Sevgidən uzanan barmaqlar - Əlisəfdər HÜSEYNOV

("Sənət haqqında hekayələr" silsiləsindən tarçı Hacı Məmmədovun unudulmaz xatirəsinə)

 

Tarçı Nəcəfi musiqi texnikumunda işləməyə razı salmaq üçün, yalan olmasın, altı ay dilə tutmuşdular. Nəcəf qeyri-adi, fenomenal ifa qabiliyyətinə, texnikasına malik tarçı idi. Hətta ən soyuqqanlı insan da onun ifalarına biganə qala bilmirdi. Bu ifalar ovucda tutulmuş tumurcuğu nəfəslə isidə-isidə gül açmağa məcbur eləmək kimi bir şey idi. Özü də o gül hər dəfə fərqli rəngdə doğulurdu. Xüsusilə, muğamları çalanda insan, elə bil sözlə, cümlə ilə ifadə oluna bilməyən, fəqət rəngarəng səslərdən  hörülmüş emosional, təsirli bir nitq dinləyirdi - nöqtəsi, vergülü, sual və nida işarələri, hətta ara sözləri yerində olan qeyri-adi bir izhar. Bunu ilk dəfə ortaya atan bir musiqişünas, hətta qeyd etmişdi ki, tarçı Nəcəfin ifalarındakı pauzalar belə, səslərin dediyindən az demir, hətta bəlkə də onlardan çox danışır...

Tarçı Nəcəf keçilmiş yollarla gedən, stereotipləri, qəlibləri təkrarlayan ifaçılardan deyildi, pərdələr üzərində barmaqları gəzsə də, tarı ürəyi ilə çalan tarçı idi. Ona görə də ilk vaxtlar müxtəlif bəhanələrlə bu təklifdən boyun qaçırdı. Ona görə yox ki, müəllimliyə yuxarıdan aşağı baxırdı. Qətiyyən belə deyildi. Sadəcə, tarçı Nəcəf sənətdə müəllim-şagird münasibətlərinə hamı kimi yox, bir qədər fərqli baxırdı. Onun fikrincə, sənət, yaradıcılıq anadangəlmə istedadın, qabiliyyətin, başqalarında olmayan duyumun bəhrəsi idi və təhsilin gücünə nə tarçı olmaq mümkün idi, nə rəssam, nə də bəstəkar. Elə onun öz taleyi, ömür və sənət yolu buna bariz nümunə idi. Tar çalmağı müstəqil şəkildə öyrənməyə başlamış, hələ 11 yaşında qeyri-adi çalğısı ilə böyük Üzeyir bəyin diqqətini cəlb eləmiş, amma sonralar onun rəhbərlik etdiyi konservatoriyanı birinci kursun sonunda tərk edərək sevdiyi qıza qovuşmaq naminə Tibb İnstitutuna daxil olmuşdu. İndi peşəsi tarçılıq, ixtisası isə həkim-cərrahlıq idi. Onun bir qədər dinamik, çevik, lakin həddən artıq emosional ifa üslubu ilə peşəsi, həkimliyi arasında incə bir bağlılıq vardı. Bir əlindəki skalpellə insanların fiziki ağrılarını azaldır, o biri əlindəki tarı iləsə onların duyğularını sığallayır, ruhlarını müalicə edirdi.

Xülasə, Nəcəfin saqqızını oğurlayıb axır ki, razı saldılar. O, texnikumun tələbələrinə muğam sənətindən dərs deyəcəkdi və işin tərsliyindən bu sahədə heç bir dərslik-filan yox idi. Dərslər göstərmə üsulu ilə keçirilməli, yəni Nəcəf muğamın şöbələrini, guşələrini özü ifa edə-edə tələbələrə öyrədəcəkdi və əslində məktəb rəhbərliyinin də məqsədi o idi ki, tələbələr muğamları məhz Nəcəf kimi çalmağı öyrənib onun irsindən bəhrələnsinlər.

İlk dərsə tarçı Nəcəf musiqişünaslardan birinin "Nəcəfin qızıl tarazlıq qanunu" adlandırdığı qaydanın izahı ilə başladı. Dedi ki, tar ifaçılığı ruh və bədənin, yəni barmaqların və biləyin vəhdətində formalaşır, dəyər qazanır. Ruhsuz bədən və bədənsiz də ruh olmadığı kimi, tarçının da duyğuları, ruhu musiqini öz içində əritməsə, barmaqlar onu heç vəchlə canlandıra bilməz.

