Çox idilər. Onlarla, yüzlərlə pərvanə birdən qanad açıb uçuşmağa başladı.
Dünyanın işıqları onları heyran etdi. İşıq göydəki böyük nur topası günəşdən gəlirdi. İsti işıq şüaları suların üstünə düşüb bərq vururdu, pərvanələrin gözünü qamaşdırırdı.
Dünyanın rəngləri onları heyran etdi. Otlar, çiçəklər, ağaclar hərəsi bir rəngə çalırdı, işıq şüaları altında bərq vuran sular meh təmasıyla xəfif dalğalananda rəngdən-rəngə düşürdü. Ətraf yeddi rəngin min bir çalarında pərvanələrə gülümsəyirdi.
Dünyanın qoxuları onları heyran etdi. Hər otun, hər çiçəyin, hər ağacın, hətta suların da özünəməxsus qoxusu vardı. Az qalırdı bu qoxular pərvanələri bihuş etsin.
Dünyanın səsləri onları heyran etdi. Quşların cikkiltisi, bitkilərin xışıltısı, suların şappıltısı, hərdən dəcəllik edib bir anlıq güclənən və tez də sakitləşib həlim-həlim əsməyə davam edən mehin uğultusu onların ruhunu oxşayırdı.
Bir cüt pərvanə dəstədən ayrılıb işığa, rənglərə, qoxulara tərəf uçdu. Qanadlarını günə verdilər, çiçəklərin içinə girib gül tozuna bulaşdılar, rəngdən-rəngə, qoxudan-qoxuya tələsdilər.
Nur topası günəş yavaş-yavaş göy üzündən enməyə, o endikcə hava soyumağa, rənglər tutqunlaşmağa, qoxular uzaqlaşmağa, sular donuqlaşmağa, səslər öləziməyə başladı.
Hava qaralanda pərvanələr qorxdular. Dünyaya bu gün gəlmişdi bu balaca pərvanələr, hələ dünyanı tanımırdılar. Bilmirdilər gündüzün yerini gecə tutur və gecənin də öz işığı, öz rəngləri, öz qoxuları, öz səsləri var.
Qaranlıq qatılaşanda pərvanələrin canını alan üşütmə çoxaldı. Soyuqdan titrəməyə başladılar. Bilmədilər nə etsinlər, necə qızınsınlar.
Sonra bədirlənmiş ay doğdu, qəlbilənib göy üzündə gülümsəməyə başladı. Pərvanələr gördülər ki, göy üzünə başqa bir nur topası çıxdı, amma bu, baxanda gözlərini qamaşdırmırdı, onlara mehribanlıqla gülümsəyib əl yellədirdi.
Ayın mehribanlığı pərvanələrin ürəyini isitdi, "ora uçaq", dedilər, "onun yanına gedək", dedilər.
Bir cüt pərvanə aya tərəf uçmağa başladı. Uçduqca bədənləri qızışır, daha da həvəslə uçurdular. Onlar işığa uçurdular.
Xeyli uçdular, amma ay hələ də uzaqda idi. Ay çox uzaqda idi. O qədər uzaqda idi ki, elə bil pərvanələr heç yerlərindən tərpənməmişdilər, aya tərəf bir qanad da çalmamışdılar.
Bəs bayaqdan uçduqları məsafə necə oldu? Bəlkə, qaranlıqda azıb yoldan çıxmışdılar, dövrə vurub başladıqları yerə qayıtmışdılar?! Yox, ola bilməz, axı ay onlara bələdçilik edirdi. Ay imkan verməzdi onlar yoldan çıxa.
Nəsə, yaman müəmmalı idi bu. Bu müəmmanı öyrənməyin bir yolu vardı - aya çatmaq. Yenə uçdular.
Uça-uça meşəyə gəlib çıxdılar. Uçduqca gah hündür ağacların zirvəsinə qalxır, gah bir az enib budaqların arasına girirdilər. Meşə qaramat idi, nəm idi, nəmişlik qanadlarına hopub sürətlərini azaldırdı. Meşənin səsləri vahiməli idi.
Pərvanələr uçduqca uçur, ay uzaqda qalmağa davam edirdi. Dan sökülənə qədər uçdular. Necə oldusa, ayı nəzərdən qaçırtdılar, bir də gördülər ay yoxa çıxdı, yerini bulanıq-bozumtul işıq aldı. Getdikcə işığın rəngi dəyişdi, bozluq ağardı, çəhrayılaşdı, narıncılaşdı, üfüqdə günəş görünməyə başladı. Günəş qalxıb göy üzündə yerini aldı, dünyanı həqiqi rənglərinə - yeddi rəngin min bir çalarına boyadı.
Pərvanələr meşədə dolaşmağa başladılar. Aşağıdan zirvəsi, zirvəsindən dibi görünməyən hündür ağacların arasıyla uçdular, yorulanda ağacların mamırlı gövdələrinə qonub dinclərini aldılar. Meşədə çoxlu heyvanlar, həşəratlar, quşlar vardı. Amma pərvanələr onlara yaxınlaşmağa qorxur, aralı uçmağa çalışırdılar.
Uça-uça gəlib bir talaya çıxdılar. Bu talada yabanı güllər açılmışdı, rəngbərəng güllər onlara gülümsəyib mehribanlıq göstərirdi.
Güllərin üstündə uçuşanda çəyirtkə ilə tanış oldular. Əslində, onlar çəyirtkə ilə yox, çəyirtkə onlarla tanış oldu. Pərvanələr güllərin üstündə uçuşanda bir də gördülər iri bir həşərat yerdən sıçrayıb gülün gövdəsinə qondu, maraqla onlara baxmağa başladı.
