"Anaaaa... anaaa..."
Son xatırladığı sözlər bunlar idi. Məngənədə dediyi sözlərin qulağında əks-səda verməsi də. Bir də təcili yardım maşınının qulaqbatıran siqnalı... O səs hələ də beyninin içində fırlanırdı.
Yaman üşüyürdü. Bütün bədənini gizilti bürümüşdü. Qulaqlarındakı uğultu səngimirdi. Elə bil bədəni görünməz zəncirlərlə bağlanmışdı - tərpənə bilmir, donub qalmışdı. Qolları ağrıyırdı, xüsusilə də sağ qolu. Sanki yenə əl-ayağını bağlamışdılar.
Göz yaşları ixtiyarsız yanaqlarına süzülürdü. Nəmişlikdən saralmış tavana zillənmiş gözləri ilə nə baş verdiyini xatırlamağa çalışırdı. Hər şey duman içində idi. Elə bil dünyaya dalğıc skafandrının buxarlanmış şüşəsindən baxırdı.
Ətrafdakı hərəkəti hiss edirdi. Uzaqdan cihaz səsləri gəlirdi. Metal cingiltiləri. Tələsik addımlar.
Və o çox tanış nəmişlik qoxusu...
İlahi...
Yoxsa yenə xəstəxanadaydı?..
Gözlərini qırpdı. Amma ağlamaqdan gözləri qurumuşdu sanki. Yenə nə isə olmuşdu. Yenə nə isə etmişdi...
"Anaaaa!.."
Öz qışqırıq səsi qulaqlarından getmirdi.
Nə olmuşdu axı?..
Bağırmaq istəyirdi. Köməyə çağırmaq, "Ana, mən burdayam..." demək istəyirdi. "Məni apar buradan... məni burada qoyma..." Amma səsi boğazında düyünlənirdi.
Dili tutulmuşdu. O, yalnız öz içində qışqırırdı. Ürəyi elə çırpınırdı ki, sanki sinəsini deşib bayıra çıxacaqdı. Dili qurumuşdu, nəfəsi çatmırdı. Ağzını açırdı, nəsə demək, bağırmaq istəyirdi, amma səsi gəlmirdi, otaqda yalnız cihazların yorğun cingiltisi eşidilir, bir də ürəyinin çırpıntısını hiss edirdi.
Hər şey bir gün əvvəl baş vermişdi.
Noyabrın son günləri idi. Havada iti ayaz vardı. Bakının qışı adamın üzünü bıçaq kimi kəsirdi. Qar iyi gəlirdi havadan.
Uzun illərdir həyətin keşiyini çəkən iri çinar ağacları da sanki soyuqdan bir-birinə sığınmışdı. Elə bil yayda bu məhəllənin adamlarını kölgəsində qoruyan həmin ağaclar deyildi.
Elmir ailənin ortancıl övladı idi. Şən uşaq olmuşdu bir vaxtlar - mehriban, ürəkli, qorxusuz. Dostluqda möhkəm idi. Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdi. Bir zamanlar peşəkar idmanla məşğul olmuş, yaxşı nəticələr qazanmışdı. Sonra...
Müharibə və Elmiri bizdən alıb başqa dünyaya salan qəlpə yarası olmuşdu.
Əsgərlikdə başından aldığı o qəlpə yarası həyatını iki yerə bölmüşdü: əvvəlki Elmir və sonrakı Elmir.
Həmin gündən sonra Elmir yavaş-yavaş öz içinə çəkilmişdi. Görünməz bir zindana düşmüşdü. Elə bir zindan ki, onun divarları daşdan yox, taleyin amansız hökmündən hörülmüşdü. Özü də ömürlük.
Vaxtsız qocalmışdı, saçlarına tez dən düşmüş, dişləri tökülmüşdü. Əynində həmişə nimdaş idman paltarı olar, soyuqda belə nazik geyinərdi. O qədər çökmüş görünürdü ki, adam inanmazdı bunun bir vaxtlar idmançı Elmir olduğuna. Sanki özü yox, öz kölgəsi idi.
Fərhad onu uşaqlıqdan tanıyırdı. Eyni həyətdə böyümüşdülər. Bağçada da, məktəbdə də bir yerdə olmuşdular. İndi isə Fərhad onun gözlərinə baxa bilmirdi. Çünki o gözlərdə uşaqlıqlarının işığı yox idi artıq. Boşluq vardı - dərin, qaranlıq, qorxulu bir boşluq.
