Cümə gününə hazırlıq (Hekayə) - Mübariz ÖRƏN

 

Şimala uçmalıydı.

Birbaşa reys olmadığından Bakıdan Minvoda, ordan isə on səkkiz il yaşadığı şimal şəhərinə bilet aldı. O baş-bu baş; elə götürdü ki, altı-bazar köhnə dostlarla istirahət edib, - onu səbirsizliklə gözləyən keçmiş iş yoldaşlarının çoxu indi şirkət sahibiydi, - çətin günlərini yada salıb, həftəiçi gələcək birgə müəssisə ilə bağlı məsələləri yoluna qoyub, cümə günü İstanbulda keçiriləcək mühüm tədbirə çata bilsin. Amma görünür, fələyin planında varmış ki, yolun azı bir hissəsini qatarla getməlidi. Dron hücumları səbəbindən Minvod aeroportu təyyarələri qəbul edə bilmədi, təşviş dolu nəfəskəsən dəqiqələrdən sonra yaxın şəhərlərdən birinə - Krasnodar hava limanına məcburi eniş etməli oldular. 

Uçmaqdan onsuz da qorxurdu. Canını dişinə tutub təyyarəyə bileti çıxılmazlıqdan almışdı; quru sərhədlər bağlıydı. Aeroportda portağal şirəsi ilə "iki yüz" viskini başına çəkəndən sonra ürəklənib uçuş zonasına keçə bilmişdi.

Bu dron məsələsindən sonra isə çətin bir də təyyarə trapına ayaq basa!

Gözləmə zalının çıxışında bir xeyli dayanıb pəncərədən çölə - aramsız yağan qara baxdı. Qatarla getməyə heç həvəsi yox idi. Üç sutkalıq yolu taqqatuq-tukkatuk... get ki, gedəsən. "Amma qatarla uzaq yol getməyin də öz ləzzəti var. O da ola qışda! Sibir qatarında!.." - çantasını götürüb havaya çıxdı. Şaxta az olduğundan qar yerdə qalmırdı, sıyığa dönüb ayaqlar altda lırçıldayırdı.   

- Hara gedirik, qardaş? - ona tərəf yüyürən taksi şoferi az qala çantasını əlindən alacaqdı. Azərbaycan dilində danışsa da, erməni olduğunu baxışlarının ani toqquşub yayınmasından bildi. 

- Dəmiryol vağzalına, - qiymət danışmağa halı, həvəsi yox idi, çantasını ona verib, dinməzcə yanınca düşdü. Arada ayaq saxlayıb tanış da oldular, - adı Lyova idi, - gözlərindəki soyuq parlaqlıq hər ikisini ələ verdi.

"Yaddaş kopoolu şeydi!" - fikirləşdi. - "Şəxsi düşmənçiliyin olmaya-olmaya, həyatında ilk dəfə gördüyün adamdan niyə ehtiyat edəsən, çəkinəsən? Özü də qıraq yerdə - neytralda". Taksilərin, avtobusların arasıyla keçib, az qala aeroport ərazisindən çıxacaqdılar. Düzü, bir az narahat olmağa başladı ki, belə yerdə ən böyük yaxşılığı da, ən yekə pisliyi də "qardaş"dan gözləmək olar. Köhnə, yaşıl "Volqa"nın yanına çatanda, Lyova çevrilib ona baxdı, bic-bic gülümsündü: "Aeroport taksistləri bizi içəri qoymur, təkərimzi deşirlər, məcbur olub burda saxlayırıq". 

"Ya toje bakinets, razinskiy...", - aeroportdan vağzalacan yarım saatlıq yolu ancaq Bakıdan danışdı Lyova. "Dvores"in arxasında yaşayırmışlar... həyət evində... 89-a qədər... Sonra evlərini "obmen" eləyib köçüblər Krasnodara... O özü də həmin vaxtlarda - tələbəlik illərində Razində, indiki Bakıxanovda kirayədə qalırdı. Danışdıqca, ortaq tanışları da çıxdı: Vera xala. Rus qadın idi. İkimərtəbə "kamışovka"da qalırdılar. Qadınlar üçün o vaxt nadir sayılacaq peşə sahibiydi: taksi sürürdü. Həmişə kişi kimi geyinirdi. Kişi kimi də mərd qadın idi. Qonşular arasında yaxşı hörmət qazanmışdı.

