Hekayə
Qarov kəndinin çöllərində, yamaclarında payız ruzigarı əsirdi. Dağ ətəkləri həmin fəslin qırovunun gümüşünə çəkilirdi. Qonşu dağlardan enməyə hazırlaşan qışın bu da ayaq izlərinə bənzəyib, kənd adamlarına bir növ xəbərdarlığını edirdi. Onlar da qış tədarüklərini etməyə başlayırdı.
Payız ağacları bir növ sayqaca döndərib, tökdüyü yarpaqlarla bir məhsul ilinin də haqq-hesabını çəkirdi. Təkcə cücələr yox, hər şey sayılmağa başlayırdı. Adamlar davarlarının damazlıqlarının yem tədarükünü edir, ətliklərini başqa qış tədarükü üçün mal bazarına çıxarırdı.
Qarovlu nəslinin ocağı xeyli müddət idi ki (Atəşin vaxtından), kəndin batı yönü kəlləçarxında tüstülənirdi. Özlərini həmin şenliyin təməldaşı hesab eləyənlərin özlərini kəndin kənarına, bir təpənin üstə verməsinə özləri bir, kənd əhli də başqa bir don geydirirdi. Camaat bu məzmunda bir ağız da bilirdi. Ora daşınıblar ki, hamımız gözləri önündə olaq. Ayıbımızı, qayıbımızı görüb, qaşınmayan yerdən qan çıxarsınlar. Sonra da haramla yağlanan bığlarının altından keçirsinlər (dirənənlərdən də xəbərçilik edib, milisin, silisin qapılarına salsınlar).
Özləri həyətdə ağayana gərnəşib, hər kəndə baxanda belə düşünürdü: - Üstlərində kürd düşüb bu cücələri yumurtadan biz çıxarmışıq. Qananları qanır, kələkötürlərini də rəndələyib adam kökünə salırıq.
Əslindəsə həmin nəslin, ağsaqqallarının dambatlıqdan (bunun elmi adı eqoizmdi) kənd içində nəfəsləri çatmamışdı. Get-gedə camaatın onları görməməzliyə vurması, salam-kəlamı kəsməsi yağırlarına dəymişdi. Göylərə yox, aşağılara baxmaq üçün həmin təpənin üstə daşınıb özlərini şenlikdən cida salmışdılar (eqoizm deyilən xəstəlikdə canında yuva saldıqlarını yavaş-yavaş mərəkədən uzaqlaşdırıb yalquzağa döndərir).
Təpədəki evin dörd həndəvəri üzüm talvarları ilə əhatələnmişdi. Payız tənəklərin yarpaqlarını yelinin ağzında uçurduqca həmin təpə üstəki yurd hörümçək yuvasına bənzəməyə başlayırdı.
Ev sahibləri malikanələrinin dörd həndəvərini tənəklərlə görünməz etməmişdən əvvəllər də həmin ocaq zaman-zaman onlar üçün hörümçək toru rolu oynaya bilmişdi.
Əsas qazancı at oğurluğundan olan Qarov kişi axır ki, həmin həndəvərin ən dəliqanlı adamı, Dəli Səmədin qəzəbinə gəlmişdi. El içində guya peşəsi naltökən, yerlərin vəhşi atlarını kəməndə salmaq olan həmin kişinin xalxalında indiyə kimi yalman ələ verməyən atlardan görən, kişnərtisini eşidən tapılmamışdı. Əvvəl-əvvəl belə bir çətin əmələ əl qoyan Qarovu ilk ovu təpəndən sonra tövbəsini eləmişdi: deyəsən başıma at təpib ki, qızıl ömrümü at təpiyi altda qoyuram. Gedib imamzadə qurbanımı kəsib, tövbəmi eləyəcəyəm.
Amma tövbəsi sonrası yenə çörəyini atla çıxarmağa başlamışdı. At oğurlarıyla əlaqəyə girib, onların çırpışdırdıqlarını, ətrafdakı erməni kəndlərində bazarlamağa başlamışdı. Sonra tamahı güc gəldiyindən özü də at oğurluğuna başlamışdı ki, ən axırda da Dəli Səmədin qəzəbinə gəlmişdi. Atını oğurlayıb, onun şəstinə dəymiş adamın qarasınca Dəli Səmədin söylədiklərini də, yanı kəməndsiz olmayan qoronoylarından ona söyləyənləri də olmuşdu.
- Kim o nadürüstü nişan versə, başından Niqolayın on dənə onluğunu yağdıracağam. O, heyvərənin də başına çatı keçirib, dəlixoy atlarımdan birinin quyruğuna bağlayıb, Hərami çölündə sürütdəcəyəm.
