Hekayələr - Xeyrəddin QOCA

 

Bu da axırı...

 

Vəzifəyə təyin olunduğum gün sanki qiyamət qopdu. Telefon zəngləri az qala məni də, evdəkiləri də dəng edəcəkdi. Tanıdığım, tanımadığım adamlar zəng vurub məni təbrik edirdilər. Pa atonnan, heç bilməzdim ki, məni bu qədər tanıyan var! Yenə deyirəm ha, mən nəinki onların çoxunu tanımırdım, heç tanıdıqlarımın da bəzilərini yadıma sala bilmirdim. Hər halda, sağ olsunlar. Belə baxanda, adam-adamı xoş gündə təbrik edər də, burada qəribə nə var ki!

Ertəsi zavoddan, özü də maşınqayırma zavodundan bir nəfər zəng vurdu:

- Salam, qardaş, sizi öz adımdan, ailəmizin, dost- tanışlarımın adından ürəkdən təbrik edirəm! İnanın, televizorda təyinat xəbərini eşidəndə sevincimdən gözlərim yaşardı. Vallah, siz yeganə adamsınız, zəhmətinizlə, dişinizlə, dırnağınızla bu pilləyə qalxmısınız. İstəyirəm, sizinlə görüşək, bir tikə də çörək kəsək, nə deyirsiniz?

Mən də qayıtdım ki, "vallah, vaxtım yoxdur, amma təbrik üçün çox sağ olun".

- Nə olar fəhlə olanda, bizimlə otursanız dünya dağılar?

- Axı, mən heç sizi tanımıram...

- Oturarıq, tanıyarıq bir-birimizi. Müsəlman deyilik? Sizi sabah günorta "Xəzri" restoranında gözləyirəm.

Əlacım kəsildi, razılıq verdim. Dəvət olunduğum yerə taksi ilə getdim. Düşən kimi fəhlə "dostum" məni qarşıladı, təəccüblə soruşdu:

- Müəllim, taksi ilə niyə gəlirsiniz, şəxsi maşınınız yoxdur? Maşınınız yoxdur, məndə üçü var, birini verim, sürün özünüz üçün...

Çörək yeyəndə mən sadə adam olduğumu söylədim, fəhlə "qardaşım" təəccüb etdi, əlimdən heç nə gəlmədiyini bildirdim, fəhlə "dostum" heyrətləndi. Mən də yavaş-yavaş ondan şübhələnməyə başladım. "Bəlkə bir işin-zadın düşüb mənə, de görək", - deyə, soruşdum.

- Əşşi, nə iş, nə filan, ayıb deyil? Sizin ad- sanınızı çox eşitmişdim, ürəyimdən keçdi ki, yaxından tanış olum, vəssalam!

Yeyib-içəndən sonra ayrılıb getdik hərəmiz öz evimizə. Amma o adamın hərəkətləri məni çox düşündürdü.

Həftənin axırında yenə zəng vurdu:

- Qardaş, necə deyərlər, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu". Gəl bir oturaq, başımızı açaq.

- Sən Allah, üz vurma, vaxtım yoxdur, gəlməyəcəyəm.

- Mən tək olsaydım gəlməyə bilərdiniz. Sex rəisi də yanımdadır, ölür sizin üçün. Deyir, sizin kimi adamla tanış olmaq şərəfdir onun üçün.

- Bilirsiniz...

- Çox xahiş edirəm.

Razılaşdım, görüşdük. Keçən dəfəkindən də yaxşı süfrə təşkil edilmişdi. Fəhlənin-zadın gücü çatan şey deyildi. Çəkinə-çəkinə oturdum, elə özləri yeyib-içdilər, özləri də danışıb-güldülər. Mən tez getməyə çalışırdım. Birdən fəhlə keçdi "hücuma":

- Müəllim, and olsun Allaha, siz bizim ürəyimizin içinə girmisiniz. Sizin kimi sadə, səmimi insanı biz ömrümüzdə görməmişik. Elə o vəzifə də sizə halaldır. Amma hərdən kasıb-kusuba da bir nəzər yetirin.

