səbəbi var. Belə dəqiqələrdə həmin dağ rayonunda ali təhsilli biri kimi geri qayıdacağın günü səbirsizliklə gözləyən simsarların gəlib durur gözünün qabağında. "Durur" deyəndə, onlar daim orada deyillərmi? Sənə də elə baxırlar, başa düşürsən ki, onların xətrinə istənilən əzaba dözməkdən başqa əlacın yoxdur. Bir də bu adamlar, yəni ailə, başqa yaxınlar səndən çoxmu şey tələb edir? Belə gözləntilərin, yüksək etimadın qarşısında nəfəsinin hər gün 8-9 saat tıncıxması, lap elə udum-udum daralması nə böyük problemdir?! Şəhərin ən qaranlıq qatında, it-pişiyin belə bəyənmədiyi, siçovullar qaynaşan künc-bucaqda, elə bu cür sığınacaqda ali təhsil alıb geri dönəcək birinci adam da deyilsən. Az qala unutmuşdum, belə sığınacaqların əsas sahibləri də, tənha, qoca erməni harsınları idi.

Sovet dövrü adlanan vaxtlarda bu məşəqqətdən keçənlərin çoxu öz təsvirində "min bir əziyyət" ifadəsini işlədirdi. Belə sözlərdən xoşlanmasan da, sənə ümid olan o adamları bir anlığa da olsa, unutmadığın üçün dedikləri daim qulağında səslənir. Bu etimad dolu gözləntilər sənə əvvəl güc, sonra təsəlli verir. Nə olsun, havasızlıqdan gözün qaralanda, dəhşətli qoxulardan ürəyin bulananda o gözləntilər təkcə qəlbini deyil, bütün varlığını sıxan buxova çevrilir. Hər fürsətdə bu əzici təsirdən qurtarmaq istəyirsən. Ancaq bu, hər oğulun hünəri deyil. Bir yandan da düşdüyün cəhənnəm öz şərtlərini amansızca diktə etdikcə, canındakı gücü, əzmi qətrə-qətrə udduqca, lap taqətdən düşür və bir gün anlayırsan ki, "cəhənnəm"in şərtlərini qəbul edib ona uyğunlaşmaqdan özgə çarən yoxdur. Bununla da hər cür səbrin, dözümün sınağı başa çatır. Divarla döyüşün birinci raundu sənin ilk acı məğlubiyyətinlə bitir.

Yay semestri imtahanlarının davam etdiyi iyunun son günləri heç vaxt yadından çıxmır. Cəhənnəm əzabının saatbasaat artdığını, gecə yarısına qədər darısqal, havasız məchulluqda sudan çıxarılmış balıq kimi çırpınmağı unutmaqmı olar?! Vay o günə, imtahan iyula qala, ya da yay təcrübəsi keçəsən. Bu yerdə "ölünü qoy, dirini ağla", deyiblər. Adamın təpəsindən tüstü çıxır. Bəlkə indi yay olduğundan, ixtiyarsız o cəhənnəmin dəhşətli istisini xatırladım. Bəs qışın damarda qandonduran vaxtları necə olsun? Beton divarlar bir yana, beton döşəmənin üstündə şaxtanın xəncər kimi kəsdiyi dəqiqələrin saat, gün deyil, həftə, ay qədər necə uzandığını unutmaq mümkünmü? Küləkli havalarda şaxta necə şiddətlənirsə, pencək də kara gəlmir, azacıq isinmək üçün yatağa palto ilə girməli olursan. Bəzən həftə boyu davam edən o vəziyyəti yada salanda için yenə buz bağlayır, ixtiyarsız titrətmə tutursan. Belə vaxtlarda dişlərimin necə şaqqıldaması indiyədək qulağımdan getmir.

Tale elə gətirdi ki, təhsili başa vurub şəhərdə qalmalı oldum. Öz mənzilim olmasa da, yataqxana küncü və zirzəmi də deyildi. Allaha şükür, əməkhaqqım şəhər kənarında kirayə mənzil tutmağıma çatırdı. Əslində, bunun üçün manat nədi, hər qəpiyə qənaət etmək lazım gəlirdi. Yaxşı ki, əksəriyyət kimi, bu vəziyyətin də çox davam etməyəcəyi ilə özümə təsəlli verə bilirdim. Yoxsa, yağışdan çıxıb yağmura düşməyə dəyişiklik deməkmi olardı?

Əlqərəz, Qaraçuxur deyilən ərazidə bir otaq və kiçik mətbəxdən ibarət gecəqondu həyət evi tutmuşdum. Məndən başqa bu həyətdə ev sahibi və bir kirayəçı ailə qalırdı. Həyətin o biri başında da, xalq arasında deyildiyi kimi, digər təbii ehtiyaclar üçün nəzərdə tutulan ayaqyolu və balaca hamam vardı. Sahibkar yaşlı, deyingən bir qarı idi. Yaşı qırxı haqlamış subay oğlu ilə iki otaq onların idi. Oğul deyəndə, bivecin, səhərdən-axşamacan quşlarla əlləşənin biriydi. Hərəkətləri, danışığı xəstə olduğunu açıq sezdirirdi. Buna görə hərbi xidmətdən saxlamışdılar. Dost-tanış hərdən zarafatla:

- Vallah, oğulsan, kişi kimi Sovet İttifaqına xidmət etmədin, - deyirdi.

O da məsxərəyə qoyulduğunu fərq etmədən, bu sözləri tərif kimi qəbul edib irişirdi. Daha deyən yox idi ki, yazıq anası oğlunun sağlamlığı ilə bağlı möhlət hüququnu təsdiq etdirənə qədər əldən, dildən düşmüş, Hərbi Komissarlıqda üz-göz olmadığı adam qalmamışdı. Xəstə birini hərbi xidmətə yararlı kimi göstərib, zorla keçmiş İttifaqın ordusuna yollamaq istəyənlərin arasında qeyri-millətin nümayəndələri ilə yanaşı, özümüzünkülər də olmuşdu. Açıq günaha girənlərin öz aləmlərində daşdan keçən arqumentləri də vardı:

- Əsgərlikdən yayınmaq üçün "xəstəyəm" deyib, min bir dona girənləri çox görmüşük. Vətənə xidmət hamının borcudur, sənin oğlun kimdən artıqdır ki?

