La qarp-75 (Hekayə) - Vüqar AMRAH

 

Babək Məmmədliyə...

 

 

Sərnişini olduğum təyyarə Fyumiçinoya (1) enəndə bir arzum vardı: mehmanxanaya çatım, əl-ayağımı uzadım, rahatca ölüm. Qismət olmadı. Xeyli gözləyəndən sonra yükümüzü aldıq. Gecə saat dördün yarısı olduğu üçün hava limanından çıxan kimi taksi tutmaq qərarına gəldik. Hər şey elə burdan başladı. Boyu iki metr, çəkisi, ən azı, yüz əlli kilo olan nəhəng italyan, qarnını qabağa verib köynəyinin altından görünən göbəyi ilə, "Buonasera, buonasera signore" (2) deyərək üstümüzə gəlib, çamadanlarımızdan yapışdı. Bir anlıq mənə elə gəldi ki, bu dəqiqə qırx altı ölçülü ayaqqabısı ilə mənim də, dostum Əlinin də üstündən keçəcək. Bir az çək-çevirdən sonra italyan Braqanzası ilə razılığa gəldik:

- Mediterrano batojja, - deyərək, gedəcəyimiz ünvanı söylədim.

Braqanza dərhal geri çevrilib soruşdu:

- La Govur? - sualı eşidən Əli gözlərini bərəldib təəccüblə mənə baxdı.

- Si, signore, - cavabında dilləndim.

- Nə qavırbazlıqdı, ə? Bu nə danışır? - Əlinin heyrəti mənə ləzzət verirdi.

- Qalacağımız mehmanxananın ərazisini soruşur. Yəqin bu adda bir neçə mehmanxana var (sonra gümanımda yanılmadığımı öyrəndim).

- Ayrı yerdə "bron" edə bilməzdin? Gərək mütləq qəbiristandan yer götürəydin?

Gecənin bu aləmində yorğunluğumuza bir az şəkər qatmaq üçün:

- Onsuz da gec-tez yerimiz ora deyil? - zarafata saldım. Əli isə "axmaq zarafatdı" deməklə kifayətləndi.

Braqanza "si" kəlməsini eşidən kimi qaza basdı və taksi bizi əsrarəngiz Romanın içərilərinə doğru apardı. Ax, Roma, Roma! Əbədi şəhər! Kolizeyi, Panteonu, daha yüzlərlə adı dillər əzbəri olan qədim abidələri ilə həmişəyaşar Roma!

Qibtə, həsəd, heyrət - Romanın ecazkar gecə mənzərəsində bir-birinə qarışıb məni çulğalmışdı. Gözücü baxanda Əlinin də eyni hissləri keçirdiyinə şübhəm qalmadı. Taksi sürətlə getdiyindən mənzərələr də bir-birini sürətlə əvəz edirdi. Yarım saatdan sonra qalacağımız mehmanxanaya çatdıq. Braqanza yükümüzü təhvil verib, dodağının altında nəsə mızıldandı (Avropada qayda belədir: yükü taksi sürücüsü təhvil alıb, təhvil verməyə və ingiliscə bilməyə borcludur). Düzü, bu mızıltını nə onun boy-buxununa, nə də köynəyinin altında görünən nəhəng göbəyinə yaraşdıra bilmədim. Hələ bu harasıdır?! Arxasından buraxdığı qaz gecə saat dörddə Romanı titrətdi (Bu qaz onun həm boy-buxununa, həm də köynəyinin altından görünən göbəyinə yaraşırdı). Mənə elə gəldi ki, Akvilon (3) özü onun arxasında məskən salıb. Amerika və avropalıların belə axmaq şakəri olduğunu eşitmişdim, amma bu cürəsini gözləmirdim. Tərs kimi şikayət etmək də olmur. Sən sübut edənə qədər əşyayi-dəlil çoxdan sovrulub havaya qarışır. Nə isə... Əleyhiqaza ehtiyac qalmasın deyə tələsik mehmanxana qapısının zəngini basdım. Braqanza gəldiyi kimi sürətlə getdiyindən, "Əlvida, Braqanza! Səni heç vaxt unutmaram", deyə bilmədim. Əli isə yorğun təbəssümlə bütün olanları izləyirdi.