Canına Hərami çölünün birələri dolmuş Qarov kişi atı yedəyinə alıb, Dəli Səmədin qapısına getməyə hazırlaşırdı. İstəyirdi qarşısında tula kimi şonquyub, ilan dili çıxara: Qələtimi bilmədən, tanımadan eləmişəm. Məni balalarınızın başına dolandırıb, günahımdan keçin, axı nəcis yeyən iti öldürmürlər, ağzını təmizləyib buraxırlar...
Elə həmin müddətdə tale Qarov kişinin baxtına dumanlı, çiskinli gündə gün doğdurası olmuşdu. Başının dəstəsiylə Həramidə ova çıxmış qubernatorun atı Qarovun evi yaxınlığında təngnəfəs olub, dizlərini qatlamışdı. Qarov o saat özünü yetirib böyük adamın ətrafında şırvanlamağa başlamışdı. Atdan başı çıxdığını ağzını açan kimi bildirməyə başlamışdı:
- Bu ata çər dəyib, daha o arabalıqdı. Onu arabayla aparıb, tövlədə özünə gəlməyini gözləmək lazımdı. Cins olduğundan indi ondan ancaq törəmə almaq məsləhətdi.
Sonra da tövlədən Dəli Səmədin oğurluq atını hörüyündən açıb böyük adamın qabağına çıxarmışdı.
- Atdan düşmək yaraşmadığından bunu Sizə peşkəşləyirəm...
Cuşa gələn qubernator da əliylə ətrafındakı ərazini ölçməyə, biçməyə başlamışdı.
- Mən də belə ürək sahibi olduğundan, uzunu o tək ağaca, eni Kürək çaya qədər bu ərazini sənə bağışlayıram. Yolunu şəhərə salıb, tapısını alarsan.
Torpağın möhürlü tapısını alanda Qarov öpüşüylə qubernatorun əlini möhürləyib, növbəti xahişini eləmişdi:
- Mümkünsə məni Dəli Səmədin qəzəbindən qurtarın.
Qubernator da tənbəllik eləməyib Gəncə dərəbəylərin ən nüfuzlusuna tapşırığını vermişdi:
- O Dəliyə deyin ki, bu adamın başından bir tük əskik olsa, onu gətirdib dəllək Vartana başını sabunsuz ülgüclətdirəcəyəm.
Atının qubernatora peşkəş olunduğundan xəbər tutan Dəli Səməd həmin adam Tiflisə dəyişdirilənə kimi səsini çıxarmamış, kinini-küdurətini zəhər kimi içinə damızdırmışdı. Axır ki, adına qonmuş tozu çırpmaq (ləkəni təmizləmək) fikrinə düşmüşdü.
- Vaxtı yetişib, o Qarovu yanıma gətirin.
Qarov at quyruğuna bağlanacağını gözünün altına alıb, quyruğunu qapı arasından çıxarmağın yollarını axtarmağa başlamışdı. Hələliksə susub Dəli Səmədin qərarını gözləməli olmuşdu.
- Sən nə casərət eləyib mənim atımın boynuna ip saldın.
Səsinin yazıqlığı da Qarovun sözlərinin qüvvəsinə çevrilmişdi.
- Mən at oğrusu deyiləm, at oğrularının malını erməni şenliklərində bazarlayan dəllal kimi bir şeyəm...
Bu əsnada Dəli Səməd ətrafındakılarla pıçıldaşmalı olmuşdu. Onlar da həmin an dil çıxaran ilana bənzəyən Qarovun sözlərini təsdiq etməli olmuşdu.
- Bəs öyrənib, bilmədin ki, belə bir cins at kiminki ola bilər?
- Elə mənim nakişiliyim bəlkə də orda oldu. Gərək öyrənəydim. Bilən kimi də yüyənindən tutub qapınıza gətirəydim.
- Demək, nakişilik eləmisən.
Canını qurtarmaq naminə nakişiliyinin təsdiqi kimi Qarov başını aşağı saldı və şərəfsizcəsinə bağışlandı.
- At tərkində aparıb bunu pox torbası kimi qapısına tullayın. Bizim nakişilərlə nə işimiz...
***
Kiçik Qarovun babası, - böyük Qarovun atası Alovun da dəliqanlı yaşlarında, atası kimi bir təsadüfdən bəxtinə gün düşəsi olmuşdu. Həyətlərində səhər-səhər --- daşlar qaldıran, özünü pəhləvan kimi yetişdirməyə çalışan cavan Alov, adına uyğun oda, alova dönmək istəyirdi (əslində, özünü baş alov hesab eləyən atası da, oddan kül törənəcəyindən qorxub ona belə bir ad yaraşdırmışdı). Oğluna da tez-tez həmin sim üstə öz nəsihətini xoşlandığı aşıq havalarının biri kimi çalıb-çağırırdı.
