Hekayələr - Akif ABBASOV

 

Əməliyyatı pozdun

 

Zaur bayaqdan qapının ağzını kəsdirib durmuşdu. Kollec direktorunun yanına keçmək istəyirdi, gözətçi imkan vermirdi. Axırı birtəhər onu razı saldı. Ağlayıb-sıtqamış:

- Dolanışıq yoxdur, evdə uşaqlar acından mələşirlər, - demişdi.

Gözətçi başa salmışdı:

- Keç, amma sakitcə dayan, özü də soruşsa, mən səni görməmişəm.

Zaur onun dediklərinə əməl etdi, lakin gözləməli oldu. Girib-çıxan çox idi. Bu zaman qalstuklu bir nəfər ona yaxınlaşdı. Zaur: "İndi qolumdan tutub, atacaq çölə", - deyə fikirləşdi.

Lakin onun gözlədiyinin əksinə olaraq həmin şəxs:

- Burada işləyirsən? - deyə soruşdu.

- Burada ... işləyirəm.

- Hansı vəzifədə?

"Adam məktəbdə nə işləyər, əlbəttə, müəllim", - deyə fikirləşən Zaur inamla dedi:

- Müəllim. Sənə nə lazımdır?

Həmin adam Zauru bir kənara çəkdi:

- Uşağın köçürmə məsələsi var; başqa kollecdən bura. Direktorla aran necədir? Düzəldə bilərsən?

Zaurun gözlərinə işıq gəldi. Pul öz ayağı ilə ona sarı gəlmişdi. Aldadıb çıxacaqdı aradan. Odur ki, döşünə döyməyə başladı:

- Direktorla qardaşam. Bir sözümü iki eləmir.

- Elə isə gəl danışaq.

Zaur cəld nə alacağını götür-qoy edib qərara gəldi:

- Danışaq. Üç min manat verirsən, istədiyin ixtisasa dəyişirəm.

Həmin şəxsin də söhbətdən razı qaldığı məlum oldu:

- Etirazım yoxdur. Pulu nə zaman, harada çatdırım?

Zaur sevincək, ruh yüksəkliyi ilə:

- Sən pulu çatdırırsan, mən də işləri yoluna qoyuram, - dedi.

Müştəri də əlavə etdi:

- Görüşəndə uşağın hansı kollecdən hansı ixtisasa dəyişiləcəyini də deyərəm.

Danışdıqları kimi Nizami kinoteatrının yanında görüşdülər. Rasim kimi özünü təqdim edən adam sənədləri Zaura göstərdi, sonra çıxarıb pulları saydı:

- Bu da üç min manat.

Zaur pulları alıb yoluna düzəlmək istəyəndə iki nəfər onlara yaxınlaşdı. Zaurun qollarını burub, qandal keçirdilər. Zaur çırpınmağa başladı:

- Qolumu niyə burursunuz?

Bu dəfə Rasim dilləndi, cibindən çıxardığı vəsiqəni ona göstərərək dedi:

- Orqandanıq. Sən fırıldaqçılıqda, dələduzluqda ittiham olunur və həbsə alınırsan...

Pullar əlinə dəyəndə sevindiyindən özünü göyün yeddinci qatında hiss edən Zaur indi canını qoymağa yer tapmırdı.

Onu apardılar. Sənədlərinə baxıb adını, soyadını, atasının adını, ünvanını yazdılar. Kollecdə baş alıb gedən rüşvətxorluq barədə hesabat hazırlanacaq, direktor, müavinlər, müəllimlər məhşər ayağına çəkiləcəkdi. Kollecə zəng etdilər. Oradan xəbər gəldi ki, həmin adda, nəm-nişanda adam tanımırlar, kollecdə belə bir adam nəinki müəllim, heç texniki işçi də işləmir.

Lap təəccüb qalınası iş idi. Zauru gətirdilər. O, həbs olunan şəxs təsiri bağışlamırdı. Pərt olmuş Rasim söz atdı:

- Elə bil kurorta gəlmisən, tutulmağın heç vecinə deyil.

