Papağımı qənşərimə qoyub, ha oturub fikirləşsəm də, ədəbiyyata sevgimin nə vaxtdan başladığını xatırlaya bilmirəm. Düzdür, bu mənim üçün o qədər də vacib deyil, amma bilməyimin elə bir ziyanı olmazdı. Bu sahəyə marağımın necə və nə vaxt yarandığının tarixini bilməsəm də, yalnız onu bilirəm ki, bir də gözümü açanda özümü ədəbiyyat dünyasının düz ortasında gördüm. Elə o vaxtdan da kitablarla yaxından dostluq edirəm. Duyğulu vaxtlarımda, ilham pərisi qonağım olanda şeir yazıram, hekayə düzüb-qoşuram, povestdən, romandan qaralayıram. Yəni heç vaxt bekar dayanmıram. Buna görə bəziləri mənə lağ ilə "professor" deyirlər. Mən də bu deyilənlərə o qədər də əhəmiyyət vermirəm.
Ədəbiyyata marağımın nə vaxtdan oyandığını bilməməyimi qoyuram bir tərəfə. İş ondadır ki, ilk oxuduğum bədii əsərin adını xatırlamaqda da çətinlik çəkirəm. İllərcə əvvəl ilk dəfə qarşıma qoyub mütaliə etdiyim kitabdakı hadisələr yadımda qalsa da, onun nə müəllifinin, nə də əsərin adını yadıma sala bilirəm. Amma bunu özümə dərd edib, o qədər də məyus olmuram. Əsas odur ki, kitablar əlimdən, sözlər dilimdən və qələmimdən düşmür.
Kəndimizdə çox da böyük olmayan kitabxanadakı kitabların, demək olar ki, hamısını oxumuşdum. İntizar içində yeni kitabların nə vaxt gətiriləcəyini gözləyirdim. Bəzən isə hərdən özümə sual verirdim ki, axı bu kitabları niyə oxuyuram? Məni onların yanına çəkib aparan hansı qüvvədir, hansı hissdir? Niyə başqa uşaqlara qoşulub bağ-bağatda oynamağa getmirəm? Bir şey yaxşıydı ki, hərdən beynimin qapısını asta-asta döyən bu suallar mütaliəyə olan sevgimi azaltmırdı. İşlərim nə qədər başımdan aşsa da, kitablardan uzaq düşmürdüm.
Düzdür, kənddəki işlərin asanı yox idi, hamısı çətiniydi. Bəlkə də, ən çətin işlərdən biri nobata getmək idi. Çətin də olsa, asan da olsa, bu işi mütləq görməliydik. Kim nobata getmirdisə camaat həmin adamın üzünə dirənib, mal-heyvanını kəndin sürüsünün içindən ayırıb çıxarırdı. Mənim üçün mal nobatına getmək qoyun nobatından çətin idi. Çünki mal nobatında kitab oxumaq çətin məsələydi. Qoyun nobatında isə mümkün idi. Buna görə də həmin gün yaxınlaşanda bilirdim ki, səhərdən axşamacan kitabdan ayrılmayacam. Demək olar ki, hər qoyun nobatında bir romanın arxasını yerə vururdum. Sürünü də həmişə kənddən iyirmi-otuz kilometr aralıda olan Gəyən düzünə aparırdım. Bəzən o qədər uzağa aparırdım ki, qoyun-quzunu qaranlıq düşənə yaxın kəndə güclə gətirib çıxarırdım.
Nobata gedəndə sürünü ucu-bucağı görsənməyən geniş dərələrə ötürər, özümsə hündür bir yerdə oturub ətrafa göz qoyur, arın-arxayın kitab oxuyurdum. Qoyun-quzular məndən çox uzaqlaşanda isə bir neçə dəfə dalbadal ucadan fit verirdim. Fit səsini eşidən kimi sürü üzünü oturduğum dərəyə tərəf çevirib otlayırdı. Otlaya-otlaya gəlib yaxınlığıma çatanda yenə də fitləyib sürünü geri qaytarırdım. Beləcə, yavaş-yavaş vaxt keçir, gün axşam olurdu. Mən də səhər ertədən oxumağa başladığım kitabı günün sonuna qədər oxuyub bitirirdim.