- Heç vaxt, heç kimi gözünə kül üfürməyə qoyma, göz ki, qorxdu, cəsarəti, hünəri sönüb onu küllüyə çevirəcək. Ocaqların özünü də güvə kimi yeyən elə kül olur.
Otuzuncu illərin axırlarına doğru Sovetlərin tuthatutunun ikinci dalğası başlamışdı. Bu dəfə şəhərlərdə, qəsəbələrdə, kənd-kəsəklərdə qızıllarını torpağa basdırıb, üstə ilan kimi qıvrılanlar həmin hökumətin qarmağına keçirdi. Onları da öz içlərindən gözü götürməyənləri ələ verirdi. Onlardan biri də balaca şenliyin, özünü alçaq dağların yaradıcısı hesab edəni, - Atəş idi. Neçə adamı paqonluların nişangahına çevirmişdi. Onlardan biri də Qəşəm Nağdalıoğlu idi. (Görünür, basdırdığı qızıl küpü dingildətdiyindən, o, kəndin yaradıcısını saymamağa, yeri gəldikdə yağırına toxunmağa başlamışdı). Axırıncı kənd toyunda da həddini aşıb, üzünü Alova tutub qızıldan qiymətsiz kəlmələr söyləyib, kişinin sifətini mis kimi qızarda bilmişdi. Həmin sözləri də bəyin başına bir neçə qızıl onluq səpəndən sonra yağdırmışdı:
- Baxtınız görüm qızıla dönsün. Nəcisini qurudub, samanlıqda gizlədənlərin gözündən uzaq olasınız...
Həmin daşın ona atıldığını mərəkənin başa düşməsi Alovun canını ağrıtmış, ufultusunu paqon sahiblərinə danos kimi ünvanlamışdı.
Rayon təhlükəsizliyinin rəisi (birinci qızıl ovçusu) özü onların kəndinə təşrif gətirib, bəyin başına atılmış dörd-beş qızıl onluğu da gətirdib sorğu-sualına başlamışdı:
- Sən Qəşəm Nağdalı oğlu, - kankan baba, de görək Nikolayın bu qızıllarını qızıl ilan kimi hansı dəlmə-deşikdən çıxarmısan...
Qarşısındakı "qızıl ilanın" rəngini avazıdıqdan, sifətinə idarəsinin qorxu urvasını səpdikdən sonra çəkmə-çevirini bir az da sərtləşdirmişdi:
- Mütləq küp tapmış olmalısan. Belə xəzinə sahibləri də yüzə çatdırıb küplərinin başını bağlayırlar. Yerdə qalanını gətirməsən Sibirliklərdən olacaqsan.
Qəşəm Nağdalı oğlu da özünü evə verib, yerdə qalan qızılları yox, ən böyük müqəddəs xəzinəni, - qara cildli Quranı gətirib gəlmişdi.
- Bax, bu müqəddəs Qurana əlimi basıb söyləyirəm ki, onları mənə Cavad ağa quyusunu qazandan sonra peşkəşləmişdi.
Hər şey də erməni əsillisi paqonlusu ayağa durub Qəşəmə sillə çəkməsiylə başlamışdı. Sözləriylə də həyətə toplanmış kənd əhlini şillələmişdi.
- Üstəlik həm də dindar, kapitalizm qalığı, imişsən. Mənə qızıl əvəzinə iki qəpiklik quran gətirirsən. Bu saat bunu ocağa ataram, görərsən...
Qurana od vurmaq istəyəndə Qarovdan, oğlu Alovdan başqa hamı oda-alova dönüb, zərbələriylə paqonlunun atasına od vurmağa başlamışdı.
Alov özünü yetirib, paqonlunu onların əlindən almaq istəyəndə bir-iki zərbəni də o yemişdi. Bunu görən, pəhləvanlığa hazırlaşan oğlu Atəş sinəsini qabağa vermişdi. Döyülməyi, söyülməyi hesabına atasını, paqonlunu cin tutmuş mərəkənin əlindən ala bilmişdi.
Bir neçə gündən sonra erməni əsilli rəis onu idarəsinə çağırıb qollarını qarpızlamışdı:
- Halal olsun sənə də, böyütdüyün oğluna da. Bu gündən mənim adamım olursunuz. Gələcəkdə pəhləvan oğlunu da dövlət təhlükəsizliyinin işçisi kimi yetişdirəcəyəm.