Düz sözə nə deyəsən, doğrudan da, o, kimsədən artıq deyildi. Ancaq əskik olduğunu bilərəkdən dilə gətirmirdilər ki, qoy say düzəlsin, plan dolsun, sonra nə olar, olsun. Yaxşı ki, çıxış yolu göstərən tapıldı. Qarının sözüdür, "Allah balasını saxlamış, Moskvaya yaz, haqqını tələb elə", dedi. Moskvaya yazmasa da, yazacağı hədəsi ilə hərbi komissara hədə-qorxu gəldi. O vaxtlar bu üsul işə yarayırdı, oğlunun hərbi xidmətə yararsız olduğunu təsdiqləyib, əsgər aparmadılar. "Yoxsa, bu ağılla oralarda çətin baş çıxarıb geri dönəydi". Bu da qarının sözüydü.

Ailəli kirayəçilərin 4-5 yaşında bir qızları olduğunu da deyim, tanışlığı bitirək. Sonra öyrəndim ki, ər şəhərin mərkəzində bir tanışının açdığı geyim mağazası işlədir. O illərdə fərdi mağazalar hələ təzə-təzə açılırdı deyə, bu işə girişənlər kimi, onu işlədənlər də pis qazanmırdı.

 

***

Ailəli qonşum qarayanız, şivərək bir oğlandı. İnsafən, az danışan, ciddi biri olduğu üçün məndə rəğbət yaratmışdı. Hərdən onu təzə çaya qonaq edir, oradan-buradan söhbətləşirdik. Ancaq nədənsə, arvadı barədə "rəğbət" kəlməsi bu gün də dilimə gəlmir. Bəlkə bu, bir az da mənim öncəgörmə qabiliyyətimlə bağlı idi, deyə bilmərəm. Nə sirdisə, bəstəboy, dolu bədənli, yumru ağ sifətli, iri qara gözlü, bir sözlə, zahirən yaraşıqlı olan bu xanım gördüyüm gündən məndə qıcığa bənzər bir duyğu oyatdı. Heç kimi bəyənməyən, hamıya şübhə ilə baxan bu ədalı xanımın ovqatı tez-tez dəyişir, başı çıxdı-çıxmadı, hər şeyə görə mübahisə etməkdən, kiməsə irad tutmaqdan çəkinmirdi. Yəqin yazıq əri onun əlindən az çəkməyib. Elə ərinin dediyindən bilirdim ki, 5 ildə 6 dəfə kirayə yeri dəyişiblər. Buraya 4 ay qabaq köçüblər. Əvvəlki mənzillərin bəzisinin şəraiti daha yaxşı olsa da, heç yerdə bir ildən artıq qala bilməyiblər. Ya xanımın qımırı kiminsə xoşuna gəlməyib, ya da əksinə. Bu minvalla yazıq ər ildə azı bir dəfə yeni kirayə axtarışına çıxıb. Sonuncu seçimin əsas üstünlüyü ev sahibinin oğlu ilə tək yaşaması olub. Bunu biləndə dalağım sancdı, yəqin iki ay qabaq, bu həyətə köçməyimin səhəri günü ədalı xanımla sahibkar qarının mübahisəsinə səbəb də yeni kirayəçinin, yəni bəndənizin gəlişi olub. Necə deyərlər, bismillah etməmiş "persona non qrata" elan olunmuşdum. Hərdən şübhəli nəzərlə, ancaq işvəli süzülmələrin hansı nəticəsi ola biləcəyini isə, sözsüz, o vaxt təxmin edə bilməzdim. Özündən sonraya çox az söz qoyan atalar nahaq deməyib, sən saydığını say...

Ancaq saymaq lazım gəlmədi. Görünür, zalım fələk artıq əvəzimdən sayırmış. Həmin gün axşam şəhərdə görüşüm vardı deyə, icazə alıb evə vaxtından əvvəl qayıtmışdım. Həyətdə o xanımdan və qızından başqa kimsə gözə dəymirdi. Hətta quşbaz da harasa yoxa çıxmışdı. Yaxınlaşıb körpə qızın könlünü xoş etmək üçün "qəşəng, ağıllı balanın kefi  necədir?" soruşdum və içəri keçmək istədim. Ədalı xanım özünü əzdirə-əzdirə:

- Xeyir ola, bizimlə heç kəlmə kəsmirsən. Adamın yanından elə keçirsən, sanki daş, divarıq. Hərdən də elə baxırsan, görən deyər, neçə ilin tanışıyıq. Az qala üç aydır köçmüsən, qızımızın qəşəngliyini, ağıllı olduğunu indi fərq etdin? Belə şeyləri az görməmişik, "qızım, sənə deyirəm, gəlinim sən eşit". Sözün var, açıq de. Mənim mız-mızı adamlardan xoşum gəlmir.

- Bu nə sözdü, Əsli xanım. Yoldaşınız şahiddir, qızınıza neçə yol xoş sözlər demişəm, sevinib. Elə atasının da ürəyincə olub. Yenə onu sevindirmək istədim. Bir də uşağı əzizləməyə xüsusi vaxt seçməliyikmi? Sizə sözüm olsa, özünüzə deyərəm, daha uşağı niyə bəhanə edim?

- Məni elə də sadəlövh sayma, kimin nə fikirləşdiyini bircə baxışdan anlıyıram. Ancaq görürəm cavan, subay oğlansan, könlünü qırmaq istəmirəm.

Uşağın qolundan yapışıb əda ilə köhnə, rəngi tamam solmuş taxta qapıya tərəf çəkdi və kandardaca:

- Ramiz də bunu düz-əməlli adam bilir, o qədər inanır ki, ailə sirrini də danışır.

