Poetik-musiqili psixodrama (Üç nəfərlik monotamaşa)
Qaranlıq səhnə. Hücrənin pəncərəsindən ay işığı görünür.
Eyvanda udda çalaraq rübailərdən oxuyan Məhsətinin məlahətli səsi gəlir, silueti görünür.
Zülm etsə mənə, Məhsəti, dildar hərgah,
Kin ilə deyil, naz ilə eylər gah-gah.
Qaldım qəminin əlində mən sanki xəmir,
Qorxum budur: atsın oda yarım nagah.
Eşqinlə sənin can oda yaxsan, azdır,
Göz yaşı olub üz boyu axsan, azdır.
Zülfündə daraqlar kimi gəzmək xoşdur,
Saçlarda itib zülfünə baxsan, azdır.
Otağa düşən Ay işığının ətrafında hərəkət edən kölgələr görünür.
Bayırdan eşidilən mahnı isə davam edir.
Zülmət gecə qəm çəkməyə nə həmdəmsən,
Cismim kimi incəlməmisən, möhkəmsən.
Aşiqlərə qiymət verə bilməzsən sən,
Aşiq deyil, eşq əhlinə naməhrəmsən.
Zülm ilə alıb qəlbimi yarım candan,
Qaytarsa da, almaram qaçıb mən ondan.
Məhşərdə ürəksizcə durub qoy yerdən,
Olsun bu, bəhanə, yapışım canandan.
Kölgələr sakitləşir. Hücrəyə hərəkətsizlik çökür.
Eyvandan eşidilən nəğmə bir az davam edir, nəhayət, bitir...
Sükut çökür. Məhsəti əlində yanan çıraq və ud eyvandan içəri daxil olur.
Hücrə bir az işıqlanır. Hücrədə kiçik alçaq taxt görünür. Taxtın üstündə şərab bardağı, qədəhlər və bir az şirniyyat, meyvəcat görünür. Hiss olunur ki, bir az əvvəl ikinəfərlik məclis olub.
Taxtın divara yapışan hissəsində döşəkçəyə gənc yaraşıqlı bir oğlan dirsəklənib, əynində tünd rəngli çuxa var. Yanı üstə dirsəklənib, xumarlanır...hiss olunur ki, sərxoşdu, gözləri yarım aralıdı. Üzünə qəribə bir təbəssüm yayılıb...
Məhsəti də azca sərməstdir. Gülümsünərək oğlana baxır.
Məhsəti: - Sən eşq şərabından sərməst olanda necə gözəl olursan, Xətiboğlu... Səni məst eləyən o şərab mən özüm olanda, mən də gözəl oluram...
Məhsəti hücrənin kiçik pəncərəsindən Aya baxır...
Məhsəti: - Aylarla bax, bu tövr gecələr Ay işığına baxa-baxa oxuyurdum özümçün. Hər vədəsində də xəyalımda təsəvvür edirdim ki, bu saat arxa hücrədə Xətiboğlu oturub, mənə qulaq tutur. Mən də nəğməmi bitirəcəm, mahtab ilə xudahafizləşib hücrəyə qayıdacam, onun pəhləvan qolları arasında sıxılacam, o cənnətdə isinəcəm, odlu dodaqlarının busələri içində əriyəcəm... amma hər dəfə nəğmə bitirdi, mənsə qaranlıq soyuq hücrəmə qayıtmalı olurdum. Bütün şirin xəyallar bir anda əriyirdi. Yun xirqəmə bürünüb öz nəfəsimlə özümü isidib yuxuya gedirdim... (ah çəkir) Qəribədi, bayaqdan ay işığına baxa-baxa oxuyurdum, adət elədiyim kimi... Bir anda mənə elə gəldi ki, yenə də Xorasandayam və yenə nəğmə bitəcək, mən yenə öz soyuq hücrəmə qayıdıb, üşüyə-üşüyə yuxuya gedəcəm. Səhər yuxudan duranda isə yenə də yol alacam Sultan Səncərin məclislərinə, eyş-işrətlərinə (gülümsünür. Şövqlə davam edir.). Amma yox, hər şey bitib. Yoxdu o eyş-işrət məclisləri, həmpiyalələr, o saqilər, rəqqasələr, sərxoş şahzadələr... Baş götürüb qaçdıq ordan, Xətiboğlu. Qaçdıq... daha heç kimdən gizlənməyə ehtiyac qalmayacaq.