Sonra dedikləri asan başa düşülsün deyə fikirlərini bu sayaq konkretləşdirdi: Əgər tarçalanın biləyinin, barmaqlarının sürəti çalınan muğamın məzmununu açmağa xidmət etmirsə, o ifa bir qara qəpiyə dəyməz. Eyni zamanda o barmaqların, biləyin həmin məzmunu ifadə eləməyə gücü çatmırsa, tarçı olmaq istəyən tarı rahat buraxıb özünə başqa peşə axtarsın.

Daha sonra tarı götürüb dediklərini "Rast" muğamının "Şikəsteyi-fars" şöbəsinin ifası ilə nümayiş etdirdi - əvvəl iti gəzişmələri, sürətli keçidləri bir-birinə caladı və "Şikəsteyi-fars" əvəzinə səs horrasına bənzər bir şey alındı. Ardınca şöbəni normal şəkildə səsləndirməyə gücü çatmayan barmaqları, biləyi imitasiya elədi. Kiçik bir fasilədən sonra tələbələrə təklif elədi ki, hər kəs növbə ilə "Şur"un "Bərdaşt"ını çalsın, görsün kimin qabında nə var. Və nəticə Nəcəfi çox məyus elədi. Tələbələrin ifaları əzbərlədikləri şeiri düdüləyib tökən şagirdlərin çıxışına bənzəyirdi.

- Yox, belə olmaz. Hamınız eyni şeyi təkrarlayırsınız. Muğamı əzbərləyib çalmırlar. Nəcəf bilirdi ki, sərt danışır, amma fikirləşdi ki, belə yaxşıdır.

Pərt olmuş tələbələrdən biri mızıldadı:

- Bizə nə öyrədiblər, onu da çalırıq da, müəllim.

- Sizə öyrədiblər ki, tutuquşu kimi hamınız eyni şeyi təkrarlayın? Muğamı ələ baxıb təkrarlaya-təkrarlaya öyrənmirlər.

- Bəs, necə öyrənirlər? - tələbələrdən bir başqası soruşdu.

- Muğam duymaqdan, onun obrazını tapmaqdan başlayır, oğlum, yamsılamaqdan, kimisə təkrar etməkdən yox, - Nəcəf mülayim tona keçdi. - Muğamı tam dinləmək, onun gözönü obrazlarını tapmaq, sonra isə bu fonda onu bir növ yenidən yaratmaq lazımdır.

Tələbələr susub maraq və bir az da təəccüblə ona baxırdılar. Görünür, təzə müəllimin dediklərini, necə deyərlər, həzm etməkdə çətinlik çəkirdilər. Nəhayət, onlardan biri sükutu pozdu:

- Onda hərə təzə bir "Şur", nə bilim, "Rast", "Çahargah" yaradar ki!..

Sinfə xəfif gülüş səsləri yayıldı. Amma Nəcəf müəllim bundan pərt olmadı. Ayağa qalxıb həmin tələbəyə yaxınlaşaraq əlini onun çiyninə qoydu.

- Sən bizim tarçılardan, tutaq ki, Həmzə Əliyev və Rəşid Babayevin çaldıqları "Rast"ı dinləmisən?

- Əlbəttə, - oğlan əlüstü cavab verdi.

- Onda de görüm, onların ifa etdikləri "Rast"lar bir-birinin surətidir, yəni ikisi də eyni "Rast"dır?

Oğlan dərhal nə isə demək istədi, amma bir anlıq duruxub sözünü uddu. Heyrətdən geniş açılmış gözlərini Nəcəfə dikib alçaqdan dedi:

- Həm hə, həm də yox. Həmzə müəllimin ifa etdiyi "Rast" Rəşid müəlliminkindən daha lirik, daha sakitdir. Rəşid müəllim isə "Rast"ı coşqun tempdə çalır.

- Ay sağ ol. Bax, bu fərq əslində ifaçıların ruhları arasında fərqdən irəli gəlir. Bir-birlərini təkrarlamasalar da, hər ikisi gözəldir. Bundan o nəticə çıxır ki, ifaçının çaldığı əsər əslində onun ruhunun obrazıdır. Ona görə də çalışmaq lazımdır ki, öz duyğularını, onların ritmini, ahəngini ifana hopdurasan. Onda sənin ifan yaxşı mənada başqalarından seçiləcək, dinləyiciləri cəlb edəcək.

