İynə - Zəka Vilayətoğlu

Hekayə

Biri-birinə bitişik çoxsaylı kiçik odalardan birində Əliqurban kişi, həftələr, aylar idi ki, kirayənişin yaşayırdı. Onu gördüyüm ilk gündən, ömrünün son gününəcən o, çiçək alverilə məşğul oldu. Əvvəllər qərənfil alveri edərdi. Qərənfillərin alverini iyirmi yanvar qırğınının - günahsız oğullarımızın şəhid olduqları günün səhərisi tamamilə dayandırdı. Deyirdi ki, kişi olan kəs bu boyda qan-qadadan, ölüm-itimdən sonra qərənfil satmaqla pul qazanmaz. Bu qərənfillər şəhidlərin qanıyla boyanıb, deyirdi. Elə bu məqsədlə də o, keçdi başqa növ çiçəklərin, dərman bitkilərinin alverinə. İndi onun gecələdiyi kiçik, dar odanın içərisindən, yaxın ətraflarından cürbəcür qurudulmuş bitkilərin xoş rayihəsi duyulur, ümumi yaşayış sahəsi olan böyük həyəti başına götürürdü.

Əliqurban kişini ilk dəfə görəndə ondan heç xoşlanmamışdım. Burnu ördək burnuna oxşayırdı. Ağzı qulaqlarının, az qala dibinəcən uzanmışdı. Gözləri çox ölgün və biri-birindən çox da aralı və xırda idi. Qısası, xoş heç nə ifadə etmirdi. Amma sonrakı tanışlığımız əsnasında onun həlimxasiyyət, qonaqpərvər, dostcanlı, mehriban birisi olduğunun şahidi oldum. Bir deyimlə, çox maraqlı insanmış. Onunla yaxınlaşmamıza səbəb isə bir hadisə oldu. Onun qaldığı odadan qalxan qatı tüstü dumanını ilk gördüyüm anda çaşıb qaldım; bu, adi ocaq tüstüsü deyildi. Birdən anladım ki, odada yanğın var. Həyət-bacada kimsə görünmədiyindən özümü ora yetirdim və taxta qapını itələyib açdım. İçərini qatı tüstü bürümüşdü. Amma hələ alov hiss olunmurdu. Diqqətlə hər tərəfə göz gəzdirdim, tüstünü yaradan səbəbi, nəsnəni aramağa başladım. Handan-hana çarpayıya sərilmiş Əliqurban kişi dəydi gözümə. Barmaqlarının arasında kötüyü qalmış siqareti, çarpayının düz yanında qoyduğu stulun üstündəki külqabını görəndə məsələni anladım. Yatağa uzanıqlı vəziyyətdə siqaret çəkə-çəkə yuxulayıbmış və barmaqları arasında sıxılıb, "nəfəsi qaralan" həmin siqaret də bundan yararlanaraq, bir quldur, cani oxşarı sivişib aradan çıxmış və pambıq döşəyə düşmüşdü. Bununla da az sonra baş verə biləcək dəhşətli yanğının ilk közərtilərinə rəvac vermişdi.

Vaxt itirmədən kişini süpürləyib bayıra çıxardım. Bir tərəfi yanmağa başlayan döşəyin üstə su tökdüm, onun tamamilə söndüyünə əmin olunca, yerə sərilib hələ də özünə gəlməyən kişiyə yaxınlaşdım. Divar küncündəki vedrədəki azacıq suyu da kişinin üzünə çilədim ki, ayılıb özünə gəlsin. Bundan sonra o, sinəsi xışıldaya-xışıldaya aramsız öskürməyə başladı. Handan-hana zorla gözlərini açıb mənə baxdı. Ona bir az da yaxınlaşanda tünd araq qoxusu vurdu məni. Məsələ aydın idi - o, əməlli-başlı sərxoş idi və hadisə də bu səbəbdən törəmişdi.

Növbəti gün o, mehribanlıqla mənə yaxınlaşdı və gülümsəyərək, iri əlini kürəyimə qoyub dedi:

-Əmiqurban, ilk gördüyüm gündən sənin üz-gözündən xeyirxah insan olduğunu hiss eləmişdim.

Bu sözlər mənimçün çox xoş idi. Nəsə demək istəsəm də o, aman vermədi, dedi:

-Xeyirxah insanlar Tanrının ən sevimli bəndələridir, əmiqurban. Sağ ol, sən məni ölümün cəngindən qopardın! Mənim ölməyim qalsın bir yana, gör neçə mənzili yanğından qurtardın?..

