Tanrıya illər uzunu yazdığım məktublar var. İllərdir məni zindanda saxlayırsınız. Mən danışmıram, nəfəs almıram, çürümüş cəsədimsə kənara atılmış quru torpaqda yatır. İndi ruhumu axtarmaq üçün yola çıxıram. Hə, bilirəm, insanlar üçün bu çox qorxuncdur. Sən məni görürsən, hiss edirsən, amma gözlərini açanda qurumuş, üstünə atılmış bir torpaq görəcəksən. İstəsən, əlimdən tut, çünki bir daha görüşməyə bilərik...
Sənəm, sənin arzuların var. Bilirəm, indi hamıdan küsmüsən, çünki içindəki arzunu reallaşdıra bilməmisən... Amma sən qanadlarını bükmə, qopartma. Bax, mənim də bir qanadım yoxdur. Bir gün balaca ümid işığın olacaq. Əlbət, o zaman gələcəyəm.
Naməlum məktub.1 (6 yaş)
İndi 25 yaşım var. Ömrümün 10 ili bu zindandakı əsirlikdə keçib. Bəzi xatirələrimi, ümumiyyətlə xatırlamıram. Gəl, sənə bir az bu zindanın ab-havasından danışım. Bəzən burada yağış hönkürtü çəkir, bəzən dolu yağıb məni yorulana qədər döyür, incidir, bəzən isə şimşək çaxıb bədənimi yaralayır. Vücudumun hər tərəfində bir iz var. Bu izlər mənim xatirələrimdir. Yaxşı, çox danışdım. Gəl, ikinci məktubu oxuyaq:
Kainat məhəbbətlə yaşayır. Bu cəhalət məhəbbəti günü-gündən məhv edir. Bir gün qorxuram ki, mən də itirərəm. Bir gün mən də səssiz-səmirsiz bu torpağı öpmədən vida edib gedərəm. Bundan çox qorxuram, çox...
Naməlum məktub. 2 (7 yaş)
Bu gün hər şey yaxşıdır. 2015-ci il, mayın 26-sı. Təbiət məni ağuşuna alıb, mən də qaçıram. Lalələrin, yasəmənlərin qoxusu məni heyran edir. Bir dəqiqə. İndi hardayam? Niyə ayaqlarım çılpaqdır? Arzu, hardasan? Arzu? Çılpaq ayaqlarım üşüyür. Gəl, mənə kömək et... Arzu...
- Bu gün sən yuxudan oyanacaqsan, Sənəm.
- Sən nə danışırsan? Nə yuxu? Arzu, zarafat edirsən? Nə danışırsan sən?
- Bu gün sənə ən böyük itkini yaşadacam. Buna görə məni bağışla, amma nə edim... hələlik! Bir daha görüşməyəcəyik. Elə zənn et ki, mənim kimi rəfiqən olmayıb.
- Arzu, hara gedirsən? Bəlkə bilmədən xətrinə dəymişəm? Arzu!! Ayaqqabılarımı ver heç olmazsa... Arzu, üşüyürəm..
- Ətrafına diqqətlə bax, Sənəm. Hamı səni sevir, bütün sinif yoldaşların səninlədir, səni çox sevirlər, çox. Ətrafında pərvanətək dolanırlar. Bir də mənə bax! Mən çirkin, çirkli, günahlar içində boğulan bir yazıq qızcığazam! Qorxma, sənin vücudun üşüməz, əlbət, bu təbiət də səni öz qoynuna alıb qoruyar. Ancaq mən? Mən bu bədbəxt dünyada əzablar içində itib-bataram! Hələlik!
- Arzuu... Arzu, üşüyürəm...
Sənəm Arzuya tərəf qaçır. Çılpaq ayaqlarına batan kolluğun arasından qaçır. Bu qaçmaq bir hüzn, söylənməyən əlvida, deyilməyən sözlər və yarım qalan dostluğun addımlarıdır. Kainat bu dəfə də Sənəmi sınağa çəkdi...
Darıxmaq çox qəribə hissdir. Sanki buludların üzərindəsən, amma o belə, sənə xəyanət etmək üçün hazır dayanıb. Bilirsənmi, bəlkə də bu "xəyanətləri" yaradan insanlar deyil, elə bu quru, tozlu küçələr və səssiz dünyadır...
Sənəm. (8 yaş)
Nəhayət, o gün gəlib çatdı. Sənəm bu gün pianist kimi səhnədə çıxış edəcəkdi. Bu onun ilk arzusu idi. Bu balaca qızcığaz bu gün o qədər xoşbəxt idi ki, xoşbəxtlikdən qanad açıb göylərə uçacaqdı. Bu gün onun göz yaşları yağışın damlaları qədər həssas, amma gözəl və incə idi. Müəllimi Sevda xanım yaxınlaşıb Sənəmi yanına çağırdı.
- Sənəm, hazırsan, qızım?
- Hazıram.
- Bax, sən orada hamıdan seçilməlisən. Eşidirsən?
- Bəli, seçiləcəyimə inanıram.
- Afərin! İndi qapılar açılacaq. Gözlə.