Bir gün yenə də qoyun nobatına getmişdim. Ətrafda baş verənlərə məhəl qoymayan təbiət öz işində idi. Geniş dərələrin üstünə yayılmış sakitlik öz atını yorulmaq bilmədən, ürəyi istədiyi kimi sağa-sola çapırdı. Ətrafa çökmüş dərin sükutu yalnız quşların könül oxşayan nəğməsi pozurdu. Onların cəh-cəhi, civildəşə-civildəşə səmanın sonsuz boşluğunda qanad çalıb süzməsi adamı yaşamağa ruhlandırır, həyat eşqini artırırdı. Oxuyanlar yaxşı bilirlər ki, sakitlik mütaliənin anasıdır. Təbiətin qoynunda, çölün sakitliyində oxuduğum əsərlər su quru torpağa hopan kimi, cümlə-cümlə, söz-söz yaddaşıma köçüb burada özünə həmişəlik yer edirdi.
Həmişəki kimi çantama yeməklə bərabər kitab da qoymuşdum. Budəfəki kitab adını unutduğum xarici ölkə yazıçılarından birinin əsəri idi. Məndən qabağa düşüb oxuyanlar tərifləyib deyirdilər ki, çox maraqlı romandır. Eşitdiyim təriflər məni kitabı daha da həvəslə oxumağa ruhlandırırdı. Oxuduqca da görürdüm ki, doğrudan da, roman deyilən dəyərli sözlərə layiqdir.
Müəllif romanını başqa yazıçılardan fərqli bir üslubda yazmışdı. Kim bilir, bəlkə də, bu əsəri ilə dünya ədəbiyyatına yenilik gətirmişdi?! Dili sadə və anlaşıqlı olduğu üçün rahat oxunurdu. Əsərdəki hadisələr şəhərdən uzaqda yerləşən bir qəsəbədə baş verir. Romanın qəhrəmanı Osip adlı gənci törətmədiyi cinayətə görə şərləyib həbsxanaya salmaq istəyirlər. Halbuki cinayət baş verən gün o heç qəsəbədə olmayıbmış. Əsərinin əvvəlində Osipi oxucuları ilə yaxından tanış edən müəllif onun pak, vicdanlı bir gənc olduğunu göstərir. Ali təhsilini yenicə başa vuran bu gənc qəsəbədəki müəssisədə mühəndis işləyir. Bacarığı və işgüzarlığı ilə başqalarından seçilir. Özündən kiçiklərə yol göstərir, böyüklərin hörmətini saxlayır, verilən ağıllı məsləhətlərə qulaq asır. Varlı olmasa da, imkanı çatan qədər kasıb-kusuba əl tutur. Xeyirxahlığı ilə bütün qəsəbədə hörmət qazanır.
Osip gözəlliyi ilə meydan oxuyan İntima adlı qızı sevir. Qızın da ondan xoşu gəlir. İstəkləri qarşılıqlı olduğuna görə sevgililər evlənməyi qərara alırlar, böyük sevinc içində toya hazırlaşırlar.
Yer üzünün hər tərəfində olduğu kimi, Osipin yaşadığı qəsəbə də mərdimazarlardan xali deyildi. Xeyli imkanlı və bir az da qoluzorlu Martin adlı oğlan da İntimaya aşiq olmuşdu. Ürəyini açıb sevgisini dilə gətirəndə qız artıq istəklisinin olduğunu deyir. Aldığı rədd cavabından qanı qaralan Martin qızı Osipin də sevdiyini öyrənir. Onu da öyrənir ki, İntimanın da fikri yaxın günlərdə ona həyat yoldaşı olmaqdır. Bu işə əngəl törətmək üçün Martin bir gün axşam dostları ilə Osipin qarşısını kəsib o ki var onu döyür. Döydükcə də tələb edir ki, İntimadan uzaq gəzsin. Sevgisinə sadiq qalan Osip döyülməsinə baxmayaraq, fikrindən dönməyərək, cəsarətlə qızı sevdiyini və sevəcəyini deyir.
