Allah səmanın bitdiyi yerdədirmi? (Hekayə) - Hafiz MİRZƏ

 

General-leytenant lyuftvafe Reynar Ştaqel alman qoşunlarının nəzarəti altında olan Varşava şəhərinin komendantı vəzifəsinə təyin edildikdə, nəhayət ki, rahat nəfəs aldı. Bədənindəki bütün xəstəliklərdən burada tədricən qurtulacağını zənn edirdi. Çünki burada başqa iqlim, bir qədər sakit iş şəraiti və həm də boş vaxtı olacaqdı. Amma burada səhətində hər şey daha da ağırlaşdı. Gah öskürək ona imkan vermirdi, gah havası çatmırdı, gah ürəyi sıxılır, gah da böyrəklərindən sızıltılar, sancılar qopurdu. Daha tez-tez başgicəllənmələr, ürəyində küt sancılar və dəhşətli mədə ağrıları baş qaldırırdı. Praqada yatağa düşərkən bir həftədən tez qalxa bilmir, iynə yerləri növbəti dəfəyə qədər sızıldayırdı. İki il idi ki, gün ərzində xörəkdən daha çox dərman yeyirdi. Praqa şəhərində xidmətdə olarkən ona polyak xalq təbiblərinin məharətindən çox danışmışdılar, o da elə ilk fürsətdəcə xidmət yerini Polşanın paytaxtı Varşavaya dəyişdirdi.

Şəhərdə yerləşən hərbi hissələrin komandirləri yaşca ondan cavan zabitlər idi. Bircə köhnə dostu gestapo ştandartenfüreri Hans Künterlə həmyaşıd və həmyerli idilər. İki ay əvvəl buraya gələndə tabeliyində olan zabitlər ona müxtəlif qızıl əşyalar, qaş-daşlar hədiyyə gətirmişdilər; hərbi qənimətlərdən idi. Özünün bir qutu daha zəngin, əntiq zinət şeyləri vardı. Onları Berlinə - öz ailəsinə göndərmirdi. Əmin idi ki, arvadı bunları öz aşnalarına verəcək. Onun hərəkətlərinə bu vaxtacan necə dözmüşdüsə, sonra da dözəcəkdi. Belə vəziyyətə düşəcəyini reyxs-fürerin qızı ilə evlənərkən nəzərə almalı idi. O vaxt gələcək planları başqa nəsə ehtimal etməyə əsas vermirdi. İndi isə gestapodan aldığı məxfi məlumatlar onu qıcıqlandırırdı. Ona görə də indi öz sərvətini özü ilə gəzdirməsi daha yaxşı idi. Tabeliyində olmayan yüzlərlə zabitdən rütbəcə daha aşağı olanlar, bəlkə lap yefreytorlar da frau Martaya "qulluq" göstərirdilər. Buradakı zabitlər isə çox qabiliyyətli gənclər idi. Ona günün istənilən vaxtı ən ləziz yeməklərlə təminat işlərini öz öhdələrinə götürmüşdülər. Amma ondan xəbərsiz bir öhdəlik də götürüblərmiş - yataq qadını ilə təchizatı. İnsafən, yaxşı zövqləri var idi. Hər gecə yatağına əlində həftəlik həkim nəzarətindən keçirilməsi barədə sənədi olan cavan və yaraşıqlı qadınlar göndərilirdi. Sülh şəraitində olardısa, bu gözəl polyak qızları, bəlkə heç ən dəyərli hədiyyə hesabına da onun qarşısında soyunmazdılar. Amma indi onun özünü də soyundurur, ehtirasa gəlməsi üçün min bir oyundan çıxırdılar. Bəzən isə canındakı hər hansı problem baş qaldırır və ona bu yaraşıqlı qadınlardan ala biləcəyi həzzdən daha artıq əzablar oyanıb, onu mağmun edirdi. Nəhayət, o, hərbi hissə komandirlərinə ərk edib öz sirrini dedi və bu yerlərin ən yaxşı xalq təbibini tapmağı tapşırdı.

- Buralarda nə qədər elə fırıldaqçı vardısa, biz üzünü divara çevirdik.

Ancaq ona sağ qalmış bir professoru təqdim etdilər: pan Lodzinskini. O isə əvvəlcə bu professordan imtina elədi. Xəstəliklər başlayandan sonra iki il Praqada əlinin altında ən yaxşı tibb professorları olmuşdu. Qüdrətli alman həkimlər bir yana, bir çox əsir tibb alimləri də var idi. Onun xəstəliklərinə heç kəs daha dəqiq diaqnoz qoya və onu düzgün müalicə edə bilmirdi. Buna cəhd göstərən adi həkimdən tutmuş, tibb professoruna qədər sonda bir çoxunu şəxsən özü güllələmişdi.

Ştandartenfürer Hans Künter arxayınçılıqla dedi ki, bu professorun özü həm də çox güclü xalq təbibidir. Guya onun baş açmadığı və sağaltmadığı xəstə olmurdu. Bir xəstədən ki, o imtina edirdi, deməli, o xəstənin həqiqətən də, sağalmaq ehtimalı yox idi. Amma xahiş etdi ki, pan Lodzinskini bəyənməyəcəksə, güllələməsin, çünki onun və dostlarının çox etibarlı həkimidir. General Ştaqelin yalnız bu sözlərdən sonra professora inamı yarandı və pan Lodzinskinin təcili tapılıb gətirilməsini əmr etdi.