Gecdən gec qapı açıldı. Növbətçi gözlərini ovxalaya-ovxalaya bizi içəri dəvət etdi. Onun sir-sifətini görən kimi anladım: məni daha böyük sürprizlər gözləyir. İcazə verin, əvvəlcə növbətçini bir az təsvir edim: burnu dərhal adamın gözünə girirdi; uzun və dalğavarı. Rəngi sifətinin digər elementlərindən seçilirdi. Sanki ortabab, eyni zamanda hansısa kefli heykəltəraş zibilqabına atmağa hazırlaşdığı məlzəmədən burun yonub bu adamın sifətinə yapışdırmışdı. Saçı qarğıdalı saçağına bənzəyirdi, rəngi isə heyrətamiz dərəcədə pis idi. Sifətindəki çillər alt göz qapaqlarına qədər yayılmışdı. Göy gözləri, sarımtıl dişləri, donqar beli də bu tabloya əlavə etməliyəm. Kvazimodo (5) bunun yanında göyçək oğlan idi. Dərhal ona ad tapdım: "Sarı mişovul". Gecə vaxtı bu adın hardan ağlıma gəldiyi mənimçün sirr olaraq qalsa da, ləqəb tam yerinə otururdu. Açarı alıb otağımıza tələsdik. Yatmazdan qabaq gülə-gülə Branqaza ilə Akvilonun sağlığına bir bardaq viski içməyi də unutmadıq...

Səhər xoş əhval-ruhiyyədə oyanıb foyeyə düşdük. Sarı mişovul bizi görən kimi gülümsündü. Əli də öz növbəsində ona baxıb qəribə tərzdə qımışdı. Sanki bununla: - "Satılıq inək kimi dişlərini ağartmasan olmaz?" - demək istədi. Gecə saat dörddə içdiyim viskinin təhkiyəsi, təsviri hələ mədəmdəydi. Çatmayan dialoqun yerini Sarı mişovula yaxınlaşaraq doldurmağa çalışdım:

- Siz bu gün də növbədəsiniz, sinyor? - sifətimə ciddi görkəm verib, sanki əlahiddə bir hadisə baş verəcəkmiş kimi soruşdum.

- Bəli, müsyö! - eyni ciddiyyətlə dilləndi.

- Müsyö? - guya təəccübləndim. Məlum oldu ki, Sarı mişovul fransızdır. Mehmanxana rəhbərliyi ilə iki gün növbədə qalmağı razılaşdırıb, sonra doğma şəhəri Ansiyə (6) gedəcəkmiş.

- Nə gözəl! Hələ iki gün burdayıq, - sevincimi gizlətmədən büruzə verdim. Guya Sarı mişovuldan uçmağa qanad istəyirdim. - Biz də iki gündən sonra Ansiyə gedəcəyik.

O isə saralmış təbəssümü ilə qarşılıq verdi. Elə ordaca ağlıma axmaq bir fikir gəldi. Sarı mişovulla məzələnəcəm! Adətən, ağlıma gələn qəfləti fikirlər sonda parlaq nəticələr verir. Təəssüf ki, bu dəfə "kafi zərurət" (7) qanununu nəzərə almamışdım. Ansiyə gedəcəyimizi isə yalan demişdim. Belə planımız yox idi. Əvvəlcə Vyanaya, sonra da Cenevrəyə getməyi planlaşdırmışdıq. Hardan biləydim ki, məni nələr gözləyir?!

- Müsyo, mənə bir ünvanı tapmaqda kömək eləyə bilərsiz? - sınıq-salxaq ingiliscəmlə soruşdum.

- Əlbəttə, böyük məmnuniyyətlə, - mənimkindən daha yaxşı ingiliscəylə cavab verdi, - ünvanı deyin.

- La Qarp 75 (8)! - ağlıma gələn axmaq fikir bu idi. Üstəlik, həmin ünvanın artıq üç yüz ildir olmadığını bilirdim. Sarı mişovul heç nə olmamış kimi ünvanı vərəqə yazıb dedi:

- Bilirsiz, müsyö, buna görə müvafiq yerə sorğu göndərməliyik. Xidmət haqqı kimi iyirmi avro ödəməlisiniz.

Burcutmağa yer yox idi. Ürəyimdə bütün dialoqlara söyə-söyə pulu ödəyib, Sarı mişovula "sağ ol" demədən gəzməyə getdim. Əli isə mənə qəribə baxırdı...

