Yarımçıq gecə (Hekayə) - Qardaşxan FƏRZİ

 

- Nə deyirsən, oğlum? Sabah Şahnaz xalayla yola düşürsən, ya yox? - deyə Nigar xanım sual dolu baxışlarını oğluna dikdi.

- Hələ qəti qərara gəlməmişəm. - Fateh əlindəki kitabı masanın üzərinə qoydu.

- Niyə? Nə tez unutdun hönkür-hönkür ağladığın anları. Üç dörd, bir üçlə universitetə daxil ola bilmədin, konkursa düşdün. Odur e, Musa kişinin oğlu, iki eşşəyin arpasını bölə bilmədiyi halda indi üçüncü kurs tələbəsidir. Adamın gərək adamı ola. Şahnaz xalanı bizə Allah yetirib. Qapıbir qonşusu həmin universitetdə müəllim işləyir. Bəlkə o, bir yol tapa.

- Yox ana, bu heç də sən düşündüyün kimi deyil. İlk növbədə ali məktəbə daxil olmaq üçün gərək gecə-gündüz kitablar əlindən düşməsin. Ən vacibi isə özünə inanıb məqsədindən dönməyəsən.

Nigar xanım bir an susub Fatehə baxdı, sonra istehzalı gülümsədi:

- Haqlısan, bala, özünə inam gözəl hissdir. Mən də alqışlayıram bu hissi. Amma...

- Nə amma? - Fatehin səbri az qala tükənəcəkdi.

Ana təmkinini pozmadan yarıciddi, yarı zarafatla dedi:

- Amması tez coşmağındadır, - dodaqları qaçdı. - Heç kim sənin iradənə əks getmir. Bəli, gecə-gündüz oxumaq, çalışmaq lazımdır. Bununla yanaşı arxan, dayağın da olmalıdır. Hər şeyi görə-görə gəlmişik, bala. Şahnaz xala müəllimlə görüşdükdən sonra görək, nə olur. Elə ki, Tanrının istəyi ilə "hə" cavabını aldıq, bizə qalır, - "Əl əli yuyar, əl də qayıdıb üzü yuyar", - deyiminə əməl etmək.

- ...

- Hələ kifayət qədər vaxtın var. Həm kombinatda işləyərsən, həm də imtahanlara hazırlaşarsan.

- Hə, anan doğru deyir də, oğlum, - deyə Şahnaz xanım söhbətə qoşularaq anaya haqq qazandırdı. - Səbəb Allahdandır. Müəllim bizim rayonun yeznəsidir. O həm də çox səmimi insan, sözübütövdür.

Araya dərin bir sükut çökdü. Heç kim danışmırdı. Elə Fateh də susmuşdu. Birdən: "böyüyün sözünə baxmayan böyürə-böyürə qalar", - atalar sözü yadına düşdü. Bədəni ürpəşdi.

Fateh kənddə boya-başa çatsa da, əsgərlikdən sonra, nədənsə kənd həyatı ona cansıxıcı görünürdü. Evdən bayıra çıxmırdı. Sinif yoldaşlarının çoxu ali və orta ixtisas məktəblərində təhsil alırdılar. O, isə...

Hərbi xidmətdə olarkən Fatehin əlinə əla bir imkan düşmüşdü. Ancaq inadkarlığından bu fürsəti əldən vermişdi. Hərbi mətbuatda maraqlı yazıları ilə müntəzəm çıxış edirdi. Hətta ali hərbi məktəbin jurnalistika fakültəsində təhsil almaq imkanı yaradılmışdı. Nədənsə, razılıq verməmişdi. Əldən verilmiş şansa görə burnunun ucu hələ də göynəyirdi. Farslar demişkən; çi fayda. Hər şey ona: "Daldan atılan daş topuğa dəyər", - kimi görünürdü...

- Hə, sabaha paltarlarını hazırlayımmı? - deyə Nərgiz xanım bir qədər acı, bir qədər də şirin düşüncələrdən Fatehi ayırdı.

Onun başqa yolu qalmamışdı. Kənddə münasib iş yeri də yox idi. Razılıq verdi:

- Siz deyən olsun, hazırla, - dedi.

