Şəkərburanın kəramətli duası (Mistik felyeton) - İlqar FƏHMİ

Kafkanın metafizik ruhuna ithaf

 

Novruz gecəsi, il təhvil olan müqəddəs axşamda Kanın anası bişirdiyi şəkərburaları yığdığı sinidə bir şam yandırıb, səmimi qəlbdən Allaha dua elədi ki, İlahi pərvərdigara, sən mənim oğluma kömək ol, görürsən ki, cəmiyyətdəki ədalətsizliklərlə barışa bilmir, haqsızlığa qarşı dilini saxlayammır, hamını tənqid eləyir, hamıya zəhər püskürür, içi də zəhər atır, başı da xarab olur, İlahi pərvərdigara, sən mənim oğluma elə kəramət ver ki, özünü oda-közə vurmağa bəhanəsi qalmasın, o da sakitləşsin, rahatlansın, biz də onun dərdini çəkməyək, İlahi pərvərdigara...

Və... kəramət verildi... Necə? Məhz həmin müqəddəs axşamda səmimi qəlbdən edilən ana duası göylərdəki bütün bürokratik əngəlləri aşaraq, Həqq- təalanın qulağına çatdı. İlahi pərvərdigarın da bu anaya yazığı gəldi, qərara gəldi ki, onun istədiyini həyata keçirsin...

Təbii ki, Ka özü bu məsələdən xəbərsiz idi.

Novruzdan sonra yenə hiss elədi ki, şəkərburaya, paxlavaya başı qarışıb, içindəki zəhər dozası artıq normanı keçmək üzrədi. Adət etdiyi kimi interneti qurdalamağa başladı ki, görsün bu dəfə kimi öz zəhər topunun ağzına tutsun. Bəli, baxdı ki, yağış yağıb, şəhərin bəzi yerlərində küçələrə su yığılıb. Hə, bundan gözəl səbəb ola bilər?! Açdı ağzını, yumdu... Yox, açdı canlını yumdu gözünü, şəhərin İcra hakimindən tutmuş turba düzəldən zavodların direktorlarına qədər, hamını topa tutdu... Zəhərini boşaltdı və rahatlandı.

Səhər yuxudan duranda baxdı ki yağış yağsa da, bir dənə gölməçə yoxdu, yollar da, elə bil əvvəlki kimi deyil, bir dənə də çala-çuxur gözünə dəymədi, bütün küçələrin asfaltı elə bil şüşə kimi idi. Təbii ki, bütün bunlar ona bir elə də maraqlı gəlmədi, çünki yaxşı olan şeylər onunçün maraqlı deyildi.

Axşam televizorda gördü ki, verilişlərin birində "Evimizə gəlin gəlir" mahnısının sədaları altında bir gəlin-qaynana efirdə saçyoldusuna çıxıb və yavaş-yavaş "qaydasız döyüş"ə tərəf gedirlər... Xeyli güldü, anasıyla nənəsinin uşaq vaxtı müşahidə elədiyi dava-dalaşlarını xatırladı, ürəyi açıldı, amma onu da başa düşdü ki, bundan heç cürə yan keçə bilməz, gərək mütləq topa tutsun.

Bəli, yenə açdı canlını, bağladı gözünü, bütün telekanalları tutdu zəhər topunun ağzına, telekanal rəhbərlərindən tutmuş, sıravi işçilərinə qədər, hamını yuyub sərdi, hamısını cahillikdə, avamlıqda ittiham elədi, millətin zövqünü korlamaqda ittiham elədi, zəhərini boşaldıb rahatlandı.

Səhər duranda baxdı ki, bütün telekanallarda ancaq alimlər, yazıçılar, filosoflar danışır, opera musiqiləri səslənir, muğam dəstgahları bir-birini əvəzləyir. On dəqiqədən çox baxa bilmədi, əsəbiləşib pultu bir kənara atdı, çünki səviyyəli şeylər onunçün maraqlı deyildi.

Yenə internetdə qurdalandı, meyxana deyənlər çıxdı qabağına, bu dəfə də açdı canlını, bağladı gözünü, meyxana deyənlərə ikiqat zəhər dozasını yağdırdı, onları gəncləri pis yola çəkməkdə ittiham elədi, kriminal həyatı tərifləməkdə günahlandırdı, nələr dedi, nələr demədi. Zəhərini boşaltdı...

Ertəsi gün internetdə gördü ki, onun tənqid elədiyi iki məşhur meyxanaçı müzare bəhri üstündə qafiyə açıb, Nitsşenin "Zərdüşt belə deyirdi" əsərini təhlil edirlər, özü də bədahətən...

Qulaq asdı, xeyli düşündü, axırda yenə əsəbiləşdi, çünki ağıllı şeylər onunçün maraqlı deyildi.

Ardıyca hadisələr daha sürətlə cərəyan eləməyə başladı.