Martin dostları ilə bir neçə dəfə yenə onu döyüb qorxutsa da, məqsədinə çata bilmir. Osip bu hədələrdən qorxub geriyə addım atmır. Bundan qəzəblənən Martin Osipi İntimadan uzaqlaşdırmaq üçün ona tələ qurur. Dostları ilə Arkin adlı qəsəbə sakinini öldürüb cinayəti Osipin üstünə yıxmağa çalışır. Xoşbəxtlikdən o, həmin gün qəsəbədə olmur. İşlədiyi müəssisənin rəhbərliyi bacarıqlı mühəndis kimi onu yeni avadanlıq gətirmək üçün şəhərə göndərmişdi. Cinayəti törədən Martin isə bu işdən xəbərsiz olur. Buna baxmayaraq, o, xeyli pul verib yalançı şahidlər tutaraq cinayəti Osipin üstünə yıxmağa çalışır. Yalançı şahidlərə inanan təhqiqatçılar da özlərini əziyyətə salıb dərin araşdırma aparmadan Arkinin ölümündə şübhəli şəxs kimi Osipi həbs edirlər. Martin təhqiqatçılarla dil tapıb, onları pulla ələ almağı bacarır. Dəfələrlə dindirsələr də, Osip həmin gün qəsəbədə olmadığını, yeni avadanlıq gətirmək üçün şəhərə ezam edildiyini deyir. Həqiqəti söyləməsinə baxmayaraq, ona inanmırlar. Çünki şahidlər üzünə durub Arkini onun öldürdüyünü deyirlər. Təhqiqatçılar Osipin iş yerindən aldıqları sənədləri məqsədli şəkildə cinayət işinə tikmirlər. Martinin pulu təhqiqatçılar kimi, Osipin vəkilinin də gözünü bağlayır. Buna görə də məhkəmədə qətiyyətsizlik göstərir, onu yetərincə müdafiə etmir, bəzi zəruri faktların üstündən susqunluqla keçərək göz yumur. Növbəti məhkəmə prosesində günahsız günahkara ağır cəza kəsilməsi gözlənilir. Addım-addım məqsədinə yaxınlaşan Martin sevinir, üzü gülür. Günahı olmadan günahkar kimi mühakimə edilməsi Osipə dözülməz əzab verir. O, yaxşı bilir ki, gözlənilmədən düşdüyü bu quyunu ona İntimanı sevdiyinə görə Martin qazıb.
Sevgilisi İntima da bilir ki, təmiz vicdanlı Osip cinayətkar deyil. Düzdür, öldürülən Arkinin bir neçə ay əvvəl Osipin atası Krinqlə yüngülvari davası düşmüşdü. Lakin həmin davada belə, sevgilisi atasından çox Arkini müdafiə etmişdi. Martindən xeyli pul alan təhqiqatçılar Osipin bu qətli qisas məqsədilə törətdiyini əsas götürürlər. İntima məhkəmənin gedişindən hiss edir ki, proses bu axarla davam etsə, hakim onun gələcək həyat yoldaşına on-on beş il iş kəsəcək. Toyları pozulacaq, ailə münasibətləri baş tutmayacaq. Sevgilisinə kömək etmək üçün qız vaxt itirmədən onun müdafiəsinə qalxır. Görüşəndə ona vəkilindən imtina etməyi tapşıraraq deyir ki, Prisa adlı bacarıqlı vəkil rəfiqəsi var. Sabah şəhərə gedib, onunla görüşüb xahiş edəcək ki, Osipin vəkili olsun.