Nə isə deməyin yeri yox idi. İçəri keçdim, ehtiyat etdim ki, bu xoşagəlməz söhbəti kimsə eşidər, dedi-qodu çıxar. Ancaq bir neçə dəqiqə sonra həyətdən Əslinin səsi eşidildi. Görünür, susmaq fikri yox idi deyə, həyətə çıxmışdı. Uca səslə dedikləri artıq küçədən eşidilirdi. Narahatlığım bir az da artdı. Onların qapısından da nimdaş olan qapını azca aralayıb həyətə baxdım. Cırıltı səsinə çevrildi. İstədim, "ayıbdır, səsinizi küçədə eşidirlər, bir az astadan danışın", - deyəm. Ancaq buna fürsət vermədi. Tonunu hələ də düşürmədiyi səslə:

- Qorxma, müəllim, həyətə düş, adam yeyən deyilik, - dedi.

Məcbur da olsa, kandara çıxmaqdan özgə çarə qalmamışdı. Onu gözucu süzdüm. Əynindəki qara rəngli, ağ, qırmızı güllərlə naxışlanmış xalatın dizdən yuxarı iki düyməsi açıq idi. Hərəkət etdikcə, altdan görünən ağ, ətli budları sanki "mənə sığal çək, sıx, oxşa", deyirdi. Bu fikirdən utandığımdan gözümü cəld əks istiqamətə, köhnə, əyri-üyrü, taxtası neçə yerdən sınmış həyət qapısına tərəf çevirdim.

Əsli xanımı aldatmaqmı olardı?! Gülümsəyib, həyətdə dövrə vuracaqmış kimi fırlandı və məqsədli edilən bu hərəkətdən xalatının açıq yeri bir az da yuxarıya dartıldı, mavi rəngli alt paltarın qövsvari hüdudundan bir cüt bəyaz gözəllik sanki daha gur işıq saçdı.

- Xoşuna getmədi?

Bu iki söz bir neçə dəqiqə qulağımda cingildədi: "xoşuna getmədi?", "xoşuna getmədi?" O iki sözünmü, gördüyüm mənzərəninmi gətirdiyi istilik bütün bədənimi sarmış, sifətim tamam pörtmüşdü. Mənə elə gəldi başım da gicəllənən kimidir. Ancaq özümü ələ almalıydım. İlk çarə kimi içəri keçərək vəziyyətdən qurtarmağı düşündüm. Ağlıma başqa çıxış yolu gəlmirdi. Əks halda, nələr baş verə biləcəyini təsəvvür etmək çətin deyildi. Yaxşı ki, belə məqamlarda qohum-qardaş, dost-tanış, müvəqqəti olsalar da, elə qonşular yada düşür. Ar-namus deyilən nəsnəni düşünüb, nəfsinə "dur" deməyə özündə güc tapırsan. Yoxsa, hər kəs şeytana uysa, bu dünyanın sonu daha tez gəlməzmi?

Hələ də həyətdə var-gəl edən Əsli xanım qalib görkəmlə məni təpədən dırnağa süzüb:

- Qaç görüm, hara qaçacaqsan, deyib ucadan güldü.

Bir həftə səksəkə içində qalsam da, elə ciddi hadisə baş vermədi. Əsli xanımın yanımdan keçəndə gözlərini süzdürüb gülümsəməsini və bir dəfə asta, titrəyişli səslə, "cavan oğlanın kefi necədir, yuxularını qarışdırmır ki?" deməsini nəzərə almasaq, nisbi sakitlik davam etdi. Bir az toxtamışdım. Hər şeyin keçdiyini düşünüb Allaha şükür edirdim. Ancaq tezliklə məlum oldu ki, sevinməkdə tələsmişəm və əsl fırtına qabaqda imiş. Yenə mənim saydığım fələyin saydığı ilə uyğun gəlmədi.

Sonrakı həftənin bazar ertəsi, axşamtərəfi elə bir hadisə baş verdi ki, eşidən-bilən "bu qadının qəlbinə şeytan girib", deyərdi. Yəqin onu təhrik etdiyimi deyib, məni qınayanlar da tapılardı. Həmin hərəkətlərə başqa ad vermək, doğrudan, çətin idi. Həyətə girər-girməz kimi isə gözlədiyini hiss etdirərək ortalıqda var-gəl edən bu xanımla qarşılaşdım. Məni görər-görməz üzünün ifadəsi dəyişdi. Başa düşdüm ki, gözlədiyi "kim isə" elə mənəm. Bir az duruxsam da, salam verib ötmək istədim.

- Ay qonşu, nə işin var, belə tələsirsən? Bir ayaq saxla, hal-əhval tut, bəlkə deyiləsi sözümüz, xahişimiz var.

Kandarda məcburi dayanıb, nə deyəcəyinə, məni nə qədər gözlədəcəyinə maraq etdim. Narahatlığımı, hətta bir az həyəcanlı olduğumu dərhal hiss etmişdi.

- Heç narahat olma, xətrinə dəyən söz deyib səni zora salmaram. İnsan insanın könlünü açar, qanını qaraltmaz. Hələ ola sənin kimi ziyalı, subay, yaraşıqlı oğlan.

"Zor", "subay", "yaraşıqlı" sözlərini bir qədər fərqləndirib daha uzun tələffüz etdi.

- Əsli xanım, xoş sözlərə görə sağ olun, ancaq yorğunam, istiyirəm bir az dincələm. Görürəm, sizin də işləriniz çoxdu.

- Əşi iş-güc qaçmır. Allahın verdiyi elə gün var ki, iş olmasın? Lap vaxtında gəlmisən. Təzə dəmlənmiş çayım var, əsl xoruzquyruğu. Ramiz deyirdi, çayın sərrafısan, əlinin dadına da söz yoxdu. Tamına bax, gör biz necə, bir şey bacarırıq, ya yox? Bacarmasaq da, qorxusu yoxdur, öyrədərsən, qonşu deyilik?