Ka iclasda yatan akademikləri zəhərə tutdu, ertəsi gündən akademiklərin yuxusu elə ərşə çəkildi ki, gündüz yox ee, gecələr də yata bilmədilər, sedativ dərmanların da köməyi olmadı.

Ka təhsilimizi lağa qoydu, ali məktəblərimizi çayxanaya bənzətdi, ertəsi gün Ümumdünya Təhsil təşkilatının hesabatı çıxdı və ölkənin beş alı məktəbi dünyanın ən yüksək səviyyəli ali məktəbləri sırasında yer aldı.

Ka səhiyyəmizi topa tutdu, həkimləri ələ saldı, ağ xalatlarını kəfənə bənzətdi, zəhərini boşaltdı. Ertəsi gün internetdə məlumat yayıldı ki, dünyadakı bir çox tanınmış həkimlər gəlib bizim tibb işçilərinin yanında təcrübə keçmək üçün dövlətə müraciətlər ediblər.

Ka kinomuzun indiki vəziyyətini ələ saldı, aktyorları taxta manekenlərə bənzətdi, seriallara kinayə elədi. Ertəsi gün xəbər çıxdı ki, bir filmi Kann, digəri Oskar qalibləri sırasına namizəd elan olunub və qalib gəlmək şansları da böyükdü...

Bundan sonra Ka bir damcı düşündü. Çünki həmin səhər ağzına bir damcı da şir südü dəyməmişdi və beyni bir damcı açıq idi... Fikirləşdi və faktları analiz edib gördü ki, nəyi tənqid edirsə, o saat o məsələ öz həllini tapır. Necə tapır, nə yolla həll olunur, bunu anlaya bilmirdi. Sanki bir İlahi qüvvənin verdiyi kəramət nəticəsində illərlə yığılıb qalan problem bir gündə öz həllini tapırdı. 

Bu faktı beyni qavrayandan sonra onun canını vahimə basdı. Fikirləşdi ki, belə çıxır, bu zəhləmgetmişlər mənim zəhər atmağımdan sonra düzəlirlər? Cahillər alim olur, heyvərələr adam olur, səviyyəsizlər səviyyəli olur? Belə şey olur? Belə çıxır ki, bu nifrət elədiyim zəhləmgetmişlərə kömək edirəm? Onlara yaxşılıq edirəm? Niyə? Atalarına borcum var?

Bu fikir ağlına gələndən sonra bir kiçik pauza verdi. Həmin axşam canlıya çıxmadı. Şir südü də içmədi. Elə ancaq divanda uzanıb dünyaya arxa çevirərək fikirləşdi.

Yəni əslində topa tutmaq üçün mövzu çox idi fikrində. Şəhərdəki dəhşətli tıxaclar, dilimizin bərbad günə qoyulması, mobil rabitə şirkətlərinin fırıldaqları, şəhərətrafı bəzi qəsəbələrdə kriminogen vəziyyət, bəzi məmurların rüşvətxorluğu, bölgələrdə erkən nikahlar, toylardakı biabırçılıqlar...

Amma Ka bunları tənqid eləməyə tərəddüd edirdi. Tutalım tənqid elədim, hansısa İlahi bir qüvvənin kəraməti ilə bu problemlər aradan qalxdı, tıxaclar yoxa çıxdı, erkən nikahlar olmadı, "rüşvət" sözü ümumiyyətlə dilimizdən silindi, toylar ali mədəni səviyyəyə qalxdı... Nə olsun? Bundan mənə nə? Çox elə xoşum gəlir bunların sifətindən, hələ bir bunları düzəltməyə də xidmət eləyim... Guya gəlib "çox sağ ol" deyəcəklər... Həm də, tutalım ki, hər şeyi düzəltdim. Zəhər atmalı bütün problemlər aradan qalxdı. Onda nə olacaq?  Bəs canlısına baxan on minlərlə izləyici nə olacaq? Paylaşımlarının altındakı minlərlə bəyənmə hara gedəcək? Hər gün gəlib, onun qəhrəmanlığını təqdir edib çiyninə vuran tanışlar, havayı qonaqlıq verən dostlar, özlərini sığortalamaqçün cibinə pul basan məmurlar, məclislərdə onu yuxarı başa çəkən pərəstişkarlar, şəninə sağlıq deyənlər, küçədə, tədbirdə, yığıncaqda onunla şəkil çəkdirən fanatlar... deməli, bunlar heç biri olmayacaq? Əgər bunlar olmayacaqsa, deməli, heç o da olmayacaq.

Özünü təmiz otağın küncündə toz basan, lazımsız süpürgə kimi hiss elədi.

Arada ağlına qəribə bir fikir gəldi. Əgər nəyi tənqid edirəm, düzəlirsə, deməli, nəyi tərifləsəm, eyni qaydada korlanıb zibili çıxacaq. Bəlkə elə edim? Tərifləyim, hər şey korlansın, mən də açım canlını, yumum gözümü, boşaldım zəhərimi?!.

