10410-cu gün (Hekayə) - Ömər XƏYYAM

— Uzanın! Tərpənmə! — komandir əmr etdi, — Sonra pıçıltıyla “əcəl zəngi çalındı” — dedi.
Əsgər Kamal Ağabəyli sol ayağı ilə minanın üstünə basmışdı.

— Otuz addım geriyə çəkilib uzanın!

Ölümü ilk dəfə canlı-canlı – onun gözlərində gördüm.

“İntizamı pozmalı, gedib sol ayağımı minanın üstünə qoymalı, Kamalın çiyinlərindən tutub ölümün gözlərinin içinə baxmalıyam. Yorulanda ayaqlarımızı dəyişməli, mühəndis-istehkam bölməsi gələnə qədər gözləməliyik. Yoxsa onu çölün düzündə tərk etmək…  Bir mina varsa, iki mina var. Xilas… mümkün görünmür. Ya səbrlə, tərpənmədən  kömək gözləməlidir, — adətən, əsgərlər səbirsizlik edirlər. – ya da… snayper üçün ələdüşməz fürsətdir…” — palçığın içində dirsəklənib düşünürdüm.

Əgər Kamal Ağabəyli mənə baxa-baxa sağ əlinin şəhadət barmağıyla orta barmağını birləşdirib dodaqlarının üstünə qoymayasaydı, fikrimdəki entropiya məni didəcək, palçığın içində ümidsizcə ağzımı açıb-yumacaq, növbəti əmri gözləyəcəkdim.
…əzik “Vinston” qutusunun qapağını açdım, dişimlə bir gilə siqaret çıxarıb astaca qalxdım.

— Dayan! Geri!
İkinci addımı atmışdım ya yox… Bummm! — Mina partladı…

****

…Binoklun şüşələrini sildi, okulyarları nizamladı:
— Heç kim yoxdur, geri çəkiliblər. — Bayramov dedi.
— Dadaşov, səninlə Bardaçok — cibində, az qala, at nalı da gəzdirən Xaqan Sarıcaya öz aramızda “Bardaçok” deyirdik, — birinci kəşfiyyat/gözləmə məntəqəsinə! — Qrup komandiri təyin edilmiş məntəqənin koordinatlarını verdi.

****

Xaqan Sarıca qabağda, mən də arxasınca… Çay yatağına paralel – qıjılıqdan keçib üzüm sahələrinə aparan palçıq yola çıxdıq. Ayağımızın altında fırçıldayan sarı yapışqan palçıq bizi əldən salır, çəkmələrdən asılan daşa çevrilirdi. Hərdən tamamilə soyunmaq, mənə təhkim edilmiş təchizatdan qurtulmaq, lehmələrin içində ağnamaq istəyirdim.

Pıçıldamaqdan, dinşəməkdən, əl/qolumuzu ölçə-ölçə, gözlərimizi qırpa-qırpa danışmaqdan öz səsimizi unutmuşduq.

Yorulanda, acanda oğlumu xatırlayır, saçlarını sığallayır, oxşayırdım; xəyalımda onu oxşaya-oxşaya astaca adını çağırırdım. Öz səsimi eşitcək  dik atılır, silahın qundağını çiynimə sıxıb sağa-sola boylanırdım.

Daşaltıdakı yarıuçuq evin divarına qazılmış “Bakı. Yasamal. Sabir” cümləsi mənə atamı, — qəhrəman Sabir Dadaşovu, onun döyüş hekayələrini xatırlatdı. Yenə noyabr, yenə müharibə… iki gənc ayrı-ayrı illərdə, ayrı-ayrı məqsədlə, fəqət eyni yoldaca irəliləyir; üstəlik, onun da, mənim də bir oğlum var… yaxud vardı… Üstəlik, onun da, mənim də iyirmi doqquz yaşımız var… yaxud vardı.  Bir də, bu “yasamallı Sabir” “Qaraçuxurlu Sabir” də ola bilərdi…

Qorxduğum ölümün özü idi, yoxsa Rihabın, oğlumun, — bu vaxtacan içindən keçdiyim, toxunduğum hər şeyin, — olanın/ölənin o an məni tərk etməyi, məndən yoxalmağı, xatirələrsiz, tamamilə çılpaq qaranlığa gömülməyim?
Paaart! Güllə açılır… fırççç! — yıxılırsan… və məşum qaranlıq… Elə bu? Bəs sonra? Sonra… boz/bulanıq heç nə.