- İçmişkən varam, çox sağ olun, sizə əziyyət olar. Qabiliyyətinizə də şübhəm yoxdu. İnşallah, imkan olar, Ramiz neçə dəfə dəvət edib, çayınızın dadına baxarıq.

- Bizə xoş olar, təkcə çayımızın dadına yox, o biri nemətlərin də. Niyə də olmasın?! Sənin kimi cavan, yaraşıqlı oğlanların əziyyətini çəkmək xoşdu.

Sadəcə, yemək deyil, "nemətlər" deməkdə nəyi qəsd etdiyi aydın idi. Bu sözləri deməsi ilə, həyətdəki su kranına doğru yönəlməsi bir oldu. Axırı ki, içəri keçməyə imkan tapdığıma sevindim. Bu dəfə yaxşı qurtardığımı fikirləşdim. Az sonra gözüm təsadüfən həyətə sataşanda vaxtından qabaq sevindiyimi anladım. Şoka düşdüyümü desəm, azdır. Əsli xanım əsl şou çıxarırdı. Əynindəki qısa ətəkli çit donun haraya qədər dartıldığına məhəl qoymadan, guya su götürmək üçün əyilib kranı açır, eyni vəziyyətdə çevrilir, hava almaq üçün açdığım pəncərəyə sarı boylanırdı. Bir neçə dəfə təkrarlanan bu hal ev sahibəsinin də diqqətini cəkmişdi deyə, eyhamla, "Ay qızım, orda çox işin var?" - soruşdu.

Əsli halını pozmadan:

- İstiyirəm, həyəti yuyam, toz-torpaq əlindən tərpənmək olmur, dedi.

Sözün ağzından çıxmağı ilə əlindəki dolu su vedrəsini yerə səpib, arxası çubuqlu süpürgəni götürməsi bir oldu. Bədən əzaları yırğalana-yırğalana həyətin bu başından ta o başına qədər, yer-yurdu tər-təmiz süpürdü. Sonra daha bir neçə vedrə suyu süpürdüyü əraziyə boşaltdı. Azacıq ara verib əyilib daha bir vedrə su doldurdu və ətli budlarını titrədə-titrədə pəncərəmə sarı çevrilib uca səslə çağırdı:

- Ay müəllim, sənin kandarını da təmizliyim? Daha əlimi bulamışam, ora da bir gör-bax edim.

Tələsik çölə çıxdım:

- Zəhmət çəkməyin, işimi qurtarıb özüm təmizliyərəm, dedim.

- Əşi, nə zəhməti var, qonşu deyilik? Alim adamsan, həm də subaysan, belə işlər üçün evə xanım gərəkdir. Qoy, bu avans olsun, evlənəndə xanımın əvəzini çıxar.

Cavabımı gözləmədən, kandarı təmizləməyə, ehtiyac olmadığı halda, bayaqkından da artıq əyilərək, balaca bir yerə iki dəfə süpürgə çəkib, yumağa başladı. Həyətdə kimsənin olmadığını görüb lap yaxına gəldi və irişə-irişə:

- İstiyirsən, otağı da təmizləyim. Bəlkə yumağa nəyinsə var, utanma, gətir. Borcumuzdu, gərək cavanın üst-başından, pastelindən gül ətri gəlsin. Ölməmişik ki, nə lazımdır, edərik.

Bunu deməsi ilə, onsuz qısa olan donunun açılmış ətəyini az qala alt paltarına qədər düyünləməsi bir oldu. Sonra da əlindəki əskini yerə atıb, qarşımda bir neçə addımlıqda əyilib guya yerdəki suyu yığmağa başladı. Geri addım atdıqca aramızdakı məsafə azalır, dolu əndamının necə ehtirasla yırğalandığı, tərdən, sudan təninə yapışmış paltarın altından bəyaz bədəninin cizgiləri aydın sezilirdi. Budur, sonuncu addım və indi aramızda məsafə santimetrlə ölçülə bilər. Daha bir addım da geri gəlsə, mənim ehtirasdan alışan bədənimə toxunacağını hiss edib, cərəyan vurmuş kimi geri sıçrayıram.

- Yenə qorxdun? Qorxma, günün bu saatında, o qoca kaftarın güddüyünü bilə-bilə səni zorlayan deyiləm. Ramiz bu gün mal dalınca gedəcək. İstəsən, gecə gələrəm.

Ehtiraslı, işvəli, ancaq pıçıltılı səslə deyilən bu sözlərdən üşünən kimi oldum. Qəfil çevrildi. Yarıçılpaq, qabarmış sinəsində gilələnən tər damcıları üzü aşağı süzülüb, nazik paltarını bədəninə elə yapışdırmışdı, bütün gizlinlər faş olmuşdu. Bir anlıq gözlərimin içinə baxdı. Elə israrla baxırdı ki, sanki ürəyimin dərinliyinə nüfuz edib, nəyisə aşkarlamaq, məni öz cazibəsində saxlamaq istəyirdi. Bir anın içində boynuma sarılıb məni elə ehtirasla öpdü ki, başım gicəldi. Eyni cəldliklə də əvvəlki vəziyyətinə qayıtdı. "İlahi, bu nə bəladır mən düşdüm? Görən oldusa, batdım. Deyəcəklər evli qadını yoldan çıxarıb, daha deməyəcəklər, bir oda düşmüşəm, nə edəcəyimi də bilmirəm". Çaşqınlıq içində olduğumdan yenə çıxış yolunu cəld otağa keçməkdə gördüm. Hər ehtimala qarşı dərhal qapının cəftəsini vurdum.

Kandarda dayanan Əslinin qəhqəhələri həyətə doldu, divarları aşıb küçəyə yayıldı.

Bu əhvalatın səhəri günü yazıq Ramizlə rastlaşanda utana-utana:

- Düz başa düş, Əsli sənin barəndə bəzi şeylər deyir. İnanmasam da, bura kənd kimi bir yerdir, əgər söhbətinizi eşidən olubsa, dedi-qodu danışmağa, ikinizə də şər-böhtan deməyə başlayacaqlar. Sən də subay, savadlı adamsan, bilirsən ki, camaatın ağzını bağlaya bilmərik.