"Biz sadə adamların nəyinə lazım idi axı dava?! Gül kimi yaşayırdıq da..." Vağzala çatanda Lyova pul götürmədi, "səndən Bakının qoxusunu aldım," - dedi. Telefon nömrəsini verdi, dedi, nə vaxt yolun düşsə, zəng elə, qonağım ol, evdə hamı şad olar...

Qatara bilet götürüb, vaxtı var idi, şəhərin vağzala yaxın yerlərini gəzdi. Mağazadan yola lazım olan bəzi şeyləri aldı. Özüylə Bakıdan yaxşı içkilər götürmüşdü, dostlara hədiyyə, - bilirdi ki, Rusiyada xarici içkilər indi çətin tapılır, - qatara iki şüşə beşulduz "Praskoveyskiy" konyakı aldı, - seçim onsuz da beləydi: çeşidli Dağıstan və Stavropol konyakları, vəssalam, - uzun yoldu, lazım olar. 

Üçüncü kupenin yarıaralı qapısını yüngülcə döyüb salam verdi. Paltosunu çıxarıb qarmaqdan asa-asa qulağı havadan asılı qaldı; deyəsən, salamını alan olmadı axı. Özünü o yerə qoymadı. Yeri sağ aşağı idi. Sandığı açıb çantasını yerləşdirdi. Üzbəüz əyləşən iki nəfər, çox güman, ana-bala idilər: orta yaşlarda göy kostyumlu qadın, on beş-on altı yaşında yeniyetmə qız. Qız yox, amma qadının qırımından onun bu kupeyə düşməyindən narazı olduğu açıqca görünürdü; ikinci salamı üzbəüz sifətinə desə də, adamdan səs çıxmadı, əksinə, hikkəylə üz çevirib pəncərəyə baxdı...

"Uzun yolun ləzzəti də, romantikası da tullandı getdi öz işinə".

"Litso kafkazskoy natsionalnosti", - ağlına gələn tək şey bu oldu. Başqa nə ola bilərdi ki?! Həyatında ilk dəfə gördüyün adam sənə niyə nifrət eləsin? Protokol mənası "Qafqaz millətindən olan şəxs" olsa da, əslində, aşağılayıcı ton, ağır damğa vardı bu ifadədə: "Qafqazlılar hamısı bir zi... bezin qırağıdı: vəhşidi, banditdi... bizdən deyil".

Qatar tərpənən kimi kupedən çıxdı, bəlkə "madamlar" paltarlarını dəyişib rahatlanmaq istəyər. Həm də, istəyirdi bələdçiylə danışsın, mümkün olsa, onu başqa kupeyə keçirsinlər. Bələdçi qız axırıncı kupenin hələ ki boş olduğunu, istəsə, yer yiyələri gələnəcən orda əyləşə biləcəyini dedi.

Pəncərə önündə dayanıb qatarın şəhərdən çıxmasına tamaşa elədi... Vaqon samovarında - titanda közərən kömürün sinəyə yayılan yumşaq, beyinə işləyən kəskin qoxusu sovet qatarlarının köhnə-doğma ab-havasını andırırdı... Yorulub, boş kupeyə keçdi. Adı kupe olsa da, vaqonun axırında, tualetə yaxın, su axıdılması, qapının bərk vurulması, - hər şey eşidilirdi. Yaxşı ki, girən-çıxan az idi. Telefonu açıb votsap mesajlarını gözdən keçirdi. Şimaldakı dostları ona lağ edib gülürdülər, - təyyarədən qorxub qatara mindiyini özü onlara yazmışdı. - Bir ucdan yazırdılar ki, Volqoqradda düşüb təyyarəyə minsin, bütün Yuqra səni gözləyir, nə itin azıb o tısbağa yerişli qatarda... Arvadağadan gələn mesajı açdı. İki daşın arasında doktor soruşurdu, kupedə kimlə düşmüsən? Boş kupenin şəklini çəkib ona atdı. Qatar pəncərəsindən görünən nəhayətsiz Kuban çöllərini, göz oxşayan əkin sahələrini çəkib, feysbuk səhifəsinə qoydu.

Bir-birini qovan işıq dirəkləri, ağaclar, çaylar, körpülər, dəmir yoluna paralel magistralda o üz-bu üz şütüyən maşınlar... sanki harasa tələsirdilər. Sərnişini olmayan, yanından sürətlə ötüb getdikləri balaca, adsız stansiyalar isə... nədənsə qəlbini kədərlə doldurdu, bu yersiz duyğusallığı, hətta gözlərini də yaşartdı.

