Külək adam (Hekayə) - Orxan FİKRƏTOĞLU

 

Doğulandan şəkil-şəkil görk görürəm. Gözlərimin önündəki şəkillər suallarımı, arxasındakı şəkillər cavablarını yaradır.

Altı yaşındayam. Fit dağının ətəyindən qonşu uşaqlarla üzü aşağı qaçırıq. Köynəklərimizi başımız üstə hərlədə-hərlədə, qışqıra-qışqıra, fit çala-çala sürüyə təpilmiş yalquzağı qovuruq. Səsimiz-küyümüz dağlara dəyib geriyə heybətli bağırtı kimi qayıdır. Yalquzağı qorxudan da daha çox bu səslərdi. Dağətəyi dolanbaclarda, əyri cığırlarda bir-birimizi ötüb keçirik. Yalquzağı qovmaq bəhanədir, daha çox əylənirik.

Qəfil aşırımın ensiz dağ cığırına döndüyü sərt döngədə uşaqlardan birinin ayağı sürüşüb yıxılır. Və qaçdığı sürətlə dağın dibindəki uçuruma doğru yumalanır. Ona kömək etmək istəsəm də, bacarmıram. Ucu şiş qaya parçalarından qopmuş daş çınqılların sürüşkən üstüylə dibsiz uçuruma doğru sürüşür. Uçurumun dibiylə gur dağ çayı axır. Çayın nəriltisi gərginliyimi ikiqat artırır. O biri uşaqlar gözləri önündə çaya düşəcək dostlarını xilas edə bilməyəcəklərini anlayırlar. Təkcə mən acizliyimlə barışmıram. Uçuruma doğru qaçmaqdayam. Birdən kim isə əllərimdən tutub məni göyə qaldırır. Həmin o kimsə içimdə "Ya Hu!" qışqırır. Səsin qüdrətindən, nəfəsin zərbindən zaman şaraqqıltıyla dayanır. Vaxt dayandığı üçün dağdan aşağı yumalanan uşaq da yerində donub hərəkətsiz qalır. Donmuş zaman içində bulud kimi süzə-süzə ölümün bircə addımlığında olan uşağa yaxınlaşıb onu dağın döşündəki sal daşın altına sürüyürəm.

Sonra məni göyə qaldırmış o əl yenidən qaytarıb dağın ətəyinə qoyur. Ayağım torpağa dəyən kimi zaman axarına qayıdır. Çay axmağına, dağ baxmağına davam edir. Mən də, heç nə bilmirəmmiş kimi xilas etdiyim uşağı, o biri dostlarım kimi qucaqlayıb öpürəm.

Axşam uşaqlarla dağın ətəyində çadır qurub otururuq. Ölümün soyuq pəncəsindən bəxt əsiri qurtulmuş uşaq bizə, lovğa-lovğa özünü necə xilas etməsindən danışır. Mən də hamı kimi ona qulaq asıram. Və içimdə zamanı durdurmaq qədər güclü olan səs yiyəsinin kim olduğunu bilmək həvəsi də həmin o axşam yaranır. Görəsən içimdə kim var?! Qapını döyürəm. Cırıltıyla açılır. Xəlvətə girirəm. Bu kimdir belə? Mənəm?

Şamaxı Rəsədxanasının tən ortasında tikilmiş hovuza ayın əksi düşüb. Ayaq üstə dayanmış yaşıl əbalı dərviş ayın hovuzdakı əksinə salavat çevirir. Ay hovuzda çimdikdən sonra qurulanmaq üçün buludların arxasına keçir. Dərviş də ayın arxasınca xəlvətə çəkilib divarda oyulmuş təkkəsinə girir. Dərviş zikrə başlayan kimi, saray bağçasının gülləri bir-birinə toxunub təsbeh daşları kimi şaqqıldaşırlar. Hovuza yaxınlaşıram. Dərvişin bədəni təkkədə olsa da, əksi hovuzda qalıb. Başımı göyə qaldırıram. Dərviş qaranlıq gecənin eyvanında bardaş qurub oturub. Mən də göyə qalxıram. Onun dizinin dibində otururam. Burdan dünya elə kiçik görünür ki.

Görəsən göyə necə qalxdım?!

Əyilib göydən hovuza baxıram. Əksim hovuza düşüb. İndi mən hardayam: hovuzdayam, ya göydə?

Nə yerdəyəm, nə göydə, Şamaxı bazarındayam. Minbərdən ucalan dalğalı azan səsi, misgərlərin aram-arəstə dəmir döymə səslərinə qarışıb, nisgilli ovqat yaradıb. Qubalı dəmirçilərinin gümüş xəncərlərini, təncərələri, Misir qumaşını, taxta daraqları, yun şalları, müxtəlif çərəz növlərini rəngləri və səsləri ilə bərabər ilk dəfədir görürəm. Xırda uşağam. Səslər və rənglər beynimdə hələ tam cilalanmayıb. Bazarda itməmək üçün anamın ətəyindən bərk-bərk yapışmışam. Anam paxla alır. Əlim anamın ətəyində olsa da, qulağıma müxtəlif ağırlıqda və ölçülərdə səslər gəlməkdədir. Əvvəlcə səslərin rəngi, ağırlığı məni qorxudur, köklənməmi pozur. Az keçmir, bütün bu yad səslərə alışıram. Səssizliyimdən, sükutumdan çıxıram. Yad küylərə uyğunlaşıram. Bazardayam, bura küylü yerdir. Anamın ətəyini buraxıb eşitdiyim səslərin ahənginə köklənmək istəyirəm. Çiynim, ayaqlarım, əllərim yad səslərin havasına uyğun tərpənməyə başlayır. Dünyanın havasına düşürəm. Səslərinə, rənglərinə uyğunlaşmaq, halına düşmək üçün yavaş-yavaş insan oluram.

Qəfil qeybdən üzü niqablı bir ağ dərviş peyda olur. Onu əvvəllər hardasa görmüşəm, tanıyıram. Halı mənə bazar adamlarının halından daha doğmadır. Ona köklənmirəm, çünki onunla eyni kökdənik. Dərviş məni qucağına alır. Onu tanıyıram deyə qorxub, anamı səsləmirəm. Anamın başı paxlaçıyla söhbətə qarışıb. Üzü niqablı dərvişin boynuna sarılıram. Onun geyimi, huy-xasiyyəti bazar adamlarına bənzəmir. Bilinir ki, "bəzirgan" deyil, dünyaya alver etməyə gəlməyib. Mənim də "malım" bu bazarlıq mal deyil. Onu da hardansa bilirəm. Üzü niqablı dərviş göz qırpımında mənimlə birgə dünyadan çıxır. Yox olduğumu anam ancaq o zaman anlayır. Gözləri qarşısında oğlunun qeyb olduğunu görüb haray salır. Səsinə bazar adamları yığışır. Onlar da carəsizdir. Artıq yoxam, gözə görünmürəm. Bazar içində deyiləm, yoldayam. Göyə çəkilirəm. Burda nə rəng var, nə səs var. Göydə heç nə yoxdur. Tutacaq, daldalanacaq da. Göydə hər tərəf işıq kimi ağdır, bütün tərəflər işıq kimi sakitdir. Buranın bir halı var, ovqatı dəyişkən halda deyil. Bura tez köklənmək olur. Üzü niqablı dərviş məni, qaranlıq içində şam kimi işıq saçan bir nurlu varlığa tərəf aparır. Mən onu uzaqdan görürəm. Yol kənarında sıra ilə düzülmüş ağ əbalı mələklər mənə sevgilərini bildirirlər. Başımı sığallayırlar. Üzümdən, çiynimdən öpürlər. Məqama çatırıq. Uca mənsəb yiyələrindən biri oturduğu taxtından ayağa qalxıb üzünü lap uzaqda şam kimi, işıq saçan nur adama tutub deyir.

"Sultanım, bu uşağı mənə əmanət elə!"

Bu zaman üzü niqablı dərviş məni həmin o danışan adamın qarşısında yerə qoyur.

Mənsəb yiyəsi başımı tumarlayıb deyir: - "Hələlik ananın yanına qayıt. Vaxt yetişəndə gələrsən!"

Yenə bazardayam, mənsəb yiyəsinin bir sözüylə geri dönmüşəm. Bu andan özümü kənardan da görə bilirəm. Anam "yox" yerdən "var" olmuş oğlunu görüb sevinir. Mən onun gözləri qarşısında ağ duman içindən çıxıb şəkillənmişəm. Anam bu halımı anlamasa da, ağlamsınır. Məni bağrına basıb, qucaqlayır. Yenidən oğlu şəklinə salmağa çalışır. Sinəsinə sıxıb bir daha yanından heç hara buraxmaq istəmir. Gözlərində qorxu, heyrət və sevgi hissləri bir-birinə qarışıb. Ağlaya-ağlaya əllərimdən, üzümdən öpür. Gözlərindəki sevgi dibsizdir. Anamın qolları arasından sivişib çıxıram. Hələ də göyün halındayam. Anamın aşırı nəvazişindən sıxılıb, məndən başqa heç kəsin görmədiyi, yuxudamı, gerçəkdəmi şam kimi işıq saçan həmin o xəyal adamın yaşımtıl işığına doğru qaçıram. Anam arxamca "oğlum", - çağırır.

Anamın səsinə doğru çevrildiyimə görə bazar qapılarından çıxan yüklü arabanı görmürəm. Düz yollarının üstündə dayandığımdan qoşqulu atlar hürkür. Büdrəyib yıxılmasınlar deyə şahə qalxırlar. Və yük dolu arabanı üstümə aşırırlar. Arabanın altında qalıram. Görk bitir deyə, gerisini görmürəm. Təkcə onu bilirəm ki, ölmürəm, başqa hala keçirəm.