Bu gün Sənəm atasının ona aldığı ağ rəngli, çiçəkli libasını geyinmişdi. Uzun saçlarına daha da gözəllik qatmaq üçün çəhrayı rəngdə üstü çiçəklərlə bəzədilmiş abadok taxmışdı. Artıq o, hazır idi. O, ruhunu, qəlbini səhnənin ixtiyarına verəcəkdi. Bu gün bu balaca, məsum qızcığaz ən böyük arzularından birini reallaşdıracaqdı.
Tanrı hər şeyi görür. Ey Tanrı, Sənəm burada xoşbəxt olmayacaq, o qadının onun arzularını əlindən almasına icazə vermə!
Naməlum məktub. (yaşı bəlli deyil)
"Bravo!" - zaldakı tamaşaçılar Sənəmi ayaqda alqışladılar. Sənəm səhnədən qaçaraq gəlib ata-anasını bərk-bərk qucaqladı. Bu gün balaca qızcığaz ilk dəfə səhnəyə addımlamışdı. Bu gün o, arzularının birini reallaşdırmağı bacarmışdı...
1 həftə sonra...
- Bu dırnaqlar nədir? - Sevda stuldan ayağa qalxıb Sənəmə qışqırdı.
- Mü... Müəllimə, mən bu rəngli dırnaqlarımı sevirəm, həm də çox uzun deyil ki. Gözəl deyil? Anam düzəldib.
- Axmaq! Sənə kim icazə verib ki, mənim dərsimə gələndə dırnaqla gələsən? Çalmağı da bacarmırsan! Bir dəfə səhnəyə çıxdın deyə, elə bilirsən ulduzsan?
Sənəm ağlamağa başladı. Sevda onun qolundan yapışıb, hamam otağına apardı. Qayçı ilə acıqlı şəkildə dırnaqlarını tutdu. Bu balaca qızcığazın məsum əllərinə toxunduqda Sənəmin göz yaşları təkcə yanağından süzülmürdü. Bu göz yaşlarının içində böyük nifrət, ümidsizlik və kin vardı...
Sevda Sənəmi aparıb piano çalmağa məcbur etdi. Pianonun divarlarına onun balaca, incə barmaqlarını vuraraq, ondan əsəri çalmasını tələb etdi. Balaca Sənəmin dırnaqlarının içi qapqara idi. Bu qadının qəlbinin çirkliliyi qədər pianonun divarları da iyrənc və ləkəli idi.
Sənəm ağlayaraq onun evini tərk etdi. O gündən sonra bir daha o evə addım atmadı. Nə o evə, nə də musiqi məktəbinə... Bəli, balaca Sənəmin ruhundan bir parça qopmuşdu. O bir xəyalını itirmişdi... O gündən sonra hər dəfə məktəbin yanından keçəndə təkcə bunu deyirdi:
Sən mənim arzularımı məhv etdin, amma əminəm ki, mənim tökdüyüm göz yaşlarım bu divarların, sənin nifrətindən daha güclü olub, məni yeni Sənəm edəcək! Mən rejissor olacam!
Sənəm (9 yaş)
- Yuxudan oyat məni, Tanrı! Bəsdir! Yetər! Bu zindanda bəsdir işgəncə çəkdiyim! Mənə bu xatirələrimi yenidən niyə yaşadırsan axı? Tanrıııı!!!
Sənəm huşunu itirdi. Dağınıq saçları üzünə səpələnib, yerə yıxıldı. Qıvrılıb, zindanın bir küncünə çəkildi... Gözlərini qapadıb, zorla nəfəs alaraq dedi:
Bağışla, balaca Sənəm... Bağışla... Sən içindəki kini, nifrəti məhv etməsən, mən öz uşaqlığımın qatili olacam. Bağışla...
Böyük, işıqlı səhnə. Alqış səsləri
Zalda hər kəs "Bravo!", "Super!" - deyə qışqırırdılar. Bəziləri isə "Sənəm hardadır? Sənəmi çağırın", - deyə səhnəyə boylanırdılar. Uzaqdan bir işıq göründü. Bu işıq o qədər güclü idi ki, insanlar əlləri ilə gözlərini qapadıb, sükuta boyandılar.
"Burdayam! Sənəm buradadır!" Uzaqdan Sənəmin səsi eşidildi. Uzun saçları rüzgarla rəqs edirmiş kimi bu gənc qızın simasını gözəlləşdirirdi. Bu, həqiqətən, Sənəm idi? Bəs o zindan? Harada qaldı? Bəlkə məhv oldu? Kim bilir...
Bu gün yaşadığım hər şeyi o zindandakı quru torpağa basdırdım. Salamat qal, mənim ümidsiz, boğulan arzularım və dostlarım... Sizin sayənizdə bu gün səhnədəyəm. Əziz piano, səni də bağışladım, axı sənin bir günahın yoxdur. Yaxşı ki, o gün yollarımız ayrıldı. Bəlkə bir gün sənə geri qayıtmaq istəyərəm, amma bircə dəfə. Bizim yollarımız, ruhlarımız ayrıdır.
Bu gün bu tamaşanın rejissoru deyil, həyat hekayəmin baş rejissoru olaraq tamaşaçıların önündəyəm! Görüşəcəyik! Bir gün mütləq görüşəcəyik!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