Hadisəni necə var danışa bilməzdim, ona görə sakitləşməsi üçün aramızda nəsə pis şey olmadığını, Əsliyə bacı kimi baxdığımı dedim. Dediklərim qonşunu qane etdimi, bunu bilmədim. Ancaq bir məsələdə eyni fikirdə olduğumuz şübhəsiz idi. Söz-söhbətə, dedi-qoduya yol vermək olmazdı. Durduğum yerdə işə düşmüşdüm. Bu ədalı, işvəli xanımın açıq təhriki ilə vəziyyət daha da kəskinləşmədən yeni kirayə mənzil axtarmağa qərar verdim. Düzü, bu qərarın qəbulunda indiyədək kimsəyə etiraf etmədiyim təbii qorxunun da payı vardı. Necə deyərlər, cavan, belə açıq təhriklər qarşısında ehtirasdan alışıb yanan bir adam nə qədər davam gətirə bilər? Nə gizlədim, bu vəziyyətə sonadək dözəcəyimə inamım az idi. Allah göstərməsin. Bir də iş-gücdən başı açılmayan yazıq qonşunun yeddinci dəfə kirayə axtarışına çıxmasını istəmirdim.

 

***

İşdə nahar vaxtı söhbət haradan başladısa, gəlib mənzil, ev məsələlərinə çıxdı. Hərə bir şey dedi. Nisbətən yaşlı əməkdaşlar nə qədər çətin də olsa, sovet dövründə bəzi təşkilatlarda, əsasən də rayon icraiyyə komitələrində mənzil növbələrinin olduğunu yada saldılar. Ancaq indi həmin növbələrin dağıldığını, yeni yaranmış icra hakimiyyətlərinin bu işlə məşğul olmağa vaxtı, imkanı bir yana, həvəsinin də olmadığını dedilər. Sovetdən qalma beş-on mənzili də kimlərəsə pay-puş edilib, qurtarıb gedib. Özünü daha məlumatlı sayan başqa biri şəhərdə hələ də boş mənzillərin olduğunu və siyahısının hazırlandığını, tezliklə elmi müəssisələrə də həmin fonddan mənzil ayrılacağını dedi. Məqam idi deyə, söhbətə qoşuldum və kirayə yer axtardığımı dedim. Ümidim daha çox şəhərli əməkdaşlara idi. Ancaq onlardan səs çıxmadı. Mənim vəziyyətimdə olan iki nəfər "yaşadığımız ərazidə soraqlayarıq, olsa, xəbər edərik", dedilər. Bu elmi idarəyə gəldiyim ilk günlərdən daha çox ürək qızdırdığım, məndən dörd-beş yaş böyük olan Həsən soruşdu: 

- Necə bəyəm, indi qaldığın yerdən çıxırsan?

- Hə, bir az uzaqdır, həm də nisbətən babat yer axtarıram, - dedim.

Ancaq ovqatımın təlxliyi ötən il yarımda hal xasiyyətimə az-çox bələd olan Həsənin gözündən yayınmamışdı. Hiss etdim ki, başqalarının yanında soruşmasa da, axşam işdən çıxanda məsələni aydınlaşdırmağa çalışacaq. Belə də oldu. İş bitər-bitməz, yaxınlıqdakı çayxanaya getməyi təklif etdi. Razılaşdım. Adəti üzrə söhbəti birbaşa mətləb üstünə gətirdi:

- Düzünü de, axı, nə baş verib, yerini dəyişmək istəyirsən? Bildiyim qədər maaşın, imkanın da artmıyıb, qaldığın yerdən də gileyin yox idi. Açıq danış, baxaq, görək nə edirik.

Baş verənləri anlatmaqdan başqa çarə qalmamışdı. Olanları danışdım, ancaq heç bir ad çəkmədim. O da:

- Düz fikirləşirsən, Allah adamı qadın şərindən qorusun. Zəiflik göstərsən, bir ailə dağılar, başqa cür də dözməyin çətin olar. Qadının ki ehtirası başına vurdu, ondan nə təhlükə desən, gözləmək olar. Hələ yaraşıqlı biridirsə, iş lap fırıqdır, dedi.

- Düzü, məni də ən çox qorxudan elə budu. Zalım qızı, od tutub yanır və adam ona baxanda bir anlığa hər şey yadından çıxır. Deyirəm, belə vəziyyətdə şeytan yoldan çıxarar, sonra gərək baş götürüb qaçasan, bir nəfər tanış-bilişə rast gəlməyəsən. Yaraşıqda elə əsl adlısı Əslidir ki var, Kərəmi yandırıb yaxan o erməni qızı. Ancaq hal xasiyyəti onunku deyil, boyu da bir az bəstədi.

Sonuncu sözləri eşidəndə elə bil Həsəni enerji çarpdı.

- Nə, Əsli, bəstəboy? Bu mənim tanıdığım Əsli olmasın? Tələbə vaxtı Əsli adlı birini tanıyırdım. Bizim yerlimiz, universitetdə (o vaxt ölkədə cəmi bir universitet vardı - müəllif) oxuyan bir oğlana vurulmuşdu, özü də erməni qızıydı. Daha doğrusu, anası erməniydi, atası da hansısa başqa millətdən idi. O dostum bacısı ilə onların mənzilinin zirzəmisində kirayə qalırdı. O zirzəmi sənin qaldığın yerdən elə fərqlənmirdi. Yaz, payız rütubətdən, qışda soyuqdan, yayda da istidən və havasızlıqdan adamın nəfəsi kəsilirdi. Bacısı olmasaydı, erməni ana-bala dostumu çoxdan torlarına salıb evləndirmişdilər. Arvad ona vəd eləyirmiş ki, qızımla evlən, üçotaqlı mənzilin bir otağını sizə verəcəm. Sonra da oğluma ev alaram, bura sizə qalar. Sən o Əslinin görkəmini bir az da təsvir elə, görüm odur, ya yox?

