"Yaddaş eskizləri" silsiləsindən
1984-cü ilin ilıq yaz günündə, inək sümüyündən hazırlanmış ağ təsbehi qədeşlər kimi fırlada-fırlada məktəbimizə tərəf gedirdim. Təsbehi tez-tez çevirirdim ki, şaqqıldasın, adamlar mənə baxsın. Baxansa yoxuydu.
Məktəbə çatmamış, beşmərtəbəli binanın blokunun girişində dayanmış nazik bığlı, iyirmi beş-otuz yaşlarında kişi məni səslədi: "Qaqaş, bir daağa (dəqiqə) olar səni?" Ona yaxınlaşdım. "Çıxağ yuxarı. Orda bir şey var, götürmey lazımdı. Kömey eliyərsən?" - məni çoxdan tanıyırmış kimi dedi. Üstəlik, SSRİ-nin "Böyüklərə kömək etmək hər bir pionerin borcudur" kimi şüarlarını məktəbdə bizə tez-tez təbliğ-təlqin etmişdilər deyə, dərhal razılıq verdim. Bloka girib pilləkənlərlə yuxarı qalxmağa başladıq. Əlini çiynimə qoyub gülər üzlə soruşdu: "Adın nədi?" - "Alpay". - "Yüz əlli doqquzda oxuyursan?" - "Hə". - "Neçənci sinifdə?" - "Dördüncü". "Qərdeşin, bacun var, Altay?", "Haralısız?" suallarına da cavab verdim. Adımı bir hərflə səhv deməsinə əhəmiyyət vermədim, öyrəşmişdim.
Üçüncü mərtəbəyə çatmamış, pəncərənin yanında dayandıq. Təsbehi ərkyana əlimdən alıb, diqqətlə baxıb dörd-beş dəfə çevirdi, sanki balaca ağ ilan bir neçə dəfə barmaqlarının arasından sivişib çıxdı. "Uy daa, əla alınır", - təsbeh fırlatmağına işarə edərək dedim. "Örgədərəm sənə". - "Təmiz sümükdəndi. Dostum ad günümdə bağışlıyıb", - lovğalandım. "Bəlkə mənə bağışlıyasan?" - göz vurdu. Mısmırığımı görüb təsbehi qaytardı: "Zarafat elədim, sağlığına qismət".
Sonra barmağını əlimdəki çantaya uzadaraq "Onu yerə qoy" dedi. Çantamı divara söykədim. O, təşvişlə ətrafına, pəncərədən aşağı baxandan sonra, pencəyinin yan cibindən içində yarısına qədər bulanıq su olan böyük şpris çıxardıb qoydu pəncərənin yanına. İlk dəfəydi real həyatda beləsini görürdüm. Bundan böyüyünü "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində (Morqunovun yanına vurulan) görmüşdüm. Heyrətlə şprisə, içindəki bulanıq suya baxdım, palçıqlı su idi elə bil.
Sol qolunda pencəyini, köynəyini çiyninə qədər qatlayıb, barmağıyla dirsəyindən bir az yuxarını göstərib dedi: "Bax, qaqaş, burdan iki əlinlə tutub gücün çatan qədər sıx". Dediyi yerdən qolunu sıxmağa başladım. O, şprisi götürüb içindəki mayedən bir az havaya fısqırdı. Ardınca işarə barmağının ucuyla dirsəyinin qatlanan yerindən biləyinə qədər gəzişib iynəni bir neçə dəfə ətinə batırıb çıxartdı, hirsli-hirsli nırçıldadı. "Bərk sıx... Aay sağ ol". Bayaqdan içimdə saxladığım sualı verdim: "Siz niyə özünüz özünüzə iynə vurursuz? Niyə həkimə getmirsiz?" - "Korradın işləri, Altay", - başını buladı, sifətinə kədər qarışıq qəzəb çökdü. - "Güclə tapmışdım dama..." - sözü axıra qədər demədi. - "Danışma. Danışanda gücün gedir, qolumu sıxammırsan". Pərt oldum. Düzü, nə adi bir sual verdiyimə görə gücümün azalacağını, nə də ondan belə reaksiyanı gözləyirdim. Eyni zamanda, yadımdan çıxmışdı deyəm, axı mən sizə nəyisə götürməyə kömək edəcəkdim.
Artıq içimə şübhə qarışıq qorxu dolmuşdu. Mənimçün pis adamlar oğrular, adam öldürənlər, bir də kinolarda bizimkilərə (sovet ordusuna) qarşı vuruşan nemesləriydi (alman faşistləri). Başa düşə bilmirdim, bu adam pisdir, yoxsa yaxşı?!