Feysbukda qoyduğu fotoya gələn bir rəy sanki dar quyunun dibindən dartıb çıxartdı onu: "Qağa, yenə hara gedirsən?" Dəmir idi! Kəlbəcərli Dəmir. Maraq üçün səhifəsinə girib örtük şəklinə baxdı. Özüydü! Hardasa rəngbərəng - sarılı, göylü, yaşıllı arı yeşiklərinin yanında dayanıb gülümsəyirdi. Heç dəyişməmişdi əclaf, otuz il qabaq necə görmüşdü, eləydi. Saçları azca çallaşsa da, arıq sifətindəki təbəssüm əvvəlkiydi.  

Onunla eyni vaxtda gəlmişdilər şimala, "doxsanların" əvvəli. Ən çətin günləri bir yerdə keçmişdi. Qərib yer, qırx dərəcə şaxta, iş yox, pul yox, qalmağa yer yox... Əllərində diplom, sovet dağılıb, idarə-idarə, sahə-sahə düşüb iş axtarırdılar. Gecəni harda gəldi, adətən azərbaycanlıların sıx yaşadığı yataqxanalarda, vaxtilə neftçilərin müvəqqəti yaşayışı üçün taxtadan - brusdan yığılmış darısqal, amma isti "balok"larda yer tapıb, - çətinlikdə birlik vardı! - döşənişib yatırdılar. Üç-dörd nəfərlik yerdə, bəlkə on nəfər! Sonra neftdə işləyən bir salyanlı yataqxanadakı boş otağını onlara verdi, bir şərtlə: "Komendantın gözünə görünməyin!"

Yaxşı yemək bişirməyi vardı Dəmirin. İki kartof, bir soğan, baxırdın, nəsə düz-qoş edib qoydu ortaya. Əllərinə pul düşəndə dondurulmuş toyuq budu alıb bişirirdilər. O vaxt ABŞ-dən gətirilən toyuq budları ərzaq qıtlığından əziyyət çəkən "postsovetlilərin", xüsusən, şimallıların yaxşı əlindən tutdu, - sovet dağılıb, vitrinlər boş, maaşlar gecikir, insanlar çaşqın... - qızardıb süfrəyə qoymağa yenə nəsə oldu: ucuz, əlçatan, tezbişən. Xalq arasında bir az sevgi, bir az da istehza ilə "Okoroçka Buşa" deyirdilər ona.

Onların otağında isə o ətin adı "Vera Vasilyevnanın budları" idi...

Bir görsən o budları necə sevgiylə bişirirdi Dəmir. Bircə-bircə yuyub təmizləyirdi, zümzümə edə-edə, artıq yerlərini kəsib çıxarırdı, doğrayıb Bəhmən Vətənoğlunun şeirilə tavaya yığırdı, bol-bol soğanını vururdu, duzunu, istiotunu... yarımca stəkan suyla, qapağını kip örtüb, qoyurdu oda. Yağsız-zadsız, öz şirəsində... Bişib yağına düşəndə, it oğlu it, həmişə eyni şeyi təkrar edirdi: tavanın qapağını açıb, budun ən canlısını götürüb, üzündə şeytani işıq, oğraşi təbəssüm, - o təbəssümün başqa adı yoxdu! - ağzı bərabərində tuturdu: "Vera Vasilyevnanın budlarıııı..."

Qatar deyəsən, hansısa böyük stansiyaya yaxınlaşırdı.  

Buz bağlamış perrona ayaq basanda, hiss elədi ki, bəli, üzü şimala gedir! Elektron tablo "-20"ni göstərirdi. Belə şaxtada şortikdə, nazik şəp-şəplərdə çıxıb siqaret çəkən, it gəzdirən adamlara baxanda üşütməsi bir az da artdı. Həm də, təəccübləndi ki, bu qədər adam hardan çıxdı, qatarda yox idilər axı! Əvvəllər qatarlarda adamlar daha mehriban, ünsiyyətcil olurdular: alırdılar, verirdilər, deyirdilər, gülürdülər... İndi yox, hərə öz qadcetində - telefonunda, qulaqcığında... Heç əvvəlki kimi qatar qabağına çıxıb isti peraşkilər, qızardılmış toyuq, soyutma kartof satan "babuşka"lar da gözə dəymirdi, - qatarla uzaq yol getməyin bir ləzzəti də o nənələrdəydi! - yığışdırmışdılar. Kioskda isə "doşirak"dan, "biç" paketdən, vakuumlu kolbasalardan başqa heç nə yox idi, üstəlik, bütün bu gicgici şeylərə növbə də vardı. Əli gitaralı, başı tüstülü, sərxoş-sərgərdan gənclərin "performansına" kənardan baxdı, soyuq idi, qalxıb vaqon-restorana keçdi.