Axşam məni tutdu yenə sərxoş dildar,
Göz vurdu, bacarsan, yenə bir qaç, qurtar.
Dindim: "Gecədir, tutma əlimdən, gen dur,
Birdən bizi bu halda görərlər, zinhar".
Daha belə misralar yazmayacam. İndi bir sən varsan, bir mən. Bir də nəğmələr. Bundan sonra ancaq gözəlliklər içində keçəcək fani ömrümüz. Şaxta da olacaq, qar da, yağış da.. Aclıq da olacaq, sıxıntılar da. Amma yenə də hər şey gözəl olacaq. Mən sənin isti nəfəsini boynumda hiss eləyəndə, hər şeyi unudacam...
Çönüb Xətiboğluna baxır. Səsində titrəyiş peyda olur.
Məhsəti: - Amma bu gözəllikləri ikimizdən başqa gərək heç kim görməsin, Xətiboğlu. Heç kim.
Zülfümlə gərək tutum səni zəncirdə,
Axtarmayım axşamkı kimi hər yerdə.
Məst olmadan əvvəl söz açım dərdimdən,
"Məst oldu" deyib, gülmə mənə sən, bir də...
Məhsəti gəlib taxtın kənarında oturur. Qədəhə şərab süzür...

Məhsəti: - Axı həmişə mənim sərməst olmağıma gülürdün, şirin-şirin kinayə edirdin... Elə şirin zərafətlərinlə könlümə yol tapdın, Xətiboğlu. Hökmdarın sarayında ovçu idin, amma bu dəfə yayından çıxan oxun şuxluq, zarafat idi, belə ovladın mənim könlümü... Bəlkə də başqası olsaydı, xətrinə dəyərdi, inciyərdi. Amma mən incimirdim... Hətta ilk dəfə hökmdarın ov mərasimində təsadüfən atım büdrəyəndə, özünü atıb əlimdən tutmağın da, üzümə baxıb şirin-şirin gülümsəməyin də... "Sənin atın büdrəsə, bütün Xorasan yıxılar, gözəl", deməyin də... Zarafatla, kinayə ilə... Sanki mən Xorasan hökmdarı imişəm... (gülümsünür) Hamısı necə yadımdadı, bir biləsən. Hərdən özüm də çaşıb qalıram ki, hansı sözün zarafatdı, şuxluqdu, amma hansı sözün ciddidi... Xorasan sarayının ağır ab-havasında, sənin zarafatların mənimçün həmişə qaranlıq hücrəyə düşən Ay işığı kimi olub, Xətiboğlu... (sanki nələrisə xatırlayır) Qaranlıq hücrə... Ahhh (ah çəkərək, gəlib hücrədən bayıra baxır.) Gözümü açandan özümü qaranlıq hücrədə gördüm. Gəncə çox işıqlı yerdi, Xətiboğlu, sənə həmişə danışmışam, amma mən o işığı az gördüm, çox az... Hücrələrin dar pəncərələrindən baxdım işığa... Böyüdüm, elm oxudum, savad kəsb elədim, elə bildim işığa çıxacam, amma olmadı.
Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər eylədi divan.
Deyəsən əhd etmiş, dolandıqca hey,
Məni də özüylə hərlətsin dövran.
