Tut ağacı dərin fikrə getmişdi. O da dinməzcə yumru daşın üstündə oturub başına toplaşdığı uşaqlara rəvayət danışan İbişə diqqət kəsilmişdi. Başından çox küləklər əsmiş tut ağacı meyvəsini tökmüşdü, indi də kölgəsi ilə bu məhəllə adamlarına sərinlik bəxş edirdi. Havalar soyuduqca tut ağacı kimsəsizləşirdi, adamlar da getdikcə seyrəlirdi, bircə İbişdən savayı, tut ağacının altında bir kimsə qalmırdı. İbiş yay-qış, tut ağacına sadiq qalıb yumru daşın üstündə çöməltmə otururdu və tut ağacının çılpaq budaqlarına baxıb öz xəyal dünyasına qərq olurdu...
Quyruq donan vaxt idi. Payızın həniri duyulsa da, ağacların yarpaqları hələ də yamyaşıl idi. Ələkbər, Fərəc, Rasim, bir də mən İbişi dövrəyə alıb çöməltmə oturmuşduq və maraqla onun danışdığı əhvalatı dinləyirdik...
Dünyanın gözəl çağları idi...
Tut ağacı kəndin ortasında əzəmətlə ucalırdı. Elə uca idi ki, yoldan ötənlərin hamısı ayaq saxlayıb tamaşasına dururdular. "Bir baxın, hələ indiyəcən bu nəhənglikdə tut ağacı görməmişik" - deyirdilər. Tut ağacı cavab əvəzinə öyünərək iri budaqlarını yelləyirdi.
Yazağzı qar əriyəndə, buz parçaları özlərini sahilə çırpanda bu nəhəng tut ağacının yan-yörəsindəki ağaclar çaya tökülməyə başladı. Tut ağacı o biri ağaclardan möhkəm idi, köküylə torpaqdan bərk-bərk yapışmışdı. Balaca tut ağacı isə buz parçalarının həmləsindən silkələndi, gövdəsinin içindən titrətmə keçdi, budaqları çaya doğru əyildi. Nəhəng tut ağacının dostuna yazığı gəldi, ona köməyə cumdu. Kökü torpaqdan üzüldü və nəhəng ağac gurumbultu ilə çayın üzərinə aşdı. Çay bu qənimətə əməllicə sevindi, ağacı ehmalca-ehmalca sahilə yaxın yerə apardı ki, nəhəng tut ağacı yolboyu çox şeylər görsün. Sahildə kəndləri, suda qayıqları görən, çaya sallanan pillələrdə özünün köhnə dostlarını tanıyan nəhəng tut ağacı fikirləşdi: "Dünya necə də böyük imiş!"
Çay ona qayalıq sahili göstərdi. Yəqin o sakit buxta günəşin sevimlisi idi, yoxsa buxtanın bu qədər qəşəng olduğunu nə ilə izah etmək olardı?! Nəhəng tut ağacı ömründə belə şəffaf qızılı su və belə şən balıqlar görməmişdi. Burda ləngimək istədi:
- Deyin görüm, burda kim yaşayır? - deyə soruşdu.
Balıqlar dilə gəldi:
- İstəsən, özün öyrənə bilərsən.
Bu dəm bir bəni-insan çaya yaxınlaşdı, ağac onun əllərinin istisini, mehribanlığını hiss elədi. Əhvalı lap yay aylarında budaqlarında dopdolu şirəli meyvələr olduğu kimi yaxşılaşdı. İnsanın heyrətdən gözləri böyüdü:
- Nəhəngliyə bax! Səndən yaxşı qayıq çıxar.
Tut ağacının canından bir gizilti keçdi. Nitqi tutuldu, bir söz deyə bilmədi. O, ağacı çiyninə alıb kəndə apardı. Rastına çıxanların hamısı ağacın nəhəngliyinə heyrət edirdilər... Tut ağacı isə xatirələr dumanı içində itib-batmaqda olan sütül çağlarını xatırlayırdı, xəyalından yenicə bar verməyə başladığı vaxtlar keçirdi. Bütün varlığı ilə dərk edirdi ki, daha bu dünyadakı ağac ömrü başa çatmaq üzrədir.
Adam ağacdan lövhələr düzəltdi, lövhələrdən qayıq üçün çərçivə hazırladı, üstünə dəri çəkdi. Yazda qayığı çaya saldılar, sahibi minib onunla ova çıxdı. Geri dönəndə qayığın sahibi sevincindən yerə-göyə sığmırdı:
"Neçə illərdir ova çıxıram, hələ belə uğurlu ovum olmamışdı. Bu, lap möcüzədir, qayıq özü balıqlara tərəf üzür! Elə yüngüldü, elə sürətlidi ki".