Restoran, demək olar, boş idi. Masalardan birində əyləşib, ofisiant yaxınlaşanacan, dostlardan gələn təzə mesajları açdı: votsap "pəncərələri" lağedici tısbağa, ilbiz, qatar emojiləri ilə doluydu. Hərəsinə bir "gülüş" atıb, doktorun - arvadağanın mesajına keçdi, xoşbəxtlikdən cavabı öz-özünə, tez-təbii alındı; ofisiant oğlan idi, bomboş restoranın fonunda onunla selfi edib, göndərdi. 

Menyuya nəzər saldıqca ofisiantın ona necə çaşqınlıqla baxdığını tutdu. Elə bildi, nəsə düz geyinməyib, düz taxmayıb, gördü, yox, pencəyinin qolundan görünən saatdadı gözü. 

- Mən özüm də iki il Patek Philippe-də işləmişəm, Moskvada, Teatralnıda, - ofisiant onunla elə mehriban, rahat danışırdı, yüz ilin tanışıydılar sanki, - müharibə hər şeyi məhv elədi!.. Lüks brendlərin satışı dayandı, rəsmi dilerlər çıxdı getdi, butiklər bağlandı... Sonrası da... - çəngəl-bıçağı, qatlanmış salfetləri boşqabın sağ-soluna düzə-düzə gülümsündü. - İstəsəniz ,sizə əla steyk hazırlatdıra bilərəm, dana ətindən, tam bişmiş.

Yaxın-mümkün perspektivləri nəzərə alıb, çantasındakı konyakdan sifariş etdi. Bir şüşə; fikirləşdi, Yakovu da qonaq edər, - ofisiantla artıq tanış olmuşdular, - uzun yoldu, oturub söhbətləşərlər, uzağı yaxın edərlər. "Revizorlar qəfil qatara minir, gəzir, yoxlayır, icazə yoxdu, olmaz..." - Yakov sanki üzrxahlıqla içməkdən imtina etdi, amma perspektivin üstündən tam xətt də çəkmədi: "Tobolskı keçək, sonra..."

"Tobolskdan sonra olar...", - özü də bilir. Bu yolu qatarla institutu bitirən ili bir dəfə gedib. İsti, rahat restoranın pəncərəsindən getdikcə artan qar çovğununa baxa-baxa fikirləşdi ki, bəli, bu, hələ şimal deyil. Şimal özünü göstərəcək, canavar kimi nəfəsini hiss elətdirəcək. Bu, hardasa Tobolskdan - vaxtilə Çar Rusiyasının sürgün yeri olan, İkinci Nikolayın da ailəsi ilə birgə həbsdə saxlanıldığı, "dünyanın axırı" sayılan yerlərdən başlayacaq. Əvvəl təbiətdə hiss olunacaq bu dəyişiklik: qar altında mürgüləyən əkin sahələri, səsli-küylü şəhərlər, sıx-sağlam meşəliklər... get-gedə, dərin buzlaşmanın məngənəsində can verən tayqalıqlarla, - yayı üfunət saçan bataqlıqlar, mığmığalı gölməçələrlə, - dılğır-tösmərək şam ağacları ilə əvəzlənəcək. Yaşayıb fərqinə varmadığımız torpağımız - "böyük torpaq!" - getdikcə bizdən uzaqlaşacaq, materikləşəcək; dəqiqəbədəqiqə, saatbasaat qopub ayrılacağıq kökümüzdən, havamızdan, yuvamızdan. Doğmalığı yadlıq, daimiliyi müvəqqətilik əvəz edəcək. Bu, adamların susqunluğunda, dalğınlığında, donuq baxışlarında özünü göstərəcək. Hər şey başqalaşacaq. Göz-qulağımızın öyrəşdiyi adi yer adları belə şimal aborigenlərinin - xantların, mansilərin, neneslərin... dilində olacaq: Pıt-Yax, Kut-Yax, Sivıs-Yax, Ult-Yaqun!.. Sonra neft sənayesinin gətirdiyi cansız adlar: Sentyabrsk, Oktyabrsk, Noyabrsk... Xantı-Mansiyskin - Yuqranın köksünə "fakel-fakel" səpələnmiş kiçik şəhərlərin, qəsəbələrin, platformaların, kustların... da taleyi, divin canı şüşədə olduğu kimi, neftdən asılı olacaq; neft tükəndisə, fakellər sönəcək, nasoslar dayanacaq, iş yerləri bağlanacaq, şəhərlər, qəsəbələr boşalıb gedəcək öz işinə. Bu müvəqqətilik duyğusu, "fanilik türbülansı" şimal qatarında gedən hər kəsi haqlayacaq, - qərarsızlaşdıracaq, darıxdıracaq. "Aralıq halı"nı adlayandan sonra isə, bəli, vecsizləşdirəcək. Bu çalpaşıq hissin adını mən deyim, sən tap: adam bəri başdan gələcəyinə təslim olur, rahatlanır, qabığını sındırıb keçmişin artıq yüklərindən özünü azad edir, təzələnir, bəzən heç özünə aid olmayan bezdirici öhdəlikləri, mənasız məsuliyyəti çiyinlərindən atır, yüngülləşir... Bu, deyəsən, qatarda gedən hər kəsin, hətta nəzarətçilərin, bələdçilərin belə ovqatına təsir edir: qadağalar yumşalır, çox şeyə göz yumulur...