On beş yaşındayam. Bu dəfə özümü hərbi düşərgədə görürəm. Əsgərlər qılınc işığında namaz qılırlar. Zülmət gecədir. Çadırların qarşısında yorğun məşəllər yanır. Məşəllərin sarımtıl işığı altında ətrafda sonsuz bozqırların olduğu görünür. Qala tərəfdən soyuq şimal küləyi əsir. Mühasirəyə alınmış şəhər qalasının daş surları üstündə dayanmış əli nizəli əsgərlər çölün qaranlıq dibsizliyində sabahı diri gözləriylə açan düşmənlərinə yuxarıdan aşağı, qorxa-qorxa baxırlar. Hələ heç kəs bu qədər yuxarıdan bu qədər aşağıya belə qorxa-qorxa baxmayıb. Aşağıda yanan tonqalların ətrafında oturmuş əsgərlərin üzündə isə qorxu yoxdur. Onlar qorxunun o tayındadırlar. Onlar "qorxuyla" qızınırlar. Başları üzərində qızıl ələm və müsəlman bayraqları dalğalanmaqdadır. Yorğun döyüş atları yerə basdırılmış nizələrə bağlanıb. Əsgərlərin oyum-oyum oynayan gözlərində yuxu yoxdur. Onlar səhərin açılmasını gözləyirlər ki, yenidən döyüşə atılsınlar. Yanan tonqalların arası ilə əllərində məşəl tutmuş iki əsgər tələsə-tələsə çadırlara doğru gedirlər. Əsgərlərdən biri tonqal kənarında oturmuş keşikçidən peyğəmbər nəvəsinin hansı çadırda olduğunu soruşur. Keşikçi çadırın yerini əli məşəlli əsgərə göstərir. Əlində məşəl tutmuş əsgər nişan verilən çadıra keçib baş əydikdən sonra peyğəmbər nəvəsinin qulağına nəsə pıçıldayır. Həsən ibn Əli ayağa qalxıb əsgərlər ilə birlikdə döyüş meydanından bir qədər kənarda qurulmuş qızılı çadıra doğru gedir. Çadırda yerə sərilmiş xalı üstündə əsgər sinəliyi qızıl pulcuqlu, başı gümüş dəbilqəli, yarasından al qanı axan Eyyub əl Ənsari uzanıb. Onun yaşı çox olsa da, iri cüssəli və pəhləvan görkəmlidir. İndicə çadıra daxil olmuş Həsən ibn Əlini görüb, gözlərini açır. Əl işarəsi ilə ondan qulağını dodaqlarına yaxınlaşdırmasını istəyir.

Eyyub Əl Ənsari dediyi sözləri çətinliklə tələffüz edir.

"Cəddin Peyğəmbərin dediyi o müqəddəs şəhərə qalib əsgər kimi girmək mənə nəsib olmadı. Yaram ağırdır. Buyruq gəlib, Allahın dərgahına qayıdıram. Məni Konstantinopolisin qapıları ağzında basdırarsan. Bu şəhəri haçansa fəth etdiyimiz zaman ərazisini genişləndirərsiz. O zaman mən də, fateh əsgər kimi bu şəhərə daxil olacam. Bizim bu şəhərdə tapınaq yerimiz, tariximiz, pirimiz yoxdur. Məni bu torpağa pir kimi basdırın. Qəbrim sizin üçün vətən olsun! Nə fərqi var ölü, ya diri?! Babanın vəsiyyətinə görə mən bu şəhərə girməliydim!" Sultan Eyyub Ənsari son sözlərini deyib gözlərini yumur.

Qoşun gecənin zil qaranlığında onu qala divarlarının ayağında basdırır. Xaçlılar surlardan atdıqları ox və nizələrlə dəfnə mane olmağa çalışsalar da, alınmır. Döyüş get-gedə qızışır. Nəhayət, İslam ordusu barış bayrağını qaldırıb xaçlıları danışığa dəvət edir. Cənazə namazının sədası altında şəhər qapıları açılır. Xaçlılar tərəfdən qapıdan çıxmış üç nəfər müsəlmanlara yaxınlaşırlar. Həsən İbn Əli Bizans elçilərinə deyir: - "Biz igid sərkərdələrimizdən birini öz vəsiyyətinə görə bu torpaqlarda basdırıb geri dönürük. Bu adam bizim üçün müqəddəsdir. Onun qəbrinə ziyan dəyərsə, qarşımıza çıxan bütün məbədlərinizi yandırarıq. Sülh istəyirsinizsə, bu qəbrə toxunmayın. Qazılmış qəbir bu gündən bizim pirimizdir!"

Xaçlılar bir şey anlamadan təklifi qəbul edib geri dönürlər.

Müsəlman ordusunun azançısı danın çırtlamasını görüb, atının belində ayaq üstə dikəlir. Və atının belindən gözəl avazla müsəlmanları səhər namazına səsləyir.

Həmin hadisənin üstündən zaman keçib. İstanbuldayam. Saray nəqqaşıyam. Çillədən çıxıb səbrin nəqşini gümüşə həkk edirəm. Fateh Sultan Mehmet mənim Ənsari ilə bağlı görk kimi gördüyümü yuxusunda görür. Və səhər həmin o at belindəki əsgər azançının səsinə yuxudan hövlnak oyanır. Sultan Mehmetin iri və qızarmış gözlərindən otağa qəribə bir sevinc axır. O, qulamlarını səsləyir. Sultanının səsinə yüyürərək qaçıb gəlmiş naibinin üzündə ağasından fərqli olaraq qorxu var. O, Fatehin qəzəbindən qorxur. Sultanının gözlərindəki anlamadığı hissi ovuda-ovuda ondan yuxuda nə gördüyünü soruşur. Fateh "Sultan Eyyub əl Ənsarinin dəfn olunduğu yeri yuxuda gördüm", - deyir və naibinə: - "Denən, atımı yəhərləsinlər! - əmrini verir.

Yenə görk görürəm. Eyyub əl Ənsarinin gömüldüyü yerdəyəm. Bu yerlərə əsrlər boyu insan ayağı dəyməyib. Qəbrin torpağı isə hələ də yaşdır. İndi qulamlar əmanət qəbri qazıb Eyyub əl Ənsarinin sümüklərini oradan çıxararaq bir qədər kənarda tikilmiş sərdabənin içinə aparacaqlar.

Əsgərlər Ənsarinin sümüklərini torpaq altından çıxaranda onu yaşıl kəfənindən tanıyıram. Fateh Sultan Mehmet yuxusunun çin olduğuna sevinir. Saray memarına həmin yerdə məscid tikmək əmrini verir. Saray əyanları arasında Vatikanın Osmanlı sarayındakı səfiri keşiş Lorenso də var. O, Sultandan Ənsarinin kim olduğunu soruşur. Sultan peyğəmbər əfəndinin "mehmandarı" olduğunu söyləyir. Keşiş Lorenso peyğəmbəri bir dəfə qonaq etmiş insanın şərəfinə tikiləcək böyük bir məscidə necə haqq etməsi ilə maraqlanır?

Cavabında Sultan ariflərdə "vəfa" məqamının olduğunu Lorensoya ilmə-ilmə anladır. Və içlərinə təfriqə kimi salınmış "vəfasız təriqətlər"in çoxluğundan gileylənir. Bu sözə Vatikan səfiri bığaltı gülümsünür. Sultan bu gülüşün nəyə işarə olduğunu yaxşı bildiyindən səfirə deyir - "Ənsarinin adı və onun adına salınacaq Sultan Eyyub məscidi bütün təriqətlərə aid insanları ətrafında birləşdirəcək vəfa məkanı olacaq. Biz Allahı onun əxlaqına çevrildikdən sonra öz sevgisi ilə sevəcəyik. Onu qorxu ilə deyil, sevgi ilə anlayacağıq. Allah sevgisi ürəklərdə bütövdür, parçalanmazdır. Ənsarinin gömüldüyü yer bizim tapınağımız, xəlvətdə qalmış pirimizdir. Biz bu torpaqlara Ənsari bura gömülən gündən sahib çıxdıq. Yaşadığım coğrafiyada ancaq əfəndimin əxlaqı yaşayacaq. Buna mən zaminəm. Mən Fateh Sultan Mehmet!

Fateh danışdıqca keşiş Lorensonun üzündəki gülüş xətləri, nifrət cizgiləri ilə əvəzlənir.

1410-cu ildir. Vatikandayam. Görk görürəm. Müqəddəs Roma taxt-tacının baş kilsəsində xaçlılar yaraqlı-yasaqlı ibadət edirlər. Roma Papası beşinci Aleksandrın hüzurundayıq. Aleksandr ibadət ayinini sevgisiz, sanki Tanrıdan küsmüş halda icra edir. Xaçlılar, saray əyanları, səfirlər, dəvət olunmuş zadəganlar yanan şamların arxasında çarpaz kölgələr təki titrəşirlər. Onların da, ibadəti sadəcə ibadət xətrinədir. Kilsədə Tanrı sevgisi hiss olunmur. Sanki ibadət edənlər teyfdirlər, canları yoxdur. Əyanlar arasında Qabsburqlar nəslinin gənc və gözəl şahzadəsi Stefani də var. O, müqəddəs Roma imperatoru Birinci Siqzmund Lüksemburqun qardaşı qızıdır. Əmisinin himayəsində böyüyüb. Vatikan kilsəsi son illər tamam yoxsullaşdığından "yüksək rütbələri" pulla satmağa məcbur olub. Bu gün də üç varlı ərəb kopta yüksək kardinal rütbəsi verilir. Roma Papası tarixə "gülünc şəkildə" düşdüyü üçün halından bir o qədər də məmnun deyil. Onu Poma Papası kimi müqəddəs taxt-taca Qabsburqlar nəsli oturdub və onlar da, uzun illərdir ki, Papa titulunu öz maraqlarında idarə edirlər. İtaliya və Fransa sarayları da dinə qarşı ikili siyasət yürütməkdədirlər. Martin Lüter hərəkatının ilk cücərtiləri rüşeym kimi Avropada iman dəyərlərinin tezliklə puç olacağını təsdiqləyən qiyam əlamətləridir. Bunu anlamış Roma Papası Aleksandr müsəlman xofu ətrafında bütün xristianları yenidən toparlamaq fikrinə düşüb. O, bu addımıyla kilsəni yenidən gücləndirəcəyini düşünür. Müsəlmanlarla müqəddəs savaş apararaq, kilsənin ölmüş nüfuzunu geri qaytarmaq istəyir. Dünən Papa növbəti dəfə xristianları xaç yürüşünə səsləyib. Bu gün ibadət adıyla kilsəyə gələnlərin əksəriyyəti dini missionerlərdir. Sabah müqəddəs savaşa qatılacaqlar. İbadətdən sonra Papa moizəsində təkcə əldə qılınc tutaraq savaş aparmaq yolunun deyil, müsəlmanların arasına təfriqə salmaq yollarının da mühümlüyündən danışıb. Ondan sonra Vatikanın Osmanlı sarayındakı səfiri Lorenso müsəlmanları yaxından tanıdığı üçün onların vahid Allah inancını müxtəlif kiçik təriqətlər vasitəsilə parçalamağın vacib olduğunu söyləyib. Müsəlmanların arasına Vatikandan maliyyələşən xırda təriqətlərin əliylə üzücü savaşların salınmasının mühüm şərt olduğunu deyib.

Törən bitər-bitməz, şahzadə Stefani Papaya yaxınlaşıb ondan düşmənin nəyə qadir olduğunu dərindən öyrənmək üçün dərviş təriqətlərindən birinə "yalançı mürid" kimi qoşulmaq icazəsini istəyir. Papa, şahzadə Stefaniyə İslam hümməti içində Qələndəriyyənin, Xəlvətiyyənin, İsmayilliyənin və digər fərqli dini icmaların bu gün real güc olduqlarını deyir. Onlardan bəzilərinə Vatikanın təsir etdiyini, bəzilərini isə özünün yaratdığını və ya idarə etdiyini söyləyir.