Yayda qayğıkeş sahibkar qayığı işlətmədi. Payızda yenidən ova çıxdı. Qayıq sahibinə kömək eləmək üçün əlindən gələni edirdi.
Günlərin bir günü naməlum adam qayığa yaxınlaşanda qayığın ürəyi qopdu, nəsə xoşagəlməz bir hadisənin baş verdiyini hiss etdi. Naməlum adam əlini qayığın üstünə qoyub dedi:
- İndi sən mənə qulluq edəcəksən.
Qayıq haray saldı:
- Yox! Mənim öz sahibim var.
Naməlum adam onun hay-küyünü heç vecinə almadı. Qayıq onun getməsini gözlədi, sonra güclü dalğa qopdu, qayığı buxtaya bağlayan kəndir daşlara sürtülüb üzüldü. Qayıq kəndirdən canını qurtardığını görüb üzə-üzə uzaqlara doğru səmt götürdü. Deyilənə görə, çay onu dənizə aparıb çıxarıb. Qayıq indinin özündə də dənizdə üzməyindədir. Heç rastınıza çıxmayıb? Deyirlər, fırtınaya düşənlərin çoxunun hayına çatıb. Amma heç kimlə həmişəlik qalmaq istəməyib... İnsanlardan biryolluq küsüb, ona görə...
***
Mən atamın dostlarını da öz aləmimdə öz "dostlarım" hesab edirdim, hələ tay-tuşlarımdan dost qazana bilməmişdim. Atamın dostu Sabir əmi bir ayrı aləm idi. Sabir əminin bir də adamlara ayama qoşmağı vardı. Kənd adamlarının xasiyyətinə, xarakterinə uyğun adlar tapırdı və bu adlar o saat qeyri-rəsmi təsdiqlənirdi.
Hafiz kişinin kürəyinə də "Beçexur" sözünü Sabir əmi yapışdırmışdı. Bu adlar peyda olan kimi adamların əsl adı buxarlanıb yoxa çıxırdı, camaatın yaddaşından biryolluq silinirdi. Heç elə bil bu adda adam olmayıb. Hətta deyirdilər, poçtalyon Rafiqə Ququş adını da elə Sabir əmi qoyub. Sabir əmininsə adının böyrünə ayama qoşan tapılmırdı. Bu kişinin elə bil ələ gələn tərəfi yox idi, o qədər təndürüst adam idi ki, öz halal adının böyründən yel də əsə bilmirdi. Kiməsə ad qoşurdu, sonra da sifətinə kədərli təbəssüm yayılırdı. Sabir kədəri...
Atamın bir dostu da vardı - Tahir. Bu Tahir cavan oğlan idi, stilyaqalar kimi geyinərdi. Atamın da hörmətini saxlayardı, onunla kamali-ədəblə davranardı. Hərçənd, Tahir uşaqlıqdan olduqca şuluq uşaq olmuşdu və bu şuluqluq sanki onun boyuna biçilmişdi. Şuluqluq Tahirə yaraşırdı, onun zahiri görkəmi ilə tamamilə uyğun gəlirdi. Bu şuluqluqda qəribə bir şirinlik vardı ki, atama da xoş gələn Tahirdəki bu şirinlik idi. "Şirin uşaqdı, kopoyoğlu" deyərdi. Tahir bu sözləri eşidəndə tum kimi xırda gözləri bic-bic qıyılırdı. Tahirin tum kimi xırda gözlərində o bicliklə heç cür uyuşmayan bir saflıq, təmizlik vardı, hardasa bir günah iş tutanda, şuluqluq salanda da onu gözlərindəki o duruluq, təmizlik xilas edirdi; deyirdilər ki, Tahir təmiz oğlandır, cavandır, bir səhvdir edib, vaxt keçdikcə öz səhvlərini başa düşəcək, düzələcək. Onu gözlərindəki saflığa bağışlayırdılar. Belə baxanda, bağışlanmaz günahları olmurdu. Ya içib dava salırdı, ya kimisə döyüb milisə düşürdü, ya da dostlarından hansınınsa maşınını alıb aparır, daşa-divara çırpırdı, əzilmiş maşını gətirib qapının ağzına atıb qaçırdı. Tahirin atası maşın qəzasında dünyasını dəyişmişdi. Onda Tahir körpə idi, heç bir yaşı tamam olmamışdı. Tahir atasını görməmişdi, onu evdar qadın olan anası Sarı Səlminaz böyütmüşdü. Həyətdə toyuq-cücə saxlayır, yumurta satmaqla dolanırdılar. Tahir hələ orta məktəbdə oxuyandan nadinc idi. Anası qonşu arvadlara deyirdi ki, bu avaranın əlindən zindəganlıq mənə haram olub. Atası qoydu getdi üstümdə, bacara bilmirəm bu kopoyoğluynan.