Xantı-Mansiyskin ən böyük şəhərini - Surqutu keçəndən sonra, qatar, demək olar, boş gedəcək; hər vaqonda beş-on sərnişin qala, qalmaya. Ordan o tərəfə, bir gecəlik - altı saatlıq yolu sanki son nəfəsində sürünəcək qatar: təkərlərinə, şüşələrinədək his tutmuş, don bağlamış "nəhəng dəmir soxulcan" nəhayətsiz kimsəsizlikdə qarı, qaranlığı yarıb, yorğun-yorğun irəliləyəcək... Vaqonların gecə işığında, yarıqaranlığında isə... bir ayrı yiyəsizlik, başsızlıq hökm sürəcək. Qatar rəisi, briqadirlər, dəmiryol müfəttişləri, nəqliyyat polisi... heç biri olmayacaq, - uzun, yorucu səfərdən sonra çoxu Surqutda düşüb bərpa-istirahət yerlərinə yollanır, - hakimiyyət büsbütün vaqon bələdçilərinin əlinə keçəcək. Onlar isə... dərə xəlvət, tülkü bəy, süpürgə-vedrələrini bir kənara atıb, uniformalarını çıxarıb, tam azad, "sərnişinlər tərəfə" keçəcək. Stansiyalarda satışına qadağa qoyulmuş spirtli içkiləri özləri təklif edəcək, açıq satışa qoyacaq: ucuzu baha satacaq, satdıqlarına qonaq olacaqlar. Kupelər birləşəcək, aralar açılacaq, pərdələr götürüləcək; əsl günah işlətməli yer olacaq!.. 

Steyk, doğrudan da, əntiqə çıxmışdı.

Bu dəfə salamsız-kəlamsız, saymazyana keçdi kupeyə. Qadın yüngül xalatda kupenin yiyəsi kimi oturmuşdu. Qız da yuxarıda - telefonundaydı. Üst çarpayıdan ona aid olan yataq paketini götürüb, açmağa tələsmədi, qəsdən uzatdı ki, bəlkə durub çıxalar, əynini rahat dəyişə. Çıxmasaydılar da dəyişəcəkdi, prinsipə, acığa! Amma çıxdılar. Əvvəl deyinə-deyinə qadın, - "əcəb işə düşmüşük!" - sonra üst yerdən yüngülcə hoppanıb, krosovkalarını ayağına keçirib, qız çıxdı.

Arvadağa idman kostyumunun ən yaxşısını qoymuşdu yola, - belə işləri heç kimə həvalə etməz, - nə biləydi qatarla getməli olacaq?! Kağız paketdə bir yığın şirniyyat, kofe, fincan... "Can e, can!" Əynini dəyişib, yüngül ev sürütmələrini geydi, məhrəbasını çiyninə atıb, sabun-fırçasını götürüb çıxdı. Qayıdanda, qulaqlarına inanmadı. Kupedəki qız yumşaq səslə: "Sizə mesaj gəlib", dedi. "Çox sağ ol, qızım", -  deyib, onun belə tez yumşalmasının səbəbini tapmağa çalışdı.  