Söhbət bitdikdən sonra Stefani Papa ilə vidalaşıb, əlini öpür.

Şahzadə Stefani Alp dağlarının ətəyindəki şəcərə malikanəsinə gecə yarısı çatır. Anasının yatdığına əmin olduqdan sonra, hörüklərini dibindən kəsir. Və səhərin alatoranında atını Anadolu sərhədlərinə doğru çapır.

Səhər şahzadə Stefaninin anası Avstriya-Macarıstan kraliçası Anna Mariya yazı masasının üstündə qızının ona və əmisinə ünvanladığı məktub görür. Stefani məktubunda Müqəddəs İsaya vəfa borcunu ödəməkdən ötrü xaçlılara qoşulub müsəlmanların içinə dini missioner kimi getdiyini yazır.

Yenə görk görürəm. Şamaxının Sarıtorpaq məhləsində çovqan oynayıram. On iki yaşım var. Çovqan meydançası Minaxor bulağı ilə kiçik bazarın arasındadır. Yolun kənarı ilə xəlvətiyyə dərvişləri dəri torbalarını su ilə doldurmaqdan ötrü bulağa doğru gedirlər. Onlara hörmət edib oyunu saxlayıram. Dərvişlərin qarşısında atım toz qaldırmasın deyə yüyənini çəkirəm. Məni fitrən tanıyan və hərəkətimdən razı qalan dərvişlər əcdadım peyğəmbər kimi "vilayət" sahibi olmağım üçün ucadan dualar edirlər. Onların arasında zamandan-zamana, görüntüdən-görüntüyə adlayan, üzü niqablı dərviş də var. O, elə indicə göydən enmiş atının təkində gözümə görünən kimi yerlə göyün rəngi, ölçüləri və axarlılığı dəyişir. Yer üzü su kimi, bircə anda zamandan aşağı süzülür və görünməz olur. Ətrafımı qıvrımsaç buludlara bənzər, indiyə qədər heç zaman görmədiyim qızılı duman bürüyür. Göy ləngərli-ləngərli aşağı enir. Hardasa sur çalındıqca haçansa torpağın mövcud olduğu yüksəklikdə fərqli bir fəza yaranır. Yüngül və gur işıqlı boşluq şəkillənir. Başımı yuxarı qaldırıram. Daş minbərlər üstündə sıra ilə qırxlar əyləşiblər. Qırxı da mələk üzlü, nur camallıdırlar. Eyni üzlü, eyni gülüşlü və eyni səbirlidirlər. Bu dəfə üzü niqablı dərviş məni atının tərkinə qaldıraraq, on il bundan əvvəl əmanət olaraq "nur adamdan" istəmiş "pir adamın" hüzuruna gətirir. Və bu gündən həmin o pir adamın "pirim" olacağını deyib yenidən qeybə çəkilir. Dərviş qeyb olan kimi yer üzü yenidən öz şəklinə qayıdır. Mən də yer üzü ilə bərabər dünyaya dönürəm. Atımdan aşağı enib dərvişlərlə birlikdə xanəgaha doğru gedirəm. Dostlarım nə baş verdiyini anlamayıb məni bu yoldan döndərmək istəyirlər. Dərviş olmaq qərarını verib bir daha evimə dönməyəcəyimi onlara deyirəm və bu qərarın mənimlə birgə doğulduğunu anlayıram.

Xanəgahın qapılarından içəri keçəndə ömrünü ancaq su ilə çillədə keçirmiş Şeyx Sədrəddini görürəm. Və gözlərimə inanmıram. Adını doğulandan mahal içində eşitdiyim Şeyx yuxudamı, gerçəkdəmi, üzü niqablı dərvişin məni pir deyib təhvil verdiyi həmin o nurlu adamdır.

Onu və Allahı tanıyıram...

Bu dəfə gördüyüm görkdə Şirvanşah Xəlilullahın sarayındayam. Onun mirzəsiyəm. Şirvanın Şahı divan-taxtında oturub idarə etdiyi ölkəsinin insanlarını dinləyir. Sağ tərəfində dövlətin baş kahini Mustafa bəy, sol tərəfində ordubaşı Oruc bəy ayaq üstə dayanıblar. Arxasında Şirvanşahlar dövlətinin simgələri, damğaları görünür. Şirvanşah Xəlilullaha şikayət edən ahıl Şirvan kəndlisi, ilin quraq keçməsindən gileylənir. Bu səbəbdən də məhsul yığa bilmədiyini deyir və şahdan ailəsini yaza çıxarmaq üçün buğda payı istəyir. Xəlilullah kəndlidən "İl uzunu heç Allaha dua etdinmi?" - deyə soruşur.

Kişi - "etdim" - deyir.

Xəlilullah özünün də hər dəfə çətinə düşəndə bəndədən deyil, Allahdan pay istədiyini söyləyir. Xəlilullahın kəndliyə dediyi sözləri qələmlə dəftərə yazıram. "Mən bütün ömrümü çillədə keçirdim. Səhvimin cavabını, müşkülümün əngəlini xəlvətdə kəşf etdim. Səhvi ancaq özündə axtar, kənarda axtarma. Səhv həmişə özündədi. Sən nə əkmişdin deyirsən?"

Şikayət edən kəndli "Buğda əkmişdim" cavabını verir.

Xəlilullah gülümsünür: - "Gələn il yağışa, ətrafında heç zaman olmayacaq çaya, suya görmədən, güvənmə. Susuz və dəmyə yerdə bitən başqa məhsul ək. Tədbirli insan heç zaman paysız qalmır. Sənə yardım etməyinə edəcəm. Amma addımını belə düşünməmiş, boş yerə atma!"

Məni Şamaxıda "əli çıraqlı" axtaran atam nəhayət ki, Xəlvətiyyə xanəgahında tapır. Ona zamandan çıxıb xəlvətiyyə dərvişi olacağımı deyirəm. Peyğəmbər soyundan olan atam, cəddinin dinindən fərqli görünən təriqətləri Allaha şirk qoşan yol kimi qəbul etdiyini bildirir. Səhv yola düşüb Allaha şərik qoşacağımdan qorxur. Qərarımdan hirslənir. Peyğəmbər nəvəsi olduğundan Şamaxı camaatına nə cavab verəcəyini fikirləşir və sonda məni oğulluqdan çıxarıb geri dönür.

Amma dözmür. Bir gün sonra geri qayıdır.

Bir aydır xanəgahdayam, duruluram. Geri dönməyəcəyimi anlamış atam da mənimlə birlikdə dərviş olmaq qərarına gəlib. Məni sevdiyindən belə edir. Bunu görən Şeyx Sədrəddin atamı ən çətin sınaqdan keçirir, ona ən ağır imtahanı verib. Bir il ərzində atam xanəgahda mənim nökərim olaraq davranmalıdır ki, içindəki aşırı oğul sevgisindən qurtulsun. Bir il ərzində doğma atama "şah"lıq etmək mənim üçün də ağır imtahandır. Bu sınaq sevgimi ancaq Allaha aid etmək üçün düşünülmüş sınağıdır. Dərviş əxlaqı məndən də, atamdan da Allah naminə "doğmalıq sevgisi"ni unutmağı tələb edir. Allahdan başqa dərviş heç kimə və heç nəyə bağlı deyil. Dərviş təsbeh dənəsi kimi bir dənədir, təkdir. Ancaq silsilədə təkrarlanır. Dərviş yarpaq kimi yüngüldür, saplaqsızdır. Külək hara əsdi, ora düşür. Onu döyənə əl qaldırmamalıdır, söyəni söyməməlidir. Allahdan başqa könlü heç nə istəməməlidir. Dərviş könülsüzdür. Könlü Allahdadır və Allahladır.

Haçan Arif oldum? Zaman mənim üçün bitib deyə illəri xatırlamıram. Hər gün çillə zamanındaydım, hər gün arınıb-durulub Allah vaxtındayam. Onun nuruna köklənirəm. O qədər köklənirəm ki, artıq mən də yaradıram. Onun zərrəsi oluram. Onun yaratdığı mənim yaratdığımdır. "Ol" dediyim olur, "qal" dediyim qalır, "öl" dediyim ölür. Allahdan istədiklərim həmin an başa varır. Quraqlıqda Allahdan yağış istədim, verdi. Allahın qəhhar üzü olub zalimdən öc aldım. "Öl" dediyim, öldü. Şafi üzü olub xəstəyə şəfa dilədim. Xəstə sağaldı. Mahalda tanındım.

Dünən qaranlıq içində oturmuşdum, çillədəydim. Susqun idim, gözlərim qapalıydı. Qarşımdakı sini üstə bir parç su vardı. Əllərim iradəmdən kənar suya doğru uzanırdı. Dodaqlarım söz demədən xırıltıya bənzər avazda iradəmdən kənar özü-özünə tərpənirdi. Beynimdən əmr almamış, ağzımdan çıxan nəfəs, nalə halımı beynimdən gəlməyən sözə çevirirdi.

"Mən artıq Sənəm, di gəl, sən hələ mən deyilsən!"

1444-cü ildir. Yergöy qalasının qapıları ağzındayam. Fəth yaşanır. At belində, əlimdə sivri qılınc, döyüşürəm. Poma Papasının çağırışından ruhlanmış xaçlılar və muzdlu qullar İkinci Muradın ordusu ilə savaşmaqdadırlar. Xaçlılar həmin il çox güclənib. Vlad Drakul Yergöy qalasını Osmanlıdan geri alıb. Döyüş əsnasında İkinci Muradın lələsi öldürülüb. Vlad Drakul qalanı ələ keçirdikdən sonra qala divarlarından xaçlı bayraqlarını asdırıb. Döyüşün qızğın yerində hardansa üzü niqablı, ağ geyimli dərvişlər peyda olurlar. Üzü niqablı ağ dərvişin də aralarında olduğu dəstə savaşı yenidən və daha qızğın şəklə salır. Onlara nə ox batır, nə nizə toxunur, nə də qılınc dəyir. Mən də onlardan biriyəm. Qanadlarmız var deyə, mələklər kimi istədiyimiz yerə uçub, gah düşmənin önündə peyda oluruq, gah qeyb oluruq, gah da yenidən görüntüyə çevrilirik. Nəhayət, Drakulun ordusunu darmadağın edirik. Ordunun sağ qalmış əsgərləri meşələrə doğru qaçırlar. Sultan İkinci Muradın qoşunu Yergöy qalasına daxil olur.