İlk dərs belə yekunlaşdı.

Günlər bir-birini əvəz etdikcə Nəcəf müəllim görürdü ki, tələbələr onu dinləsələr də, sanki eşitmirlər. Bu, heç şübhəsiz, dərslərin keçirilmə üsulundakı yeniliklə bağlı idi. Çalışırdı ki, muğamın şöbələrini öz çaldığı kimi tələbələrə, necə deyərlər, yedizdirməsin, onlar barmaqlarının deyil, ruhlarının yaddaşına güvənsinlər. Ona görə də həmin şöbəni bir, uzaqbaşı iki dəfə çalıb deyirdi ki, eşitdiklərini yüzə-yüz təkrar etməsinlər, ürəklərinin istəyi ilə çalsınlar, öz duyğularından da ora nəsə qatsınlar. Tələbələr isə muğamı barmaqlarının yaddaşına tapşırmışdılar; ruhlarını isə bu səslərin yaxınlığına buraxmırdılar. Sanki hamısı eyni qapının ağzında dayanmışdı və içəridə nə olduğunu bilsə də, heç kim qapını açmağa cəsarət etmirdi.

Nəcəf müəllim getdikcə həvəsdən düşür, texnikumda işləməyə razılıq verdiyinə görə özünü danlayır, fəaliyyətinə son qoymaq üçün bəhanələr axtarırdı. Xoşbəxtlikdən bu bəhanəni texnikumun direktoru, necə deyərlər, ona hədiyyə etdi.

Sinfə girib növbəti dərsə başlamaq istəyirdi ki, direktorun katibəsi içəri daxil olub dedi ki, direktor onu yanına çağırır.

Kabinetə daxil olanda direktorun tutqun çöhrəsindən, çatılmış qaşlarından bu gözlənilməz dəvətin arxasında heç də xoş bir niyyət dayanmadığını əlüstü hiss elədi. Amma özünü o yerə qoymadı. Salam-kəlamdan sonra stul çəkib oturdu.

Direktor birbaşa mətləbə keçdi:

- İşlər necə gedir, Nəcəf müəllim?

- Yaxşı getmir, - Nəcəf müəllim konkret və birbaşa cavab verdi.

- Bilirəm, xəbərim var, - direktor ayağa qalxıb kabinetdə var-gəl etməyə başladı. - Tələbələrin valideynlərindən narazılıq edənlər var. Hətta istəyirlər ki, uşaqlarının siniflərini dəyişsinlər.

- Bax, bu, çox yaxşı olar, - Nəcəf sakitcə dedi.

Direktor bu cavabı gözləmirdi. Kabinetin ortasında ayaq saxlayıb Nəcəf müəllimə tərəf çevrildi.

- Nəcəf müəllim, biz sizi o ümidlə dəvət etmişdik ki, təcrübənizi gənclərlə bölüşəsiniz, onların sizin kimi mükəmməl texnikaya yiyələnmələrinə kömək edəsiniz ki, necə deyərlər, sabahın yeni Nəcəfləri yetişsin.

- Mən təcrübəmi bu aylar ərzində o gənclərə artıqlaması ilə öyrətmişəm. Əgər ondan bəhrələnə bilmirlərsə, bu, artıq mənim günahım deyil. O ki, qaldı çalğı tərzinə, mən heç vaxt arzulamazdım ki, tarı əlinə alan hansısa bir gənc tarı məhz mənim kimi çalsın, məni yamsılasın...

- Niyə axı, Nəcəf müəllum? Heç kim bu dünyanı tutub durmur. Niyə istəmirsiniz ki, sizin də davamçılarınız olsun?

- Mənim, yaxud Həsənin, Məmmədin davamçısı olmaq üçün bizim çaldıqlarımızı tutuquşu kimi təkrarlamağa ehtiyac yoxdur. Ən yaxşı halda onların bəsit təkrarı, surəti alınacaq. Məmmədi, Həsəni təkrar eləməklə ənənəni yaşatmaq olmaz.