Məhsəti: - Gəncədə mədrəsə oxudum, elm-savad öyrəndim, könlümü kitablara, şeir-qəzələ bağladım... Sonra Xərabata düşdüm, bir az ruhlandım. İçimə bir az işıq düşdü. Amma orda da ruhum qərar tutmadı. Tale, qismət məni Xorasana çəkib gətirdi. Gəncə hara, Xorasan hara?! Dünyanın axırı... Və... Sultan Səncər... (birdən əhvalı qarışır) Uff... Xətiboğlu... Sultan Səncər sənə qoşulub qaçdığımı eşitsə, havalanacaq. Heç vaxt bağışlamaz məni... Axı o məni çox sevir. Çox ... hər dəfə mən ud çalıb, nəğmə oxuyanda o boyda hökmdarın gözləri yaşarır. Ağlayır (çönüb oğlana baxır), heç sənin heç vaxt o cür gözlərin yaşarmayıb məni dinləyəndə... İndi də yəqin xumar içində mənə qulaq asıb fikirləşirsən ki, kaş səsini kəsəydi, beynim dincələrdi, (qədəhdən bir qurtum şərab içir) amma yox. Bu gecə çox danışacam, qulaq assan da, asmasan da... Axı bu gecə mənim qızıl qəfəsdən azadlığımın ilk gecəsidi, Xətiboğlu.
Məhsəti saçlarını açır, Ay işığına baxaraq danışır.
Məhsəti: - Əvvəllər həmişə sənə Sultan Səncərdən şikayət eləmişəm. Amma həqiqətdə içimdə həmişə əcayib hisslər olub ona qarşı. Fəqət sənə demirdim, qorxurdum ki, xoşuna gəlməz, məni atıb gedərsən. İndi rahat deyirəm (gülümsünür), bilirəm ki, daha heç vaxt məni atmayacaqsan. Səni zənciri-zülfümdə möhkəm əsir eləmişəm, Xətiboğlu... Hətta Sultan Səncərin məhbəsində də heç kimi bu cür əsir eləmirlər...
Məhsəti ah çəkir, bir az susub düşünür.
Məhsəti: - Əvvəllər hərdən mənə elə gəlirdi ki, içimdə ona qarşı bir eşqü-məhəbbət var. Sultan Səncər mənə qarşı həmişə mərhəmətli idi axı. O olmasaydı, Allah bilir, hansı əmirin hərəmxanasındakı kənizlərin arasındaydım. Fəqət o, bir rübaimi eşidəndən sonra məni saraya gətirdi, xüsusi yer ayırdı. Məclislərində yerim həmişə yuxarı başda olardı. Mənə o birilərlə eyni gözdə baxmırdı, həmişə deyirdi ki, sən dünyanın gözüsən. Ağlın, kamalın, sənətin qaranlıq səmada Ay kimidi. Məhsəti adını da o verdi mənə (gülümsünür). Gözündən kənara getməyimə izin vermirdi, hətta hərbi səfərlərə də məni aparardı özüylə... Fəqət bir dəfə də barmağının ucuyla da toxunmadı mənə... Sənə danışmışdım gərək ki... İlk dəfə mənimlə həmsöhbət olanda, dedi ki, eşitmişəm şətrənc oyununda yaman mahirsən, gəncəli qızı. Gəl, bir yol da mənimlə oynayaq. Hərgah məni uda bilsən, and içirəm ki, heç vaxt xətrinə dəyməyəcəm, sənə barmağımın ucuyla da toxunmayacam... Oynadıq... Və mən uddum. Çətin oyun oldu. Amma uda bildim. O da sözünə əməl elədi. İllərlə mənə barmağının ucuyla da toxunmadı (ah çəkib acı-acı mızıldanır). Sonradan fikirləşirdim ki, bəlkə də, gərək udmazdım... Bilmirəm... Bəlkə həqiqətən də, sevirdim onu (oğlana tərəf ani çönür). Səni tanıyana qədər elə fikirləşirdim, Xətiboğlu... Fəqət səni tanıyandan sonra anladım ki, Sultan Səncərə olan rəğbətim onun əzəməti, gücü, heybəti, ağlı, kamalı qarşısında sitayiş idi. Bu eşq deyildi. Eşq başqa cür olurmuş, Xətiboğlu. Sən öyrətdin mənə bunu. Eşq kiminsə böyüklüyü qarşısında sitayiş deyil, əksinə, kiminsə kiçikliyini sevib, onu böyük görmək yanğısı imiş. Mən sənin böyüklüyünü sevmədim, Xətiboğlu, sənin ruhundakı zərifliyi, həssaslığı, zərafəti sevdim... bilmirəm... bəlkə də yanılıram... fəqət... (nəsə düşünür)
Məhsəti bir müddət çönüb xumarlanan oğlana baxır.