Erməni əsilli adamın adamı olduğu gündən Alov doğma kəndinin adamlarının başında türklüyə nifrətlə suvarılmış erməni turpları əkməyə başladı. Mərdiməzarlığı ayaq tutub, yeriyib rayon qəzetinin əməkdaşı şair Qaraya da çatdı və o da özünün şeir qamçısının altına saldı.
Rüstəm qağa yetimlərin qağası,
Dərzi Rüstəm məclislərin ağası,
Alov özü bir erməni dığası, -
Tülküvari, baş dığanın quyruğu...
Erməni dığasının illər sonrası paqonları söküləndən sonra Alovun başına söndürdüyü ocaqların külləri tökülməyə başladı. Axır ki, haqq el qarşısının Alovu yorğan-döşəyə salıb, üz qardığına görə qaraqızdırmasında qovurmağa başladı.
Oğlunun rayon mərkəzindən üstünə gətirdiyi həkim bu dəfə dərman yazmayıb, qərarını şifahi verəsi oldu:
- Hazırlığınızı görün.
Atasına, atasının böyründə qəbir qazdırmağa gedən Atəşin qabağını kənd əhli kəsdi:
- Quranımıza şıllaq atanlara əslimiz-nəslimiz yatan yerdə yer tapılmaz.
Bundan hali olan Alov söndürdüyü odların külüylə oynamağa çalışdı. Kənd ağsaqqallarının ən hörmətlilərini son nəfəsində üstünə çağırıb son sözlərini söyləyə bildi:
- Bütün ölülərinizin, dirilərinizin qabağında qələtimi boynuma alıb, üzr istəyirəm. Qoyun cəzamı Allah-Təala öz cəhənnəm oduyla versin. Mən nakişi olmuşam, siz böyüklüyünüzü göstərin.
Kənd əhli böyüklüyünü göstərdi. Alovun qəbiristanlıq yoluna canlı hasar çəkmədi. Amma nə yası, nə dəfnində bir-iki simsarından başqa heç kəs iştirak eləmədi.
Nakişilik eləmiş adam elə o şəkildə də torpağa tapşırıldı.
***
Həmin biabırçılıqdan sonra oğlu Atəş kəndlə, ata-baba ocağıyla vidalaşmağa hazırlaşdı. Amma atası Alov fürsəti fota verməyib yuxusuna girdi və dedi:
- Nəbadə ocağımızı kösövə döndərib, qorumuzu yandırasan. Kəndin içində təntiyirsənsə kənarına çəkil. Yaylıq armud ağacının çəpər səmtində xeyli qızıl basdırmışam. Hərami təpəsinin üstündə təzə mülk tikdir, şenlik gözünün qabağında olsun. Oğlun olsa adını Qarov qoy, səndən bir iş aşmasa, kəndin cilovunu o əlinə alsın...
Atəş, əvvəl bunu quru bir yuxu hesab eləyib, əlində bel xəzinə axtarışına çıxmadı. Amma sonrakı gecə həmin yuxu təkrarlananda barmağını dişlədi.
Hamını yuxuya verəndən sonra yaylıq armudlarının çəpər səmtini belləməyə başladı. Bir azdan bel dəmirə dəyib, ilişdi. Əliylə torpağı təmizləyib mis qazanı çıxardı. Qızıllar təkcə gözünü qamaşdırmadı. Onu baba vəsiyyətinin əməlinə səfərbər etdi. Yuxudan uçan ad da oğlunun üzərinə qondu. Kəndin xımını qoyan adamın adı yuxusu hesabına tikilən evdə dünyaya gəldiyinə görə hələ də ağlayan bəbəyə qoyuldu.
...Atəşin oğlu Alov, erməni kirvələrinin süqutundan sonra qol-qanadı yanına düşdü. Elə ona görə də nə pəhləvan, nə də təhlükəsizlik işçisi ola bildi. Bütün günü atasının içi tənə dolu nəsihətlərinə qulaq verdi.
- Tayların özlərini payı-piyada Rusetə verib, maşınla qayıdır. Sənsə əlini yanına salıb Allahdan buyruq, ağzıma quyruq deyirsən.
Oğluna sarı deyinə-deyinə kişi axır yorğan-döşəklik oldu. Atasının qaçmış bənizini görəndə axır ki, Alov xeyli müddət yanına düşmüş əllərini qaldırmağa hazırlaşdı. Əvvəlcə həmin əllərlə atasının balışını dikəltdi, sonra da özünü dikəltmək barədə düşünməyə başladı. Bunu hiss eləyən atası oğlunun imdadına yetişmək istədi. Həm də Alov sarıdan dünyadan nigaran getmək istəmirdi.