Şirvanşah Xəlilullah ilə Qaraqoyunlu şahı Cahan xan Həqiqi at belində ova çıxıblar. Mən qulamlarla birlikdə daldada dayanmışam. Qarşımdan nökərlərin qovduğu ürkək ceyran sürüsü qaçır. Ceyranlar qobuların arxasındakı dərin yarğanlara girib canlarını qurtara bilərlər. Di gəl, yarğanların ətrafında da tələlər qurulub. Şirvanşah mahir ovçudur, ceyranları mühasirəyə alıb müxtəlif bucaqlardan ovlatmaq istəyir. Şahlara yaxınlaşıb insanın da bu dünyada bir ov olduğunu xatırladıram. İnsanın başı üstündə hər an əli nizəli bir ovçunun dayandığını deyirəm. Ölümünü insana, varlığına şükür etmədi deyə verildyini söyləyirəm. "Elə ki, qafil insan yarğanlardan bəxt misalı çıxa biləcək ceyran kimi taleyi ilə barışmır, olanlara şükür etməyib, səbir etmir, xəlvətindən çölə çıxır, həmin dəqiqə onu öz tamahı, ovçu ceyranı oxladığı kimi oxlayıb öldürür.

Sözümün bu yerində ceyranlar da onlar üçün tələ kimi düşünülmüş açıq düzəngaha çıxıb oxçuların oxlarına tuş gəlirlər. Xəlilullah şahın atdığı ox yanında iki balası olan ana ceyranı bir göz qırpımında öldürür. Sözlərimin arxasınca ceyranların qəddarcasına öldürülməsi Qaraqoyunlu Cahan xan Həqiqiyə pis təsir edir. O, öldürülmüş ceyranlara tərəf baxmadan atını kabablar çəkilən bəzəkli alaçıqlara doğru çapır.

1446-cı ildir. Hələ Osmanlı taxt-tacının paytaxtı Ədirnədi. Qapı qolu qiyamından sonra İkinci Murad yenidən Osmanlı taxtına qayıdıb. Bu qayıdışının şərəfinə sarayında şənlik keçirir. Oğlu Mehmet hakimiyyət qılıncını yenidən atasına qaytarıb. Dəvətlilər arasında Vatikanın gördüyüm bütün görklər içində əbədi səfiri olan keşiş Lorenso da var. O da, mənim kimi zamansız və əbədidir. Onun bir üzü var - düşmən üzü. Mərasimdən beş gün əvvəl yeniçərlər onun tapşırıqlarıyla qiyam qaldırıb gənc Mehmeti taxtda devirmək üçün saraya hücum etmişdilər. Keşiş Lorenso zamansız və amansız adamdır. O, bütün dövrlərdə və zamanlarda eyni görkəmindədir. Kök, sallaqdodaq, bəstəboy və yerin altına qədər işləyən "ting" beyinli. O, həmişə var və olacaq. O, bu gün də yaşayır. Bəd və xoş günlərdə həmişə hansısa şahın sağ tərəfində oturub ona cavabı bəlli olan sadə suallar verir. O, heç zaman ölmür və ölməyəcək də. İki il əvvəl Sultan Murad oğlu Mehmetin xeyrinə Osmanlı taxtından imtina etmişdi. Mehmet hələ çox gəncdir və siyasi işlərdə bir o qədər də səriştəsi yoxdur. Sədrəzəmi, vəzirləri, xüsusilə də lələsi Ağ Şəmsəddin ona taxta oturan kimi Şərqi Romaya hücum etməyi tövsiyə edib. Peyğəmbər vəsiyyətinə hazır olmasa da, inadla əməl etmək istəyən Mehmet yeniçərlərin və muzdlu əsgərlərin maaşlarını gecikdirməklə onları özündən narazı salıb. Və 1446-cı ildə Ədirnədə "Qapı qolu" üsyanı baş verib. Bu üsyanı qiyam etmiş əsgərlərin maaşlarını artırmaqla Bektaşilər birtəhər yatırıblar. Sabitliyin bərpası üçün İkinci Murad yenidən taxta qaytarılıb. Və yeniçərlərə qənimət dalınca ilk səfərini Təbrizə edəcəyinə söz verib.

Miladi tarixilə 1450-ci ildir. Qaraqoyunlu hakimi Rza Cahan Xan Həqiqi, Şirvanşah Xəlilullah və Osmanlı Sultanı İkinci Murad Təbrizdə görüşüblər. Eyni kökə və dilə sahib olduqları üçün bir-birinin torpağına hücum etməmək haqda vahid sənəd qəbul etmək istəyirlər. Hər üçü sənədin vacibliyini anlasa da, ortaq qərara gələ bilmirlər. Yenidən dilləşib daha uzun müddətə bir-birindən ayrılırlar. Görüşdə qonaq kimi mən də iştirak edirəm. Söhbət zamanı İkinci Murada oğlu Mehmetin əlli birinci ildə yenidən taxta qayıdacağını, əlli üçüncü ildə peyğəmbərin vəsiyyətinə əməl edib Şərqi Romanı fəth edəcəyini deyirəm. Sözlərimə inanmır. Bu inamsızlığını ona bağışlayıram. Sultanlar, şahlar, xanlar sabahı görməkdə mənim kimi görk sahibləri deyillər. Onlar həmişə səhv edirlər. Onlar zamanla savaşmırlar, zəmanəylə savaşırlar. Onları idarə edən ruhları deyil, hissləridir. Mən Sultan Muradı, könlünü bir daha dinləmək üçün sükuta dəvət edirəm. Onu ariflər yoluna çağırıram. Qulağında ney çalınır, ilahi mətnlər zikr olunur, dini qımqımalar oxunur. Sonra nə olur, bilmirəm. Görk bu yerdə bitir.

Yenə gözümə savaş görünür. Ərdəbilli Şeyx Cüneyid Şamaxıya hücum edib. Gülüstan qalası ətrafında səfəvilərlə Şirvanşah əsgərləri döyüşürlər. Şirvanşah Xəlilullah Mərəzə qobularında Cüneyidə bir ay müddətində müqavimət göstərdikdən sonra Gülüstan qalasına sığınıb. Şamaxı tamam boşaldılıb. Yollar, dükanlar, bazarlar, şəhər meydanları bomboşdur. Məscidlərdən Allahu-Əkbər sədaları eşidilmir. Şəhərin itləri belə daha hürmürlər. Şirvan əhli dağlara çəkilib. Fit dağı, Qarşı dağ, Qızmeydanın dərin dərələri tərəkəmə çadırları ilə Adəm peyğəmbərin dövründəki təki yenidən qurulur. Şirvandan azan səsi gəlmir, azanı siyasət edənlər şəhər səmasında azdırıb. Quşlar belə, yerə enmək istəmirlər. Yandırılmış evlərin tüstüləri peşman-peşman dərələrə enir. Öldürülmüş kəndlilərin üst-üstə yığılmış ruhsuz canları şum yerlərində ot tayaları kimi göyə ucalır. Boş şəhərdə xəyal kimi dolaşıb yaralılara kömək edirəm, ölənləri kəfənləyib basdırıram. Ac olana çörək, susuz olana su verirəm. Məni düşmən bilmirlər, dərvişəm deyə qılınclamırlar. Savaşanları barışa çağırsam da, faydası yoxdur. Onları bir qab suyla, bir ağız duayla nəfslərindən xilas edə bilmirəm. Xislətləri heyvanidir. Görküm də qısadı. Gülüstan qalasına qalxıb Səfəvi Şahı Cüneyiddən qılıncını yerə atmasını istəyirəm. Təriqət savaşlarının Allah sevgisini puç edəcəyini deyirəm. Ona nahaq yerə qan tökməməyi, Allaha xətir, qılıncını qınına salmağı məsləhət bilirəm. Şeyx Cüneyid məni çadırından qovur. "Mən Azərbaycan tacını götürməyə gəlmişəm", - deyə bağırır. Ondan incimirəm. Taleyinə bağışlayıb qalanın içinə girirəm. Səfəvilər də Gilani silsiləsindəndirlər. Onların məndən bircə fərqləri var, mən siyasətdən uzağam. Onlar isə siyasi hakimiyyəti qılıncla ələ almaq istəyirlər. Mən onlardan xəlvətə çəkilənəm, onlar məndən aşkara çıxandırlar. Eyni nütvədənik, sadəcə haçalanmışıq. Qalanın içində Şirvanşah Xəlilullahla görüşüb eyni sözləri ona da deyirəm. Şirvanşah da, məni dinləmir. "Dua zamanı deyil, ya Şeyx, təkkənə en", - deyir. Ona qaladan heç hara getməyəcəyimi söyləyirəm.

Bir küncə qısılıb barış üçün dualar edirəm.

Səhəri gün Xəlilullahın çevik dəstələri Qaraqoyunlu Cahan Şah Həqiqinin köməyi ilə Ərdəbilin Səfəvi qoşununu Gülüstan qalası ətrafında darmadağın edirlər. Döyüşdə Şeyx Cüneyid öldürülür. Qılıncı əlindən torpaq üstünə düşür...

Təkkəmə çəkilirəm. Və Qahir Allahı zikr edə-edə özümə qapanıram

Şamaxıdayam. Mehsiz yay axşamıdır. Qaladüzü meydanında xəlvətiyyə dərvişləri Şirvan əhlinə göstəri göstərərək məni öyürlər. Məni sözlə tanıyıb, əməlimlə tanıdırlar. On üç yaşında ruhum qocaldı, ölümdən o taya adladım. Təlim və təsdiq bitdi. Əllaməyəm. Doğulandan arifəm. Mərtəbə-mərtəbə tanınsam da, mərtəbəsizəm. Artıq silsilədəyəm. Bu gündən dərviş adını Şeyx Sədrəddindən qəbul etdim. Və ilk dəfə onun qarşısında dil açdım. Dünyanı sevgiylə arınmağa çağırdım. Allah sevgisini heç edənlərin əməllərinə göz yummağın suç olduğunu elan etdim. Barış üçün savaş istədim. Dünyaya savaş elan etdim. Müridlər fikirlərimi zikr etdilər. İstəyimi qəbul etdilər və savaşım başladı.

Şahzadə Stefani suf əbada Şeyx Sədrəddinin "imdad qapısı"na gələndə mənim on iki yaşım vardı. Stefani məndən bir yaş böyük olsa da, ikimiz də hələ uşaq idik, dünya dadından dadırdıq. Dərgaha tam girməmişdik. Stefani Şeyxdən bir tikə çörək və gecələməyə yer istəmişdi. Şeyx Sədrəddin də yazıya görə "Sənə doğru açılan əl, Allahın əlidir" - deyib Stefanini sevgiylə qəbul etmişdi.

