Səhərə yaxın onu yuxu aparmışdı. Ayılanda harda olduğunu anlaya bilmədi. Sonra yadına düşdü. Axı o, tikinti şirkətində gözətçi işləyirdi. Gör neçə vaxtdır burda gözətçidir, amma heç cür bu işə alışa, öyrəşə bilmir ki, bilmir. Uşaqların səsinə yuxudan ayılmaq, səhər-səhər duş qəbul etmək, sonra da xanımının səliqəsində hər cür ləziz yeməklərlə dolu süfrə başında nahar etmək... Son vaxtlar bu onun ən böyük arzusuna çevrilmişdi... Uşaqlar böyüdükcə qayğıları, əzab-əziyyətləri də çoxalır, böyüyürdü.
Fəhlələrin qara-qışqırığı tikintidə işin başlandığından xəbər verirdi. İki kvadratmetrik gözətçi otağından çıxıb həyətə düşdü. Hər kəs bir işlə məşğuldu: daş daşıyan kim, qum ələyən kim, su gətirən kim...
Gündüz gözətçisini gözləməyə vaxtı yox idi, saat doqquzda universitetdə iki saatlıq mühazirəsi vardı. Nisbətən yaşlı fəhlədən ətrafa nəzarət etməyi xahiş etdi. Əlüstü paltarlarını dəyişib, üst-başına əl gəzdirdi. Və avtobus dayanacağına tələsdi.
Universitetdən çıxanda saat on birə az qalmışdı. Akademiyaya tərəf qaçmağa başladı, saat on bir tamamda Tədqiqat İnstitutunda elmi şuranın növbəti iclası olacaqdı.
İclasa gecikmişdi. Elə qapının ağzında əyləşdi. Dərindən nəfəs aldı. Yaman yorğundu. Hələ iş indi başlayırdı. Amma o... Elə yatardı... Direktor deyəsən adını çəkdi. Başını qaldırdı. Hamı təəccüblə ona baxırdı.
- Yazığı yatmağa qoymayıblar. Gözünün acısını burda alır, - kimsə dedi.
Hər kəs gülürdü. Səsləri eşitmirdi. Sanki səssiz multfilmə baxırdı. Əllərini əvvəlcə gözlərinə çəkdi, sonra da başını hər iki əliylə bərk-bərk sıxdı... Danışıqlar uzaqdan eşidilirdi, elə bil yuxuda görürdü. Məruzəçi Natiq bəy idi. Danışırdı ki, uzun illər Türkiyədə - İstanbulda yaşamış azərbaycanlı mühacir şair Lələ Dağın qəbrini aşkar edib. Necə sevinibsə, elə qəbirlərin arasında oynamağa başlayıb. Qəbiristanlıq gözətçisi bundan hirslənib, onu tutub karakula aparıb. Məsələ məlum olanda ondan üzr istəyib və azad edib. İşə bax, ha! - Rəşad yarıyuxulu fikrə getmişdi.
- Rəşad müəliim, yatma, barı, burda qulaq as, onsuz da sonra o məruzəni oxumağa vaxtın olmayacaq, - direktorun səsi idi.
Rəşad yenə gözlərini ovxalayıb yuxunu qovmağa çalışdı. Amma yox, yuxu ondan güclü idi, əl çəkmək istəmirdi. O, qalxıb dəhlizə çıxdı. Elə bil yuxuyla yox, qaydasız döyüşlə, ona hücum edən pəhləvanla vuruşurdu.
İş otağına gəldi. Laborant qız çay dəmləyirdi.
- İçmək istəmirsiz? - Rəşad müəllimə baxdı.
- Həm də necə?! - Rəşad mizin siyirməsini çəkib, stəkanını çıxartdı. -Dəmalmanı gözləmə, süz, - dedi. İki stəkan çayı qaynar-qaynar içib bir az özünə gəldi.
