Cüvəllağı (Hekayə) - Zeynəb ƏLİQIZI

 

O, oğrun-oğrun ətrafına boylandı. Ona göz qoyan yoxdu. İrəli əyilib iki limon dilimi götürdü, birini dərhal ağzına təpdi, o birini qarşısındakı armudu stəkana salıb yaxşıca qarışdırdı. Yenə əyilib konfet götürdü, kağızını soyub ağzına atdı, çaydan horta-hortla içməyə başladı. Qonaqlar ona fikir vermir, mollanı dinləyirdilər. Qonşu otaqda arvadlar ağlaşırdı. Müstəcəbin atasını oxşayırdılar.

Müstəcəb yerindən ehtiyatla qalxdı. Acmışdı. Gələnlərlə nə qədər oturub limonlu çay içmək olardı? Bu limon da ki, adamın lap ürəyini sıyırır...

Müstəcəb özünü aşpazların yanına verdi. Əti qaynadıb iri ləyəndə seçib-sümükləyən kök qadın onun gəlişini hiss etmədi. Tikələrin birini qazana atanda ikisini ağzına atırdı. Müstəcəbi görsəydi, yəqin, belə eləməzdi.

Aşpazın köməkçisi Müstəcəbi görcək:

- Bala, lavrovı listiniz var? - deyə xəbər aldı.

Aşpaz onun ətəyini dartdı:

- Nə list aaz, qaçqındırlar, hardandı? Özü də bundan niyə soruşursan, görmürsən?.. - Arvad yağlı əlinin şəhadət barmağını gicgahına dayayıb sağa-sola burdu. Dodaqlarını büzüb muşqurdu.

Müstəcəb oradan aralaşıb iri samovarların yanına gəldi. Dayısı oğlanları odun doğrayırdılar. Müstəcəb nə illah eləyirdi, Vüqar telefonunu ona vermirdi, indi girəvə idi. Vüqar başını aşağı salıb işlədiyi vaxt telefonun qaçırıldığını duyub ayağa qalxdı.

- Ə, mənə ver, sənin yemin deyil! - deyib dişlərini qıcadı. Müstəcəb özünü arvadların içinə təpdi, xalasının yanında büzüşüb oturdu.

Müstəcəbin anası Sərvinaz qəzəblə bacısını süzdü. Ancaq xala ona məhəl qoymayıb halva boşqabının birini Müstəcəbin qabağına çəkdi:

- Ye, başına dolanım, ye. Elə sənin yediyin ehsan qəbul sayılır...

Sərvinaz Müstəcəbə göz-qaşla işarə elədi ki, durub yayınsın. Müstəcəb uşaq deyildi ki, on səkkiz yaşında cavan oğlandı! Amma xalası kimi Müstəcəb də ona əhəmiyyət verməyib dizlərini qatladı. Xalçanın üstündə oturub süfrəyə göz gəzdirdi. Stəkanlardakı suyun içinə qoyulmuş çay qaşıqlarının birini götürüb halvaya girişdi.

- Az, siz Allah, çörək... halva yeyin, - xalası dedi. - Çörək hazır olunca halva yeyin. Yaraşıq üçün qoyulmayıb ha! İraq olsun, yetimi yox... - çaşdı, sözünə düzəliş verməyə çalışdı, - belə... nə deyirdim e, ağlım da çaşıb. Körpəsi yox, filanı yox. Ehsanı qəbul olsun. - Hamı dönüb Müstəcəbə baxdı. Müstəcəb körpədən də, yetimdən də betər idi. Yazıq ağıldankəm idi.

- Bu qazı, işığı niyə kəsiblər e? - Müstəcəb birdən bərkdən dedi. - Camaat erməninin əlindən çıxıb gəldi ki, Bakıda rahat yaşasın, bu da belə.

Arvadların bəziləri yaylığının ucunu ağzına yaşmaq edib pıqqıldadı. Xalası birdən Vüqarın qapıdan ona elədiyi işarəni görüb Müstəcəbi dilə tutdu:

- Mənim ağıllı balamdır. Verəcək qaqasının telefonunu. Xalası ölsün... Allah boy verib, buxun verib, ağlını kasad eləyib.

Müstəcəb incidi. Bu qədər arvadın yanında xalası gərək ağıldan söz salmayaydı. Telefonu cibindən çıxarıb dinməz-söyləməz Vüqarın ona uzanmış ovcuna qoydu.