Pan Lodzinski bığlarını qırxdırıb, çənəsində saqqal saxlamış, dairəvi çeşmək taxan, yaşlı birisi idi. Qayınatasını xatırlatdığı üçün Ştaqel beləsini heç xoşlamırdı;

- Məni aldatmamalı, çəkinmədən hər şeyi düzgün deməli, yalnız uğurlu nəticə olacağı təqdirdə müalicəyə başlamalısınız! Nəticəsiz müalicəyə görə bir çox həkimlərə zəhməthaqqı əvəzinə açılmış güllə hədiyyə etmişəm. Mənə vaxt və ümid gərək deyil!

Professor pan Lodzinski onun bu sözlərinə dodaq büzdü.

- Mən sağalacağına tam inanmadığım xəstələri onsuz da müalicə etmirəm, cənab general. Amma əvvəlcə diaqnozlarınızı dəqiqləşdirməliyəm.

Pan Lodzinski onun köynəyini soyundurub lanqedoskopla ciyərlərinə qulaq asdı, təzyiqini ölçdü, ağzını açdırıb, dilinə, boğazına baxdı, bədəninin müəyyən yerlərini əli ilə yoxladı, bu vaxta kimi aparılmış bütün müayinə kağızlarına nəzər saldı, sonra isə sidik, qan və nəcis analizlərini götüzdürüb, hospitalın müayinəsinə verdirdi.

Ertəsi gün onların görüşü çox qısa və general üçün çox qanqaraldıcı oldu.

- Cənab general, mən təcrübəmdə sizin kimi xəstəyə rast gəlməmişəm. Sizə dəqiq diaqnoz qoyulub və çox gözəl dərmanlarla müalicə almısınız. Amma çox qəribədir ki, heç bir təsiri olmamış, vəziyyətiniz bir qədər də pisləşmişdir. Siz nə vaxtsa belə xəstəlik daşıyıcıları ilə intim əlaqədə olmamısınız ki? - o sonda belə soruşdu.

- Xeyr! Mən Dahauda da işləmişəm, ancaq əsir qadınlardan həmişə iyrənmişəm. Onlar mənim üçün qadın yox, adicə iylənmiş ət parçaları olmuşlar. Əsirlər həmişə müxtəlif xəstəliklərin daşıyıcıları olur. Mən heç əsir kişilərlə də yaxın təmasda olmuram. Praqaya təyin olunduğum ilk vaxtlar həbsxanaları gəzirdim. Orada pis adət yaranmasın deyə, onlardan kimsə xəstəliyi ilə bağlı müraciət etdisə, mən tapançanı onun həmin yerinə söykəyib atəş açırdım. Kiminin böyrəyinə, kiminin qara ciyərinə, mədəsinə, gözünə, ürəyinə... Yaxşı effekt verdi; sonra daha kimsə xəstəliyi ilə bağlı həbsxana rəhbərliyinə müraciət etmədi. Amma özüm elə bu yerlərdən xəstələnməyə başladım: böyrəkdən, qara ciyərdən, mədədən,.. Axı bu xəstəliklər yoluxucu da sayılmır!

- Doğrudur, təkcə ağ ciyər xəstəliyi olan vərəmdən başqa, digərlərinin yoluxuculuq xarakteri yoxdur. Nə böyrək, nə göz, nə ürək, nə də qara ciyər bir elə yoluxucu xəstəlik tutmur. Amma siz məhz elə bu yerlərdən xəstələnmisiniz. Onu deyim ki, əgər siz ilk dəfə mənə müraciət edərdinizsə, elə mən də bu cür diaqnoz qoyar, bu dərmanları yazardım.

General Reynar Ştaqel əsəbiləşdi.

- Pan professor, bəxt sizin tərəfdə olub ki, mənim ilk həkimim olmamısınız. Çünki bundan ötrü Praqa həbsxanalarının məhbusu olmalı idiniz. Mənim üçün siz heç professor da yox, xalq təbibi olmalısınız! Siz məni xalq təbabəti ilə müalicə etməyə çalışın! Mənim yeganə ümidim ona qalıb!

Pan Lodzinski bir qədər tərəddüd etdikdən sonra qətiyyətlə danışmağa çalışdı.

- Cənab general, siz papiros çəkmirsiniz, şərabxorluq etmirsiniz, qadınlardan uzaqsınız, əvvəllər, heç uşaqlıq zamanı da heç bir ağır xəstəlik keçirməmisiniz, həmişə də pəhriz saxlamısınız, özünüzü qorumusunuz, amma... Bu çox qəribədir! Sizə açıq bildirməliyəm ki, sizin böyrəyiniz, ağ və qara ciyəriniz, ürəyiniz, eləcə də bir gözünüz daha heç bir müalicəyə yararlı vəziyyətdə deyil! Mənim bildiyim ən incə üsullu xalq təbabəti də sizin xəstəliklərinizin qarşısında acizdir!