Kupedə unutduğu "korporativ smartfon"a - texnologiyanın "son çığırtısı"na gələn mesaj hüquq şöbəsindən idi. Gənc hüquqşünas Səfərov səs atıb, gələn ay italyanlarla imzalanacaq müqavilənin bir bəndi ilə bağlı dəqiqləşdirmə istəyirdi. Həmin bəndi hər iki dildə - italyan və azərbaycan dillərində təkrar-təkrar oxuyub, öz aləmində guya nəsə tutuşdururdu. Onun lüzumsuz canfəşanlığı, kobud, kələ-kötür italyancası səbrini daraltsa da, axıracan dinlədi. Sonra təmkinlə cavab atdı ki, belə işləri, əvvəla, telefonda görməzlər, ikincisi, bunun üçün xarabada müavin var, üçüncüsü isə, - ara yerdə əsəbiləşib gənc mütəxəssisin heç nədə günahı olmayan xalasına söydü, - dron kimi axtarıb qatarda da tapırsız adamı! "Ay Səfəroov! Ay Səfərooov! Desinlər, kişinin oğlu işləyir!" "Contratto, Contratto!", - onun ağzını əyib, gülümsədi. Baxdı ki, zabitəli qadının da, deyəsən, buzu tərpəndi: yerində qurcandı, dönüb qızı ilə bir-birlərinin üzünə baxdılar.

Qarşıdan gələn işıq... geridə qalan işıq... Uzaqda qızaran işıq topası get-gedə aydınlanıb Mamayev Kurqandakı "Ana Vətən çağırır" abidəsinə çevrildi, - Volqoqrada çatırdılar.

Qatar Volqoqradda gözlənildiyindən artıq dayandı. Perronda nəsə qarışıqlıq, həyəcan hökm sürürdü. Projektorların dümağ işığında tibb işçiləri, hərbçilər əllərində xərək ora-bura qaçışırdılar. Ukraynadan qaytarılmış əsirlər, yaralılar üçün xüsusi sanitar vaqon hazırlanır, dedilər. Pəncərənin o üzündəki çaxnaşma sanki nə vaxtsa baş vermiş, - ya hardansa eşitdiyi, - pis bir şeyin təkrarı, bəlkə də, baş verəcək hadisənin əlamətləri idi!.. Barmaq kəsən yüklərini dartan yarıyuxulu sərnişinlərin tələskənliyi, - halbuki qatar platformada üç saata yaxın dayanacaqdı, - vağzal elançısının dünyanın o başından gəlirmiş kimi eşidilən yorğun, intizarlı səsi, bir-birinə dəyib qoşulan vaqonların yüngül tərpənişi... kupeyə əlavə qüssə gətirir, bu azmış kimi, qaranlıqda kimsə xoruldayırdı. 

Bu darlıqdan qurtarmaq üçün, telefonda qurdalanıb, yenə Dəmirin səhifəsini tapdı. Onun tülkü sifətini bir də görmək istəyirdi. "Gəl, Dəmir, gəl, əsl sənin yerindi, gəl!" Şəkillərin birində onun hansısa beynəlxalq sərgidə təşkilatçı qismində dayanıb gen-gen göstərişlər verməsi - şəkildən belə görünürdü! - kefini açdı, dodağını qaçırdı: "Qudurasan!" 

"Mən o yolu bir də getmək istəməzdim!..", - şimala qatarla ilk səfərindən hər danışanda söz gəlib mütləq "Vera Vasilyevnanın budları"na çıxırdı!..

 

***

...dağdan arana qaçqın düşmüşük, dədəmlə dalaşıb evdən çıxmışam, Bakıdan Minvoda, ordan da bir ayrı qatara minib, kor-koranə, hara gəldi, gedirəm. Tərs kimi platskarta yer olmayıb, bahalı kupeyə bilet almışam. Olar, qırx beş yaşında qadındı, yanında da özü boyda qızı, sutka yarım bir kupedə yol getdik, başlarını qaldırıb üzümə baxmadılar. Əsas da o ana tayı! Mən də deyirəm bəs qızına görə elə edir, yad kişiylə bir kupeyə düşməklərindən narahatdı. Gördüm, yox e, bunlar heç məni veclərinə almırlar; yanımda istədiklərini edirlər, deyib-gülürlər, soyunub geyinirlər... Mən də, belə şey görməmişəm axı, qalmışam qırıla-qırıla! Nə qədər soyuq tamburda ayaq üstə qalmaq olar?!. Yaxşı ki, Ufada qatara ukraynalı "vaxtavik"lər mindi, - aralarında tək-tük başqa millətdən olanı da vardı. Çerniqovdan Ufaya, ordan da şimala uçmalıymışlar, necə olubsa, qatarla getməli olublar. Əlavə qoşulan vaqonu, bizdə axırıncı kupe boşalmışdı, oranı tutdular. Kupemizə də bir tatar düşdü, Talqat, orta yaşlarında, zarafatcıl kişi. Hardan olduğumu biləndə: "O-oo, Palad Byulbyul-aqlı, dolalay-dolalay-dolalay", - deyib, şən-şən oxudu. - "Cavanlığımız onun mahnılarıyla keçib..." - dedi. İlk dəfəydi "bir vaqon vaxtavik" görürdüm. On beş gün evdə, on beş gün işdə, - növbəylə işləyib, yaxşı maaş alan neftçilər idi. Platskartda çantasını qucaqlayıb mürgüləyən kim, orda-burda sərələnib yatan kim, üç-bir, beş-bir yığılıb "poker", "monopoliya" oynayan kim... Deyəsən, "vam odda" içki də içirdilər. Kim istəyirsə qoşulur, istəmirsə, heç kim mane olmur.