Hərdən topun lüləsini ata kimi, qarşı səngəri ana kimi təsəvvür edirdim: Bummmm! – atəş açılır! Budur, yeni insan doğulur: əlsiz, ayaqsız, başsız…

****

— Çinar birəm! Çinar bir! Qala, qəbul! Qala! Qala! Çinar bir, qəbul… — Tərk edilmiş evin kandarındaca atamın səsini eşitdim.

Su quyusunun yanındakı peyin təpəciyinin arxasına süründüm.

Başımı qaldırmaq istəyirdim ki, təkərləri mamır tökmüş “UAZ-469”un altından tanış gözlər parladı. Bardaçok idi.

****

— Necə yəni atamın səsini eşitdim? — başın xarab olub, nədi? — Mandarin diliminin liflərini arıtlaya-arıtlaya pıçıldadı… — Nə dedi, o biri tərəfdən nə xəbər?

— Mandarinini ye!

— Sən başın, nə deyir? Yoxsa səni aparmağa gəlib?

— …

— Zarafat eləyirəm, ə! kövrəlmə. Kişi buralarda şəhid olub, hə?

— Hə. — qəhərləndim.

Bəlkə də, o an qürurlanmışdım. İyirmi səkkiz ildən sonra atamın şəhid olduğu kənddə… Həqiqətlə xəyalın sərhədini pozmuşdum.

— Yuxusuzluqdandır, yəqin. Zarafatsız, yuxarı nə vaxt qalxırıq? — söhbəti dəyişmək üçün soruşdum.

—  Məndən olsa, elə indi gedərəm. Amma sənin başın üçün deyil. — Sırıqlısının boyunluğunu qaldırdı, — sən tövlənin damına çıx, aşağıdakı dərəni, yolu müşahidə elə, mən yuxarı çıxıram. Sultanovgil bizdən yüz-yüz əlli metr sağdadır. – Xaqan Sarıcanın üz cizgiləri birdəncə dəyişdi, qətiləşdi.

— Oldu! — Silahımı götürüb tövlədən çıxdım.

Şuşada — hündürdə işıqlar sayrışır, hardasa, uzaqdan yorğun it ulartısı eşidilirdi. Oğlumu  xatırlamaq, Daşaltıdakı yarıuçuq evin tövləsinin damından birbaşa qan/qadasız günlərə düşmək, Rihabın çiyinlərindən öpmək, onun ağ xəyalına bürünüb isinmək istədim, ancaq iyirmi səkkiz il əvvəldən gələn səs — atamın səsi məni ayıltdı:

— Çinar birəm, Çinar bir! Qala, qəbul… Vurulduq… Qala…

Çürümüş/kiflənmiş ot tayasının dibinə tullandım. Əyilə-əyilə, gizlənə-gizlənə səs gələnə — həyətin ətəyindəki fındıqlığa tərəf getdim.

— Çinar bir, Çinar bir! Qəbul… Vurulduq… Çinar  bir…

Canıma qərib istilik yayıldı. Əvvəlcə elə bildim, vurulmuşam. Yaşamın gerçəklərindən agah olan biri necə ki ağrısız-acısız ölüm arzulayır, ölümün, məsələn,  “yatıb durmamaq” variantını üstün tutur, yoldaşlarının ölümünü görən, saniyələr öncə yanındaca düşmən mövqeyinə dim-dik baxan başın kəllə sümüyündən pırtlamış beyninə şahid olan döyüşçü də qəfil ölməyi, şikəst qalmamağı arzulayır. Düşünməyə, fikirləşməyə, heç ağrımağa da macal tapmamış… Yaxşı bilir ki, ölüm – onu dərk edəndə, onu mənalandıranda dirilir… Yoxsa əlindən, ayağından olasan, ölü metal parçası sənin qarın boşluğunda, ürəyinin üstündə dirilə, çarəsizcə yalvarasan, möhtac olasan, ağlamaq isətəyəsən, ağlaya bilməyəsən, ümidin hər yerdən, hər kəsdən üzüləndə də üzünü Allaha tutub ölüm istəyəsən… Üstəlik, o vəziyyətdə ikən döyüş yoldaşlarının yanında urvatlı ölməyin dərdini düşəsən…

Fındıqlığı keçib qayalığın ətəyinə çıxdım.

— Çinar birəm! Çinar bir! Qəbul… Qala, qəbul… — səs daşların arasındakı köhnə ratsiyadan gəlirdi.

****

— Bir stəkan isti süd ola, bir nəfəsə içəsən! ­— Xaqan  Sarıca tövşüyə-tövşüyə içəri girdi.

Ratsiyanı gizlincə buşlatın cibinə saldım:

— Oğlum üçün darıxıram. Görəsən, onun dilindən bircə dəfə də olsa, “ata” sözünü eşitmək  qismət olacaq?

