Dilənçi (Hekayə) - Zahid ŞAHSUVAROV

 

Bu il qış Qasiyon dağının sinəsinə sığınmış Dəməşqə bir az tez gəlmişdi. Şəhər bu il bir az da soyumuşdu. Uzaqdakı Cəbəl Şeyx dağının qarlı başında qopan külək özünü bu şəhərə çırpıb dayanırdı. Səsli-küylü Dəməşqin küçələrindən adamlar azalmışdı bu qış. Hətta yaşadığım binanın qarşısında gündə rastlaşdığım dilənçilər belə, harasa çəkilib getmişdilər. Adətən bu dilənçilər işdən qayıdanda qabağıma yüyürərdilər. Çalışardım ki, onların mənə sarı uzanan əllərini boş qoymayım. İki il bundan əvvəl ilk maaşımı bu dilənçilərə paylamışdım. Sonra həmin ayı birtəhər, yarıac-yarıtox keçirtmişdim. Elə həmin gündən qabağıma yüyürərdilər. Bu hal o qədər çox təkrar olunurdu ki, hər gün işdən evə qayıdanda istər-istəməz onlar yadıma düşürdilər. Bəzən onların mənə uzanan əllərinə məhəl qoymadan yanlarından ötüb keçirdim.

Bu gün isə onları bu qış soyuğu harasa qovub aparmışdı... Mənə elə gəlirdi ki, bütün bu həyat, bu bina onlarsız boş görünür, ətraf onlarsız öz təbiiliyini dəyişmişdi nədənsə... Bu kimi fikirlərlə liftin düyməsini basdım. Qapılar açılanda qara çadraya bürünmüş və liftin küncünə qısılmış qadına rast gəldim. Liftə keçib üçüncü mərtəbənin düyməsini basdım. Qapılar örtüləndə həmin qadın zəif səslə:

- Ağa, - dedi, - heç olmasa, çörək pulu verin. İki gündür dilimə heç nə dəymir.

Onun bu zəif və yalvarıcı səsi bütün bədənimdə gizildədi. Bu səs o qədər yalvarıcı idi ki, məni istər-istəməz əlimi cibimə salmağa məcbur elədi. Bir azdan mənə sarı uzanan bu titrək əlləri boş qoyacağımdan özüm utandım.

-  Vallah, yoxumdur, - dedim.

- Bağışla, ağa, - deyə əllərini çadrası altında gizlədi. Liftin dayandığını belə hiss etmədim. Qadını necə tərk edib liftdən çıxdığımdan xəbərim olmadı. Mənzilin arxamca örtülən qapısına söykəndim. Onun zəif, yalvarıcı səsi qulaqlarımda cingildəyərək təkrar olunurdu. Qapıdan aralanıb mətbəxə keçdim, əlimə keçənlərdən götürüb dəhlizə çıxdım. Liftin düyməsini basdım. Bir az keçmiş liftin qapıları açıldı. Lakin o yox idi. Aşağı düşdüm. Onun küçə qapısının ağzında oturduğunu gördüm. Yaxınlaşıb: - alın, dedim, - bundan başqa heç nəyim yoxdur, vallah. Cavab vermədi. Hərəkətsiz qalmışdı. Çiyinlərindən tutub silkələdim. Eşidirsinizmi? - dedim, - alın, sizə çörək gətirmişəm. Oturduğu yerdən aşıb yıxıldı. Qaldırmaq istədim, qalxmadı. Huşdan getmişdi. Elə titrəyirdi ki, elə bil ən şaxtalı qış günündə soyuq suya salıb çıxarmışdılar. Atıb gedimmi? Ya onu evə gətirimmi? Hər iki hal çətin idi mənim üçün... Nəhayət, evə gətirmək qərarına gəldim.

Onu evə gətirdim, bütün elektrik peçlərini yandırdım. Divana uzadıb üstünə yorğan atdım. Nə edəcəyimi bilmirdim. Ağlım müxtəlif fikirlərlə qarışmışdı. Bir az keçmiş Əhməd həkimə zəng etmək qərarına gəldim. Mənə ondan başqa kömək edəcək ikinci bir adam yox idi. Həm də Əhməd Dəməşqin ən hörmətli həkimlərindən biri idi. Tibb İnstitutunu bizdə - Sovet İttifaqında qurtarmışdı.