Təkləndiyimi görüb, Talqat məni axırıncı kupedəki dostlarının yanına apardı. Hamısıyla birbəbir, adbaad tanış elədi. Bəlkə yeddi-səkkiz nəfər bir kupeyə yığılıb içki içir, - o vaxt qatarda spirtli içki içmək qadağası hələ yox idi, - kart oynayırdılar. Həyatlarından, işlərindən razı olduqları bilinirdi. O vaxtın, bəlkə ən çox maaş alan adamları idilər. Mən isə - başdan-ayağa nagümanlıq içində! Bakıda əmioğludan borc alıb yola çıxmışam, hara gedəcəyimi, nə edəcəyimi bilmirəm. Narahatlığımı görüb, Talqat əlini şəstlə kürəyimə qoydu, Bakıda neft institutunu bitirdiyimi, - Azərbaycan Neft və Kimya İnstitutu o vaxt sovetin ən yaxşılarından idi! - şimalda neft mühəndisi olacağımı dedi. Məni gələcək kolleqaları kimi qarşılayıb, aralarında yer elədilər, özlərinə qatdılar, əlüstü "yüz" süzüb, donuz əti yeyib-yemədiyimi zarafatla soruşdular. Əynimi nazik görüb, belə olmalıymış kimi, hərə çantasından bir şey çıxartdı: qalın neftçi "puxovik"i - qış kurtkası, isti, yun içli botinka, qulaqlı papaq... Sıxıldığımı görüb: "Hamımız şimala belə gəlmişik", - dedilər. - "Narahat olma, bizə də işdən verirlər".

Özümü neft mühəndisi kimi hiss etməyə başlamışdım.

Qatar relslərin üstə yağ kimi gedirdi.

Tabolskdan sonra... bələdçi qız kupe-kupe gəzib, şən səslə, kimin nəyə ehtiyacı olduğunu soruşdu, deyəsən, çənəsinin altına yüngül çırtma da vurdu.

Yadıma düşdü ki, Minvod vağzalında "babuşka"lardan iki litr qaraçay konyakı almışam, "damaşnı", birlitrlik ağ-etiketsiz şüşələrdə. Birini çıxarıb Talqata verdim, elədiyi yaxşılığa görə. "Dostları ilə içər, saxlayıb evinə aparar, özü bilər". Talqat, gözünə döndüyüm, qolunun çölüylə stolun yarısını "işğaldan azad edib", konyakdan stəkanlara süzdü, heç gözləməzdim, birini bizim "zabitəli" xanıma uzatdı. Elə bildim, rədd edər, almaz, amma yox, süzülüb-büzülüb konyakı götürdü, yüngülcə qoxulayıb, əvvəl bir qurtum, sonra iki, üç, axıracan içdi. "Ay bərəkallah, yanırmış ki bu!" - ürəyimdə dedim. Konyak əla konyak idi, xoş dadı vardı, həm də, deyəsən, təsiri də əlaydı. Çünki ikinci stəkandan sonra Vera Vasilyevna - artıq tanış da olmuşduq - səbəbsiz gülməyə başladı, haldan-hala düşdü, dönüb tamam başqa adam oldu. "Kül başıma!" - ürəyimdə özümü söydüm. - "İki sutkadı bunu niyə çıxarıb qoymursan stola, bərk-bərk oturmusan üstündə!" Vera Vasilyevna durub nəyəsə çıxanda, arxadan, heç fikir verməmişdim, ya konyakın təsirindən idi, yüngül xalatında... yadıma çantamdakı armudu saldı! Bakıda "vosmoy" bazarından almışdım. Meyvə "polka"sında silinib dən-dən yığılmış meyvələrin ən yuxarısında qoyulmuşdu. Elə iri, cazibəli idi, aralıdan "gəl-gəl" deyirdi. Həyatımda o gözəllikdə, o şuxluqda armud görməmişdim! Pulum az olsa da, yad ölkəyə gedirdim, özümlə matah bir şey aparmalıydım, - həm də, tamahımı saxlaya bilməmişdim, - çəkdirib götürmüşdüm.

