İtirməkdən qorxma;
heç nə sənin deyil...
M.C.
Novruzdan beş-on gün sonra idi, lap dəqiqi, aprelin əvvəli, başaldatma gününün ertəsi... Ya bazar günüydü, ya da şənbə... Burası düppədüzdü, çünki arın-arxayındı, məşqə-zada getməyəcəkdi. Xırdaçılıq eləsək də, gərək burasını da dəqiqləşdirək, "məşq" sözü düzgün alınmır, ondansa, "dərsə" demək daha yerində səslənərdi; məşqçi öyrətməyə, ustadlıq eləməyə gedər. Beşikdən qəbrəcən öyrənməli olsan da, idmanda belə şeylər keçməz, yaş ötdüsə, gərək üzüsulu şələ-küləni yığışdırmağı bacarasan, uzaqbaşı, bildiklərini uşaqlara, yeniyetmələrə öyrədib başını girləyəsən. Ömrün qışı yaxınlaşdıqca qocalıqda yorğalıq fikrinə düşməyəsən...
Hələliksə, yaz idi, özü də yaydan bac-xərac alan, ilıq, günlü-günəşli yaz...
***
Pişik doğulacaq balaları üçün axtardığı əmin-arxayın yeri əzəli düşməninin - itin - fironluq elədiyi həyətdə tapdı... Düzdü, hündür daş hasarın üstünə tullanaraq quyruğunu bulaya-bulaya çox hövsələdən çıxartmışdı içəridəki iti... Əli, ayağı, ağzı özündən razılıqla hasarın üstündə quyruğunu sağa-sola yellədib aşağıdakına acıq verənə çatmasa da səsi, qəzəbli-hikkəli hürüşü aləmi başına götürürdü, dişlərini qıcıyıb aşağıdan-yuxarı divarı cırmaqlayırdı iri, iti caynaqları ilə, ağzından selik tökülürdü, köpük gəlirdi. Heydən düşənəcən hürüb ləhləməyə başlayanda bir də başını yuxarı qaldırırdı ki, həyasız pişik çıxıb gedib, divarın üstündə yoxdu. Beləcə, gündə azı bir kərə - yox, lənət şeytana, hərdənbir bir-iki gün gözə dəymirdi xor-xor yatışı olan - həyətdəki iti çırnatmaqdan ləzzət alırdı. Arabir çal, nazik saqqallı ev sahibi itinin yeknəsək, arasıkəsilməz, hirsli-qəzəbli hürüşündən bezikib həyətə çıxırdı, pişiyə sarı gözucu da baxmırdı, itəsə bircə kəlmə ilə acıqlanırdı, hər nə deyirdisə, it o saat səsini kəsirdi, qaçıb ağacların arasında gizlənirdi, ya da birbaşa iri taxta yuvasına girib yumurlanaraq quyruğunu bulayırdı, gözlərini yumurdu, pişik itin yadından çıxırdı, daha pişiyi tutmaq hayında olmurdu, pişik nədi, girməyə siçan deşiyi axtarırdı bayaqdan səsini başına atıb ara vermədən hürən... Yiyəsindən qorxmasa da, onun əleyhinə getməyə cürət eləmirdi. Belə öyrədilmişdi, öyrənmişdi əzəldən, yal verən əli tutsaydı ac qalardı.
***
Hardasan, "Kərpickəsən" kişi?
İndi sənə hamıdan çox ehtiyacım var...