Və biz o gündən dostlaşdıq. Tez-tez məni gül-çiçək qoxulu otağına dəvət edir, birlikdə bitki çayı içir, söhbətləşirdik. Bir gün mənə tanımadığım bir qəzet uzatdı. Alıb baxdım. Köşklərdən hər gün bir çox qəzetləri alıb oxusam və ümumən qəzet həvəskarı olsam da, bu adda qəzetlə rastlaşmamışdım... Qəzetdə Əliqurban kişinin şəklini vermiş, haqqında da geniş məqalə yazmış, onu el təbibi kimi tərifləyib göylərə qaldırmışdılar.

-Görürsən, əmiqurban, bütün hikmətlər, əminin qüdrəti - hamısı gördüyün bu bitkilərdədir... Bura bax bir, - o, məqalənin sonunda sıralanmış adları mənə göstərdi: -Bunların hamısı mənim xəstələrim olub. Birinin xərçəngini, birinin zobunu, birinin qaraciyərini sağaltmışam. Düzdür tibbi savadım olmasa da, bu sahədə çox səriştəliyəm. Yaxın gələcəkdə çözəl bir poliklinika açmaq istəyirəm. Tanınmış professorlar, həkimlər mənimlə işləməyə çox can atırlar, amma mən yaxamı ələ vermirəm. Qorxuram xərçəngin müalicə üsulunu məndən öyrənib, bütün resepti mənimsəyər, sonra da arxamdan elə bir təpik vurar, qovarlar ki, yarandığım günə peşiman olaram.

Əliqurban kişinin söylədikləri də, təbibliyi də mənə vız gəlirdi. Çünki bu cür adamlarla həyatımızda çox rastlaşırdıq və hamısının da kimliyi, təbibliyi rüsvayçılıqla sonuclanırdı.

-Əliqurban dayı, deyə bilərsinizmi, keçmişdə insanlar niyə yüz iyirmi, yüz qırx il ömür sürürdülər, amma bu gün bu yaş həddi altımış-yetmişə qədər azalıb?-qəfil ağlıma gələn sualı verdim.

-Həəə, əmiqurban, bəla da elə bundadır dəəə... Keçmişin adamları savadsız, avam idilər. Ona görə də çox dərin düşünmür, heç nəyin qayğısını çəkmirdilər. Məsəl var, deyirlər: "Ayağını isti et, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin". Bir də o adamların yeyib-içdikləri indiki kimi zəhərli, dərmanlı deyildi. Çayı da, bax, bu gördüyün bitkilərdən dəmləyib içirdilər.

-Yox, - qətiyyətlə dedim, - elə deyil. Bilirdim ki, onun sözlərində həqiqət var, amma birdən-birə ağlıma gələnləri söyləməklə, açığını deyim, özümü ağıllı, düşüncəli göstərərək, bir daha bu kişinin mənə olan etimadını, sevgisini bir az da gücləndirmək istəyirdim. Yaşımın da elə vaxtı idi ki, elə zənn edirdim çox ağıllı, həddən ziyadə ədəbli və bir az da uzağa gedib deyim ki, dahi birisiyəm. Dedim:

-Keçmişdə insanlar, burdan Hindistana, Ərəbistana getmək üçün nə qədər vaxt itirməli olurdular?

-Aylarla,-Əliqurban kişi dedi.

-Amma bu gün, cəmisi bir günə bu məsələni həll edirlər. Çünki keçmişin at, eşşək, dəvə kimi nəqliyyat vasitələrindən fərqli olaraq, bu gün qatarlar, təyyarələr mövcuddur. Deməli sürət hər şeyi həll edir və vaxt itkisinə yol verilmir. Vaxt itkisi, həm də ömür itkisi deməkdir.

-Elədir.

-Deməli, Allah da, artıq ömür israfçılığına yol vermir! Bir gündə həll oluna bilən məsələyə ayırılan aylarla vaxt və ömür itkisinin bununla da qarşısı alınır. Bax, budur bu zamandakı insanların qısa ömürlülüyünün səbəbi.

-Əhsən, əmiqurban, əhsən! Mən bilirdim ki, sən çox dərrakəli oğlansan,-kişi məni təriflədikcə özümdən müştəbehliyim artır, filosofluq həvəsinə düşürdüm.

-Əgər siz insan ömrünün uzanmasına səbəb ola biləcək müalicə üsulu tapsanız, şöhrətiniz daha da artar, dünyaya yayılar,-bunu qəsdlə dedim.

