Dəli Bəybala - Meyxoş ABDULLAH

Hekayə

 

Şəhərdə onu Dəli Bəybala çağırırdılar. Yaşı əllini keçsə də, bədəninin cılızlığına görə, ona otuz-otuz beş yaşdan artıq vermək olmazdı. Saçları heç vaxt daranmayan, gözlərinin içi qıpqırmızı olan, bu arıq vücudlu adamın, yay-qış əynində bir dəst köhnə paltar olardı. Nə qışda qalın geyinər, nə də ki, yayda əynini yüngül edərdi, elə həmişə bir görkəmdə gözə dəyərdi. Qışda da, yayın cırramasında da, ayağında rezin qaloş olardı. Şalvarının balağı ayaqlarına dolaşmasın deyə, onu cırıq və kirli corablarına salardı.

Bu adamın işi, sənəti səhərdən-axşama kimi  şəhərin bu başından, o başına pay-piyada gedib-gəlmək idi. Əllərini qoynuna qoyub, barmaqlarının ucunda dartına-dartına yeriyən bu adamın görkəmi, hamının diqqətini cəlb eləsə də, heç kəsin onunla işi olmazdı. Əslinə qalsa, Dəli Bəybala da heç kəsə dəyib-dolaşmazdı. Qarşısına çıxan qız-gəlinə, uşağa, qocaya bir kəlmə də olsun artıq söz deməzdi. Qarşılaşdığı adamların yolundan çıxıb yol verər, bir dəfə də olsun kimsənin qarşısını kəsib narahat etməzdi.

Dəli Bəybala qırx il idi ki, yollardaydı. Səhər açılan kimi evdən çıxar, bir də qaşqaralanda geri dönərdi. O, kasıb bir ailədə doğulmuşdu. Ata-anasını erkən itirdiyindən, qardaşının himayəsində yaşayırdı. Gözünü dünyaya açıb, ağlı bir şey kəsməyəndən, adının qarşısına qoyulmuş "dəli" sözü onu hey düşündürüb, narahat edərdi. Bəybalanın "dəli" sözündən lap əvvəldən zəhləsi gedərdi. O, bu söz üstündə bir neçə dəfə qonum-qonşunun uşaqlarının baş-gözünü də vurub yarmışdı. Anlaya bilmirdi ki, camaat ona niyə dəli deyir? Gündə neçə hoqqadan çıxan məhəllə uşaqlarını niyə bu adla çağırmırdılar?!

Bəybalanın başından cinlərini oynadan "dəli" kəlməsi deyildi. Onu əsəbiləşdirən qonum-qonşunun öz uşaqlarına "mənim ağıllı" balam demələriydi. O ağıllı balalar ki, gündə neçə kərə ağılsız işlər görərdilər. Elə pis-pis işlər tutardılar ki, Bəybala ömründə belə işlər görməmişdi. Pis-pis işlər görən bu "ağıllı balaların", ağıllı ata-analarına baxanda, o, əlini-əlinə vurub, qəh-qəhə çəkər və gülməkdən uğunub gedərdi. Öz-özünə fikirləşərdi ki, vallah, bunların başları çatmır.

Sonradan yaşa dolduqca, nəinki tay-tuşlarının, onlardan böyük uşaqların, hətta yaşlıların da pis-pis əməllər tutduqlarını görəndə, Bəybala istəmirdi ki, bu adamlarla adı eyni çəkilsin. İstəyirdi ki, qonum-qonşudan, tay-tuşlarından, elə bu şəhərin adamlarının hamısından fərqlənsin. Və istəyirdi ki, onun adı, elə "Dəli Bəybala" qalsın. Çünki bu ağıllı adamlardan onun gözü su içmirdi. Özlərini ağıllı sayıb, dəli-dəli işlər görən bu adamlara qoşulmaqdansa, elə dəli olub ayrıca gəzmək lazımmış, - düşünürdü. Onun düşüncəsinə görə, dəli olmaq dünyanın ən yaxşısı olmaq deməkdir.