Müstəcəbi dayısı çağırdı:

- Ə, Cüvəllağı, bura gəl görüm.

Müstəcəb sıçrayıb ayağa qalxdı. Atası sağ olanda heç kəsi sayıb, vecinə almırdı. Amma indi dayısından bərk qorxurdu. Bir sözünü iki eləyən kimi, dayısı onu salırdı qapazın altına.

- Get gir tövləyə, al, bu da qapının açarı. Quzuların altını süpür, təmizlə. Peyini də gətir tök bu tərəfə, - əli ilə həyətin o biri tərəfini göstərdi, - ə, bir işin qulpundan yapış da, boyunu yerə soxum sənin!

Müstəcəb yerindən götürüldü.

Özünü yenə birtəhər xalasının böyrünə verdi. Bu zaman xalasının əri onu gördü. Müstəcəbin dayısını bir kənara çəkib pıçıltı ilə astadan nəsə danışdı. Müstəcəb onun sözlərini eşitməsə də, nə dediyini bilirdi. Çünki dərmanının və yatmağının vaxtı idi.

- De mən neyləyim? Getsin dal otaqda yatsın da, - dayısı dedi.

Onda Müstəcəbin xalasının ərinin səsi qalxdı:

- Ə, nə təhər yəni neyləyəsən? Dayısı deyilsən? Ə, dəlinin yiyəsi olar da. Görmürsən, ağzına gələni danışıb camaatı güldürür? Teatrdı bura? Tamaşa göstərirsiniz? Yazığı biriniz ora itələyirsiniz, biriniz bura. Anası bədbəxtin başı qarışıqdır. Ya sən, ya xalası (öz arvadını nəzərdə tuturdu) xəstənizi salın içəri, yatırdın da.

Müstəcəbin dayısı dərsini bilməyən uşaq sayaq başını bir az aşağı dikdi. Sonra bir siqaret yandırıb öskürə-öskürə bir-iki qullab vurdu. Öskürəndə yay kimi əyilib-qalxırdı. Başını arvadların oturduğu otağın qapısından içəri salıb baxışları ilə kimisə axtardı. Bacısı Sərvinazı görüb çağırdı:

- Az, dur bir bəri gəl görüm.

Müstəcəbin hamıya acığı tutmuşdu. Başqa vaxt qohum-əqrabalarının hamısı asıb-kəsir, məsələ-misalla danışıb hər şeyi yoluna qoyurlar. Amma indi heç birinin əlindən bir iş gəlmir. Gah onun özünü "Cüvəllağı" deyib çağırırlar, gah anasını, gah da yazıq, gözü yaşlı bacılarını ora-bura buyururlar.

- Bu yardım da belə getdi! - Müstəcəb birdən özündən asılı olmadan dedi.

Arvadlar ağlamaqlarını kəsib qulaq asırdılar. Xalası tez onun sözünü tutdu.

- Belə haraya getdi, qadan alım?

Müstəcəbin xalasının üz-gözündən biclik yağırdı. Sifəti qıpqırmızı fətir kimiydi. Elə bil anası Sərvinazla heç bacı deyildilər. Müstəcəb xalasını çox istəyirdi. Amma indi nədənsə, arvaddan yavaş-yavaş zəhləsi getməyə başlamışdı.

- Getdi də... papam deyirdi, yardımı alanda sənə toy eləyəcəyəm. Gör nə qədər yağ, un, qənd, çay, ət, düyü, pendir, limon, göyərti, dovğa, meyvə, çörək işlənir? Hələ qırx gün belə olacaq. Əşi, heç elə bil ölən-zad olmayıb. Elə bil bayramdır. Bircə oynamağımız çatmır... - Oturduğu yerdə qollarını qaldırıb hirslə tez-tez o yan-bu yana fırlatdı. - Buna yardım dözər?! Neyləsin hökumət? Qaçqınsan, öl qaçqın yerində! Amma toyu bir dəfə eləyirsən, qurtarıb gedir. Camaat da gəlib yaxşıca pul atır. Yoxsa bu nədir, bir şirvan, iki şirvan...

Arvadların bəzilərinin yenə pıqqıltısı eşidildi.

- Ə, Cüvəllağı...

- Cüvəllağı elə sən özünsən! - Müstəcəb elə hiddətləndi ki, xalasına cavab qaytardı. - Elə bilir, özü ağıllı adamdır. Dörd oğlun var, basıb orda-burda gizlətmisən. Rusyetə gediblər... - xalasının ağzını əyib səsini naziltdi. - Qoy iştirak eləsinlər də bu Vətənin xeyrində-şərində!