Sarı Səlminaz oğlunu çox istəyirdi, əri şofer Ağabaladan qalan təkcə bu oğlan uşağı idi. Elə bil fırt eləyib atasının burnundan düşmüşdü. Sarı Səlminaz oğluna baxanda Ağabalanı xatırlayırdı və xəlvətə çəkilib xısın-xısın ağlayırdı. Ağabala kefcil adam idi, yeyib-içən kişi idi. Sürücülüklə ailəsini dolandırırdı, amma qazancının çoxu arağa gedirdi. Ağabalanın zəif tərəfi onun içməyi idi, içməsəydi, Ağabala tamam başqa adam olardı. Ağabala ayıq olanda tamam başqa adam olurdu, hamıya kamali-ədəblə salam verir, özündən böyüklərlə qarşılaşanda əlini sinəsinə qoyub baş endirir, "nə qulluğun, ağsaqqal?" deyə qarşı tərəfdə özünə qarşı hörmət, rəğbət hissi oyadırdı.
Sarı Səlminazın səsi məhəlləni başına götürəndə bilirdilər ki, Ağabala yenə evə içib gəlib. Sarı Səlminazın ölüb dünyadan gedənlərini sıraya düzür, yağlı söyüşlərə səxavətlə qonaq edirdi. Sarı Səlminazın da səsi qulaq cırmaqlayırdı: "Kül sənin başuva! Piyaniskə! Genə içib gəlib. Camaat sənə gülür e. Aduvı da kişi qoymusan. Yerə soxum sənin boyuvu!"
Balaca Tahir də kənarda dayanıb qorxu içində atasına baxırdı, bilirdi ki, indicə anasına şapalaq dəyəcək. Tahir istəmirdi ki, atası anasını döysün, anasını çox istəyirdi. Atası anasını döyəndə Tahir Ağabalaya nifrət edirdi, hirsindən bütün bədəni uçunurdu. İstəyirdi ki, tez böyüsün, atası ilə anası arasında çəpər olsun və atası o çəpəri adlaya bilməsin. Ağabala oğlunun gözlərindəki kindən, nifrətdən ehtiyat edirdi. Bu balaca uşaqdan qorxurdu Ağabala. Tahirin içində yığılıb qalmış qəzəbin nə vaxtsa partlayacağını bilirdi. Tahir məktəbdə dərs oxumurdu, müəllimlər də bu əl boyda uşaqdan çəkinirdilər. Gözlənilmədən elə təhlükəli hərəkətlər edirdi ki, nəinki uşaqların, müəllimlərin də bağrı yarılırdı. Bir dəfə məktəbin damına dırmaşmışdı. İkimərtəbəli binanın damında yaralı bir quş görmüşdü və o quşu xilas eləmək üçün pəncərələrin üstü ilə yuxarı dırmanıb quşu götürmüşdü və indi də nümayişkəranə şəkildə, qalib ədasıyla yuxarıdan uşaqlara əl yelləyirdi. Məktəb direktoru hirsindən əsirdi, həm də canını qorxu bürümüşdü, bu uşaq damdan yıxılsaydı, yaxası əldə qalacaqdı. Deyəcəkdilər bəs, siz hara baxırdınız, yoldaş direktor?
Tahir meymun cəldliyi ilə necə yuxarı çıxmışdısa, eləcə sürahidən, navalçadan tutub sürüşə-sürüşə, arxayınlıqla aşağı düşdü. Yaralı quş da ovcunda!
Tahir səkkizinci sinfi bitirənə qədər onun beləcə təhlükəli macəraları bitib-tükənmədi. Müəllimlər tramvay altında qalan "3"lərlə attestatını bəzəyib onu yola saldılar. Tahir poçt idarəsində poçtalyon işləməyə başladı. Hardansa köhnə bir velosiped tapmışdı və bu velosipedlə bütün kəndi dolaşıb qəzet paylayırdı. Qəribəsi onda idi ki, nadinc olmağına baxmayaraq kənd camaatı onun xətrini çox istəyirdi. Tahir həmişə böyüklərin xətir-hörmətini saxlayırdı, kimsə onu qulluğa göndərəndə canla-başla gedirdi.
Tahiri əsgərliyə apardılar. İlk günlər mən Tahir üçün darıxırdım. Tahir bir dəfə mənə dodaq qarmonu bağışlamışdı və o gündən mən Tahirlə dost olmuşdum. Atam da onun xətrini çox istəyirdi. Tahir hər dəfə bizə gələndə mənə maraqlı oyuncaqlar gətirirdi. Bir dəfə də plastilin alıb gətirmişdi, mən o plastilindən Tahirin heykəlini düzəltmişdim. Tahir öz heykəlinə baxıb doyunca güldü və məni qucaqladı: "Oğulsan! Halaldı sənə!"