Məhsəti: - Hətta Sultan Səncər də gərək ki, nəsə hiss eləmişdi. Ötən bahardan bu tərəfə həmişə mənə deyirdi ki, gözlərində atəş peyda olub, gəncəli qızı, əvvəllər belə atəş yox idi. Dünyagörmüş adamdı, yəqin ki, hiss eləyirdi. Amma mən bacardıqca gizlətməyə çalışırdım. İstəmirdim bilsin ki, kiməsə aşiq olmuşam. Bağışlamazdı məni. Elə səni də. Ya da əksinə, bəlkə də məni bağışlayardı. Fəqət sənə ən ağır cəzanı verərdi... Sənlə gizli görüşlərimizdə də, həmişə çox narahat idim. Sən məni soyuqqanlılıqda ittiham edirdin həmişə, amma mən soyuq deyildim, sadəcə, Sultanı fikrimdən çıxara bilmirdim. Elə bilirdim ki, onun adamları hər tərəfdən məni izləyir, güdür, sən mənim əlimdən tutan kimi hardansa peyda olub ikimizi də sürüyəcəklər Sultan Səncərin hüzuruna... mən onun gözünün içinə necə baxacam? Baxa bilməzdim. Özümü xain kimi hiss edərdim... Gözlərim kor olardı onun qəzəbli baxışları altında.
Məhsəti bir nöqtəyə baxıb susur.
Məhsəti: - Sən məni xain elədin, Xətiboğlu, sənin eşqin məni buna məcbur elədi. Mən Sultanıma arxa çevirib qaçdım, bəlkə də qarşıda məni cəhənnəm gözləyir, bilmirəm. Amma sənin cəhənnəmin mənə Sultan Səncərin cənnətindən daha şirin gəldi, daha gözəl gəldi... Bəlkə də düz eləmədim. Bilmirəm.
Məhsəti yenə şərab içir. Hiss olunur ki, yenə tərəddüd içindədir.
Məhsəti: - Kaş məni incə göyərçin kimi ovcunun içində saxlamazdı. Kaş başqalarına qarşı olduğu kimi, mənə qarşı da qəddar olardı. Əzab verərdi, zorlayardı, incidərdi. Mən də ona nifrət eləyərdim, qəzəbim püskürərdi. Zəncirdən qırılmış qızılquş kimi rahatca baş götürüb qaçardım, belə vicdan əzabı çəkməzdim, amma indi... beynimdə ancaq bir şey dolaşır, Sultanım mənim sənə qoşulub qaçdığımı biləndən sonra, mənim haqqımda nə fikirləşəcək, ürəyində nə deyəcək mənə... (ağlına nəsə gəlir). Bəlkə məktub yazım ona? Nə yazım? Yazmağa başlayan kimi çatılan qaşları gəlib dayanacaq gözümün önündə. Əllərim əsəcək... Amma yazmaq lazımdı. Ən azından üzrxahlıq edim. Yazım ki, səndən yalnız lütf, mərhəmət görmüşəm, sultanım, ona görə zərrəcə inciklik yoxdu. Ancaq indi yox, Bağdada yetişək, yazaram. Həm də o vaxtacan hirsi, əsəbi soyuyar, əfv eləyər məni...
Məhsəti yenə nəsə fikirləşir, birdən başını yellədir.
Məhsəti: - Yox, yooox, yetər, bəsdi. Yoxdu daha Sultan Səncər... O keçmiş həyatda qaldı. Mən keçmiş həyatdakı Məhsətini Sultanın sarayının bağçasında dəfn elədim. İndiki isə başqa Məhsətidi. İndi heç kim yoxdu. Yalnız sən, mən və mənim nəğmələrim. Bu gecədən sonra sənsən mənim Sultanım... Əlahəzrət hökmdarım, sultanım, xaqanım Xətiboğlu..
Könlümə yar oldu bu gecə dilbər,
Yalqız gecələrdən şikayət eylər.
Ey gecə, kədərim olsan da, getmə,
Səadət də olsan, gəlmə, ey səhər!
Oxuyur... Bitirir. Oğlandan bir reaksiya görmür. Oğlan sərxoş halda döşəkçəyə dirsəklənib.