- Sən nə danışırsan, qoca əbləh?! Demək istəyirsən ki, mən uzanıb öz ölümümü gözləməliyəm?!

Pan Lodzinski dairəvi gözlüyünü çıxartdı və məlul səslə:

- Siz mənim də alnıma tapançanı dirəyib atəş aça bilərsiniz, amma mən sizi aldada bilmərəm! - dedi. - Sizin bu orqanlarınız çox kiçik faizdə işləyir, bir növ artıq ölmüşdür.

- Necə yəni ölmüşdür?! Mən özüm hələ sağ ikən mənim bəzi orqanlarım ölmüşdür?!

- Siz çox ağır vəziyyətdəsiniz, cənab general. Bu dəfə qəflətən yatağa düşə bilər, bəlkə elə həmin gün həyatınızı itirərsiniz. Mən öz sözlərimin doğruluğuna görə həyatım üstünə cavabdehəm. Bunu təkcə mən yox, bütün cihazlar, analizlər də deyir. İnanmırsınızsa, özünüzü Berlində də yoxlatdıra bilərsiniz.

General-leytenant Reynar Ştaqel əlli illik ömrü boyu həyatında çox çətinliklərə düşmüşdü, amma indiki qədər ağır məqamı olmamışdı. O, nə edəcəyini bilmədən kabinetində bir qədər var-gəl etdi. Amma sonra gəzmək də onun üçün ağır oldu və o, ağrı altında üz-gözünü büzüb, əlinin üstü ilə professor Lodzinskinin getməsinə işarə verdi. Axşamdan keçənə qədər heç telefonlara da cavab vermədən çox fikirləşdi. Dəqiq qərar çıxarda bilmirdi; tapançasını gicgahına dirəsin, ya yox! Martanı öz yatağında adyutantı ilə tutarkən də çox çətin vəziyyətə düşmüşdü. Onu görərdilərsə, Martaya qarşı nəsə etməli olacaq, bu isə daha pis cavab şəklində özünə qayıdacaqdı. Onun atası reyxs-fürer idi. Heç bir şey etməyəcəyi təqdirdə, sonra Marta öz aşnalarını lap onun gözü önündə içəriyə dartacaqdı. O zaman tez geriyə çəkilə və özünü görməzliyə qoya bildi. Sonra nə bunu dilinə gətirdi, nə də tapançanı gicgahına dayamaq barədə düşündü. Kimsə keyf edəcək, bunun müqabilində o öləcəkdi? O tam ağıllı addım atdığına hər zaman əmin idi. İndi isə sanki beyni də sıradan çıxmışdı. Yeganə ümid yeri bilərək ştandartenfürer Hans Künterin yanına getdi. Həmyaşıd idilər deyə, onu düzgün başa düşərdi.

Gümanında yanılmamışdı.

- Bir halda ki, sənin daxili orqanların bir-bir ölür, onda biz də onları bir-bir dəyişdirərik. Orqan inplantasiyası. Bizim alman həkimləri bu sahəni çox gözəl bilirlər.

- Mən səni başa düşmədim, Hans! Sən nə demək istəyirsən?!

- Sən ki, Praqadan əvvəl Dahau konslagerində rəis olmusan! Özünü sadəlövhlüyə qoyma! Əgər sənin yerində mən olardımsa, hər yerimi dəyişərdim, xüsusən, qurşaqdan aşağıları! Təkcə ürəyimi dəyişməzdim - əsil alman ürəyini!

General Reynar Ştaqel məyus görkəm aldı.

- Mənim isə ürəyim daha pis vəziyyətdədir. Professorun deməsinə görə hər an vəziyyət dəyişə bilər və daha heç vaxt düzəlməz. Bilsəydim ki, kiminsə iç-içalatına möhtac olacağam, heç Dahaudan Praqaya getməzdim. Orada xüsusi briqadanın həkimi sağlam əsirlərin daxili orqanlarını toplayır, Berlinə göndərirdi.

Hans Künter gülümsədi və əlini onun çiyninə qoydu:

- Narahat olma, yaxınlığımızda Osventsim həbs düşərgəsi var. Rəisi mənim şəxsi dostumdur! Gedərik, bir sağlam əsir seçib götürərsən. İstəsən, beş-onunu da götürmək olar. Orada hər gün boş-boşuna minlərlə əsiri yandırırlar. Seç, sonra da...

- Axı orada daha çox sovet ölkələrinin əsirləri, ən çox da yəhudilər olur. Mənə yəhudi ürəyi qoyulsunmu?! Mən o əclaflara nifrət edirəm!

Hans Künter bir qədər üz-gözünü ovuşdurdu, nəsə fikirləşdi, sonra:

- Narahat olma, Reynar, sənin üçün bir müsəlman ürəyi taparıq! - dedi.

- Yox, mən oxumuşam ki, müsəlman ürəyi yumuşaq olur. Mənə alman ürəyi lazımdır!