Külək dəcəl uşaqlar kimi pəncərəni döyəcləyirdi. Pəncərəyə yaxınlaşıb həyətə boylandı. Akademiyanın həyət-bacası yamyaşıl otla örtülmüşdü. Göz oxşayan, könül açan bir yaşıllıq vardı burada. Hündür ağaclarsa sarı-qızılı rəngə boyanmışdı... Heyif ki, fəsillərin necə dəyişdiyini yalnız pəncərədən, şüşə arxasından izləyirdi, onları seyr etməyə, istədiyi ayda, fəsildə dincəlməyə, istirahətə getməyə nə vaxtı vardı, nə də maddi imkanı. Həmişə bu qəmli, həzin payızda səyahətə, uzaq səfərə çıxmağı elə arzulayıb ki...
- Eh... - Əllərini yelləyib iclas zalına qayıtdı. Məruzənin müzakirəsi mübahisəyə çevrilmişdi. Kim nə bilirdi, danışırdı. Baş mövzu əlbəttə ki, mühacirət ədəbiyyatı idi. Müstəqillik dövrünün ilk illərindən imkanı olanlar Şərqə, Qərbə üz tutmuşdu, XX əsrin 20-ci illərində bolşeviklərin təsiri, təzyiqiylə xaricə qaçan məşhur elm, ədəbiyyat xadimlərinin axtarışına başlamışdılar. Bu işə hər kəs öz prizmasından yanaşırdı.
- Məruzəçiyə kimin sualı var? - Direktor zalda oturanlara müraciət etdi: - Yaxşı olar ki, bir-bir danışasınız, nə dediyinizi də başa düşə bilək.
- Cənab direktor, mənim bu məruzəçiyə iki sualım, bir məsləhətim var, olarmı? - Rəşad yerindən qalxdı.
- Deyəsən "kəndinə" gəlmisən? - Məruzəçi bərkdən güldü. Direktor da qımışdı.
- Tələsmə, indi səni də "kəndinə" gətirərik! - Rəşad sakit tonla danışırdı. - Əvvəla, çox nahaq yerə sən İstanbulda Lələ Dağın qəbrini axtarmısan. Fikrimcə, "Qurani-Kərim"də də göstərilib, müsəlmanın qəbri itib torpağa qarışmalıdı. Onun bərpası lazım deyil. Çünki insanın ölmüş cəsədi yox, onun sağ ikən yazıb-yaratdıqlarını, elmi-bədii əsərlərini, qoyub getdiyi yaxşı əməllərini yaşatmaq, qoruyub saxlamaq gərəkdi. Bu sənə məsləhətim.
Birinci sualım, Lələ Dağın iyirmi illik İstanbul yaradıcılığından nələri, hansı məşhur əsərlərini tapıb gətirmisən?
İkinci sualım, Lələ Dağın qəbrinin "kəşfin"dən sonra öz babanın qəbrini də ziyarət eləmisənmi?
Ayaq üstə hirsindən qaralıb-quruyan məruzəçi əsəbi-əsəbi dedi:
- Birinci sualına cavab olaraq deyə bilərəm ki, onun yalnız bir əsərini - "Şərqin ulduzu"nu tapmışam, tədqiqat işində də istifadə etmişəm.
- O tapdığın əsər Bakıda da çap olunub. Bununçün zəhmət çəkib İstanbula getməyə, qəbiristanlıqda diringi oynamağa ehtiyac yox idi!
Zalda bir pıçhapıç, uğultu, səs-küy yarandı kı, ağız deyəni qulaq eşitmirdi.
- İkinci sualın mənə daha çox qəribə gəldi, ay Rəşad, - direktor əlüstü mövzunun səmtini dəyişməyə çalışdı, - Natiq bəyin babasının bura nə dəxli var?
- Deyəsən, Rəşad müəllim, həm də "çekist" işləyir. Görəsən bu onun neçənci iş yeridir? - Bu dəfə zalda gülüş əks-səda verdi.