Digər dərvişlər Stefaninin kim olduğunu və Şamaxıya hansı məqsədlə gəldiyini görmürdülər. Görmək və qismən bilmək Şeyx Sədrəddinə aid idi. Şeyx Sədrəddin Stefanini xəlvətə gəlməmişdən tanıyırdı. Onun mənim sınağım, mənim isə onun yolu olacağımı bilirdi. Olacaqlar Şeyxə əvvəlcədən əyan idi. Digər dərvişlər üçün isə Stefani diyar-diyar gəzən sərsəriydi. Odun və su dalınca meşəyə göndərmək üçün lazım ola bilərdi.

Bir-iki günə Stefani dərvişlərin gözündə adiləşdi. Ona diqqət azaldı. Adını "Pəltək dərviş " qoyub ancaq harasa tapşırıq verib göndərəndə xatırladılar. Danışığında qüsur olduğu üçün "pəltək" ləqəbini almış şahzadə Stefani xanəgahda ancaq mənimlə yaxınlaşmışdı. Mən də ona tez isinişdim. O, fitrətən imanlıydı. Gözləri həyat doluydu. Zikr qədər güclüydü. Axar-baxarlı çaylar kimi daşqın ruha sahibdi. Biz bir yerdə böyüyürdük. Şeyx ruhumuzu, təbiət bədənimizi şəkilləndirirdi. Bir gün o, sirrini açıb mənə gənc qız olduğunu söylədi. Və məni görən gündən sevdiyini etiraf etdi. Bu sirrin arxasınca daha böyük yalanlar açılacaqdı. Bunu hiss edirdim deyə ilk etirafdan sonra ondan uzaq durdum. Yaxınlığımızın sona qədər davam etməyəcəyinə əmindim. Əxlaqım Stefanini mənə qadağan edirdi. Sirrini Allah aşkar etmədiyi üçün mən də açmırdım. Bununla belə, ruh gücümə, Allah xofuna baxmayaraq mən də hər gün onu görmək istəyirdim. Bunu özüm-özümdən belə gizlədirdim. Və bu zəifliyimə görə özümə nifrət edirdim. Beləcə, biz bir neçə il təkkədə gündə beş dəfə dəyişən ovqatımızla birlikdə yaşadıq. Bir gün o mənə əmisinin hərbi top icad etdiyini və bu topu müsəlmanlar üçün Şamaxıya gətirə biləcəyini söylədi. Bu işləri görmək üçün onunla birlikdə Vyanaya getməyimi istədi. Mən onu çilləyə salmaqla susdurdum və bir daha bu haqda danışmamasını istədim. O, razılaşdı. Əslində onun məndən nə istədiyi gözlərindən bəlliydi. Amma mən bunu düşünmək belə istəmirdim.

1453-cü ildir. Osmanlı ordusu Bizans qalasını aşmaqdadır. Biz dərvişlər də "Allahu-Əkbər" deyərək onlara kömək edirik. Görkəmimizlə xaçlılar arasında qorxu və vahimə yaratmışıq. Heybətimizdən Bizans qoşunları pərən-pərən düşüblər.

Fateh Sultan Mehmet artıq boşaldılmış şəhərə daxil olur. Allahu-Əkbər yazılı bayraqları Bizansın ən böyük kilsəsinin banından asır. Qalib əsgərlər dizi üstə çöküb bu gündən onlara vətən olacaq torpaq üstə namaz qılırlar. Namazdan sonra Fateh Sultan Mehmetin lələsi Təbrizli Ağ Səmsəddin ordu qarşısına cıxıb peyğəmbərin vəsiyyətinə əməl etdiyi üçün Sultanı cənnətlə müjdələyir. Burda görk qırılır.

Bu dəfə Sultan Mehmeti qalib taxtında əyləşən görürəm. Saray əyanları, sədri-əzəm, Bizansı yenmiş paşalar, bəylər, Qaraman oğulları, Aydın oğulları, Qara Tatarlar Qafqaz sıra dağları kimi Sultan taxtından ta sarayın dəmir qapılara qədər boy-boya düzülüblər.

Sultan Mehmet üzünü lələsi Şəmsəddinə tutub soruşur: - "Lələ, atam Sultan Murad Konstantiniyyənin qapısının bircə addımlığında olanda, arxadan ona Ədirnə üsyanı ilə zərbə vurmuş əmimin neçə yaşı vardı?"

Ağ Şəmsəddin: - "Üç yaşı vardı, sultanım!" - cavab verir.

Fateh üzünün ifadəsini dəyişmədən ayağa qalxıb deyir: - "Mənim üçün uğrunda savaşdığım və gündən-günə iradəmlə gücləndirəcəyim dövləti-aliyəm, əbədi olaraq ərzə sahiblik edəcək sultanlığım, şəcərəmdən, atamdan və qardaşlarımdan ötədir. Bunu bilin. Üç yaşlı əmimi idarə edərək atam Muradı Konstantiniyyənin qapılarından geri dönməyə məcbur etmiş hiyləgər siyasi rəqiblərin əlində bir daha heç zaman oyuncaq olmayaq deyə, əmr edirəm: bu gündən Osmanlı taxtına xələl gətirə biləcək "rəqib qardaş" qanını dövlət naminə axıtmağı halal elan etdim. Osmanlı taxt-tacı, indən belə ancaq ən layiqli, ən güclü və ailə içində dünyaya hakimlik etməyi bacaran ən tədbirli vəliəhdin olacaq. Heç bir qohumluq bağı, qan amili onun qılınc tutan əllərini dövlət uğrunda yumşaltmamalıdır! Güclü dövlət naminə oğul başı belə, kəsilə bilər!"

Osman Qazi soyundan olan, kiçik şahzadələrin uşaq vaxtı, hətta ana bətnində belə, öldürülməsini sonralar görklərdə çox gördüm. Kimin kim olması sona qədər yadımda qalmasa da, bir taxtın bədəli kimi günahsız yerə öldürülmüş həmin o körpələrin gözlərini bu gün də xatırlayıram. Onların hamısının gözündə eyni ifadə vardı." Əlimdə qılınc olsaydı, qolumda güc olsaydı, mən də belə hərəkət edərdim. Sən məni öldürməsəydin, mən səni öldürərdim! Bu savaş dövlətin daim ayaqda qalması üçün kəsilən "qurbanlar savaşı" idi. Və bu məntiqdə tarixdə tayı və təkrarı yox idi".

Xəlvətiyyə dərvişləri yeni azan ərazisində yaşayacaqlarına sevinirlər. Təkkə çuxurunda çalınan ney Lahıca, Ləzəyə qədər ucalır. Stefani Şamaxıya xəlvətiyyə xanəgahına təfriqə salmaq üçün göndərilsə də, Şeyx Sədrəddinin nuru və sevgi halı onu dəyişir, imanlı və sevdalı Xəlvətiyyə dərvişinə çevirir. İlk günlər Stefani dərvişlər arasına hiylə ilə çat salmağı bacarsa da, sonralar könüllü olaraq əməllərindən vaz keçir. İmanlı, təqvalı, gerçək dərviş kimi davranır. Nəhayət, Stefani fəth günü hansı nəslə mənsub olduğunu, bura niyə göndərildiyini və mənə olan həqiqi sevgisini Şeyx Sədrəddinə açıb söyləyir. Şeyx onu fitrən tanısa da, bir casus kimi daha təkkədə qala bilməyəcəyini söyləyir.

Yenə görk görürəm. Diyarbəkirdəyik. Xanəgahdayıq. Şahzadə Stefani ilə qabaq-qənşər oturub "Çevrilmə" ayinini icra edirik. Ayin bitəndən sonra Stefani sabah səhər vətəninə dönəcəyini deyir. Mən bu xəbərdən üzülsəm də, büruzə vermirəm. İkimiz də xəbərin ağırlığından susub, pıçıltıyla Allahı zikr edirik. İkimiz də Allaha eyni sözləri deyirik. Və Allah tərəfindən yazılanları günahımızla pozmaq istəmirik. Şahzadə Stefanidən həmin gecə çox böyük çətinliklə ayrılıram; tən candan ayrıldığı kimi. Stefani mənə "Sən bu günə qədər tanıdığım ən mərd və ən cəsur kişisən, səni özünə qalib gələn bir kişi kimi heç zaman unutmayacam", - deyir. Mən şahzadə Stefaniyə bir söz deməsəm də, ürəyimin gizlinində ona olan sevginin bir dərviş üçün ən ağır sınaq olduğunu anlayıram. Səhər açılmamış şahzadə Stefani atını Vyanaya doğru çapır. Və biz bir-birimizdən cismani olaraq ayrılırıq.

Xəlilullah Şah qızıl taxtında oturub muğam dinləyir. Tar, kaman və dəf ifaçıları muğam parçası ifa edirlər. Şirvanşah Xəlilullah və əyanlar "cəzbolunmadadırlar". Məqam qəm məqamıdır. Qəmdən məstdirlər. Sözün, fikrin və baqi musiqinin vəhdətindən canlarından keçib "kəm" olublar. Gözətçilərlə birgə saray qapılarından içəri keçirəm. Xəlvətiyyə Şeyxi Sədrəddinin ölüm xəbərini Xəlilullah Şaha çatdırıram.

Xəlvətiyyə Şeyxi Sədrəddin iki gün sonra Şamaxıda dəfn edilir. Bütün Şirvan əhli onunla vidalaşmağa gəlir. Kəsranilər, Nəsranilər belə, onun müqəddəs ruhuna dualar oxuyur. Şirvanşah Xəlilullah da burdadır, Qaraqoyunlu hökmdarı Cahan xan Həqiqi də, Osmanlı Sultanı İkinci Murad da, rus və ispan səfirləri də, keşiş Lorenso da...

Həmişə, bütün zamanlarda və məkanlarda, gördüyüm bütün görklərdə eyni boynubükük duruşları ilə mövcud olan, zamandan-zamana, əsrdən-əsrə, üzsüz və sözsüz olaraq əşya kimi adlayan həyatın "ikinci dərəcəli" sıra adamlarını birləşdirən bir böyük həqiqət var. Bu adamlar, sən demə, heç zaman ölmürlərmiş. Onlar heç nəyi dəyişməsələr də, qiyas-tərəzidə yaxşı ilə pisi ayırmaq mümkün olsun deyə həmişə mövcuddurlar. Onlar sadəcə səssiz və sözsüz dünya mənzərəsidir. Həyatı sınaqlarda yaşayanlar isə ancaq seçilmiş fərdlərdir, ölənlər də ancaq onlardır. Əbədi kütlədən əməlləri və sözləri ilə seçilən əbədi fərdlər.