- Ananın cehizlik sandığında, ipək şalın arasında beş-on qızıl onluq var. Onları oğlun Qarovun adına saxlamışdıq. İndi görürəm ki, atası ondan vacibdi. Onları götürüb özünə gün ağlamağa çalış. Heç olmasa bir sənət sahibi ol. Həm də elə hesab elə ki, qızılları öz çağandan borc alırsan. İşləyib əlin gətirdikcə yerinə qoyarsan.
Alovun əli sənət dalınca uzandı. Bir tanışı ilə bərabər Gəncə peşə məktəbinə yolunu salıb avtomobil təmiri ustası olmağa hazırlaşdı. Axır ki, əlinə pis-yaxşı bir sənəd alıb, onu təcrübədə doğrultmağa hazırlaşdı. Bir müddət yol kənarındakı təmir emalatxanasında məccani şəkildə ustaya köməkçilik edib, onun tökdüklərini düşürməyə başladı. Onun dambatlığını hiss eləyən usta arabir nəsihətlərini də işə saldı:
- Üstünə düşən yağ, mazut ləkələrindən darılma. Onlar ustalığa gedən yollarına saldığın izlərdi.
Axır ki, usta (bəlkə də emalatxananın havasını ağırlaşdıran oğlandan yaxa qurtarmaq üçün) Alova ustalıq xeyir-duasını verdi:
- Öyrəndiklərin bir yer açıb işləmək üçün bəsindi. Yerdə qalanlara da yavaş-yavaş yiyələnərsən. İş yerini kəndiniz bərabərində şos (şosse demək istəyirdi) yola yaxında aç. Ordan gündəlik çörəyini qapa bilərsən.
Atəş canını tapşırmamış bir-iki sözünün də canını deyə bildi:
- Bu kənd əlimizdən yanıqlıdı. Bəyin, bəyzadənin yanından öpənlər bizləri kəndin xımını qoyan kimi tanımaq istəmədi. Görünür, ya bizim əlimizin duzu olmadı, ya onların üzünün suyu...
Atası tövşüyə-tövşüyə danışırdı. Xışıltısı Alova hava buraxan maşın təkərlərini xatırladırdı. Və bir ömrün, bir candan boşalmasını hiss edirdi.
- Ala bu pul-paranı da, kəfən pulumdu, xeyratıma xərclə. Kim gəlir-gəlsin vecinə alma, qoyunun, cöngənin tutarlısını alıb talvarın qarmağından as. Bəy nəslimizə layiq ehsanla dədəni bəyəndir.
Molla onun üstünə yolunu kənddən salıb gəlmişdi. Ağsaqqal, qarasaqqallara ilk yasinini bir növ tərcümə eləmişdi.
- Yasin, insanlar deməkdi. Mən də siz Allah bəndələrinə üz tutub deyirəm ki, canını tapşıran kəndinizin adamıdı. Hamının yasında hamının iştirakı məqbuldu. Kim istəsə ürəyində rəhmətliyə haqqını halal etməz. Heç bunun özünə də ehtiyac yoxdu. Bəndələrin cəzaları o dünyada haqq məhkəməsi tərəfindən verilir ki, onun da bir gözü günah, bir gözü savab tərəzisi yaranışından düz işləyir.
Kənd əhlinin iştirakı Alovun ürəyindən tikan çıxardı. Onu işləyib, oğlu Qarovun borcunu ödəməyə həvəsləndirdi.
Əslində Qarova borcunu ona ali təhsil verməklə ödəməyi qərarlaşdırmışdı. Ona əmanət kitabı açdırmışdı. Uşaq on yeddi yaşına çatana kimi adına xeyli pul toplamaq istəyirdi.
...Ömrü boyu torlarına təsadüfən düşmüş adamlar hesabına adamlar cərgəsinə qarışmaq istəmiş bir nəslin bir övladı da bu tərəfdən bəxti gətirdi.
Dükanını bağlayıb evinə dönməyə hazırlaşdığı zaman bir müştərisi tapıldı. Görkəmindən şəhər adamına, ziyalıya bənzəyən həmin kişinin sözlərinə yalvarış da qatılmışdı. Bu da Alovu vayağını bəri başdan nərdivanın yuxarı pilləsinə qoymağa hazırlaşdırdı.
- Nədi müəllim, xeyir ola?
- Maşınım körpü bərabərində xarab olub. Ailəmi içində qoyub yanına gəlmişəm.
- Məni də tərs kimi evdə ailəm gözləyir. Bu gün qonaq getməliyik...
- Hər halda bizi yolda məəttəl qoymamağın məsləhətdi.