Məhsəti: - Görünür, çox içdin. Eşq şərabı tez tutur adamı (gülümsünür). Hərdən elə gəlir ki, sən mənim ruhumu hiss eləmirsən. Sənə mənim vücudum daha maraqlıdı. Hər sözün, danışığın fəqət gül dodaqlarım, lalə yanaqlarım, baxışlarım, saçlarım barədədi... Heç nəğmələrimlə bağlı heç nə deməmisən, həmişə dinləmisən, gülümsəmisən, başını tərpətmisən, fəqət deyəsən, ruhunun sarı siminə toxunmayıb. Bəlkə də toxunub, fəqət büruzə verməmisən... heç bir dəfə gözün də yaşarmayıb, Sultan Səncər kimi... (əsəbi) uff, yenə yadıma düşdü... Yoxdu, daha yoxdu Sultan Səncər... özü də yoxdu, məni dinləyə-dinləyə gözündən axan yaşlar da, mənim başıma səpələdiyi ləlü-cəvahirat da... Hə, o qədər qibtə eləyirdi ki, mənə o biri nəğməxanlar, musiqiçilər, rəqqasələr... onlara heç vaxt elə lütf, mərhəmət göstərməyib, yalnız mənə... Nə yaxşı ki, onun bəxşeyşlərini heçə-puça sərf eləmədim. Ömrümüzün sonuna qədər bəsdi. Onlar olmasaydı... bəlkə də... cəsarət eləyib sənlə qaçmazdım, Xətiboğlu... Həyat hələ qabaqdadı. Əlimizdə heç nə olmasaydı, nəylə ömür sürərdik? (bir az susur) Amma həqiqətən, ona çox çətin olacaq mənsiz... Ən ağır, çətin vaxtda, qeyzlənəndə, gözü qaynayanda, fəqət bircə mən ona təskinlik verib sakitləşdirə bilirdim. Səsimi eşidən kimi, nəfəsimi hiss edən kimi özünü ələ alırdı, sakitləşirdi. Deyirdi, sən mənim bütün qəzəb odumun üstünə su səpirsən. Sən, sənin səsin, sənin nəğmələrin, sənin şeirlərin... Deyirdi, bir anlıq sənə qulaq tuturam, başa düşürəm ki, dünyada nə varsa, taxtü-tac, hakimiyyət, müharibələr, üsyanlar qiyamlar, bir sözlə, hər şey fanidi, dünya işlərinə görə qeyzlənməyin, qəzəblənməyin yeri yoxdu, dünyada nə varsa, gəldi-gedərdi, ötəridi, gərək çox baş aparmayasan...
Məhsəti şərabı içir. Səsi ağırlaşır bir az, sanki öz-özünü ittiham eləməyə başlayır.
Məhsəti: - Amma mən onu tək qoyub qaçdım, öz qəzəbiylə, hirsi-hikkəsiylə təkbətək qoydum onu (başını yellədir). Kim bilir, onun hirsinin-qəzəbinin qurbanı nə qədər adamlar olacaq, nə qədər başlar kəsiləcək, edamlar olacaq. Mən də yoxam ki, qəzəb odunun üstünə su çiləyim, sakitləşsin (çönüb Xətiboğluna baxır). Uff... Cəhənnəm olsun Xorasanın bütün siyasəti, hakimiyyəti, taxtı-tacı... Mənə səndən başqa heç kim lazım deyil, Xətiboğlu, heç kim... Yetər ömrümü başqalarıyçün yaşadım. İndi özümçün yaşamaq istəyirəm... özümçün və səninçün, Xətiboğlu. Səninçün (Qəribə bir heyranlıqla ona baxır). Amma sən heç nəyi eyninə almırsan. Mürgüləyirsən özünçün. Bəlkə də heç anlamırsan ki, tale sənə necə qiymətli bir inci-mirvari bəxş eləyib... (gülümsünür) Sultan Səncər həmişə deyərdi ki, Xorasan bir sədəf olarsa, onun yeganə qiymətli incisi-mirvarisi sənsən, gəncəli qızı, yeganə qiymətli inci-mirvari...