Romanın bu yerinə çatanda gördüm ki, qonşu kəndin sürüsünü otaran kimdirsə, yanıma gəlir. Buna görə də vərəqi oxuduğum yerdən qatlayıb, kitabı bağladım. Hadisələrin belə dramatik bir yerində romanı yarımçıq saxlamalı oldum. Yaxınlaşanda onu tanıdım - məndən bir sinif aşağıda oxuyan Mərdan idi. Əl verib mehribancasına görüşdük, bir-birimizdən hal-əhval tutduq. Çörəyimizi də söhbət edə-edə bir yerdə yedik. Mərdanla danışsam da, fikrim romandakı hadisələrin yanında qalmışdı. Düşünürdüm ki, görəsən, Osipi həbs etdilərmi, yoxsa sevgilisinin vəkil rəfiqəsi onu barmaqlıqlar arxasına düşməkdən qurtarmağı bacardı? Mənim nə düşündüklərimdən xəbərsiz olan Mərdan isə hey danışıb söhbəti acı bağırsaq kimi uzadırdı.
Çörək yeyəndən sonra sağollaşıb ayrıldıq. Sürünün üzünü kəndə tərəf döndərdim. Çünki gün yavaş-yavaş günortadan keçirdi. Mərdan gedən kimi rahat bir yerdə oturub romanın ardını oxudum. Oxuduqca öyrəndim ki, şəhərə gedən İntima ertəsi gün qəsəbəyə vəkil rəfiqəsi Prisa ilə qayıdır. Qadın vaxt itirmədən günahsız gəncin müdafiəsinə qalxır. Onun ciddi səylərindən sonra məhkəmədə gedən proseslər yavaş-yavaş günahsız günahkarın xeyrinə dəyişilir. Vəkil bu vaxta qədər məhkəmədən gizlədilən, həmin gün Osipin qəsəbədə olmadığını təsdiq edən sənədləri də təhqiqatçılardan tələb edib üzə çıxarır. Beləcə, düyün salınmış işlərin üstünə həqiqət işığı düşür, onun bu qətldə əli olmadığı təsdiqlənir. İnadından əl çəkməyən Martin günahsız günahkarın təzə vəkilini də pulla ələ almağa cəhd göstərir. Buna nail olmadığını görəndə isə onu aradan götürməyə çalışır. Amma cəhdləri uğursuzluğa düçar olur, məqsədinə çata bilmir. Gərgin araşdırmalardan sonra vəkil həm Osipin günahsız olduğunu, həm də bu qətli Martinin və dostlarının törətdiyini sübuta yetirir. Bundan sonra günahsız günahkar zindana düşmək təhlükəsindən qurtulur. Martin Osipə qazdığı quyuya özü düşür. Gec də olsa, ədalət qalib gəlir. Osip sevgilisinə qovuşub xoşbəxt ömür sürür. Romanın müsbət notlarla bitməsi məni xeyli sevindirdi. Deməli, əbəs yerə deməyiblər ki, haqq nazilər, amma üzülməz. Əsərdə cərəyan edən hadisələr bir daha bunu təsdiq etdi.
Qaranlıq düşməyə az qalmış sürünü kəndə gətirib çıxardım. Gün ərzində dərə-təpələri xeyli gəzib-dolaşdığıma görə yorulub əldən düşmüşdüm. Dil-dodağım susuzluqdan qurumuşdu. Üst-başım toz-torpaq içindəydi. Həyətimizə girən kimi heç əynimi dəyişməmiş anamdan xahiş etdim ki, bir stəkan çay versin. Anam çay süzdüyü stəkanı tələsik qabağıma qoydu. Çayı nəlbəkiyə tökdüm ki, tez soyusun. Elə bu vaxt bağ qonşumuz Zərifə xala iti addımlarla həyətimizə girdi. Qadın çox əsəbi görsənirdi, qaş-qabağından zəhrimar yağırdı. Arvad yanıma çatan kimi salamsız-kəlamsız gül ağzını açıb mənə dünyanın ən pis qarğışlarını tökməyə başladı:
- Görüm sənin qolların qırılsın, ayaqların sınsın, gözlərin çıxsın. Niyə evimizdən pullarımızı, qızıllarımızı oğurlamısan? Tez ol, onların hamısını qaytar! Yoxsa səni polisə verəcəm, tutub bassınlar qoduqluğa!
Dedim ki, ay Zərifə xala, sən nə danışırsan, nə oğurluq, nə qızıl, nə pul? Bu gün nobatdaydım, kəndin qoyun sürüsünü otarırdım. Səhər tezdən evdən çıxanam, gəlişim də indidi. Heç bir stəkan çay da içməmişəm. Dərələrdə qoyun otara-otara sizin evinizdən necə oğurluq edə bilərdim?