Hans Künterin siması ciddiləşdi və acıqlı tərzdə:

- Dostum, bezməmisənmi alman ürəyindən? Bu müharibədə mən bezdim,- dedi, amma birdən nə deməsinin fərqində oldu və tez də sifətinin ifadəsi dəyişdi:- Yəni başqaları bir öz dərdini çəkə bilmədiyi halda bizim ürəyimiz bütün dünyanın dərdini çəkir! Həm də bizim konslagerdə əsir alman tapmağımız çox çətin olar. Üstəlik, mənim hələ yadıma gəlmir ki, bizim zabitlərdən kimsə ürəyini dəyişdirmiş olsun. Mən biləni, eksperiment olaraq Dahau həbs düşərgəsinin baş həkimi professor Karl Klaus Şillinq əsirlər üzərində elə bir təcrübə aparıb, amma... Məncə, sən həyat və ölüm məsələlərində vasvası olmamalısan. Nə fərqi var ki?! Əsas odur, ömrün uzun olsun, canın sağlam. Kimdir sənin ürəyini görən?!

Bu mövzunu çox genişləndirmədilər. Başqa yol yox idi. General Reynar Ştaqel öz xəstə orqanlarının dəyişdirilməsini qərara aldı. Bir haldakı bu mümkün idi və başqa yolu qalmamışdı, tərəddüd etməklə öz ölümündən savayı heç nəyə nail olmayacaqdı. Bu axşam qəflətən ağrıdan bayıla və ölə bilərdi. Topladığı sərvət sonra gedib evinə çatacaqdımı? Çatmasının nə əhəmiyyəti olacaqdı ki?! Daha bezmişdi. Birdən-birə, iki ilin içində belə miskin dərdə düşəcəyini heç təsəvvür etməzdi: diri ikən, daxilən hissə-hissə ölmək.

General bu haqda düşündükcə elə əsəbiləşirdi ki, tapançasının lüləsini öz böyrəyinə, qara ciyərinə, mədəsinə, ürəyinə sıxmaq istəyirdi. Axı niyə belə olmuşdu? Səbəbini anlamırdı.

Berlinə - SS Konslager İdarəsinin rəisi Osvald Pola zəng vurub Dahau düşərgəsinin baş həkimi, professor Karl Klaus Şillinqi təcili Varşavaya göndərməsini xahiş etdi. Osvald onun sözündən çıxa bilməzdi, çünki o vəzifəyə yüksəlməsində Reynarın öz qayınatasından xahiş etməsi də az rol oynamamışdı. Sonra öz komandanlığına zəng vurub təcili tibbi əməliyyat üçün icazə istədi. Əgər reyxs-fürerin kürəkəni olmazdısa, çətin ki, bu dəfə də ona xəstə yatmaqdan ötrü icazə verəydilər; tərxis edəcək, ehtiyata göndərəcəkdilər.

Bir gün sonra aerodromda professor Karl Klaus Şillinqi qarşıladılar. Çox qıvraq və işgüzar görkəmi vardı. Onun səhhəti ilə bağlı bütün kağızlara elə maşındaca nəzər saldı və onun qəti qərarını ən münasib yol hesab etdi. Orqan implantasiyası onun elmi mövzusu olmuşdu və təcrübəsində onlarca xəstə indi sağalıb Almaniyaya xidmət göstərirdi. Sonra isə professor ona sağ qalmasından ötrü Allahın əvəzinə də zəmanət verdi.

Ertəsi gün Osventsimə Hans Künterlə birlikdə, iki maşında yollandılar. Professoru öz maşınına oturtmuşdu. Hər şey ola bilərdi. Ona görə general Reynar Ştaqel topladığı bir iri qutu dolusu zinət əşyalarını seyfindən götürüb iri meşin portfelinə soxdu və özü ilə götürdü. Yolda az qala sovet təyyarələrinin diqqətinə tuş gələcəkdilər. Yaxşı ki, haradasa alman topları gurladı və o qırıcı təyyarələr hərlənib onların maşınlarına sarı geriyə dönmədilər.

Osventsim əsir düşərgəsi Dahaudan da, Buxenvalddan ərazi cəhətdən çox böyük idi. Buxenvalda nəzarət ekspedisiyası ilə getmişdi. Orada birdəfəlik üçün yüz mindən artıq əsir olmurdu. Osventsimdə hər gün ən azı beş yüz əsirin krematoriya sobalarında odun kimi yandırılmasına baxmayaraq, ən azı bir və ya iki milyon nəfər tutumu vardı.

Yolboyu havadan kəsif qoxu gəlirdi. Ətrafda əsirlər asta addımlarla, başlarını aşağı dikərək addımlayır, iri qara qarışqa kimi görünürdülər. Başqa vaxt olsaydı, maşını üzərinə sürdürüb, belələrini əzməkdən həzz alardı. Ancaq indi buna taqəti və həvəsi yox idi.

Osventsim həbs düşərgəsinin rəisi oberfürer Rudolf Qesslə çoxdanın tanışı idilər. Əvvəllər birlikdə bir çox toplantılarda olmuşdular. Amma Hansla münasibətləri daha yaxın, daha açıq idi. Qess öz kabinet pəncərəsindən onlara həyətdə düzülmüş yüz minlərlə əsiri göstərdi və:

- Ovcunuzu salın, nə qədər istəyirsiniz götürün, tökün cibinizə! - dedi.