Əslinin görünüşü, üzü, göz-qaşı necədir, hamısını dedim. Hətta ağ maya budlarını da unutmadım ki, Həsən təsəvvüründəki ilə tam müqayisə apara bilsin. Bütün cizgilər uyğun gəlmişdi, həmin qız imiş. Sonra tez-tez eşitdiyimiz 30 min erməni "gəlin"imizdən biri.

- Hə, yaman yerdə axşamlamısan. Bu erməni ləçərinin hekayəsi çox uzundu. Hamısını danışsam, neçə saat da bəs eləməz.

- Tələsən yerim yoxdu, nə qədər lazımdı oturaq, bunu da mən dedim.

Həsənin söhbəti, doğrudan, uzun çəkdi. Onun barəsində elə şeylər öyrəndim ki, yüz il axtarsam, tapa bilməzdim. Hə, Əsli, nə Əsli. Demə, bu erməni qızını yüksək vəzifə sahiblərindən biri 19 yaşından yanında katibə kimi saxlıyırmış. Əslində, Həsən onun kimliyini demişdi, ancaq dünyasını dəyişdiyi üçün adını çəkmək istəmirəm, Sovet hökuməti canını tapşırandan sonra bir müddət də vəzifədə qalan həmin şəxsi yeni hakimiyyət təqaüdə yola salmışdı. Elə özü də yeni gələnlərlə işləmək fikrində olmadığından, işdən çıxmağına sevinirmiş. Bir tərəfdən də, məşuqəsi Əsli və anası onu lap küncə sıxıbmışlar ki, tez elə, ya nikaha gir, evini qızın adına keçir, ya da vəd elədiyin mənzili al, qız təzə tapacağı oğlanla ora köçsün. Əslində, bu oğlanı artıq tapıbmış, hətta onunla da oturub-dururmuş. Nə birinci, nə də ikinci arzularının yerinə yetmədiyini görən ana-bala qoca sevgilidən bir qədər pul qoparsalar da, xərcləməyib saxlamış və sonra vəziyyət dəyişdiyi üçün planları baş tutmamış, xırda-xuruşdan savayı, əllərinə bir şey keçməmişdi.

Ermənilərin Azərbaycan ərazilərinə iddiası zəminində günbəgün genişlənən təxribatlar nəticəsində vəziyyətin gərginləşdiyini görən ana əsl erməni fərasəti göstərmişdi. 1989-cu ildə şəhərdəki mənzilini satıb İrəvanda mənzil almış və bir neçə ay sonra oğlu ilə bərabər buraları tərk edib getmişdi. Başqa bir fərasəti isə üç-dörd il əvvəl qızını indi ərdə olduğu Ramizə sırıması olmuşdu. Qoca sevgilisi ilə bərabər onunla da yaxınlıq edən Əsli anasının öyrətməsi ilə Ramizi uşağın atası olduğuna inandırıb yumşaq təbiətli oğlanı toruna salmış, bir güllə ilə iki dovşan vurmuşdu.

İstədim, atası erməni olmayan Əslinin soyadını niyə dəyişdiyinin səbəbini soruşam. Həsən sualımı anlamış kimi məni qabaqladı. Öyrəndim ki, atasının deyil, anasının soyadını daşıyırmış və bu işdə də Əsliyə həmin yüksək vəzifə sahibi kömək edib. Belələrinin vasitəsi ilə şəhərimizdə daha neçə ata, yaxud anası erməni olan axçinin türkə, ləzgiyə, yəhudiyə, gürcüyə... çevrildiyini təxmin etmək çətindir. Ümid edək, onların sayı erməni "gəlin"lərimiz qədər olmaz.

Məni bir məsələ daha çox maraqlandırırdı: görəsən, bütün bunlardan yazıq adam kimi tanıdığım Ramizin nə dərəcədə xəbəri var? Onun barəsində başqa cür düşünməyə hələ də ürəyim gəlmirdi. Əgər xəbəri varsa, niyə bu erməni qızı ilə münasibətinə son qoymur? Başqa suallar da var idi. Ancaq cavab hələlik yox idi. Həsən də bu barədə mənim qədər bilirdi.

Bir az da oturub, oradan-buradan dərdləşdik. Qalxmağa az qalmış, Həsən yada saldığı hansısa məlumatın təsirindən yenə enerji çarpmış kimi yerindən qəfil sıçradı.

- Gör ha, az qala unutmuşdum. O Ramiz dediyinlə bağlı dostum bəzi şeylər danışırdı. Yadımda qalanlardan biri odu ki, o qızı saxlayan qoca bir-iki il qabaq "Tarqovı" tərəflərdə bir paltar mağazası açıb, bunu ona işlətməyə verib. Bilmirəm, o mağaza indi işliyir, ya yox...

Sözünün ardını gətirməsinə imkan vermədim:

- İşliyir, - dedim.

Bu söhbətdən sonra yazıq donlu, əslində, bivecin biri olan Ramiz lap gözümdən düşdü, onu görmək istəmirdim. Yaxşı mənzil tapanadək köçməyə də tələsmirdim. Elə bil Əsli də barəsində bildiklərimdən agah olubmuş kimi özünü bir az yığışdırmışdı. Neçə gün Ramiz gözə dəymədi. Həyətdən yalnız quşbazın səs-küyü gəlirdi. Bir həftə sonra işdən yenə gec qayıtmışdım. Həyətə təzəcə girmişdim ki, gözləmədiyim bir xəbər eşitdim. Qarı dedi, Əsligil mərkəzə, təzə aldıqları birotaqlı mənzilə köçüblər. İstəsəm, onların boşaltdığı otağa keçə bilərəm, çünki ora nisbətən genişdir və paltar asmağa şkaf da var. Düzü, paltarlarımı sınıq-salxaq dolabın, köhnə çarpayının, söykənəcəkləri laxlayan iki stulun üstünə yığmaqdan bezsəm də, bu təklifi qəbul etmədim...