Alov dükanını açıb, içində alətlər olan çantasını götürdü. Onu öz köhnə-köşkül maşınına dəvət elədi.
- Otur gedək, bir baxım. Bəlkə elə tez düzələnlərdən oldu.
Maşınını çətinliklə işə saldığına görə üzürxahlıq da elədi.
- Atalar düz buyurub ki, çarıqçının çarığı olmaz. Kasıb babayam, ayağımı yerdən götürdüyünə görə ona da şükür edirəm.
...Alov müştərisinin maşınına baxıb başını bulayası oldu.
- Bunun işi uzundərədi, yağı yediyindən motor dağılıb.
- Bəs, indi, külfətlə.
- Yedəyə qoşacağam, külfətlə bizə gedəcəyik. Çaydan, çörəkdən yeyib-içib dincələcək, səhəri gözləyəcəyik. Onsuz da atalar özləri də buyurub ki, axşamın xeyirindən səhərin şəri yaxşıdı.
Yol boyu Alov gecə qonağının nə sənətin sahibi olmağıyla maraqlanırdı.Özü soruşmağı artıq bilirdi. Qonağın ona lazımlı adamın olub-olmadığı açacağı süfrənin təmtəraqı üçün lazım idi. Kefi və maşını xarab olmuş adamın özünün dillənməsini gözləyirdi. Axır ki, ağzını açdı. Amma bu Alovun marağından quşqonmaz dağlara qədər uzaq idi.
- Bağışlayın, evinizdə telefon varmı?
- Bəs dəstəyi bütün günü yeniyetmə oğlum Qarovun qulağında deyilmi.
- Sizdən Bakıyla danışa bilərəmmi?
- İstəsəniz lap Ruseti də sifariş verə bilərsiniz.
Gecə qonaqları bir tək ərinin xörək payını saxlamış arvadının da ürəyindən olmadı. Ərini xəlvətə çəkib, büzülmüş dodağını açmağa çalışdı:
- Bu nə mərəkədi dalınca salıb gətirmisən. İndi təzədən bunlara süfrə dəfədarağı açmalıyam, naxoş canımla.
- Ay şaş Bilalın qızı (şaş kəlməsini qonşu erməni kəndinin adamları onlarla ünsiyyətdə olanların dilində bitirmişdi - küt mənasında işlənirdi), oğlun bu il onuncunu qurtarır, dayan bir görək, elm adamına oxşayır.
- Onda özünü töyləyə ver, o çər dəymiş bildiyin toğlunu sürüyüb çıxart.
- Bir hələ dayan, indi Bakıyla danışacaq, bəlkə alim çıxmadı, dimdiyi qaralmış toyuqlardan birini kəsəsi olduq.
Qonaq Bakıyla danışanda, elm adamı, həm də Alovun göydə axtarıb, yerdə tapdığından çıxdı. Partkomu olduğu universitetin rektoru ilə danışırdı:
- Tapşırığa gələnlərdən can qurtarmaq üçün özümü bir neçə günlüyə kəndə verib, ağsaqqallarımın könlünü almaq istədim. Maşın da yolda xarab oldu. Bir Allah bəndəsinin, bir ustanın evindəyəm.
Alov qonağa qapı arxasından qulaq verirdi. Həmin məlumat kişini bircə anda həyətə tulladı. Tövlənin qapısı ağzındakı bıçağı bülövləməyə başladı. Onun arxasınca danışığını bitirib gələn qonaq əl saxlatmaq istədi:
- Uşaqlar yorulub, pendirdən, çörəkdən yeyib yatsınlar.
- Bu nəslimizin yazılmamış qanunudu, onu poza bilmərəm. Qaqam Afoş səkkiz dəqiqəyə qoyunu kəsib, soyub, içalatından ilk şişi közün üstə qoyurdu. Mən olsa-olsa ondan iki dəqiqə geri qalaram.
- Hə, onu deyim ki, universitetimizin rektoru adınızı bilmədən sizə salam söylədi.
- Mənim adım Ataş oğlu Alov...
- Mənimki də Zeynal Fərhad oğlu. Dövlət Universitetinin partiya komitəsinin katibi.
Alov qonaqlarını gözləmədiklərindən də artıq hörmətlə, izzətlə yola saldı. Heç onlardan ünvan, telefon nömrəsi də istəmədi. Bu da Zeynal Fərhad oğlunu daxilən heyrətləndirdi. Qarşısındakının hər şeyi təmənnasız etdiyinə inandırdı (halbuki, ailə üzvlərinə çay gətirən oğlu Qarovu Zeynal müəllimin söhbətə tutduğunun kənardan göz və qulaq şahidi olmuşdu).