Səsə anam da, atam da çölə çıxdılar. Bağ qonşumuzun qapımıza nə üçün hücum çəkdiyini öyrənəndə anam dedi ki, ay Zərifə, uşaq bu gün nobatda olub. Anası ölmüş bax, elə indicə gəlib. Axı o sizin evdən necə oğurluq edə bilər? Bağ qonşumuz fikrindən dönməyərək dedi ki, uşaq bu günü özü qəsdən seçib. Belə edib ki, oğurluğa görə ondan şübhələnməsinlər. Sən deməklə deyil ha, bu gün oğlunu həyətimizdə görənlər olub.
Biz çox dedik, Zərifə xala az eşitdi. Qapımızdan çıxanda da qışqırıb qarğış tökə-tökə mənə xəbərdarlıq etdi ki, əgər sabah tezdənəcən qızıllarımızı, pullarımızı qaytarmasan, səni hökumətə verəcəm.
Durduğun yerdə işə düşmək budur də. Ertəsi gün axşama yaxın qapımızı polislər döydü. Deməli, Zərifə xala dediyini eləmişdi. Evlərində olan oğurluqdan məndən şübhələnərək polisə ərizə yazmışdı. Atam evdə yox idi. Anam polisləri həyətimizdə görəndə bir az qorxdu. Ona ürək-dirək verib dedim ki, narahat olmasın: "Özün də bilirsən ki, mən oğurluq etməmişəm, nobatda olmuşam". Polislərə hər şeyi yerli-yataqlı danışdım. Dedim ki, oğurluq olan gün kənddən otuz kilometr uzaqda - Gəyən düzündə qoyun otarmışam. Sözlərimə sonacan qulaq assalar da, dedilər ki, bizimlə rayon mərkəzinə, şöbəyə getməlisən. Orada hər şeyi ətraflı danışıb aydınlaşdırarıq. Polislər məni aparanda anam hönkürüb ağladı...
Evdə danışdıqlarımı şöbədə də təkrar etdim. Dediklərimə inanmayıb məni qaranlıq kameraya saldılar. Qaranlıq otaqda tək qalanda dünən oxuduğum romanı - günahsızcasına həbsxanaya salınan Osipi xatırladım. Qəribə idi, indi mən özüm də onun kimi günahsız günahkara çevrilmişdim. Osip kimi məni də şərləyib törətmədiyim cinayətə görə həbs etmək istəyirdilər. Aman Allah, günahsız günahkar olmaq nə dözülməz imiş?! Bəzi adamlar kitablarda yazılan hadisələrə o qədər də inanmırlar. Deməli, inanmaq lazımıymış. Budur, dünən romanda oxuduğum hadisələr bu gün gözlənilmədən öz başıma gəlmişdi. Əgər belədirsə, bədii əsərlərdə yazılanlara niyə inanmayasan ki?! Axı bu əsərləri yazanlar da mövzuların toxumlarını yaşadığımız acılı-şirinli həyatdan götürürlər. Osipin həbsxanada nələr çəkdiyini polis şöbəsindəki kamerada oturanda daha yaxşı hiss elədim.
Səhər tezdən atam yanıma gəlmişdi. Həbs olunduğumu görəndə qəhərləndi, gözləri doldu. Atama təskinlik verərək dedim ki, narahat olmasın, etmədiyim oğurluq üstündə məni həbsxanaya salmazlar: "Çox keçməz ki, haqq yerini tapar, qaranlıqlar aydınlaşar. Bu aydınlıqda da kimin oğru, kiminsə doğru olduğunu hamı görər".
Ertəsi gün yenə də polislər məni sorğu-suala tutdular. Yenə də baş verənləri olduğu kimi, yerli-yataqlı danışdım. İkinci gün də kamerada qalası oldum. Durduğum yerdə əməlli-başlı işə düşmüşdüm. Heç bir günahım olmadan məni oğurluqda ittiham edirdilər.
