"Bir gün Hüd-hüd bayquşlarla qarşılaşdı. Dincini almaq üçün onların məskən saldıqları yerə qondu. Bəllidir ki, bayquşlar gündüzlər kor olur, amma Hüd-hüdün gözləri çox yaxşı görür. Əlqərəz, Hüd-hüd o gecə bayquşların yuvasında qalası oldu. Bayquşlar ona cürbəcür suallar verirdilər.
Səhər açılanda Hüd-hüd yola düşən vaxt bayquşlar etiraz elədilər: "Ey zavallı, bu nə əcaib adətdir! Heç səhər tezdən də yola çıxarlarmı?"
Hüd-hüd məəttəl qaldı: "Nə qəribə sözlər danışırsınız; yola da elə səhər erkən çıxarlar".
Bayquşlar çaşqınlıq içində dedilər: "Sən dəlisənmi? Səhər qaranlığın səbəbkarı Günəş göy üzündəykən, hər yeri qaranlıq bürüyən vaxt necə görə bilirsən?"
Hüd-hüd etiraz elədi: "Siz tam tərsini söyləyirsiniz; bütün işıq Günəşdən gəlir. Bütün varlıqlar Günəşin nuruyla aydınlığa çıxıb görünürlər və aydınladan hər nə varsa, hamısı Günəşə bənzədilir".
Bayquşlar Hüd-hüddən soruşdular: "Elə isə nə üçün gündüzlər hamı qaranlıq içində qalır?"
Hüd-hüd cavab verdi: "Siz hamının sizə bənzədiyini zənn edirsiniz. Halbuki hər kəs gündüz görür. Mən bu dəqiqə görürəm. Günəş doğan kimi pərdələr qalxdı və bu aləmdə hər şey mənə əyan olmağa başladı. Bu an görüb dərk edə bilirəm".
Bayquşlar bu sözləri eşidən kimi bir ağızdan bağırışdılar: "Bu quş qaranlıq günün aydınlıq olduğunu söyləyir". Sonra da dimdikləri və pəncələri ilə Hüd-hüdün gözlərini didməkçün üstünə cumdular.
Gün işığında görməməyi hünər sandıqlarından Hüd-hüdü hədələdilər: "Ey gündüzləri görən, əgər dediklərindən vaz keçməsən, səni öldürərik".
Hüd-hüd öz-özünə düşündü: "Bunlar ki gözlərimə bir belə zərbələr endirirlər, əgər özümü korluğa qoymasam, ya gözsüz qalacağam, ya da məni öldürəcəklər".
Bu vaxt Hüd-hüdə "xəlayiqlə onun anladığı dildə danışmalı" deyə ilham gəldi. Gözlərini yumub dedi ki: "İndi mən də sizin mərtəbəyə endim; heç nə görəmmirəm, kor olmuşam".
Bunu eşidəndə bayquşlar ondan əl çəkdilər. Beləcə o, ilahi sirri bayquşlar arasında faş etməyin küfr olduğunu anladı. Yoxsa öləcəyi günəcən əziyyət çəkib kor qalmalı olacaqdı." (Şihabəddin Sührəvərdi. "Cəbrayılın qanad səsi" (rəmzi hekayələr) kitabından).
***
"Bir quş Süleyman peyğəmbərin yanına gəlib deyir ki, vurub qanadımı qırıblar.
- Kim qırıb, bilirsən?
- Bilirəm... Dərviş qırıb...
Süleyman peyğəmbər quşun qanadını qıran dərvişi çağırır:
- Niyə qırmısan quşun qanadını?
- Yaxınlaşdım ki, onu ovlayam. O uçmadı. Mən də yaraladım.
Peyğəmbər deyir:
- Dərvişin nə günahı? Quş, sən nədən uçmamısan?
- Mən düşündüm ki, o dərvişdir. Mənə heç nə eləməz. Allaha yaxın bəndədir... Güvəndim... O isə məni yaraladı.
Süleyman peyğəmbər əmr edir:
- Dərvişin quşu vuran qolunu kəsin!
Quş irəli şığıyır:
- Peyğəmbərim, onun qolunu kəsməkdənsə, əynindəki dərviş geyimini çıxardın. Qoy heç kəsin güvənini yanıltmasın..." ("Şərq hikmətləri"ndən).
***
"Günlərin bir günündə vəzir padşahın hüzuruna gəlib deyir ki, qibleyi-aləm, bir yağış yağacaq, hamı o yağışın suyundan içib dəli olacaq.
Padşah:
- Vəzir, bəs nə tədbirin var? - deyə xəbər alır.
Vəzir:
- Mən tədarük görmüşəm, - deyir, - adi sudan yığıb saxlayacağam özümçün.
Bəli, bir gün, doğrudan da, leysan yağış yağır, vəzirlə padşahdan başqa hamı bu yağışın suyundan içir. Suyu içib başlarına hava gəlir, padşahla vəzirə baxıb:
- A, a, a, bunlara baxın, dəli olublar! - deyə ağlını itirməmiş yeganə iki nəfəri lağa qoyurlar.
Əvvəl lağa qoyurlar, gülürlər, amma get-gedə əsəbiləşir, hirslənir, bərk qəzəblənirlər ki, vəzirlə padşah niyə bizə oxşamır, mütləq bizə oxşamalıdırlar, bizə oxşamaq istəməsələr, bizim kimi olmasalar, özlərindən küssünlər...