Gərək Roma kimi şəhərləri piyada gəzəsən. Bələdçisiz-filansız! Hisslərin, duyğularınla baş-başa! Bu mənim ilk səyahətim deyildi. Avropanın ən qabaqcıl ölkələrini, ən möhtəşəm şəhərlərini gəzsəm də, onların heç birində Sarı mişovul kimisinə rast gəlməmişdim. İndi Romanın küçələrini, meydanlarını dolaşdıqca fikrim onun yanındaydı. Axşam onun mənə nə deyəcəyini, hansı ünvanı göstərəcəyini maraqla gözləyirdim.

Və axşam həmin an gəldi. Məni görən kimi Sarı mişovulun gözləri işıqlandı, qaşları qalxdı, burun pərləri genəldi:

- Müsyo Selim! - əclaf adımı öyrənməyə də vaxt tapmışdı. - Axı, ünvanı harda axtarmalı olduğumu demədiniz, Romada?

Yaman yerdə axşamlamışdım. "Bir gün belə getdi", - ürəyimdə fikirləşsəm də, pərtliyimi büruzə vermədim:

- Əlbəttə, Romada! Bura onunçün gəlmişəm! - özümə işgüzar görkəm verib, qətiyyətlə dilləndim.

- Yaxşı, sabah məşğul olaram! - eyni ciddiyyətlə cavab verdi.

Sarı mişovulla mənim aramda səhər və indi baş verən dialoqları izləyən Əli, məni darta-darta aparıb foyedəki kətillərin birində çiynimdən basaraq oturtdu:

- İndi sənə bir lətifə danışacam! - ayaq üstə qarşımda dayanıb, gülümsəyən gözlərini mənə zillədi. Gülüşünü zorla saxlayırdı: "Bizdə dəli Namiq vardı. Tanımayanlar elə bilirdi şadlıq evinin həyətindəki maşın dayanacağında işləyir. Toya gələn yad adamlar buna inanırdı. Həyətdə qələbəlik olanda, maşını arxaya verən sürücüyə istiqamət göstərirdi. "Ver, ver, ver!", sürücü də ona arxayın olub, maşını arxaya verirdi. Birdən arxadakı maşına dəyib guppultu qopanda dəli Namiq bir ayağı qaçaraqda hündürdən sürücüyə qışqırırdı: "İndi düş, yediyin poxa bax!" - deyəndən sonra gözləri yaşaranacan güldü.

- Hər şey aydındır! Qalsın qırmızı qulluğunda, Alik! - başqa söz tapmadım. Bu qədər yerinə düşən lətifə eşitməmişdim.

Bu həngamədən sonra gecə gözünə yuxu gedərsə, yat! Bir yandan, aldığım təəssürat, digər yandan da Əlinin xorultusu. Əliylə bir yerdə qalanda adam yatmaqdan çox, necə yatmaq barədə düşünür. İnsanın çürümə anı Əli xoruldayanda baş verir. Elə bil otuz sərxoş gürcü otuz sərxoş italyanla eyni süfrə arxasında əyləşib və hərəsi də bir mahnı oxuyur: Xar-ço-xuur-xapp-çao-murr-lap-lump. Zalım balası yenə ritmik xoruldasa dərd yarıdır, adam ritmi tutub yatar. Birtəhər gözümü yumdum. Bu həşim doğramasının içində yuxu görməyə də macal tapdım. Görürdüm ki, Kolizeydə bənnalıq edirəm. Yuxarıdakı bənnanın hördüyü daş, "xar-xuur-xapp" kimi səslər çıxararaq başıma, sonra da diyirlənərək yerə düşür. Sarı mişovul da o daşı yerdən qaldırıb məndən yuxarıdakı bənnaya verir. Mən "Sement! Sement!" deyib, qışqırıram. O isə sarı dişlərini mənə göstərir. Mən də onun bu hərəkətinə təəccüblənib, heyifsilənirəm: - "Verdiyim iyirmi avro burnundan gəlsin! Daşı niyə ona verirsən?" Sonra bütün Kolizey silkələnməyə başlayır.

Elə bu dəmdə Əli məni silkələyib ayıldır:

- Vallah, sən dəstgahsan! Vallah, sən fəlakətsən! - gülməkdən ürəyi gedir. - Lap prafessor ol, lap Ceyms Bond ol, iyirmi avroya sementi kim alır, hardan alır, başa düşən itin oğludur!

Mən hələ də key-kərrah dayanıb, gözlərimi tavana zilləyir, ordan düşəcək daşı gözləyə-gözləyə, Əlinin nə dediyini anlamıram. Gecdən-gec yuxu gördüyümü mənə başa salır. Mən də, öz növbəmdə, Kolizeyi tikəni, Sarı mişovulu əkəni söyüb, təzədən yatıram.

