Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçinin müharibə qeydləri
Əslən Güney Azərbaycandan - Təbrizdən olan yazıçı müharibə başlamazdan əvvəl bu şəhərə gedib və proseslər başlayandan sonra oranı tərk etməyib.
O bildirib ki, belə bir vəziyyət yazıçı üçün nadir müşahidə və yaradıcılıq fürsətidir və məhz buna görə Təbrizdə qalaraq "müharibə gündəliyi" janrında kitab üzərində işləyir.
Yazıçının qeydləri həyat yoldaşı, tanınmış jurnalist İlhamiyyə Rzaya göndərilir, o isə bu qeydləri sosial media üzərindən paylaşır.
Həmin gündəlikləri təqdim edirik.
8 mart 2026
Saib küçəsində yerləşən pasport qeydiyyatı mərkəzinə getməyimiz əbəs oldu.
Dünən binanı vurublar.
Rəislər (məmurlar) eşikdə, avtomobildə əyləşərək müraciətləri başdansovdu cavablandırırlar.
- Qeydiyyata daha ehtiyac yox. Bu rəsmiyyətə artıq sərhəd-keçid məntəqələrində fikir vermirlər.
Təbrizə qar yağsa da, bu gözəlliyə takılmağa vaxt yoxdu.
Rəsmi qaydaların defoltu, dəyərdən düşməyi şaşırdıcıdır.
Nə tez...
Deyəsən, ABŞ uçaqları xəbərdarlıq göndərib rəsmi ünvanlara:
- İdarəni təcili boşaldın. Hədəfdəsiz.
"Pompeyin son günləri" deməzdim bu mənzərəyə.
Ancaq dövlət idarələri artıq öz məlum ünvanlarını dəyişir.
Artıq İranda qalma müddətim azaddır.
Azadlığın ilk nəfəsini çəkirəm köksümə.
Qarlı hava da qarışır bu nəfəsə.
Ciyərlərimi son dərəcə genişləndirir.
Saib Təbrizi kimi şairin adını daşıyan bu küçə, deyəsən, ilk dəfə özünə bədii bir məzmun qazanır.
10 mart 2026. Gecənin xain vaxtı.
Oteldə, deyəsən, məndən başqa kimsə yoxdu.
Şair dostum Əli Çağlanın bu dəfə gec gəlməsinin səbəbi bəlli oldu:
- Avtomobilimi cərimə meydançasına apardılar bayaq.
Mövzunu çox təbii qəbul edirəm.
Hələlik avtomobili həbs etdilər.
Xəbərdarlıqdır Təbrizsayağı.
Sabah bizi də həbs edə bilərlər.
Anons verildi.
10 mart 2026
İran televiziyalarının mikrofonları meydanlarda əldən-ələ ötürülür, canlı efirlər davam edir. Bostanabad, İlxıçı, Üskü... Güney Azərbaycanın müxtəlif bölgələrində insanlar ABŞ-İran müharibəsi fonunda münasibətlərini bildirirlər. Bəzən bu çıxışların arasında uzun fasilələr yaranır.
Məhz bu fasilələrdə klassik əruz vəznində yazan, geniş tanınmayan kənd şairlərinə söz verilir. Azərbaycan Yazarlar Birliyinin Güney komissiya sədrinin müavini kimi bu məqamları diqqətlə izləyir, simaları yadda saxlamağa çalışıram.
Bir şairin qafiyələri, siması xüsusilə yaddaşıma həkk olundu. Müharibə bitəndən sonra onu Bostanabadda axtaracağam. Müharibə təbliğatı belə, bəzən mikrofonunu bir anlıq gerçək istedadlara uzadır.
Yaxasının son düyməsini bağlayıb efirə çıxarılan bu istedadları izləmək qəribə bir nisgil və təsir yaradır.
11 mart 2026
Oteldəki otağımı yenidən dəyişdilər - bu dəfə üçüncü mərtəbəyə endim. Üzgüçülük hovuzu bağlanıb. Restoranda menyü xeyli azaldılıb, "isveç masası" artıq yoxdur.
Gecələr qəfil gələn qonaqlar diqqət çəkir - Tehrandan birbaşa bizim otelə gəlirlər. Avtomobillərin üzəri qara hislə örtülüb. Bu, yanan neft anbarlarının apokaliptik nəticəsidir.
Sanki Mel Gibsonu çağırmaq lazımdır ki, gəlib "Apokalipsis" filminin davamını burada çəksin.
Yanan neft sel kimi küçələrlə axır, arxlardan süzülərək məhşər günü mənzərəsi yaradır. Nəhəng yanğınlar sonradan qara buludlara çevrilir, səhərlər isə turş, kimyəvi tərkibli yağış kimi yağır. Bu yağış zəhərlidir.
"Bu yağış insanın bədənini cüzam yarası kimi yeyir", - deyə Tehran nömrəli, üstü kirli avtomobillərdən enən sərnişinlərdən biri danışır.
Otelin dayanacağında bu cür avtomobillər sıralanıb.
"Bu maşınlara əlcəksiz toxunmaq olmaz, Trampın kimyasıdır", - deyə başqa bir sərnişin əlavə edir.
Həqiqətən də, bu müharibədə Tramp sanki kimyagər obrazına çevrilib.
Tehranda əleyhqazlara tələbat sürətlə artır.