- Düz deyirsən, qadan alım. Acından günortalar dururdum. Sağ olsunlar, yatmağa yerim yox idi, yer veriblər, gündə üç dəfə yeməyimi verirlər...

Rasim hiddətlə:

- Sən kollecin müəllimi deyilsən?

Zauru gülmək tutdu:

- Nəçənnik, mən hara, müəllimlik hara? Özü də kollec müəllimi. Mən vur-tut, üç sinif bitirmişəm.

Bu dəfə başqa polis işçisi dilləndi:

- Bəs kollecdə niyə sülənirdin?

- Getmişdim ki, yalvarıb-yaxarıb kollecin direktorundan 3-5 manat alım...

Hamı bir-birinin üzünə baxdı. Rasim acıqla:

- Gicbəsər, gül kimi əməliyyatı pozdun, - dedi və sonra göstəriş verdi. - Bunu azad edin, çıxıb getsin. Havayı yeməyə yer axtaran avaranın birisiymiş...

 

 

Sən də rahat yat, mən də

 

İki qonşu idi, hələ bir-birinə qohumluqları da çatırdı. Mirzəli düznəqulu adam idi. Fəzail isə həlləm-qəlləm, düzlüklə işi yox idi. Əli də əyri idi. İki daşın arasında əlinə keçəni çırpışdırırdı. Mirzəli onun əməllərindən xəbərdar idi.

Bir gün onlar səfərə çıxmalı olurlar. Gəlib mehmanxanada otaq kirayə edirlər. Qaş qaralır. Yatmaq məqamı gəlir. Fəqət heç birinin gözünə yuxu getmir. Mirzəlinin bir az pulu vardı, götürmüşdü ki, qızına bazarlıq eləsin. Qız tez bir zamanda gəlin köçəcəkdi.

Mirzəli bilirdi ki, yatsa, Fəzail pulu çırpışdıracaq. Fəzail də onun yuxuya getməsini gözləyirdi ki, pulun başına daş salsın.

Ona görə hər ikisinin yuxusu ərşə çəkilmişdi.

Bax, beləcə, yuxu gözlərindən tökülsə də, heç biri yuxulaya bilmirdi. Amma nə qədər gözləməli olacaqdılar?! Axırda Mirzəli yataqdan qalxıb işığı yandırdı:

- Fəzail, biz illər dostuyuq. Mənim üstümdə iki min 300 manat pul var. Qızıma cehiz almaq üçün götürmüşəm. O pulu sənə verirəm. Bir dost kimi özündə saxla. Sabah qaytararsan.

Fəzail key-key onun üzünə baxdı.

Mirzəli aydınlıq gətirdi:

- Bilirsən o pulu niyə verirəm? Sən də rahat yat, mən də...

 

 

Kitayla Sovet

 

Əbil Kərimli otağa daxil oldu. Kafedra əməkdaşları ayağa qalxıb təzim etdilər. Əbil müəllim əli ilə işarə etdi, yəni əyləşin. Özü də tez keçib kresloda yerini tutdu.

Əbil müəllimin xasiyyəti idi. Kafedraya girməyi ilə bir-birinin ardınca tapşırıqlar verərdi. Bu dəfə nədənsə üzünü yalnız Firəngizə tutdu. Firəngiz laborant idi.

- Fira, sən belə elə...

Firəngiz ayağa qalxıb onun nə deyəcəyini gözlədi. Əbil müəllim sözünə davam etdi:

- Deməli, belə. Sən düş aşağa - birinci mərtəbəyə. Anbarda pedaqoqların portretləri var. Xarici pedaqoqların, bir də bizimkilərin. De, onları gətirsinlər kafedraya. Sənlik deyil. Özləri gətirərlər. Kafedrada bir guşə düzəldib o portretləri divardan asarıq.

Firəngiz "baş üstə" deyib çıxdı. Az keçmiş əli ətəyindən uzun qayıdıb gəldi.