Səhər birtəhər açılır:

- Buongiorno, müsyö Tibault! - təzəlikcə öyrəndiyim italyancanı Sarı mişovula tolazlayıb, adını öyrənməyimlə fəxr edirəm.

- Buongiorno, müsyö Selim! - dişlər yenə saralır. - Tibo, adım belə səslənir - Tibo! Bu gün sizin ünvanla ciddi məşğul olacam! - qətiyyətlə dillənir, - telefon nömrənizi mənə verin, vacib olarsa, sizi araya bilim.

Yadıma düşdü ki, fransızlar "Renault"a Reno deyir. Qarşılıqlı nömrə alış- verişindən sonra öz dilimə şükür edib, söhbəti yekunlaşdırır, yenidən gəzməyə gedirəm.

Ax, Roma, Roma! Ax, Akvilon! Romada Akvilonsuz keçinə bilməzsən. Bunu hər dükanda, hər kafedə başa düşürsən. Zalım uşaqlarının işləməklə araları yoxdur. Siyesta (9) bu fəlakəti daha da korlayır. Bu mədəniyyət mənim kimi işgüzar adamlara (sizcə, bir ünvan üçün Romaya gələn adama nə ad vernək olar?) daha pis təsir edir. Hara gedirsən, ya "colazione (10)", ya "pranzo (11)", ya da "Merenda (12)"dadır. Hələ təcili yardım maşınlarının aramsız səslənən eybəcər sirenalarını demirəm. İlahi, bu səsdə necə yaşamaq olar? Hətta, çağırış ünvanına gedəndə belə, həmin maşınların sirenaları susmur. Camaat cəhənnəm, öz qulaqlarına da yazıqları gəlmir. Və bunu qəsdən elədikləri gün kimi aydındır. Zalım balaları! Dünyanın ölümlü-itimli olmağını bütün Roma camaatına eyni zamanda "başa salmaq" nəyə lazımdır?! Bəlkə, romalılar buna öyrəşib, bəs gələn turistlərin nə günahı? Sirenanı eşidən adamda "tabut sindromu" necə yaranmasın? Səlahiyyətim olsaydı, dünyanın hər yerində bu cür səsləri qadağan edərdim. Əminəm ki, Akvilon mənim əvəzimə bunu görür və gec-tez onları cəzalandıracaq! Artıq bu şəhər məni qıcıqlandırmağa başlayırdı. Burda yaşamaq üçün qabırğamın qalınlığının bir metr olması düşüncəsindəydim. Bu minvalla, gözüm onun-bunun qabırğasında, birtəhər axşam elədim. Mənə elə gəlirdi ki, ancaq Sarı mişovulun yanında hüzur tapa bilərəm. Görək, mənə hansı ünvanı göstərəcək? Ay güləcəm, haaa...

Ay güldüm, haaa!

- Müsyö Selim! Sizin ünvanı heç cür tapa bilmirəm. Axırda İtalian Sesiyə (təxminən, bizim statistika idarəsi kimi bir şeydi) müraciət etmişəm. Amma dəqiq cavab almaq üçün gərək otuz avro da ödəyəsiniz.

...Yaxşı ki, adam ürəyində söyə bilir. Hələ üstündə dəvə kimi tüpürə də bilsə, lap qiyamət olur. Oğrun-oğrun ətrafıma baxdım. Əli yox idi. Sonra gözümün önünə romalıların qabırğası gəldi. Daha sonra Sarı mişovulun üzündəki məsum ifadəni gördüm. Lap axırda Akvilonun dədəsinə rəhmət oxuyub, xəlvəti otuz avro verdim. Təki ünvanı tapsın. Deyəsən, yalanıma özüm də inanmağa başlamışdım. Artıq məni Roma-filan maraqlandırmırdı.

Axşam səyahətindən qayıdanda gözlərimə inanmadım, Sarı mişovulun yerində başqa adam dayanmışdı. Boy-buxunu, sir-sifəti... Yox, Sarı mişovula qətiyyən oxşamırdı.

- Müsyö, Selim! - məni görcək dilləndi. - Müsyö Tibo sizin axtardığınız ünvan barədə danışıb. Özü sizə zəng edəcək.

- İnşallah! - bunu da Əli mızıldadı. Sanki "Sən öləsən, ay zəng elədi, ha!" demək istədi.