- Neçəncidə oxuyursan?
- Bu il onuncuya keçirəm.
- Qiymətlərin necədi?
- Rus dilindən zəifəm, qalanları əladı.
- Hansı ixtisası seçmək istəyirsən?
- Şərqşünas olmaq istəyirəm. Amma deyirlər ki, ora tuz uşaqları qəbul olur.
Həmin sözdən sonra Zeynal müəllim Sovetlərin partiya işçisi kimi danışmalı olmuşdu.
- Hökumətimizin tuzları fəhlə və kəndlilərdi. Sən hazırlaşmağında ol, həvəsdən düşmə.
...Sonrakı aylarda Zeynal müəllimdən xəbər-ətər çıxmadı. Alov az qalırdı dilinə gətirsin: axşamın kababı, səhərin balı-yağı burnunuzdan gəlsin. Yaxşı ki, bunları düşünüb alnını qırışdırmadı, dilini acılamadı.
May ayında qapılarında təzə bir maşın dayandı. İçindən Zeynal müəllim düşdü.
- Bir də yolda qalmamaq üçün maşını dəyişmişəm.
Alov onu tanımamışdı. İstədi desin ki, özünüz də xeyli dəyişilmisiniz.
- Bəs bizdə xeyir ola, maşını salamatlar qapımıza çətin yollarını salırlar.
- Qarov balamız üçün gəlmişəm.
Alovun gözləri yaşardı. Qarşısındakının loxma qədri bilən insanlardan olduğunu gördü.
- Amma deyirəm, hələlik işini filologiya fakültəsinə versin. Sonra şərqşünaslığa keçirərik.
Söhbət Qarovun iştirakıyla gedirdi. Həmin sözlər lovğa nəslin törəməsinin başını da, burnunu da sallatdı. Əvvəlcə atası onları dikəltməyə çalışdı.
- Çağa vaxtından adına əmanət kitabçası açıb, bir xeyli pul-para tədarükləmişəm. Bəlkə...
- Uyğun gəlsə mümkün olar. Biz universitet tərəf Qarov balamızın dayısı kimi öz payımızdan vaz keçəcəyik. O fakültəyə hər uşağa görə nazirliyə bu qədər (məbləği Alovun qulağına deyəsi oldu) pul veririk.
- Ona yaxın varımdı, bir-iki aya üstünü də düzəldərəm.
- Onsuz da həmin məbləğ uşağın axırıncı imtahan zamanı lazım olacaq.
...Alov kişi odunu, alovunu artırıb, lazımı əmanəti Qarovun axırıncı imtahanına kimi hazırladı. Amma əlbəəl Zeynal müəllimə çatdıra bilmədi. Mərkəzi xəstəxanada əlacsız dərdlə çarpayısında günlərini sayan Zeynal müəllimin göndərdiyi elçisini kor-peşman qaytardı.
- Mən əmanəti onun özünə çatdırmasam rahatlanmaram.
- Mən, elə onun özü deməyəm, istəsən ondan məktub da gətirərəm.
- Heç olmasa məktubunu gətir.
Oğlunu tələbə kimi görmək istəyən ana da əriylə bərabər ayağını Bakıya qoymuşdu. Ərini hamıdan yaxşı tanıyan qadın kişinin cığallıq edəcəyini anlayırdı.
- Olmaya pulun dalına keçmək istəyirsən?
- Yaxşı insan olmağına xalislərindəndir. Amma bir ayağı burda, o birisi ordadı (hörmətini saxladığından gorda demək istəməmişdi). O dünya da yarandığından inkir-minkir rüşvət almır. Bizim inkir-minkirlər əllərini ona öyrədib.
Kor-peşman qayıdan elçisinə məktub verməyə Zeynal müəllim macal tapmamışdı. Son kərə əlini yox, dilini işə salmışdı: yaxşı tanımamışam, nakişi adam imiş...
***
Qarov halallıqsız universitetə daxil olmuş, bitirib, atasının namərdcəsinə gizlətdiyi pullar hesabı orda kafedraların birində lobarant kimi qala bilmişdi. Allahın yaraşığından heç nəyi əskik etmədiyi cavanın sir-sifətinə bir yapışqanlıq, bir şirinlik də əlavə olunmuşdu. Onun arxasındakı şöhrətpərəstliyi bəlkə də ən məşhur psixoloqlar da görə bilməzdi. Bunu ancaq onunla yaxın ünsiyyətdə olanlar, Qarovun öz köməyiylə anlamağı bacarardı.