Bəlkə Əhmədlə dostluğumuzun əsas səbəbi elə bu idi. Boş vaxtlarımızda görüşərdik. Tez-tez Moskvanı xatırlayar, mənə on iki illik Moskva həyatından danışardı... Mən Əhmədə tez-tez zəng edərdim darıxanda. Ya görüşərdik, ya da telefonla söhbətimizlə kifayətlənərdik... İndi isə məni Əhmədə zəng etməyə məcbur edən başqa səbəb idi - evimə gətirdiyim bu kimsəsiz qadına kömək etmək...

Əhməd içəri girən kimi hər şeyi ona danışdım. Mənə diqqətlə qulaq asdı, sonra keçib xəstəni süzdü. Üstünə atdığım yorğanı qaldırıb, başından çadrasını çıxartdı. Gözlərimə inanmadım. O, gənc idi, həm də olduqca gözəl. Bənizi saralmışdı, lakin Şərq gözəllərinə məxsus gözəllik cizgiləri bu gənc qızın üzündən uzaqlaşmamışdı.

Əhməd dilənçi qızı müayinə etdikdən sonra alnını ovuşdurub dedi:

- Vəziyyət heç də yaxşı deyil. Bərk soyuqlayıb, ciyərlərində ağır iltihab var... Bir az susub sözünə davam etdi, - onu xəstəxanaya yəqin götürməyəcəklər.

Səbəbini soruşmadım. Aydın idi. Həkim xidməti bu ölkədə pullu idi. Əlbəttə, dilənçini bu xəstəxanalara pulsuz qəbul etməzlər.

Araya sükut çökmüşdü. Mən çıxılmaz vəziyyətdə qalmışdım. Nə edəcəyimi fikirləşirdim. Sükutu Əhməd pozdu:

- İstəyirsən, qoy burda qalsın, - dedi, - burda onu müalicə edərik.

Bunun mənim üçün olduqca çətin olmasına baxmayaraq razılaşdım. Kimsəsiz dilənçiyə yazığım gəlirdi.

- Əlbəttə, əlbəttə, qoy qalsın. Nə qədər lazımsa, qalsın. Dərman da alaram onun üçün, - dedim.

Əhməd gülümsündü və:

- Yaxşı oğlansan, vallah, - dedi. - Heç nə almaq lazım deyil, özüm nə lazımsa, gətirərəm...

 

***

Həmin günü səhərədək xəstə dilənçinin yanında oturdum. Gah sayıqlayır, gah yerindən diksinib qalxırdı. Gah da dolaşıq ifadələrlə nəsə deyirdi. Səhərə yaxın yuxuya getdi.

Həmin günü işə getmədim. Dilənçini bu vəziyyətdə qoyub gedə bilməzdim.

Günortaya yaxın dilənçi oyandı. Qızarmış gözləriylə ətrafına nəzər saldı. Gözlərini mənə dikib qaldı, yəqin ki, təəccüblənir, - deyə fikirləşdim.

Sonra gözlərini yumub zəif səslə:

- Yemək istəyirəm, - dedi.

Kömək edib yerində oturtdum. Gətirdiyim yeməyi güclə, zəif hərəkətlə, lakin acgözlüklə yeyirdi. Onun belə acgözlüklə yeməsini kinofilmlərdə vermək olardı. Tez-tez başını qaldırıb mənə baxırdı. Onun bu baxışlarında həm utancaqlıq, həm də razılıq hiss edirdim.

- Çox sağ olun, ağa, - deyib əlindəki qabı mənə uzatdı. Sonra yerində uzanıb yorğanı başına çəkmək istədi. Lakin gücü çatmadı. Durub üstünü örtdüm.

Axşam Əhməd gəldi. Özüylə çoxlu dərman və iynə gətirmişdi. Xəstəni qaldırdı. İynə və dərmanları qəbul etdirdi. Dərmanlardan necə istifadə etməyi başa salıb getdi.

***

Onu evə gətirdiyim gündən artıq on gün keçmişdi. Demək olar ki, sağalmışdı. Daha Əhməd də gəlmirdi. Təkcə telefonda hamını soruşurdu. Bu on gündə işə hərdən gedirdim. Hər dəfə bir bəhanə tapıb evdə qalırdım. Bu günləri, demək olar ki, onunla lal-dinməz keçirmişdik. Nə mən onu danışdırırdım, nə də o məni...