Ancaq bu fikir də tam ağlına batmadı. Tutalım gördüyü yaxşı şeyləri, səviyyəli adamları tərifləyib, pis günə qoyacaqdı. Nə olsun? Tənqid edib topa tutan kimi, onlar təzədən düzələcəkdi də...

Yenə eyni nöqtəyə qayıtdı. Gördü ki, başı hərlənir. Özünü qapalı dairənin içində hiss elədi Ka. Olmaz belə. Nəsə fikirləşmək lazım idi. Mütləq...

Üç gündən sonra ağlına dahiyanə və dəlisov bir fikir gəldi: başqalarını yox, özünü topa tutub, lağa qoymaq.

Hə də, başqalarına zəhərimi sərf edib onları düzəldirəm, özümə bir damcı da xeyri yoxdu. Ondansa elə xeyri özümə dəysin də... Bu daha yaxşıdır.

Və belə dramatik bir məqamda araya yenə hekayəmizin ilk qəhrəmanı daxil oldu. Yəni Kanın anası...

Oğlunun rəftarındakı dəyişikliyi ilk olaraq anası hiss elədi. Yadına düşdü ki, üç günə yaxındı oğlundan şir südü qoxusu gəlmir. Özü də heç internetə də girib-eləmir, elə divanda uzanıb, arxasını dünyaya çevirib fikirləşir.

Arvad Novruz axşamı şəkərburayla dolu sinidə şam yandırıb dua elədiyini xatırladı.

Deyəsən, duası müstəcəb olurdu.

Sevindi. Oğlunun yanında oturub mehribanlıqla dilləndi ki, daha bəsdi oğlum, olmaz belə, ömrünün axırına qədər belə yaşamaq olmaz axı, nə qədər ona-buna zəhər yağdıracaqsan, yaşın da keçir, sən də özünü ələ al, adam kimi düz-əməlli bir işin qulpundan yapış, bir tikə çörəyini qazan, biz də sən tərəfdən arxayın olaq...

Ka anasının sözlərinə qulaq asa-asa, bütün bu deyilənləri təsəvvüründə canlandırmağa çalışdı.

Budur, o özünü tənqid edir və ertəsi gündən içindəki zəhər yoxa çıxır, adam olur; canlı açıb ona-buna zəhər yağdırmağı bir kənara qoyur, hamı kimi səhər durub işə gedir, axşam işdən qayıdır, cəmiyyətin inkişafı üçün öz gücü çatdığı qədər çalışır, xeyirli işlər görür, həvəslə işləyərək ayın sonunda alacağı maaşı gözləyir, axşamlar uşaqlarıyla oynayır, həftədə bir dəfə iş yoldaşlarıyla şir südü süfrəsi arxasında oturur, kreditə təzə telefon götürür, internetə də nəsə yazanda altına beş-on dənə şərh, otuz-qırx dənə də bəyənmə gəlir...

- Yoooooxxxxx... İstəmirəmmmmm...

Boğazından çıxan bu vəhşi səsdən evin divarları silkələndi, anasının qulaqları sallandı, çilçıraq göbək rəqsi oynadı...

Və Ka düşük kinolarda olduğu kimi, qışqırıb yuxudan oyandı... Ürəyi həyəcanla döyünürdü.

Ətrafa baxdı. Anası yox idi. Çilçıraq da sakit dayanmışdı... Gözlərini ovuşdurub özünə gəldi. Şir südü qoxusu verən dodaqlarını yalayıb telefonu götürdü, internetdə qurdalanmağa başladı. Yağışdan sonra küçələri sel basmışdı, xəstələr həkimlərə qarğış edirdi, məktəblərdə problemlər baş alıb gedirdi, bölgələrdə yeniyetmə qızları ərə verirdilər, meyxanaçılar isə yenə də meydan sulayırdılar.

Başa düşdü ki, yuxu görüb. Ürəyi yerinə gəldi... Ka ömründə birinci dəfə əllərini göyə açdı ki, İlahi pərvərdigara, yoxsansa, özün bilərsən, varsansa, sənə qurban olum, şükür ki, məni çörəksiz qoymadın, məni bu dünyada lazımsız süpürgə eləmədin, lazım deyil, heç nəyi düzəltmə, qoy sökülsün-dağılsın, bərbad günə qalsın hər şey, heç olmasa, adamın zəhərini boşaltmağa yeri olsun, sənə qurban olaram, qarışma bizim işlərimizə, yoxsa sənin özüvü də çəkərəm zəhər topumun ağzına, əlbəttə, əgər varsansa... Yoxsansa, əvvəlcədən xəbər elə, qiymətli zəhərimi boşa sərf eləməyim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!