Səni əvvəldən görsəydim, gördüyüm dəmdə anlasaydım, çox qəzayi-qədər uzaq olardım, tamam başqa cür yaşayardım... Elə görüşlər var ki, ömrün yazında baş tutmalıdı, yoxsa heç bir önəmi qalmaz, önəmi qalsa da, dəyişməyə vaxtın-imkanın, ömrün çatmaz... Burası var ki, gərək o adidən-adi görünən mühüm görüşə hazır olasan... O görüşdən sonra çox illərimi boş-boşuna bada verdimsə, deməli, hazır deyildim bir kəlməsi ilə bir "Quran"lıq mətləbi anladanla rastlaşmağa... Hazır olsaydım tutacaq, söykənəcək yer axtarmaqdan ötrü Məkkəyə getməyə də ehtiyac qalmazdı. Əstəğfürullah, harda olsaydım, hara ayaq bassaydım, harda ömür sürsəydim, haləm Kəbəyə dönərdi... Bəlkə ona görə müqəddəs yerə getsəm də, sonralar müqəddəs kitabda yazılanların bəzilərinə - namaza, oruca əməl eləməkdən vaz keçdim?! Özbaşına və özxoşuna heç nə baş vermir axı, əslində...
Bəlkə əbəs yerə özümü aldadıram - Adəm övladı daima sabahı ümidlə açıb binadan özünü aldatmağa meyillidi - kimi görüb-görməməyindən, kiminlə rastlaşmağından asılı olmayaraq həyat elə beləcə də davam eləyəcəkdi?.. Yazıya pozu yoxdu... Lakin yazan da sətirlərinin ağırlığını nəzərə almalı idi; dalımıza şələlənən yükü qaldırmağa qabilik, yoxsa hıqqana-hıqqana altda qalıb çabalayacağıq... Çabalayandan, canıyla əlləşəndənsə nə xeyirxahlıq gözləmək mümkündü, nə də dərin ağıllı bir əməl... Adamların mələk olmağından ötrü dünya cənnətə çevrilməlidi, yarıvəhşilərin dünyanı cənnətə çevirəcəyini gözləmək əbəsdi, puçdu, xəlbirlə su daşımaqdı...
***
Hələliksə, doğmağa, yükünü yüngülləşdirməyə ən əmin-aman yer həyətdəki evin ikinci mərtəbəsindəki iri eyvandı. O eyvana tez-tez hoppanırdı pişik... Qarnı yekəlsə də, hasarın üstündən eyvanın daş məhəccərinə hoppanmaq, ordan da eyvana yumbalanmaq, tullanmaq asan idi ona. Adətən böyüklü-kiçikli cürbəcür qutular yığılan eyvanın qapısı bağlı, örtülü olardı. Evdən heç kəs çıxmazdı eyvana, ordan üçüncü mərtəbəyə dəmir, dolanbac pilləkan qalxırdı. Üçüncü mərtəbədəki iri otaqdasa, yepyekə bilyard... Çoxdandı nə ikinci mərtəbədən, eyvandan yuxarı çıxan vardı, nə də bilyard daşlarını şaqqıldadan... Əlbəttə, pişik özü də bilyard oynayan deyildi, heç vədə ikinci mərtəbədəki eyvandan yuxarı qalxmamışdı, dolanbac dəmir pilləkənə də çıxıb balaca, ovalvari qapısı yay-qış açıq qalan yuxarı hoppanmamışdı. Ona bənzər yarıqlardan daha maraqlı, daha ağlasığmaz - hər halda, özünə əşrəf deyən ikiayaqlıların yatsa yuxusuna da girməz - yerlərə keçməyə adət eləmişdi. İri, boş, kimsəsiz, ən əsası, azuqəsiz otaqlara yox... Hələliksə, ana pişiyin fikri-zikri eyvandakı boş qutularda idi; doğulacaq balaları onların içində gizlətmək olardı. Əslində doğulacaq balaları bilyard olan zalda, lap gözdən-könüldən iraqda gizlətmək yaxşı olardı, amma balalar gözünü, sonra da kövrək ayaqlarını açandan sonra ordan aşağı da yumbalana bilərdi. Onlar çox, ana tək... Dişləri