- Mən insanları çox sevirəm.

- Müəllim, insanları sevmək azdır, gərək onlar üçün iş görəsən.

Fəhlə bu sözləri deyəndə dalağım sancdı. Deyəsən, şübhələrim düz çıxırdı.

- Elə bizi vəzifəyə ona görə qoyublar ki, insanlara xidmət edək, - deyə, cavab verdim.

- Müəllim, insanlar qoy qalsın bir kənarda, hələ bizim işimizi gör, sonra...

- Nə işdir sizinki?

- Bizim bu sex rəisi Kərim zavodun direktoru olmaq istəyir.

- Olmaq istəyir, olsun də. Mən nə edə bilərəm ki?

- Sizin əliniz yuxarılara çatdığı üçün çox şey edə bilərsiniz, müəllim!

Doğrusu, əsəbiləşdim. İstədim ağzıma gələni deyim bunlara, kəsdiyimiz çörək qabağımı kəsdi. Dedim:

- Bilirsiniz, nə var? Mən belə işləri bacarmaram. Bacarsaydım, qardaş-bacılarım, qohum-əqrəbam üçün bir iş görərdim. Məndən əlinizi üzün!

Fəhlə istehza ilə dilləndi:

- Əşşi, vallah, bizim çörəyimizin duzu yoxdur! Müəllimdən bir dənə xahiş etdik, o da belə oldu.

Dözə bilmədim:

- Gəlin, sizə iki dəfə qonaqlıq verim, qurtaraq!

Bu sözləri deyib, dik qalxdım ayağa, düzəldim yola. Amma qanım yaman qaralmışdı. Öz-özümə düşünürdüm:

- Bu da tanımadığın adamla çörək kəsməyin axırı!

 

 

Məsciddə "vur-çatlasın"

 

Aşura günü məsciddə iynə atsan, yerə düşməzdi. Bura şəhərin dindar camaatından başqa ətraf kəndlərdən də mömin müsəlmanlar gəlmişdilər. Məscid camaatı tutmadığından adamlar həyətdə ayaq üstə mərsiyəyə qulaq asır, "şaxsey-vaxsey" deyir, sinələrinə, başlarına yumruq, zəncir çırpırdılar.

Camaatı yarıb birtəhər özümü içəri salanda nə görsəm, yaxşıdır? Həyətin tən ortasında qoca kişilər və qadınlarla yanaşı, cavan-cavan qızlar, bığ yeri təzəcə tərləmiş oğlanlar "Ya Hüseyn! Vay Hüseyn" - deyə şivən qoparır, ikiəlli şarap-şarap açıq sinələrinə çırpır, gözlərindən bıldır-bıldır yaş axıdırdılar. Orta yaşlı bir kişi az qalırdı özünü şil-küt eləsin. Özü də elə qışqırırdı ki, səsindən qulaq tutulurdu. Yaxınlaşan kimi tanıdım. Dörd arvad alıb boşamış, uşaqlarını yetim qoymuş Balaqardaş idi. Zalımın sifətindən nakişilik yağırdı. Onunla ağız-ağıza verib sidq-ürəkdən sinə vuran, hər gün tərəzi dalında dayanıb camaatı çəkidə və qiymətdə aldatmaqda "ad çıxaran" alverçi Qara Möhsün idi. Özlərini şil-küt eləyib qana boyayırdılar ki, bəlkə Allah-təala təqsirlərindən keçə...

Bir az aralıda sinələrini döyəcləməkdən qızardan bazarkom Əsədulla və onun "əyan-əşrəfi" olan bazar nəzarətçilərinin ah-vayı məscidi başına götürmüşdü. Bazarkom "Ya Hüseyn! Vay Hüseyn" - deyə, qışqırdıqca nəzarətçilər "şaxsey, vaxsey!" - deyə, dəm tuturdular. Əsədullanın "oyununa" baxanda yadıma Əbdürrəhim bəy Haqverdiyevin "Uca dağ başında" əsərindəki Sofi Hüseyn düşdü. Necə ki, Sofi Hüseyn "gözünü bir-iki dəfə yumub açanda yaş gözündən saqqalı uzunu sel kimi axırdı" və səbəbsiz ağlaması ilə topalaşanları da ağladırdı, Əsədulla da bu sayaq təsir bağışlayırdı. Bircə Əsədullanın saqqalı çatışmırdı...