- Dəlidən doğru xəbər, - kimsə söz atdı.

- Ə, dur itil gözümün qabağından, it küçüyü! - xalası qızışdı. - Ağzının danışığını bilməyən dəli köpək oğlunun balası!

İçəri girən Sərvinaz dözmədi.

- Az, yavaş, az. Söydüyün köpək oğlunun hələ üçünü verməmisən. Ağzının sözünü bil...

- Az, görmürsən nələr danışır?! Məni lap hövsələdən çıxartdı. Buna bax, əllərim əsir... - Əllərini əsdirməyə başladı.

Kimsə su gətirdi.

- Al iç, toxda. Səhərdən özünə zülm eləyirsən...

Müstəcəbin xalası suyu kənara itələdi.

- Yazıq bacım, - dəsmalı gözlərinə sıxıb yenə gur səslə ağı deməyə başladı: - Allah sənə bu bəxti yazınca, itə qismət eləyəydi. Bu dəli-dülünün içində ömür-gün çürütməyəydin. Hö-hö-hö-hö!

Müstəcəbin atasının əmisi qızı məclisin ayaq tərəfindən dilləndi:

- Aaz, sözünə sərhəd qoy, ay ağbircək! Həmin dəli-dülünü birincisi, sənin öz bacın doğub. Şükür Allaha, bizlərdə yerli-dibli dəli-cüvəllağı olmayıb. İkincisi də, yazıq Müstəcəbi sənin o Rusiyətdəki ortancıl pörşülənmişin uşaq vaxtı başından vurub dəli eləyib. Nə dil-dil ötürsən, aaz, qan-bağır eləmisən bu yetimləri, bayaqdan mən dinmirəm!

Sərvinaz gəlib Müstəcəbin qolundan yapışdı, otağına apardı. Əlindəki su stəkanını onun çarpayısının yanındakı sınıq-salxaq dolabçanın üstünə qoydu. Yaylığının ucu ilə gözlərinin yaşını silə-silə ona yer salmağa başladı.

- Gəl uzan, mənim balam, - sonra xalatının cibindən bir həb çıxarıb o biri əli ilə su stəkanını götürdü. - Al, iç dərmanını. Mənim başıma kül. Elə bilmişəm bacım var, özümü unutmuşam...

Müstəcəbin ona yazığı gəldi. Sanki bununla anasının dərdini yüngülləşdirəcəkmiş kimi, dərmanı dinməz-söyləməz alıb uddu, sudan üç qurtum içdi.

- Ana, saat neçədir?

- Altıya işləyib, - anası dedi.

- Vay-vay! Axşamdır ki. Acından ölürəm, ana. Mənə yemək ver...

- Yaxşı, daha dərman içmisən. Bir az yat, ona kimi də xörək bişər, gətirərəm. Yaxşımı?

- Yaxşı, - Müstəcəb yorğanı başına çəkdi.

Yuxuda atasını gördü. Gəzməyə getmişdilər...

...Həkim demişdi ki, Müstəcəbə sakitlik lazımdır. Ona görə də atası sağlığında onu hər yay vaxtı İsmayıllıya, əmisioğlugilə gətirirdi. Pay-piyada çıxıb dağları gəzirdilər. Atası deyirdi ki, buraya gələndə özümü İstisuda hiss edirəm...

...İndi, budur, atası əlindəki kabab tikələrini yenə ona uzatmışdı:

- Ye, balam, ye. Səhərdən acsan. Allah bu dövranın üzünü qara eləsin. Millətin üzü bir-birindən dönüb. Qohumlarım da elə bil bu günü səbirsizliklə gözləyirmişlər... Ay ağsaqqal, ağbirçəklər... kaş biləydiniz ki... mən necə narahatam... Töküb-dağıtdığınız azuqə mənim balalarımın neçə aylıq ruzisi idi... Balalarımı ağlatmayın...

Müstəcəb matdım-matdım atasına baxırdı. Atası əzgin, yorğun görünürdü. Heç vaxt belə gileylənməmişdi. Belə aciz olmamışdı.

O, köks ötürdü. Sonra əlini uzadıb közdə qızarmız tikələrin ən irisini seçib götürdü. Dişləyib çeynəməyə başladı, ağzını marçıldatdı. Ağzında dad yox idi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!