 

***

Bu gün işdən evə dönəndə yolüstü mağazaya girdim. Dilənçiyə isti paltar aldım, sonra bazarlıq edib evə qayıtdım. O, məni qapıda qarşıladı. Məni ilk dəfə idi ki, belə qarşılayırdı. Salamlaşdıq.

- Necəsən?

- Yaxşıyam. Sizin yaxşılığınızı unutmaram, ağa!

- Yaxşı, bəs niyə qalxmısan? - deyə əlimdəki şeyləri stolun üstünə qoydum. Sənə hələ durub gəzmək olmaz. Həkim belə dedi, - mənə inanması üçün həkim adından çıxış etdim. Başa düşürsənmi, olmaz?  Başı ilə "hə" dedi.

Araya çökən sükutu mən pozdum:

- Bir də ki, mənə ağa demə. Bu sözdən xoşum gəlmir. Yaxşımı? - Gözlərini düz gözlərimə dikib dayanmışdı. Yazıq-yazıq məni süzürdü. Onun belə baxışları məni çaşdırdı. Tələsik araya başqa söhbət qatdım.

- Yaxşı, gəl, - dedim. Gör sənə nə almışam. Aldığım paltarları açıb ona verdim, əynindəki bu dilənçi paltarlarını çıxarmağı xahiş etdim, əvvəl razılıq vermədi. Dilə tutdum, razılaşdı.

- Sağ ol, ağa, min dəfə sağ ol, - deyib paltarı sinəsinə sıxdı.

- Yenə ağaa?..

Susdu. Başını aşağı dikdi. Ona nədənsə daha çox yazığım gəldi.

- Yaxşı, dayanma, keç yerinə, uzan, - deyə ona uzanmağı təkid etdim. - Bir şey yemisənmi? - soruşdum. Çiyinlərini çəkib "yox" dedi. Mətbəxə keçdim. Adətən mən belə yemək hazırlamağa çalışmazdım. Ümumiyyətlə, yemək bişirməklə aram olmazdı. Lakin indi buna məcbur idim. İstəyirdim ki, dilənçi qız məndən daha çox razı qalsın.

Dilənçi mətbəxə gəldi. - Ağa, - dedi, - sonra diksinən kimi oldu. Sözünə tələsik davam etdi: - İstəyirsiniz, sizə kömək edim, - dedi.

- Yox. Özüm hər şeyi edərəm. Sözümə qulaq assan, daha yaxşıdır.

- Yaxşı, - dedi, - necə istəyirsiniz. Keçib yerində uzandı. O, hər bir hərəkətimə göz qoyurdu. Ümumiyyətlə, son günlər o, mənim hər bir hərəkətimi izləyirdi. Hiss edirdim ki, nəsə məndən ehtiyat edir. Hərdən də mənə elə gəlirdi ki, məndən nəsə soruşmaq istəyir.

Hazırladığım yeməyi stolun üstünə düzəndən sonra: qalx, - dedim. Cavab vermədi. Gözlərini tavana zilləmişdi.

- Leyla (adı Leyla idi), eşitmirsən? Qalx... Gözlərini tavandan çəkib məni süzdü. Heç nə demədi, qalxdı. Mənə elə diqqətlə baxırdı ki, elə bil çoxdan ayrıldığı bir adamla rastlaşıb və yaddaşının onu aldatmayacağını yoxlayırdı.

- Niyə elə baxırsan mənə? - ...Gözlərini məndən utanmış kimi yayındırdı. Başını aşağı dikdi.

- Leyla, yoxsa nəsə soruşmaq istəyirsən məndən? Utanma, soruş, - dedim.

- Hə, yox... Heç nə, - deyə qırıq-qırıq danışmağa başladı. Sonra: - ərəbsiniz? - soruşdu.

- Yox, azərbaycanlıyam.

- Azərbaycanlı? Azərbaycanlı, azərbaycanlı, - deyə bir neçə dəfə təkrar etdi. Sonra... o zardadır? - dedi.

- Sovet İttifaqında.

- Russunuz?

- Dedim ki, azərbaycanlıyam! - səsimi ucaltdım. Azərbaycanı tanımadığı məni əsəbiləşdirdi.

Səsimi ucaltmağım onu çaşdırdı. - Hə, doğrudur, - dedi. Lakin ona bu "Azərbaycan" nə olduğu qaranlıq qaldı. Mən isə ona izah etmək istəmədim.

- Ağa, doğrudu, - deyirlər, ruslar xəsis olurlar?