- Unutmamısınızsa, mənim elmi işim XX əsrin əvvəllərində yaranmış ədəbiyyatdı. Lələ Dağın bu dövrdə Bakıda yazdığı əsərlərini də, həyatını da tədqiq etmişəm. Onun ölkədən qaçmağının əsas səbəbkarı, necə deyərlər, əsl günahkarı bizim bu məruzəçi Natiq bəyin babası Qəmbərqulu bəy olub. Məşhur donosçu Qəmbərqulu hakimiyyətə xoş gəlmək üçün həmin "Şərqin ulduzu" əsərinin xalq, dövlət əleyhinə olduğunu, sovetlərə işğalçı dediyini iclaslarda "sübut edib".
- Demək, əsrin əvvəllərində babanın qovduğu şairi, əsrin sonunda nəvəsi axtarıb tapıb! Bunun nəyi pisdi ki?! - Elmi katib güldü.
- Onun özünü tapmayıb ey, qəbrini tapıb! Bunlar fərqli şeylərdi...
- Yəqin şairin harda dəfn olunduğunu babasından öyrənib, ona görə də gedən kimi tapıb, - yerdən dedilər.
- Əl çəkin, babam mənim heç üzümü də görməyib. - Natiq bəy coşdu.
- Aha! Belə de! Yalansa donosçu babana lənət! Görüm onu gordan-gora dazısın! - Rəşad da coşmuşdu. Xalq yaradıcılığında olan bütün söyüşlərdən istifadə etməyə çalışırdı. - Mənim doktorluq dissertasiyam beş ildir şöbədə yatıb qalıb, müzakirəsi yadına düşmür, canlı şəkildə gözünün qabağında şama dönmüşəm, qiymətləndirmirsən, tək mənim yox, neçə-neçə elmi işçinin axırına çıxmısan, bu səni narahat eləmir, xaricdə babanın məhv elədiyi adamın cəsədini axtarırsan?!
Zaldakıların üstünə soyuq su ələnmişdi sanki. Dinib-danışan yox idi. Nəhayət, Natiq bəy özünə gəldi:
- Sənin işlərdən başın açılır ki?! Sən də, düzünü de, neçə yerdə işləyirsən? Bu tədqiqat institutuna həftədə neçə dəfə gəlirsən?
- Hələ ki, beş yerdə işləyirəm, belə getsə, on yerdə işləməli olacağam! Səbəbini hamı gözəl bilir. Beş iş yerindən beş yüz manat almıram. Neynəməliyəm? - Onun bizə dəxli yoxdur. Doktorluğunu müdafiə etsən, maaşın cəmi altmış manat artacaq də. Bununla yaran sağalacaq?
- Heç olmasa, mənəvi yaralarım sağalar, maddi yaramı yeni iş yerində sağaldacağam. Sən onunçün narahat olma!
- Öz elmi işini ortaya atma, ay Rəşad, de görək, kişinin babasının qəbrindən nə istəyirsən? - kimsə yenə aranı qızışdırmaq istədi.
- Mən heç nə istəmirəm. Natiq bəy Lələ Dağın qəbrini "kəşf' edəndən sonra öz babasının qəbri yeddi yerdən çatlayıb! Yazıq elə bilib ki, nəvəsi Lələ Dağı - onun köhnə düşmənini çox istəyir.
Söhbətin qəlizləşdiyini görən alimlərdən biri coşmuş Rəşadı "ayıltmaq" istədi:
- Rəşad müəllim, siz dördüncü iş yerinə gecikmirsiz ki?
- Hə, hə, çox sağ ol ki, yadıma saldın, - Rəşad sözəbaxan uşaqlar kimi tez qapıya tərəf yönəldi. Gərginliyin içindən bir gülüş qopdu.
- Necə çatdırırsan, ay Rəşad, yorulmursan? - Direktor da gülənlərə qoşuldu.