Mən qolunu sıxmaqda, o isə yenə barmağının ucuyla qolunun üstündə nəyisə axtarmaqda, nırçıldaya-nırçıldaya iynəni ətinə batırıb çıxartmaqdaydı. Qolunda qırmızı cızıqlar, qan görəndə ətim ürpəşdi, başımı yana çevirdim, işə yaramayan gücüm bir az da azalmışdı. "Qolunuzdan qan gəlir, iynə vuranda ağrıtmır?" - "Aa, olmadı ki. Dedim axı, sual vermə. Bərk sıx. Üzüvü mənə çevir". Üzümü ona çevirib qollarıma güc verdim, sağ qolumun biləyi ağrımağa başlamışdı.
1980-lərdə, öncəki illərdə tibb bacıları eyni şprisi hər dəfə dəmir qabdakı suda qaynadaraq günlərlə xəstələrə vururdular deyə, ucu korşalırdı. O şprislər indiki bir dəfə istifadə olunanlarla müqayisədə qat-qat çox ağrıdırdı, göynədirdi.
Onun böyümüş gözlərini görəndə dəhşətə gəldim, nədənsə, elə bildim, mənə qapaz vuracaq. Özümü bir növ, girov kimi hiss edirdim. Mandrajdaydım, əminiydim ki, qaçıb bunun əlindən qurtula bilməyəcəm. Artıq o, mənimçün pis adamıydı.
O, yorğunluqdan, ya başqa səbəbdənmi, gözləmədəyim halda iynəni pəncərənin yanına qoyub kədərli, bir az da yazıq təbəssümlə soruşdu: "Səhər çörey yiməmisən?" - "Yemişəm". - "Bəs nöş belə zəifsən?" Çiyinlərimi çəkdim, sifətimdəki qorxunu görüb əlini çiynimə qoydu, gülər üzlə dedi: "Qorxma, qaqaş. Mən pis adam döyüləm. Görürəm, sən də yaxçı oğlansan. Allah canuvu sağ eləsin. Amma mənimki bu gün gətirmir də. Səni də yordum, gəl bir az dincəley", - deyib divara söykəndi. Mənə elə gəldi, az öncə üstümə qışqırmağına peşman olub, yazığım gəldi ona. Yumşalmasından istifadə edib məndən əl çəkməyən "Niyə həkimə getmirsiz?" sualını verdim. Gülüb dedi: "Həkim xəstələnib. O da indi mənim kimi özü özünə iynə vurur". Bildim ki, məni başından etməkçün yalan deyir. "Yəqin dərsə gecikdün hə?" - soruşdu. Əlimi yelləyib Bakı ləhcəsiylə "Əybi yoxdu" dedim ki, mənə rəğbəti bir az da artsın, məni daha danlamasın. "Dərslərdən şatal çıxırsan?" (1) "Həri", - yalan dedim. Oxuyan uşaq olduğumçün, sinfimizdə dərsdən qaçmayan üç-dörd oğlandan biri mən idim. "Bikənin dərsindən də?" - "Həri", - yenə yalan dedim: tarix fənnindən bizə dərs deyən, sevimli Bikə müəllimənin dərsindən heç qaçmazdım.
Bu vaxt pilləkənlərin aşağısında əlində alma dolu zənbil olan yaşlı kişi göründü. Yanımdakı tez şprisi pencəyinin cibinə saldı. Yaşlı kişi yanımızdan keçəndə, qəribə nəzərlərlə bizə baxdı. Dördüncü mərtəbəyə qalxıb mənzilinə girənə qədər, həkimə getmək istəməyən adam özünü soyuqqanlı göstərmək istədi. Alınmadı, həyəcandan səsi titrəyə-titrəyə mənə suallar verdi: "Hansı tərəfdə qalırsız?", "Neftçinin oyunlarına baxırsan?", "İdman dərsində futbol oynuyursuz, basketbol?"
Yumşaq tona keçməsi, arada yaranan fasilə mənə güc verdi. İynəni cibindən çıxardıb bu dəfə "Bərk sıx" yox, son dərəcə mülayim, məhrəm tonda "Qaqaş, gəl axırıncı dəfə prob eliyək" deyəndə, özümü daha çox məsuliyyətli hiss etdim. Mən var-gücümlə artıq doğma bildiyim adamın qolunu sıxmağa, o isə barmağıyla axtarışa başladı, qəfil barmağını bir nöqtədə saxlayıb sevincək: "Tapdım. Oğulsan", - dedi. Nəyi tapdığını bilməsəm də, nəhayət, işə yaradığıma görə hədsiz sevindim, qürurlandım. Adını soruşmağı unutduğum adam iynənin ucunu tapdığı yerə yaxınlaşdıranda, yuxarı mərtəbədəki mənzillərdən birinin qapısı açıldı, kimsə dəhlizə çıxdı. O, şprisi pencəyinin yan cibinə salıb yuxarı, sonra mənə baxıb: "Tez get burdan", - dedi. Çantamı götürüb dilxor halda bundan aralanmışdım ki, qolumdan tutub saxladı, əlini şalvarımın sol cibinə salıb təsbehi, o biri cibimdən qırx qəpiyimi götürüb təlaşla dedi: "Heç kimə heç nə demə ha. Yoxsa sənə pis olar".