Lakin professor Karl Klaus Şillinq bundansa bircə nəfər tam sağlam əsiri seçməyi münasib hesab elədi. Bir neçə orqanı implant olunacağı üçün onların hormonal fəaliyyətini tənzimləmək nəzərə alınmalı və bunun eyni adam olmasına üstünlük verilməli idi.

Rudolf Qess professora böyük ehtiram göstərdi və o andaca onun fikrinə öz ehtiramını ifadə etməyə çalışdı.

- Bizim Osventsim - ikidə, yəni Birkenauda çox gözəl əməliyyat otaqlarımız, laboratoriyalarımız var. Gəlmişkən, Reynarı əməliyyat etdikdən sonra, imkan düşəndə məni də müayinədən keçirməyinizi rica edərdim. Ehtiyac olsa, mən də bəzi yerləri dəyişdirərdim.

Rudolf Qessin öz səhhətinə qarşı bu diqqəti Reynar Ştaqeli daha da həvəsləndirdi. Düşərgənin eksperimental müalicə laboratoriyasının baş cərrahı Erik Foksla danışmağı daha münasib hesab etdilər. O, gün ərzində onlarca cərrahiyyə eksperimenti keçirirdi, hamısı da uğurlu idi. Foks ona daha yaxşı məsləhət verə və professora əməliyyat zamanı yaxşı asissentlik edə bilərdi.

O gələnə qədər Reynar professor Şillinqlə ikinci mərtəbənin pəncərə ağzından həyətə bir müddət tamaşa etdilər. Həyətin uzaq bir tərəfində boz rəngli binalar, hündür borular görünür, borulardan ağ tüstü yüksəlirdi. Foks onları əyləndirmək üçün içəridəki snayperlə buradan atəş açaraq, həyətdəki əsirlərin istənilən birisini vurub yerə yıxdı. Bu ləzzəti onlar ilə də paylaşdı. İçində bir küt ağrı dolaşsa da və bu ağrı onu bükülməyə məcbur etsə də, Reynar bu təklifdən imtina etmədi və addımlayan bir sıranın ən sonundakı əsirin başını nişan aldı. Əgər onu vura bilərsə, deməli, əməliyyat da uğurlu bitəcəkdi.

Açdığı atəşin gülləsi həmin əsirin başına dəydi və zərbəsi onu sıradan kənara çırpıb yıxdı.

Havadan dəhşətli üfunət qoxusu gəlir, Reynarın ürəyini bulandırırdı.

Erik Foks da professor Şillinqə böyük ehtiram göstərdi. İmplant məsələləri üzrə o da Birkenauda çox təcrübələr aparmış, cəbhədə yaralanmış yüksək rütbəli zabitlərin bir çoxunu əməliyyat etmişdi. Onun əməliyyatları daha çox böyrək və qara ciyər dəyişməsi üzrə idi. Ancaq özünün verdiyi məlumata əsasən hələ ki, heç bir alman zabitinin ürəyini dəyişməyi sınaqdan keçirtməmişdi. Buna risk edən olmamışdı. Foks onlara ən sağlam bir əsiri göstərəcəyini bildirdi və ona çox böyük üstünlük verdiyini dedi. Amma professor Şillinq qaşlarını düyünlədi və seçimi özünün müəyyənləşdirəcəyini söylədi. Erik Foksun əlavə bircə kəlmə deməyə də cəsarəti çatmadı. Onlar bir qapalı otağa girdilər. Burada hündür taxta stullarda oturub gözləyərkən komendant Rudolf Qess əvvəlcə Foksun təqdim etmək istədiyi əsirin adını və məhbus nömrəsini xüsusi jurnala baxaraq tapdı, oradakıları əlavə bir kağıza yazıb, əsiri gətirmək üçün nəzarətçi zabitlərə verdi.

Həm dostu Hans Künter, həm Rudolf Qess, həm də Karl Klaus Şillinq generala ürək-dirək verir, onu qətiyyətli və cəsur olmaqda tərifləyirdilər. Eləcə də onun iki ay ərzində və iki əməliyyat nəticəsində dörd orqanını rahatca dəyişəcəyini və özünü o donorun cavan yaşında imiş kimi hiss edəcəyini bildirir, generalı daha da həvəsləndirirdilər. Təkcə ürəyinin dəyişdirilməsi bir qədər risk tələb edəcəkdi. Şuntlama əməliyyatı keçirilməsini də pis fikir hesab etmədilər. Amma general-leytenant Reynar Ştiqel öz fikrində qətiyyətini pozmadı.

O, hər şeyin uğurlu olacağına əmin idi.