Başqa bir tərəfdə çarşaba bürünmüş arvadlar elə sinə vururdular ki, şappıltısından adamın əti ürpəşirdi. Elə qışqırırdılar, elə hönkür-hönkür ağlayırdılar ki, elə bil, ciyərlərini çəkib çıxarırdılar. Onların da bir neçəsi şəhərdə "məşhur" idi. Biri xəbərçi Mələknisəydi ki, kişinin qızı ondan buna, bundan ona deməklə beşcə dəqiqənin içində "aləmi" qatırdı bir-birinə. Vay onun çənəsinin altına düşənin halına!

O biri - çöpçü Fatma idi. Bir dəfə qonşunun uşağının boğazına barmağını necə soxmuşdusa, tifilin ürəyi getmişdi. Odur-budur, camaat arasında çöpçüyə inam itmişdi.

Ailələrə nifaq salan, "evlər dağıdan" Ağabacı isə az qala şəhid olacaqdı. Özünü döyəcləməkdən halsızlaşırdı, üzünə su səpib ayıldırdılar.

Arvadlar bir hoqqa çıxarırdılar ki, elə bil, min il bundan qabaq ölən imamlar onların yaxın qohumları imiş!

Gördüm ki, sinə, zəncir vuranların bədənləri qıpqırmızı qızardıqca ürəyim pis olur, tez məscidi tərk etdim. Amma bilmədim ki, bu "vur-çatlasın"da özlərini qana boyayan günahkarları göydəki kişi bağışladı, yoxsa yox?!

 

 

Məndə hal qalmadı...

 

Sovetlərin vaxtıydı. Türkiyədə yaşayan dostu azərbaycanlı yazıçını tez-tez öz ölkəsinə dəvət edirdi. Azərbaycanlı yazıçını isə Türkiyəyə buraxmırdılar, deyirdilər, Türkiyə sovetlərin düşmənidir. Yazıçı da bunu türk dostuna deməkdən çəkinirdi, odur ki, hər dəvətdən sonra bir bəhanə uydururdu.

Bir dəfə deyirdi, "xəstəyəm". İkinci dəfə "əmim ölüb" deyə, bəhanə gətirirdi. Üçüncü dəfə nəsə bir hadisə baş verdiyini bildirirdi.

Nəhayət, iki ölkə arasında sərhədlər açıldı, qardaş-qardaşa qovuşdu. Türkiyəli öz dostundan soruşdu:

- Necə olurdu ki, hər dəfə səni ölkəmizə dəvət edəndə başına bir hadisə gəlirdi?

Dostu izah etməyə başladı:

- Bir kişi hər gün evə gecikəndə arvadı soruşurmuş ki, "haradaydın?" Kişi də hər dəfə bir bəhanə gətirirdi. Gah deyirdi, "iclasda idim", gah deyirdi, "filan yerə getmişdim", gah da deyirdi, "iş başımdan aşır". Bir gün yenə kişi evə gec gələndə arvad başlayır deyinməyə, soruşur:

- Bəs indi nə deyəcəksən, kişi?

Kişi arvadının üzünə baxıb dillənir:

- İndi mənim yerimə sən özün bir şey uydur, ay arvad! Daha sənə cavab verməkdən məndə hal qalmadı!..

 

 

Televiziya müsahibəsi

 

- Hörmətli nazir, camaat niyə getdikcə kasıblaşır?

- Bütün dünyada kasıb-kusub var. And olsun Allaha, Amerikada kasıblar Ağ evin qabağında, küçədə yatırlar. Britaniyada axşam olan kimi girirlər bir sığınacağa, orada gecələyirlər. Heç uzağa getməyək, qonşu ölkələrdə nə qədər desən, kasıb-kusub yaşayır.

- Bəs, siz niyə kasıb deyilsiniz?