Bu gün Romada son gecəmiz idi. Əli önündəki Moskateldən (13) qurtumlayaraq vaxtaşırı təkrar edirdi: "Kişinin başına iş gələr!", "Əlli avroluq ünvan", "Viva İtaliya". Nə cavab verə bilərdim ki?! Əli səyahətinin keyfini çıxarırdı. Əli xoşbəxt görünürdü. Görəsən, Əli bilirdi ki, xoşbəxt adamın danışmağa hekayəsi olmur? Görəsən, Əli bilirdi ki, "əlli avroluq" hekayə özü ilə xoşbəxtlik gətirə bilər?.. 

Beləə... Dostun tənəsinə dözmək daha çətindir... Şahanə Vyana, cazibədar Cenevrə! Hər saraya, hər muzeyə, hər vitrinə baxanda Əli ciddi baxışlarını mənə zilləyib "soruşurdu":

- Səncə, giriş haqqı əlli avro olar? Görəsən, əlli avro beh versəm, bu "rolexi" sabaha qədər saxlayarlar? Məncə, buranın dönəri əlli avrodan ucuz olmaz...

Gülümsəməkdən başqa çarəm qalmırdı. Nəsə fikirləşməliydim. Əks halda, Əlinin tənəsindən qurtarmaq üçün Ansiyə gedib Sarı mişovulun evinə qeydiyyata düşməyə məcbur olacaqdım. Beləcə, yeyib-içdiyim burnumdan gələ-gələ beş günü başa vurdum.

Tiffaninin (14) dördüncü mərtəbəsindəki otağımda oturub fikrə dalmışdım. Sabah səyahətimin son günü idi. Əli bütün alış-verişini sabaha saxlamışdı: Hara gedəcək, nə alacaq... plan tuturdu. Mənimsə alış-verişdən, dükan-bazar gəzməkdən zəndeyi-zəhləm gedir. Sabah neyləyəcəyimi fikirləşirdim ki, telefonuma ismarıc gəldi.

- Sən planını tut, Əli, mənim planımı Allah tutdu! - telefonun ekranındakı ismarıcı Əlinin gözü önündə saxladım: "Müsyö Selim, axtardığınız ünvanı tapmışam. Sən demə, mənim şəhərim Ansidəymiş. Sabah sizi gözləyəcəyəm!" - ünvan dəqiq göstərilmişdi: şəhər, kücə, ev, mənzil, hətta saat da. Əli ismarıcı oxuyandan sonra adəti üzrə qımışdı:

- Əlli avro da hazırla, yəqin son beş gündə infilyasiya da olub.

İstehza etdiyinə şübhəm qalmadı. Üzümü çevirib qarşı binanın üzbəüz pəncərəsinə baxdım. İşığı yandığından otağın içərisi aydın görünürdü. Üstündə paltar adına heç nə olmayan gənc qız qulağında telefon var-gəl edirdi. Dilxor görünürdü. Ona baxdıqca düşünürdüm: "Heç vaxt dərinə getmək lazım deyil! Uzaqdan sevmək yaxşıdır: hesabsız, kitabsız, gözləntisiz. Peşmanlıq yox, pərişanlıq yox, ayrılıq yox..." Deyə bilmədim. Gözü mənə sataşan kimi, acıqlı-acıqlı pərdəni çəkdi. Əllərimi tavana uzatdım: "Sağ əlin mənim başıma. Əlinin pərdəsini çəkmək də mənə qismət olsun, ya Sarı mişovulun ismarıcını mənə göndərən Allah, duamı qəbul elə!" - xeyli rahatladım. Artıq rahat yata bilərdim. İçimdəki boşluq götürülmüşdü. Hava proqnozunda sabaha göstərilən yüngül yağış da kefimi poza bilməzdi.