İçəriyə daxil olan sovet əsiri əvvəlcə başındakı dairəvi, mahud bireti çıxardıb baş əydi, sonra başını qaldırmasa da, qaşının üstündən onların üzünə baxaraq gözləməyə başladı. Konslagerin rəisi Rudolf Qess əlindəki qovluğa baxaraq onun barəsində bəzi məlumatlar verməyə başladı. Qafqazda, Bakı şəhərində anadan olmuşdu... Digər əlavə məlumatlara bir elə ehtiyac yox idi. Əsir donor kifayət qədər sağlam, möhkəm bədənli, qaraşın və yaraşıqlı bir kişi idi. Rudolf Qess onun adının Mirməhəmməd Əliyev olduğunu oxudu. Bu adamın müsəlman olması adından da bilinirdi. Bir andaca ona qarşı özündə isti münasibət hiss eləməyə başladı. Bir neçə gündən sonra öz içində bu adamın daxili orqanlarını gəzdirəcəkdi. Həkim Erik Foksun ona rus dilində verdiyi əmrə əsasən əsir tamam soyundu. Onun çılpaq bədəni daha cazibədar idi. Kaş ki, başını, qollarını və ayaqlarını da onunla dəyişə biləydi. Amma birdən bu əsirin sünnət olunmuş cinsi orqanını da gördü və təəccübləndi. Onun sünnətinə işarə elədi:

- Bu ki, yəhudidir! - deyə nifrətlə bildirdi.

- Narahatçılığa əsas yoxdur, müsəlmanlar da yəhudilər kimi sünnət olunurlar! Bu, əsil müsəlman türkdür!

- Qess, Türkiyə bizim müttəfiqimiz deyilmi?

- Bu adam Qafqaz türküdür, cənab general, sovet Azərbaycanından!

Reynar Ştaqel bu vaxta kimi Qafqaz və oradakı sovet respublikaları barəsində çox az şeylər bilirdi. Təkcə Bakı şəhərinin adını və onun Sovet İttifaqını neftlə təchiz etdiyini eşitmişdi. Əlavə sual verməklə özünün savadsız sayıla biləcəyindən çəkindi. Qalxıb əsirə yaxınlaşdı. İlk dəfə idi ki, əlini bir əsirin böyrəklərinə, sinəsinə, ürəyinə, kürəyinə sürtürdü. Onun içində özünəməxsus, çox dəyərli sərvət vardı.

Professor Şillinq onu özünəməxsus üsullarla müayinə elədi. O əlini hara toxundurdusa, Foks da həmin nahiyənin fiziki göstəriciləri barəsində məlumatları əzbər söylədi.

- Əslində onu mən özüm üçün ehtiyat bəsləyirdim, sizə qismət imiş!

Konslagerin rəisi Rudolf Qess Mirməhəmməd Əliyev adlanan bu sovet əsirinə əlinin işarəsi ilə, Hans Künter isə ona təmiz rus dilində geyinməsindən ötrü icazə verdi və sonra da onunla nə barədəsə danışmağa başladı. Onların anlamadığını görüb, öz dediklərini alman dilinə tərcümə elədi.

- Mən ondan soruşuram ki, yaxın günlərin birində diri-diri krematoriya sobasında yandırılmaqla ölməyi, bir ovuc külə çevrilməyi seçir, yoxsa heç olmasa, daxili orqanlarının bir alman generalını içində yaşayacağı şərti ilə ölməyi. O yaşamağı seçdi. Hə, üstəlik, nə dedi? Dedi ki, onu yaradan biz deyilik, biz də öldürə bilmərik, əgər ki, Yaradanın buna razılığı olmasa!

Eşidənlər ucadan gülüşdülər, sonra isə təəccüblə dodaqlarını büzdülər.

- Sovet adamından Allaha belə inam?- deyə general Renar Ştaqel təəccübünü dilə gətirdi.

- Bəli! Üstəlik, bu adam nə papiros çəkib, nə də rus arağı içib! Ciyərləri və mədəsi şüşə kimidir!

General Reynar Ştaqel dərindən köks ötürdü.

- Eh, mən də nə siqaret çəkirdim, nə də şnabs içirdim. Amma gör ki, qısa vaxt ərzində necə dəhşətli xəstəliklər tapdım: iç-içalatım özümdən əvvəl ölməyə başlayıb!

- Görünür, günahların çox olub, əzizim Reynar! - Hans gülərək əlini onun kürəyinə çırpdı.- Eyb etməz, iki-üç aydan sonra bu əsgər kimi sağlam olacaqsan, daha heç bir qadın sənin yanından tər-təmiz geri qayıtmayacaq!

Əvvəlcə gülüşdülər, sonra getmək üçün ayağa durdular. Rudolf Qess əsirə sarı işarə edərək nəzarətçiyə:

- Bunu qonaqların maşınında yük yerinə basın! - əmrini verdi.

- Rudolf, onu incitmək olmaz, onun üstündə mənə aid çox şeylər var!

Bunu isə sonda Reynar Ştaqelin özü dedi və yenidən gülüşdülər.

Sovet əsiri Mirməhəmməd Əliyevi Reynarın xahişi ilə yaxşıca çimizdirdilər, təmiz paltar geyindirdilər, bir azca da yedirtdikdən sonra onu Reynarın maşınına oturtdular.

- Professor və bizim Foks mənim maşınımda gedər. Çalışmalıyıq ki, sovet təyyarələrinin diqqətini cəlb etməyək! Bir də,.. bir də, bu sovet yaramazının qarnını yarmazdan əvvəl ona xatırladın ki, Allah da Fürerin tərəfindədir! Hayl Hitler!