-Doğrudur... Əslində bununla bağlı çalışmalarım da var. Görürsən, bu bitki kökünü?.. Bu çox bahadır. Bunun yüz qramı min dollardır. Bir kurs dəmləyib içən adamın ömrü, azı on il uzanır. Amma baha olduğundan bunu hər adam almır...

Əliqurban kişinin bu qəfil uydurması gülüşümə səbəb olsa da, özümü ələ aldım. Onun yalan danışdığı bəlli idi. Mənə göstərdiyi bitki kökü andız bitkisinin kökü idi. Onu dağ-dərədə kefin istəyən qədər tapmaq olardı.

-Əmiqurban, sən mənim təbibliyimdən daha yaxşı yaza bilərsən. Görürəm, sənin insanlara, həyata baxışın daha aydın və mənalıdır, - kişi məni inamla tərifləməyə başladı. Bax, bu tərifinə inandım, deyəsən. Onun uzun-uzadı tərifinin qarşısında uçmağa qanadım yox idi. Bilmirdim neyləyim. Elə coşquyla arzu edirdim ki, kaş jurnal tez dərc olunaydı. O jurnal ki, orda mənim ilk hekayəm işıq üzü görəcəkdi. Yerə-göyə sığışmırdım. İndidən qoltuğum bu cür qarpızlanmışdı, ilk hekayəm mötəbər bir jurnalda çıxandan sonra axırım noolacaqdı?.. Həmin jurnalı tezliklə gətirib Əliqrban kişiyə göstərəcəyim günü elə səbirsizliklə gözləyirdim ki, necəliyini özünüz təsəvvür edin. Sanki həmin gün, doğrudan da hamı elə biləcəkdi ki, mən çox böyük adamam, dahiyəm, nə bilim kiməm. Allah vursun insanın bu müştəbehliyini və bu gün sevinirəm ki, o vaxtkı müştəbehliyi, nə yaxşı ki, doğrudan da Allah vurdu və heç, məncə, izi-tozu da qalmayıb və çoxlu sayda hekayələrim, bir neçə kitabım nəşr olunmasına baxmayaraq, dahi-zad da deyiləm və heç belə bir iddiam da yoxdur. İnanıb-inanmamaq sizin öz işinizdir.

Həmin ilk hekayəmi jurnalda gördüyü ilk gündən Əliqurban müəllim, aramızda otuzdan çox yaş fərqi olmasına baxmayaraq, birdən-birə mənimlə "siz"lə danışmağa başladı. Bunlar öz yerində... Məsələ, doğrudan da ciddiləşirdi. El-oba axışıb öz təbibinin yanına gəlir, dərdinə çarə axtarırdı. Əliqurban kişinin dar, çiçəkqoxulu odasına xəstənin biri girir, o biri çıxırdı. Qəribəsi də o idi ki, gələnlərin hamısı qadın idi. Aralarında bəzənib-düzənmiş, iri sağrıları erkək toğlunun yağlı quyruğu kimi sağa-sola yırğalana-yırğalana, titrəyə-titrəyə, yerə-göyə naz sata-sata, ətrafa bahalı fransız ətirlərinin xoş qoxusunu yayaraq, özünü bu dar odaya salanlar da az deyildi. Amma onlar xəstə yox, hansısa ağır bir xəstənin yaxınlarından idilər. Gəlir, çox baha qiymətə Əliqurban kişidən dərman bitkiləri alır, aparırdılar.

Xəstələri Əliqurban kişi üçün cürbəcür dadlı yeməklər də bişirib gətirirdilər. Xoşbəxtlikdən bəzi xəstələrin sağalmaları da müşahidə olunurdu. Bunu xəstələrin özləri etiraf etdikcə, mənim də bu qəribə adamın təbibliyinə inamım artır, həvəslənirdim ki, qələmimi itiləyib kişini özüməməxsus tərzdə vəsf edim. Amma qələmi hara fırladırdımsa, bax, elə bu cür bir hekayə ortaya çıxırdı. Ona görə də bu fikirdən birdəfəlik vaz keçməli oldum, düz bu günə qədər.