Səhər bilet alıb yola düşdüm. Ansiyə çatanda narın yağış yağırdı. İslanmamaq üçün avtovağzalla yanaşı olan dəmiryolu vağzalının binasına girdim. (avtovağzalın qapalı binası yox idi). Dördkünc qoyulmuş oturacaqların birində əyləşdim. İçəridə ağlı-qaralı xeyli sərnişin vardı. Küncdəki royalda "passagillanı" (15) çalan adama bənd olan yox idi. Səs-küydə nə edəcəyimi düşünə bilmirdim. Sıxılıb küçəyə çıxdım. Qapının ağzında iki sərsəri dayanmışdı. Biri məndən papiros istədi. Anladığım qədəri papiros çəkənlərin hamısından bu xahişdə bulunurdular. Birinə papiros verdim. Əvvəl əlimdəki papiros qutusuna, sonra papirosun özünə baxıb fransızca nəsə dedi. Mimikasından papirosun markasına heyranlıq bildirdiyini başa düşdüm (əslinə qalsa, aldığım papirosun markası özümə də bəlli deyildi). Dediklərindən isə yalnız "mersi"ni anladım. Digəri üzümə məlul-məlul baxırdı. Ona da bir papiros uzatdım. Səxavətimdən heyrətlənib "mersi"ləri yağdırdılar. Bu "mersi"lər yağışa qarışıb qəribə məstlik gətirdiyi üçün, islanmaqdan qorxmayıb şəhəri gəzməyə başladım. Gəzdikcə miqrantlara qarşı dözümsüzlüyü də anlayırdım. Niyə də olmasın?! Ya bu şəhərin qanunlarına hörmətlə yanaşmalısan, ya da dəf olub getməlisən! Onu da anlayırdım ki, burda sərsərilərə papiros hədiyyə edənə turist, papiros dilənənə miqrant deyirlər. Yox, mən indi nə turist, nə də miqrant idim. Mən indi öz xəyali Dulsineyasını axtaran Don Kixot idim.

Vaxt gəldi... Deyilən ünvana çatdım. Mənimçün tanımadığım istənilən ünvan sirli aləmdir. Bağlı qapıların arxasında səni nə gözləyir, - əsla bilmirsən. Sanki, o qapıların arxasında qulaqlarının duymadığı musiqini eşidirsən. Əlimi zəngə uzatdım. Mənə elə gəldi ki, evdəkilər ürəyimin nəğməsini eşidir: "Açıl qapım, açıl! Açıl taxtalım, açıl dəmirlim! Sən açılmasan, arxamda bir qapı da açılmaz. Mənə açılmayan qapılarsız yaşamaq olmaz." (16)

İçəri girəndə gözlərimə inanmadım. Foyedəki divanda yan-yana qarı-qoca oturmuşdu. Gözləri gülürdü. Kişi sanki Sarı mişovulla bir almanın ikinci yarısı idi. Beynimdə bir anlıq ildırım çaxdı: "Deyəsən, xınanı atan yox, 14-cü Lüdovik qoyub" - düşünsəm də, dilimə gətirə bilməzdim. Sarı mişovul əlində hazır tutduğu əlli avroluq əskinası mənə uzadaraq, gülümsəyən gözləri ilə ata-anasını göstərdi:

- Buyur, bu Bukinhem hersoqu, bu da avstriyalı Anna! (17)

- Ax, Alik, Alik! Sənin pərdəni mən yox, Sarı mişovul çəkdi! Bu saat sənin bərəlmiş gözlərini görməkdən başqa arzum yoxdur! - bunu ürəyimdə dedim! Həm də öz dilimdə...

İndiyə qədər yaşadıqlarım hamısı bir anda puç oldu. Artıq yeni həyatım başlayır. "Bu həyatımda sənin əbədi yerin olacaq, Sarı mişovul! Sənin üçün yaman darıxacağam!.."

 

2026

 

1-Roma hava limanı.

 2-(it.) Axşamınız xeyir, cənab.

 3-Qədim Roma mifologiyasında külək tanrısı.

4-Dünyaya təkrar gəlməyə olan inanc.

5-V.Hüqonun "Notr Damm kafedralı" romanında obraz.

6-Fransanın cənubunda kurort şəhəri, Avropanın on ən gözəl şəhərləri arasındadır.

7-Məntiqin dördüncü qanunu: Periodik olaraq eyni cür nəticələnən hadisələr növbəti dəfə tam tərsinə ola bilir.

8-A.Dümanın "Üç müşketyor" romanında adı keçən ünvan.

9-Günorta yuxusu və ya istirahəti. Aralıq dənizi və latın Amerikası ölkələrində qəbul olunmuş norma.

10-Səhər yeməyi.

11-Günorta yeməyi.

12-Günorta və axşam yeməyi arasındakı yüngül yemək.

13-Şərab növü.

14-Cenevrədə otel.

15-Şopenin əsəri.

16-Ələkbər Salahzadənin şeirindən parça.

17-İngilis hersoqu və XIV Lüdovikin arvadı. Dümanın romanına görə La Qarp-75 ünvanında iki sevgili xəlvəti görüşürmüş.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!