Xanəgahdayam. Şirvan əhli hamılıqla, mənim yeni Şeyx olmağımı istəyir. Pirzadə müridlərə Şeyx Sədrəddinin vəsiyyətini oxuyub. O da vəsiyyətində şeyxliyi mənə etibar edib. Di gəl, Pirzadə mənim şeyx olmağımı istəmir. Müridlər məni təriqətin piri-sanisi kimi qəbul etsələr da, yeni şeyx kimi seçmirlər. Yaşlı müridlər məşvərətlə Pirzadəni təriqət Şeyxi elan edir. Və mən məcbur olub xanəgahı tərk edirəm. Bakıya hicrət edirəm. Mənimlə birgə digər dərvişlər də Bakıya köçürlər. Şamaxıda ancaq Pirzadə və onu Şeyx kimi tanıyan dörd qoca mürid qalır. Şirvanın bir çox bölgə və kəndlərindən olan gənclər də mənə qoşulur və biz Bakı qalasına yüzə yaxın müridlə daxil oluruq.

Çox keçmir, Şirvanşah Xəlilullah Bakıdakı kiçik təkkəmin böyründə saray tikdirir. Məscidini, divanını və ordugahını Şamaxıdan Bakı qalasına köçürür ki, dualarıma yaxın yerdə olsun.Və bu təkkə Səfəvilər Bakıya gələnə qədər mənim ruh halımda yaşayır.

Bu ərəfədə Stefani də Vyanaya çatır. Saray onu böyük sevgi ilə qarşılayır. Əmisi - Şərqi Roma imperatoru Ziqzmund Lüksemburq bağrına basaraq Stefaniyə "qəhrəman xaçlı" kimi yanaşır. O isə xristian dəyərlərinə artıq Dərviş gözüylə baxır. Yetişmiş xəlvətiyyə dərvişi kimi Stefani sevdiyi insanları da, müsəlmanlarla sülhə və barışığa çağırır. Dinlərarası barışın dünyanı xilas edəcəyini deyir. Onun bu qəribə tərzi yaxınlarını düşünməyə vadar edir. Əmisini isə əməlli-başlı qıcıqlandırır.

Onlar Stefaninin yaşadığı gərginlikdən sonra dəli olduğunu zənn edirlər.

Əmisi Stefanini müayinə etmək üçün Çindən həkim gətizdirir.

Stefani Vyanada aylarla çillədə yaşayır. Bir xurma və bir cam su ilə qidalanır. Otağından aylarla çölə çıxmayıb dualar edir. Həkim müayinə zamanı Stefaninin adi insan üçün qəribə hallar yaşadığını, onunla ünsiyyətdə tamamilə həyəcansız və hissiz olduğunu deyir və sözünün sonunda anasına Stefaninin necəsə bakirə olduğu halda hamilə qaldığını bildirir.

Stefani onu sıxan soyuq sarayda, onunla yad kimi davranan qohumlar içində ancaq Tanrını sevdiyini anlayır. Və ölənə qədər də sevgisinə sadiq qalacağına and içir. Qızının dəyişdiyini anlayan anası, onu "qarnı böyüməmiş" yüksək rütbəli xaç yürüşçüsünə ərə vermək qərarına gəlir. Bu təklifi qızına dedikdə, heç zaman ərə getməyəcəyini söyləyən Stefaniyə tərs bir sillə vurur. Sillənin zərbindən Stefani bayılır.

Həmin o bayılmada mən onu görürəm. Bayqın olsa da, o da məni görür. Stefaninin Vyanada başına gələnləri Təkkədən izləyirəm. O da mənim yaşadıqlarımı uzaqdan görür və bilir. Şirvanşah Xəlilullahın İçərişəhərdə yeni Xanəgah tikdirdiyindən də halidir. Başıma yeni müridlərin toplandığını da görür. Ədirnədən, Xorasandan, Ərbildən, Təbrizdən, Bəlxdən, Şam və Ərdəbildən Bakıya gəlmiş müridlər məni dinin qapısı olaraq adlandırırlar. Onlara "Öz şərinizdən qurtulmaq üçün xəlvətə çəkilin" söyləmişəm. Mənim dərdim ancaq "yol" olsa da, Stefaninin dərdi və yolu mənəm. O, mənimlə pir kimi davransa da, ürəyindəki ürəyindədir. Onun üçün sevgi də dindir. O, Allaha olan sevgiylə, insana olan sevgini bir-birindən ayıra bilmir. Allahın bir çox üzlərinin məndə təcəlla etməsi onu çaşdırıb. O, məndə Allahı, Allahda məni sevir. Və bu sevgi onu yaşadığı mühitdən xilas etsə də, imanını sarsıdıb. Onun xaçlı keçmişindən qalan yeganə günahı sevgisini insana aid etməsidir.

1454-cü ildi. Fateh Sultan Mehmet sədri-əzəmiylə və Mədinədən dəvət etdiyi başı sarıqlı din alimi ilə gizli məşvərət keçirir. Mən də görüşdəyəm, susub bir kənarda oturmuşam. Sədri-əzəmi Sultana xilafətin vahid dini qanunlarla idarə olunmasının mühümlüyünü deyir. "Sultanım, xilafət qılınc gücünə çox davam gətirə bilməz. İman böyük şərtdir. Əhali ancaq qarnı ilə yaşamır. Onun imanı qarnından vacibdir. Babalarımız ancaq qılıncları ilə dövlətlər qurmayıblar. Onlar daha çox imanlarıyla yaşayıb, imanlarından qidalanıblar. Cəddiniz olan sultanların yolunu davam edib, sərhədlərimiz içində vahid və düzgün bir islam yolu yaratmalıyıq. Xaçlıların yaratdığı süni təriqətlər çoxalıb ölkə içində birliyimizi sarsıdıblar!"

Sədr-əzəmin sözünə qüvvət verən Mədinə alimi də: - "Ölkə içində fərqli-fərqli yollara biət etməyin islam hümməti üçün böyük təhlükə olduğunu" - deyir.

Sultanın: - "O zaman biz nə edək?" - sualına Mədinə alimi: - "Bütün təriqətlərin müqəddəs ocaq kimi qəbul etdikləri, hətta Teymurilərin, Monqolların belə, toxunmayıb biət etdikləri bir əmin təriqət var. Bu təriqət Şirvanşah Xəlilullahın idarə etdiyi Şirvanda təşəkkül tapmış xəlvətiyyə dərviş təriqətidir. Onun başında bu gün Seyid Yəhya Bakuvi durur. Vatikanın da Şirvana hələ ki, əli çatmayıb. Xəlvətiyyə təriqəti siyasiləşməyib, onlar digər təriqətləri birləşdirib Nəbidən başlanan silsilədə vahid bir düşüncə sistemi və təlimi yarada biliblər" - deyir.

Sultana alimin dedikləri maraqlı görünür. O, hələ yolunu azmamış bu təriqətin doğrudan da, Allah yolu olub-olmadığını yoxlamaq üçün təğyiri-libas olub, Bakıya getmək qərarına gəlir. Və üzünü mədinəli alimə tutub deyir: -"Xəlvətiyyə dərvişləri torpaqlarıma çoxdan ayaq açıblar. Babalarımdan bəziləri bu təriqəti zamanında qəbul da etmişdi. Atam da bu təlimlə yaxından tanış idi. Mən onların Allahdan nə istədiklərini öz gözlərimlə görmək istəyirəm. Nə deyirsən?"

Mədinəli alim və sədr-əzəm Sultanın qarşısında baş əyirlər.

1454-cü ildi. Şirvanşahlar sarayındayam. Şirvanşah Xəlilullah ilə saray bağçasında söhbət edirik. Ona, yaşadığı və yaşayacağı coğrafiyanın bundan sonra düşəcəyi cətinliklərdən danışıram. Şirvanşah Xəlilullah Bakıdakı sarayına köçüb. Və Şirvanı buradan, Bakıdan idarə edir. Mənimlə vəziri kimi davranır. Hər gün birlikdə dövlət işlərini müzakirə edirik. Mənsiz bir addım belə atmır. Şirvanın ədalətlə idarə olunması yollarını axtarırıq. Bakıya köçən gündən Şirvanı öz iradəmlə burdakı təkkədən Xəlilullahın əliylə idarə edirəm. Bəlkə də Şamaxıda şeyx seçilməməyimə Şirvanşah Xəlilullahın özü əngəl olub. Çünki mən ona siyasi işlərini həll etmək üçün Bakıda daha çox lazımam. Ömrüm göydə Allaha səcdədə, yerdə Xəlilullaha xidmətdə keçir. Bizi eyni ilahi iradə idarə edir. Öləndə də eyni ərəfədə öləcəyik. Bunu o bilməsə də, mən bilirəm. Şirvanşah Xəlilullah söhbətini bitirib, xəlvətdə çilləyə girir. Allahın adlarını ucadan zikr edə-edə bayılır.

Təkkədəyəm. Tülu vaxtıdır. Dənizdən külək qalxıb. Küləyin qarşısında oturub bu gün gələcək qonağımı gözləyirəm. Günortaya yaxın gözlədiyim qonaq Sultan Mehmet xanəgaha daxil olub özünü osmanlı kəndlisi kimi təqdim edir. Onunla bir az danışdıqdan sonra xanəgaha qəbul edirəm. İlk tapşırığım rahatxanaları, dəhlizi və bütün həyəti təmizləmək olur. Bu işləri görmək bir Sultan üçün asan iş olmasa da o, tapşırıqları səylə yerinə yetirir. Sonra hər fürsət düşdükdə dizimin dibində oturub fikirlərimə diqqətlə qulaq asır. Çox keçmir, Fateh sirli xütbələrim sayəsində həqiqi Xəlvətiyyə dərvişinə çevrilir. Və bu təriqətin peyğəmbər təliminə sadiq olduğuna əmin olur. Nəhayət, Sultan nurumdan işıqlanır. Allahı başqa bir ölçüdə, bir başqa qapıdan keçərək, fərqli ağırlıqda dərk edir. Sultan olsa belə, öləri can olduğunu anlayır. Dünyanın fani, imanın baqi olduğunu hiss edir. Təkəbbürdən, mənəm-mənəmlikdən azad olub yüngülləşir. Ancaq bundan sonra xəlvətiyyəni yaymaqdan ötrü onu, Dədə Ömər Rövşəni ilə birlikdə vətəni Osmanlı torpaqlarına göndərirəm. Yolda Fateh, Dədə Ömər Rövşənini Ərzurum karvansarayında yatmış halda qoyub, gizlincə sarayına qayıdır. Dədə Rövşəni isə bu ayrılıqdan sonra tapşırığıma rəğmən Sultanın sarayda görəcəyi işin zəminini, Anadolu coğrafiyasında yaratmağa başlayır. Diyarbəkirdə, Ədirnədə, Qırşəhərdə təkkələr qurur.