ilə balaların boynundan yapışaraq yuxarı-aşağı daşıya-daşıya əldən düşərdi. Həm də üzü yaya, istiyə gedirdi, soyuqdan əndişələnməyə dəyməzdi, gün balalara xeyir idi, tez quruyub ətə-cana gələrdilər, gözləri də tez açılardı, əl-ayaqları da möhkəm olardı. İtdənsə qorxmağa dəyməzdi, yeri eşib-eşmələyərək, hürüb-hürüb yorulacaqdı, toxtayacaqdı, dayanacaqdı. Hirsindən - lap qanadları çıxsa belə, "uçub" eyvana dırmaşa, tullana, "qona" bilməyəcəkdi. Qəribə olsa da, itin "canı", - hərdənbir boynuna dolanan qalın zənciri yox a, gözəgörünməz ipi - pişiyin əlindəydi. O, nədən çəkindiyini düz-əməlli qanmasa da, qorxudan hürürdü pişiyə. Pişiksə itdən bir neçə baş yüksəkdə idi, öz aləmində hər şeyi hesablamışdı, ölçüb-biçmişdi. Sonrası nə ola-ola, tələsməyə dəyməzdi, balalar gözlərini açıb bir az ətə-qana dolandan sonra əlverişli yer tapsa, onların boynunu bir-bir ağzına alıb eyvanın məhəccərindən hasarın başına tullanaraq başqa sığınacağa daşımaq mümkündü. Hələliksə, qabağa qaçmayıb yerini rahatlayaraq ən əsas işi görmək, qarnındakılardan xilas olmaq, onları dünyaya gətirmək lazımdı...
***
Amma nə qədər ağarmış tüklü sinənə döyürsən-döy, öz balaca, iti ağlınla qürrələn, çevikliyinə arxalan, hər şeyi qabaqcadan ölçüb-biçmək mümkün deyilmiş; günlərin birində, həmişə bağlı qalan eyvanın qapısı yavaşca, cırıltı ilə açıldı, ev yiyəsi çıxdı eyvana... Eyvana çıxan kimi də kəsərsiz günün altında arın-arxayın uzanıb balalarını əmizdirən pişiyi görəndə donub qaldı. Qeyri-ixtiyari balaları saymağa başladı və qapını örtərək çıxıb getdi, üstü laklı, taxta, dolanbac pilləkənlərlə aşağı düşüb səsinin yoğun yerinə salaraq iri mətbəxdə girlənən qadına dedi:
- Gözlərin aydın olsun!..
- Nolub ki?.. - qadın diksinib çəkingən-çəkingən döyükdü, dönüb kişiyə baxaraq qeyri-ixtiyari kirpiklərini tez-tez qırpdı, bir anda ürəyindən qara qanlar axdı, nədənsə, xeyirli bir xəbər gözləmirdi.
- Bizim iti cinləndirən hasarın üstündəki pişik var idi e... - kişi səbirlə izah eləmək istəsə də, qadın onun sözünü kəsdi.
- Manuska?..
- Hə... Yuxarıda, bizim balkonda doğub... Altı balası var... Tak şto, təbrik eləyirəm səni... Dövlətimizin gəlhagəlidi...
- Vay!.. O pişik o balkona necə tullanıb?
- Ona nə var, ağzunda pişik deyirsən, hardan tullanacaq, hasarın üstündən... Mən bir-iki dəfə həyətdən balkonun məhəccərində oturmağını görmüşdüm onun... Amma onun belə erkən, özü də bizim balkonda doğacağı ağlıma gəlmirdi. Çox çevik, cəld idi. Qarnı da sən deyən yekə görsənmirdi axı... Demə, uzaqdan-uzağa hiss olunmurmuş. İtin qorxusundan həyətə düşüb bizə yaxın gəlmirdi axı yazıq pişik... Ona verəcəyimiz kolbasa-sosiskanı da hasarın başına atırdıq, özün yaxşı bilirsən ki... Sən də atırdın, elə mən də. Atdığımız da çox vaxt qonşunun həyətinə düşürdü. Ancaq Manuskaya nə var, qisməti Mazandarana da düşsə, iyləyə-iyləyə axtarıb ruzisini tapırdı...