Bütün bunlardan qorxuya düşmüş padşah:
- Vəzir, bir tədbir, - deyir.
Vəzir:
- Şah sağ olsun, mən bu günümüzü də qabaqcadan görmüşdüm, - deyir. Odur ki, işimi möhkəm tutmuşam. Həmin yağış suyundan özümüzçün də saxlamışam. İçək biz də onlar ağılda, onlar kimi olaq...
Bəli, padşahla vəzir də bu sudan içib olurlar hamının tayı..." (Anar. Sizsiz. Bakı, Gənclik, 1992, s.460-461).
***
"Qarabağda XVI əsrdə Pir Məhəmməd adıyla tanınan və nəsli məşhur sufi Şəms Təbriziyə bağlanan, Qara Pirim ləqəbli bir şeyx varmış. Rəvayət olunur ki, uşaq yaşlarında ikən həmin Pir Məhəmməd günah işləmiş insanları vəhşilər sifətində görürmüş. Belələrindən hər kimi görsə, qərar tutmaz və həmən yerdən dəhşət içində qaçmağa başlarmış.
Axırda atası onu kəramət sahibi olan bir şeyxin hüzuruna aparır. Şeyx "nə üçün xalqdan qaçırsan?" - deyə soruşanda uşaq cavab verir ki, "xalq mənim gözümə vəhşilər surətində görünür; qaçmasam, rahat olmuram". Kəramət sahibi şeyx Pir Məhəmmədin atasına deyir: "Cənabi Allah onun bəsirət gözünü açmışdır. Hansı şəxsə baxırsa, həmin adamın hansı sifətlərə malik olduğunu bəsirət gözü ilə görür. İnsanların əksəriyyəti vəhşi təbiətli olduğundan onun gözünə vəhşi surətində görünür. Ona görə də xalqdan qaçır..." (F.Xəlilli, Ş.Xəlilli. Qarabağlı Pir Məhəmmədin mənaqibnaməsi. Bakı, 2020, s.50).
***
1918-ci ildə fizika üzrə Nobel mükafatı alan Maks Plank Almaniyanı dolaşaraq bir növ səyahətə çıxır. Hara dəvət olunursa, kvant fizikası haqda eyni cürə çıxış edir. Vaxt keçdikcə sürücüsü də onun çıxışını artıq əzbərləyir: "Professor Plank, daim eyni məzmunda çıxışlarınızdan yəqin özünüz də təngə gəlmisiniz. Təklifim budur ki, Münhendə yerinizə mən çıxış eləyim. Siz isə mənim sürücü papağımı geyib qabaq sırada oturarsınız. Hər halda, ikimiz üçün də fərqli bir şey olar".
Plank sürücünün fikrini böyük maraqla qarşılayır və qəbul edir. Beləcə, yüksək səviyyəli bir dinləyici auditoriyası qarşısında sürücü kvant fizikası barədə o uzun-uzadı çıxışa başlayır. Sonda salondakılardan bir fizika professoru ona sual verən zaman sürücü cavabında deyir: "Münhen kimi inkişaf eləmiş bir şəhərdə belə bəsit sualla qarşılaşacağımı heç ağlıma gətirməzdim. Xahiş edirəm, bu suala sürücüm cavab versin."
***
"Fikirləri ilə heç də həmişə razılaşmadığım bir rəssam dostum var. Mənə əlində bir çiçək gətirib deyir, bax, gör necə gözəldir. Mən də razılaşıram. Amma daha sonra qayıdır ki, "mən bir rəssam kimi onun necə gözəl olduğunu görə bilirəm, amma sən bir elm adamı olaraq onu hissələrə ayırıb təhlil etməyə başlayınca gözəlliyini də pozursan".
Məncə, bu, olduqca cəfəng bir yanaşmadır. Bəlkə sənətkar dostum qədər incə estetik anlayış sahibi deyiləm, amma bu, bir çiçəyin gözəlliyini qiymətləndirməyimə maneçilik törətməz.
Mən çiçəyin gözəlliyini qiymətləndirməyi bacarıram. Eyni zamanda, mən çiçəkdə dostumun gördüyündən daha çoxunu görə bilirəm. Mən hüceyrələrin mürəkkəb qarşılıqlı əlaqədə olduğunu heyrətamiz dərəcədə gözəlliyi ilə təsəvvürümdə canlandırıram. Demək istəyirəm ki, çiçəyin daha kiçik miqyasda iç quruluşunun gözəlliyini anlamaq iqtidarındayam. Çiçəyin rənglərinin böcəklərin ağlını başdan almaq üçün dəyişikliyə uğradığı gerçəyi xüsusilə heyranedici və gözəldir. Bu, böcəklərin rəngləri ayırd edə bildiyini göstərir. Başqa bir sual meydana çıxır: Çiçəklər nə üçün gözəl görünür?
Belə bu kimi suallarla elm ancaq çiçəyin gözəlliyini, bu gözəlliyin sehrini, əfsunkarlığını ancaq artıra bilir.
Sadəcə artırır... Elm gözəlliyi necə azaldar, anlaya bilmirəm" (Dünyanın ən maraqlı elm adamlarından biri, 1965-ci ildə fizika üzrə Nobel mükafatı almış Riçard Feynmanın yazdıqlarından).
Hazırladı: C.M.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