Məhəllə uşaqları Bəybalanı dəli, ağılsız saydıqlarına görə, öz gizlin işlərini də onun yanında açıb danışar və elə düşünərdilər ki, Bəybala belə şeyləri anlamır. Əslində, Bəybala bu axmaq uşaqların bütün axmaq işlərindən xəbərdar idi. Amma öz-özünə fikirləşərdi ki, mən dəliyəm, özümü onlara tay tuta bilmərəm.

Elə, bir küçədə yaşadıqları Cabbarla Cəfərin gördükləri işlər ona gülməli gəlirdi. Bəybalanı on gün ağaca bağlayıb, nar çubuğuyla çırpsaydın, belə işlər görməzdi. Cabbarla, Cəfər hər bazar günü gedib hamamın pəncərəsindən orada çimən arvadlara baxardılar. Bəybala bunu bilsə də, heç kimə bir kəlmə də olsun söz deməmişdi. Amma bir gün baş verən hadisə bu iki dostun hamam kefinin üstünə yamanca soğan doğramışdı. Sən demə, uşaqlar qarışığa salıb, hamamda lüt-üryan çimən öz analarının güngörməz yerlərinə doyunca tamaşa ediblərmiş…

Dəli Bəybala bu hadisəni eşidəndə əlini əlinə vurub doyunca gülmüşdü. Bu hadisədən sonra o, Cabbarla Cəfərə salam verməyib, onları görəndə üzünü yana tutub gedərdi.

Onu yandıran, təkcə tay-tuşlarının ağılsız hərəkətləri deyildi. Dəli Bəybalanın ürəyini ağrıdan böyüklərin də yanlış hərəkətləriydi. Bir də görərdin, məhəllə uşaqları pişik balalarını öldürüb, atıblar şikəst Sənəm arvadın su quyusuna. Qonum-qonşu da, həmin quyudan su daşıyıb işlədirdilər. Bir neçə gün keçəndən sonra, bir də görərdin, kiminsə vedrəsindən ölmüş pişiyin başı göründü. Aləm dəyərdi bir-birinə, yığışardılar quyunun başına. Bir hay-küy qopardı ki, gəl görəsən. Çox çənə-boğazdan sonra, axırda bir nəfər qayıdıb deyərdi: - Bu, Dəli Bəybalanın işidir!... Bunu uşaq desəydi, Bəybalanı o qədər də yandırmazdı. Bu sözü deyən məhəllənin ağsaqqalı Cəfərqulu kişi idi. Söz Cəfərqulunun ağzından çıxar-çıxmaz məhəllənin arvadları tökülərdilər Bəybalanın üstünə:

- İtil get burdan, dəlinin biri dəli!.. Allah səni niyə öldürmür ki, canımız əlindən qurtarsın, - deyib, onu gözümçıxdıya salardılar.

Bəybala da, işin fırıq olduğunu görüb, camaatın içindən sivişib çıxardı. Uşaqlara da, elə bu lazım idi, yerdən daş-kəsək parçası götürüb, onun dalısınca tolazlardılar.

Dəli Bəybala da, daş-kəsəkdən qorunmaq üçün, pencəyini başına çəkərək, evlərinə tərəf qaçıb, doqqazın ağzında dayanar və üzünü camaata tutub, bildiyi bircə söyüşünü söyərdi: - Dədöün… Dədöün…

Neçə dəfə öz qulaqlarıyla eşitmişdi ki, anaları uşaqlarına deyir: - Dəli Bəybalayla oynamayın ha, onun ağlı yoxdur, əlindən xata-zad çıxar.

Belə şeyləri eşidəndə Bəybalanın cin vurardı başına. Ona görə yox ki, onun bu sözlərdən acığı gəlirdi. Ona görə ki, həmin ağıllı uşaqlar bir də gördün məhəllədəki, iki gözündən də zəlil olan Kərim kişinin əlindən tutub, gətirib oturdardılar küçənin ortasında və deyərdilər:

- Əmi, bura tualetdi, otur burda, rahat, peşonu elə…

Yazıq Kərim kişi də, heç nədən xəbərsiz, şalvarını aşağı çəkib asfaltın ortasını isladardı.