Əliqurban kişi məni odasına tez-tez dəvət edirdi. Deyirdi, xəstəm mənə dadlı yarpaq dolması bişirib gətirib, tələbəsən, ac olarsan, gəl adama bir az yeyək. Birtəhər boyun qaçırırdım. Qarın otarmaqla işim yox idi. Bu cür adamlara da, birmənalı olaraq, nifrət edirəm. Onun odasına o vaxt ayaq basırdım ki, o, artıq yeməyini yemiş olurdu. Bitki çayına isə heç bir sözüm, etirazım yox idi. Bu çayı həvəslə qəbul edir, içirdim.

Bir axşamüstü yenə xahişlə məni öz odasına dəvət elədi. Hərəmizə bir stəkan çobanyastığı çiçəyilə dəmlənmiş çay süzdü. Sonra əlinə kiloluq bankanı götürüb, qapağını aça-aça dedi:

-Əmiqurban, bu dovğanı bir az öncə bir xəstəm gətirib. Əla dovğadır, gəl, adama bir boşqab içək!

Etiraz etmədim. Dovğanı çox xoşlayıram, xüsusilə də yarpız dovğasını. Hələ bir az da tərxun, bir az da, bizim tərəflərdə adına "camış caynağı" deyirlər, əslində isə quş caynağına daha çox oxşayan (üstəlik də, çox gülməlidir-camışın caynağı olmur axı) bitkinin qarışığından bişirilərək, içinə də noxud vurulanda dadından doymaq olmur.

-Hə, əmiqurban, deyəsən bu dovğanı çuğundur yarpağından bişiriblər!.. Görürsən dəəə, xəstələrim məni necə çox istəyirləəər? - Əvvəl mənim, sonra da özünün boşqabına dovğa tökərək dilləndi. Sonra qaşığı əlinə götürüb boşqabdan bir qaşıq dovğa içərək dedi:

-Bəh-bəh-bəh!.. Əmiqurban, başla, çox dadlı dovğadır!

Qaşığı dovğayla doldurub ağzıma yaxınlaşdırmaq istəyəndə qaşıqdakı iynəni gözüm alınca bədənimi buz kimi soyuq tər basdı. Öz dovğasını iştahayla içməkdə olan kişi birdən bu halımı görüb soruşdu:

-Niyə içmirsən, əmiqurban?.. Olmaya dovğa xoşlamırsan?

-Xoşlayıram, amma bu,.. Görürsünüz?!

-Nəyi?

-İynəni!

-Nə iynə, hanı?

Qaşığı onun gözlərinə yaxınlaşdırdım və sanki zəhərli bir ilan barmağımı çalacaqmış kimi çox ehtiyatla iynəni çıxarıb ona göstərdim. İynəni görüncə, yerində donub qaldı, stula keçə kimi yamandı. Rəngi avazımış halda nəsə demək istədi. Udqundu, amma heç nə deyə bilmədi. Xeyli sonra dilə gəldi:

-Əmiqurban, sən Allah ürəyinə heç nə gəlməsin, bu, mənim işim deyil! Birdən elə bilərsən... Özün gördün ki,.. ikimizin də boşqabına eyni bankadan tökdüm dovğanı!.. Görəsən, bu, kimin əməlidir?.. Axı niyə belə iş tutublar?

Mən özümdə deyildim. Əliqurban kişini də görmürdüm daha. Gözümə görünənlər balaca Bombuluşa ilə Ala pişik idi. Qucaqlaşır, biri-birinin üz-gözünü yalayır, mehriban-mehriban oynaşırdılar. Ömründə görünməmiş bir olay idi. Həmişə deyərdilər ki, filankəslər heç yola getmir, biri-biriylə itlə pişik kimi davranırlar. Amma indi biri-biriylə mehriban davranan adamlara, çox asanca demək olardı ki, onlar itlə pişik kimi (bizim Bombuluşa ilə Ala pişiyimiz kimi), mehribandırlar. Bax, bu mehribanlıqdan dolayı həmişə düşünürdüm ki, köhnə dünya, deyəsən həqiqətən öz köhnəliyində qalıb və indi elə bir dünya qurulub ki, bu dünyada bütün canlılar biri-biriylə mehriban yaşayırlar. Neyləməli ki, hansı qonşununsa gözü götürmədi bu mehribanlığı. Kənddə atamın, çox böyük məhəbbətlə "Bombuluşa" adlandırdığı həmin itimizin, həyətdə öyümək, nəyisə qusmaq istədiyini gördüm bir gün. Bütün günü həmin nəyi isə qusmaq istəsə də heç nə qusa bilmədi və axşamtərəfi öldü. Atam dedi ki, itə çörəyin arasında iynə veriblər. Ən dəhşətlisi nə idi, bilirsiniz?.. Ala pişik, göyçək pişik, Bombuluşanın başının üstünü kəsdirib, tüklərini yalayır, imsiyir, onu oyatmağa çalışır, yazıq-yazıq miyoldayırdı... Sanki indicə mən həmin vəziyyətə düşəcəkdim. Bombuluşa kimi nəyisə qusmaq, qusmağa çalışmaq, hansı əzabdansa yaxa qurtarmaq üçün son qüvvəmi sərf etmək zorunda qalacaqdım. Ağlıma hər cür qara-qura fikir gəlirdi. Bəlkə Əliqurban kişinin məni öldürmək qəsdi vardı. İstedadlı adamı (o vaxtkı özündən müştəbehliyimin bir tərəfi də bu) gözləri götürməyənlər azmı idi?.. Ola bilərdi ki, ani diqqət yayınmamdan istifadə edib boşqabıma iynə atsın. Amma niyə?.. Bax, bu, çox şübhəli idi...