Məni gülmək tutdu:

- Kim deyib ki, sənə, ruslar xəsis olurlar?

Çiyinlərini çəkdi, sonra, - nə bilim, elə eşitmişəm, - dedi.

- Doğru deyil, Leyla. Səhv eşitmisən, əksinə, ruslar olduqca sadə və əliaçıqdırlar.

- Ağa, inanıram, indi inanıram ki, səhv eşitmişəm, inciməyin məndən.

Məni o, rus kimi qəbul etmişdi. Mən isə ona rus olmamağımı sübut etməyə çalışmadım.

- Yaxşı. İncimirəm, - deyib güldüm. Bir də səndən niyə inciməliyəm ki?

- Nə bilim, deyirəm, bəlkə...

- Yaxşı, - deyə sözünü kəsdim. Yaxşısı budur, dərmanı iç.

Leyla sakitcə qalxıb dərman qəbul etdi. Mən isə qələm-dəftər götürüb evə məktub yazmağa başladım.

- Ağa, - deyə mənə yaxınlaşdı.

- Sənə deməmişəm mənə "ağa" - demə?!

- Bağışla, - dedi, - keçib divanda oturdu. Sonra uzanıb gözlərini adəti üzrə tavana zillədi.

- Bir söz soruşmaq olarmı? - deyə gözlərini tavandan çəkib mənə baxdı.

- Olar, - dedim.

- Evlisiniz?

- Yox.

- Yox? - deyə təəccübləndi. - Bəs nişanlınız var?

- Yox.

- Niyə bəs, ağa?

- Ağa yox, Rüstəm!

- Hə, Rüstəm, niyə yoxdu bəs?

- Nə bilim, yoxdu, vəssalam. Bir də mütləq nişanlım olmalıdır?

- İstədiyiniz qız necə, var?

- Eee, Leyla, bu nə suallardır, verirsən?

- Bağışla, ağa, mənim üçün maraqlıdır, deyə soruşuram. İnciməyin.

- Var, Leyla, var. Daha nə soruşmaq istəyirsən?

- O da sizi istəyirmi? - deyə səsini yavaşıtdı.

- Yox.

- Yox... Ola bilməz.

- Ola bilməz... - deyə təkrar etdim. Ola bilməz, amma istəmir.

Leyla ürəyimin zəif yerini tapmışdı. Bir az da təkid etsə idi, yəqin ki, ona bütün gecəni o qızdan danışardım. Xoşbəxtlikdən susdu. Leyla başını yorğanın altında gizlətdi. Araya sükut çökmüşdü. Sonra yorğanı başından atıb qalxdı.

- Necə yəni istəmir, - deyə səsini ucaltdı. Onun belə əsəbiləşməsi mənə qəribə gəldi. Həm də hərəkətləri gülməli görünürdü.

- Yaxşı, yaxşı əsəbiləşmə, istəyir, - dedim. - Mane olma, məktub yazıram, olarmı?

Gözlərini mənə dikdi və titrək səslə soruşdu:

- Kimə yazırsınız?

- Məni istəyən qıza, - deyə güldüm.

Qalxıb oturdu. Əllərini çənəsinə söykəyib sakit-sakit məni süzdü.

- Niyə elə baxırsan?

Çiyinlərini çəkib iti bir hərəkətlə başını çevirdi və yerinə uzandı.

 

***

O vaxtdan bir ay keçmişdi. Leyla hələ də mənim yanımda idi. Bu müddət ərzində o, mənə daha da yaxınlaşmışdı, əvvəlki kimi məndən ehtiyat etmirdi. Mənə elə isinişmişdi ki, mən işdə olanda bir yerdə qərar tuta bilmirdi. Hərdən, hətta işə zəng edib nə vaxt qayıdacağımı soruşardı. Bir gün axşam bütün həyatını mənə danışdı Leyla. Dedi ki:

- Mən dilənçi deyiləm. Livanlıyam. Atam həkimdir. Müharibənin ilk günlərindən atam və böyük bacım cəbhədədirlər. Bir gün də İsrail əsgərləri kəndimizin başından düşüb hamını qırmağa başladılar. Anamı, balaca qardaşımı da onlar öldürdülər. Biz isə qaçıb Suriyaya keçdik. Mən tək deyildim. Mənimlə rəfiqələrim də var idi. Əvvəl hamımız bir yerdə idik. Sonra ayrılıb hərəmiz bir tərəfə getdik. Mən və yaxın bir rəfiqəm ilk günlər atamın mənə bağışladığı qızıl boyunbağını satıb dolandıq - Leyla danışdıqca gözləri yaşla dolurdu. Hər dəfə də əlinin arxası ilə gözünün yaşını silərək söhbətinə davam edirdi. - Sonra pulumuz qurtardı. İki gün ac dolandıq. Daha səbrimiz tükənmişdi. Rəfiqəm kazinoya getməyimizi məsləhət bildi. Razı olmadım. Bir gün də keçdi. Rəfiqəm məndən ayrılıb getdi kazinoya. Çox sonra ona küçədə rast gəldim, pul diləndiyim yerdə. Soruşdu ki, necə dolanıram? Dilənçilik edirəm, - dedim. Məni qucaqlayıb ağladı. Pul verdi, götürmədim. Sonra çıxıb getdi. O vaxtdan ona rast gəlməmişəm. Bu dilənçi paltarını da mənə qoca bir dilənçi verdi. O da livanlı idi. Dedi ki, sənə bu paltarda heç nə verən olmaz. Bir də, bu paltarla dilənçilik etmək çətindir. Onun mənə verdiyi paltarı geyib küçələri dolaşmağa başladıq. Əvvəllər utanırdım. Sonra öyrəndim. Hərdən günlərlə ac qalırdıq, dilimizə bir şey dəyməzdi. Sonra qoca xəstə düşdü, ona da mən diləndiyimdən pay saxlayırdım. Qış girəndə öldü qoca. Lap tək qaldım. - Sözünə ara verdi. Susdu, sonra başını qaldırıb mənə baxdı: İndi bu kimsəsiz qıza ürəyim lap çox yanırdı. Fikirləşdim ki, bu dəqiqə onu heç bir qüvvə mənim əlimdən ala bilməz. - Sizə rast gəldiyim günlər dilimə heç nə dəyməmişdi. Daha gəzməyə taqətim yox idi. Binaların giriş qapıları arasında gecələyirdim.

Yanağından süzülən damlaların soyuqluğu məni diksindirdi. Məni harasa qoparıb aparan bu söhbət ürəyimi tapdalayırdı. Nədənsə öz uşaqlığım yadıma düşdü...

- Bəsdir, Leyla, Allah xatirinə, bəsdir, - deyə bağırdım.

Leyla diksindi:

- Nə oldu, ağa, niyə ağlayırsınız? - dedi.

- Heç nə, Leyla, heç nə, - dedim.

Mənə yaxınlaşdı, əllərini uzadıb gözlərimi örtdü:

- Sən yaxşı adamsan, ağa, - dedi.

- Ağa yox, Rüstəm.

Güldü:

- Dilənçilik mənə "ağa" sözünü öyrədib, ağa. Lakin mən dilənçi deyiləm, inciməyin, çalışaram unudum.

Leyla radionun yanından uzaqlaşmazdı. Xüsusən, mən evdə olmayanda, ya da bir işlə məşğul olanda. Livan haqqında verilən xəbərləri diqqətlə dinləyərdi. Livanın kiçik müvəffəqiyyətlərini belə, eşidəndə sevincindən uşaq kimi əlini əlinə vuraraq atılıb düşərdi.

Bir gün də:

- Daha çıxıb getmək vaxtıdır, - dedi, - onsuz da sizə olmazın əzab vermişəm.

- Hara gedəcəksən? - soruşdum.

- Dilənçilik etməyə.

- Utanmırsan?

- Utanıram.

- Bəs niyə gedirsən?

- Başqa çıxışım yoxdur, ağa.

- Ağa yox, Rüstəm.

- Hə, Rüstəm, Rüstəm, başqa çıxışım yoxdur.

- Heç yana getməyəcəksən. Qışı burda qalarsan. Sonra istəsən, gedərsən. Daha dilənçilik etməyə yox. Əhmədlə danışmışam, bəlkə sənə iş tapdı.

Leylanın sevincdən gözləri yaşardı. Qucaqlayıb üzümdən öpdü.