Qəribə idi, bu razılığa anadan çox Şahnaz xanım sevinirdi. Sevincdən yanaqları lap qızıləhməd almasının rəngini almışdı. Əslində Şahnaz xanım Fatehin xalası deyildi. Oğlan ilk dəfə idi onu görürdü. Heç uzaq qohumluğu da çatmırdı. Rayonlarından altımış kilometr aralı ucqar dağ rayonundan idi. Daha doğrusu, anasının doğulub boya-başa çatdığı həmkəndlisi idi. Xanımın onlara gəlişi də təsadüfi deyildi, kəndin "İsti su pansionatı"nda on günlük müalicə alacaqdı. Dediyinə görə, son vaxtlar ayaqlarında ağrı tapılmışdı. Müalicənin bitməsinə hələ üç gün qalırdı. Sabah Bakıya qayıdacaqdı. Ərinə qulluq edən kiçik baldızının pilləkanlardan yıxılaraq sağ qolu sınmışdı.

Şahnaz xanım Keşlə tütün kombinatında laborant işləyirdi. İki ay öncə əlli beş yaşı tamam olmuşdu, yaşa görə pensiyaya çıxmışdı. Uşağı heç vaxt olmamışdı. Yaşına inanmaq olmurdu. Qırx yaş güclə vermək olardı. Çox gözəl idi. Dik duruşu, nazik dodaqları, saçlarının arasında görünən tək-tük gümüşü tellər onu daha da cazibədar göstərirdi. On doqquz yaşında tələbə ikən ərə verilmişdi. Gördüyü ilk gündən ərini sevməmişdi. Orta məktəbdə oxuyarkən Elçin adlı sinif yoldaşına söz vermişdi və o ümidlə də sevgilisini hərbi xidmətə yola salmışdı. Son dəfə görüşdükləri gecəni bir gün belə unuda bilmirdi. Görüş həyətlərindən çox da uzaq olmayan alma ağacının altında baş tutmuşdu. Həmin gecə aralarında elə anlar yaşanmışdı ki, hissləri onlara güc gəlmişdi. Nə yaxşı qızın atasının həyətdə eşidilən zəhmli səsi gecənin pik nöqtəsini yarımçıq qoymuşdu.

...Səhərin gözü təzə açılmışdı. Yaşıllıqlar diyarında gecələyən boz duman yavaş-yavaş məkanını tərk edirdi. Duman çəkildikcə dənizin üzərindən iki metr hündürlükdə görünən günəşin qızılı şəfəqləri yorulub əldən düşən ləpələri doğmaları kimi qucaqlayırdı. Ətraf işıqlı göründükcə Fatehin qəlbindəki şübhə toxumları da əriməyə başlayırdı.

Avtobusun yola düşməsinə yarım saat qalmış vağzala çatdılar. Şəhərin havası olduqca təmiz idi. Adamlar harasa tələsirdilər. Kassadan iki bilet alıb avtobusda yerlərini rahatladılar.

Şahnaz xanımın əhvalı əla durumda idi. Heç cür sevincini gizlədə bilmirdi. Yeri gəldi-gəlmədi, tez-tez üzü gülürdü. Təzə aldığı don bir qədər qısa görünsə də, ona olduqca yaraşırdı. Bir azdan avtobus yola düşdü. Avtobus şütüdükcə yolboyu səliqə ilə əkilmiş ağaclar da elə bil Bakıya can atırdılar. Fateh dünən aldığı "Azərbaycan" jurnalını təzəcə vərəqləməyə başlamışdı ki, Şahnaz xanım əl çantasını açdı. Nanəli konfetdən bir neçəsini ona uzadaraq:

- Buyur, Fateh, - dedi.

- Sağ olun, Şahnaz xala, - deyə Fateh konfetdən götürəndə əli xanımın ovcunda qaldı. Toxunuşdan bədəni gizildədi.

- İnciyərəm səndən, xala sözündən heç xoşum gəlmir, - Şahnaz xanımın qaşları qəribə tərzdə dartıldı.