Əbil müəllim:

Fira, nə oldu? - deyə soruşdu. - Hanı portretlər? Gətirirlər?

Firəngiz pərt halda:

- Yox, gətirmirlər? Anbardar dedi ki, verə bilmərəm. Gərək Kitayla Sovetin razılığı olsun.

Əbil müəllim ayağa qalxdı:

- Bu nə deməkdir? Kitayla Sovetin bura nə dəxli?

O zamanlar SSRİ adlanan dövlətin tərkibində idik. İndikindən iraq. Çin Xalq Respublikası ilə SSRİ-nin münasibətləri çox gərgin idi. Hətta sərhəddə qan da tökülmüşdü. Hər iki tərəfdən itkilər olmuşdu.

Əbil müəllim gözünü döyə-döyə qaldı. Öz-özünə dedi: "Bir görürsən?! İki dövlət arasındakı siyasi münasibətlər gəlib haralara çıxır?! Yaxşı, Soveti anladım. Bizim respublika SSRİ-yə baxır. Bəs Kitay niyə razılıq verməlidir? Pedaqoqlar arasında çinli olan bir nəfər də yoxdur.

Əbil müəllim Firəngizə müraciətlə:

- Fira, get o anbardara de ki, səni Əbil müəllim göndərib, - dedi. - Nüfuzlu bir kafedranın müdiri, professor Əbil müəllim. Həlləm-qəlləm işlə də arası yoxdur. Ondan nə Kitaya, nə də SSRİ-yə ziyan dəyməz. Bildin, Fira?

Firəngiz tez:

- Bildim, Əbil müəllim, - dedi. - Bu dəqiqə.

Bir müddət ötmüş Firəngiz ağlaya-ağlaya otağa daxil oldu:

- Əbil müəllim, nə qədər yalvar-yaxar elədim, anbar müdiri yenə daş atıb-başını tutdu ki, Sovetlə Kitayın razılığı hökmən lazımdır.

Əbil Kərimli bu dəfə özü anbara düşdü.

Kafedra əməkdaşları da təəccüb içərisində idilər. Bu hadisənin nə ilə qurtaracağını səbirsizliklə gözləyirdilər.

Anbar müdiri Əbil müəllimi görcək ayağa qalxdı. Mehribanlıq göstərdi:

- Xoş gördük, Əbil müəllim. Başa düşürəm niyə gəlmisiniz. Vallahi-billahi, ixtiyarım yoxdur. Əlimdən bir iş gəlmir. Məni çıxarıb atarlar bayıra. Bir çətən külfətim var. Mənə tapşırıblar ki, Kitayla Sovetin icazəsi olmadan anbardan bir çöp də çıxara bilmərəm. İstəyirsiniz, lap öldürün məni.

Əbil müəllimin matı-mutu qurumuşdu:

- A kişi, mən Azərbaycan və bir də bəzi xarici ölkə pedaqoqlarının - Komenski, Uşinskinin portretlərini səndən istəyirəm. Bunun üçün Sovet İttifaqı, bir də Çin Xalq Respublikasının nə üçün razılığı olmalıdır? Məni başa sal görüm.

Bu dəfə anbar müdiri çaşıb qaldı:

- Əbil müəllim, Sovet İttifaqının Çin Respublikasının bura nə dəxli var?

Əbil müəllim dedi:

- Elə mən də onu deyirəm də...

Anbardar bir anlığa susdu, sonda məsələni başa düşüb gülməkdən uğunub getdi:

- Ay pir olmuş, Kitay - bizim universitetin komendantı, Sovet də - təchizat şöbəsinin müdiridir. Təzə işçilərdir. Onların icazəsi olmadan əlimizi tərpədə bilmərik.

Bu dəfə Əbil müəllim anbardara qoşuldu. Otağı gülüş səsləri bürüdü. Əbil müəllim gülüşünü kəsib:

- Oyunun olsun, Qulamhüseyn. Mən də deyirəm, bu iki dövlət niyə bizim işlərə qarışır. Sən demə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!