Elə bil təkcə bu həyətin cazibəsi deyil, özüm də nəyisə itirmiş kimiydim. Etiraf etmək istəməsəm də, açığı, harada yaşadıqlarını bilmədiyim bir neçə ayın tanışları üçün darıxmağa başlamışdım. Bəlkə də onlara deməli olduğum sözləri ürəyimdə saxladığımdan, laübalı vəziyyətə düşmüşdüm. Dəqiq anşıda bilmirdim. Bir də axı, nə deyəcəkdim? Deyəcəkdim ki, anası erməni olan bu qızı niyə boşamırsan, cəhənnəm olub getsin? Deməzdi, biz bu hadisələrdən əvvəl evlənmişik, üstəlik, bir qızımız var? Hə, axı, ermənilər Qarabağ uğrunda mübarizəyə iki il sonra başlamışdılar. Qaldı ki, sənə nə? Xoşun gəlmir, salam vermə. Heçimiz ayrı, köçümüz ayrı.

Belə baxanda o da özünə görə haqlı olardı. Nə çox sovet dövründə erməni ilə evlənən azərbaycanlı, yəni türk. Düzdür, rayon yerlərində belələri barmaqla sayılırdı. Ancaq şəhərdə kim-kiməydi, sovet təbliğatı "qardaşdır Hayastan-Azərbaycan" demirdimi? Deyirdi və bu iki millətin o saxta qardaşlığına qarşı çıxmağa kimsənin cürəti çatmırdı. Çatsaydı, yeri "barmaqlıq" olardı, özü də ən ağır cinayətə görə kəsilən cəza müddətindən az olmayaraq. Ən acınacaqlısı oydu ki, belə şeylərə görə bizə cəza verilirdi, ermənilərə isə "gözün üstə qaşın var" deyən yox idi. Hamıya məlum məsələlərlə başınızı nə yorum?! Oldu, keçdi. Axı, deyəsən, bir az tələsdim. Onda hələ keçməmişdi. Gözü çıxmış qardaşlarım barədə eşidib bildiklərim də ehtiyatlı davranmağa sövq edirdi...

Nə gizlədim, artıq Əsli üçün darıxmağa başlamışdım. Onu bir də görmək üçün neçənci dəfəydi şəhərin daha çox gümanım gələn küçələrini dolaşırdım. "Tarqovı"dakı o mağazaya azı beş dəfə baş çəkmiş, neçə saat gəlib-gedənlərə göz qoymuşdum. Ancaq nə Əsli, nə də ərini görə bilməmiş, kor-peşman, yorğun-arğın Qaraçuxura qayıtmışdım. Açığı, bu mənzildə ilişib qalmağım da Əslinin nə vaxtsa gəlib çıxacağı ümidi ilə bağlı idi. Ancaq o, elə bil yağlı əppək olub göyə çəkilmişdi. Açığı, onu görəndə nə deyəcəyimi, onu  axtardığımı nə ilə izah edəcəyimi heç düz-əməlli düşünməmişdim. Görünür, bu istəyimin hansı hisslərdən doğduğu hələ özümə də tam aydın deyildi. O vaxt bunda maraqmı, peşmanlıqmı, şəhvətmi daha çox rol oynayırdı, deyə bilməzdim. İllər sonra bunu dəqiqləşdirməyə isə lüzum görmürəm. Ancaq həqiqət naminə etiraf etməliyəm ki, yəqin müharibə başlamasa, bu axtarışlar bəhrə verə, görüşümüz baş tuta bilərdi.

Ermənilərin sərhədlərimizdə günbəgün artan hücumları ciddi toqquşmalara və nəhayət, müharibəyə çevrildi. Ölkənin, insanların, elə mənim həyatım da dəyişdi. Qayğılar, düşüncələr də artıq fərqli idi. Əslini uzun müddətə unutdum. Əslində, hələ ona tam tutuşmamış, unuda bilməyəcək qədər bağlanmamışdım. Yoxsa, o gedişlə, halına acıdığım Kərəmin gününə düşər, barəmdə "bir erməni qızından yana, alışıb-yandı" deyilər, el-aləm içində rüsvay olardım. Ancaq insafən, o Əsli erməni qızı da olsa, adının üstünə toz qondurmamışdı. Bu Əslininsə, hal-xasiyyəti, oturuşu-duruşu şübhəliydi. Bəlkə nədəsə yanılırdım, ancaq görünən dağa nə bələdçi?!

 

***

Neçə aydı Ermənistanla sərhəd rayonlarda yerli özünümüdafiə taborları yaradılırdı. Bakıda işləyən bir çox tanış-biliş kimi, mən də torpaqlarımızın müdafiəsinə qatılmaq üçün sərhəddə yerləşən rayonumuza qayıtdım. Universitetdə hərbi hazırlıq kursu keçdiyimə və ehtiyatda olan leytenant rütbəsi aldığıma görə mənim kimilərə daha çox ehtiyac vardı. Həmin taborların birinə yazıldım və müharibə həyatım da onun sırasında keçdi.

 

***

Müəllifdən. Artıq iyirmi günə yaxın idi Vətən müharibəsi başlamışdı. Bütün ölkə erməni işğalı altında olan torpaqların azad edilməsi ilə bağlı xəbərləri acgözlüklə, həyəcanla izləyirdi. Adamlar telekanalları tez-tez dəyişir, təzə bir şey tapmayanda radionu açır, kompüteri işə salır, saytları, sosial şəbəkələri ələk-vələk edir, yeni, qələbə müjdəli xəbərlər eşitmək, oxumaq ümidi ilə hər şeyi bir-birinə qatırdılar. Uşaqdan-böyüyə, hamının qulağı səsdə idi. O yerlərdən məcburi qovulmuş insanların isə heç səbri qalmamışdı. Saatın necə keçdiyini, axşamın nə vaxt düşdüyünü duymaz olmuşdular. Belə günlərdən birində təzə xəbər axtardığım YouTube-də qarşıma son vaxtlara aid bir video çıxdı. Səhv etmirəmsə, iki saat əvvəl yayılmış bu videoda bir nəfər orta yaşlı adam gənc hərbçilərlə Birinci Qarabağ müharibəsində şahidi olduqları barədə söhbət edirdi.  Sifəti çox tanış gələn o adama diqqətlə baxdım. Zənnimdə yanılmamışdım. O idi, sizin də artıq tanıdığınız, hekayəsindən xəbərdar olduğunuz gənc elmi işçi. Keçmiş xatirələri barədə elə həvəslə danışırdı, adam dinlədikcə, dinləmək istəyirdi. Videonu dərhal noutbukuma yüklədim ki, sərbəst vaxtımda baxaram. Ancaq maraq necə güc gəldisə, onu təzədən açdım.