- Niyə yorulmuram?! Görmürsüz ki, piyan adamlar kimi ləngər vururam? - Getdiyi yerdən geri qayıtdı. - Elə bilirəm, mən tək deyiləm, cənab direktor. Burda əyləşən alimlərin əksəriyyəti mən gündədir. Bircə deməyin ki, xəbəriniz yoxdur. Budur, Sahib müəllim, elə gülür ki, elə bil yeddi yerdə işləyən bu deyil. Məni bağışlayın, getməliyəm. Universiteti yola verdim, Akademiyanı yola verdim, indi də gedim orta məktəbi yola verim. Şagirdlər məni gözləyir. - Yenə qapıya tərəf yönəldi. - İmkan olsa, hələ arvad-uşaqla da görüşməliyəm, bir ay olar ki, üzlərini görmürəm. Təkcə telefonla danışırıq.
- Yaxşı-yaxşı, tez get, - direktor dərindən nəfəs aldı. Uşaqlarını görəndə bizdən də salam de. Bir də, istəsən, sən də yeddi yerdə işləyə bilərsən, şərait yaradarıq, - gülə-gülə desə də, zarafat eləmirdi.
- Oldu, cənab direktor! - Getdiyi yerdən bir də geri döndü. - Mənim Natiq bəyə bir məsləhətim var. Axırıncı məsləhətimdi. - Direktorun cavabını gözləmədən əlavə elədi: - Keçən il bizim şöbəni iki nəfər alim tərk etdi. Hazırda mühacirətdə - Almaniyada yaşayırlar. Deyirəm, Natiq bəy üzünü görməyəcəyi nəvəsinə vəsiyyətnamə yazsın. Gələcəkdə onların qəbrini də bunun nəvəsi axtarıb tapsın. Heç olmasa, qəbirlərin üstündə diringi oynamaq üçün!
- Yaxşı, yaxşı, şagirdlər səni gözləyir, get! - direktor səsini qaldırdı.
***
Küçəyə çıxanda onu yenə payız havası bürüdü. Xəfif külək budağından üzülmüş sarı yarpaqlarla oynayırdı. Küləklə yarpaqların birgə səsi zərif xışıltı, zəif bir inilti yaratmışdı... Payız duyğusu onu məktəb binasına çatana qədər müşayiət elədi. Binanın içində Rəşad müəllimi başqa bir əhval-ruhiyyə gözləyirdi.
On birinci sinifdə iyirmi şagirddən yalnız beşi əyləşmişdi.
- Hanı uşaqlar? - ümumi soruşdu.
- Müəllim yanına gediblər. Onlar instituta hazırlaşırlar. Axırıncı saatlara heç kim qalmır, - şagirdlər xorla cavab verdilər.
- Bəs siz niyə getməmisiz?
- Biz ali məktəbə hazırlaşmırıq. Orta məktəbi qurtaran kimi işləmək istəyirik...
- Yaxşı, onda açın kitabınızı, paraqraf on, səhifə iyirmi beşdən otuza kimi oxuyub öyrənərsiniz. Mənim işim var, getmək istəyirəm. - Şagirdlər ayağa qalxıb müəllimi yola saldılar.
***
"Zəka" təhsil mərkəzində həyat qaynayırdı. Bir neçə məktəbdən buraya axışmış şagirdlər test kitabları əllərində keçmiş qəbul imtahanlarının nəticələrini müzakirə edirdilər. Maaşların nisbətən çox olması universitetlərin doktor, professorlarını da burada repitetorluğa gətirib çıxartmışdı. "Pul əl çirkidir" - deyənlərin görünür, ona ehtiyacları çox olmayıb. Yoxsa çox şeyi həll edən pul haqqında belə deməzdilər. İndi onunçün pul dəryanın ortasında uzaq, yaşıl adaya dönmüşdü. O, isə sahildən o uzaq, yaşıl adaya baxan ac quzubala idi!