- Dayan, gedim, balalara baxım... - qadın ərinmədən yekə, ətli dalını burcuda-burcuda onun yanından keçdi və bir azdan əlindəki köhnə əskinin arasında nəsə gətirərək açıb, əşyayi-dəlil kimi dilxor-dilxor kişiyə göstərdi. - Heyif... Balaların biri ölüb, qalıb beşi... Hamısı da Manuskanın özünə oxşayır... İnqubatordan çıxıblar elə bil... Qapqaradılar, bircə ağız-burunlarının ətrafı sarıdı... Amma bu ölən bombozdu... Özləri də bapbalaca, ovuc içi boyda...
- Gördüm qarabalaları... İndi neynəyəcəksən o ölü pişiyi?
- Heç nə, aparıb atacam həyət qapısının ağzındakı zibilqabına.
- Yavaş atarsan... - kişi pişik balasının ölüsünə baxmamaq üçün baxışlarını yayındırdı. - Qoy yazıq heyvanın ruhu inciməsin...
- Həlbət ki... - qadın razılıqla başını tərpətdi. - Elə-belə tullamayacam ki... Yazıqdı, əvvəlcə boş ayaqqabı qutusunun içinə qoyacam. Bu ölüb e, bu heç... - qadın yenə əlindəkini büküb ehmalca silkələdi. - Bəs, o biri balalar nolacaq?.. Bir azdan bizim it həyətdə o yazıqları boğub parçalayar ki...
- Parçalamaz. Sən get, ölü balanı at, gəl, sonra o səmənibaşın mobil telefon nömrəsini tap, ver mənə...
- Səmənibaş kimdi?
- Yadından çıxıb? Bizim iti əhliləşdirib ona, az qala, adam dili öyrədən...
- Hansı, o yumrusifət, gombul?
- Hə... Qoy gəlib bu pişiklərə də bir əncam çəksin... - kişi üstünə ağappaq süfrə çəkilmiş masanın arxasındakı kətildə əyləşdi. - Onsuz da mən o səmənibaşı görmək istəyirdim... - stola dirsəklənib boş, büllur külqabını qabağına çəkərək siqaret yandırmaq istədi, amma deyəsən, qutunu yuxarıda qoymuşdu.
- İt böyüyüb axı... Ona qulaq asar? Gör nə qədər keçib... İnanmıram ki, o iti əhliləşdirən bir şey eləyə bilsin...
- Nöş eləmir, onun peşəsidi də, indi hər şey pulun başındadı, pul versən, adamlar özü itə-pişiyə, mala-qoyuna, xoruza-beçəyə dönər... Qapında müntəzir dayanıb hürər, miyoldayar, böyürər, mələyər, qaqqıldayar, banlayar, əmr eləsən, lap dördayaqlı yeriyər, iməkləyər... Keçəl də ki, halva yeyər, puluna minnət...
Qadın dilini dinc qoymadı:
- Darıxma, sənin keçəl olmağına çox var hələ...
Kişi bilmədi qadın ciddi deyir, yoxsa məzələnir, sövq-təbii sağ əlini başına aparıb:
- Elədi... Bizim nəslin saçları ağappaq ağarsa da, başı, kəlləsi dazlaşmır... - saçlarının seyrəldiyini bilsə, hiss eləsə də, kürəyini yerə verməyərək söhbəti dəyişdi. - Yuxarı, ana pişiyin yanına su, sosiska, kolbasa qoyarsan. Süd varsa, süd də qoy. Hələlik biz özümüz baxaq gərək onlara...
- Buna bax, biz e... - qadın kişini yamsıladı. - Sən evdə əlini ağdan-qaraya vuransan? Denən, gərək yenə mən baxam da o yazıqlara, - dedi qadın və dönüb getdi.