Üç maşın asta sürətlə konslagerin həyətindən yola düşdü. Rudolf Qessin maşını həm də yola bələdçilik etmək məqsədilə irəliyə çıxdı. Buradan birbaşa Osventsim- 2-ə, yəni Birkenauya gedirdilər. Osventsim həbs düşərgəsinin rəisi oberfürer Rudolf Qess orada çox gözəl əməliyyat otaqları, laboratoriyalar olduğunu bildirmişdi.

Deyilənə görə, aralıqda bir elə böyük məsafə yox idi. Yenə də əsir kolonlarını gördülər. Dəstə ilə klimatoriya sobalarına sarı aparılan əsirlər maşında, yüksək çinli alman zabitlərinin ortasında oturmuş öz əsir yoldaşlarına həsədlə baxırdılar. General Reynar Ştaqelin içində indi həmişəki ağrılardan daha çox, bir narahatçılıq və qorxu dolaşırdı. Özünü çox böyük risk altında hiss edirdi. Bu yoldan sağ qayıtmaya da bilərdi. Amma getməzdisə də sağ qalacağına heç bir ümid yox idi. Artıq ayaqları da titrəməyə başlamış və o, dizlərini ayaqları arasına qoyulmuş iri portfelə sıxmışdı. Onun şəxsi sərvəti - bütün qazancı bu portfelin içərisindəki iri qutuda idi. Həmişə əlini üstünə qoyarkən içinə hərarət dolardı. İndi heç dizlərini də qızdırmadı. Yanındakı əsirin üzündə isə heç bir şeyin narahatçılığı hiss olunmurdu. Onu belə saxlayan içindəki hansı inam idi elə? Təkcə Allaha inammı?

Əsirdən sol tərəfdə oturmuş ştandartenfürer Hans Künterin isə keyfi həmişəki kimi kök idi və indi həvəslə özünün Stalinə aid edilən hansısa yeni lətifəsini danışırdı. Konslagerin ərazisini çoxdan keçmişdilər. General Ştaqel çevrilib baxması üçün arxada gələn mühafizə maşını imkan vermirdi. Həm də çevrilən kimi yenə də öz sol tərəfində oturmuş sovet əsirinin təbəssümlə dərin düşüncələrə daldığını gördü. Ölümqabağı bu adam görəsən nə barədə belə dərindən, həm də təbəssümlə düşünürdü? Bu sual onu çox maraqlandırdı və Hans Künterdən bunu öyrənməsini xahiş etdi. Hans rus dilini harada öyrənmişdi? Gestapo bunu araşdırmışdımı? Bu sonranın düşüncəsi idi və indi buna tapınıb qalmağa dəyməzdi.

Ölümə doğru gedən bir əsirin cavabı generalı həm acıqlandırdı, həm düşündürdü.

- Deyir ki, Allahın işinə bax, bu gün səhərəcən faşistlərin adi əsgəri də onu adam yerinə qoymadığı halda, indi iki general əzizləyib, öz aralarında gəzdirir. Fikirləşir ki, bütün bunlara qadir olan Allah görəsən göylərdədir, yoxsa yerdə?

- Bunun harası gülməlidir ki? Onu güldürən daha hansı səbəb var?

Hans ondan rus dilində yenə nəsə soruşdu, onun cavabını isə:

- Deyir ki, həqiqətən də, elə bir səbəb var, amma biz onu heç vaxt bilməyəcəyik!- dedi, sonra da öz təəccübünü ifadə etdi:- Bu müsəlman türklər rus dilində nə yaman rəvan danışır!

Reynar Ştaqel onun fikirlərinə əhəmiyyət vermədi, əsirin dediyi fikrə bənzər düşüncələrə daldı; həqiqətən də, heyvan yerinə saymadığı və bir həşərat qədər dəyəri olmayan bir əsirə indi möhtac olması çox qəribə deyildimi? Sonralar içində müsəlman türklərə qarşı xüsusi rəğbəti olmayacaqdımı? Birdən olardısa... Birdən onun ürəyi ilə yaşayıb, böyük alman millətinə, fürerə, faşizmə nifrət bəsləməyə başlardısa... Sonra buna peşman olmazdımı? Ölmək yaxşı idi, yoxsa sağ qalıb peşmançılıq hiss etmək? Əgər bir müsəlman türkünün daxili orqanları, xüsusən, ürəyi əks düşüncələrə qadir olardısa, peşmançılıq hissinə çətin ki qadir olaydı.