Məktəbə tərəf gedə-gedə, özümə nifrət edə-edə ağlayırdım. Ütülü qırmızı pioner qalstukumu boynumdan açıb, ovcumda əzib şalvarımın cibinə soxdum: hirsim soyumadı. Cibimdən çıxarıb yerə atdım, tapdalayıb toza bulaşdırdım, götürüb cibimə soxdum: yenə hirsim soyumadı. Qırx qəpiyə dörd gün məktəbin bufetində çörək parçasının üstündə nazik kəsilmiş doktorskaya kolbasa dilimi (kakaosuz, kompotsuz) alıb aclığımı öldürəcəkdim. Dördnəfərlik ailəmizi "Qobustan" jurnalında bədii redaktor işləyən atam yüz əlli rubl maaşla, arada yazdığı məqalələrdən aldığı qonorarlarla (beş-on rubl) dolandırırdı. Qəpiklərdən çox, mənə pis təsir edən ağ təsbehimin əlimdən alınmasıydı. Bilmirdim, sinif yoldaşım Əliş (Əliağa) "Təsbeh hanı?" soruşsa, nə cavab verəcəm. Bəlkə də olanı desəydim, onun gözündə qorxaq kimi görünməzdim, çünki təsbehimi alan adamla yaş, güc məsələsinə görə bacarmazdım. İstənilən halda özümü alçalmış hiss edirdim. Başıma gələnləri məktəbdə heç kimə danışmadım. Heç Əliş də təsbehdən söz salmadı.
O gün dərs boyu pis adamın sifəti xəyalımdan getmədi. "Evdə deyim, deməyim?, "Desəm, o adam xəbər tutub məni öldürərmi?" sualları məni qorxuya salmışdı.
Axşam təsbeh, qırx qəpik xaric evdəkilərə hər şeyi olduğu kimi danışdım. Atam məni danladı: "Mən axı bu evdə sənə yüz dəfə demişəm, tanımadığın adam səni yanına çağırsa, getmə". - "Dedi, gəl mənə kömək elə. Adam özünə iynə vurmaq istəyirdi. Burda nə pis iş var ki?" Atam məzəmmətlə başını bulayıb acı-acı güldü, başladı narkomaniyanın, morfinin necə dəhşətli şey olduğunu izah etməyə. Onda bildim, şprisdəki bulanıq maye nə imiş. Axırda dedi ki, o alçaq mənə də iynə vura bilərmiş və Allah bilir, hansı bəla başıma gələrmiş. Gah atama, gah da mənə baxan anam handan-hana özünə gəlib bir-iki nəsihət verdi. İkinci sinifdə oxuyan qardaşımsa heyrətlə bizə qulaq asırdı. Lap axırda dedim: "Heç kimə heç nə deməyin ha".
Həmin hadisənin üstündən qırx ildən çox keçib, çox güman, o narkoman (sifəti indiyə qədər yadımdadır) həyatda yoxdur. Fikirləşirəm, yuxarı mərtəbədəki mənzildən kimsə çıxmasaydı, narkoman morfini damarına vurub hallansaydı, neyniyərdi? Yəqin, gözləri axa-axa mənə ürəkdən "Sağ ol, qaqaş. Gedə bilərsən" deyərdi, bəlkə də onda nə təsbeh, nə də pul hayında olardı. Mənsə vacib tapşırığın öhdəsindən uğurla gəldiyimçün uşaq sadəlövhlüyü ilə sevinərdim, fəxrlə "Dəyməz, əmi", - deyib sağollaşardım.
Başıma gələnləri tanış həkim-narkoloqa danışanda, bunları dedi: "O narkoman heç vaxt onu həyata bağlayan morfidən sənə vurmazdı. Allah bilir, morfini necə gizli, çətin yollarla baha qiymətə alıbmış. Yəqin bilirsən, istənilən narkoman onu əldə etməkçün ən ağır cinayətə əl atır. Təsbehi başa düşdük, bilib ki, sümükdəndi, bahalıdı, satıb pul əldə edə bilərmiş. Amma qırx qəpiyi cibindən götürməyin adı rəzillikdi. Hə, bir şeyi deyim. O adam ancaq şizofren olsaydı, sənə morfi vura bilərdi. Damarına yox, elə əzələnə vursaydı, rəhmətlik atan deyən kimi, faciə baş verərdi".
23 avqust-16 noyabr 2025
Bakı-Şamaxı-Bakı
1 - 1980-ci illərdə, Bakı məktəblərində Azərbaycan sektorunun şagirdləri arasında işlənən jarqon söz: rus dilindəki "şatatğsə" (veyillənmək) feilinə aid olub, "dərsdən qaçmaq" mənasını verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