 

***

Qış artıq çıxmaq üzrə idi. Günlər getdikcə Leylada özümə qarşı bir doğmalıq görürdüm. Çalışırdım ki, nəyin bahasına olursa-olsun, bu hissləri özümdən uzaqlaşdırım. Lakin o mənə o qədər mehriban idi ki, artıq bu mehribanlığı ilə qəlbimə yol tapmışdı. Mən isə hər vasitə ilə bunu hiss etdirmirdim. İndi onu özümdən uzaqlaşdırmağın mənim üçün necə çətin olduğunu özüm duyurdum. Bircə yolum var idi; o da mənə olan bu yaxınlığın qarşısını almaq. Bu fikirlər əlindən özüm bir əsəbi hal keçirirdim. Hətta qaba cavablar qaytarır, hər bir sözünə əsəbiləşirdim. Susardı onda Leyla, bəzən də sakit-sakit ağlayardı. Bəzən də bişirdiyi yeməkləri pisləyərdim. Niyə, özüm də bilmirdim. Bilmişdim ki, bu kimsəsiz qıza olmazın əzablar verirəm. Başqa bir çıxış yolum yox idi. Ona "çıx get" deyə bilmirdim. Onun burda olması da mənim üçün hərtərəfli çətin idi, xüsusən, mənəvi çətinlik çəkirdim. Ya onunla həmişəlik qalmalıydım, ya da onu, necə olursa-olsun, özümdən uzaqlaşdırmalıydım. Doğrusu, onun çıxıb getməsini heç özüm də istəmirdim. Çünki o, özü də bilmədən ürəyimə yol tapmışdı. İşdə olanda fikrim elə onun yanında olurdu. Əvvəllər ildırım sürətilə keçən vaxt indi keçmək bilmirdi. Evə dönəndə isə istər-istəməz onu acılayırdım.

Bir gün də Leyla məni daha qapıda qarşılamadı. Tez içəri keçdim, - Leyla, - deyə çağırdım. Yox idi. Getmişdi. Hara? Bilmirəm. Stolun üstünə kağız yazıb qoymuşdu.

- Əziz ağam Rüstəm, bağışla məni. Sənə çoxlu əziyyət vermişəm. Son günlər sənin keçirdiyin hala dözə bilmirdim. Nə olmuşdu sənə, səbəbini bilmədim. Hərdən mənə elə gəlirdi ki, qəsdən belə edirsən ki, mən çıxıb gedim. Mən səni başa düşürəm... Mən gedirəm, bəlkə sənə yaxşı oldu... İndi bircə arzum var: sizin mənə etdiyiniz hörmətin əvəzini çıxmaq. Sağ olun, ağa. Allah sizə kömək olsun.

Leylanın çıxıb getməsi dünyanı gözümdə qaraltdı. Yazdığı kağız isə məni olduqca mütəəssir etdi. Yerimdə quruyub qalmışdım. Məni soyuq tər basmışdı. Nə isə təngnəfəs olmuşdum. Nə edəcəyimi bilmirdim... Tələsik küçəyə çıxdım, ətrafa boylandım. Qabağıma açılan ilk küçəyə çıxdım. Həmin axşamı, demək olar ki, Dəməşqin yarısını gəzib çıxdım. Ağlıma yüz cür fikir gəlirdi... Ola bilsin, kazinoya gedib. Çünki onun kağızında "Sizin mənə etdiyiniz hörmətin əvəzini çıxmaq" sözü məni bu kimi fikirlərə məcbur edirdi. Lakin özümə təsəlli verirdim ki, yox, Leyla belə etməz. Yox. O özünü bu qədər alçaltmaz. Yox, ola bilməz.

Bu fikirlərlə Viktoriya körpüsü yanındakı "Karavan", Saliyyə küçəsindəki "Əl-hamra" kazinolarına gəldim. Heç birində yox idi. Bəs hara gedib Leyla? Ağlıma mənə söhbət etdiyi qoca dilənçi düşdü. Onu dəfn etdiyi qəbiristanlıq ağlıma gəlirdi. Tez ora yollandım. Leyla burda idi. Oturub ağlayırdı, əlini yelləyə-yelləyə öz-özünə nəsə deyib ağlayırdı. Onun bu hərəkəti ilk baxışdan dəli olmuş adamın hərəkətlərini xatırladırdı. Ona yaxınlaşdığımı hiss etmədi. Çiyinlərindən tutub: - Leyla, - dedim. Yerindən dik atıldı. Ağa, - deyib, məni qucaqladı, hönkürüb ağladı...