***
Birinci kərə deyil ki, narahat olum, neçə-neçə qarın doğmuşam mən, öz həyatımın ağası olmasam da, keçmişimi-gələcəyimi bilirəm, bilirəm ki, bu balalarımın heç biri salamat qalmayacaq, verən hamısını alacaq, amma mən dişimlə-dırnağımla son həddəcən onları qorumalıyam. Balalarım məndən olsa da, mənim deyil, əksər, az qala, bütün canlılar kimi böyüyüb ayrılacaq yanımdan, öz həyatını yaşayacaq. Bəlkə də yer üzünün ən yaşlı pişiyiyəm mən, neçə kərə ölüb-dirilmişəm. Ayrı-ayrı yerlərdə fərqli ömür yaşamışam, amma pişik kimi yaşamağın ləzzətindən doymamışam ki, doymamışam. Belə həyatın çətinliyi də xoş gəlir, cana yayılır. Hər dəfə birtəhər vəziyyətdən çıxanda özün-özünə: "Əhsən!" deyirsən, istəmirsən rahat yaşayasan, əksinə, təzədən çətinə düşməkdən ötrü qaşınırsan, adamlar demişkən: "Başını çobanın çomağına sürtmək"dən ötrü girəvə axtarırsan, məqam gəzirsən. Bu dəfə də qəsdən çoxdan gözaltı elədiyim açıq eyvanı seçmişəm doğmağa, çünki nə ev yiyəsindən qorxuram, nə də onun itindən, əslində, özləri bilməsə, xəbərləri olmasa da, onlar məndən çəkinir. Onların dünəni, bu günü, keçmişi-gələcəyi mənim quyruğumun üstündə, ayaqlarımdakı gizli, seyrək bığlarımın arasındadı.
Qabaqlar qonşu evdə, hasarın o tayında yaşayırdım, ordakı ev sahibi köçəndə məni də özü ilə aparmaq istədi, ancaq mən onun gözündən oğurlanıb yük maşınının arxasından hoppanaraq qayıtdım geri... Yavaş-yavaş gedən maşından daşlı-çınqıllı yola dəyəndə dal ayağımı da əzib qanatdım, amma yüngülcə sızıldasa da, ağrısı az idi, düzdü, neçə gün yaralı ayağımı yerə basa bilmədim, elə üçayaqlı başımı girlədim, yaramı da, az qala, aramsız yalaya-yalaya sağaltdım. Təzə ev sahibi məni içəri buraxmasa da, həyət-bacada rahat gəzib dolaşmağıma göz yumdu, üstəlik, yemək də gətirdi həyətdə mənə, su da qoydu divarın dibindəki qaba... Ağacların arasında qapısız, balaca yuva, dam da düzəltdi mənə ki, soyuqda küləkdən, yağışdan, qardan birtəhər daldalana bilim...
Yadımdadı, yük maşınının arxasından hoppanıb qaçdığım evin keçmiş sahibi tez-tez mənim başımı sığallayaraq deyərdi ki, bu pişik bizdən ağıllıdı, nə dediyimizi başa düşür, müəllimsiz-filansız öz-özünə əhliləşib adam dili bilir, hər şeyi qanır, anlayır. Bizə ağılsız, şüursuz damğası vurub əhliləşdirmək fikrinə düşənlər güzgüyə baxmaq istəmir. Baxsalar da, bir şey qanmazlar. Güzgü vasitəsi ilə digər aləmlərə səyahət mümkündü, özünü görmək üçün yararsızdı o. Bizi əhliləşdirdiyini düşünənlər get-gedə elə bizlərə bənzəyirlər, fərqinə varmırlar ki, əslində biz onları əhliləşdiririk... Amma tam yox... Bütün bilgimizi, duyğumuzu, hissiyyatımızı insan oğluna ötürmək təhlükəlidi. Sanki öz əlinlə yer üzünün əşrəfi adını mənimsəmiş və dağıtmağa meyilli şifrələnmişə qarşısıalınmaz silah verirsən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