Məhsəti yenə taxtın kənarında oturub şərabdan içir. Əlindəki qədəhə baxaraq, sanki nəsə xatırlayır.
Məhsəti: - Müdriklər bilirsən, nə deyib?
Mirvari deşməkdən qorxur ustalar,
Çünki onun ağır bir bəhası var,
Deşib ipə düzmək vaxtı gələndə
Bu işi şəyirdə edər etibar...
Bilirsən, niyə belədi? Həqiqətən də, əlindəki mirvarilərin çoox qiymətli olduğunu biləndə, usta ona toxunmağa belə ürək eləmir. Qorxur ki, zədələyər. Amma şəyird ən qiymətli mirvari ilə ən adi bir muncuq daşının fərqini hələ bilmir. Ona görə ürəklə işini görür, ən qiymətli mirvariləri də rahatlıqla deşib, ipə düzür, boyunbağı düzəldir (gülümsünür). Bəlkə sən də elə ona görə mənlə belə rahat rəftar edirsən ki, mənim həqiqi qiymətimi bilmirsən... Amma... (susur.) Sultan Səncər bilirdi. Ona görə mənə düri-yeganə deyirdi (yenə şərab süzüb içir). Bəzən bu xüsusda düşünürdüm. Axı o məni tanıyanda iyirmi il idi ki, hökm-fərma idi. Dünya görmüş hökmdar idi. Onlarla, yüzlərlə şair, müğənni, müsiqiçi görmüşdü. Yəni həqiqətən də, məndə elə bir işıq tapmışdı ki, məndən əvvəl heç kimdə olmamışdı? Yəni mən bu qədər qeyri-adi istedad və gözəllik sahibiyəm? (Taxtda uzanan gəncə çönür) Niyə dinmirsən?
Bilmir niyə könlüm necə dildar oldum,
Könlüm nə çəkir, gör necə ağlar oldum.
Qəh! Qəh! Nə yatırsan bu gecə asudə!
Bəh! Bəh! Gecəmə gör necə bidar oldum.
Məhsəti: - Sən yat. Mən də başımı sənin sinənə qoyum... gözlərimi yumum. Amma mən yatmayacam. İlk azadlıq gecəsinin dadını çıxartmaq istəyirəm..
Məhsəti gəlib oğlanın yanında uzanır, başını onun sinəsinə qoyanda sanki əlinə nəsə toxunur, oğlanın sinəsini, qarnını yoxlayır.
Birdən görür ki, əlləri qana batıb... Əllərini üzünə yaxınlaşdırıb, diqqətlə baxır, sanki inanmırmış kimi gözləri bərəlir.
Məhsəti: - Qan? Bu nə qandı, Xətiboğlu? Bu nədii? Ay Allahhh?..
Məhsəti dəli kimi bağırır. Sonra sanki inanmırmış kimi oğlanı vəhşi kimi silkələməyə başlayır...
Məhsəti: - Belə oyunlar oynama mənimlə, Xətiboğlu, oyan... eşidirsən? Oyan... səninləyəm. Niyə səsin gəlmir? Sən mənə söz vermişdin, ömrümün sonuna qədər mənimlə bir yerdə olacaqdın... söz vermişdin mənə...
Məhsəti danışa-danışa ağlayır...
Məhsəti: - Sənin ixtiyarın yoxdu məni tək qoymağa... eşidirsən? Mən sənə görə hamıya arxa çevirib qaçdım, əl üzdüm hər şeydən, sənə görə... Oyan... Tez ol... Aç gözlərini, Xətiboğlu. Aççç... Eşidirsən məni? Oyan, səninləyəm...
Məhsəti dəli kimi ağlamağa başlayır, anidən sanki nəsə fikirləşir. Qanlı əllərinə baxır, sanki şok içində olsa da, nəsə anlamağa çalışır...
Məhsəti: - Axı necə? Axı necə... kim... axı mən burdaydım... axı mən... Kim edə bilər... Axı heç kim girməyib bura?! Bəlkə giriblər?! Nə vaxt? Mən eyvanda olanda? Axı kim? Bəlkə karvansaraya quldurlar hücum edib? Kimsə gizli qatil göndərib arxamızca... (yenə oğlanı yoxlayır, öldüyünə əmin olur) Ufff, nə fərqi var ki guya... Uff İlahi pərvərdigara, bu nə zülümdü belə? Bu nə işgəncədi? Ola bilməz ee...