- Mən nazirəm!

- Maaşınız nə qədərdir?

- Min beş yüz manat...

- Villanı min beş yüz manata tikdirmisiniz?

- Villa tikdirən təkcə mən deyiləm ki!

- "Mersedes"i də min beş yüz manata almısınız?

- Hamı necə, mən də elə...

- Bağ evinizdəki imarəti min beş yüz manata tikdirmək olmaz, axı!

- Onun məsələyə nə dəxli var?

- Yəqin ailənizi də min beş yüz manata dolandırırsınız, hə?

- Bilirsiniz nə var, mən cinayətkar deyiləm, "dopros" edəsiniz?

- "Dopros"u müstəntiq edəcək, cənab nazir!

- Mən hələ tutulmamışam...

- Tutularsınız, darıxmayın!

- Tutulsam da, heç nə olmayacaq.

- Niyə?

- Verib qurtaracağam.

- Hər halda ləkələnəcəksiniz...

- Qətiyyən elə deyil, cavan oğlan! Həyatı öyrənmək lazımdır. Yığdıqlarım bəs nə üçündür? Buradan çıxarıb, başqa vəzifəyə qoyarlar...

- Daha sözüm yoxdur! Zəmanə ki, belədir, nə desəniz, gözləmək olar!.. Hörmətli tamaşaçılar, bugünkü müsahibimiz nazir Yığıb Verənov idi. Növbəti müsahibimiz zavod direktoru Qabiliyyətsiz İşqanmayanla olacaq. Suallarınızı canlı yayında verə bilərsiniz... Sağ olun, gələn görüşlərədək!

 

 

Nə ad verək?

 

Vallahi, qalmışam mat-məəttəl. Gecə-gündüz fikirləşirəm ki, bu müğənnilər niyə, nə üçün, nə səbəbə özlərini bu kökə salırlar?

Əvvəla, bunların qiyafələrini, yəni geyimlərini görəndə adam çaş-baş qalır. Heç demə, oxuyanlar üçün əsas məsələ elə bu imiş. Gərək elə geyinsinlər ki, nəzəri cəlb etsinlər. Şəhərdə bir kimsədə həmin geyimdən olmasın. Qızıl, brilyant üzüklər, cürbəcür sifət boyaları ...

Hələ bu harasıdır? Birdən oturub başıma vura-vura fikirləşirəm ki, bunların sahibi-zadı yoxdur bəyəm, çılpaq çıxırlar camaatın qabağına? Baxırsan, gözəl-göyçək xanımlardır, amma bədənlərinin bir-iki yerindən başqa hər yerləri açıq-aydın görünür. Hamı qalır baxa-baxa, heç kim bilmir bu "müğənnilər" nə oxuyur, necə oxuyur? Oralarını-buralarını əyə-əyə oynamaları da öz yerində.

Hələ çəkildikləri "klipləri" demirəm. Bir də görürsən, biri soyunub girir dənizə. Biri bədəninə yağ sürtüb arxası üstə yıxılır qumun üstünə, par-par parıldayır. Biri vannada uzanır, sabun köpüyünün içində. Biri yalandan göz yaşı axıdır. Biri qayanın başına çıxır. Biri döşəyə sərələnir. Biri yatır... Səs-küy, gurultu... Aləm qarışıb bir-birinə.

Öz mahnılarımızı oxuya bilmirlər, amma başqa millətlərin mahnılarını oxuyurlar. Allah, amandır!

Özü də hər gün televiziyalarda görünməsələr, ürəkləri partlayar. Axırda da nə desələr yaxşıdır: "Xalqa xidmət etmişik, bizə fəxri ad verin".

Sizə nə ad verilsin, ay xanımlar? Bizi el içində biabır-rüsvay elədiyiniz bəs deyil, hələ fəxri ad da istəyirsiniz? Xaricdə böyük-böyük müğənnilərə ad-filan verirlər? Onlara baxıb cürbəcür hoqqalardan çıxırsınız! Niyə onlara oxşamağa çalışırsınız? Elimizin-obamızın adət-ənənələri var, axı!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!