"Mən çəyirtkəyəm", dedi.
"Biz pərvanələrik, pərvanələr", dedilər.
Çəyirtkənin mehribanlığı onlara inam verdi, bütün günü bir yerdə dolaşdılar. Çəyirtkə heyvanları, həşəratları onlara göstərib adlarını dedi, bəziləriylə tanış etdi.
Hava qaralanda çəyirtkə bir çiçəyin dibində özünə yer elədi, pərvanələri də çağırdı, "Gəlin, siz də yatın", dedi.
- Biz yatmırıq, - pərvanələr dedilər, - getməliyik.
- Hara? - çəyirtkə soruşdu.
- Ora, - pərvanələr ayı göstərdilər.
- Aya? - çəyirtkə soruşub dəqiqləşdirdi, - o axı uzaqdadı.
- Onun işığı var, - pərvanələr dedilər, - bizə işıq lazımdır, işıq bizi isidir.
Çəyirtkə bir az fikirləşdi.
- Ay uzaqdadı, - dedi, - ora çata bilməzsiniz, gəlin sizi başqa yerə aparım.
Tullana-tullana qabağa düşüb bələdçilik elədi, pərvanələr onu izlədilər. Çəyirtkə onları bir komanın yanına gətirdi. Meşənin talasında ağacdan tikilmiş balaca koma idi, bir qapısı, bir pəncərəsi vardı. Qabağında fənər yanırdı.
- Bu, meşəbəyinin evidi, - çəyirtkə dedi, - hər gecə fənəri yandırır.
Pərvanələr sevindilər. Daha aya uçmağa ehtiyac yox idi, arzuladıqları işığı, istiliyi tapmışdılar.
Çəyirtkə özünə yer tapıb yatdı, pərvanələr səhərə qədər fənərin başına dolandılar.
Səhər açılanda çəyirtkə oyanıb gərnəşdi, pərvanələr gül ləçəyinə qonub dinclərini aldılar. Amma meşəbəyi çıxıb fənəri söndürmədi. Ümumiyyətlə, komadan heç kim çıxmadı.
Çəyirtkə tullanıb pəncərəyə qondu, içəri boylandı.
- Heç kim yoxdu, - dedi, - meşəbəyi gedib.
- Fənər yanacaq, - pərvanələr sevindilər, - işığımız sönməyəcək.
Kefləri kökəldi. Daha bundan sonra aya uçmağa ehtiyac qalmırdı. Gündüz üçün günəşləri vardı, gecə üçün fənərləri.
Bütün günü çəyirtkə ilə meşəni dolaşdılar, təzə həşəratlarla tanış oldular, meşənin işığından, istiliyindən, rənglərindən, səslərindən, qoxularından həzz aldılar. Gecə düşəndə komanın yanına qayıtdılar. Çəyirtkə dünənki yerinə keçib yatdı, pərvanələr fənərin başına dolandılar.
Növbəti günü də qayğısız keçirtdilər. Hətta bu gün iri bir kəpənəklə də tanış oldular. Kəpənəyin qara qanadlarının üstündə tünd narıncı, qırmızı xallar vardı, pərvanələr gözlərini ondan çəkə bilmirdilər. Gecə düşəndə kəpənəyi də özləriylə çağırdılar, amma kəpənək gəlmədi. "- Mənə gündüzün işığı bəsdir", dedi, "- gecənin işıqları sizin olsun".
Pərvanələrin kefi pozulsa da, etiraz etmədilər, çəyirtkəyə qoşulub komaya qayıtdılar. Amma komanın qabağındakı fənər yanmırdı!
Gecənin zülmətinə bürünmüş koma işıqsız çox miskin görünürdü, qara şüşəsində gecənin qaranlığı əks edən fənər yazıq-yazıq yellənirdi.
- İşıq sönüb, - pərvanələr dedilər.
- Yəqin, yağı qurtarıb, - çəyirtkə dedi.
Pərvanələr aya baxdılar, "deyəsən, aya uçmalı olacağıq", dedilər.
- Yox, - çəyirtkə dedi, - ay əlçatmazdı, ona yetişmək olmaz.
- Bəs nə edək? - pərvanələr soruşdular, - ay uzaqdan bizi isitmir.
Çəyirtkə bir az fikirləşdi, "məni burda gözləyin", deyib tullana-tullana getdi.
Bir azdan qayıdanda yanında pərvanələrin indiyəcən görmədiyi bir cüt həşərat vardı.
- Gözlərinizi yumun, - çəyirtkə dedi, - mən deyəndə açarsınız.
Pərvanələr gözlərini yumdular. Bir az keçəndən sonra çəyirtkə dedi, - açın.
Pərvanələr gözlərini açanda sevincdən bilmədilər nə etsinlər. Fənər yanırdı!
- Bunlar işıldaquşlardı, - çəyirtkə dedi, - gündüzlər yatırlar, gecələr meşəyə işıq salırlar. Bundan sonra hər gecə sizinçün işıq salacaqlar.
Pərvanələr işıldaquşların aydınlatdığı fənərin başına dolanmağa, rəqs etməyə başladılar, "işığınız sönməsin, ay işıldaquşlar!" dedilər.
Pərvanələr işıq tapdıqlarına, çəyirtkə pərvanələrə işıq gətirdiyinə, işıldaquşlar isə işıqlarının hədər getmədiyinə görə xoşbəxt idi...
31 may 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