Vaxtilə rəssam Qoyya Napoleon əsgərlərinin İspaniyada törətdiyi vəhşilikləri "Kapriçços" silsiləsində təsvir etmişdi. Bu gün həmin tabloları kitablarda yox, reallıqda - qara hisə bürünmüş Tehran avtomobillərində görürəm.
Sanki tarix yenidən canlanır.
Tramp isə, elə bil, Mefistofel obrazını İranda gerçəkləşdirməyə çalışır.
12 mart
ABŞ təyyarələri uzaq məsafələrdən səmaya qalxıb, Təbrizdəki bir çox hərbi ünvanları nöqtə atəşi ilə vaxtaşırı vururlar.
Təbrizdəki məşhur Aşura diviziyasının qərargah binası da dünənlərdə bu uzun qara siyahıya qoşulub.
Səttarxanın nəticəsi Sami Sərdar-e Milli mənə uzaqdan bu qaralmış qərargah binasını göstərdi.
Şərhləri qulağımı isitdi:
- Şəkil çəkmək yasaqdı.
Ətrafdakı müşahidə kameralarını gözləri ilə göstərdi:
- Diqqətli ol. Təpəgözlər baxır burda.
Cümləsinin sonunda bədii istedadını partlatdı, parıldatdı:
- Sən Basat deyilsən.
Aşkarda gizlin
Bəzi cari siyasi hadisələrin ssenarisi dəmir, şifrəli seyflərdə deyil, ən adi Hollivud filmlərində qorunur. Gizlədilir.
Bu X fayllardır. Onların fəallaşması siyasi sinoptiklərdən, hava haqqında məlumatlardan asılıdır.
İran-ABŞ qarşıdurmasının psixoloji, məxfi ssenarisi də elə aşkarda gizlədilib.
Rejissor Darren Aronofski hələ 2008-ci ildə reslinq - qaydasız döyüş mövzusunda bir film çəkib. Film "Restler" adlanır.
Sponsoru Trampdır.
Orada qocaman qladiator Robin Ramzimski görün, kimlə - Ayətullah adlı iranlı qladiatorla öz son döyüşünə hazırlaşır.
"Ram jam" adlı tək zərbə ilə bu Ayətullahı məhv edir.
Zərbə maraqlıdır. Ramzimski kəndirlə yuxarı qalxaraq oradan Ayətullahın üzərinə atılır.
Qısası, deyilənə görə, bu filmi reslinq həvəskarı Donald Tramp sifariş edib.
Filmə baxın.
İndiki qarşıdurmanın əsl gizli ssenarisi oradadır - bu filmdə.
Şirlər, adətən aşkarda gizlədilir...
Və bir şeir
İlhamiyyə, mənə bir yuxu ver...
Hazırda Təbriz şəhərində olan şair Həmid Herisçi həyat yoldaşı İlhamiyyə Rzaya şeir həsr edib.
Həyatın bir aşılmaz sərhəddi,
Ekvator xətti, Çin səddi, son həddi,
bir son hüdudu da var.
Ancaq bu hüdudu pozan
Mən kimi bir ala buludu da var!!!
Uçar,
sənə tərəf həmişə, uçar, uçar...
Ucalar.
Televizor pultunun proqramını,
Bu uşaq həmışə qatıb-qarışdırar.
Bu Təbrizdə ağcaqanadlara qarşı bir dərman var;
adı "Taro mar!" -
Qorxur ondan amerikanlılar!
Təyyarələrdə son həqiqəti deyəcək
Bir qara qutu var...
Bilirəm, irəlidə Donald Trampın sevdiyi
Cümə günü, ayın 13-ü var,
ABŞ təyyarələrinin Təbriz üzərinə hələ kütləvi hücumu var,
Bunun ermənisi var, kürdü var...
Tehran beş gündü yanır,
Üfüqlərin qapqara tüstüsu var,
Qonşu Qulamhüseyn kişinin gözləri qızarıb...
ölüsü var...
Hə... divarlar aşılmazdı Təbrizdə, guya....
Ancaq bu divarlara dırmanan Dərbəndi üzümü də var!!!
Oturmuşuq Təbrizin "Şairlər qəhvəsi"ndə, çaysız,
qara qazanlarda baxırıq qalaysız....
Qəlyansız.
Şair əvəzi bir baqqal danışır:
- Bunun hələ Səudisi var...
Bu kafenin hələ qara bir küncü var...
Ordan, növbəti qafiyə səslənir:
- Hələ bu işin yəhudisi var...
Neynək...
Nuşirəvanın hələ bayquşu da var...
O biri küncdə satdıq 100 min dollarlıq uyuşdurucu tozu var!
Hələ bir az da ucuzu var!
Ancaq bütün bu iyrənc mənzərələrdən bir gözələ tərəf gedən
Həyat izi var...
Bu zülmətin öz musiqisi,
uzaq it zingiltisi var...
Burda peşmançılıq hissi var,
bir nəfərin soyumaz hirsi var,
Nə yaxşi ki, bir bədbəxt Həmidin dizi var -
Ovcunu çırpmağa...
İlhamiyyə, mənə bir yuxu ver,
iyləməyə bir qoxu ver,
Mən Puşkinin seçdiyi budəfəki duel,
Qalibindi...
Əsl şairindi.
Həyat bizim televizion duetinindi...
Sənin ancaq bir telesüjetindi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