Növbəti gün məni dindirəndə polislərdən öyrəndim ki, Zərifə xalagildə oğurluq günorta saatlarında olub. Deməli, mən Mərdanla Gəyən düzündə oturub çörək yeyə-yeyə söhbət edəndə onların evlərinə oğru girib. Bunu müstəntiqə danışanda dedi ki, əgər söylədiklərini təsdiq edə bilsən, səni buraxarıq, çıxıb gedərsən evinizə. Bu sözlərdən bir az ürəklənib dedim ki, izahatımda söylədiklərimin həqiqət olduğunu yalnız qonşu kəndin sakini Mərdan təsdiq edə bilər. O, qonşu kəndin sürüsünü otarırdı. Həmin gün biz onunla bir-birimizlə görüşmüş, oturub bir yerdə çörək də yemişdik. Bu sözləri deyəndən sonra polislər məni kameraya salıb Mərdandan izahat almaq üçün onların kəndinə getdilər.
Kamerada oturub ürəyimi didib-parçalayan fikirlərlə baş-başa qalmışdım. Heç bilmirdim ki, bu işin axırı necə olacaq. Hərdən qorxurdum ki, romanda olduğu kimi, yalançı şahidlər tapıb üzümə durdurarlar, Zərifə xalagildəki oğurluğu mənim boynuma qoyarlar. Ondan sonra gəl ölünü qoy, dirini ağla. Bu dəqiqələrdə mənə Osipi həbsdən xilas edən Prisa kimi vicdanlı bir vəkil lazım idi.
Günortadan sonra yenə də məni polislərin otağına apardılar. Mərdanı da burada görəndə xeyli ürəkləndim. Ümid etdim ki, dostum, həqiqətən, mənim oğuluq baş verən gün onunla Gəyən düzündə bir yerdə olduğumu təsdiq edəcək. Başımla Mərdana salam verəndən sonra işimi araşdıran polislə üzbəüz oturdum. Çox həyəcanlı idim. Qorxurdum ki, birdən Mərdan olanları deməz. Bu fikirlərlə başımı yorduğum vaxt polis nəzərlərini masasının üstündəki vərəqlərdən çəkib mənə dedi:
- Cavan oğlan, sən azadsan. Düz deyirmişsən, sən, həqiqətən, oğurluq baş verən gün Gəyən düzündə nobatda olmusan. Mərdan izahatda yazdıqlarının hamısını təsdiq etdi. Bağışla ki, günahın olmadan səni iki gün qaranlıq kamerada saxladıq.
Eşitdiklərimdən çox sevindim. Deməli, haqq-ədalət qələbə çalmışdı. İş belə də bitməli idi. Axı mən bu cür çirkin əməllərdən uzaq adamam. Oxuduğum romanın qəhrəmanı Osip kimi saf bir insanam. Axır ki, qalib gələn haqq-ədalət məni günahsız günahkarlıqdan xilas etdi.
Polis şöbəsindən Mərdanla bir yerdə çıxdıq. Sevincdən uçmağa qanadım yox idi. Doğmalarım geri döndüyümü görəndə sevindilər.
Xeyli müddətdən sonra Zərifə xalagilin evlərindən oğurluq edəni tapdılar. Məlum oldu ki, oğurluğu qonşumuzun öz oğlu Oktay edibmiş. Artıq onu qandallayıb polis şöbəsinə aparmışdılar. Mənə şər atıb, sonra da qapımıza üzrxahlığa gəlmədiyinə görə Zərifə xaladan incidim. Yaxşı ki, bu inciklik yavaş-yavaş ürəyimdən silinib getdi. Özü də bilmədən oğlunu həbs etdirdiyinə görə yazıq arvad başını itirmiş, kənddə biabır olmuşdu.
Kiçik yaşlarımdan başladığım mütaliədən indi də uzaq düşməmişəm. Yenə də kitabların arasındayam, onlarla nəfəs-nəfəsəyəm. Ədəbiyyatla qol-boyun olub, dostluğumuza, yoldaşlığımıza davam edirik. Yolumuzdan, yolçuluğumuzdan, bir gün də olsun, qalmırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