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
Vüsalınla dolu gecələr getdi,
Kirpiyimdən düşən incilər getdi.
Ürək rahatlığım, munisim, hər şey,
Sən getdin, səninlə bərabər getdi.
Hərgah ki, gözümdən yaşım əlvan tökülər,
Ağlar mənə göy, yaşı bir ümman tökülər.
Səndən gözüm ayrıldığı gün qan tökdü,
Ayrılsa bədəndən baş əgər, qan tökülər.
Sükut... Birdən Məhsətinin üzü sanki dəli kimi gülür.
Məhsəti: - Bəlkə mən sərxoşam... Hə hə, (şərab piyaləsini götürür) Çox içmişəm, sərxoşam, sən də çox içmisən. Al-qırmızı şərab dağılıb paltarının üstünə... Sərxoşuq ikimiz də. İndi yatacağıq, səhər oyanıb yolumuza davam edəcəyik, Xətiboğlu... Yolumuz uzaqdı... mən laylay çalım, oxuyum, sən də yat... Səhər yola çıxacağıq... üzü cənnətə tərəf... Amma heç kəsə demə...
Udu götürür, oxumağa başlayır.
Sən cəlladsan, mənsə qurbanınam, bax,
Dözərəm, çatsa da sümüyə bıçaq.
Adətdir, satırsan kəsdiyini sən,
Məni öldürsən də, gəl, satma ancaq.
Gül yola baxırdı, rəngi solmuşdu,
Bülbülün eşqiylə gözü dolmuşdu.
Bayaq bəzəndiyi yaşıl paltarı -
İndi parçalayıb dəli olmuşdu.
Şam başından yanar, göz yaşı tökər,
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şamə diqqət et!
Məhv olur başından ayağa qədər.
Mahnının sonuna yaxın Məhsətinin arxasında hücrənin qapısı açılır, içəri kiminsə kölgəsi düşür...
Sanki kimsə bayaqdan qapıdan dayanıb dinləyir...
Məhsəti bitirir. Qarşısına düşən kölgəni görür... Kölgə sahibini duruşundan tanıyır...
Məhsəti: - (boğuq səslə) Sultan Səncər... (sükut) Bilirdim məni heç yerə buraxmayacaqsan. Dünyanın axırında da olsa, gəlib tapacaqsan... (ah çəkir) Heç vaxt səndən qaça bilməyəcəm. Qədərdən qaçmaq olmaz. Qızıl kuzə mənim alnıma yazılıb...
Məhsəti bir an hərəkətsiz oturur, sonra çönüb əlini uzadır, Xətiboğlunun gözlərini bağlayır, ayağa qalxır, qapıya tərəf çönüb təzim edir.
- Əfv elə, sultanım. Yanında günahım böyükdü... Sənin mərhəmətin sonsuzdu...
Qapıdakı kölgə bir müddət ona baxır, nəhayət, çönüb qapıdan çəkilib gedir...
Məhsəti mütiliklə onun ardıyca bir-iki addım atır.
Amma birdən geri çönüb özünü oğlanın üstünə atır, bir müddət hönkürüb ağlayır...
Nəhayət, bayırdan möhkəm at kişnərtisi səsləri gəlir... Sanki bayırdakılar atları qamçılayıb kişnərtməklə, Məhsətiyə işarə verirlər ki, gəlmək vaxtıdı...
Səsləri eşidən Məhsəti özünü ələ alıb sakitləşir, gözlərini silib qalxır, udu da götürüb qapıya tərəf gedir.
Son dəfə çönüb oğlana baxır...
Məhsəti: - Əfv elə, sultanım... Yanında günahım böyükdü..
Məhsəti sakitcə qapıdan çıxır.
Bayırdan at kişnərtisi sələri gəlir. Artıyda at ayaqlarının səsi eşidilir, atlar sanki tappıltıyla çaparaq uzaqlaşırlar...
Hücrəyə ölü bir sükut çökür...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