Bütün yolboyu dinib-danışmadıq. Hərdən başını qaldırıb mənə baxırdı. Gözləri ağlamaqdan qıpqırmızı idi. Həmin gecə onunla heç nə danışmadım. Bütün gecə gözümə yuxu getmədi. Onun bu hərəkəti mənə olduqca təsir eləmişdi. Başa düşürdüm ki, bu son günlərdə ona əzab vermişəm, ona qarşı insafsız olmuşam.

Səhər-səhər o, məni adəti üzrə işə yola salmadı. İşdən qayıdanda da qarşılamadı. Otağına keçdim. Yatmışdı. Oyatmadım. Görünür, o da mənim kimi səhərədək oyaq qalmışdı. Qayıdıb mətbəxə gəldim. Adəti üzrə yemək hazırlamışdı. Bişirdiyi yeməyə əl vurmadım. Gözlərini açıb məni süzdü. Gözləri yaşardı. Sonra qalxıb boynumu qucaqladı.

- Bağışla məni, ağa, bağışla, - deyə hönkürüb ağladı.

- Sən məni bağışla, Leyla... - başını sinəmdən araladım, - sən məni bağışlamalısan, - deyə gözünün yaşını sildim. Eşidirsənmi, Leyla, düzgün hərəkət etməmişəm, bağışla məni... - Səsim olduqca zəif və boğunuq idi. Başının hərəkəti ilə "hə" dedi. Araya sükut çökdü. Başını sinəmə sıxıb susmuşdu Leyla.

- Leyla, məni doğrudanmı, o yazdığın kimi təsəvvür edirsən?

Yenə başıyla "yox" dedi.

- Bəs niyə elə yazmışdın?

Çiyinlərini çəkdi. Başını qaldırıb mənə baxdı. Ürəyim yandı Leylaya, əyilib üzündən öpdüm. İsti bir hiss ürəyimə süzüldü...

- Ağa, sən yaxşı adamsan, yaxşı, - deyə pıçıltı ilə danışdı, dərindən köks ötürdü...

Sonra günlərin birində Leylaya o qızdan danışdım. Heç danışıb-dinmədi. Hiss edirdim ki, ona söhbətim ləzzət eləmirdi. Lakin ona bunu deməyə məcbur idim. Onu özümdən uzaqlaşdırmağa çalışırdım. O, isə məni sadəcə yorğun baxışlarıyla süzürdü və söhbətimin fərqinə varmırdı.

 

***

Hər dəfə işdən evə dönəndə Leylanı balkonda oturan görərdim. Məni görən kimi qabağıma yüyürərdi, əlimdən diplomatı alardı. Qoluma girib mənimlə evə qayıdardı. Mənim üçün necə darıxdığını birnəfəsə deyərdi. Mənim ona belə laqeyd yanaşmağımdan küsərdi. Elə ki, məktub yazardım, gəlib yanımda oturardı. Ehtiyatla yazdığım məktubu sözbəsöz izləyərdi. Hökmən soruşardı, - kimə yazırsan? Mən də hər dəfə gah qardaşıma, gah bacıma, gah da hansısa bir dostuma, - deyərdim. Sevinərdi onda Leyla. Bir dəfə də soruşanda qəsdən "o qıza" dedim. Başını yelləyib getdi. Durub yanına gəldim. Başını yastığın altında gizlədib ağlayırdı Leyla.

- Nə olub sənə? - deyə yastığı başının üstündən götürdüm. Dinmədi. Bir də soruşdum. Hirsli-hirsli başını çevirdi.

- Mənə acığın tutub? Niyə?

Cavab vermədi.

- Leyla, bir de görüm, nə olub axı? - Leyla niyə belə edirdi bilirdim, lakin buna baxmayaraq soruşurdum.

- Nə deyim? Guya bilmirsən? - dedi.

- Yox, bilmirəm, de, bilim.

Məni süzdü, sonra qəflətən: - İstəmirəm... - deyə qışqırdı.

Qulaqlarım cingildədi. Doğrusu, Leylanın belə qışqıracağını gözləmirdim.

- Nəyi istəmirsən? - deyə yavaşca soruşdum.

Əsəbi halda yerindən qalxdı.

- İstəmirəm ona məktub yazasan, - dedi. Onun səsində nə isə bir hökm vardı.

- Hə, belə de. İndi başa düşdüm, - dedim. Sonra bir az ara verib.

- Yaxşı, daha yazmaram, - könlünü almaq istədim.

- Yox, yazacaqsan, - dedi, - Aldadırsan məni, aldadırsan. Çünki sən onu sevirsən.