Uşaqlar da bu mənzərəyə tamaşa edə-edə, əllərini əllərinə vurub bərkdən gülüşərdilər.

Uşaqların bu hərəkəti Dəli Bəybalanı yaman hirsləndirərdi. Gedib Kərim kişinin əlindən tutar və yolun ortasından çəkib aparardı.

Bəybala on dörd yaşına çatanda, evlərindən iki küçə o yana yaşayan bir qıza vurulmuşdu. Qıza vurulmuşdu deyəndə, qız ona sataşırdı. Bəybalanı hər  dəfə görəndə dilini çıxardar, barmaqlarını dodaqlarının üstünə qoyub ona öpüş göndərərdi.

Bəybala əvvəlcə qızın bu hərəkətlərindən bir şey başa düşmədiyindən, iri bərəlmiş gözlərini onun üzünə zilləyib, mattım-mattım baxardı. Sonra get-gedə qıza elə öyrəşdi ki, hara getsəydi, yolunu onların küçəsindən salardı. Saatlarla qızgilin əncir ağaclarının altında durub, ona  tamaşa eləyərdi. O, qızı yaman çox istəyirdi. Hətta gecələr qız onun yuxusuna da girirdi.

Bu hal bir müddət beləcə davam etdi. Bir gün qızın anası Balaxanım arvad Bəybalanın qıza, qızın da Bəybalaya baxdığını görüb yamanca əsib-coşdu:

- Buna bir bax, - dedi, - kül mənim başıma, camaata it hürsə, mənə də çaqqal hürər. İtil get burdan, avaranın biri, avara. Hansı dərənin dəlisi, axmağı var gəlib məni tapır. Ədə, cəhənnəm ol, çıx get xarabanıza da, nə kəsdirmisən bu darvazanın ağzını.

Sonra o, dönüb qızına:

- Külü qoyum sənin olmayan ağlına, adam tapa bilmirsən söhbət etməyə? Küçənin ağıllı, gözəl-göyçək oğlanları qalıb, gedib ilişmisən dəlinin birisinə. Daş düşsün sənin qız başına!.. Bir də səni o avarayla cikkildəşən görsəm, dədəmin qızı olmaram sənin saçından tutub bu küçədə sürüməsəm.

Dəli Bəybala o gündən sonra bir də həmin evin qarşısında dayanıb qıza baxmadı. Ürəyindən qızı görmək keçsə də, Balaxanımın qorxusundan onlar yaşayan evin yanına çatan kimi, dabanına tüpürüb qaçardı. Bir müddət beləcə ötüb keçdi. Amma bir yay günü gördüyü hadisə yaddaşında həmişəlik ilişib qaldı və o, bu hadisədən sonra  bir daha heç bir qızı sevməyəcəyinə söz verdi.

… Həmin gün Bəybala evlərinə dönəndə yolunu sevdiyi qızgilin küçələrindən salmışdı. Fikirləşdi ki, uzaqdan da olsa, bəlkə onu görə bildi. Çoxdan idi ki, bu tərəflərə hərlənmirdi.

Qızgilin evininin yanındakı incil ağacının yanına çatanda gözlərinə inanmadı. Sevdiyi qızı qonşu oğlanları araya alıb, onunla şit-şit zarafat edirdilər.

Bəybala elə qəzəbləndi ki… Əyilib yerdən bir çaydaşı götürüb onlara tərəf atdı. Daş, əncir ağacının iri yarpaqlarını qıraraq, yerə tökdü. Xışıltı salaraq qırılıb yerə tökülən yarpaqların dalısınca, tükürpədici bir səs qopdu:

- Ay an-aaa… öldüm!..

Qışqıran qonşunun oğlu Əliniyaz idi. Daş onun başına dəyib paralamışdı.

