Həzrəti İsaya açıq məktub (İxtisarla) - Süleyman NAZİF

Süleyman NAZİF (1869-1927) Məhmət Akifin yaxın dostu, Cəmil Meriçin heyranlıq duyduğu şair və yazıçı, "Sərvəti-fünunun unudulmuş səsi"

 

Ya nəbiullah!..

Sənə həm hissim, həm ağıl və idrakımla xitab etmək istəyirəm.

Qatı dindar müsəlman olan valideynim iyirmi səkkiz peyğəmbərin adıyla birlikdə sənin adını da vicdan və imanıma həkk elədilər... Mən sənin nübüvvətinə uzun illər ismətimlə, hörmətimlə, məhəbbətimlə iman etdim.

Fəqət bu hörmət və məhəbbət indi sarsılıbdır. Əgər hələ də iman edirəmsə, səbəbini öz zatında axtarma. Səni təsdiq etməsəm, öz peyğəmbərimi inkar etmiş olacağam...

Söylə, varsanmı, yoxsanmı? Kimsən, nəsən? Yerdəsənmi, göylərdəsənmi? Səndən beş yüz yetmiş bir il sonra doğulan Rəsulüllah, mənim peyğəmbərim Allahın Məryəmə üflədiyi ruhdan sənin yaranmış olduğunu söyləyir. Hətta insanların səni çarmıxa çəkərək edam etdiklərini dilə gətirməyə o mərhəmətli peyğəmbərin könlü razı olmadığından dipdiri göyə çıxdığını doğru xəbər olaraq vermişdir.

O halda sən sağsan. Və olduğun yerdən dünya deyilən bu müsibətlər dolu məhşər yerini, demək ki, görür, buradan yüksələn dua və bədduaları eşidirsən.

Ümmətinin ilk fərdlərini Roma qeysərlərindən Neron qətliam elədi. Onun başqa günahlarını bilmirəm. Amma bu qüsurunu Allah əfv... Xeyr, əfv kifayət etməz... Nerona cənnətdə və sənin yanında bir yer təxsis eləsin.

Sözümə qəzəblənmə. Bir az sonra qeysər ləqəbini papa ünvanına dəyişib onun məqamına və sənin vəkalətinə keçən həriflər zülmdə, cinayətdə, alçaqlıqda Neronu çox-çox geridə qoydular. Neron ancaq on dörd il Roma şəhərində hökm etmiş və bu arada guya bir az da zülm eləmişdi.

Halbuki sənə mənsub olduğunu iddia edən ümmət min səkkiz yüz ildir dünyanın hər tərəfində ara vermədən qan tökür. Və tökülən qanlar da daim məzlum və məsum damarlardan fışqırır... İnsanlar o zamandan bəri rahatlıq və hüzurdan məhrumdurlar.

Xristofor Kolumb adlı italyanmı, ispanmı, Allahın nə bəlası olduğunu bilmədiyim bir sərsərinin ağlına verib etdiyi dünya səyahəti əsnasında o zamanadək naməlum bir qitə meydana çıxdı. Sənin vaxtında bilinməyən bu yeni dünyanın adına dörd yüz ildən bəri Amerika deyirlər. Yarandığı ilk çağlardan asudə yaşamış və səninkilərin şərrindən min dörd yüz il uzaq və toxunulmaz qalmış olan bir xalqa bu italyan sərsərisi ispan gəmisiylə pərişanlıq və ölüm gətirmişdi. Az sonra oradakı köklü əhalini yox edərək yerlərinə səninkilər keçdilər. Sənin guya şəhadətinin rəmzi olan qanlı səlib indi Amerikadan da dünyanın xristian yaşamayan bölgələrinə fitnə-fəsad və qətliam yayır...

Ah!.. Neçə ildir, neçə əsrdir bu mənhus xaç qatil sürülərinin həm önüncə, həm arxasınca getməkdədir... Missionerlərinin əllərində xaç hər yanda hər xalqa, hər xanimana atəş və ölüm saçır...

Müsəlmanlar Əndəlüs diyarına min iki yüz il əvvəl mədəniyyət və elm apardılar... Maarifin ilk toxumlarını bu Əndəlüs müsəlmanları Avropa torpağına saçmışdılar. Yunan və latın mədəniyyətləri bütpərəst idi. Bizimkilər onu İslam dininə daxil elədilər...

Bu mədəniyyət xaçpərəst olmazdan, yəni müsəlman ikən onda əxlaq və insafın müqəddəs qaydaları bir aradaydı. Səninkilər hamısını atıb haqqın yerinə zorbalığı gətirdilər.

Bu gün iblisin xristian mədəniyyətindəki mövqeyi sənin məqamından çox yüksək və çox imtiyazlıdır... Sən bunu görmürsənmi, hiss etmirsənmi?.. Söylə!..

Sənə "Allahın oğlu" dedilər, sıxılmadın... Adına "İncil" deyilən bir-birinə zidd kitablar yazdılar, utanmadın... Dininin dünyanı istila etməyi az imiş kimi, Romadakı vəkilin axirətdə cənnətlər və cənnətlərdə yer satır... Ayıb deyilmi? Və sən peyğəmbər deyilsənmi?

Bizim sadəlövhlər sənin axır zamanda yer üzünə enərək insanları islah edəcəyinə inanırlar... Əgər gerçəkdən dünyanı yaxşılaşdırmaq üçün gələcəksənsə, vaxtı çoxdan yetib, hətta keçibdir. Şamdakı minarəmi? Hara enəcəksənsə, tələs. Artıq bəşərin səbri və səninkilərə qarşı dayanacaq gücü qalmadı...

 

1924

 

Təqdim edən: C.Məmmədov

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!