Biz ayrıldıq. Ayrılarkən nə o, mənə, nə də mən ona bir söz söylədim. Hiss edirdim ki, o, özünü günahkar hiss edir. Nəsə deməyə, özünə haqq qazandırmağa gücü çatmır. Baş verənlərin dəhşəti, sadəcə olaraq, onu keyitmişdi. Mən də beləcə bir vəziyyətdəydim...

Səhəri gün, o biri gün, lap o biri gün də Əliqurban kişini həyətimizdəki odasında görmədim. Bu günlərdə sağrıları quzu quyruğu kimi titrəyən və üz-gözündən eybəcər bir həyasızlıq tökülən bir qadın gəldi həyətə. Dinməz-söyləməz Əliqurban kişinin qaldığı odanın taxta qapısını taqqıldatdı. Qapını açan olmadığını görəndə cəftəni dartışdırdı. Bundan da kar aşmayanda haray-qışqırıq salmağa başladı: "Hanı o qurumsaq?.. Dünya-aləm pulumu aldı ki, xəstəni sağaldacam. Nooldu bəs?.. Kopayoğlu, dünyanın bilikli həkimləri xərçəngin əlində aciz qalıblar, sən xərçəng sağaldan idin, başımı aldadıb var-dövlətimi mənimsədin, məni quru yurdda qoydun?.. O boyda xərcdən-xəsərratdan sonra ərim getdi əlimdən... Dayan, qurumsaq, sənin də axırına mən çıxacam!..

Qadın çox danışdı, Əliqurban kişinin qarasınca çox söyləndi. Yalnız qonşulardan kiminsə "Əliqurban kişi daha burda yaşamır" deməsindən sonra sakitləşib, dodaqaltı deyinə-deyinə həyətdən çıxdı və qara rəngli bir xarici maşına əyləşib getdi...

Daha iki gün keçdi. Əliqurban kişinin odasının həndəvərinə fırlandım; buralardan çiçək qoxusu da gəlmirdi. Onun o iynə məsələsindən sonra qəfil harasa çıxıb getməsi şübhələrimi daha da artırdı. Deməli, onun məni öldürmək qəsdi varmış. İşin üstü açıldığından və bir daha üzümə çıxa bilməyəcəyindən bu yolu seçib, deyə düşündüm. Amma bayaqkı qadının ardınca başqa bir qadının da qəzəbdən kükrəyə-kükrəyə Əliqurban kişini axtardığını görüncə, şübhələrim yoxa çıxdı. Tam inandım ki, iynə məsələsi nə Əliqurban kişinin işidir, nə də mənimlə bir bağlılığı var. Sadəcə, həmin iynə bu qadınlardan biri tərəfindən "tilsimlənmiş" və Əliqurban kişini öldürmək üçün göndərilmiş bir ölümdür...

Səhər dedilər, qonşu həyətdə kimsə bir kişi ölüb. Az keçmiş xəbər gəldi ki, ölən adam Əliqurban kişidir. İndi bildim ki, o, uzağa qaçmamış, qonşu həyətdə yaşayan bir rus qarısının ikiotaqlı evini kirayələyibmiş. Bu gecə də yatıb, səhərə ölü çıxıbmış. Onun bu qəfil ölümünün səbəbi kimsəyə bəlli olmasa da, təxminən mənə bəlli idi. Əminliklə deyə bilərəm ki, onu dovğanın içindən çıxan iynənin xofu öldürmüşdü...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!