Elmir blokdan çıxıb başını aşağı salaraq iri addımlarla Fərhadın yanından keçdi.
- Elmir!.. Ay Elmir!
Elmir dayanmadı.
- Salam, qardaş! Necəsən? Haralardasan?
Birdən ayaq saxladı. Yavaşca geri döndü. Gözlərini bərəldib sərt səslə dedi:
- Demirəm hara gedirəm!.. Sənə nə?..
Yerində var-gəl edən Elmir bir an belə sakit dayana bilmirdi. Rinqə çıxmış boksçu kimi gah arxasına baxır, gah qabağa boylanır, gah da yerində əsəbi halda yırğalanırdı. Sonra boğuq səslə güldü.
- Hı-hı-hı... Bağdaydım... sonra atam apardı məni yenə ora. Dedi, müalicə alıram. Ora da... Maştağaya...
Bir anlıq susdu.
- Bilirsən də...
Birdən qaşları düyünləndi. Dodağının altında kinlə mırıldandı:
- Öldürəcəyəm...
Əlini cibinə salıb görünməz bir şeyi sıxdı. Üz əzələləri əsirdi. Baxışları dəyişib qəzəb saçırdı. Sonra əlini cibindən çıxarıb gözlərini boşluğa zillədi, mimikasını dəyişib:
- Natiq həkim deyir müalicə almalıyam. Professordu e... yaxşı həkimdi. Amma xəstəxana pis yerdir... çox darıxıram orda, - söylədi.
Sonra birdən uşaq kimi kövrəldi:
- Atam qoyub gedir məni... anam da gəlmir... sən də gəlmirsən heç vaxt...
Elmirin bu halı Fərhadı çox sıxdı, boğazında qəhər düyünləndi, boğazını arıtladı:
- Darıxma, yaxşı olacaqsan.
Elmir eşitmirmiş kimi davam etdi:
- Dərman içməyəndə pis oluram. Anam məndən şikayət edir Eminə. Emin əvvəllər pul göndərirdi mənə. İndi atam götürür... mənə vermir.
Birdən dişlərini sıxdı. Yenə gözləri qəzəb püskürdü:
- Öl-dü-rə-cəyəm...
Fərhad onun gözlərinə baxdı. Orada qəzəblə acizlik bir-birinə qarışmışdı.
- Ay Elmir, atan pisliyini istəmir də sənin.
Elə bil heç nə eşitməmiş kimi:
- Bir manat ver... - dedi.
- Niyə?
- Siqaret alım.
Öskürdü. Sinəsi xırıltıyla qalxıb-endi.
- Ver də...
Fərhad ah çəkdi:
- Gəl, marketdən alım.
Elmir sanki uşağa dönmüşdü. Fərhadın kurtkasının ətəyindən yapışıb arxasınca marketə girdi.
- Nə çəkirsən?
- Vikeroy...
Utancaq halda əlavə etdi:
- Bir dənə də "snikers" istəyirəm...
Marketdən çıxanda Elmir pulu qaytarmaq istəyirdi.
- Götür zdaçini!
- Qalsın, ay Elmir.
- Yox! Lazım deyil mənə! - dedi, sonra birdən əsəbiləşərək:
- Dedim, istəmirəm! - söylədi.
Fərhad sakitləşdirdi onu.
- Yaxşı, hirslənmə... Günə nə qədər çəkirsən?
- Üç paçka...
- Ay qardaş, bu səni öldürər axı.
Elmir qəribə şəkildə güldü:
- Həəə...
Sonra birdən soruşdu:
- Sən işləyirsən hələ?
- Yox, çıxmışam ordan.
Elmir başını aşağı saldı.
- Məni də düzəldərdin də işə...
Bir anlıq susdu.
Əlindəki siqaret qutusuna və "snikers"ə baxdı. Sonra minnətdar, amma sınmış gözlərlə Fərhada baxdı. Nəsə demək istədi, deyə bilmədi. Birdən yenə öz içinə qayıtdı. Dodağının altında anlaşılmaz sözlər mırıldanaraq iti addımlarla çayxanaya tərəf getdi.
- Hələlik, Elmir!..
Elmir geri dönmədi….
***
Həmin axşam təcili yardım maşını gələndə Mahir kişinin nəfəsi çoxdan kəsilmişdi.
O gün Mahir kişi Elmirin siqaret almaq üçün israrla istədiyi o bir manatı ona verməmişdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