Bu haqda daha dərindən düşünə bilmədi. Əvvəlcə mədəsində yenə küt ağrılar dolaşdı, sonra ürəyi də, ciyərləri də eyni zamanda sancmağa başladı. Sonra böyrəklərinin ağrısı bunlara qarışdı. Nəhayət, başında da ağrılar qopdu. "Bircə tez çataydıq, lap imkan olardısa, başımı da dəyişdirərdim!" O, cibindən dərmanlarını çıxardıb, bir-bir ağzına atdı. İrəlidə oturmuş mühafizəçi ober-leytenant su şüşəsinin ağzını açıb bir fincana süzdü və ona doğru arxaya uzatdı. General həb və kapsulların üstündən su içdikcə birdən bu uğultunun göydən eşidildiyini və təyyarə uğultusu olduğunu başa düşdü. Pəncərədən boylanıb səmada sürətlə uçub onların başı üstündən keçən təyyarələri gördü. Qanadlarının altında xaç işarəsi deyil, qırmızı beşguşəli ulduz vardı. Sovet qırıcıları idi. Səslərinə görə onların bombardmançı deyil, qırıcı olduğunu ayırd etdi. Stalinqrad vuruşmasından sonra ruslar çox qudurmuş, Leninqradı, Minski, Kiyevi azad etmişdilər, indi də Rumıniyadakı, Polşadakı hərbi obyektləri bombalayır, hərdən, hətta qırıcıları da irəli göndərirdilər. Hans da acıqlı tərzdə pəncərədən yuxarı baxdı və elə rusca söydü. Reynar bu təyyarələrin geriyə qayıtmamasını arzuladı. İndi onların heç yeri deyildi. Amma onlar bir qədər uçub, sonra böyük bir dairə vurdular və geriyə qayıtmağa başladılar. Qarşıda oturmuş mühafizəçi maşını meşəyə sari, ağaclığa verib saxlamağı və gizlənməyi məsləhət bildi. General buna razılıq verəcəkdi, amma bu zaman sovet əsirinin sevinc içərisində güldüyünü gördü və buna görə də mühafizəçinin üstünə qışqıraraq "Sürəti daha da artırın, əbləhlər!" deyə bağırdı. Maşın sürətini artırdıqda əsir keyf içində nəsə dedi və daha ucadan güldü. Reynar qəzəblə əlini tapançasına atdı, amma elə o andaca bu adamın öz içində onun üçün sağlam orqanlar daşıdığını xatırladı. Hans isə onun dediklərini acıqlı tərzdə "Bu əbləh indi qət edib ki, Allah, heç demə, göylərdə imiş!" deyə tərcümə elədi. Ona nəsə cavab vermək həvəsində olmadı. Ancaq bir andaca bədəninin bütün ağrıları çəkilib itdi. Bu zaman artıq təyyarələr onlara yaxınlaşır və daha aşağıdan uçurdular. Birdən onların pulemyotlarından yolboyu iri çaplı güllələr səpilməyə başladı. Güllələr qarşıdakı maşından yan keçdi. Sürücü maşını yoldan kənara çəkməyə macal tapmamış saysız-hesabsız iri çaplı güllələr onların maşınını tutdu. Maşın sola burulub, bir qədər getdi və bir küknar ağacına çırpılıb dayandı.

Güllələr isə yağmaqda davam edirdi.

Çox-çox sonra küknar ağacına çırpılmış maşının qapısı zərblə açıldı. Əvvəlcə oradan bir alman zabiti itələnib yerə salındı. Güllələr bu zabitin qoluna və sinəsinə dəyib onu al qana boyamışdı. Bu, general-leytenant Reynar Ştaqel idi. Yəqin ki, ölmüşdü. Sonra maşından sovet əsiri Mirməhəmməd Əliyev düşdü. Azacıq əzgin və həyəcanlı vəziyyətdə görünsə də, yaralanmamışdı. O, bir əli ilə maşının qapısına söykənib, içəridəkilərə baxdı. Onların hamısı ölmüşdü. Bu zaman gözünə ayaqlıq üstündə qalmış meşin portfel sataşdı. İrəlidə gedən maşın gözdən itmişdi. Arxadakı maşına sarı baxdı. O maşın da çevrilmişdi və indi alışıb yanırdı. Mirməhəmməd hansı tərəfə getməli olduğunu müəyyən etmək üçün cəld sağa-sola baxdı. Nə irəliyə, nə də geriyə getmək mümkün deyildi. Arxada Yer cəhənnəmi olan Osventsim, irəlidə isə onun filialı sayılan Birkenau həbs düşərgəsi idi. Səmaya baxdı. Daha təyyarələr görünmürdü. Yeganə çıxış yolu sol tərəfdəki meşə idi. O, meşəyə tərəf bir neçə addım atdı. Amma birdən nə düşündüsə, ayaq saxlayıb, tez geriyə qayıtdı. Burada o ayaqlıq üstündə qalmış meşin portfeli götürdü və sinəsinə sıxdı. Burada lazımi hərbi sənədlər olduğunu güman etmişdi. Yerdə öz qanına boyanmış general-leytenant Reynar Ştaqelin meyidinə sarı istehza ilə baxdı.

- Əbləh, mən müsəlman yox, əsil yəhudiyəm, yəhudi! Ariel Tsimerman! Sən öz içində yəhudi ürəyi gəzdirib, biləcəkdin yəhudi olmaq nə deməkdir!

Ariel Tsimerman ona sarı nifrətlə tüpürdü, sonra isə meşənin dərinliklərinə sarı yüyürdü. O qaçdıqca hərdən çevrilib, arxaya da baxırdı. Sonra o hündür ağacların arasından görünən mavi səmaya sarı da baxmağa başladı. "Görəsən, Allah haradadır - burada, yoxsa səmanın bitdiyi yerdə?" deyə düşündü.

Səma mavi rəngə bürünmüşdü və yüksəklərə ucaldıqca bu rəng daha da tündləşirdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!