Oğlanlar qorxusundan pərən-pərən olub hərəsi bir yana götürüldü. Qız isə, bir gözqırpımında evə qaçdı. Onun evə girməsi ilə, anasının eşiyə çıxması bir oldu. Balaxanım arvad özünü canhövüllü həyətə salıb, incil ağacına tərəf qaçdı. O, baş-gözündən qan süzülən qonşunun oğlunu görüb qışqırdı:

- Ay bala, Əli, nə olub sənə?.. Kim səni bu hala saldı?!..

Qana bulaşan oğlan, əliylə küçədə dayanmış Bəybalanı göstərərək hönkürdü:

- Xala, biz incillikdə oynayırdıq, Dəli Bəybala daşla vurub mənim başımı yardı.

Balaxanım arvada elə bil cin toxundu:

- Allah, biz neynəyək, bu dəlinin əlindən? Başımızı götürüb hayana qaçaq?! Uşaq-muşaq da çölə çıxa bilmir  bunun qorxusundan.

O, təndirin üstünə qoyulmuş ikiqanad yabanı götürüb Bəybalanın üstünə yeridi.

Bəybala, Balaxanım arvadın əlində yaba ona tərəf gəldiyini görüb qaçdı. Sonra arvad qabağında qaçmağı kişiliyinə sığışdırmayıb, dayandı və eyvanda durub onlara tamaşa edən qıza barmağını uzatdı. Sonra oğlanları göstərib, bayaq onların etdiyi hərəkətləri yamsıladı.

Onun bu hərəkəti Balaxanım arvada elə bil od qoydu. Arvada elə gəldi ki, Dəli Bəybala bu biədəb hərəkətləri onun qızı üçün eləyir. Odur ki, əlindəki yabanı düz Bəybalanın başına çırpdı.Yaba Bəybalanın başında ikiyə bölündü.

Bəybaladan dəhşətli bir səs çıxdı. O, bu dəfə arxaya da baxmadan: - Dədöün… dədöün… - deyə-deyə, evlərinə tərəf götürüldü. Qaça-qaça Balaxanım arvadın səsini də eşidirdi. Balaxanım arvad bayaq qızıyla minbir oyundan çıxan qonşu oğlanlarına üzünü tutub deyirdi:

- Mənim ağıllı balalarım, gəlin keçin evə. Sizə neçə dəfə demişəm ki, o dəlidən uzaq gəzin. Bala, uzaq gəzin də, o səfehdən!..

Bəybala isə, başının ağrısını unudaraq, arvadın bu sözlərinə qəh-qəhə çəkib gülürdü.

İllər keçəndən sonra Bəybala həmin qızı şəhərin başqa-başqa kişiləriylə gəzən gördü. Qız günlərlə yoxa çıxıb, yenidən tapılardı. Hər dəfə də geyim-kecimi fərqli olardı.  Sir-sifətini də, bayram yumurtası kimi qıpqırmızı rəngə  boyayardı.

Bir dəfə Bəybala səkinin qırağında oturub, çəkdiyi ucuz papirosun tüstüsünü burnundan havaya fısqırdırdı. Başı öz aləminə qarışdığından, yanında dayanan maşından da xəbəri olmadı. Gözləri, kirli qaloşlarının ucuna dirənmiş, bir cüt par-parıldayan ayaqqabılara sataşanda, bərəlmiş gözləri bir az da bərəldi. Başını qaldıranda, gözlərinə ilk dəyən bir cüt ağappaq qadın qılçaları oldu. Başını bir az da dikəltdi. Qarşısında dayanan, saçları tovuz quşu tükləri kimi üç-dörd rəngə çalan qızı görəndə, Bəybala əvvəlcə onu tanımadı. Qızın yekə, boyalı dodaqları arasından parıldayan ağ dişləri Bəybalanın bərələn gözlərini qamaşdırdı.