Gözlənilməz olaydan Fateh özünü itirdi. Nə edəcəyini bilmirdi. Barmaqları donmuşdu. Jurnal ayaqlarının altına düşdü. Handan-hana əyilib jurnalı götürəndə Şahnaz xanımın ağappaq baldırları gözlərini qamaşdırdı. Bunu hiss edən xanım yavaşca yerində düzəldi. Sağ əlini qaldırıb çiyninə dağılmış ipək saçlarını geriyə atdı. Fateh istər-istəməz ona tərəf çevrildi. Şahnaz xanımın üzündəki təbəssüm oğlanın bütün gərginliyini bircə anda əridib yox etdi.

- Həyəcanın keçdimi? - pıçıldadı.

Onun pıçıltısı o qədər isti idi ki, hərarətini Fateh bədənində hiss etdi. Yalan danışa bilmədi. Titrək səslə:

- Hə, - dedi.

Şahnaz xanım gülümsədi. Nədənsə ani olaraq pəncərəyə tərəf çevrildi. Gözlərini sonu görünməyən uzaqlara dikdi. Sanki kimi isə bu sonsuzluqda arayıb axtarırdı. Tapsaydı... Yox, bu dəqiqələrdə Elçinlə birgə yarımçıq qalmış gecənin olayları gözləri önündən keçirdi. Ağlayırdı. Fateh dözmədi. Gözucu sərnişinlərə nəzər yetirdi. Çoxu şirin yuxuda idi. Sevindi. Qəflətən qolunu Şahnaz xanımın belinə dolayıb sinəsinə çəkdi. Yaxası açıq idi, yumru döşləri görünürdü. Göz yaşları sifətini islatmışdı. Fateh cib dəsmalını çıxarıb əvvəlcə xanımın sifətini quruladı, sonra isə yaxasını düymələdi.

Şahnaz xanım oğlanın bu hərəkətindən xoşhal oldu. Özünəməxsus tərzdə güldü, qızıl dişləri göründü. Soruşdu:

- Özünü necə hiss edirsən?

- Çox pis.

- Niyə?

- Səndən ötrü. Axı nə baş verir?

Şahnaz xanım dinmədi. Sifəti allanmışdı. Handan-hana:

- Əzizim, qorxuram, - dedi.

- Nədən?

- Birdən çaşıb sənə olan münasibətimi küçə qadını kimi düşünərsən.

- Bu nə düşüncədir? - Fateh başını buladı.

- Hər şey ola bilər. Ağır da olsa, həqiqəti deyəcəyəm. Səni görən anlardan, Allah bilir ki, nələr çəkirəm. Hamısı da Elçinə görədir. Üz cizgilərindən, boy-buxunundan, davranışdan elə bilirəm ki, onunla üz-üzə durmuşam.

Fateh səbirsizlik edib tez soruşdu:

- Axı kimdir o Elçin?

Şahnaz xanım dərindən ah çəkdi, gözləri doldu:

- Sevdiyim, könül verdiyim oğlan, - dedi. - İlk məhəbbətim və son məhəbbətim. Nə yaxşı ki, bir neçə gündür onun ətrini səndən alıram.

- Bəs günahkar kimdir? Sən, yoxsa o?

- Nə o, nə mən. Yalnız atam. Söz vermişdik bir-birimizə. Atam hər şeyin üstündən xətt çəkdi. Elə xətt ki...

Şahnaz xanım sözünün ardını deyə bilmədi. Udqunmaq istədi, bacarmadı. Sanki qubar ac qurd kimi boğazından yapışmışdı.

- Özünü ələ al, ürəyini boşalt, - deyə Fateh xanımı sakitləşdirməyə çalışdı. Handan-hana xanım islanmış yanaqlarını əlinin arxasıyla sildi. Sözünə davam etdi:

- Hə, atam zorla məni qohumu olan bir oğlana ərə verdi. Elçin isə uzaq Almaniyada əsgərlik edirdi. Ərə getdiyimi bilib göz yaşları içində sonuncu məktubunu yazdı. Və bir də Vətənə qayıtmadı, alman qızıyla ailə qurdu. Toydan sonra göz yaşlarım qurumadı. Bir neçə dəfə özümə qəsd etməyə cəhd etdim, alınmadı. Ölə bilmədim. Bütün bunlara dözən ərim məni boşamadı. Özü isə bir il öncə ağır insult keçirdi. Yataq xəstəsidir. Dili tutulub, yerindən tərpənə bilmir.