Yaşım bəlli deyil. Ovqatım təlxdir. Tənimi hiss etmirəm. Yarpaq kimi yüngüləm. Ağacdan asılmışam. Amma görürəm. Stefani Alp dağlarının ətəyindəki mavi gölün kənarında dayanıb. Axşam indicə düşüb, ala-toranlıqdır. Uzaqdan mancanaq səsi eşidilir. Gölün üzünə gəlin duvağı kimi ağ duman enib. Göydə qərib durna qatarı uçur. Stefani əvvəlcə ayaq barmaqlarının ucunda dumanın üstüylə qaçır, sonra bir qərib durnaya çevrilərək qanad çalıb göyə qalxır. Mənə doğru uçur. Mən də göydəyəm. Bir buludun üstündə oturub ayaqlarımı yellədə-yellədə onu gözləyirəm. Birlikdə göydə yeddi dövrə vurduqdan sonra dərgaha qalxırıq.

Və razılaşırıq... Sonra onun əlindən tutub əmisinin sarayına gətirirəm.

Həmin gecə Stefani anasına evlənməyə hazır olduğunu deyir.

Bakıdayam. Xanəgahda axşam vaxtıdır. Günəş evinə qayıdır. At belində bir çapar Xanəgaha daxil olub dərvişlərin önündə baş əydikdən sonra, əlindəki dəmir başlıqlı, bükülü namənin mənə çatacağını söyləyir. Onu dərgahıma, çilləxanaya gətirirlər. Çapar naməni mənə verir. Ondan naməni oxumasını xahiş edirəm. Çapar ərəb dilində savadlı olmadığını deyir. Bucaq türkü olan çaparın şirin ləhcəsi xoşuma gəlir. Naməni özüm oxuyuram. Fateh Sultan Mehmet məni sarayına dəvət edir. Məmnun-məmnun gülümsünürəm. Belə olacağını bilirdim. Çaparla birlikdə çilləxanadan çıxıb, daşdan düzəldilmiş miz arxasına otururuq. Çapara xurma və su təklif edirəm. Çapar sadə dərviş yeməyini yeyə bilməsə də, bərk ac olduğu üçün əlinə keçəni ağzına təpir. Onun bu hərəkətləri dərvişləri əyləndirir. Onlar qış üçün topladıqları azuqələrini gətirib, çapar yesin deyə mizin üstünə düzürlər.

1457-ci ildir, İstanbul küçələrində ağ papaqlı papaslara, Çin tacirlərinə, adi avropalılara rast gələ bilirsən. Fateh şəhəri tutduğu gün yerli əhaliyə toxunmamaq əmrini verib. Türk ədalətinin onlara da aid olacağını bəyan edib. Yeniçərilərin, əsgərlərin də qəniməti qədərincə verilib. Narazı qalan ancaq Sultanın özüdür. Onun qorxusu böyük Xəlifətin ruh halıdır. Məni də, bu çətin məsələni çözmək üçün İstanbula dəvət edib. Bizi saray bağçasında Sultanın özü qarşılayır. Görüşə Şirvanşah Xəlilullahla gəlmişəm. Məni müşayiət edən dərvişlər də yanımdadırlar. İlk kəlmə kəsildikdə müridim olduğu zamanlar Fatehi tanıdığımı boynuma alıram. Fateh onu bu fani dünyadan baqi Allah əxlaqına tərəf hirkəmlə çəkdiyim üçün mənə minnətdar olduğunu deyir. Onun, az qala, bütün dünyaya sahib olmasına rəğmən, bu qədər sadə olduğunu, səbirli və müdrik addımlar atdığını sözümlə təsdiqləyirəm. Böyüklüyü qarşısında baş əydiyimi deyirəm. Dövlətim Şirvan üçün ondan aman istəyirəm. Sülh təminatını aldıqdan sonra dərviş qiyafəsində olan Şirvanşah Xəlilullahı Sultana təqdim edirəm. Fateh məqamımı uca tutduğundan Şirvanı müttəfiqi kimi tanıyacağına söz verir və xəlvətiyyə təkkəsində öyrəndiklərini yazılı qanun şəklinə salıb, idarəçiliyində tətbiq etmək istədiyini söyləyir. Osmanlı ərazisində işləyəcək dövlət qanunlarının bu gündən təlimim üzərində qurmaq istədiyini deyir. Sonda məndən bir müddət sarayda qalıb iman məsələlərinin tənzimlənməsində və yeni şəri qanunların yazılmasında ona kömək etməyimi istəyir. Böyük sevgiylə razı oluram və biz onunla birgə dibçəkdə becərdilmiş ərəb qəhvəsi içirik.

Səhər, sonralar İbrahim qonağı kimi tanınacaq malikanədə Osmanlı imamlarına, saray əyanlarına, paşalara təlimimi izah edirəm. Sultan da gizlin otaqdan dediklərimi eşidir. Sözlərimə dəyər və qiymət verir. Vəzirinə köməyim sayəsində Osmanlı dövləti üçün vahid təlim sistemini yaradacağına əmin olduğunu deyir.

Bir il Osmanlı sarayında qalıb Fateh üçün yeni irfan təhsil sistemini yaradıram. Mərkəzində Tanrı ədaləti duracaq təlimimi "Bəsi təlim" adlandırıram. Tədris edilmək üçün kitablar yazıb Sultana hədiyyə edirəm. Bu təlim Sultanın əmriylə Osmanlı ərazisində vahid qanunların, tələb və davranışların təməlini uzun illər ədalət çərçivəsində tənzimləyəcək. Təbəələri imanlı, savadlı, comərd və ədalətli insan kimi yetişdirəcək. Vahid imana sahib, güclü ruha malik mühit yaradacaq. Saraya ailəmi də gətirmişəm.

Görkdə gəmiyə minən oğlum Nəsrullahdır. Pirzadə, Fatehin buyruğu ilə Krıma gedir. Onunla birlikdə Krım xanının oğlu Mustafa Gərəyı da görürəm. O da gəmiyə minməkdədir. Nəsrullah Krıma təriqətimin xanəgahını qurmaq, Qara dəniz hövzəsində və Balkanlarda dini sabitlik yaratmaq və azan ərazisinin genişlənməsini təmin etmək üçün gedir. Oğlumu belə bir ağır iş üçün yola saldığıma sevinirəm. Nəsrullah da Allahından razıdır. Onu qarşıda çətin sınaq gözləyir. Ruh halında onunla danışıram. Bəsirət gözü açıqdır. Dənizin üstündə fikrən görüşərək qarşıda görüləcək işləri birlikdə müzakirə edirik. Oğluma Krımda nə edəcəyi ilə bağlı son nəsihətlərimi verirəm. Səfər zamanı ruhən yanında olacağımı deyirəm. O, buna çox sevinir.

Vyanadayam. 1421-ci ildir. Dəhliz boyu imperatorun geniş salonuna doğru qaçan sarışın kənizi görürəm. O, salona daxil olub şahzadə Stefaninin ərə getməyə razı olduğunu deyir. İmperator Ziqzmund Lüksemburq bu xəbərdən sevinir.

Həmin gün mən Bakıda saray bağçasındayam. Aylı gecədir. Uzaqda həzin-həzin ney çalınır. O səsi dinləyirəm. Səs sümüyümə düşür və ağır ləngərli hərəkətlərlə rəqs etməyə başlayıram. Sonra həmin səs zamanı adlayıb Stefaninin toyunda eşidilir. Məni də özüylə o toya aparır. Xaçlılar içində mən öz rəqsimi, onlar öz rəqslərini ifa edirlər. Stefani bu gün bir xaçlı döyüşçüyə ərə gedir. Əri toyun səhərisi müsəlmanlarla vuruşmaqdan ötrü Balkanlara göndəriləcək və iki gün sonra ölüm xəbəri gələcək. Bunu mənim qədər Stefani də bilir. Stefaniyə yaxınlaşıb onu rəqsə dəvət edirəm. Və biz rəqs edə-edə əvvəlcə toydan, sonra dünyadan çıxırıq.

Şamaxıdayam. Dərviş qardaşımla bulaq başındayıq. Xanəgah üçün dəri torbalara su doldurmağa gəlmişik. Mən çay kənarındakı daş üstə oturub, sevgi halında Allahı anıram, açıq havada çillədəyəm. Elə bu zaman bir səfəvi əsgəri yaxınlaşıb mənə: - "Ay eşşək, mənə bir qab su ver!" - deyir. Özümdə olmadığım üçün əsgərin nə dediyini eşitmirəm və ona cavab vermirəm. Əsgər onu saymadığımı düşünüb atından aşağı enir. Qamçısıyla kürəyimə bir-necə dəfə zərbə vurduqdan sonra içmək üçün çaydan bir cam su doldurur. Qamçının ağrısından dünyaya qayıdıram və üzümü əsgərə tutub deyirəm: - "Nədir, ay qaniçən, məndən nə istəyirsən?" Elə bu an əsgərin içdiyi su gözünün önündə qana çevrilir. Əsgər bir neçə dəfə bulaqdan su götürüb içmək istəsə də, camdakı su qana çevrilir. O, suyu qana çevirmə kəramətimdən qorxub parri-piyada, çay qırağında qurduqları çadırlara tərəf qaçır.

Krımı görürəm; oğlum Nəsrullahın xanəgahını. O, "Baxçasaray" mülkünün bağçasında zikr edən müridlərlə birgədir. Pirzadə Nəsrullah qırx gün çillədə oturub çölə cıxmış müridlərin ruh halını aynada görürmüş kimi görür. Nurlanmış müridlərin üzündə ilıq təbəssüm var. Onlar Allahın adlarını eyni ritmlə zikr edirlər. Bu mənzərəni uzaqdan seyr edən Krım xanı Gərayın qızı Aybikə Xatun da Pirzadə Nəsrullaha sevgi ilə baxır. Və onların sonrakı taleyi mənə zaman buludlarının arxasından açıq-aydın görünür...

Vatikandayam. Roma Papası Aleksandr şahzadə Stefaninin yenicə doğulmuş oğlunu xaç suyuna salır. Stefani körpəsini qucağında tutub, səksəkəlidir. Heç kəsin gözləmədiyi halda kilsədə üzü niqablı dərviş peyda olur. Bir zamanlar məni göyə apardığı kimi, Stefaninin yenicə doğulmuş körpəsini də əlləri üstünə qaldırıb işıqlı yollarla hüzuruma gətirir. Qeyb fəzasında Stefaniyə görə sevinirəm. Oğluyla bağlı hər şeyi öncədən görürəm; Stefaninin son gününə, ölümünə qədər. Uşağının bircə anda gözləri qarşısında yox olduğunu görən Stefani bu işin kim tərəfindən edildiyini bildiyi üçün sakitdir. Uşaq yenidən geri qayıdana qədər özünü itirmiş Papaya da bir söz demir. Üzü niqablı dərviş uşağı yenidən Stefaniyə qaytarıb gözdən itdikdən sonra Xaç çevirən Papa qəribə bir qorxu ilə qucağındakı uşağa baxır. Uşağın sol çiynində xəlvətiyyə dərvişlərinə aid olan halqavari zaman damğası var.