Qız Bəybalanın ona dikilən bədheybət baxışlarına məhəl qoymayaraq, əlini uzadıb barmaqlarının ucuyla, onun tüklü çənəsini sığalladı. Sonra geri dönüb, maşının sükanı arxasında oturan yaşlı kişiyə:

- Bu oğlanı görürsən, mənim ilk sevgilim olub. Bilirsən, məni necə sevirdi… Yazığın əli heç əlimə də dəymədi, - deyə qız, həsrətlə Dəli Bəybalanın üzünə baxıb, dərindən köks ötürdü. - Arada ürəyimdən keçir ki, xəlvətə salıb, heç olmasa bircə dəfə də olsa, onun könlünü görüm, yazıqdı…

Sonra qız əl sumkasından bir qutu bahalı papiros çıxarıb Bəybalaya uzatdı.

Bəybala ömründə beləsini çəkməmişdi. Ona görə də, papiros qutusunu almadı.

Qız papiros qutusunu zorla da olsa ona verib:

- Al götür, utanma. Mənim sağlığıma çəkib, şellənərsən…

Bəybala bir söz deməyib, papiros qutusunu qızdan aldı.

Qız maşına oturanda  əyilib Bəybalanın qulağına pıçıldadı:

- Dəlim mənim, gözlə, bir gün gəlib sənin ağlını başından çıxaracağam… Sonra o, barmaqlarını qoşalaşdırıb dodaqlarının üstünə qoydu və Bəybalaya bir öpüş üfürdü.

Bəybala qızın bu hərəkətini görəndə, elə bil, itmiş yaddaşı oyandı. Neçə illər bundan qabaq ona hamıdan əziz olan Qəmzəni tanıdı. Əvvəl-əvvəl üzündə təbəssüm işartısı oyandı, sonra sifəti ciddiləşdi. O, dik ayağa qalxıb ondan uzaqlaşmaqda olan maşının arxasınca bir xeyli qaçdı. Sonra nə fikirləşdisə dayanıb maşına tərəf tüpürdü. Bununla da ürəyi soyumayıb qızın ona verdiyi bahalı papiros qutusunu ayaqları altına atıb tapdadı.

Dəli Bəybalanın "sevgilisi" Qəmzə bir neçə il keçəndən sonra ağıllı adamların qurbanına çevrildi. Bir kef məclisində bıçaqlanıb öldürüldü. Qızın yas mərasimini də aşnaları təşkil etmişdilər. Anası Balaxanım arvad da baş-gözünə döyə-döyə o kişilərə üzünü tutub yalvarırdı:

- Ay başınıza dönüm, ay qurbanınız olum, balam üçün əziyyət çəkmisiniz, zəhmətinizi halal edin.

O gün Bəybala Qəmzənin yasına gələn kişilərin maşınlarının təkərləri altına mıxdan, qadaqdan qoyub  hamısını partlatmışdı.

…Dəli Bəybalanın əzabları gecələr artardı. O, gündüzlər gəzib-dolaşdığına görə, başı qatışıq olardı. Necə ki, axşam düşürdü, onunçün ayrılmış balaca otağına keçib yatağına uzanardı. Evdəkilərin onunla işləri olmazdı. Onun da ev adamlarının işinə qarışdığını görməmişdilər.

Qış ayları onunçün dözülməz olardı. Ev-eşiyin buz təki soyuqluğu, otağın zülmət qaranlığı Bəybalanı vahimələndirərdi. Bəybala belə vaxtlarda şər qarışmamış yatağına girər və əllərini dizlərinin arasına qoyaraq, büzüşüb yatardı. Qış aylarında o heç paltarlarını da soyunmazdı. Şalvar-pencəkdə, iki qatlanmış yorğanın arasına girər və nəfəsiylə yerini qızdıranacan orada titrəyərdi.

Gecələr sübhə qədər o, gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Gün ərzində gördüyü hər bir hadisəni yenidən xəyalında canlandırıb, xatırlamağa çalışardı. Əzab verirdi ona gördüyü hər şey. Elə bil bu boyda şəhərin camaatının ağrısını o çəkirdi. Adamların hərcayi hərəkətləri, ağılsız tutduğu işlər az qalırdı ki, onun ürəyini infarkt eləsin…

...Günlər ötdükcə, şahidi olduğu hadisələrə tab gətirməyən Dəli Bəybalanın az qalırdı ki, başına hava gəlsin...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!