— Mən heç vaxt o sözü deməmişəm, bilirsən? Kaş mənim də atam olaydı, kaş mənim də atam sənin kimi olaydı. — Bardaçok alışqanı əlimdən alıb işığını söndürdü.

O gecə dəfələrlə — növbə çəkəndə də, tövlənin şirəli divarına söykənib intəhasız qaranlığa zillənəndə də, təhlükənin səssizliyini, qulaqbatırıcı uğultusunu dinləyəndə də əlimi cibimə saldım, ratsiyanın işləməyən düymələrini sağa-sola burdum, əlimlə atamın səsini, nəfəsini axtardım.

İyirmi səkkiz il əvvəl şəhid olmuş atamın səsi niyə hələ də ratsiya kanalında, hansısa tezlikdə qalsın, üstəlik, o səsi bircə mən eşidim? Bəlkə, bu, adi qarabasmadır? Yoxsa səslər itmir, hardasa, kainatın ənginliyində qalır? Batareykası olmayan, iyirmi səkkiz il qarın/yağışın altında, palçığın içində paslayan, tamamilə yararsız alətin içindəki sirr nədir?

****

— Vaxtdır! – Xaqan Sarıca təngnəfəs içəri girib dedi.

Gecənin ölü sevindirən çağı sarı/yapışqan torpaq zəfər müjdəçilərinin ayaqları altında fırçıldayırdı. Şuşada — hündürdə işıqlar sayrışır, hardasa, uzaqdan yorğun it ulartısı eşidilirdi. Mən hərdən əlimi buşlatın cibinə salır, ratsiyanın işləməyən düymələrini sağa-sola bururdum.

Daşaltı atəşə tutulanda biz artıq Şuşada — Cıdır düzündə idik.

“T-72” tankları, “BMP-2” döyüş maşınları dayanmadan qalaya atəş açır, şəhərin içində əlbəyaxa döyüş gedir, binadan binaya, balkondan balkona güllə yağırdı. Üçüncü həmləni də uğurla yenib şəhərin əsas girişinə tərəf irəliləməyə başladıq.

Gilizlər cingildəyir, qumbaralar gurlayır: kimsə yıxılıb ölür, kimsə ölüb yıxılırdı…

****

— Çinar bir, qəbul… Çinar bir, qəbul… — Nəhayət, atamın səsini növbəti gün, noyabrın səkkizi — Aşağı bazar tərəfdə — meydandan Cümə məscidinə uzanan yolun başında eşitdim.

— Qəbul. Qala eşidir! Qəbul! Eşidirsən, ata? Biz qələbə çaldıq! Şuşa işğaldan azad olundu! Qəbul! —Cümə məscidinin divarına söykəndim, qələbənin qüdsi həyəcanıyla ratsiyanı cibimdən çıxarıb qışqıra-qışqıra atama məruzə etdim.

Batareykası olmayan, iyirmi səkkiz il qarın/yağışın altında, palçığın içində paslayan, tamamilə yararsız alətin içindəki sirrdən, beləcə, agah oldum. Atamın Daşaltıda — yerin üstündə, göyün altında qalmış köməksiz, həyəcanlı səsini, nəfəsini Şuaşada qələbəylə müjdələyib özünə qaytardım.

Divarın dibinə sürüşdüm. Kaskanı, zirehli jileti çıxarıb dərindən nəfəs aldım.

…Yolun ortası ilə diyirlənən mandarin yanımdakı daşa dəyib dayandı. Qabığında qan izi vardı…

Xaqan Sarıca şəhid olmuşdu.

****

Beş aydan sonra, bir bahar ertəsi Rihab mandarin istədi.

Aşağı küçədən ucalan musiqi sədaları sərsəri küləyə qoşulub təzəcə oyanmış şəhərin küçələrindəki izdihamın hənirtisinə qarışırdı, eşidilməz olurdu. Uğultunun içindən qızların gülüşləri aydın eşidilirdi, cümə  məscidin minarəsindən şükür duaları yayılırdı. Bir də, sirli səsin çağırışı idimi, ürəyin səbirsizliyi idimi, intizarın tükənişi idimi, nə idisə, məni şəhərin yuxarı başından aşağı başına qovmuşdu. Elə bil dəniz ətəyini əlinə alıb qaçacaqdı.

Qağayılar dənizin üzündən öpürdü, dəniz də, deyərdin, qız uşağıdır, utanır, sinəsi qabarır…

…yenə Novruz bayramı olacaq, uşaqlar tonqal qalayacaq, yenə məhəllədəki tonqalın işığı bizim pəncərəmizə düşəcək.

Oğlumun adı Xaqan olacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!