Coğrafiyadan keçdiyimiz Ob çayını gecə kefli keçdik... 

Surqutdan o tərəfə gecə qatarında baş verənlər yadımda addaq-buddaq qalıb. Kölgə kimi ora-bura keçən adamlar... Talqat dəmləşib mənim yerimdə üzüqoyulu qalıb. Kupemizdəki qız qonşu vaqondan gənc "vaxtavik"ə qoşulub gedib... Vera Vasilyevnanın hallı-havalı səsi vaqonun o başından gəlir. Mənsə... ayaq üstə yırğalana-yırğalana bələdçi qızdan aldığım dondurmanı onun özünə yedizdirirəm, sinəm kürəyində... Sonra vaqona vahiməli sakitlik çökdü, bütün hərəkətlər sanki dondu... Bələdçi qız kupeyə qayıdıb təşviş içində üzümə baxdı, bir az da kinayə ilə "niyə durmusan, sən də get", dedi... Koridorun solğun işığında ukraynalı "vaxtavik"lərin növbəylə, bir-bir axırıncı kupeyə girib, şalvarlarının qabağını razılıqla bağlayıb çıxdıqlarını, aşa-aşa öz vaqonlarına qayıtdıqlarını gördüm! Nə baş verdiyini bilsəm də, nə edəcəyimi bilmirdim. Yerimdə donub qalmışdım! Bir kupedə getdiyim qadınla başqa kişilərin etdiyi hərəkət heysiyyatıma toxunmuş, təəssübkeşlik hissimi alovlandırmışdı. İçimdəki şeytansa... yolboyu kupedə at oynadan qadının alçalmış halını görməyə itələyirdi... 

Axırıncı kupe ölü düşmüş evin qapısı kimi taybatay açıq idi.

Yanından düz keçmək istəsəm də, dönüb içəri baxmaq marağından özümü saxlaya bilmədim. Vera Vasilyevna, deyəsən, ortada, masanı qucaqlayıb qalmışdı, - kupenin sarımtıl işığında ağaran Vera Vasilyevnanın budları idi...

 

***

Vaqonun ağır havasına, - qarışıq yod, spirt, sarğı qoxusuna oyandı.

Əl-üzünü yumağa çıxanda axırıncı kupedə gecədən yerləşdirilmiş yaralıların olduğunu gördü. Sanitar vaqonda yer çatışmazlığı - yaralı çoxluğu səbəbindən nisbətən yüngül olanları bura köçürülmüşdü.

Qoşulan vaqon, "vaxtaviklər" - yaralılar, "zabitəli" qadın, axırıncı kupe... Hansısa pis bir şeyin təkrarlanacağı hissi, üstəgəl, müharibənin get-gedə yaxınlaşan nəfəsi təşvişə çevrilib bütün bədənini sardı, - tualetin ləkəli güzgüsündə ağarmış sifətini tapdı: "Sənin nə itin azmışdı axı bu köhnə qatarda, cənab sədr?! O boyda işin-gücün, taqqatuq-tukkatuk, nə düşmüsən çöllərə?!"

Gələn həftə İstanbulda keçiriləcək tədbir, bir ay sonra Bakıda italyanlarla bağlanacaq müqavilə... Bələdçi qızdan Ufaya nə vaxt çatacaqlarını soruşdu. Ordan gedəcəyi şəhərə təyyarə reysinin olub-olmadığına Quql-da baxdı. Bugünkü reys artıq uçmuşdu. Əvəzində İstanbula uçuş vardı: 19:55-də, birbaşa! Həftədə bir dəfə olan reys məhz bu gün idi! Özü də, ən etibar etdiyi aviaşirkətlə, - Türk Hava Yolları ilə.        

Qərar verməyi ilə yığışıb hazır olmağı bir oldu.

Dostlara nəsə yazmağı sonraya saxladı, növbəti stansiyada düşüb, taksilər dayanan tərəfə getdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!