Nevşəhərdəyəm. Burda xanəgah qurmuşam. Krım xanı Gəray, vəziri və saray əyanları ilə birgə Xanəgahıma gəlib çilləyə giriblər. Bura Osmanlının müxtəlif yerlərindən müridlər gəlir. Onlar məndən öyrəndiklərini, illər sonra Avropanın və Asiyanın digər guşələrinə yayırlar. Müridlərim islam coğrafiyasında təlimimi yaymaqla cümlə müsəlmanları eyni havaya kökləyirlər. Təriqətçiliyə son qoyurlar. Müridlərim təlimimi xaçlılar içində də yayır. Xoca Əhməd Yəsəvinin sufi təlimli fəlsəfəsindən, Kufə məktəbindən sonra, Şirvanın Xəlvətiyyə təlimi də artıq islam ərazisində vahid elmi təlim kimi yayılmaqdadır.

Vatikan səfiri Lorenso Osmanlı sultanı Fateh Mehmetin sarayındadır. Onlar Səfəvilərin bölgədə yeni siyasi şəkillənmə yaratdığından danışırlar. Lorenso Sultanı qıcıqlandırıb Səfəviyyəyə qarşı kökləyir. Onların Vatikanda becərildiklərini və Osmanlı sınırında ən gənc və ən güclü dövlət olacağını deyir. Qızılbaş ruhu ilə güclüdür, sizin kimi qılıncı ilə deyil. Sizin onların qarşısına çıxarmağa ruh aliminiz yoxdur. Sultan cavab kimi Lorensoya xəlvətiyyənin gücündən və mənim ağıl və imanımdan danışır. Lorenso adımı eşidən kimi üzünü turşudub: - "O, xəlvətindən çölə çıxa bilməyəcək!" - deyir.

1429-cu ildir. Stefaninin oğlunu Bakıya aparmaq üçün Vyanaya gəlmişəm. Şeyx Sədrəddinin əmridir, qeybdən verib.

Stefani etiraz etmir. "Mən onu heç bir kişiylə təmasda olmadan, oğlunuz olsun deyə, dərviş sevdasında böyütdüm! Onu Allahdan sizin oğlunuz olsun deyə istədim! Sizinlə ailə qura bilməsək də, Allahdan onun ancaq sizə oğul olmasını istədim", - deyir və oğlunu yun əbasının arasından çıxarıb mənə uzadır. Uşağın iki yaşı var. Qara gözləri ocaq kimidir. Qucağıma alıb at belinə qalxıram. Atımı sərhədə doğru çapıram. Günəş çıxana yaxın, arxamca gələn xaçlılar məni haqlayırlar. Gözləmədiyim halda oxla vurub, atdan yerə salırlar. Əlimi-qolumu bağlayıb həbsxanaya gətirirlər. Uşağı əlimdən alıb, xaçlı - döyüşçü kimi yetişdirilməsi üçün kilsəyə təhvil verirlər. Edamım həftə sonuna təyin edilir. Həbsxanada olsam belə, Stefaninin əmisindən azad olunmağımla bağlı yalvarışlarını aydınca eşidirəm. Stefani azadlığımın əvəzi kimi oğlunu xaç yürüşlərində iştirak üçün öz əliylə yetişdirəcəyinə söz verir. Ziqzmund Lüksemburq qardaşı qızı Stefani ilə razılaşır. Və məni azadlığa buraxdırır.

Stefani mənimlə at belində görüşüb oğlunu on beş yaşınadək öz iradəsi altında böyütmək istəyində olduğunu bildirir. Onunla razılaşıram və Balkanlara qayıdıram. Burda Saray - Bosnada yeni xanəgah qururam. Artıq on ildir ki, burda müridlərim yetişir. Yetişdirdiyim müridlər Avropanı idarə edən bir çox zadəgan nəsillərinin övladlarıdır. Hətta xristianlar, yəhudilər belə, dinlərindən dönmədən təlimlərimi dinləyib, mənə müridlik edirlər. Xəlvətiyyə artıq bölgə dininə çevrilməkdədir. Məqsədim qan tökməmək və dünyada Allah adına sabitlik yaratmaqdır. Hamıya bir qəbirlik torpaq, onsuz da çatacaq. Ondan artığı isə artıq təkəbbürdür.

On il sonra Saray Bosnadakı xanəgahıma Stefaninin oğlu gəlir.

O, mənimlə təkkəmdə görüşüb anasına olan münasibətimi öyrənmək istəyir. Həqiqəti söyləyirəm. Nə zamansa aramızda baş verənlər onu özündən çıxarır. O, qəddar və məkrlidir. Onu fikrindən döndərmək mümkün deyil, biz müsəlmanlara nifrət edir. Xaçlı təlimiylə böyüdüyündən digər yolları və dinləri ancaq qılıncla yenilməli olan hədəflər kimi görür.

Sonda "mənimlə təkkədə qal" təklifimə Leopold müqəddəs Roma imperatoru olan babası Ziqzmundun himayəsində müsəlmanlara qarşı xaç yürüşündə iştirak edəcəyini deyir. Mənimlə bir də ancaq döyüş meydanında görüşmək arzusunda olduğunu bildirir.

Anasının bir müsəlman dərvişini sevdiyini və sona qədər də ancaq ona sadiq olduğunu, sona qədər qəbul etməyən Leopold Vyanaya qayıdan kimi Stefanini öldürür. Çox keçmir, o, Şərqi Roma hüdudlarında böyük nüfuz sahibinə çevrilir. Babası onu xaç yürüşçülərinin komandanı təyin edir. Qoşunun rəhbərliyini qəbul edib Fateh Sultan Mehmetə qarşı Vyana sərhədlərində illərlə vuruşur.

Şeyx Sədrəddin Stefaninin oğlu Leopoldun döyüş dərvişi olacağını deyirdi. Bakirə Stefaninin qeybdən bir döyüşçü doğacağını da özü müəyyən etmişdi. Mənim də qatil Leopolda bu səbəbdən əlim qalxmırdı. Şeyx Sədrəddin onu Stefaniyə cəza kimi yaratmışdı. Allahı deyil, məni sevdiyinə görə Stefanini cəzalandırmışdı. Leopold qəflət yuxusundan bir gün ayılacaqdı. Yolumuza dönəcəkdi. O, buna fitrətən hazır idi, bunun üçün doğulmuşdu. Şeyx Sədrəddin onu belə yaratmışdı. Di gəl, bu məni ovutmurdu. Stefanini ondan qoruya bilmədiyim üçün özümü lənətləyirdim. Ölümünü özümə bağışlaya bilmirdim. Mən onun oğlu tərəfindən öldürüləcəyini əvvəlcədən bilirdim. Bunun qarşısını kəsə biləcəyimə əmin olsam da, bacarmadım. Stefaninin dünyəvi sevgisinin meyvəsi olan Leopold öz qəddar əliylə bir daha məni əbədi olan Allah sevgisinə qaytardı və mən Qəhhar Allahı çağırıb onun üçün ölüm istədim və Şeyxim Sədrəddinin öz əliylə ilahidən icazə alıb yazdığı taleyini dəyişdim.

Öc anı uzun çəkmədi.

O, altıncı Leopold adıyla Vyana ətrafında müsəlmanlara qarşı döyüşdüyü zaman üzü niqablı ağ dərviş tərəfindən öldürüldü.

Leoplod ölən gün Stefani son dəfə gözümə göründü. Gözlərində yaş, məyus-məyus üzümə baxırdı. Sonra qara durnaya çevrilib əbədi olaraq xatirə göylərinə doğru uçdu.

Bir daha mən onu görklərimdə görmədim.

Və sonra mənim də eniş anlarım başladı.

Fateh Sultan Mehmetdən də xəyanət gördüm.

1459-cu ildə verdiyi sözü tutmayan Fateh qoşunlarını Təbrizə göndərdi. Sözünü tutmadığına görə Fateh Sultan Mehmetdən küsdüm və ömrümün sonuna qədər təkkəyə çəkilib dünyadan imtina etdim. Müsəlman qardaşlığına, birliyinə inanmayıb təkkədən eşiyə çıxmadım.

1464-cü ildə Şirvanşah Xəlilullah haqqa döndü. Təkkəmdən ancaq iradəmin gücünə çıxıb, onun dəfnini idarə etdim. Bunu dostum Xəlilullah şahın özü istəmişdi. Ona, bu fanidə son borcumu verdim.

Xütbədə təlimimin son sözlərini dəfnə gəlmiş hökmdarlara çatdırdım. Hamını barışa səslədim. Şirvanşah Xəlilullahdan sonra çox yaşamayacağımı bilirdim. Cahilliyin islam üçün böyük təhlükə olacağını onlara dedim. Dəfndən sonra təkkədən çıxmayb bir ilə yaxın zaman kəsiyində nə çörək yedim, nə də su içdim. Oğlum Nəsrullah dözməyib son çilləmi pozdu. Mənə bir qaşıq sıyıq verdi ki, yeyim. Mən o bir qaşıq sıyığı üç gün əlimdə tutub ancaq qoxusu ilə qidalandım. Sonda gözlərimi bu dünyaya yumanda "İlahi, məni niyə belə tox öldürdün!" - dedim.

Və deyəsən son görkümü gördüm. Bu görk mənə mənanı anlamaq üçün göndərildi. Yenə dağ başından üzü aşağı qaçdığım uşaqlıq dövrünə qaytarılmışam. Dostlarım uşaq yaşlarında qalsalar da, mən indiki yaşdayam, qocalmışam. Uşaq vaxtı baş vermiş hadisə bir daha gözlərim önündə canlanır. O zaman olduğu kimi, dostumun ayağı yenə də büdrəyir və o, uçuruma doğru yumalanır. Bunu görən digər uşaqlar sarsıldıqları zaman, mən qəribə bir sevgi ilə göy üzünə baxıb qışqırıram: - "Allahım, məni dərəyə düşəcək dostumun əvəzinə öldür, o yazıqdır, ailənin tək uşağıdır!" O zaman olduğu kimi, zaman yenə dayanır. Bu dəfə mən özüm zamansızlıq içində dərəyə yıxılacaq dostumun haçansa saman çöpü kimi yapışdığı iri sal daşın bir küncündən yapışıram. Və asta- asta torpağa çöməlirəm. Sal daşın arxasında mənim üçün qazılmış məzarın olduğunu ancaq indi görürəm və hər şeyi bircə anda anlayıram.

Məzara uzanıb pıçıltıyla Allahdan "Mən hansı uşağam? Uçuruma doğru sürüşən uşaq, ya səndən həmin uşağın qurtulmasını yalvararaq istəyən uşaq?" - deyə soruşuram...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!