Fatehin birdən-birə əhvalı pisləşdi. Nəbzini tutdu, ürək döyüntüləri artmışdı. Şahnaz xanım narahat halda:

- Nə oldu sənə, rəngin niyə dəyişildi? - soruşdu.

- Keçib getdi. Hər şey yaxşıdır.

- Çox şükür.

Araya bir neçə dəqiqəlik ağır sükut çökdü. Nəhayət, Şahnaz xanım dözmədi. Sükutu yavaşca pozdu.

- Əzizim, bu gecənin gəlişini elə səbrsizliklə gözləyirəm ki...

- Nəyə görə, nə olub? - Fateh təəccüblə soruşdu.

- Çox həvəsliyəm. Ona görə ki, Elçinlə yarımçıq qalmış gecəni elə bu gecə səninlə tamamlayım.

- Elə... - Fateh sözünün ardını gətirmədi.

... Avtobus vağzala yorğun adamlar kimi daxil oldu. Şahnaz xanımla Fateh tələsik avtobusdan düşüb "Taksi"yə oturdular.

Onları açıq mavi rəngli həyət darvazasının qarşısında qolu sarıqlı on yeddi, on səkkiz yaşlı bir qız uşağı qarşıladı. Qız Şahnaz xanımın kiçik baldızı idi. Şahnaz xanım soyuq tərzdə ərini soruşdu:

- Mərdan necədir?

- Heç bir irəliləyiş yoxdur, - deyə qız bikef cavab verdi.

Onlar ilkin olaraq Mərdan kişinin yataq otağına keçdilər. Fateh salam verib xəstənin sol böyründə olan stulda oturdu. Kişi dinmədi, ağzı söz tutmurdu. İlk dəfə gördüyü üçün nəzərlərini Fatehdən çəkmirdi. Bu dəqiqələrdə sifətində qəribə cizgilər yaranmışdı. Elə cizgilər ki, adamı silkələdikcə vahiməyə salırdı. Deyəsən, oğlanın gəlişinə acığı tutmuşdu. Sanki hər şeyi duymuşdu. Bu an Şahnaz xanım mətbəxdən qonağı səslədi:

- Yorğunsan, keç mətbəxə, çay süzmüşəm.

Fateh ağır-ağır ayağa durdu. Mərdan kişi də qalxmaq istədi, bacarmadı. Yerindəcə quruyub qalmışdı. Son məqamda Fateh gözlərini kişinin çuxura düşmüş gözlərinin lap dərinliyinə dikdi. Diksindi. Özünə qəzəb və nifrətdən başqa heç nə görmədi. Kişi ağlayırdı. İki damla yaş kirpiklərindən asıla qalmışdı. Fateh qəlbinin ağrısına dözmədi, tələsik mətbəxə keçdi. Boğazı qurumuşdu. Elə bil ürəyi yerindən qopmuşdu, boynundan soyuq tər axırdı. Çaydan bircə qurtum içdi.

- Keç hamama, mən də yemək hazırlayıram, - Şahnaz xanımın səsi oğlanı diksindirdi.

- Binəqədidə əsgər yoldaşımla görüşüb bir-iki saata qayıdacağam.

- Qaçhaqaç deyil ki, sabah gedərsən.

- Yox, söz vermişəm. Bu gün mütləq görüşməliyik.

- Onda tez qayıt, lap tez, - deyə Şahnaz xanım qapıya tərəf boylandı və Fatehin düz dodaqlarından öpdü.

- Qayıdacağam, mütləq qayıdacağam, - oğlan yeyin addımlarla qapıdan çıxdı.

Günəş batmaq üzrə idi. Xəfif külək əsirdi. Şəhərin ürəksıxıcı bürküsü yavaş-yavaş çəkilirdi. Fateh tələsik qol saatına baxdı. Rayona yola düşən avtobusun sonuncu reysinə bir saat qalmışdı...

 

Lənkəran

Aprel 2026-cı il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!