- Yalandır, mən onu sevmirəm, - Leylaya yalan dedim.

- Sevirsən. Leyla qətiyyətlə cavab verdi. - Mən hər dəfə bir məktubu təkrar-təkrar oxuduğunu görürəm. Sən məni aldadırsan, ona yenə məktub yazacaqsan. Sizin dilinizi başa düşmürəm. Yalandan, ya qardaşınıza, ya bacınıza yazdığınızı deyəcəksiniz. Elə bilirsən, başa düşmürəm?... Sizin xəttinizdən başa düşürəm ki, ona yazırsınız. - Leyla mənə gah "siz" deyirdi, gah da "sən". Bu, adətən onun həyəcanlı vaxtlarında olurdu.

- Leyla, yox, daha yazmayacağam. Söz verirəm, daha yazmayacağam. İnan mənə, - deyə elə qəti dedim ki, Leyla inanan kimi oldu.

Doğrusu, həmin gündən nəinki ona, hətta heç kimə məktub yazmadım. Çünki bir neçə gündən sonra özüm qayıdıb getməli idim burdan.

 

***

Artıq yaz ayları başlamışdı. Dəməşq yenidən haylı-küylü olmuşdu. Bütün Dəməşq elə bil indicə yuxudan oyanıb canlanmışdı. Hətta Livanda da müharibə qurtarmışdı. İki gündən sonra mən vətənimə, el-obama qayıtmalı idim. Doğrusu, buna elə tələsirdim ki, günlər belə keçmək bilmirdi. Hər dəfə fikirləşəndə ki, bir neçə gündən sonra dostlarıma, qohum-əqrəbalarıma, məni qoynunda böyüdən, bütün uşaqlıq çağlarımın xatirəsi olan kəndimizlə görüşməliyəm, sevincimin həddi-hüdudu olmazdı. Lakin eyni zamanda ürəyimi sıxan şey də var idi; Leyladan ayrılmaq. Gecə-gündüz onu necə Livana yola salmağımı fikirləşirdim. Leyla bilmirdi ki, mən iki gündən sonra ömürlük ayrılmalıyam. Buna görə də onu özümdən əvvəl yola salmaq qərarına gəlmişdim. Elə həmin günlər İsrail əsgərlərinin Livanı tərk etmələrini elan etmişdilər. Leylanın sevincinin həddi-hüdudu yox idi. Bu arada bir dəqiqə olsun belə, məndən kənara durmurdu. Elə bil ki, ürəyinə dammışdı ki, tezliklə ayrılmalıyıq. Həmin axşam Leyla ilə uzun-uzadı söhbət etdik. Dilə tutdum ki, gedib atası və bacısından xəbər tutsun. Razı olurdu. İki daş arasında qalmışdı Leyla. Bilmirdi getsin, ya yox. Başa saldım ki, onsuz da mən burdayam, gedib öyrənsin, əgər istəsə, qayıdıb gəlsin. Və inanırdım ki, Leyla getsə belə, hökmən qayıdacaq. Hətta qayıdıb artıq mənim burda olmadığımı biləndə hansı vəziyyətdə olacağını da təsəvvür edirdim... Razılaşdı mənimlə Leyla.

 

***

Bir neçə dəqiqədən sonra Dəməşq-Beyrut avtobusunun yola düşəcəyini elan etdilər. Leyla məndən ayrılıb durmuşdu. Gözlərinin yaşı qurumurdu. Heç getmək istəmirdi. Birlikdə avtobusa qalxdıq. Leyla yerini tapıb oturdu. Mən isə: - yaxşı yol, -  deyib, iti hərəkətlə avtobusdan düşdüm. Bir azdan yerindən tərpənən avtobus apardı Leylanı, yanaqlarından süzülən göz yaşları ilə birlikdə... Və bilmədi ki, sabah mən də birdəfəlik Dəməşqdən ayrılmalıyam.

Avtobus tərpənəndə başını avtobusun pəncərəsindən çıxarıb, - Ağa, - deyə hönkürdü və əlləri ilə üzünü örtdü. Avtobus itənədək durduğum yerdən tərpənmədim.

Sonra çevrilib ağır addımlarla haylı-küylü küçələrdəki adamların arasında gözdən itdim. Ayaqlarım daha sözümə baxmırdı. Evə isə qayıtmaq istəmirdim. Çünki orada məni daha gözləyən olmayacaqdı...

 

Dəməşq

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!