Atıcı atar, tayını tapar, - deyib atalar. Qarov da öz mehr oxunu atıb Qədir adlı özünə bənzər bir dost tapa bilmişdi. Bu da tələbə yoldaşı Qədir idi ki, bir gün də olsa dostunun qoltuğunu qarpızsız qoymurdu.
- Sən sabahın dekanı, o birisi günün prorektorusan, canım üçün. Nərdivanın yuxarı başında bizləri unutma.
- Kimi yadırğasam da, Qədir qardaşımın qədrini biləcəyəm.
Qarovun Əli Səfərliylə tanışlığı Qədir vasitəsiylə oldu. Xaricdə işləməyə hazırlaşan cavanın özünü təmənnalı tanışlarından biri, iştahdan saz Əli Səfərli ilə mərhəmləşdirmişdi.
- Etibarlı gəncdi. Onun otuz iki dişi arxasından söz çıxarmaq, ilanı yuvasından çıxarmaqdan müşküldü.
Qarov dostunun hesabına bir neçə dəfə Əli Səfərli ilə yemək-içmək məclisində olmuşdu. Həmin müddətdə, həmin çekist Qarovun şöhrətpərəstliyini sezib, gümanının çənini-dumanını Qədir vasitəsiylə kürüməyə çalışmışdı.
- Dostun deyəsən bir az vəzifəpərəsdi.
- Elədi ki, var, sizlərin gözündən heç nə yayınmır. Dekan müavini olmaqdan ötrü sino gedir.
- Kömək eləyərik olar, özünü yaxşı aparsa.
Əli Səfərli universitetdə Qarovu öz adamı elə məyə hazırlaşmış, heç bir çətinlik də çəkməmişdi.
- Sən vəzifəyə layiqsən. Onu bil ki, bu işlərdə bizim rəyimiz də mühüm rol oynayır. Ona görə də hərdən bizlə əməkdaşlığınız lazım gələcək.
- Canla-başla sizlərlə əməkdaşlığa hazıram.
Bir neçə gündən sonra ona cavan dosentlərdən biriylə maraqlanmaq tapşırıldı.
- Öyrən gör o Elçin Oğuz həqiqətən mövzusunu kənara qoyub, uşaqlara böyük Turan dövlətindən danışır.
Çox keçmədən Qarovun cavabı hazır oldu:
- Söz-söhbəti turançılıqdandı...
Bir neçə müddət sonrasa daha ciddi tapşırıq aldı. Elçinin danışıqları,özünü duyuq salmadan lentə yazılmalı idi. Qarov onu da bacardı. Tələbələrdən birini əlaçı edəcəyinə söz verib, həmin əməliyyata cəlb etdi. Dəlil-sübut lazımi qədər toplandıqdan sonra Elçin Oğuz pantürkist təbliğata görə məhkəməyə verildi. Üzünə mütəxəssis kimi duranlardan biri də Qarov Alov oğlu oldu.
...Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşan günlərdə günahsız həbs olunanlardan Elçin Oğuz da azadlığa buraxılmışdı. Üstəlik, çalışdığı universitetə rektor təyin olunmuşdu.
Həmin zaman fakültə dekanı işləyən Qarovun işləri dolaşmışdı. Tələbə qızlardan biri onu məhkəməyə vermişdi. Namərdin havadarı, başqa namərd - Əli Səfərli rüşvət üstə yaxalanmamaq üçün kabinetində özünü vurmuşdu (həmin müddət o, şimal rayonlarının birində təhlükəsizlik rəisi işləyirdi). Bəraəti üçün Qarov yeganə vasitəyə əl atmışdı, həkim arayışı almışdı. Həmin arayış Qarovun kişilik qabiliyyətinin itdiyini təsdiqləyirdi. Yəni, o, heç bir qıza, hətta dünya gözəlinə də təcavüz edə bilməzdi.
Rektor özü həmin məsələni həll etməyə hazırlaşdı. Yolunu, özünü xəstəliyə vurmuş Qarovun yanına saldı. Həmin gün onu müstəntiq də danışdırmağa gəlmişdi. Hamı Elçin Oğuzun bir namərdə divan tutacağını gözləyirdi.
Elçin Oğuz müstəntiqin göstərdiyi sənədə baxdı. Orqan işçisinin həmin sənədi saxta çıxmasına mane oldu:
- Görmürsünüz bu adam kişi deyil, başını buraxın, özü öz cəzasını versin... Amma nüfuzunu itirdiyinə görə universitetlə vidalaşmalı olacaq...
...Qarovla - Qarov, - ulu babayla kötükcə arası bir nəslin neçə övladı bax beləcə "nakişi" adlı qara təltiflə mükafatlandı. Onların övkəni kişilik doğanağından keçə bilmədi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!