Köhnə tanışımın müharibə illərində yaşananlarla bağlı danışdıqları nəfəs kəsəcək qədər maraqlı idi. Ancaq nədənsə, mən onun Əsli ilə bağlı da nəsə deyəcəyini səbirsizliklə gözləyir, bir kəlməsini belə ötürmək istəmirdim. Dəqiqələr keçirdi, o isə, səngər dostlarını, daha çox da rayonun işğal edildiyi günlərdə şəhid olanları, çiyin-çiyinə döyüşdükləri polisləri xatırlayırdı. İşğala son vermək inamı ilə qalibiyyət yürüşünə çıxan cavan döyüşçülər həmin işğalın acısını yaşamış, əllisinə çatsa da, (onlara görə - müəllif) yenidən səngəri seçən bu zabitin sözlərinə qulaq kəsilmişdilər. Nəfəslərini içlərinə çəkib gözlərini bu yaşlı döyüşçüyə dikmələrindən görünürdü ki, söhbətə elə heyran qalıblar, özlərinin əfsanəyə, möcüzəyə bənzəyən, inanılmaz qəhrəmanlıqlarını unudublar. Videonun sonuna yaxın dedikləri isə yəqin çoxlarını şoka salıb. Bunu gözləsəm də, mən də bir anlıq qulaqlarıma inanmadım, filkirləşdim, yəqin ürəyimdən keçənləri eşitdiyimi sanmışam. Bütün diqqətimi toplayıb təkrar dinlədim, şübhəyə yer yox idi.

- Ermənilər müharibəni heç vaxt təkcə silah, filanla aparmayıb. Əvvəl içimizdə olan adamlarını, hətta qadınlarını da bu işə qoşublar. Bəzən bir adamı tərəflərinə çəkməyi, yaxud yoldan çıxarmağı da qənimət sayıblar. Mən də az qala, belə tələlərdən birinə düşürdüm. Allah üzümə baxdı. Əsli adında anası erməni olan birini tanıyırdım. Nə gizlədim, yaraşığı, işvəli duruşu-baxışı məni cəlb etmişdi, əməlli-başlı çaşıb qalmışdım. Bu bəladan necə qurtaracağımı düşünürdüm. Nə yaxınlaşa, nə də uzaqlaşa bilirdim. İstəklə qorxu arasında vurnuxurdum. Özümlə bacara bilmirdim. Belə vəziyyətlə bağlı yaxşı bir deyim var. İnsan qəlbi ilə ağlı arasında qalır. Ancaq Allah adamı qurtaranda heç gözləmədiyi bir yol açır. Mənim üçün müharibə belə bir xilas yolu oldu. Özüylə saysız fəlakətlər gətirsə də, məni düşməkdə olduğum oddan qurtardı. Rayona qayıdıb özünümüdafiə dəstəsinə yazıldım. Başım əvvəl müharibəyə, sonra da məcburi köçkün olan ailəmizə qarışdı. Beləcə, 15-20 il ondan xəbər tutmadım. Bir cəbhə dostum vardı, axırıncı döyüşdə yaralanmışdı, qəlpə dalağını, qara ciyərini parçalayıb, kürək nahiyəsində ilişib qalmışdı. Neçə il müalicə olunsa da, tam sağalmamışdı. Türkiyədə yaşayan həkim qohumunun yanına getdi ki, onlarda tibb daha çox inkişaf edib, bəlkə orada dərdinə əlac edərlər. Elə də oldu, üç ay müalicədən sonra xeyli yaxşılaşdı. Daha beş-altı il də yaşadı. Ona da Əsli haqqında danışmışdım, necə biri olduğunu bilirdi. O, Bakıya qayıdan gün məni evlərinə çağırdı, "gəl, sənə çatdıracaqlarım var", dedi. Yubanmadan onlara getdim. Elə təzəcə hal-əhval tutmuşduq, dedi:

- Bilirsən, sənin Əslini tapdım. Müalicə aldığım klinikada, həkim qohumumun yanında işləyir. Tibb bacısıdı. Bir müddət Moskvada yaşayıb, sonra ora köçüb. Özü də subaydı. Özündən cavan bir türk doktorla yaxınlıq edir. Sənə demədim ki, birdən işini-gücünü atıb gələrsən, sonra evdə bilərlər, qanqaraçılıq olar.

Fikirlərim, duyğularım bir-birinə necə qarışdı, necə sürətlə dəyişdisə, dil-dodağım qurudu, elə bil nitqim tutuldu. Nəsə deyə bilmədim. Beynimdəsə bir xeyli sual dolaşırdı. Necə gedib ora çıxıb, bəs qızı, Ramiz necə olub? Ailəsi də yanındadımı? O doktorla yaxınlaşmaqda məqsədi nədir? Belə bir sürü cavabsız suallar... Ancaq bu mənə yeni bir dərs oldu. Əslilər bizi çox yandırıb-yaxıb, ancaq heç vaxt öz məqsədlərini unutmayıblar; bizi özlərinə əsir edəndə, hətta yalan-doğru bizlərə aşiq olanda da. Əsli elə Əslidir, yandıranı, yananı da, yaxşısı, yamanı da. Gözümün işıqları, bunu bilin.

Noutbuku söndürüb, işə getmək üçün evdən çıxdım.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!