Tahir həmişə mənə maraqlı əhvalatlar danışardı. Mənə elə gəlirdi Tahir danışdığı əhvalatların hamısını öz gözüylə görüb. Tahirin danışdıqları mənə həqiqət kimi görünürdü.
Tut ağacının yarpaqlarının saralıb töküldüyü vaxtda Tahir əsgərliyə getdi. Bir gün əvvəl Tahir məni kənd bazarı ilə üzbəüzdə yerləşən fotoatelyeyə apardı, birlikdə şəkil çəkdirdik. İkimiz də ayaq üstə dayanmışıq, Tahir əlini mənim çiynimə qoyub gülümsəyir, mən də atamın aldığı təzə kostyumda şəstlə Tahirin böyründə durmuşam. Fotoqraf Ələsgər başını parçanın altına keçirib bir neçə dəfə "tərpənməyin" deyir. Fotoaparat bir neçə dəfə şıqqıldayır və bizim əksimizi əbədiləşdirir. Mən onda bilmirdim ki, bir də heç vaxt Tahirlə beləcə yanaşı dayanmayacağıq, bu bizim onunla son fotomuz olacaq.
Bir gecə möhkəm külək əsməyə başladı və tut ağacının dibində bir adam qalmadı, adamlar tut ağacını küləklə baş-başa qoyub evlərinə dağılışdı. Yatmış təbiət elə bil bədəninin qırışığını açırdı. Tut ağacı küləyin əlində əsir-yesir qaldı, mən çarəsiz halda pəncərənin qarşısında durub tut ağacının küləklə savaşına baxırdım. Külək güclü idi və ağacı yerli-dibli kökündən qoparmaq istəyirdi. İçim həyəcanla dolmuşdu, ürəyim sürətlə döyünürdü. Küləyə qəzəbim tutmuşdu, onun tut ağacını rahat buraxmasını istəyirdim. Tut ağacı bizim məhəllənin simsarı idi, yaraşığı idi və həm də qoruyucusu idi. Məhəmməd kişinin yadigarı idi... Bu ağac özündə Məhəmməd kişinin ruhunu daşıyırdı. Məhəmməd kişi özü getsə də, yerində bu ağacı qoymuşdu. Bu ağac o kişiyə hər gün rəhmət qazandırırdı.
Külək sanki beynimin içində əsirdi, canıma üşütmə düşmüşdü. Tavana baxıb gözlərimi qırpırdım, bica yerə küləyin kəsməyini gözləyirdim. Qəfildən möhkəm şıqqıltı eşidildi. Anam diksinib yuxudan ayıldı və başını qaldırıb yuxulu gözlərlə təlaş içində ətrafa boylandı: "Bismillah, nəsə uçdu elə bil", dedi. Tez pəncərəyə tərəf cumdum. Tut ağacının yekə budağı şaqqıltıyla sınıb şirəli asfaltın üstünə düşmüşdü. Hardansa peyda olmuş Tahir ağacın gövdəsini qucaqlayıb uşaq kimi ağlayırdı... Anamın çığırtısına əhəmiyyət verməyib çölə şığıdım. Tahir məni görcək yanıqlı səslə: "əclaf külək tut ağacının qolunu sındırdı", - dedi.
Tut ağacı hələ də küləyə müqavimət göstərməkdə idi... Mən bu buz kimi soyuq gücə nifrət edirdim. Tahir göz yaşlarını məndən gizlətməyə çalışsa da, əbəs idi, yaş yanağı boyu üzündə iz salmışdı. Sonra biz sınmış ağır budağı qaldırıb dəyirmi daşın böyrünə qoyduq və mənə elə gəldi ki, budaq nəfəs alır. Budağın sınmış yerindən şirə damcılayırdı. Tahir dedi ki, birinci dəfədi ağacın ağlamağını görürəm, bu, ağacın göz yaşıdır. Mən heyrət içində Tahirə baxdım və anladım ki, ağacın göz yaşlarını görməyə qadir olan insan övladı heç vaxt pis adam ola bilməz.
Mənə elə gəldi ki, o budaq böyrü üstə uzanmış Məhəmməd kişidir.
O budaq quruyub canını tapşırdı. Kimsə o budağı sürüyüb həyətə apardı və doğrayıb oduna qatdı. Amma illər keçməsinə baxmayaraq o hadisə hələ də mənim yadımdan çıxmayıb və hər dəfə xatırlayanda içimdən qəribə bir gizilti keçir, məni kədər hissi bürüyür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