Direktor keçib yerində oturdu. Alnını, gicgahlarını ovuşdura-ovuşdura soruşdu:

- Bəs, nə ilə olur, Nəcəf müəllim?

- Öz mənini sənətinə gətirməklə, özünəqədərki sənət kəhkəşanına yalnız sənə məxsus olan bir yenilik əlavə etməklə, - Nəcəf bunları deyib, ayağa qalxdı. - Mən gedə bilərəm? - və cavab gözləmədən kabineti tərk etdi.

Sinfə daxil olan kimi masanın siyirməsindən ağ vərəq çıxarıb qarşısına qoydu, qələmi götürüb işdən azad olunması xahişi ilə direktora ərizə yazmağa başladı.

Sinifdə sakitlik idi. Qəfildən eşitdiyi tar səsi onu diksindirdi - kimsə astadan "Orta Mahur" muğamının "Əşiran" şöbəsini çalmağa çalışırdı.

İfa hələ səlis deyildi. Barmaqlar bəzən tələsir, bəzən ləngiyirdi. Sanki çalan adam tarla yox, özü ilə mübahisə edirdi. Nəcəf müəllim bu səsdə dərin bir etiraf duydu. Sanki illərdir kiminsə içində yığılıb qalmış mübhəm bir hiss "Əşiran"ın tonallığında ilk dəfə dil açıb danışmağa başlamışdı. Başını qaldırıb çalan tələbəni gördü. Arxa sırada oturmuşdu. Həmişə müəllimin dediklərini sakitcə dinləyən Murad idi.

Sinifdə pıçıltı dolaşdı. Kimsə astadan şit-şit güldü:

- Dayan, - Nəcəf bunu gülən tələbəyə yox, Murada dedi. - Barmağını "fa" pərdəsində lazım olduğundan çox əsdirdin. Buna ehtiyac yox idi. Biləyini bir az boşalt, alt mizrabı bir az yumşaq vur, sərbəst ol...

Murad diksinib tarı dizinin üstünə qoydu:

- Bağışlayın, müəllim... özümü unutmuşdum.

- Bilirəm, oğlum. Adam tar ilə dialoqa girəndə özünü unudur. - Sonra bir anlıq susub qəribə bir sual verdi:

- Sən indiyə qədər tarı necə və kim üçün çalırdın?

Tələbə karıxan kimi oldu:

- Bilmirəm... elə-belə... necə öyrədiblərsə...

- Amma indi sən bu dəqiqə muğamla, səslərlə və özünlə söhbət edirdin... - Nəcəf sakitcə dedi, - ona görə də bir balaca qorxdun, ehtiyat elədin.

Sinif susmuşdu.

Nəcəf tarı tələbənin əlindən aldı, amma çalmadı. Barmaqlarını pərdələrin üstündə gəzdirdi.

- Muğam yeknəsəkliyi sevmir. O, həm pıçıltıdır, həm də üsyan. Barmağını əsdirməyin səhv deyildi, bundan qorxma. Bu, böyük bir yolun başlanğıcıdır. Səni təbrik edirəm...

Murad qızardı, amma hiss olunurdu ki, ürəklənib:

- Müəllim, bir sual olar?

- Əlbəttə.

- İkinci barmağım "fa" pərdəsində ola-ola üçüncü barmağımı "sol" pərdəsinə toxundurub yuxarı sürüşdürmək istəyirəm. Amma barmağım gödək olduğundan alınmır...

- Fikir eləmə, Murad. - Nəcəf gülümsədi, - o ürək ki, sənin sinəndə döyünür, sən artıq onunla dil tapmısan. Ordakı sevginin gücündən barmağın uzanıb lap "lya" pərdəsinə də çatacaq. İnan buna.

Sonra nə fikirləşdisə pencəyinin cibindən bir mizrab çıxarıb Murada uzatdı:

- Götür bunu. Bugünkü uğurun münasibətilə sənə bağışlayıram. Mən çox sevdiyim "Orta mahur"u həmişə bu mizrabla çalmışam. Qoy bu sinifdə dediklərimi həmişə sənə xatırlatsın. - bir az fikirləşib sözünə savam elədi: muğam da gözəl şeir kimi bədahətən doğulur. Sən bunu dərk edən ilk və son tələbəm oldun.

Sonra masaya əyilib yazdığı ərizəyə imza qoydu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!