...Təhsil mərkəzindən çıxanda axşam düşmüşdü. Ürəyi evə can atsa da, ayaqları onu gözətçi məntəqəsinə tərəf sürükləyirdi.
Avtobusda ayaq üstə, çalxalana-çalxalana yol gedəndə başağrısı, yorğunluq, əzginlik onu yenidən bürüdü. Gün ərzində heç nə yemədiyi indi yadına düşdü. Deyəsən, onun ömrü-günü qara zolağa düşmüşdü. Görəsən bu nə qədər davam edəcəkdi?!.
Avtobusun radiosunda türk müğənnisi sanki onunçün həzin-həzin oxuyurdu:
Bu gecə ölməsəm,
Bir daha ölməm...
Gözətçi otağında oturmuşdu. Yemək yemədən aclığa qalib gəlməyin yolları haqqında fikirləşirdi. Elə bu fıkirlə də mürgüləmişdi. Cib telefonunun səsinə ayıldı. Arvadı idi:
- Şam eləmisən?
- Hə, əlbəttə! "Gülüstan" restoranını bağlatdırmışam. Rəqqasələr başıma fırlanır. Sevdiyin türk müğənniləri Sibel Can, İbrahim Tatlısəs də burdadır. Mənim sifarişimlə məşhur mahnılarını oxuyurlar! İstəyirsən sən də gəl!
- Can! Başa düşdüm. İndi gəlirəm...
Arvadı oğluyla gözətçi məntəqəsinə gələndə axşamdan xeyli keçmişdi. O, qaranəfəs gətirdiyi sumkanı kiçik stolun üstünə qoydu. Dərhal da içindəki yeməkləri boşaltdı - soyutma kartof, soyutma yumurta, duza qoyulmuş xiyar, kələm, peraşki...
- Hə, dur gəl! Halal, təmiz, özüm hazırlamışam, ərini çağırdı. - Biz də acıq, səhərdən nəsə yeməyimiz ağlıma gəlmir, - oğluna baxdı. Sən də burdan əyləş. - Yer göstərdi, özü də əyləşdi, dərindən nəfəs aldı: - Ay Rəşad, sənin otağın bizim evdən rahatdı, vallah, heç üzülmə.
Rəşad müəllim yerini rahatlayıb yeməyə girişdi. Özünə gəlib toxtayandan sonra təəccüblə soruşdu:
- Bəs qız hanı? Evdə tək qaldı?
- Yox, onu bacımgilə göndərdim. Dərsə ordan gedib-gələcək. Neyləyək? Evdə ərzaq tükənib. Bir-iki gün də qənaət eləsək, ay başa çatacaq. Ən yaxın çətinliyimiz maaşlarımızı alana qədərdir...
- Uzaq çətinliyimiz də var? - oğlu təəccübləndi.
- Bəs nə! Əsas çətinliyimiz də elə əslində odur. İnanıram ki, öhdəsindən gələcəyik!
- Məsələn? - maraq yeməyə üstün gəldi.
- Sənin və bacının instituta girməyiniz, oranı bitirməyiniz, işlə təmin olunmağınız, bacını cehizlə köçürməyimiz, sənin də evlənməyin və bir otaq da olsa, sənə ev almağımız... Bunlardan sonra atan əlavə dörd iş yerindən azad olunacaq. Həmçinin bu gözətçi "kabinet"indən də...
Quru, soyutma yumurta Rəşad müəllimin boğazında ilişib qaldı. Arvadı nə qədər kürəyini döyəcləsə də, loxma boğazından keçmək istəmirdi.
- Hamısı sənin! Hamısı sənin! Yavaş-yavaş ye də! Əlindən alanmı var? - hirsləndi.
Bir tərəfdən də öskürək onu boğurdu. Böyümüş gözlərindən yaş axırdı.
Türk müğənnisinin səsi bu dəfə qeybdən gəldi:
Bu gecə ölməsəm,
Bir daha ölməm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
